Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
“Milli Teatr Günü” nə həsr olunmuş Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə “1-ci Uşaq Teatr Festivalı”nın bağlanış mərasimi keçirildi.
Qeyd edək ki, festival çərçivəsində müxtəlif yaş qruplarından olan uşaqlar yaradıcı çıxışlarını təqdim etmişdilər.
Bağlanış mərasimində çıxış edən Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov festivalın uğurla yekunlaşdığını bildirdi və gələn il 2-ci Uşaq Teatr Festivalının keçiriləcəyini də elan etdi. O, festivalın uşaqlar üçün böyük yaradıcılıq platforması olduğunu qeyd edərək bu ənənənin davam etdirilməsinin vacibliyini bildirdi. Həmçinin, gələcək festivallarda genişmiqyaslı tədbirlərin və yeni teatr elementlərinin tətbiq ediləcəyini vurğuladı.
Festivalın təşkilatçılarından olan “EMEDIA GROUP” Media təşkilatının sədri Elşən Əliyev çıxış edərək festivalın uşaq teatr sənətinin inkişafına böyük töhfə verdiyini söylədi. O, uşaqların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyini vurğulayaraq, festivalın informasiya təminatında və təşviqində rol oynayan media qurumlarına təşəkkürünü bildirdi.
Teatr Xadimləri İttifaqının sədr müavini, Respublikanın Əməkdar artisti, professor Azad Şükürov öz çıxışında festivalın teatr sənətinə yeni nəsil istedadların qazandırılmasına verdiyi töhfədən danışdı. O, uşaqların belə layihələrdə iştirakının onların yaradıcılıq potensialını üzə çıxardığını və gələcəyin aktyorları üçün gözəl imkanlar yaratdığını bildirdi.
Qeyd edək ki, 6 gün davam edən festivalda 6-14 yaş arası 1, 2 və 3-cü yer uğrunda orta məktəblər, mədəniyyət mərkəzləri, dövlət və özəl təşkilatların iştirakı ilə mübarizə aparılmışdı.
Münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblər seçilərək festivalın bağlanış mərasimində ictimaiyyətə təqdim olundu:
I yer – 3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi – “Çiçəyim” Uşaq Teatrı.
II yer – 7 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi – “Sənət İnciləri” kollektivi.
III yer – Mirzə Ələkbər Sabir adına 259 saylı orta məktəb – “Hop-Hop” kollektivi.
III yer – Azərbaycan İncəsənət Məktəbi – “Səhnənin Ulduzları” kollektivi.
Festivalın xüsusi nominasiyaları üzrə mükafatlandırılanlar:
Ən yaxşı aktyor – “Şahzadənin sərgüzəştləri” əsərində Şahzadə roluna görə Allahverdiyev Yusif.
Ən yaxşı aktrisa – “Göyçək Fatma” əsərində Çirkin qız roluna görə Dəniz Məsiml.i
Ən yaxşı rejissor – “Tənbəl Əhmədin nağılı” tamaşasına görə Bədəlova Yaqut Məsimli.
Ən xarakterik aktyor – “Cik-Cik xanım” tamaşasında Usubəliyev Saleh.
Ən şirin aktrisa – “Şahzadənin sərgüzəştləri” tamaşasında Sarıduman Rabia Sinay.
Ən şirin aktyor – “Tısbağanın yolu” tamaşasında Talıblı Səid.
Ən yaxşı səhnə tərtibatı – “Tənbəl Əhməd” tamaşasına görə Məmmədova Mehparə
Ən yaxşı musiqi tərtibatı – “Cik-Cik xanım” tamaşasına görə Rəhim Rəhimov.
Ən yaxşı səhnə geyimi – “Şahzadənin sərgüzəştləri” tamaşasında Rəna Kərimova.
Ən yaxşı rəqs – “Tənbəl Əhmədin nağılı” tamaşasında Əli Natiqoğlu.
Sonda festivalda iştirak edən bütün uşaq kollektivlərinə sertifikatlar və hədiyyələr təqdim edildi. Bağlanış mərasimi maraqlı musiqi və rəqs nömrələri ilə yekunlaşdı.
Sonda Fərid Bağırov festivalın tərəfdaşlarına - Kinderland Uşaq Əyləncə Mərkəzi, Ailəm Electronics, Mədəniyyət Könüllüləri İctimai Birliyi, Guarden Şirkəti və Ulu 1995 mətbəəsinə tədbirdə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)