Azərbaycan filmləri- “Dağlarda döyüş” Featured

Murad Vəlixanov,  “Ədəbiyyat və incəsənət” 

 

“Dağlarda döyüş” filmi 1967-ci ildə  Kamil Rüstəmbəyovun rejissorluğu altında ekranlaşdırılmış, döyüş və macəra janrında çəkilmişdir. İnsan üçün bu həyatda ən qiymətli və əvəzedilməz varlıq valideyndir. Bu həyatda ac qala bilərsən, hətta ən pis halda susuz da qala bilərsən. Ancaq valideynsiz qalmayasan.

 

Övlad üçün valideyn tamamilə fərqli bir əhəmiyyət kəsb edir. Valideyn insan üçün müsbət varlıq olduğu kimi istisnalar da olur, bəzən mənfi xüsusiyyət də daşıya bilir. Məsələn, valideynlərindən birinin, xüsusilə də atanın suyunu içdiyi, çörəyini yediyi vətəninə xəyanəti övladını dərindən sarsıdan ortamlardandır. Fərrux kursu bitirdikdən sonra əsgərliyə çağırılır və DSX-də xidmətə başlayır. Fərrux o dönəm kənddə meşəbəyi olaraq çalışan Qənbər kişinin qızı Hicranı istəyirdi. Lakin Qənbər kişi kənddə yayılan söz-söhbətə görə Fərruxla Hicranın bir araya gəlməsinin əleyhinə idi. “Sarıqaya” zastavasında tez-tez sərhəd pozulmaları baş verirdi. Buna görədə DSX əsgərləri ciddi rejimdə çalışmağa başlamışdılar. Sərhəd pozulmaları bir neçə səbəbdən baş verirdi. Çox zaman bu hallar qaçaq mal keçirilməsinə görə idi. Fərrux anasını kəndlərində baş verən sel zamanı itirmişdi. Atasının isə İkinci Dünya Müharibəsi zamanı həlak olduğu bildirilirdi. Lakin az sonra söyləyəcəklərim Fəruxun da ağlından “kaş ki atam həqiqətən ölsəydi” fikrini keçirməyə vadar edəcək. Gecə saatlarında sərhədin pozulması nəticəsində “Sarıqaya”  zastavasının əsgərləri həyəcan təbili ilə ayağa qaldırılır. Baş tutan axtarışlar zamanı  sərhəd pozucularından biri müvəffəqiyyətlə ələ keçirilir. Fərrux silahına sarılıb digər şəxsin ardınca gedir. Bəlkə də az sonra qarşılaşacağı acı gerçəyin ardına düşmüşdü kim bilir... Tilsimli qayada tez-tez uçqunlar baş verir ya heyvan, ya da insan itkisi olurdu. Bu səfərki uçqun bir-birinə yad olan ata-balanı qarşılaşdırır. DSX-nin əsgərləri baş tutan axtarışlara rəğmən nə Fərruxdan, nə də sərhəd pozucusundan hər hansı bir izlə rastlaşmır. Çox problemləri və sərhədləri aşmağı bacaran Sərxan kişinin dişi bu səfər Fərruxa batmır. Hər nə qədər onu yoldan çıxarmağa çalışsa belə Sərxan kişi Fərruxun əlindən qurtula bilmir. Uzun çəkən qovala-qaçdan sonra nəhayət ki, ata-bala bir-biri ilə üzləşir. Əslində, bu üzləşmə belə təsadüfən baş verir. Sərxan kişinin əsas məqsədi seldən sonra viran qalan kəndini görmək idi. İlk anlarda oğlunun sel zamanı öldüyü söylənmişdi. Lakin uşaq vaxtı oğlu ilə arasında keçən dialoqu səsləndirməsi aradakı sirr pərdəsini sonuna qədər aralayır. Fərrux acı gerçəklə- atasının vətənə xəyanəti ilə qarşılaşır.

Sərxan kişi almanlara əsir düşdüyünü söyləsə də Fərruxun dünyasında atası vətən xaini idi. Fərrux atasına inanmaq üçün şərtini bildirir. Təslim olmaq və veriləcək cəzaya boyun əymək. Ancaq Sərxan kişi təslim olmaq fikrində deyil. Atasını yola gətirə bilməyəcəyini görən Fərrux xain atanın oğlu olaraq anılmaqdansa, bu dünyadan köçməyi üstün tutur və özünə xəsarətlər yetirir. Lakin Sərxan kişinin ata ürəyi bu ağır mənzərəyə tab gətirmir və o, oğlunu xilas edir. Nəticədə Sərxan kişi təslim olma qərarı verir.

ALLAH heç bir qulunu nə valideyni ilə, nə də valideynini vətən xaini olaraq anılmaq kimi bərbad mənzərələrlə rastlaşdırmasın.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.