Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Hərb mədəniyyəti. Biri var, adi döyüşçü, zabit olasan. Biri var, hərbin nəzəriyyəsini yazasan, onun mədəniyyətini təlqin edəsən. Eynən bu günlərdə növbəti doğum günü qeyd edilmiş Əliağa Şıxlinski kimi.
Əliağa Şıxlinski, 1863-cü il martın 15-də Yelizavetpol quberniyasının Qazax qəzasının Aşağı Salahlı kəndində, kiçik mülkədar İsmayıl ağa Şıxlinskinin ailəsində doğulmuşdu. O, kökü 16-cı əsrdən başlayan bir nəslin nümayəndəsi idi. Ulu babası Ağdolaq Məhəmməd ağa Qazax qəzasına böyük ehtimallara görə Türküstanın cənub torpaqlarından köçüb gəlmişdi. Onun iki oğlu var idi: Şıxı və Əli Qazaq. Əliağa Əli Qazaq bəyin nəslindən idi.
Çar ordusunda xidmət edən, rus-yapon müharibəsində, 1-ci dünya müharibəsində artilleriya sahəsində imperiyanın bir nömrəli mütəxəssisi sayılan, rusların “artilleriya Allahı” adlandırdıqları bu şəxsiyyət Cümhuriyyət dönəmində isə müstəqil Azərbaycanda hərb sahəsinin əsas qurucularından biri, artilleriya generalı olmuşdur.
Dövrünün məşhur şairi Molla Vəli Vidadinin nəticəsi olan general Əliağa Şıxlinski Nigar xanımla ailə həyatı qurmuşdu. Nigar xanım Şıxlinskaya ilk azərbaycanlı şəfqət bacısı və ilk ali təhsilli azərbaycanlı qadındır. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti"nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu. Bax belə biur ailə idi Şixlinskilərin ailəsi. Həm də çox sadə, təmtəraqsız bir həyat sürmüşlər. Təsadüfi deyil ki, general vəsiyyətində deyirdi: "Əgər evdə qalmış əşyaların dəyəri mənim dəfn mərasiminə və sadə qəbir daşına kifayət edərsə, ona da Şükür. Heç bir ehsan və elan lazım deyil."
Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də vəfat edib, Yasamal qəbristanlığında dəfn olunub.
Əfsanəvi generalı sevgi və sayğı ilə anırıq...
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)