Həq sözü derkən utana bilmirəm! - M. Ə. SABİR YARADICILIĞINDA XƏLQİLİK Featured

Xatirə Fərəcli, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan ədəbiyyatında milli-ideoloji məfkurəmiz hələ Mirzə  Ələkbər Sabirə qədər də hər zaman boy vermiş, poeziyamızın simasında ictimai-siyasi xarakter alaraq  XX əsrin əvvəllərindən  90-cı illərə qədər  uzun bir yol keçmişdir. Nəzərə alsaq ki, XX əsrin əvvəlləri Azərbaycanın ictimai-siyasi mühitində milli-ideoloji yolun rüşeymləri cücərməkdə idi, bu  yolun xəlqiliyi  satirik və tənqidi realizmin  ən görkəmli nümayəndəsi  dahi  Sabirin şeirlərində boy atmağa başladı.

 

Sabir  yaradıcılığını bölmələrə ayırsaq,  onu aşağıdakı kimi təsnifatlandıra bilərik; 

1. Cəhalətə qarşı mübarizə,

2. Ölkəsinin vassal statusunda olması və bundan qurtuluşu elmdə, təhsildə görməsi,

3. Cənubi Azərbaycan mövzusu,

4. İctimai gerçəkləri özünü qurban vermək dərəcəsində söyləməsi.

Sabirin özünü təkbaşına millət edən onun milli, xəlqi görüşləri ilə yanaşı sadə xalqın sosial problemlər içində yaşamasına biganə qala bilməməsi idi. Onun yaradıcılığının ana xəttini cəhalətlə mübarizə təşkil edirdi. Xalqının elmə, təhsilə biganəliyi onun qəlbinə xəncər kimi saplanmışdı: 

 

...Satmaram öz əqlimi siz kimi laməzhəbə,

Razıyam оğlum  gеdə qəbrə, – nə ki məktəbə!

Məktəb adın çəkməyin, – məl’əbədir, məl’əbə!..

Əlhəzər, оndan həzər, оxutmuram, əl çəkin!

Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!

 

Sanki Sabir qəlbini xalqına məktəb eləmişdi. Şeirləri  bu məktəbin dərsləri, özü isə müəllimi idi. Bəli, ustad şair şeirlərində xəlqiliyi belə yaşadırdı. 

M. Ə. Sabirin ruhunu sıxan, ürəyini parçalayan bir məsələ də öz  ölkəsinin  Rus imperiyasının vassalı olması idi. XIX əsrin sonu XX əsrin əvvəllərində  vassal statusunda yaşayan ölkəsinin durumu yaralı bədəndə qan köynəyə çıxan kimi şeirlərinə çıxmışdı. 

 

Neyliyim, ey vay! Bu urus başdılar,

Bilməyirəm hardan aşıb-daşdılar?!

Ölkədə gündən-günə çoxlaşdılar,

Hər əmələ hər işə çulğaşdılar.

Qoymayın, ay köhnələr, ay yaşdılar!

Heyvərələr hər yerə dırmaşdılar! 

 

 

Əslində, böyük şair bu şeri ilə müstəmləkəsində olduğumuz Rus İmperiyasına etiraz edirdi.

Rusiyada 1905-1907-ci illər inqilabı və İranda 1905-1911-ci illər Məşrutə hərəkatı böyük Sabirin yaradıcılığında dönüş nöqtəsi olmuşdur. O, 1907-1909-cu illərdə İran şahı olmuş  Məhəmmədəli şah Qacarın 1905-1911-ci illər Məşrutə İnqilabına qarşı amansız mübarizəsinə etiraz olaraq öz mövqeyini inqilabi-satirik şeirləri ilə  ortaya qoymuşdur:

 

Mən şahi-qəvişövkətəm, İran özümündür!

İran özümün, Rey, Təbəristan özümündür!

Abad ola, ya qalsa da viran, özümündür!

Qanuni-əsasi nədi, fərman özümündür!

Şövkət özümün, fəxr özümün, şan özümündür!

 

Sabir yaradıcılığının leytmotivi  o zaman xalqının  cəhalət içində boğulmasının açıq ifadə tərzi  ilə yanaşı, əzilən hüquqlarının  da sanki  ilahi missiya statusunda müdafiəçi rolunu oynayırdı.  Böyük Sabirin sadə xalqın yanında dayanması tək şair kimi yox, eyni zamanda  xalqını sevən bir insan, bir şəxsiyyət kimi də  onun yüksək mənəvi keyfiyyətlərinin parlaq təzahürü idi:

 

...Derlər utan, heç kəsə bir söz demə,  

-Həq sözü derkən utana bilmirəm!

Neyləməli, göz görür, əqlim kəsir, 

Mən günəşi göydə dana bilmirəm!

Şiddəti-seylan ilə baran tökür, 

Bir koma yox, daldalana bilmirəm!

 

Sabir yaradıcılığı elə dərin ictimai məzmun kəsb edir ki, dövrünün bütün eybəcərlikləri onun satirik şeirlərində bir güzgü misalı açıq-aydın görünür. Bu barədə şairin özü belə deyir:

 

Şairəm, əsrimin ayinəsiyəm, 

Məndə hər kəs görür öz qaş-gözünü; 

Necə kim, dün “Birisi” baxdı mənə, 

Gördü ayinədə ancaq özünü.

 

Onun cəsarəti mürtəce qüvvələrin ürəyinə bir ox kimi saplanmışdı. O həmin   mürtəce qüvvələr tərəfindən hədələnsə də, hətta  ölüm təhlükəsi ilə üz-üzə qalsa da,  əzilən xalqının dərdlərinə, acılarına böyük qəlbi ilə biganə qala bilmirdi, həqiqəti, ictimai eybəcərlikləri olduğu kimi satira atəşinə tuturdu.

 

Saxtə bır xəttı-xam ilə mənə kağız yazıb, 

Ey məni təhdid edən min dürlü tə’kidat ilə!

Böylə: “Xortdan gəldi, dur, qaç!” sözlərin get tiflə de 

Zatını Sabir tanırkən qorxmaz övhamat ilə!

 

Ta qədim dövrlərdən böyük şəxsiyyətlərə onların tam obrazını ifadə etmək üçün işıqlı əməllərindən dolayı bir çox ləqəblər, adlar verilmişdir. Dövrümüzdə də böyük Sabirə  inqilabi-satirik şair, xəlqi şair kimi bir çox adlar verilmişdir. Mən də deyərdim ki, o, bu uca adlarla yanaşı həm də xalq aşiqi idi. Məhz, ona görə də  belə deyirdi;  “ Mən vücudumda olan ətimi bu xalqın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqın yolunda qoyardım”.  Bu fikrində  tək ikiyə bölünmüş bu taylı ölkəsinin dərdləri deyil, o taylı Azərbaycanın da qaysaq götürməyən yaralarını görməmək mümkün deyil. 

 Bəli, Sabir ömrünü xalqın yolunda çürütdü, lakin Sabir ömrü Azərbaycan xalqının ömrü qədər uzandı. Könüllərə  köçdü Sabir, Azərbaycan ədəbiyyatında satirik poeziyamızın  zirvəsinə  döndü, xalqının  ürəyində əbədi  yer elədi özünə.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.