Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsnət” portalının birgə layihəsi olan “Türk dünyası mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq” layihəsində sizlərə çağdaş Türk ədəbiyyatının ünlü isimlərindən biri olan Buket Uzenerlə söhbəti təqdim edirik.
Buket Uzuner əsərlərində təbiət, mədəniyyət və ictimai məsələləri əhatə edən yazıçıdır. "Su", "Torpaq", "Hava" və davam edəcək "Od" kitablarından ibarət olan Təbiət Dördlüyü ilə ekoloji, qadın hüquqları, fərdin sistemlə mübarizəsi kimi ümumbəşəri mövzuları Anadolu'nun qədim hikməti və mifologiyası ilə birləşdirir. Dördlüyün üçüncü kitabı "Hava", ekoloji jurnalist Defne Kamanın izində, iqlim böhranı, nüvə enerjisi ve qadına qarşı zorakılıq kimi aktual məsələlərə diqqət yetirir. Uzunerin ədəbiyyatını bəsləyən fəlsəfi sorğulamalar, tarixi istinadlar və ictimai tənqidlər bu müsahibənin əsas mövzusunu təşkil edir. Yazıçı, Defne Kamanın "uyğunsuz" kimliyindən, kitabdakı obrazların dönüşümünə, Kutadgu Biligdən Gilqamiş Dastanına qədər, dünyamızın əsas məsələlərinə səmimiyyətlə cavab verir.
-Öz ətrafı və təbiətlə bəlkə də ən uyğun yaşayan şəxs Defne Kaman ikən onun "uyğunsuz" adlandırılması bir ironiyadırmı?
-Bu gözəl bir sualdır. Çünki "uyğunluq" mövzusu əslində düşünüləndən daha əhəmiyyətlidir. Tarix boyu hansı sistemdə olursa olsun, bütün idarəçilərin ən çox diqqət yetirdiyi məsələlərdən biri həmişə uyğunluq olmayıbmı? Bütün padşahlar öz sistemlərinə uyğun xalqı sevərmiş. Tarixə baxsanız, şəfa verən/əczacı qadınların, şairlərin, sənətçilərin və alimlərin daxil olduğu çoxlu insanın sistemlə "uyğunsuz" olduqları üçün başlarına bəla gəldiyini görərsiniz. Belə olduqda, ədəbi işlərimdə əvvəldən bəri əsas problemlərimdən biri olan uyğunsuzluq mövzusuna "Təbiət Dördlüyü"nün ilk romanı "Su"da "Bir Məziyyət və Əziyyət Məsələsi Olaraq: Uyğunluq" adlı bir bölmə ayırmağa ehtiyac hiss etdim. Orada həm türk dilinin geniş imkanları ilə dilimizdə bir inkar şəkilçisi olan "-sız/-siz" ilə oynamağı: yalansız, zorakılıqsız, ağrısız kimi müsbət sözlərin yarana biləcəyini, beləcə "uyğunsuz"un kimə görə müsbət, kimə görə mənfi ola biləcəyini müzakirə etməyə çalışdım. "Zəkanı uyğunluq qabiliyyətinin bir hissəsi hesab edən Freud idi?" kimi bir neçə sual da verdim. Darwin və Margaret Mead-dən bir az çaşdıran oxşar uyğunluq tezisləri də var. Artıq mövzunu daha çox açıqlamağa davam etməyim.
-Kitab boyu bir çox personajda dəyişiklik və inkişaf müşahidə olunur. Lakin ən çox dəyişimi Karaca'da görürük. Karaca'ya bu qədər diqqət yetirməyinizin xüsusi bir səbəbi varmı?
-Əgər gerçək zamanlı bir seriya/dördlük yazmaq istəyirsinizsə, təbii ki, personajlarınız da dəyişəcək, bəziləri müsbət inkişaf edəcək, bəziləri yerində qalacaq, geriləyəcək... Eynilə real həyatda başımıza gəldiyi kimi. "Torpaq" romanında məktəbli üsyankar bir həker kimi tanıdığımız Çorumlu Karaca, "Hava"da həyata müqavimətini bir alim kimliyi ilə göstərməyə qərar vermiş, sevgi və həyatı tanımağa çalışan universitetli bir gənc olaraq qarşımıza çıxır. Uşaqlıqdan ilk gəncliyə və yetkinliyə keçid zamanı dəyişikliklər daha aydın şəkildə həyatımızda yer alır. Karaca'nın romandakı ən gənc personajlardan biri olması, onun dəyişimini daha görünən etmiş ola bilər, lakin üç romanda da əhəmiyyətli bir "əlaqədar" funksiyası daşıyan Sahaf Səmahat və Defne Kaman'ın sərt bir ətrafçı və şəfa verən kimi yetişdirməyə başladığı qardaşı qızı kiçik Ayperi'dəki dəyişimlər də bir çox oxucu tərəfindən diqqətlə izlənilir. Mənə sosial mediadan və e-poçt vasitəsilə çatan oxucular qədər imza günlərində və sərgilərdə də bundan danışırlar. Görünür, oxucu olaraq hamımız özümüzə daha yaxın hiss etdiyimiz personajlara daha çox diqqət yetiririk.
-Kitabda bir çox aforizminiz var. Bunu Kutadgu Bilig ilə əlaqələndirə bilərikmi?
-Yunanca mənşəli "aforizma" sözünə bizim nəsillər tam türkcə qarşılığı olan "özdeyiş", bizdən əvvəlki nəsillər isə ərəb mənşəli "vəcizə" deyərdilər. Atam hər "özdeyiş" işlətdiyimdə "O tam olaraq vəcizədir?" deyə heç yorulmadan mənimlə mübahisə edərdi. Mənim sevdiyim və işlətdiyim gözəl və mənalı sözlərin demək olar ki, heç biri onları yazan/ifadə edən şair və ya filosof tərəfindən planlı şəkildə deyilməyib. Araşdıranda bu aforizmaların onların bir söhbəti və ya kitablarından sitat olduğunu görürük. Məncə, bir yazıçı "aforizma yazım" deyə oturub düşünməz. Çünki o zaman bu sözlər süni və məcburi olar. Aforizmalar bir fikrin ifadəsi zamanı və ya bir hekayənin inkişafı içində öz-özünə açılan təbii çiçəklərdir. Məsələn, tam bu anda sizin sualınıza cavab verərkən bu aforizma/özdeyiş tökülüb çıxdı. Kutadgu Bilig oxumaq əlbəttə mənə təsir etdi, 1000 il əvvəl türkcə yazılmış şeir formalı mətni öyrənməkdən qazancım oldu, amma "Kumral Ada-Mavi Tuna"nı yazanda hələ Kutadgu Bilig oxumamış 30 yaşlarında bir gənc yazıçı idim, o kitabdan da hələ istifadə olunan bir çox aforizma oxucular tərəfindən tapıldı.
-"Hava Qurşun Kimi Ağır" və "Hər Şey Neyə Layiqdirsə Ona Çevrilər" başlıqlarına qeyd düşmüsünüz. Nazım Hikmət və Mövlana Cəlaləddin Rumi'ə aid olduqlarını qeyd etmisiniz. Bu mövzuda oxucuya qarşı bir etimadsızlığınız varmı? Keyfiyyətli oxur sayımızın az olduğunu düşünürsüz?
-Yaxşı ki bu sualı verdiniz və ciddi bir etik problemə toxundunuz. Necə ki başqasının əməyini, ədəbi və ya fikir işini və ya tezisini götürüb öz yazdığı kimi göstərmək "intihal" adlanan fikir oğurluğudursa, istinad göstərmədən, qeyd qoymadan başqasının özdeyişlərini, şeirlərini işlətmək də etik deyil. Etikanın türkcəsi "əxlaqsızlıq"dır. Quldur işidir. Təəssüf ki, xüsusilə sosial mediada istinadsız olaraq bir çox dəyərli şair, yazıçı və düşünürün özdeyişləri özününkü imiş kimi işlənir. Bu səhvdir. Mənim işlətdiyim sitatlar üçün istinad verməyim tamamilə iş əxlaqı və hörmətlə bağlıdır.
-Heç bir yetkin insan əslində aldadıla bilməz, deyirsiniz. Defne Kaman da kitabın sonuna qədər özünü ədalətin var olduğu iləmi aldadırdı?
-Defne Kaman müasir dövrdə yaşayan ağıllı və təcrübəli bir jurnalist qadındır. Onun aldatılmaqla bağlı düşüncələri özü ilə deyil, şəxsi mənafeləri üçün "imiş kimi" oynayan yetkinlərlə bağlıdır. Ədalətə gəldikdə, sizin də bildiyiniz kimi, ədalət universal bir anlayışdır. Ya var, ya yoxdur. Defne Kaman əksinə, yetkinlərin aldatılmadığı tezisini müdafiə edir, bu halda özünü aldada bilərmi?
-Hər ədəbi əsərin öz dövründən izlər daşıdığı deyilir. İqlim dəyişikliyi, nüvə enerjisi, Vikipediya'nın qadağan edilməsi, fanatizm kimi aktual mövzuları əldə edirsiniz. Lakin müasir dövrdə aktual mövzulara toxunmaq istəyən çox az yazıçı var. Bu vəziyyəti nəyə bağlayırsınız?
-Mən müasir yazıçıların son dərəcə aktual mövzular yazdığını görür və çoxu ilə fəxr edirəm. Yeni nəşr olunan Latifə Tekin'in "Sürüklənmə", Mine Söğüt'ün "Kərgədan", Barış İncə'nin "Sarsıntı" kitabları ilk ağlıma gələnlərdir.
-Kitabın arxa planında qadına qarşı zorakılıq və təcavüzləri də işləyirsiniz. Qadınların evə həbs edilib arxa plana itələnməyə çalışılması köhnə dövrlərdən bu günə uzanan sosioloji bir vəziyyətmi yoxsa kişilərin hakimiyyətlərini itirmə qorxusumu?
-Qadınlarla bağlı əhəmiyyətli və öncü yazıçılar Simone de Beauvoir "İkinci Cins" və Virginia Woolf "Özünə Aid Bir Otaq" kitabları ilə bizə mövzunun siyasi və iqtisadi köklərini izah etmişlər. Haqlısınız, qadın mövzusu tamamilə siyasi və iqtisadi bir məsələdir.
-Yaralı insanların öz içlərinə qapandıqlarını, hətta öz yeraltı dünyalarını yaratdıqlarını deyirsiniz. Hətta bir çox yazıçıdan nümunələr verirsiniz. Kitabınızdakı personajlar öz yeraltınızın bir ifadəsimi?
-Bunları mən demirəm, çox sevərək oxuduğum Şekspirdən Mövlana'ya, Gültən Akın'dan Metin Altıok'a qədər böyük şairlər deyir. Dostoyevski, Kafka, Poe da bunları yazır. Personajlarımın yeraltı dünyası əmin olun, mənimkindən çox fərqlidir. Sizə və maraqlanan oxuculara bu mövzuda Nurdan Gürbilek'in "Qurbanın Dili" adlı möhtəşəm kitabını tövsiyə edirəm.
-Kitabda Qılqamış Dastanı'na da toxunursunuz və dastandan payımız: "İnsan üçün ölüm qaçılmazdır!" Bəs, sizcə ölümsüzlük fikri sənətçının zəhərli sarmaşığıdırmı yoxsa təşviqedicisimi?
-Dünyadakı bütün sənət əsərləri əsasən iki mövzu üzərində qurulub: sevgi və ölüm. Çox sevdiyim Nobel mükafatlı Portuqaliyalı yazıçı Jose Saramago'nun türkcəyə "Ölüm Bir Varmış Bir Yokmuş" adı ilə tərcümə olunan romanı, məncə, ölümsüzlük mövzusunda yazılmış ən yaxşı romanlardan biridir.
-Umay Nine, "Bu həyatı ən çətin zamanlarda, yoxsulluqda, qıtlıqda, müharibədə və sülhdə əslində idarə edən həmişə qadınlar olub. Onlar olmasaydı insan həyatı çoxdan bitmiş, növümüz qurumuşdu." deyir. Müasir dövrdə də qadınları əzən və ya belini bükən bu ağır yük deyilmi? Zamanla bu yükün yüngülləşəcəyini düşünürsüz?
-Zəkanın və ya istedadın insanlara yük və ya bəla olduğu hallardakı kimi, qadının dözüm və müqavimət qüvvəsi və zəkası da başına bəla olub. Min illər boyu yalnız uyğun, itaətkar, çalışqan və cazibədar olması gözlənilən qadının yaradılışdan gələn inanılmaz yaddaşı və eyni vaxtda çox iş görə bilmə qabiliyyəti var ki, bununla bir cür barışa bilmirlər. Lakin iqtisadi və sosial hüquqlarını yavaş-yavaş qazanan qadınlar, bütün dünyada sayı ən çox olan azlıq olduqlarının artıq fərqinə varıblar. Dünya dəyişir və çox uzaq olmayan bir zamanda qadınlar layiq olduqları düzənə çatacaqlar. O zaman dünya indikindən daha yaxşı olacaq.
-Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
-Mən də təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)