
Super User
1-ci Uşaq Teatr Festivalı martın 17-də başa çatacaq
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
“10 Mart Milli Teatr Günü” nə həsr olunmuş Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və “Emedia Group” Media təşkilatının təşkilatçılığı ilə “1-ci Uşaq Teatr Festivalı”nın açılış mərasimi barədə qeydlərimi təqdim edirəm.
Tədbirdə millət vəkilləri, QHT sədrləri, tanınmış incəsənət xadimləri, sənətsevərlər, mətbuat nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Festivalın açılışında Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov qonaqları salamlayaraq festivalın məqsədi və proqramı haqqında ətraflı məlumat verdi. Daha sonra millət vəkilləri və incəsənət xadimləri çıxış edərək, festivalın uşaq teatrının inkişafına verdiyi töhfələrdən və mədəniyyətin gənc nəslə aşılanmasının əhəmiyyətindən danışdılar.
Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə təşkil olunan bu festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, teatr sənətinə marağı artırmaq və gələcək aktyor nəslinin formalaşmasına dəstək verməkdir.
Qeyd edək ki, 6 gün davam edəcək festivalda 6-14 yaş arası uşaqlar 1, 2 və 3-cü yer uğrunda mübarizə aparacaqlar.
Festival bu gündən başlayaraq 16 mart tarixinədək davam edəcək və bu müddətdə müxtəlif orta məktəblər, mədəniyyət mərkəzləri, dövlət və özəl qurumların iştirakı ilə bir neçə teatr tamaşası nümayiş olunacaq.
Sonda qaliblər seçilərək 17 mart tarixində festivalın bağlanış mərasimində ictimaiyyətə təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Qazax şairinin “Qarabağ”ı
Əkbər Qoşalı, “Ədəbiyyat və insənət” üçün
Qardaş Qazaxıstanın yeni nəsil şairlərindən Sayat Kamşıgerin “Qarabağ” poeması Bakıda - “CN-Poliqraf”da gün üzü görüb.
Xəzərin o tayındakı qardaşımızın “Qarabağ”ı yazması, poemanın Qazaxıstan mətbuatında yayınlanması, Azərbaycanda kitablaşdırılması Qazax-Azərbaycan ədəbi-mədəni bağlarına ydni bir töhfədir. Bu işin məzmunu və səciyyəsi ümumən Türk dünyasının mədəni və ədəbi bağlarına töhfə dəyərindədir. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİMİB) ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşəbbüsü ilə ərsəyə gələn bu kitab, Qazaxıstan-Azərbaycan dostluğunun, qardaşlığının poetik təcəssümüdür.
Azərbaycanın milli tarixini, Qarabağın qurtuluş və qürur yolunu, şəhidlərimizin qəhrəmanlığını, eləcə də, türk birliyini tərənnüm edən bu poemahəm də, hiss və duyğuların poetik toplusudur. Sayat Kamşıger, DGTYB-nin dəvəti ilə Azərbaycana səfəri zamanı Qarabağ (ümumən Azərbaycan) həqiqətləri ilə yaxından tanış olub, sonra bu mövzuda bir əsər yazacağına dair vədini yerinə yetirərək, “Qarabağ” poemasını qələmə alıb.
Əsərin Azərbaycan dilinə uyğunlaşdırılmasını tanınmış şair-publisist Elşən Əzim, redaktəsini isə Prof.Dr. Rəsmiyyə Sabir həyata keçirib. Layihənin rəhbəri, Qazaxıstanın Uluslararası “Alaş” Ədəbi Mükafatının laureatı Əkbər Qoşalı, önsöz müəllifi RHİMİB başqanı Arzu Bağırova, rəyçilər DGTYB başqanı İntiqam Yaşar ilə Tariyel Əhmədov, koordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayneri Cəsarət Qasımovdur.
Yaradıcı heyət kitabın, Qarabağın tarixi, mədəniyyəti və qurtuluş yolunu oxuculara çatdırmaqla yanaşı, Qazaxıstan və Azərbaycan arasında ədəbi, mədəni-mənəvi bağların güclənməsinə töhfə verəcəyinə inanır.
Yenicə gün üzü görən, Azərbaycan və qazax oxucuları arasında rəğbət qazanacağına inanılan “Qarabağ”ın Azərbaycanda və Qazaxıstanda tanıtımı nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Bir daha Milli Teatr Günü barədə - Akademik Milli Dram Teatrında Möhtəşəm Tədbir
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
2 gün öncə - martın 10-u Azərbaycan teatr ictimaiyyəti Milli Teatr Gününü təntənəli şəkildə qeyd edib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbir teatrsevərlərə unudulmaz anlar yaşatdı.
Akademik Milli Dram Teatrında baş tutan gecə Dövlət Rəqs Ansamblının çıxışı ilə başladı. Tədbirin aparıcıları – Əməkdar artist Elşən Cəbrayılov və aktrisa Nəzrin Abdullayeva qonaqları salamlayaraq Milli Teatr Gününün əhəmiyyətindən danışdılar.
“Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə yekun vuruldu
Bayram gecəsinin birinci hissəsində “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin yekun nəticələri elan edildi. Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Televiziyasının dəstəyi ilə reallaşan layihədə 11 teatr 16 tamaşa ilə çıxış edib. Layihənin iştirakçılarına mükafatlar təqdim olundu.
Fədakar sənətkarlara mükafatlar verildi
Teatr Xadimləri İttifaqı da öz ənənəsinə sadiq qalaraq, Azərbaycan teatr sənətinə töhfə verən fədakar sənətkarları təltif etdi. İttifaqın sədri, Xalq artisti Hacı İsmayılov yeni “Teatr fədaisi” medalını təqdim etdi. Bundan əlavə, Xalq artistləri İlham Namiq Kamal və Azad Şükürov “Ümid”, “Qızılgül”, “Teatr xadimi” və “Sənətkar” mükafatlarını sahiblərinə təqdim etdilər. Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze də bu nüfuzlu mükafatlara layiq görüldülər.
“İblis və...” tamaşasına “Qızıl Dərviş” mükafatı
Gecənin ən maraqlı məqamlarından biri Akademik Milli Dram Teatrının “İblis və...” tamaşasının “Qızıl Dərviş” mükafatına layiq görülməsi oldu. Tamaşanın rejissoru Mehriban Ələkbərzadəyə mükafat təqdim edildi.
Sonda Mehriban Ələkbərzadə teatrsevərləri bayram münasibətilə təbrik edərək, Azərbaycan teatrının gələcək uğurlarına inandığını bildirdi.
Milli Teatr Günündə bir daha sübut olundu ki, Azərbaycan teatrı öz zəngin ənənələrini qoruyub saxlayaraq yeni uğurlara doğru inamla irəliləyir.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Dərd boyda sevgi, yoxsa sevgi boyda dərd? – ESSE
Firuzə Quliyeva, “Ədəbiyyat və incəsənət” üçün
Vaqif Bayatılının “Sevgi sevgiylə dərd dərdlə unudulur” şeirində müəllif “Unudulacaq” deyir. Lakin sonra sevmək üçün yenidən baharı gözləyir. Unudulacağını bilə-bilə. Firuzə Quliyeva isə deyir ki, yollarını əzbərlədiyin, gözünə yaş dolan adamı unutmaq olmaz.
İçində əkdiyi çiçəklərə torpaq sahib olsa belə o, bu sahibliklə razılaşır.
Ən gözəl xatirələrimiz göz yaşına çevrilir. Bəs udulurmu? Qəlbdən gələn ağrı boğazda düyümlənir. Udmağa icazə vermir.
İllər, fəsillər, günlər keçsin. Sonda bir müjdə hər məqamda qalib gəlir. Unutduqlarımız solğun çiçəkləri, işıqlı ulduzları sevərmi? Mən deyirəm ki, unutmaq üçün yox, xatırlamaq, xatırlanmaq üçün yenidən ulduz, ay, çiçəyə çevril.
Dünyada şirin yalanlar var. Dil öz sözünü deməyə çalışır. Saat çalmır. Qəlb döyüntüsü çalır. Çalır ki, dil zindanında əsir olmayasan. Könül mülkündə taxt qurasan.
Nəğmələri oxu. Dünyanın sonu çatmamış oxu. Köksünü viranə qoymaq nə deməkdir? Ordan içinə çəkərək oxu. Köksüz sarmaşığa döndərmə sinəni. Sənin ruhunda eşq şərabını içmək qulağımda çalınan həyat səsinə bərabərdir. Tövbə edirəm. Nəyə və niyə tövbə edirəm? İnsan içindəki səmaya niyə tövbə etsin? Onun ki ucu-bucağı yoxdur.
“Çiçək gözlüm” deyir Vaqif Bayatılı. Mən isə “Yaz çiçəyi” deyirəm.
Röyamda yurd salan, baharın qoynunda açan çiçək! Bəs qırılan qəlb? Onu tərəzidə ölçmək olar? Hansı qalib çıxar? Günəş yoxsa ay? Günəşin qucağına sığınmış ay. Günəşin istiliyini, yanıb-yaxılacağını gözə alaraq çinarına sığınan ay.
Nədən desin insan? Sözlər kifayət etmir.
Mən var-dövlətimi şeirlərə saçdım. Ancaq sənin varlığın baha başa gəldi.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Daxili intizamın ən sadə qaydası – KİTAB BƏLƏDÇİSİ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Daxili intizamın ən sadə qaydası “Naharı desertdən öncə yemək”dir. Nahar, zamanı sadə qanunauyğunluq var: desert ən sonda yeyilir. Öncə əsas yeməklər yeyilir və boşqab boşaldılır və yalnız bundan sonra desert verilir. Adi adamlar arasında yanlışlığa səbəb olan deyim var: Həyat qısadır, öncə deserti ye.
Təsəvvür edin, işdən evə gəlirsiniz və şam yeməyindən öncə iri bir şirniyyatı həzmi rabidən keçirirsiniz. Bundan sonra, sərf etdiyiniz enerjini bərpa etmək üçün zəruri olan qidaları qəbul etmək üçün iştahınız qalacaqmı? Şəkər dolu qarınla özünüzü necə hiss edəcəksiniz? Enerjinizi bərpa edəcək və hansısa məhsuldar bir iş həvəsində olacaqsınızmı? Yoxsa, yorğunluqdan günü bitmiş elan edəcəksiniz? İşdən sonra yoldaşlarla bir-iki bakal pivə içdikdən sonra evə gedib televizorun qarşısındakı divanda oturduqda da eyni nəticəni alacaqsınız. Bunlar hamısı, sizin günün ikinci yarısını məhsuldar keçirməyinizə mane olan “desert”lərdir. Və bütün bunların ən pis tərəfi isə, təkrarlanan işlərin adətə çevrilməsidir. Adəti isə tərgitmək çox çətin olur. Asan yolu seçmək, əyləncəli olan işləri görmək və deserti birinci yemək adəti get-gedə güclənərək mənəvi zəiflik və uğursuzluğa səbəb olur.
Brayan Treysi/ Bəhanələrə yox (daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Qərbi Azərbaycanın tarixi torpaqlarının etimologiyası
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisindəki tarixi Azərbaycan torpaqlarının) yer adlarının etimologiyası barədə türk mənbələrinə əsaslanan faktları təqdim edirəm. Bu faktlar əsasən Osmanlı, Səfəvi, Qaraqoyunlu, Ağqoyunlu və qədim türk mənbələri əsasında araşdırılmışdır.
1. İrəvan
Osmanlı mənbələrində "Revan" və "Rəvan qalası" kimi qeyd olunub. 1590-cı ildə Osmanlı imperiyası İrəvanı fəth etdikdən sonra bu ad rəsmi sənədlərə düşüb. Evliya Çələbi (XVII əsr səyyahı) İrəvanı "möhkəm qalanın olduğu yer" kimi təsvir edir.
B.е.ə. VIII əsrə aid edilmiş daş kitabələrdə qeyd edilir : Urartu şahı I Rus (e. ə. 730-714) deyib ki, ölkəni, о cümlədən İrəvan ölkəsini zəbt etdim.
Buradan aydın olur ki, Urartu şahının işğal etdiyi yer qədim türk ərazisi olub. Deməli, bir yaşayış məskəni kimi İrəvan qədim tarixə malikdir.
F.Köçərli demişkən : “Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüəra olub”.
2. Vedibasar
İlkin əsasa görə şəhərin adı ərəb dilindəki Vadi (ərəb. وادي) sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir.
Qədim türk dillərində "Vedi" sözü "çay yatağı, dərə" mənasını verir. Osmanlı və Səfəvi sənədlərində "Vedi" və "Vedibasar" kimi qeyd olunub. Osmanlı Tahrir Dəftərləri (XVI əsr) bu bölgədə azərbaycanlı kəndlilərin yaşadığını göstərir.
Bir fərziyyəyə görə şəhərin adı Vedi çayının daşması ilə əlaqədardır. Basar sözü türk mənşəli olub bərəkətli yer mənasını verir.
3. Zəngibasar
"Zəngi" qədim türk tayfalarından birinin adıdır. Bu tayfa Səlcuq türkləri dövründə Qafqaza köçmüşdür. Əbdürrəşid Bakuvi (XIV əsr coğrafiyaşünası) Zəngi çayının adını türk mənşəli olduğunu qeyd edir.
Həmçinin şəhərin adı Zəngi çayının daşması ilə də əlaqələndirilir.
4. Basarkeçər
Osmanlı və Səfəvi mənbələrində "Basar" məhsuldar torpaq, "keçər" isə keçid yeri mənasında işlənir. Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının fərmanları – Basarkeçər onların əsas yaylaq yerlərindən biri olub.
5. Göyçə
"Göyçə" türk dilində "göy rəngli su" mənasını verir. Bölgə qədim türk boyları tərəfindən məskunlaşmışdır. XIII əsr Moğol və Səlcuq mənbələri – Göyçə gölü ətrafında türk tayfalarının (Qıpçaqlar, Kəngərlər, Qarqarlar) yaşadığı qeyd olunub.
6. Zəngəzur
"Zəngi" türk tayfa adı, "zur" isə qədim türk dilində "dik dağlıq ərazi" mənasını verir.
Kaşğarlı Mahmud - "Divanü Lüğat-it-Türk" əsərində "Zəngi" boyu haqqında məlumat var.
7. Mehri
"Mehr" qədim türk-monoqol (Uyğur və Hun) mədəniyyətində "günəş" mənasını verir.
Orxon-Yenisey yazıları - "Mehr" sözü Günəş Tanrısı anlamında istifadə olunub.
8. Qafan
"Qaf" qədim türk dillərində "hündür dağ" deməkdir, "-an" şəkilçisi isə yer bildirir.
Oğuznamələr - Qafqaz ərazilərində "Qaf" adlı müqəddəs dağlardan bəhs edilir.
9. Dərələyəz
"Dərə" türk dilində "çökəklik", "Ləyəz" isə qədim türk boylarından birinin adıdır.
Osmanlı arxiv sənədləri (XVII əsr) - Bu ərazidə yaşayan türklər qeyd olunur.
10. Əzizbəyov
Sovet dövründə Məşədi Əzizbəyovun adı ilə adlandırılıb, lakin bu bölgə tarixi olaraq Azərbaycan türklərinə məxsus olub.
Qacar və Səfəvi mənbələri - Bu bölgədə əsasən türk tayfaları yaşayırdı.
11. Qırxbulaq
"Qırx" qədim türkcədə "çoxlu", "bulaq" isə "su mənbəyi" deməkdir.
Dədə Qorqud dastanı - Qırx igid və su mənbələri ilə bağlı motivlər mövcuddur.
Burada çox sayda bulaqlar olub.
12. Sarıqamış
"Sarı" türk dillərində rəng bildirir, "qamış" isə bataqlıq bitkisidir. Osmanlı tədqiqatçıları (XVII əsr) - Bölgənin sarı otlaqları və qamışlıq sahələri qeyd edilib.
13. Pəmbək
"Pəm" qədim türk mənşəli olub "hündür, dağlıq" mənasını verir, "-bək" isə türk feodal tituludur.
Qaraqoyunlu və Ağqoyunlu mənbələri - Burada türk bəylərinin yaşadığı qeyd olunur.
14. Ağbaba
"Ağ" (təmizlik, işıq) və "baba" (müqəddəs şəxs) türk dilində çox işlənən sözdür.
XVI əsr Osmanlı tədqiqatları - Ağbaba türklərin müqəddəs saydığı yerlərdən biri olub.
Bu rayon və bölgələrin adları Osmanlı, Səfəvi, Qaraqoyunlu, Ağqoyunlu və digər qədim türk mənbələrində qeyd olunub. Erməni hakimiyyəti XX əsrdə bu adların çoxunu dəyişdirib, lakin tarixi sənədlər bu ərazilərin türk-müsəlman əhalisinə aid olduğunu sübut edir.
Qayıdış çərçivəsində atılan addımlardan biri də Qərbi Azərbaycanda doğulan şəxslərin şəxsiyyət vəsiqəsində erməniləşdirilmiş şəhər adları yox qədim yəni əsl adları yazılır.
Bizə “haralısan?” deyəndə, biz fəxrlə ata yurdumuzun əsl və tarixi adını deyə bilirik. Bu bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz yurdumuza qayıdacayıq. Azərbaycan əlifbası ilə öz tarixi şəhər, rayon və kənd adlarımız yazılan lövhələri Azərbaycan bayrağı ilə birlikdə asacayıq. Biz doğma vətəndə bayrağımızı dalğalandıracayıq.
Biz buna inanırıq, biz qayıdacayıq!
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
PORTAL AKADEMİYASINDA - Müfəssəl maliyyə planı
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Planlaşdırma nədir? Biznesdə ən vacib elementlərdən biri barədə söhbətimizi davam etdiririk.
Müfəssəl maliyyə planı
Siz öz biznes-planınıza detallarına qədər işlənmiş maliyyə planı daxil etməlisiniz. Adətən bu, 3 il üçün tərtib edilir. Planda aşağıdakılar öz əksini tapmalıdır:
· Satış həcmlərinin proqnozu;
· Qazanc və ziyanın qiymətləndirilməsi (birinci il hər ay üçün, sonralar hər rüb üçün);
· İllik balans cədvəli.
***
Biznes-planın hazırlanması təxəyyül tələb edən işdir. Bu sənəddə siz olmuşları deyil, gələcəyi təsəvvür və təsvir edirsiniz. Əksəriyyət üçün belə iş, əlbəttə ki, çətindir.
Siz yazıçıları hərdən yaradıcılıq ilhamının tərk etməsi haqqında eşitmisiniz? İfadə aydınlığını və dəqiqliyini itirərkən qarşılaşdığınız problemlər bəzən məşhur yazıçıların da qarşısında durur. Nəzərə alın ki, yazıçılar bəzən yazmağa məcburdurlar, çünki naşir son təhvil vaxtını müəyyən etmişdir, alınmış avans isə artıq xərclənib. Roma şəhərinin də bir günə tikilmədiyindən xəbərdar olan və biznes-planın yekunlaşdırılması üçün xeyli vaxtı olan sizlərin isə narahatçılıq üçün heç bir əsası yoxdur. Elə deyilmi? Sizi vaxt qovmursa, demək, nəticəni əldə etməyinizə də ciddi maneə yoxdur.
Əgər hiss edirsiniz ki, nə isə ilişib dayanıb, narahat olmayın. Bu, yaradıcılıq prosesi üçün tipikdir. Əsas odur ki, əliniz işdən soyumasın. Özünüzü məcbur edin, bir neçə söz yazın, sonra yenə məcbur edin və yazın. Beləcə də davam edin! Qısa müddətdə işinizin planı hazır olacaq. Qənaətbəxş plan varsa, demək, uğura doğru yolun təminatı da var!
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
BİR ŞAİR, BİR ŞEİR - Lilpar Cəmşidqızı, “Ey gözəl insan”
“Ədəbiyyat və incəsənət” portalının Bir şair, bir şeir rubrikasında bu gün sizlərə Lilpar Cəmşidqızı, “Ey gözəl insan” şeiri təqdim edilir. Müəllif şeiri Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq, rejissor, jurnalist, publisist Ağalar İdrisoğluna itfah edib.
Şam kimi əridi sənətdə ömrün,
Yürsək pilləsində dayandın səbrin.
Xalq üçın çalışdın, yaşadın hər gün,
Ürəyi Vətənçün döyünən, vuran,
Ömrün uzun olsun ey gözəl insan.
Səhnəni öz evin, ocağın bildin,
Bəzən gecələri uyudun, qaldın.
Millətə xidmətdir ən böyük adın,
Çəkdiyin zəhmətin göründü hər an,
Ömrün uzun olsun, ey gözəl insan.
Sevdin Allahını səcdə eylədin,
Yolunu azana düz yol söylədin.
Haqsızlıq önündə heç baş əymədin,
Qıldın namazını qəlbində iman,
Ömrün uzun olsun, ey gözəl insan.
Haqqın, ədalətin carçısı oldun,
Zəhmətlə ən uca adları aldın.
Sadəydin hər zaman, sadə də qaldın,
And yerin Tanrıydı, bir də ki, Quran,
Ömrün uzun olsun, ey gözəl insan.
Qəbrin nurlu olsun, Züleyxa ana,
Bir oğlul böyütdün, verdin zamana.
Uymadı xəbisə, murdar şeytana,
Kasıba, xəstəyə hey arxa duran,
Ömrün uzun olsun, ey gözəl insan.
Neçə əsərləri yazdın, yaratdın,
Teatr sənətin canlı yaşatdın,
Bəzən rollarında kədərə batdın,
Çətin günlərində ummadın aman,
Ömrün uzun olsun, ey gözəl insan.
Rüşvəti sevmədin, halalı yedin,
Sözünü mərd kimi hər yerdə dedin.
Çəkdiyin əməyin bəhrəsin gördün,
Çirkaba batmadı, təmizdi vicdan,
Ömrün uzun olsun, ey gözəl insan.
Nə varda, nə pulda olmadı gözün,
Yüksək kürsülərdə deyildi sözün.
Dünyanın çox yerin dolaşdın, gəzdin,
Eli, yurdu üçün alışan, yanan,
Ömrün uzun olsun, ey gözəl insan.
Yadı doğma bildin, arxa dayandın,
Dərdini, halını bilib duyandın.
Səhv yolla getmədin, durub dayandın,
Kişilik əzminə olmuşam heyran,
Ömrün uzun olsun, ey gözəl insan.
Üzundə nur gördüm, işığı təmiz,
Bir dost təəssüratı, doğmadan əziz.
Lilparam, hər yerdə oldum gülərüz,
Çəkdim bu həyatdan, çəkdim mən yaman,
Ömrün uzun olsun ey gözəl insan.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
İspaniyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniya Krallığında yaşayan Azərbaycan icması ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü Gülnar Hacıyevanın moderatorluğu ilə keçirilən görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsinin yad olunması ilə başlayıb.
“Bu gün Azərbaycan dövləti diasporun inkişafına yeni konseptual yanaşma ortaya qoyub və bununla da nümunəvi model yaradıb. Dövlətimizin diaspora yanaşması onun daha da güclənməsinə hesablanıb”. Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniyada yaşayan azərbaycanlılarla keçirilən görüş zamanı deyib. Komitə sədri çıxışında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni mərhələyə yüksəlməsinə, diasporumuzun Azərbaycan dövləti ilə vəhdət halında fəaliyyət göstərməsinə diqqət çəkib.
Toplantıda Azərbaycanın İspaniyadakı Səfirliyinin konsulu Əfqan Xəlili iştirak edib.
Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələrlə bağlı videotəqdimat keçirilib.
İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrə koordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Barselona Azərbaycan Evinin sədri Kərim Kərimov AKŞ-nin fəaliyyəti haqqında məlumat verib, Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsinin önəmini vurğulayıb.
Daha sonra diasporun inkişafı, strateji təşəbbüslərin dəstəklənməsi, icmalaşma prosesinin gücləndirilməsi və digər mövzularla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
İcma görüşü İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısının keçirilməsi ilə davam edib.
Koordinasiya Şurasının fəaliyyətinə dair hesabat dinlənilib, qazanılan uğurlar və həyata keçirilən layihələr geniş müzakirə olunub.
Görüşdə İspaniyanın müxtəlif şəhər və regionlarında, o cümlədən Barselona, Bilbao, Madrid, Valensiya, Alikante və digər şəhərlərində, həmçinin Portuqaliyada yaşayan soydaşlarımız iştirak edib. İcma görüşünə 120-dən çox soydaşımız qatılıb və onların arasında Diaspor Gənclərinin Yay Düşərgələrinin iştirakçıları da olub.
Qarabağ xanı Pənahəli xanın İspaniyada yaşayan varisi, Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin iştirakçısı Məhəmmədəli Əkbərov İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının İspaniya üzrə koordinatoru, Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Milana Seyidzadə isə Portuqaliya üzrə koordinatoru seçilib.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
TƏLƏBƏ YARADICILIĞInda Aysu Süleymanlının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Tələbə Yaradıcılığı rubrikasında bu gün sizlərə Şəki Tibb Kollecinin tələbəsi Aysu Süleymanlının şeirlərini təqdim edəcəyik.
Aysu İlham qızı Süleymanlı 2005-ci il dekabr ayının 6-da Şəki şəhərində anadan olub. 2012-2023-cü illərdə Şəki şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alıb.
Hazırda kollecinin II kurs tələbəsidir.
Şeirləri oxuyarkən xırda-para nöqsanları müəllifə bağışlayın. Unutmayaq ki, o hələ həvəskar bir tələbədir. Hələ elmi də öyrənir, sənəti də. Öyrəndikdən sonra tələb də böyük olacaq.
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi.
***
Sən Qafqaz Səhləbi-vətənin gülü
Dünyada yeganə, tək nümunəsən.
Gülün tək aşiqi sevda bülbülü,
Ağabəyim üçün əsrarəngizsən.
Qoymazsan gülünün qaməti düşə,
Sən onun dayağı qəmxarı, bülbül.
Özünü həbs etdin gülün eşqinə,
Nə xoş, abır-həyalı, tikanlı bülbül.
Orada kök saldın, orada qaldın,
Bükmədin belini dimdik dayandın!
Sən qədər fədakar mən tanımadım,
Yaşarkən görmədim, ay Xarıbülbül.
Sənin bərabərin, sənin oxşarın,
Olmaya dünyada yeganə, təkdir!
Səninlə vətənin həsrəti qəlbdə-
Otuz il sağalmaz ən böyük dərddir...
Səsin qulaqlarda ən gözəl səsdir,
Həsrətin nəğməsi sanki qəlizdir.
Nə olar, bir oxu eşidək səni,
Qəlblərə vəfa ol, barı, ay bülbül.
Bu illər ərzində Qarabağ yalnız
Səninlə öyünür, sənlə gülürdü.
Şuşamız səsini eşidən zaman
Ürəkdən deyirdi: “Xilaskar bülbül”.
Vətən oğulları yaraşdırmadı
Xarıbülbülünə əsirlikdən pay.
Azadlıq eşqiylə savaşdı, ancaq
Bizim nəsillərə iz saldı parlaq!
***
İstərəm o kəs ki, yaşayan zaman
Özünün əxlaqi, qeyrəti ola.
Bax onda ruhunun gözəlliyinin
Böyük bir mənası, bir zəhmi olar;
Mən əxlaq sevirəm, qeyrət sevirəm!
İstərəm o kəs ki, danışan zaman
Sözünün hikməti, dəyəri ola.
Bax onda dinləyər insanlar onu,
Söz dönər qızıla, qiymətli olar;
Mən xoş söz sevirəm, hikmət sevirəm!
İstərəm o kəs ki, oxuyan zaman
Düzgün ibadəti, inamı ola.
Kimin ki, imanı düzdürsə əgər,
Onun saf niyyəti, ibrəti olar;
Mən iman sevirəm, Yaradan sevirəm!
***
Ruhumu göylərə əmanət edib,
Göylər də deyəsən, məndən lap bezib…
Mən qoyduğun yerdə, sən isə gedib
Əmanətə xəyanət edən qadınsan.
Deyirsən, suallar alıbdır məni
Bilirsən nə günə salıbdır məni?!
Necə də çətindir unutmaq səni
Sən elə yalandan sevən qadınsan.
Heç bilmə, hardayam, necəyəm deyə,
Onsuz da bilirsən buralardayam.
İstəsən də artıq gələn deyiləm,
Mən yalnız Allah amanındayam.
Sən də yorma özünü, burax başını,
Bu sevgi oynunun di at daşını!
Nigaran da qalma, sil göz yaşını,
Mən elə həminki adamam, qadın!
Deyirsən, mənimsən, mənim deyilsən?
“Səninəm” desəm bəs nə deyirsən?
Verdiyin sualı bir düşün görək,
Sən özün əminsən, əmin deyilsən?
***
Mən dünən qucağında böyüyən o qız,
Sən isti ocağım, yurdum-yuvamsan.
Aldığım nəfəsin borclu olduğum,
Mənim kiçik dünyam, öz diyarımsan.
Bilirəm eşqinlə alışıb-yanır,
Ondandır qəlbimin bu hərarəti.
Ey adı ucadan uca olanım,
Sənsən mənim namusum, mənim qeyrətim.
Sənin bərabərin, sənin oxşarın,
Olmaya sənə tay yoxdur dünyada.
Ay mənim yeganə ülvi diyarım,
Sənsən o, Vətənim, Vətənim mənim!
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)