Super User

Super User

Çərşənbə axşamı, 11 Mart 2025 11:31

Anar mühacirətə gedir?

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:

 

MƏQAMLAR

1.

Moskvada Anarla söhbətimi xatırladım. Millətin adının türk yazılması Azərbaycanda etnik konfliktlərin yaranmasına səbəb ola bilər. Talış, ləzgi, avar və s. Bəs onlar milli mənsubiyyətlərini necə yazdıracaqlar? Həqiqətən, Anar haqlıdır. Bu məsələdə son dərəcə ehtiyatlı olmaq gərəkdir. Bir də, türk yazdırmaqla tarixin təbii nəticəsi – azərbaycanlığımızın üstündən xətt çəkmirikmi?

Yusif Səmədoğlu. Gündəliklərindən

 

2.

“Müxalifət” qəzetinin redaktoruna

Möhtərəm redaktor!

“Müxalifət”in 12 sentyabr 1992-ci il nömrəsində Aydın Uluxanlının “Yaxşı padşahın nağılı” yazısını oxuduqdan sonra bir daha başa düşdüm ki, səhifələrini şəxsi ambisiya naminə böyük Azərbaycan ədəbiyyatına güclə soxulmaq üçün xalqımın gözəl ziyalısını, görkəmli yazıçımız Anarı təhqir məqsədinə yönəlmiş tendensiyaya xidmət edən bir qəzetin redaksiya heyətinin üzvü ola bilmərəm. Xahiş edirəm məni qəzetinizin redaksiya heyəti üzvlüyündən azad edəsiniz.

 Yusif Səmədoğlu

(Məktubun əlyazması mənim arxivimdədir – Anar)

 

3.

Bu günlər mətbuat orqanlarında yalan məlumat yayılır ki, yazıçı Anar mühacirətə gedib. Yazıçılar İttifaqının katibliyi bildirir ki, Anar Türkiyəyə öz yaradıcılıq məzuniyyəti dövründə İstanbul Universitetində dərs demək üçün gedib. Anar Yazıçılar İttifaqının sədridir və sədri olaraq da qalır. Oxuculardan xahiş edirik ki, Anar və başqa yazıçıları gözdən salmağa çalışan “qəhrəmanlar”ın belə iftiralarına uymasınlar”.

Yusif Səmədoğlu,

 Azərbaycan Yazıçılar İttifaqının birinci katibi

 “Azərbaycan” qəzeti, 6 mart 1993

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

Çərşənbə axşamı, 11 Mart 2025 10:14

Şəhidlər barədə şeirlər – Pərviz Novruzov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü

Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Pərviz Novruzova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

PƏRVİZ NATİQ OĞLU NOVRUZOV

(02.02.2002.-03.10.2020.)

 

Kürdəmir rayonunun Ərəbxana kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin  əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 

UNUDULMAZ PƏRVİZ

 

Hələ kiçik yaşından xətirli –hörmətliydin,

Çox mehriban, gülərüz, şirin söhbətli idin,

İstiqanlı oğuldun, dostluqda ülfətliydin,

Qısaca həyatında qoydun yaxşı əməl, iz,

Unutmaz heç bir zaman el-oba səni, Pərviz.

 

Böyüdün, yaşa doldun, arzuların böyüdü,

Oldun Ərəbxananın cavan, qoçaq igidi,

Ağsaqqallardan aldın nəsihəti, öyüdü,

Həyatda yolun kimi əqidən də oldu düz,

Unutmaz heç bir zama el-oba səni, Pərviz.

 

Vətən məhəbbətiylə döyünürdü ürəyin,

Sevirdin  yurdumuzun hər gülün, hər çiçəyin,

Qarabağ azad oldu, qəbul oldu diləyin,

Arzuların saf idi, xəyalların tər-təmiz,

Unutmaz heç bir zaman  el-oba səni, Pərviz.

 

Oxuyurdun kollecdə, dedin  orduya gedim,

Artıq zaman yetişib, vətənə xidmət edim,

Necə də fəxr edərəm, “Əsgər!” çağrılsa, adım,

Bu ad hamıya doğma, bu ad hamıya əziz,

Unutmaz heç bir zaman el-oba səni, Pərviz.

 

Alqış ülvi  sevginə, alqış mətanətinə,

Hamı heyran qalıbdır vətən məhəbbətinə.

Tab etmədi yağılar sənin rəşadətinə,

Yaddan çıxarmaz heç vaxt  qəhrəmanın Horadiz,

Unutmaz heç bir zaman  el-oba səni, Pərviz.

 

Zaman keçir, hərənin həyatı bir cür ötür,

On doqquz il yaşadın  gözəl, mənalı ömür,

Şəhid oldun, şəhidlər heç vaxt, heç zaman ölmür,

Səni doğması bilir  Gəncə, Naxçıvan, Təbriz,

Unutmaz heç bir zaman el-oba səni, Pərviz.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetiririk. Ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan növbətisi Norman Vinsent Pilin «Pozitiv düşüncənin gücü» kitabıdır.

 

Daha bir superbestseller. Onun fəlsəfəsi milyonlarla insana, şəxsi, mənəvi və maliyyə hədəflərini vurmağa kömək edib. Müəllif qəti əmindir ki, pozitiv düşüncə həmişə müsbət nəticəyə gətirir. O, on illər boyunca bu təlimi öyrənib, əksər uğur qazanan insanın sirlərinə bələd olub və başa düşüb ki, bu təlim 100%  işləyir.

Az qala 100 il yaşayan amerikalı yazıçı və din xadimi (1896 - 1993) Norman Vinsant Pil motivasiya kitabları boyunca aforizm səviyyəsinədək yüksələn gözəl fikirlərini səpələməklə də xüsusi maraq oyadır.

Əziz oxucum, gəlin onlardan bəzilərinə diqqət edək:

 - Həyatımızdakı bu və ya digər cəhət özlüyündə heç bir məna  kəsb etmir. Məna kəsb edən -  sizin ona münasibətinizdir. Və məhz bu münasibət uğuru və uğursuzluğu müəyyənləşdirir.

 - Fikirlərinizi dəyişin və siz öz dünyanızı dəyişəcəksiniz.

 - Həyatın nə qədər miskin olsa da gözlərini aç və çalış ki, imkanları görəsən. Mütləq görəcəksən. Çünki onlar var.

 - Boş ciblər heç vaxt sizə olmaq istədiyiniz mərtəbəyə çatmağa mane ola bilməzlər. Mane ola bilənlər boş başlar və boş ürəklərdir.

 - Sürətlə üzmək üçün asta avar çəkmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

 

Çərşənbə axşamı, 11 Mart 2025 10:29

Azərbaycanın ilk balerinası QƏMƏR ALMASZADƏ

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycanın, ümumən Şərqin ilk balerinası ilk balerinası, milli balet sənətimizin inkişafında, formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünyaşöhrətli görkəmli sənətkar, Xalq artisti Qəmər Almaszadənin anadan olmasının 110-cu ildönümü tamam oldu.

 

Gəlin onun ömür-gün yoluna nəzər yetirək.

Bakıda 1915-ci ildə dünyaya göz açan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb. 

Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxıb və müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənib. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlayıb. 

Qəmər Almaszadə 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk professional çıxışını edib. O dövrdə Gülyanağın ilk ifaçısı Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirilib. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri, gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən coşqun heyranlıqla qarşılanıb. 

“Qız qalası”nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri Qəmər Almaszadə olub. Milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə malik, onlarla istedadlı gəncin formalaşmasında pedaqoq kimi çalışan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Reynqold Qlierin “Qırmızı lalə”, Adolf Adanın “Korsar”, Boris Asafyevin “Bağçasaray fəvvarəsi”, Aleksandr Qlazunovun “Raymonda”, Sezar Puninin “Esmeralda”, Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, Lüdviq Minkusun “Don Kixot”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Yeddi gözəl”, Niyazinin “Xosrov və Şirin”, Aleksandr Kreynin “Laurensiya” baletlərində əsas partiyaları uğurla ifa edib. Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb. 

Balerina səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynayıb. 

O, Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoyub, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan verib. Milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar təkrarolunmazlığı və yüksək peşəkarlıq səviyyəsinə görə əsl sənət inciləri hesab olunur. Balerinanın Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirib. 

Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığının vəhdətini yarada bilib. 

Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olub. Görkəmli balet ustası uzun illər Bakı Xoreoqrafiya Akademiyasında milli kadrların hazırlanması üçün böyük əmək sərf edib, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərib. Onun yetirməsi olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr verib. 

Qəmər Almaszadə ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini uğurla təmsil edib. O, bir sıra Şərq ölkələrində professional rəqs ansambllarının təşkil edilməsi üçün təcrübə və bacarığını əsirgəməyib. 

Qəmər Almaszadə 2006-cı il aprelin 7-də dünyasını dəyişib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan şairi, Yazıçılar Birliyinin üzvü Əli Daşqın 1958-ci il martın 11-də Cənubi Azərbaycanın Bostanava şəhristanının Xələc kəndində anadan olmuşdur. Burada ibtidai, Təbriz şəhərində isə orta məktəbi bitirmişdir. Sonra Tehran Politexnik Universitetinin elektronika fakültəsində təhsilini davam etdirmişdir.

 

Bədii yaradıcılığa 1970-ci illərdən başlamışdır. Bir neçə şəhərdə, o cümlədən Üskü şəhərində ədəbi dərnək yaratmışdır. Təbriz şəhərində yaradılmış Şəhriyar adına ədəbi dərnəyin fəal üzvü, 1992-ci ildən dərnəyin sədrlərindən biri olmuşdur. Eyni zamanda uluslararası Avrasiya mətbuat fondunun ədəbi bölməsinin sədridir.

Təbriz, Urmiya, Sulduz şəhərlərində - universitetlərdə "Türk dili və ədəbiyyatı" fənnini tədris edir. Əsərləri "Yol", "Varlıq" dərgisində, "Geyhan" qəzetində (Tehran), "Fruği azadi" (Təbriz), "Ədəbiyyat qəzeti"ndə, "Yol", "Odlar yurdu" qəzetlərində (Bakı) müntəzəm dərc edilmişdir. Ramiz Zöhrabovun "Muğamat", Orxan Kamalın "Yad qızı" əsərlərini farscaya, Şəhriyarın seçilmiş lirik qəzəllərini türkcəyə çevirmişdir.

Lirik şerlərinə mahnılar bəstələnmişdir. Keçmiş Yuqoslaviya, Türkiyə, Azərbaycan və digər ölkələrdə keçirilən ədəbi qurultaylarda iştirak etmişdir.

 

Kitabları: 

1. Payızdan-payıza (şeirlər)

2. Ana nisgili (şeirlər)

3. Türkcə sözlük. I cild

4. Türkcə sözlük. II cild

5. Sadə xəritələr (elmi araşdırmalar)

6. Çiçəklərə bir çiçək (uşaq şeirləri

7. Səhər ağacı (şeirlər və hekayələr)

8. Qar çiçəyi (şerlər)

 

 “Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

 

Çərşənbə axşamı, 11 Mart 2025 09:32

Son 300 illik tarixi dəyişdirən lider – İLHAM ƏLİYEV

Gülxarə Əhmədova, Naxçıvan Dövlət Universitetinin dosenti,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Deputatı. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Hazırda ölkəmiz təkcə region üçün deyil, qlobal konteksdə dəyərləndirə biləcəyimiz önəmli güc mərkəzinə çevrilib. İnkişafın əsas təzahürü isə ölkəmizin həm siyasi, həm iqtisadi, həm də idarəçilik sahəsində yürütdüyü ritorika ilə seçilməsidir.

 

Bu inkişaf yolu 1993-cü ildə əbədiyaşar lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıtması və hakimiyyətdə olduğu dönəmdə dövlətçiliyin bütün istiqamətlərində ciddi islahatlar həyata keçirməsi ilə başlandı. Xaos sistemi aradan qaldırıldı, siyasi institutlaşma, ordu quruculuğu, iqtisadi sıçrayış, sosial islahatlar yolunda önəmli addımlar atıldı. Dövlətçiliyin bütün sferaları intensiv inkişaf mərhələsinə keçid etdi. Ölkənin bugünkü qüdrətini stimullaşdıran əsas məqam isə ümummilli liderin siyasi kursunun əmin əllərə keçid etməsi oldu. 2003-cü ildə xalqın siyasi iradəsinin təcəssümü olaraq onun siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyev prezident seçilərək Heydər Əliyev məktəbini uğurla davam etdirəcəyi ilə bağlı vədlər verdi.

Həmin tarixdən başlayaraq həm daxili, həm də xarici siyasətdə dərin islahatlar dövrü başladı və atılan bütün addımlar onun vədlərinə sadiq lider olduğunu xalqa və dünyaya göstərdi. Dövlətçilik ənənələrinin gücləndirilməsi, sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamik siyasət, siyasi təhlükəsizlik və dayanıqlı sabitlik yüksək intellektli, praqmatik düşüncəli İlham Əliyevin nail olduğu uğurların çox kiçik qismidir. Siyasətin bütün sferalarında atılan addımlar və əldə olunan nailiyyətlər Əliyevin dünya siyasətini mükəmməl bilən və iqtisadi biliklərə dərindən yiyələnən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu sübut etdi.

Fenomenal şəxsiyyət İlham Əliyev bu kimi məziyyətləri və xalq sevgisi ilə ölkəsini dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirməyi bacardı.

Müzəffər lider İlham Əliyev kariyerasının zirvəsi isə ölkəmizin ərazi bütövlüyünü təmin etməsi, işğalçılığa son qoyması oldu. Son 200 ilin torpaqlarımızı geri qaytaran yeganə lideri kimi tarixə düşən İlham Əliyev təkcə torpaqlarından didərgin düşmüş, ata-baba yurdlarından qovulmuş köçkünlərin deyil, bütün xalqın qəlbində taxt qurmağı bacardı.

Dünyada gərgin kataklizmlərim tüğyan etdiyi, münaqişələrin eskalasiya həddini yaşadığı, beynəlxalq güclərin isə acizlik və laqeydlik nümayiş etdirdiyi bir vaxtda İlham Əliyev öz peşəkar diplomatiyasına, xalq birliyinə və ordu qüdrətinə arxalanaraq düyünlənmiş, status-kvo vəziyyəti qorunmağa çalışılan, bir çox böyük güclərin maraqlarının toqquşduğu Qarabağ problemini həll etdi. Rəsmi Bakı münaqişənin sülh masası arxasında həlli istiqamətində bütün səylərini ortaya qoydu, dialoq üçün imkanlarını əsirgəmədi, 30 ilə yaxın müddətdə danışıqlara maraqlı olan tək tərəf oldu. Fəqət qarşımızda müharibədən, vandalizmdən ilhamlanan bir təcavüzkar dövlət və bu dövlətin təcavüzkarlığından yararlanaraq riyakar maraqlarını həyata keçirməyə çalışan sözdə “vasitəçi” güclər var idi.

Sülh üçün bütün addımları atsaq da, hərçənd qarşımızda dayanan düşmənin də hansı xislətdə olduğunu anlayacaq dövlət zəkasına sahib liderimiz var. İstər Heydər Əliyevin, istərsə də İlham Əliyevin bu yöndə siyasəti həm də paralel olaraq ölkənin qüdrətlənməsinə, uğurlu xarici siyasət yürüdülməsi ilə diplomatik manevr imkanları qazanmağa yönəldi. “Qüdrətli diplomatiyası, inkişaf etmiş iqtisadiyyatı, güclü ordusu olan dövlət hər şeyə qadirdi” şüarıyla həlli mümkünsüz olan, çıxılmaza salınan problemin həllinə nail olduq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tək Azərbaycan deyil, dünya tarixinə qızıl hərflərlə yazılan böyük Zəfərə imza atdı. Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun sonradan Vətən müharibəsi adı alan əks-hücum əməliyyatları tarixi ədalətin bərqərar olmasıyla nəticələndi. Zəfər salnaməsi olan 44 günlük Vətən Müharibəsi yalnız torpaqlarımızın işğaldan azad edilməsi, işğalçılığın aradan qaldırılmasıyla nəticələnmədi. Həm də heçə sayılan beynəlxalq hüququn tətbiqi, ədalətin təcəllisi, separatizmin ləğvi, eləcə də regionun siyasi mənzərəsinin yenidən formalaşdırılması ilə nəticələndi. Bu qələbə bizi növbəti böyük hədəflərə götürdü. Bu qələbə bizdə ədalətsizliyi ədalətli olmaqla aradan qaldırmağa inam yaratdı.  Bu qələbə bizdə bir dövlətin yalnız öz gücü hesabına supergüclərə meydan oxuya biləcəyinə inandırdı. Nəhayət, bu qələbə bizə bir liderin xalqını və dövlətini sevdiyi təqdirdə, haqqlı və güclü olduğu təqdirdə aşa bilməyəcəyi heç bir problemin olmadığına inandırdı.  “Ədalətsiz güc zalım, gücsüz ədalət acizdir” deyiminin real təcəssümü oldu baş verənlər. Aciz olduğumuz dönəmdə torpaqlarımızı itirdik, lakin güclü olunca əsla zalım olmadıq. Zalımlığa qarşı mübarizədə qalib gəldik. İndiki dönəm üçün əsas hədəfimiz sülh danışıqlarının Azərbaycanın haqlı maraqlı istiqamətində davam etməsi, Ermənistanın sabotaj ritorikasından yayındırılması, Bakı və Ankaranın sülh əlinin sıxılması və sülh müqaviləsinin imzalanmasıdır. İrəvan artıq öncəki siyasətini davam etdirmək imkanlarına sahib deyil.

Regionda yeni siyasi konfiqurasiya yaradılıb ki, bu mənzərədə Fransa kimi güclərin at oynatması üçün real zəmin mövzud deyil. Regionun yalnız region ölkələri üçün olduğunu 3+3 formatını gündəmə gətirməklə də təsdiqləmiş olduq. Vətən müharibəsinin başa çatmasından az sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri arasında sıx əlaqələri və inteq­rasiyanı nəzərdə tutan “3+3” formatı Cənubi Qafqazda 6 ölkənin iştirakını nəzərdə tutan yeni əməkdaşlıq platformasıdır. Həmin əməkdaşlıq formatı­nın bir tərəfi Türkiyə, Rusiya və İran, digər tərəfi isə Azərbaycan, Gürcüstan və Ermənistandır. Bu minvalla region ölkələrini bir araya gətirmək, əməkdaşlıq sferalarını gücləndirmək və kənar gücləri bölgədən kənarlaşdırmaq hədəflənir. Bu hədəflərə isə nail olmağın əsas amili məhz bölgədə sülhün və sabitliyin bərqərar olmasıdır. Biz buna qələbə ilə əldə etməyi bacardıq.

Bu qələbə ölkəmizin həm regionda, həm də qlobal məkanda nüfuzunu və rolunu artırdı. 2020-ci ilə qədər bir çox fundamental layihələrə imza atan, qoca qitənin enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan indi daha geniş layihələr üçün sabit platforma formalaşdırıb. Təkcə enerji sektoruna diqqət yetirməklə İlham Əliyevin yürütdüyü titanik enerji diplomatiyasının ölkəmizə nələr qazandırdığını anlamaq mümkündür. Bu gün Rusiya-Ukrayna müharibəsinin bir çox qlobal risklərlə müşayiət olunduğu vaxtda Qərb cinahı Rusiyaya qarşı misli görünməmiş sanksiyaları Rusiya neftindən və qazından əhəmiyyətli dərəcədə asılı olan Avropa İttifaqı ölkələrində ciddi narahatlıq doğurub. Onlar qaz tədarükünün alternativ mənbələrini axtarır, mümkün şaxələndirmə variantları barədə düşünürlər.

Belə bir həssas dönəmdə karbohidrogen ehtiyatları ilə zəngin, strateji neft-qaz boru kəmərlərinə sahib Azərbaycan bu asılılığı aradan qaldırmağı bacardı. Hazırda Mərkəzi Asiya qazının Azərbaycan üzərində nəqli imkanları genişləndirilir. Beləliklə, ölkəmiz istər enerji, istər nəqliyyat-tranzit sahəsində  Şərqlə Qərbin birləşdiricisi rolunda çıxış edir. Bu rolun güclənməsində ərazi bütövlüyünün təminatının ardınca gündəmə gələn, təməlləri formalaşdırılan Zəngəzur dəhlizi də xüsusi rol oynayacaqdır. Bu kontekstdə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli atılıb. Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun “Zəngəzur dəhlizi” kimi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi, yaxın gələcəkdə isə siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi planlaşdırılıb. Avropa və Asiya qitələri arasında  önəmli ticarət marşrutu olacaq Zəngəzur dəhlizi Çindən gələn malların  Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını ən qısa marşrutla ən qısa vaxtda həyata keçirməklə dünyada tüğyan edən iqtisadi infilyasiyaya müsbət yöndən böyük təsir göstərəcək.

Dövlət başçısının uzaqgörən siyasəti sayəsində Azərbayacan təkcə dünyanın enerji və nəqliyyat xəritə­sini yenidən tərtib etmir, eyni zamanda siviliza­siyalararası dialoq sahəsində ciddi addımlar atır. Təsadüfi deyil ki, bu istiqamətdə təşkil olunan ən mötəbər tədbirlərə Bakı ev sahibliyi etməklə qalmır, özündə bir çox sivilizasiya daşıyıcısı olan toplumları tam tolerant mühitdə birləşdirir. Mötəbər tədbirlərə ev sahibliyi həm də ölkəmizin qüdrətini, günü-gündən yüksələn nüfuzunu, böyük güclərin Azərbaycana etimadını göstərməklə yanaşı, inkişafını və prinsiplərini beynəlxalq ictimaiyyət qarşısında təqdim etmək baxımından da önəmlidir. Bir neçə ay sonra dünyanın ən böyükmiqyaslı tədbiri olan, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 adlı tədbirin ölkəmizdə keçirilməsi də sadaladıqlarımızın növbəti bariz nümunəsidir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının milli prioritetlərindən biri “Təmiz ətraf mühitə və yaşıl inkişafa malik ölkə” kimi müəyyən edilib. Bu faktor bir daha ölkəmizin bütün sahələrdə uğurlu addımlar atdığını, etibarlı tərəfdaş kimi dünyada tanındığını göstərir.

Sadalanan bu uğurların və sadalanmağa zaman yetməyən digər nailiyyətlərin memarı özünü dünya siyasətində təsdiqləyən və işıqlı gələcəyə doğru ölkəsini, xalqını inamla irəlilədən müzəffər lider İLHAM ƏLİYEVdir.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Görkəmli xanəndə, Xalq artisti, professor Canəli Əkbərovun anadan olmasından 85 il ötdü. Ecazkar musiqi ifa edən, muğam və təsniflərin misilsiz ifaçısı olan, üstəlik, opera sahəsində də parlayan ustad sənətkarın xatirəsi daim qədirbilən xalqının yaddaşında qalacaq.

 

Xanəndənin həyat yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salaq. O, 1940-cı il martın 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1958-ci illərdə Lənkəran Tibb Texnikumunda oxuyub. Musiqiyə hələ erkən yaşlarından hədsiz maraq göstərən Canəli Əkbərov 1963–1968-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində təhsil alıb və mədəni-mənəvi irsimizin zəngin xəzinəsi olan muğamın incəliklərini həmin dövrdə böyük həvəslə öyrənib. Burada onun sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olub.

Canəli Əkbərov 1976–1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 

1963–1975-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında işləyən sənətkar 1976–2006-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, opera səhnəsində aparıcı rollarda çıxış edərək çox sayda yaddaqalan obrazlar yaradıb. 

Canəli Əkbərov 1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uzun illər muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərib. 

Onun yetişdirdiyi çox sayda tələbələr var ki, bəziləri musiqi aləmində ad çıxarmağa müvəffəq olublar.

Sənətkar milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirib və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. İfasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutmaqdadır və tutacaq da. 

O, həm də milli mədəniyyətimizi uğurla təmsil edib, dünyanın bir çox ölkələrinə qastrol səfərlərində Azərbaycan mədəniyyəti günləri və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarıb.

Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib. 

Canəli Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 10 Mart - Milli Teatr Günü münasibətilə silsilə materiallar – biblioqrafik icmal, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, hazırlanan biblioqrafik icmalda xalqımızın böyük mədəni sərvəti olan peşəkar milli teatrın yaranması və inkişafı mərhələləri haqqında məlumatlar, Prezident İlham Əliyev tərəfindən imzalanan və Azərbaycan peşəkar milli teatrının inkişafına xidmət edən bir sıra dövlət sənədlərinin tam mətni, görkəmli şəxslərin teatr sənəti haqqında söylədikləri dəyərli fikirlər yer alır.

 

Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/funds/biblioqrafik-icmal materialda Ulu Öndər Heydər Əliyevin teatra və yaradıcı insanlara göstərdiyi diqqət və qayğı, Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramı çərçivəsində görülən işlər, Azərbaycan teatrlarının dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etməsi haqqında məlumatlar öz əksini tapır. Materiallarda “Milli teatr haqqında”, “Görkəmli səhnə ustaları” və “Rejissorlar” başlıqları altında “Heydər Əliyev: Sənət, sənətkarlar və sənətkarlıq haqqında”, “Heydər Əliyev mədəni irsimizin keşiyində”, “Azərbaycan teatr tarixi”, “Hüseyn Cavid və Naxçıvan teatrı”, “Azərbaycan müəlliflərinin əsərləri akademik teatrda”, “Səhnəyə qovuşan cığırlar” kimi 30-dan artıq kitabın biblioqrafik təsviri, qısa annotasiyası və elektron keçidi təqdim edilir.

 

“Böyük mədəniyyət, tükənməyən sevgi – Milli teatr” adlı virtual kitab sərgisində milli operetta aktyorluğunun inkişafında misilsiz xidmətləri olan, Xalq artisti Nəsibə Zeynalova, yaddaqalan obrazlarla bu gün də qəlblərdə yaşayan Xalq artisti Bəşir Səfəroğlu və digər korifey sənətkarlar haqqında məlumat verilir, onların tamaşalarından fraqmentlər nümayiş olunur.

 

Gənclər Kitabxanasında "10 Mart - Milli Teatr Günü" adlı ənənəvi kitab sərgisi də təşkil olunub. Burada Azərbaycan teatr sənətinin tarixindən, görkəmli nümayəndələri-korifey sənətkarların həyat və yaradıcılığından bəhs edilən kitablar, dərsliklər kitabxana əməkdaşları tərəfindən Milli Teatr Günü ilə əlaqədar hazırlanan biblioqrafik vəsaitlər sərgilənir.

 

Milli Teatr Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Parisdə Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı, Misir, İtaliya, Yaponiya, Qazaxıstan, Mərakeş, Oman, Qətər, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistanın diplomatik nümayəndəliklərinin əməkdaşları ilə ikitərəfli görüşlər təşkil edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC təşkilatın mətbuat üçün açıqlamasına istinadla məlumat yayıb. 

Azərbaycan nümayəndə heyəti ilə görüşdə mədəni irs abidələrinin qorunması, bu sahədə müştərək layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Təşkilatın məlumatında qeyd olunub ki, bu görüşlər ICESCO-nun 53 üzv dövlətində Ümumdünya İrs obyektlərinin narahatedici vəziyyətinə yeni vizyonu təqdim etmək məqsədi daşıyırdı. Belə ki, 2024-cü ilin may ayında yoxolma təhlükəsi ilə üzləşən obyektlər siyahısına daxil edilmiş Ümumdünya İrs obyektləri ilə bağlı geniş araşdırma aparılıb və onun nəticələri təcili hərəkətə keçmək üçün əsas olub.

Bu təşəbbüsləri irəli sürmək üçün təşkilat üzv dövlətləri və qlobal tərəfdaşları fəal iştiraka çağırır. UNESCO-da iştirak edən həm üzv, həm də qeyri-üzv dövlətləri ICESCO-nun mədəniyyət və irs sahəsində prioritetləri və fəaliyyətləri barədə məlumatlandırmaq üçün məlumat görüşü də keçirilib. Bu səy Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası və qarşıdan gələn əsas tədbirlər kontekstində iki humanitar təşkilat arasında tərəfdaşlığı gücləndirməyə yönəlib.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

İqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı sənayeyə diqqət günü-gündən artmaqdadır. Bu metodologiya ətrafında Azərbaycanda da müəyyən addımlar atılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimat zamanı çıxışında deyib.

Nazirin sözlərinə görə, Mədəniyyət Nazirliyi UNEC-lə birlikdə mədəni və yaradıcı sənaye sahələrini təsnifatlaşdırıb və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

73 -dən səhifə 2129

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.