Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:
MƏQAMLAR
1.
Moskvada Anarla söhbətimi xatırladım. Millətin adının türk yazılması Azərbaycanda etnik konfliktlərin yaranmasına səbəb ola bilər. Talış, ləzgi, avar və s. Bəs onlar milli mənsubiyyətlərini necə yazdıracaqlar? Həqiqətən, Anar haqlıdır. Bu məsələdə son dərəcə ehtiyatlı olmaq gərəkdir. Bir də, türk yazdırmaqla tarixin təbii nəticəsi – azərbaycanlığımızın üstündən xətt çəkmirikmi?
Yusif Səmədoğlu. Gündəliklərindən
2.
“Müxalifət” qəzetinin redaktoruna
Möhtərəm redaktor!
“Müxalifət”in 12 sentyabr 1992-ci il nömrəsində Aydın Uluxanlının “Yaxşı padşahın nağılı” yazısını oxuduqdan sonra bir daha başa düşdüm ki, səhifələrini şəxsi ambisiya naminə böyük Azərbaycan ədəbiyyatına güclə soxulmaq üçün xalqımın gözəl ziyalısını, görkəmli yazıçımız Anarı təhqir məqsədinə yönəlmiş tendensiyaya xidmət edən bir qəzetin redaksiya heyətinin üzvü ola bilmərəm. Xahiş edirəm məni qəzetinizin redaksiya heyəti üzvlüyündən azad edəsiniz.
Yusif Səmədoğlu
(Məktubun əlyazması mənim arxivimdədir – Anar)
3.
Bu günlər mətbuat orqanlarında yalan məlumat yayılır ki, yazıçı Anar mühacirətə gedib. Yazıçılar İttifaqının katibliyi bildirir ki, Anar Türkiyəyə öz yaradıcılıq məzuniyyəti dövründə İstanbul Universitetində dərs demək üçün gedib. Anar Yazıçılar İttifaqının sədridir və sədri olaraq da qalır. Oxuculardan xahiş edirik ki, Anar və başqa yazıçıları gözdən salmağa çalışan “qəhrəmanlar”ın belə iftiralarına uymasınlar”.
Yusif Səmədoğlu,
Azərbaycan Yazıçılar İttifaqının birinci katibi
“Azərbaycan” qəzeti, 6 mart 1993
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)