Super User

Super User

Bazar ertəsi, 10 Mart 2025 15:05

“Gəncliyə müraciət” – Muhterem Şahin

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Türkiyədə çıxan “Gənc ürəklər” dərgisindən Humay Yılmazın çevirimində Muhterem Şahinin “Gəncliyə müraciət”ini təqdim edəcəyik.

Bu gün bu sayaq mövzuların çox aktual olmasını nəzərə almağınız vacibdir.

 

 

Muhterem ŞAHİN

GƏNCLİYƏ MÜRACİƏT

 

Ey gənc dost! Ey igid könüldaş! Ey təmiz vicdanlı, saf ürəkli insan!

Sözümüz sənədir. Hər canı can bildik. Sənin yanında olmaq üçün gəldik. Dostcasına salamlaşmağa, sevda bağçasından gül dərməyə, məhəbbət otağını bəzəməyə gəldik. Sözləri, hekayətləri təkcə nağıl kitabından oxumuruq. Dünyanın və əsrin qəlbindən keçənlərdən xəbər veririk. Səni özünə şahid tuturuq, sözə aid, gözə aid nə varsa, sənə şahid tuturuq.

Ey ür'yi mərhəmətli bahadır!

İnsanlıq bir böhran içindədir, bunu sən də bilirsən. Bu, sadəcə, bir böhran və çöküş deyil, həm də dəlilik və çirkinlikdir. Kirlənmiş, qatılaşmış, daşlaşmış bir dövrdür bu. Haqdan qaçan, həqiqətə düşmən bir dövrdür... Bəzi ölkələrdə müharibə, terror, zülm, aclıq və yoxsulluq baş alıb gedir. Yaxın Şərqdə, Asiyada, Afrikada qan su yerinə axır. Eyni adı daşıyanlar bir-birini boğazlayır. Bir tikə çörəyə, bir qurtum suya həsrət uşaqlar var. Hər gün gözümüzün içinə baxa-baxa həyatdan köçürlər. Bəzi ərazilər qıpqırmızı, qapqara, bombozdur...

Sən də bilirsən, ən işıqlı dövr qaranlığa qərq olur. Ölüm, aclıq, zülm, yoxsulluq çoxlarının axırına çıxıb. Amma əksinə, pulun, rahatlığın, var-dövlətin içində üzənlər, nəfslərinə korluq çəkdirməyənlər də az deyil. Əbu cəhllər qitə-qitə gəzir, əbu ləhəblər sürü-sürü dolaşırlar... Nuha, İbrahimə, Yusifə, Əhmədə rast gəldinmi? İrqlər arasında dava, savaş, dinlər arasında münaqişə aləmi qatıb-qarışdırıb. Və mən, sən, o – hər birimiz, sadəcə, tamaşa edirik. Sanki bir romandan quraşdırılmış filmi izləyirik. Necə də üzücü, qəribə, necə də böyük ziddiyət, həyasızlıq, dəhşətli bir səhnə...

Ey həqiqət yolçusu!

Kirlənməmiş, xarab olmamış və çürüməmiş bir sən qalmısan, bir də məsum  uşaqlar. Hə, bir də heç bir zaman gerçəyin, yaxşılığın, doğrunun, ədalətin ətəyindən qopmamış geniş ürəklilər... Salam olsun insan olaraq doğulub insan olaraq qalanlara. Sionizm, kapitalizm, kommunizm, materializm, konformizm insanı, cəmiyyəti, ölkələri istismar edir, əridib yoxa çıxarır. Hər birinin ayrı-ayrı dəyirmanları var. Və bu dəyirmanlar məni, səni, onu üyüdüb sovurur. Ölürük, can veririk.

Ey müqəddəs əmanəti daşıyan can!

Zəng sənin üçün, mənim üçün, hamımız üçün çalınır. Müqavimət göstərməyəcəksənmi? Müdafiə etməyəcəksənmi? Qarşı çıxmayacaqsanmı? Bir hərəkətin, bir vuruşun olmayacaqmı? Pislərə və pisliyə qarşı hayqırmayacaqsanmı? Haqqı dəstəkləyib, onu yüksəklərə qaldırmayacaqsanmı? Bil ki, gözün, qulağın, dilin və əlin sənə xəyanət edəcək  bir gün. O gün gəlmədən özünə gəl. Qalx, düzlən, dik dur və ağlınla, ürəyinlə düşün, fikirləş, mən kiməm, nəçiyəm, niyə gəldim, haraya gedirəm deyə. Özünə sual ver! Sorğu-sual et, bildiklərini, öyrəndiklərini və ya bilmədiklərini soruş! "Bilənlər bilməyənlərlə eyni ola bilərmi, səncə?" Hər şeyi bilən elə demirdimi?

Ey qiymətli can!

Bir çağırışımız var sənə, bir dəvətimiz, bir müjdəmiz var. Özündən qopub gələni sözə tökən, içindəki iztirabı dilə gətirən, tərtəmiz dillə yazılmış şanlı məktubumuz var. İnsanı, kitabı və həyatı oxu deyə, buyuran və qələmə and içən Qüdrətin, həqiqət sirrinə vaqif olmaq muradıyla yola çıxanlar adına arzumuz, sevdamız var. Bu müjdə, bu məktub, bu sevda gənc ürəklərdir. Ürəyini fəda edənlərə salam olsun!

Ey Anadolunun sinəsi dağlı övladı!

Gen ürəkləri şəhərin o biri ucundan qaçaraq gələn adamın hayqırışların bil! Hirada əks-səda qoparan və insanlığın vicdanına səslənən müqəddəs əmrin aydınlığına pərvanə olanları bil!  Daşlara müqaviməti, hüzuru, birlik ruhunu həkk edən Bilgə Kağanın vəsiyyətini bil. Sultan Alparslanın duası, Şeyx Ədəbalinin yuxusu, Osman bəyin döyüşünü bil! İyirmi bir yaşındaykən çağ açıb çağ sonlandıran dədəmiz Fatihin cahangir ruhu və ağlı, dünyanı tutacağına inanan Yavuzun cəsarəti, qanunlar yazan Süleymanın ədalət sirri, aləmə diz çökdürən Mustafa Kamalın milli mücadiləsini bil! Gənc ürəkləri Yunisin misralarında əks olunan eşqi, sevgini və tolerantlığı bil. Qaracaoğlanın, Dadaloğlunun, Aşıq Veysəlin, Neşet Ertaşın sazından qopan sevgisin, hayqırışın, baxışın və üsyanın bil! Mehmet Akifin iztirabın, şikayətin, əzəmətin, şeirin bil! Sən də bizə qoşul!

Bura ölkəsi, milləti, dövləti, vətəni, bayrağı, dəyəri, prinsipi üçün döyünən ürəklərin elm və bilik otağıdır. Birlik, bərabərlik, qardaşlıq, dostluq ocağıdır. Mədəniyyət, sənət, ədəbiyyat, fikir, elm məktəbidir. Oxuyan, yazan, düşünən, danışan, müzakirə edən, ortaya bir şey qoyan, mübarizə aparan azad ruhların öz evidir. Ulu çinarın kölgəsində xəyallar quran və məmləkət türküləri oxuyan aşıqların dost məclisidir. Bulaqdan çağlayan tərtəmiz su ilə yaşıllaşmış, bərəkətli torpaqların  bərəkətli qarışığıdır. Bayraq adamlara və onu yerə düşürtməyənlərə salam olsun!

Gəl, qardaşım! Bil, qardaşım!

Bu, millət və məmləkət üçün yaxşı işlər görmək uğrunda ümid, həyəcan, həvəs, sevgi  hiss edən, elm, hikmət, qardaşlıq duyğusu ilə bağlanan yeni gənçlik çatısıdır. Cənnət kimi gözəl Türkiyəmizin hər bölgəsindən, hər şəhərindən, hər qəsəbə, hər kəndindən, hər məhəlləsindən ürəklə gəlib yığışdığı, hər cür işlərinin dəyərləndirildiyi bir gənclik məktəbidir. Atelye, salon, səhnə və kürsüdür. Gəl əl-ələ, yan-yana, çiyin-çiyinə verək. Kitabın, qələmin, sözün, yazının bağçasından, əsrlərdən o yana ətri yayılan bir qırmızı gül diləyirəm. Həqiqətə  yetişmək arzusu ilə yola çıxanların ucalığına və müdrikliyinə çataq.

 

“Gelin tanış olalım,

İşi kolay kılalım,

Sevelim, sevilelim,

Dünya kimseye kalmaz.” (Yunus Emre)

                                 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

                                                         

 

 

 

 

 

 

İnci Məhəmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Daxili intizamın varlığı uğur təminatçısı olduğu kimi, onun yoxluğu da uğursuzluğun əsas səbəbidir. Onun yoxluğu bizi bəhanələr gətirməyə və özümüzü ucuz satmağa vadar edir. Uğur, xoşbəxtlik və nailiyyətin iki ən qatı düşməni Az müqavimətli yol və Səmərə Faktorudur.

 

Az müqavimətli yol, insanları istənilən vəziyyətdə daha asan olana qaçmağa vadar edən amildir. Biz hər bir işdə kəsə yol axtarırıq. İşə son dəqiqədə gəlirik və saat tamam olan kimi ofisi tərk edirik. Asan qazanc və tez varlanmaq yolları axtarırıq. Zamanla, zəhmət tələb edən lakin uğur üçün lazımlı işləri görmək əvəzinə asana qaçmağa adət edirik. 

 

Səmərə Faktoru isə Az müqavimətli yolun başqa bir forması olub, uğursuzluğa səbəb olaraq daha böyük fəsadlar törədir. Bu prinsipin məğzi: insanlar istədiklərinə nail olmaq üçün daha asan və qısa yollar axtararaq hərəkətlərinin nəticəsinin gələcəkdə nəyə səbəb olması haqda qətiyyən narahat olmurlar. Başqa sözlə, insanlar, lazım olanı etmək əvəzinə, asan, maraqlı və səmərəli görünəni edirlər. 

 

Hər gün və hər dəqiqə bizim daxilimizdə, lazımlı, düz, amma çətin olan işi görməklə, daha asan, maraqlı və heç bir faydası olmayan işi görmək arasında mübarizə gedir. Əldə edə biləcəyimiz uğurları qazanmaq istəyimiz həqiqidirsə, onda hər gün və hər dəqiqə Az müqavimətli yola tərəf axının qarşısını alaraq, özümüzü lazım olan işi görməyə vadar etməklə daxilimizdəki mübarizəni udmalıyıq.

 

Brayan Treysi /Bəhanələrə yox (“Daxili İntizamın Gücü”)

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

Sevinc hissi ilə sizləri "Sözlərin Sehri" hekayə yarışmasının qalibləri ilə tanış edirik! Bu yarış Life Academy platformasının rəhbəri Humay İsayevanın(Humay Həyatın) təşəbbüsü ilə həyata keçirilib. I yerin qalibləri - Könül Məmmədova və Fidan Xəlilova, II yerin - qalibi Xədicə Hacıyeva!

Bu gün 2-ci yerin  qalibi -   Xədicə Hacıyevanın" Sükutdan əbədiliyə" adlı hekayəsini təqdim edirik.

                                   Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Sükutdan əbədiliyə...

“Bilmirəm necə bașlayacağam, çünki mənim üçün çox çətindiryazmaq, hislərimi cümlələrə çevirmək, nə qədər ağır olsa da, amma bir yerlərdənbaşlamalıyam...”

Külək kəndin dar yollarında sərt əsirdi. Göydən süzülən yağış damlaları torpağaqarışdıqca, sanki təbiət də bir sirr danışmağaçalışırdı. Hər damla bir xatirəniyuyur, amma Novruzun adı yaddaşlardan silinmirdi.

O, hər kəsin tanıdığı, güvəndiyi, həyatı ilə mübarizə aparan, amma heç vaxtşikayət etməyən bir gənc idi. Kasiblığın ən çətin yollarından keçib gəlmişdi.Amma onun üçün yoxsulluq heç vaxt zəiflik deyildi. O, öz taleyini öz əlləri iləyazanlardan idi.

Uşaq yaşlarından hər şərəitdə işləməyə- torpağa, günəşə, yağışa alışmışdı.Meyvə yığar, satar, su daşıyar, günün istisində tarlada çalışardı. Soyuq, qar, yağış deməzdi. Onun soyuqda donan, günəşdən yanan əlləri, yağışda islanan ayaqları hələ uşaqkən həyatla mübarizə apardığını göstərirdi. Gecə yorğun düşsə də, səhər yenə məktəbə gedərdi. Onun o günəşdən yanmış üzü o qədər məsum, ümidli, həm də fikirli olurdu ki... Amma həmişə gözlərində birparıltı vardı—böyük arzuların parıltısı.

Novruz bir neçə dəfə bizimlə məktəbdən evə doğru gəlmişdi. O, çox mehriban,sakit təbiətli bir uşaq idi, amma ürəyi zarafatla, gülüşlə dolu idi. Hər zamanətrafındakılara sevinc gətirir, məzəli sözləri ilə bizi güldürməyə çalışırdı.Sən demə, onun öz dünyası varmış, sehrli, sirli, rahat, isti,”həyatdan uzaq” dünyası. Onun heyvanlara olan sevgisi də bir başqa cür idi—səmimi, qayğıkeş, saf… Novruz nəinki sahibsiz heyvanlara yemək verər, yaralı quşları əlləri ilə sağaldar, hətta meşədə tənha qalmış balaca canlını da qoruyardı. Amma ən çox sevdiyi, sanki ruhunun bir parçası olan iti idi—balaca, ipəksayağı tükləri olan sadiq dostu. Hər axşam onu sığallayaraq, -Sən də mənim kimi güclü olmalısan,- deyərdi.

İti də ona isinişmişdi, sanki sahibinin içindəki fırtınaları duyurmuş kimi başını Novruzun dizlərinə qoyar, gözlərini yumub sakitcə mırıldayardı. Novruz əlini onun tükləri arasında gəzdirdikcə, bəlkə də, bütün çətinliklər, həyatın amansız sınaqları bir anlıq unudulurdu. O və iti—iki səssiz dost, iki əbədi sirdaş…

İdmanı çox sevirdi, cüdoya gedirdi, onun üçün çox mükəmməl bir hobbi idi. Hər yarışda birinci olurdu. Amma o, öz medallarını divara asıb fəxr edə bilmirdi, heç vaxt öyünməzdi, daima çalışardı. Çünki onun üçün qələbə bir mərhələ idi—ardınca başqa mübarizələr gəlirdi. Və o mübarizələrdən biri əsgərlik oldu.

İlk dəfə çağırış mərhələsi zamanı həkimlər ona baxıb yoxlayan zaman başlarını buladılar.

-Çox arıqsan, sənin xidmətin mümkün deyil.

Amma Novruz ruhdan düşən deyildi. Axı o, həyat boyu bütün çətinliklərə inadla sinə gəlmişdi. Daha çox mübarizə aparırdı, daha çox çalışırdı.

Gecələr pəncərədən ulduzlara baxırdı. İçindən keçən arzuları bilmək çətin deyildi — o, Vətənə xidmət etmək istəyirdi.

Nəhayət, çəkisini artırmağa da nail oldu, onu əsgər apardılar. Dərhal da müharibə şəraitinə görə ön cəbhəyə yol alası oldu. Döyüş meydanına yollandı. Həyatın sərt üzünü görmüşdü, amma bu, onun ruhunu sındırmırdı.

Qış gəldi. Ona məzuniyyət verdilər. Kəndə qayıdanda hər kəs hiss etdi ki, o əvvəlki Novruz deyildi. Daha çox susurdu. Daha çox insanlara baxdıqca fikrə dalırdı.

Anasının əllərindən bərk-bərk tutdu, atasının gözlərinə uzun-uzun baxdı. Nə isə ürəyinə damıbmiş kimi, -Halallıq verin, -dedi.

Sonuncu dəfə kəndin yollarında addımladı. Son dəfə uşaqlıq dostları ilə oturdu. Son dəfə tanıdığı hər kəslə, müəllimləri ilə vidalaşdı.

-Tezliklə görüşərik, -dedi.

Amma bir daha heç vaxt qayıtmayacaqdı…

Aprelin 2-si…

Kəndə qayıdırdım. Yol boyu sükut çökmüşdü. Dayanacaqda dayandım. Birdən kimsə pıçıldadı:

-Mahnıları söndürün…

Səsim titrədi:

 - Niyə?..

- Şəhidimiz var…

Ürəyim sanki sıxıldı. Soruşdum:

-Kimdir?..

Adını eşidəndə dünya sanki dumanlandı. Bir addım belə ata bilmədim. Yağış yağırdı. Amma bu dəfə o, torpağa can vermirdi. Bu dəfə yağış yas tuturdu…

Evimə çatanda hələ də inanmırdım. Bəlkə, sadəcə yuxudur? Bəlkə, səhv var?

Amma kənddəki sükut hər şeyi deyirdi. Onun yenicə qazılan məzarı mənə həyatın reallığın göstərdi. Yox, yox , yuxu deyil, ”şəhidlər həqiqətən seçilmiş olur” –“hər şeyi” daha yaxşı başa düşdüm.

Novruz qayıtmışdı… Lakin bu dəfə onu tabutda gətirmişdilər. Bayraq çiyinlərdə titrəyirdi. Onun adı fəryadlarla deyilirdi. Anası torpağı qucaqlamışdı, atası susmuşdu.

Kəndin səması qapqara idi. Sanki günəş də gizlənmişdi. Novruzun kəndə gətirildiyi saatlar səma da onun üçün ağlayırdı. Yağış dayanmadan yağırdı. Onun anasının fəryadı kəndin hər küncünü bürümüşdü. Bu mənzərəni xatırlamaq belə insanın qəlbini parçalayar.

Pəncərədən onun bayrağa bükülmüş tabutunu gördükdə gözümdən sadəcə isti yaş axdığını hiss etdim. Heç nə hiss edə bilmirdim, ağlaya bilmirdim, gözümün qarşısında nə əziyyətlərlə böyüyən uşaq indi bayrağa bükülmüşdü.Bəlkə də çoxumuzun bəyənmədiyi həyatı Novruz yaşaya bilməmişdi. Həqiqətən  bunu düşünmək məni çox yandırırdı.

Şəhid xəbərindən sonra onun bir șəkli gözümün önündən getmir, uzunqulaq üstündə çəkilmiş uşaqlıq şəkli. Bu şəkil onun sadə, amma zəhmətkeş həyatının simvolu kimi yaddaşıma həkk olunub. Onun uşaq ikən çəkdiyi əziyyətləri düşünmək bu gün də məni dərindən sarsıdır. Anasına, onun daim yanında olacağına, gözəl, isti bir evdə, rahat bir həyat yaşadacağına söz vermişdi. İndi özü

elə bil ali zirvədədir ki... Dediyi sözləri əməl etdi, amma yanında olmadı, ola bilmədi...

Hər dəfə Novruzun həyatı haqqında düşünəndə ona cənnətdə doyunca yemək, isti geyim və rahatlıq bəxş edildiyini düşünürəm. Çünki o, həyatı boyunca çox əziyyətlər çəkdi, uşaq yaşlarından günəşin altında əlləri işləməkdən qabar oldu, yeri gəldi, yağışda, qarda üşüdű, ayağı islandı, bəzilərimizin bəyənmədiyi, israf etdiyi qidaların heç birini dadmadı, amma heç vaxt şikayət etmədi.

İndi onun evində onun adına bir otaq var. Amma bu otaq nə qədər dolu olsa da, ürəklərdə yaranan boşluğu doldura bilmir.

Novruzun qardaşı da indi vətəni qoruyur. Amma Novruzun yeri heç vaxt dolmayacaq, o sadəcə ailəsi üçün deyil, həm də bizim üçün əvəzedilməzdir.

Bir oğul tabutuna gücü yetməyən atası tez-tez məzarının başına gedir, göz yaşları ilə şəklini qucaqlayır, torpağı sığallayır, şeirlər yazır.

O, artıq cismən bizimlə deyil. Onun gəlişini gözləyən küçələr boş qalıb. Onun qaçışlarını görməyən yollar səssizdir.

Amma o, ruhən həmişə bizimlədir. Hər səhər sübh çağı, ilk işıq düşəndə, külək kəndin yollarında əsməyə başlayanda—o, bizimlədir.

Novruzun dəfn olunduğu yer, şəhidlik zirvəsinə yüksəlmiş ən müqaddəs məkanlardan biridir -Abuşov Bəhruzun məzarı yanındadır. O, Vətən uğrunda 19 yaşında səhid olaraq əbədiləşdi, gənc yaşında belə böyük bir qəhrəmanlıq göstərdi. Kədər içində, amma qürurla qarşılamalı olduğumuz bir şəhid idi.

Şəhidlərin məzarı başında dedilər: ”Şəhid Bəhruz Abuşov, körpə șəhidimizi- Novruzu qarşıla, onu tək qoyma”

İndi kəndə gəldiyimdə onu yollarda görmürəm. O, bizə gələndə, su götürmək üçün gələndə qarşılaşdığımızda həmişə gülərüz və enerji ilə dolu olurdu. Amma indi, Novruzdan sonra, o yolda heç bir iz qalmayıb, su aparmağa gələn də, qaçan da yoxdur...

Kəndə onun gəlişini gözləyirik, amma heç vaxt o, gəlməyəcək. Novruz şəhid oldu. Amma unutmadıq…

O, bir ad deyil. O, bir hekayə deyil. O, bir qəhrəmandır. Və qəhrəmanlar heç vaxt ölmür.

Novruz Niftalıyev sən bizim ideal qəhrəmanımızsan. Sən öz həyatınla və şəhadətinlə hər birimizə iradə, cəsarət və ədalət dərsi verdin. Bizim yaddaşımızda, mənim qəlbimdə, mən hər zaman var olduqca ucalıqda, əbədi yaşayacaqsan,!

“Bu hekayə real hadisələrə əsaslanır”

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

Filmi 1962-ci ildə rejissor Həbib İsmayılov ekranlaşdırmışdır, Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı romanı əsasında.

Film Sovet dövrününü səlanməçisidir, onun ideoloji yönümü də dövrün tələblərinə uyöun olaraq qabardılıbdır. Amma bunu bir kənara qoyaq.

 

Filmdə sovet Azərbaycanının kənd təsərrüfatında gedən proseslərdən, dövrün  kəndinin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır.

Əsərdə olduğu kimi, filmdə də ciddi, siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır.  Burada əsas mövzu yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilərin qarşılarına qoyduğu bütün məqsədlərə çata bilməsi təntənəsidir.

Bakıda ailə həyatı quran və həyat yoldaşı ilə birgə kəndə gələn Qaraş atası tərəfindən elə də xoş qarşılanmadı. Çünki Rüstəm kişinin oğlu ilə bağlı planları və xəyalları tamam başqa idi. O dönəmin yaşam tərzinə görə qadına işlərdə kömək etmək fərqli qəbul olunduğu üçün Qaraşın Mayaya kömək etməsi, loru dildə desək, işin duzu-bibəri oldu. Oğlu ilə tərs düşən Rüstəm kişini Mayanın ali təhsilli olması ilə kənd təsərrüfatında yaranan irəliləyişi görməsi bir az da olsa, yumşaldı. Mayanın gözəl olması kənddə işləyən insanların da diqqətini cəlb etməyə başladı. Özəlliklə Rüstəm bəyin köməkçilərindən olan Salman hər vəclə Mayanı ələ almağa çalışırdı. Onu əldə edə bilməyəcəyini görən Salman Mayanın üstünə ləkə yaxaraq yoldaşı ilə arasına möhkəm soyuqluq saldı. Ailəsindən soyumağa başlayan Qaraş başqa bir qadınla görüşməyə başladı. İlk anlarda bu yalana Rüstəm kişidə inansa belə, Salmanın məqsədinin başqa olduğunu görəndən sonra Mayaya daha çox dəstək olmağa başladı. Salmanı isə bir növ, düşməni olaraq qəbul edən Rüstəm kişi onu aradan götürmək qərarına gəldi. Çətin vəziyyətə düşən Salman yerdən tapdığı odunla Rüstəm kişiyə xəsarət yetirərək onu axan çaya atdı və hadisə yerindən uzaqlaşdı. Vəziyyətdən heç cür çıxa bilməyəcəyini görən Salman kəndi tərk etmək qərarına gəldi. Ağır xəsarət almasına rəğmən Rüstəm kişi tezliklə tapıldı. Oğlunada vəziyyəti başa saldı və dönülməsi qeyri-mümkün olan səhvdən dönüldü.

Yaşananları nəzərə alsaq, görürük ki, hər kim ki, istədiyini əldə edə bilmirsə, maneə olan şəxsi yıxmağa çalışır. Amma sonda öz qazdığı quyuya özü də düşür. Siz, siz olun ailənizdən qeyrisinə inanmayın. Çünkü sabah sizlərdə Qaraşın düşdüyü vəziyyətə düşə bilərsiniz. 

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

 

 

 

Bazar ertəsi, 10 Mart 2025 13:32

Durğunluq dövründə o susmurdu

İnci Məhəmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Unutmağa haqqımız olmayan, gənc nəslin tanıması üçün əmək qoyduğumuz növbəti şəxs jurnalistdir, ötən əsrdə - Sovet dönəmində fəaliyyət göstərib, respublika mətbuatında külüng döyüb. Onun yaradıcılığının əsas özəlliyi o olub ki, durğunluq dövründə tənqidi mövzularda çıxışlar etmək cəsarətində bulunub.

İndi isə təfərrüatı.

 

Azərbaycan jurnalisti Ziyadov Böyükkişi 10 mart 1937-ci il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində kolxozçu ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini doğulduğu Yuxarı Şilyan kənd məktəbində alan B. Ziyadov orta məktəbi bitirdikdən sonra bir müddət kolxoz işində çalışmışdır.

O, 1971-ci ildən taleyini «Azərbaycan gəncləri» qəzetinə bağlamışdır. Ədəbi işçi kimi işə qəbul olunan B. Ziyadov az sonra qəzetin Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və uzun müddət bu vəzifədə çalışmışdır.

O, «Azərbaycan gəncləri» qəzetində sevilə-sevilə oxunan, xalq arasında çox populyar olan «Komsomol projektoru» və “Rəndə” rubrikalarının rəhbəri kimi həmin illərdə respublikamızın bütün bölgələrindən hazırladığı reyd materialları və felyetonları ilə hamını heyrətləndirirdi. Bu yazılar əsl peşəkar jurnalist araşdırmasının məhsulu idi. O, heç kəsin cəsarət etmədiyi və bacarmadığı sahələrə baş vururdu və istədiyinə nail olurdu. Onun hər məqaləsi, hər kiçik yazısı belə respublikada əks-səda yaradırdı.

Ziyadov Böyükkişi həm də gözəl, lirik şeirlər müəllifi idi. O, öz incə və zərif duyğularını o dövrün nəşrlərində - «Azərbaycan gəncləri», «Ədəbiyyat və incəsənət» qəzetlərində, «Ulduz» jurnalında və digər mətbu orqanlarda oxucularına Böyükkişi Atəşli imzasıyla təqdim edərdi. Bu şeirlərdə Vətənə, anaya, ataya, torpağa sevgi və məhəbbət hissləri tərənnüm edilirdi.

1976-cı ildə «Gənclik» nəşriyyatının nəşr etdiyi «Səhər şəfəqləri» ədəbi almanaxında verilmiş «Son xəbər», «Ömür payı», «Ləkəsiz vicdan», «Dözüm», «Sənin arzunla» və bir sıra digər şeirləri Böyükkişi Atəşlinin o illərdə yazdığı yüzlərlə şerlərindən bir neçəsi idi.

O, ötən əsrin 80-ci illərinin sonuna qədər - «Azərbaycan gəncləri» qəzeti nəşrini dayandırdığı vaxta qədər orda vicdanla, namusla çalışdı, heç zaman qələminə xəyanət etmədi.

2011-ci ilin may ayının 11-ində - ömrünün 74-cü baharında haqq dünyasına qovuşdu.

Allah rəhmət eləsin! 

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

Bazar ertəsi, 10 Mart 2025 13:03

NAĞIL: Zamanın iki üzü

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bir var idi, bir yox idi, kainatın sonsuzluğunda bir zaman dənizi vardı. Bu dənizin sahillərində fərqli dünyalar, fərqli zamanlar və fərqli talelər dalğa-dalğa axırdı. Bu dalğaların içində biri vardı ki, o, eyni anda bir çox həyatı yaşamağa məhkum idi—bəzən bir kraliça, bəzən bir səyyah, bəzən də bir hekayə yazan bir ruh.

 

Keçmiş həyat: Qədim karvanlar şəhərində bir ulduz

 

Qədim zamanlarda, İpək Yolunun tozlu yollarında bir qız yaşardı. Adı Sahina idi. O, ticarət şəhərinin ən ağıllı tacirlərindən birinin qızı idi. Lakin onun qəlbi ipək və baharatlarla deyil, ulduzların sirlərini öyrənməklə dolu idi. Hər gecə sarayın damına çıxar, göyə baxar və ulduzlardan gələn fısıltıları dinləyərdi.

Bir gün şəhərə qərib bir gənc gəldi. Onun adı Rashan idi. O, uzaq ölkələrdən gəlmişdi, əlində bir qədim xəritə vardı və deyirdi ki, bu xəritə dünyanı dəyişdirəcək bir sirrin açarıdır.

Sahina və Rashan günlərlə sirli xəritəni araşdırdılar. Gecələr isə ulduzların işığında biri-birinə hekayələr danışırdılar. Onların sevgisi səssiz, amma sonsuz idi. Rashan gecələri Sahinanın ulduzlara baxan gözlərində itir, Sahina isə onun səyahət hekayələrinin sehrinə düşürdü. Ancaq taleyin öz qaydaları vardı.

Bir gecə, şəhərə yad bir ordu hücum etdi. Rashan və Sahina, xəritənin sirrini tapmaq üçün qaçmağa çalışsalar da, onları ayırdılar. Sahina saraya aparıldı, Rashan isə karvanlarla başqa bir ölkəyə sürgün edildi.

Günlər, illər keçdi. Sahina hər gecə eyni yuxunu görürdü—qaranlıq bir səhrada, bir ulduzun altında, Rashan onun adını səsləyirdi. Amma o, artıq nə o ulduzu tapır, nə də Rashanın səsini eşidirdi.

 

Gələcək həyat: Kosmik səyyahlar

 

Min illər sonra, başqa bir kainatda, başqa bir zamanda, Sahina və Rashan fərqli adlarla yenidən doğuldular. Bu dəfə, onların adları Elara və Kael idi. Onlar dünya deyil, qalaktikalar arasında səyahət edirdilər.

Elara, kosmik gəminin pilotu idi. O, ulduzların içindən keçməyi, yeni planetlər kəşf etməyi sevirdi. Kael isə bir astrofizik idi, kainatın sirrlərini açmaq üçün çalışan bir alim. Onlar fərqli missiyalarla fərqli gəmilərdə idilər, amma hər dəfə bir-birlərini təsadüfən kəşf edirdilər—bəzən bir asteroid kəmərində, bəzən bir supernovanın ətrafında.

 

Elara və Kael bir-birilərini tanımadıqlarını düşünürdülər, amma hər dəfə görüşəndə qəribə bir deja vu hissi yaşayırdılar. Sanki min illər əvvəl ayrılmış, amma yenidən birləşmişdilər.

Bir gün, onlar kainatın ən uzaq ucunda yerləşən qara dəliyi araşdırmağa göndərildilər. Kael, qara dəliyin içində bir zaman tuneli ola biləcəyini düşünürdü. Elara isə qorxurdu—çünki içində qəribə bir hiss vardı: "Əgər mən buraya girsəm, heç vaxt geri qayıda bilmərəm."

Lakin taleyin qərarları insanlardan daha güclü idi. Qara dəlik onlara doğru çökəndə, Elara və Kael bir-birlərinin əlindən tutdular. Və bir anda, sanki bütün zamanlar bir-birinə qarışdı—onlar eyni anda keçmişdə, gələcəkdə və indidə idilər.

 

Zamanın o biri üzü

 

Bir göz qırpımında, onlar yenidən İpək Yolunun o qədim şəhərinə qayıtdılar. Sahina və Rashan olaraq. Rashan əlində xəritə ilə dayanmışdı, Sahina isə göyə baxırdı. Onlar bir-birilərini gördülər və sanki bütün zamanları xatırladılar.

"Biz itdik, amma yenə tapdıq," dedi Rashan.

"Və bu dəfə daha heç vaxt ayrılmayacağıq," dedi Sahina.

Göy üzündə isə onların hekayəsini yazan ulduzlar parıldayırdı.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:

 

 

YUSİF SƏMƏDOĞLU, “DOST VAR... DÜŞMƏN DƏ VARMI?”

 

Son vaxtlar xalqımızın müdrik kəlamlarından biri – “Qurd ağacı içindən yeyər” – tez-tez yadıma düşür. Yağışdan sonrakı göbələk kimi, bir-birinin ardınca peyda olan qəzetlərin səhifələrində sensasiya xatirinə, oxucu (özü də zövqsüz oxucu) yığmaq xatirinə elə əcaib-qəraib cızma-qaralar çıxır ki, istər-istəməz düşünürsən: bəlkə bunlar siyasi iftira, böhtan yağdırmaq, təhqir eləmək, sancmaq yarışına qoşulublar? Ağlıma bir fikir də gəlir: bəlkə bu da bir namərd oyunudur, bəlkə bu yolla daxili sabitliyimizi pozmaq, içəridə bizi qarşıdurmaya yönəltmək istəyən qüvvələr var? Mən buna zərrə qədər şübhə eləmirəm...

Amma orası da var ki, bəzi qəzetlər heç özləri də fərqinə varmadan bu oyunun iştirakçılarına çevrilirlər. 6 iyun 1992-ci il tarixli “Nəfəs” qəzetində Nemət Veysəlli ilə müsahibəni (“Kim olur-olsun, ancaq işləsin...”) oxuyanda da mən bu qənaətə gəldim.

42 yazıçının imzası ilə “Müxalifət” qəzetində dərc olunmuş müraciətlə əlaqədar aparılmış bu müsahibəni oxuduqca fikirləşirsən: sözə laqeydliklə yanaşıb sual-cavab keçirən jurnalist, Yazıçılar Birliyindəki bütün qələm yoldaşlarına yuxarıdan aşağı baxan, tənqidlə təhqiri qarışdırıb ağına-bozuna baxmadan ötkəm-ötkəm danışan müsahib və nəhayət, bu materiala imza atan redaktor elementar etika normalarını gözləmədiklərini dərk edirlərmi?

Xahiş edirəm məni düzgün başa düşün, mən bu yazıda kimisə ittiham eləmək, Anarı belələrindən “qorumaq” iddiasında deyiləm; Anarın mənim müdafiəmə heç bir ehtiyacı yoxdur. Məni yandıran odur ki, biz niyə bir-birimizlə bu ahənglə danışırıq? “Rəhbərlik (Yazıçılar Birliyi nəzərdə tutulur – Y.S.) ... işləmir. İşləmir deyəndə ki, bizim üçün işləmir”, “Anar liberaldır”, “... hərəsi (Çingiz Abdullayevlə Vahid Əziz nəzərdə tutulur – Y.S.) özünə assosiasiyadan-zaddan bir şey tapıb, xımır-xımır yeyirlər” (kursiv bizimdir – Y.S.) kimi əsassız, təhqiramiz sözlərin qələm əhlinin – jurnalistin dilindən çıxmasına adam inanmaq istəmir. Anarın bir ziyalı kimi, vətəndaş kimi ən ali məclislərdə mötəbər kürsülərdən Azərbaycanın şərəfini necə qorumasını, lazım gələndə Qorbaçovla belə döş-döşə gəlməsini bütün xalq bilir. Mənzil-məişət məsələlərindən tutmuş kitab çapınadək yazıçılara imkan daxilində qayğı göstərməsi, xeyirxahlıq eləməsi də hamımıza bəllidir. Onun “liberallığı” da, sərt, amansız olmaması da rəhmdilliyindən irəli gəlir. O dərəcədə “liberaldır” ki, Jurnalistlər İttifaqının üzvü olan bəzi jurnalistlərin Yazıçılar Birliyinə üzv olmasına da göz yumur (Onda gərək minlərlə jurnalist hesabına Birliyin üzvlərinin sayını sonsuzluğa çatdıraq). Bu – bir!

İkincisi, bu müsahibədə bir qəribə məntiq var: “Filankəs qorxaqdır, nəinki döyüş gedən rayonlara getməyib, heç o həndəvərdə dolanmayıb” (söhbət “Ədəbiyyat qəzeti”nin redaktoru C.Novruzdan gedir), “Burnuna barıt iyi dəyməyən adamdan baş redaktor çıxmaz”. Bəlkə bütün redaktorlar qəzet-jurnallarını döyüş meydanlarında çıxarmalıdır? Bəyəm arxa özü də cəbhə deyilmi?

Üçüncüsü, “... adam kimi işləsin”, “Mən deyən kimi işləməz”, “... ölsə də, bu adətindən əl çəkən deyil” – jurnalist olan kəs bu sözləri necə dilinə gətirir? Üstəlik də, öz qələm dostunun ünvanına.

Hələ bu harasıdır?! N.Veysəllinin bir məntiqi, daha doğrusu, məntiqsizliyi təəccüb doğurur: “Şəxsən mənim kəndim (?) uzun döyüşlərdən sonra düşmən əlinə keçib... Yazıçılar Birliyində bir dəyyus demədi ki,(kursiv bizimkidir – Y.S.) ay Nemət, Allah sənə səbir versin...” Əvvəla, Nemət bilməlidir ki, Veysəlli təkcə onun kəndi deyil, bütün Azərbaycanındır, ikincisi, onun dediyi yolla getsək, əldən çıxmış obalarımızda yaşayan yüz minlərlə soydaşımıza bir-bir başsağlığı verəsi olsaq, axırımız hara gedib çıxar?

Müsahibənin son abzaslarına kimi oxucuya elə gəlir ki, N.Veysəlli ötkəmdir, cəsarətlidir, hətta senzuradan kənar sözlər deməyə də dili gəlir, amma sonra... Sonra məlum olur ki, ona nə vaxtsa yaxşılıq eləmiş – işə götürmüş hörmətli ədibimiz İsmayıl Şıxlının adını yüngülcə bir iradla çəkməkdən qorxur, jurnalistə yalvarıb deyir ki, “sən Allah, ... heç olmasa mənim adımdan yox, öz adından yaz”.

Necə inanaq bu jurnalistin səmimiyyətinə, bir qəzet səhifəsində əl-qol açan cəsarətinə?

Sözümün əvvəlinə qayıdıram: məkrli düşmənlə ölüm-dirim vuruşu getdiyi, tarixi taleyimiz həll olunduğu bir zamanda gəlin bir-birimizin qanını qaraltmaq yarışına qoşulmayaq, daxili qarşıdurma eşqilə alışıb-yanan bəzi liderlərin dəyirmanına su tökməyək, yazıçı ləyaqətimizi yüksək tutaq.

Ümidim yalnız dostlaradır...

(Məqalə 26 iyun 1992-ci il tarixində “Ədəbiyyat qəzeti”ndə dərc edilib)

 

 “Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

 

Dəyişdikcə ali məkan yoxsul və də Xaliq

-Necə oldu ki, bu qədər kirlə insan irqi ali?

Nəfsindəki ac yaratıqlar can əmər, doymadıqca

Utanmaz və gündən günə düşər pəştəmali..

                                                Şəhriyar Atababayev

 

Salam, İnsan…

İnsan… O kimdir? O haradan gəlib və hara gedir? O doğulandan bəri bu dünyaya nə qatıb və ondan nə alıb? İnsan—bu dünyanın ən böyük sirri, ən mürəkkəb paradoksu, ən dəhşətli dağıdcısı və ən böyük yaradıcısıdır. İnsan, özünü tanımaq istəyən, lakin özündən qaçan yeganə varlıqdır.

O, torpağın övladı, dənizin əks-sədası, Allahın nəfəsidir. Amma eyni zamanda, torpağın qənimi, dənizin qatili, Allahın imtahanıdır.

İnsan... Bir gün göz açıb ağlayaraq dünyaya gəlir və bir gün gözlərini yumub yox olur. Bu iki məqam arasında keçən müddət ona verilib—düşünmək, yaratmaq, sevmək, yaşamaq və ya məhv etmək üçün. Bəzən elə bir ömür yaşayır ki, ardında iz qoyur, əsrlər sonra belə adı çəkilir. Bəzən isə elə unudulur ki, sanki heç olmamış kimi.

Amma o, özünü tanıyırmı? O, niyə bu dünyaya gəldiyini anlayırmı? Yoxsa həyatın mənasını sadəcə, doğulub-ölmək arasındakı boşluqda itib-batmaqdan ibarət sayır?

 

İnsan… O kimdir axı?

İnsan, bu dünyanın ən qəribə məxluqudur. O, nə mələkdir, nə şeytan. Nə tam xeyirdir, nə də tam şər. O, bir tərəfdən ucalmağa çalışır, digər tərəfdən uçuruma yuvarlanır. İnsan, özünü tanımağa can atan, amma hər addımda özünə yadlaşan varlıqdır. O, elə bir sirrdir ki, hətta özü-özünü dərk edə bilmir.

O, torpağın övladıdır, çünki onun bədəni torpaqdan yaranıb və torpağa qayıdacaq. Amma eyni zamanda o, ruhun daşıyıcısıdır-Allahın nəfəsi ona üfürülmüşdür. O, dəniz kimidir-sakit və dərin, amma eyni zamanda tufanlı və dağıdıcı. O, səma kimidir-geniş və sərhədsiz, amma eyni zamanda buludların arxasında gizlənmişdir. O, zaman kimidir-keçmişi var, gələcəyi var, amma indini yaşamağı bacarmır.

İnsan, həm ən müdrik varlıqdır, həm də ən axmaq. O, kainatın  sirlərini açmağa çalışır, ulduzlara çatmaq istəyir, başqa dünyaları fəth etmək arzusundadır. Amma o, hələ öz ruhunun dərinliklərini kəşf edə bilməyib. O, öz içindəki qaranlığı görmək istəmir. O, öz qəlbinin uçurumuna baxmaqdan qorxur.

İnsan yaradıcıdır. O, sənət yaradır, musiqi bəstələyir, poeziya yazır. O, heykəllər yonur, kilsələr, məscidlər, məbədlər inşa edir. O, mədəniyyət qurur, cəmiyyət formalaşdırır. Amma eyni zamanda o, dağıdıcıdır. O, müharibələr edir, şəhərləri yandırır, meşələri qırır, çayları qurudur. O, əvvəlcə öz ilahilərini yazır, sonra isə həmin ilahilərin müqəddəsliyini tapdalayır.

İnsan sevən bir varlıqdır. O, sevdiyi üçün yaşayır, sevdiyi üçün mübarizə aparır. O, ana qucağında şəfqət görüb böyüyür, sevgiyə möhtac qalır, sonra özü də sevginin daşıyıcısına çevrilir. Amma o, nifrət etməyi də bacarır. O, bəzən elə nifrətlə dolur ki, sevgini boğur. O, birini sevə-sevə öldürə də bilər.

İnsan azadlıq arzusundadır. O, azad olmaq üçün inqilablar edir, divarlar yıxır, həbsxanaları dağıdır. Amma azadlıq əldə edəndən sonra özünə yeni zindanlar qurur. O, əlləri ilə yaratdığı qayda-qanunların quluna çevrilir. O, sərhədləri aşmaq istəyir, amma öz düşüncəsinin sərhədlərində qapanıb qalır.

İnsan həmişə bir yerdən başqa yerə tələsən, axtaran, tapan, yenidən itirən bir yolçudur. O, doğulduğu yerdən qaçmaq istəyir, amma hara getsə, içindəki boşluğu özü ilə aparır. O, bəzən ömür boyu xoşbəxtliyi axtarır, amma onu tapanda da tanımır.

İnsan ölümdən qorxur. Amma o, elə yaşayır ki, sanki heç vaxt ölməyəcək. O, var-dövlət yığır, torpaqlar alır, sərvət toplayır, amma heç biri onunla məzara getmir. O, özünü əbədi hiss edir, amma hər an ölüm onun nəfəsini kəsə bilər. Və o, bunu bilə-bilə, yenə də həyatını mənasız şeylərə sərf edir.

 İnsan-sınaqdır. Allah onu yaratdı və ona iradə verdi. Ona seçim haqqı verdi. Amma insan həmişə tərəddüd edir. O, doğru yolu bilir, amma yanlış yolu seçir. O, həqiqəti eşidir, amma yalanı sevir. O, Allahı çağırır, amma öz nəfsinə ibadət edir.

Bəs insan kimdir? O, hələ də bu sualın cavabını tapmayıb. Çünki insan üçün ən böyük tapmaca elə məhz özüdür.

 

İnsan və Torpaq

Torpaq səni bəslədi. O səni doğdu, səni böyütdü, səni qidalandırdı. Amma sən onu unutdun.

Sən torpağa ayağın dəyəndə, onu sadəcə bir daş parçası kimi hiss edirsən. Halbuki torpaq sənin əcdadlarının sümükləri ilə yoğrulub. Sən torpağa baxanda, orada pul və sərvət görürsən. Amma torpaq sadəcə pul deyil, o, həyatın özüdür.

Sən torpağa borclusan, amma ona xəyanət etdin. Meşələri qırdın, çayları qurudun, torpağı kimyəvi maddələrlə zəhərlədin. İndi isə torpaq qisasını alır—o, məhsul vermir, o, nəfəs almır. O, sənin övladlarını yedirəcək bir şey tapmır.

Bəs sən bunu anlayırsan? Sən torpağın sənə "dur" deməsini eşidirsən? Yoxsa qulaqların yenə də tıxanıb?

 

İnsan və Dəniz

Sən dənizə yaxınlaşanda, o səni sakitləşdirirdi. O, səni dinləyirdi, səni yuyurdu, sənin yüklərini öz dalğalarında aparırdı. Amma sən onu unutdun.

İndi o, təkdir. Çünki sən onu zəhərlədin. Onun içində ölən balıqlar, batmış gəmilər, üzərində üzən plastik butulkalar var. Onun mavisi qaraldı, onun səsi boğuldu.

Sən hər dəfə sahilə gedəndə, nə görürsən? O eyni dənizdir? O eyni nəfəsdir? O sənin dərdlərini əvvəlki kimi dinləyirmi?

Xeyr. Çünki sən ona xəyanət etdin.

Bəs sən dənizi anlayırsan? Yoxsa sən yalnız onun dalğaları ilə oynayan bir uşaq idin, amma indi onu tanımayan bir yad oldun?

 

İnsan və Allah

Sən dua edirsən. Amma nə üçün?

Sən Allaha yaxınlaşmaq istəyirsən, amma hər dəfə sən yalnız öz xeyrin üçün ona üz tutursan. Sən ona şükür etmirsən, sən yalnız tələb edirsən. Sən hər şeydən narazısan. Sən dünyanı pis hesab edirsən, insanları pis hesab edirsən, amma heç vaxt özünə baxmırsan.

Allah sənə ruh verdi, amma sən ruhunu unutdun. Sən yalnız bədənini bəslədin, yalnız şəhvətinin, tamahının, ehtirasının ardınca getdin. Sən ruhunu ac saxladın, onu korladın, onu unutdun.

İndi isə sən boşsan. İçində heç nə yoxdur. Sən qızıl içində yaşayırsan, amma xoşbəxt deyilsən. Sən hər şeyi əldə etmisən, amma hələ də nəyi axtardığını bilmirsən. "Neylərəm o qızıl kasanı ki, içinə qan qusacam.."

Bəlkə, sən Allaha çoxdan yad olmusan?

 

Yaxşı, bəs İnsan Nə Edəcək?

İnsan susacaqmı? Elə-belə, axına qoşulub, hər şeyi olduğu kimi qəbul edəcəkmi? Hər şeyin puç olduğunu görsə də, "bu mənim əlimdə deyil" deyib gözlərini yumacaqmı?

Bəlkə insan hələ də anlamır? Bəlkə o, hələ də öz qılıncının kəsərini, öz zəkasının gücünü, öz ruhunun dərinliyini dərk etməyib?

Deyirlər ki, insan dəyişməz. Deyirlər ki, insan həmişə eyni qalacaq, o, hər zaman öz rahatlığını düşünəcək, o, həmişə özü üçün yaşayacaq, o, həmişə torpağı, suyu, havanı unudacaq, yalnız maddi nemətlərin arxasınca qaçacaq.

Amma belə olarsa, insanın sonu necə olacaq?

İnsan öz yaratdığı bu şəhərlərdə nəfəs ala bilməyəcək. O, qurduğu torpağın üstündə addımlayacaq, amma bu torpaq artıq ona məhsul verməyəcək. O, dənizə baxacaq, amma bu dəniz artıq ona rahatlıq gətirməyəcək. O, Allaha dua edəcək, amma içində heç bir inam qalmadığını anlayacaq.

Çünki insan itirdi. İnsan dünyanı deyil, özünü məğlub etdi.

 

Bəs geriyə dönüş varmı?

Bəlkə də insan dəyişə bilər. Amma necə?

İnsan əvvəlcə anlamalıdır.

O anlamalıdır ki, torpaq yalnız sahibləniləcək bir şey deyil. O, həyatın özüdür. O anlamalıdır ki, dəniz yalnız sahilində gəzmək üçün deyil. O, insanın ruhunu yuduğu bir güzgüdür. O anlamalıdır ki, Allah yalnız çətin anlarda üz tutulacaq bir varlıq deyil. O, insanın içində olan, ona nəfəs verən, ona yol göstərən işıqdır.

İnsan anlamalıdır ki, o, tək deyil.

Bütün varlıqlarla, bütün canlılarla, bütün dəyərlərlə bir bütün içindədir. Torpaq öləndə, insan da ölür. Su çirklənəndə, insanın qanı da çirklənir. Hava zəhərlənəndə, insanın ruhu da boğulur.

İnsan yalnız özünü deyil, hər şeyi qorumalıdır.

O, torpağa ayaq basanda, ona hörmət etməlidir. O, dənizə toxunanda, ona sahib olmaq yox, onu yaşatmaq istəməlidir. O, ağac əkəndə, yalnız öz kölgəsi üçün deyil, gələcək nəsillər üçün əkməlidir.

 İnsan fərqində olmalıdır.

O, anlamalıdır ki, həyat yalnız qazanmaqdan ibarət deyil. İnsan bu dünyaya yalnız yaşamaq üçün gəlməyib—o, yaratmaq, qorumaq, sevmək üçün gəlib.

 

Bəs insan bunu edəcəkmi?

Bəlkə də edəcək.

Bəlkə də bir gün o, səhər oyananda, aynada başqa birini görəcək. Gözlərində başqa bir parıltı olacaq. O, şəhərin dar küçələrində addımlayanda, ilk dəfə asfaltın altındakı torpağın nəfəsini hiss edəcək. O, dənizə baxanda, ilk dəfə onun içinə axan neftin, plastiklərin, zəhərlərin yükünü anlayacaq. O, Allaha dua edəndə, ilk dəfə onun qəlbinin dərinliklərindəki səsi eşidəcək.

Bəlkə də bir gün insan torpağın tozunu dodaqlarında hiss edib, onun dilini anlayacaq. O, dənizin sükutunda bir ah eşidib, onun iztirabını duyacaq. O, gecənin qaranlığında bir səs eşidib, bunun yalnız küləyin səsi yox, bütün dünyanın ona çağırışı olduğunu anlayacaq.

O gün gələcəkmi?

Bəlkə də, bəlkə də yox.

Amma insan bir şeyi bilməlidir. Əgər o dəyişməzsə, dünya da dəyişməyəcək.

Əgər o anlamazsa, torpaq ona daha heç nə verməyəcək.

Əgər o susarsa, dəniz ona mehriban dalğalarını göstərməyəcək.

Əgər o öz ruhunu xilas etməzsə, Allahın işığı onun üçün sönəcək..

 

Bəs insan hansını seçəcək?

Bəs kim kimə məzar olacaq? İnsan torpağa, yoxsa torpaq insana? Dəniz insanı udacaq, yoxsa insan dənizi öldürəcək? Allah insanı bağışlayacaq, yoxsa insan artıq çoxdan özünü bağışlanmaz hala salıb?

Bunu yalnız zaman göstərəcək…

"Zaman cənnətə yenidən qayıda bilmək üçün bizə verilmiş nemətdir"...

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Musiqi Akademiyası ilə əməkdaşlığı çərçivəsində “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri”adlı kitabı ictimaiyyətə təqdim olundu.

 

Türk dünyası incəsənətinə dəyərli bir töhfə olacaq bu kitabın təqdimat mərasimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Rəfael Hüseynovun moderatorluğu ilə baş tutdu. Kitabın təqdimatında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, deputatlar, incəsənət və mədəniyyət sahəsinin tanınmış simaları, KİV agentliklərinin əməkdaşları və başqaları iştirak etdilər. 

 

Bəs bu kitabdan gözləntilər nədir? Ümumtürk mədəniyyətinə kitab nə kimi töhfələr verə biləcək?

Ondan başlayaq ki, Türk Mədəniyyəti və İrsi Fondunun növbəti genişmiqyaslı layihəsi olan "Türk dilli ölkələrin milli musiqi alətləri" kitabı 6 türk ölkəsinin alimləri, incəsənətşünasları və musiqiçilərinin birgə əməyinin nəticəsidir. Təqdim olunmuş nəşrdə çoxsaylı elmi mənbələrə əsasən türkdilli xalqlar arasında ən geniş yayılmış yüzdən çox ənənəvi musiqi aləti haqqında geniş informasiya verilir.

Atlas musiqişünaslar, musiqiçilər, folklorçular, orqanoloqlar üçün nəzərdə tutulmuşdur. Daha çoxu isə, tarixdə qalmaq, bu zəngin musqiq xəzinəsini səlnamələşdirmək missiyası daşıyır.

Elə bizim bir neçə alətimizə sahib çıxmaq istəyən bədnam ermənilərin timsalında bu zəngin mədəniyyətə əl uzadan çirkli əllərin mövudluğunu niyə unudaq ki?

 

AKTOTI RAİMKULOVA

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirir ki, ərsəyə gətirilən bu kitab Türk dünyasının mədəni irsinin daha dərindən öyrənilməsi və qorunması yolunda Fondun atdığı addımlardan biridir.

Türk ölkələrinin zəngin mədəniyyətinin və irsinin, çoxəsrlik tarixinin qorunması, beynəlxalq aləmdə təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən Fond 2023-cü ildə Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Toplantısından sonra yeni strateji fəaliyyət mərhələsinə qədəm qoyub,”Türk Dünyasına baxış – 2040” və «TURKTIME» strateji sənədlərinə əsaslanaraq Türk mədəni irsinin çoxdilli Kataloqunu çapa hazırlayır. Bu Kataloq, yaxın illərdə Türk irsinin rəqəmsal platformasının yaradılmasında təməl olacaq.

“Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabının da işıq üzü görməsinə məhz Fondun buna kimi gördüyü və bundan sonra görəcəyi işlərin ümumi axarının tərkib hissəsi kimi baxılmalıdır.

Təşkilat Beşinci Dünya Köçəri Oyunlarına dəstək verərək, qədim türk mədəniyyətini, o cümlədən musiqisini dünya ictimaiyyətinə təqdim edir, “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfrans keçirir, UNESCO ilə əlaqəli  Türk ölkələrin qeyri-maddi mədəni irsinin çoxmillətli nominasiya layihələrinin koordinasiyasına başlayıb, hazırda üzv ölkələrlə "Qurama" (Kurak, Kurok, Kırkyama) ornamentləri və "Alpamıs" dastanı üçün çoxmillətli nominasiya təqdimatı üzərində işləyir. Türkiyənin İstanbul şəhərində və Qazaxıstanın Tanbalı və Kulan bölgələrində, türk mədəni irsinin idarə edilməsi üzrə təhsil proqramları həyata keçirilib, Azərbaycanın Qarabağ bölgəsinin Füzuli şəhərində yerləşən 18-ci əsrə aid Qoçəhmədli məscidinin bərpası yönündə hazırlıq işlərinə başlanılıb, “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının ədəbi inciləri”, “Türk dünyasının elmi inciləri” adlı yeni kitab seriyalarından indiyədək 18 kitab nəşr edilib, YouTube-da yerləşdirilən Fonda məxsus TurkDiscovery kanalı yüksək keyfiyyətli məzmunu ilə izləyici auditoriyasını cəlb etməkdədir. Parisdəki  UNESCO-nun mənzil qərargahında Türk dünyasının və ümumilikdə dünya mədəniyyət irsinin qiymətli incisi olan “Divani-lüğat at-türk”ün 950 illiyinə həsr olunmuş genişmiqyaslı sərgi və beynəlxalq konfransın keçirilib.

Xanım Raimkulova bildirir ki, bütün bunlar təşkilat olaraq Fondun gördüyü işlərin az bir hissəsidir, “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabı Fondun növbəti genişmiqyaslı layihəsidir. Bu layihənin həyata keçirilməsinə 2023-cü ildə başlanılıb və keçən il Fondun tam dəstəyi ilə nəşr işıq üzü görüb. Bu kitab, 6 Türk dövlətinin alimlərinin, sənətşünaslarının və musiqiçilərinin birgə əməyinin nəticəsi olaraq oxuculara Türk dünyasının musiqi alətlərinin mahiyyətini açır və onlara əhatəli biliklər qazandırır. Gələcəkdə musiqişünaslar bu əsəri ensiklopediyaya çevirməyi təklif edirlər və əlbəttə ki, bu təklif üzərində düşünməyə dəyər.

Bu dəyərli işə öz töhfələrini verən bütün redaktorlar, layihə koordinatorları və redaksiya heyətinin üzvlərinə dərin təşəkkürümü bildirən Aktotı xanım türk musiqisinin zənginliyini, gözəlliyini, ilkinliyini dünyaya çatdırmağı şərəfli missiya hesab edir.

 

RƏFAEL HÜSEYNOV

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabının işqı üzü görməsiniəsl mədəniyyət hadisəsi adlandırır, üstəlik, bunu həm də siyasət hadisəsi olduğunu diqqətə çatdırır. Bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarından birində işlətdiyi “Biizm başqa ailəmiz yoxdur, bizim ailəmiz türk ailəsdir” sözləri zərb-məsələ dönüb, bu kitab da ümumi türk ailəsinin formalaşmasına bir töhfədir. 

Qeyd edir ki, kitaba hazırda mövcud olan 6 türk dövlətinin musiqi alətləri daxildir, amma haçansa Tatarıstan, Başqırdıstan, Tuva, Yakutiya və digərləri kimi daha 20 potensial türk dövlətinin də musiqi alətləri daxil olmaqla daha böyük kitab hazırlanması perspektivi var. Demək, gələcək inkişaf üçün də bu kitab bir zəmindir.

Rafael Hüseynov “Mən elan edirəm musiqi alətlərində ən qədimi Azərbaycana aiddir, bu, Qobustandakı qaval daşıdır ki, 15-20 min il yaşı var.” Deyə vurğulayaraq türk xalqlarının mədəniyyət artefaktlarının birincilik iddiasını da inamla ortaya qoyur.

O, vurğulayır ki, bu kitab Səfiyəddin Ürməvi, Əbdülqadir Marağayi və Üzeyir Hacıbəyli tərəfindən təməli qoyulmuş türk musiqişünaslığı üçün əsl töhfə sayıla bilər. 

 

FƏRHAD BƏDƏLBƏYLİ

Azərbaycan Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ən sevimli çalğı alətinin tütək olduğunu bildirir, söyləyir ki, “bu balaca alətdə nə böyük qüdrət var, nə böyük silahdır o”. Ermənilərin bu möcüzəli alətə sahiblənmək istəməsinə bu sayaq kitabların çıxmasını əsl cavab tədbiri hesab edən Fərhad Bədəlbəyli qeyd edir ki, bu gün Turanın nəfəsi daha çox hiss edilir, ötən əsrin əvvəlində Yusif Akçurinin, Əlibəy Hüseynzadənin təməlini qoyduqları ideologiya bu gün öz təntənəsini yaşamaqdadır. Tövsiyyə edir ki, bu kitabın tək türk ölkələrində yayılması məqbul deyil, onun  Qərbdəki universitetlərin kitabxanalarında olması çox vacibdir və bunu təmin etmək lazımdır. 

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı TƏLƏBƏ YARADICILIĞI rubrikasında ötən ay debütünü maraqla qarşıladığınız  Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası tələbəsi Fərasət Babazadənın növbəti hekayəsini təqdim edir: "Qırmızı cild" hekayəsini.

Fərasətin bu hekayəsi də kifayət qədər dolğundur, hətta deyərdik ki, peşəkarlıqla yazılıb. Düşünürük ki, ədəbiyyata yüni imza gəlmək üzrədir.

Uğurlar, Fərasət bəy.


Qız səhər saatlarında universitetə yollandı. Küçələr səssiz idi, yalnız uzaqdan maşınların səsi eşidilirdi. Yolun kənarında bir qoca, boz gödəkçəsinin yaxasını qaldırıb, qara-qara düşüncələrə dalmışdı. Onun yanında yerə səpələnmiş kitablar vardı. Bəziləri köhnə, saralmış vərəqləri ilə çox oxunduğunu göstərirdi, bəziləri isə tərtəmiz, sanki heç toxunulmamışdı.

Qız addımlarını yavaşlatdı. O qocanın hansı dərdi vardı görəsən?
Yaxınlaşanda kitabların arasında iri, qırmızı cildli bir kitab diqqətini çəkdi. Yavaşca kitabın adını oxudu, amma heç nə demədən yerinə qoydu və yoluna davam etdi.

Növbəti günlər hər şey öz axarınca getməkdəydi. Lakin bu qırmızı kitab yaddaşına bir iz salmışdı. Hər səhər keçəndə gözləri həmin kitabı və qocanı axtarırdı. Bu baxışlar boşuna deyildi. Onun içində nə isə qopurdu, qırmızı cildin içində gizlənən naməlum sirr onu çəkirdi.
Bir gün yanında rəfiqəsi ilə eyni yoldan keçərkən, yenə kitabların arasında həmin kitabı gördü və bir anlıq dayandı. Rəfiqəsi onun baxışlarını izləyib astadan soruşdu:
— Sən Yusif müəllimi tanıyırsan?
Qız baxışlarını kitaba dikili saxlaya-saxlaya başını yellədi.
— Yusif əmi köhnə müəllimlərdəndir, — deyə rəfiqəsi davam etdi, — Çox savadlı idi, bir zamanlar tələbələri ona pərəstiş edirdi. Amma indi yaşlanıb, artıq əvvəlki kimi gücü qalmayıb. Ailəsinin maddi vəziyyəti də yaxşı deyil deyirlər... Bu üzdən də o, ən qiymətli varidatı olan kitablarını satmağa başlayıb.
Qızın gözləri hələ də qırmızı cilddə idi. Onun içində nə vardı? Qoca müəllimin ömründən nələr danışırdı bu kitab?
Sanki yollar davam etsə də, qızın ürəyində nə isə yarımçıq qalmışdı. Bəlkə bu kitab onun yaddaşında yox, ruhunda iz buraxacaqdı...
Günlər bir-birinin kölgəsi kimi ötüb keçirdi. Səhərlər eyni idi, yollar eyni, hətta düşüncələr də... Qız hər gün eyni küçədən keçir, eyni baxışla kitablara nəzər salır və sonra yoluna davam edirdi. Amma indi onun içində fərqli bir pıçıltı vardı: "Qırmızı kitab satılsa, ay sonunda gözlədiyim mükafatı alacağam."

Bu fikir artıq beynində sadə bir düşüncə yox, bir hökmə çevrilmişdi.

Qız bu müddət ərzində dayanmadan çalışdı. Gözlərində yorğunluq vardı. Günlər bir-birini əvəz edirdi, lakin onun üçün zamanın anlamı dəyişmişdi. Kitabxananın sakit divarları arasında saatlarla qalır, səhifələrin arasına qərq olurdu.

Bəzən kitabxanadan çıxanda hava artıq qaralmış olurdu. Küçələrdə işıqlar yanır, insanlar evlərinə tələsirdi. Amma o, hələ də beynində vərəqlədiyi kitabların sətirləri ilə addımlayırdı. Bəzən isə otağının dörd divarı arasında gecə yarılarını keçirirdi. Lampa işığında açıq qalan kitablar, üst-üstə yığılmış qeydlər və yorğun gözlər...  Ağılda tək düçüncə: "Qırmızı kitab satılsa, ay sonunda gözlədiyim mükafatı alacağam."

Onun bütün həyatı bir hədəfə – o mükafata yönəlmişdi. Amma o, düşünmürdü... Düşünmürdü, bu yolda nəyi qurban verdiyini, hansı hisslərini səssizcə itirdiyini...

Kitabxanadan çıxanda hava artıq qaralmışdı. Küçələrin sakitliyini yalnız yağışın astaca döyəclədiyi səki daşları pozurdu. O, paltosunun yaxasını qaldırıb addımlarını sürətləndirdi. Lakin nəsə qəribə idi. Həmişəki yerdə nə qocanı gördü, nə də yerdə yığılmış kitabları.
Sanki heç olmamışdılar. Sanki bu küçədə heç vaxt bir qoca oturub düşünməmiş, qırmızı cildli kitab heç kimin gözündə diqqət çəkməmişdi. Qızın beynində bir sual fırtına kimi qopdu: Bütün bunlar həqiqətən baş vermişdimi, yoxsa yorğunçuluqdan beyninin ona oynadığı bir oyunun içində itmişdi?

O, həqiqətən o kitabın adını oxumuşdu? Həqiqətən həmin qocaya baxıb düşünmüşdü? Yoxsa bunların hamısı onun şüurunun yuxu ilə gerçəklik arasında qurduğu bir xəyal idi?
Ancaq suallar yağış damlaları kimi bir-birinin ardınca düşsə də, cavablar yox idi. Qız onları boş verib yoluna davam etdi. Yağış paltarını isladır, ayaq altındakı daşlardan əks-səda verən addımları özündən uzaqlaşırdı. Bəlkə də hər şey gerçək idi. Bəlkə də heç nə  real deyildi.
Otağına çatanda hər şey susdu. Çarpayısına uzanıb tavana baxdı. Gözləri hər hansı bir cavab tapmaq ümidi ilə hərəkətsiz tavana zilləndi. Son gecə idi. Göz qapaqları ağırlaşdı. Zaman səssizcə axdı və o, fərqinə varmadan yuxuya getdi...

Ay sonu gəldi. Konfrans başa çatdı. Siyahıdakı adlar açıqlandı. Tələbələrin üzündə təbəssüm vardı, sevinc içində bir-birlərinə sarılırdılar. Amma o qız... O, nə qazandığını, nə itirdiyini tam anlaya bilmirdi. Əlindəki mükafat kağızı sanki bir zamanlar vacib olan, amma indi əhəmiyyətini itirmiş bir əşya idi.
Günlər yenə keçdi. Küçə eyni idi, amma indi o yolu keçənlərdən heç biri kitabları saymırdı. Hətta qırmızı kitabın olub-olmaması da artıq kimisə maraqlandırmırdı. Daha onun digər kitabların yanında qaldığı müddəti hesablayan yox idi.

***

Bir gün bir adam kitablara doğru yaxınlaşdı. O, iri həcimli, köhnə vərəqləri olan qırmızı cildli kitabı əlinə aldı. Barmaqları səthində gəzdi, köhnə vərəqlərin arasında itirilmiş zamanları vərəqləyirmiş kimi. Sonra bir müddət susdu.
Kitabı alıb ödənişi etdikdən sonra onun son səhifəsini açdı. Səhifədə bir cümlə vardı:


"Vəd öncə ümidləri, sonra isə sevgini, hörməti, güvəni öldürər... Sonra öyrənirsən ki, baş verərsə, dözə bilməyəcəyini düşündüyün hər şeyə dözə bilərsən."

Adam uzun müddət kitabın son səhifəsinə baxdı. Sonra başını qaldırıb göyə nəzər saldı. Həmin an qızın addımladığı küçədə, səki kənarında, haradasa bir köhnə müəllim nəfəsini dərin alıb yavaşca buraxdı...

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

 

75 -dən səhifə 2129

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.