Super User

Super User

Cümə axşamı, 17 Oktyabr 2024 10:35

Abdulla Şaiq ocağında Füzuli sehri…

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Abdulla Şaiqin Mənzil-Muzeyində Şərq şeirin korifeyi, dahi Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş “Füzuli rindü-şeydadır” adlı ədəbi-bədii, musiqili  tədbir  keçirildi.

 

15 oktyabr 2024-cü ildə gerçəkləşən tədbir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə imzaladığı 25 yanvar 2024-cü il tarixli Sərəncama əsasən təşkil olunmuşdu. 

Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir, universal  düşüncə sahibi, filosof şair kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə dünya şöhrəti qazandırmışdır.  Böyük Füzulini Şərq şeirinin ən çox oxunan və 530 ildir ki, dünya poeziyasında parlayan ən işıqll ulduz hesab etmək olar.

Füzuli istedadlı nümayəndələri ilə tanınan və ədəbi fikri zənginləşdirən bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlər də daxil olmaqla, əsrlər boyu Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər. 

Abdulla Şaiq ocağında şeir və sənət sevərləri Füzuli sehrinə salan tədbir bir-birindən maraqlı çıxışlarla yadda qaldı. Tədbiri Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Şəms-Qəmər” kamera xoru açdı. Xorun ifasında dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” səsləndi.

Tədbirin təşkilatçısı və aparıcısı, muzey fondlarının baş mühafizi Günel Əsədova qonaqları salamlayandan sonra Məhəmməd Füzulinin həyat yaradıcılığı ilə bağlı qısa məlumat verdi. Muzeyin direktoru Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə “Füzulinin musiqi dünyası” mövzusunda danışdı. 

Tədbirdə Füzuli yaradıcılığı haqqında elmi məruzlər dinlənildi. ADPU-nun professoru, filologiya elmləri doktoru Yaqub Babayev, filologiya elmləri doktoru Təranə Turan Rəhimli çıxışlarında dahi şairin yaradıcılığını təhlil etdilər. Professor Yaqub Babayev şıxışında Məhəmməd Füzulini eşq, məhəbbət şairi kimi təqdim edib dedi ki, mübaliğəsiz demək olar ki, dünyada Füzulidən böyük lirik şair yoxdur. O, lirik şeirin ilk və son peyğəmbəridir. 

 “Kamal Talıbzadə və Məhəmməd Füzuli irsinə ədəbi-nəzəri münasibət” mövzusunda çıxış edən Təranə Turan Rəhimli belə bir fikri ilə bölüşdü ki, “Bəkir Çobanzadə Füzuli yaradıcılığını ümumtürk  ədəbiyyatı kontekstində təhlil edərək, onu böyük türk şairi adlandırmışdı. Kamal Talıbzadə  isə Bəkir Çobanzadəyə həsr etdiyi məqaləsində onun  bu mövqeyini dəstəkləyərək alimə qarşı yönələn əks hücumlara son qoydu,  Füzulini " türk şairlərinin atası" adlandırdı.  Ötən əsrin  60-cı illərində, romantizmə sərt ideoloji münasibətin davam etdiyi, milli ədəbiyyatımızın  hələ  "Azərbaycan sovet ədəbiyyatı" adı altında inkişaf etdiyi  həmin dövrdə belə bir fikir səsləndirmək tədqiqatçıdan  böyük cəsarət tələb edirdi."

Abdulla Şaiqin Mənzil-Muzeyinin böyük elmi işçisi  Elminaz Məmmədli “Məhəmməd Füzuli yaradıcılığı Abdulla Şaiqin təhlilində” mövzusunda məruzə etdi: "Həqiqətən dünyada ən böyük məktəb həyatdır. Həyatın bütün acılıqlarını dadmış Füzulinin ruhunda qüvvət, qənaət, alicənablıq və mətanəti doğuran və onu həyata bağlayan iztirablarıdır."  O, Abdulla Şaiqin qəzəl dəftərini nümayiş etdirərək, ədibin öz yaracılığına Füzuli poeziyasının təsiri ilə, lirik qəzəllə başladığını vurğuladı.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorları “Leyli və Məcnun” əsəri əsasında hazırlanmış tamaşadan bir parça ifa etdilər.  Teatrın aktyorları   Nuriyyə Əliyeva Leylinin anası ,   Səbinə Məmmədzadə  Leyli rolunu canlandırdılar. Quruluşçu rejissor ,  Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi, aktyorların məharətlə  oynadığı səhnə maraq və sevgi ilə qarşılandı.

Azərbaycan Milli Konservatoriyası  nəzdində İncəsənət Gimnaziyasının tələbəsi Nurlan Rzayev  Məhəmməd Füzuli obrazında lirik qəzəl söylədi. Azərbaycan Milli Konservatoriyasının 4-cü kurs tələbəsi Hüseyn Nağıyev  kamançada Süleyman Ələsgərovun “Vətənimdir” romansını xüsusi məharətlə ifa etdi. Daha sonra Azərbaycan Milli Konservatoriyasının  nəzdində İncəsənət Gimnaziyasının müəllimi Elnur İsmayılov  və gimnaziyanın şagirdi Rəhimə Mənsimzadənin ifasında Füzulinin “Leyli və Məcnun” əsərindən pantomim səhnə göstərildi

Bədii hissənin davamında Prezident təqaüdçüsü Leyla Muradzadənin ifasında,  Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədovanın Fortepiano müşayiəti ilə Cahangir Cahangirovun “Füzuli” kantatasından bir parça dinlənildi. Aktyorların və gənc istedfadların canlı ifası qonaqlar tərəfindən maraq və alqışla qarşılandı.

Sonda ümumrespublika müsabiqələr laureatı, gənc muğam ifaçısı Yusif Cəfərbəyli Azərbaycan Milli Konservatoriyasının tələbələri – tarda Cavanşir Rüstəmbəyli, kamançada Əli Rüstəmbəylinin müşayiəti ilə Məhəmməd Füzulinin qəzəllərinə muğam dəstgahı ifa etdi. Qonaqlar musiqili tədbirə xüsusi ovqat qatan muğam ifasını hərarətlə alqışladılar. 

Sonda Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə tədbir iştirakçılarına və ifaçılara təşəkkürünü bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalı, Beyləqan təmsilçisi

 

Beyləqanda Respublikanın Əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Ağalar Bayramovla görüş keçirilib.

 

Oktyabrın 16-da Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərləri, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsəd Rzayev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, şairlər, yazıçılar, QHT, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

“Sözün rəngi cilvələnir səsində!” adlı tədbirdə  əvvəlcə sənətkarın həyat və yaradıcılığına dair videoçarx təqdim olunub.

Daha sonra Ağalar Bayramov səhnəyə çıxaraq tədbir iştirakçılarını salamlayıb. Şəhidlərimizin əziz xatirəsi anıldıqdan sonra rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səhnəyə dəvət olunub. İcra başçısı rayonumuzun qonaqlarını və tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə, eləcə də Beyləqanda mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Rayon rəhbəri, Ağalar Bayramovun Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıb və bədii-qiraətçiyə yaradıcılığında uğurlar arzulayıb. 

Rayon rəhbəri daha sonra Ağalar Bayramova Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və hədiyyəsini təqdim edib.

Ağalar Bayramov görüşün təşkilində əməyi keçən və onun yaradıcılığına yüksək dəyər verən hər kəsə öz minnətdarlığını bildirdi, tədbir iştirakçıları qarşısında çıxış edərək tanınmış şairlərin şeirlərini əzəmətli səsi ilə ifa etdi. 

Usta qiraətçinin, xüsusilə şəhid ailələrinə ithafən səsləndirdiyi şeirlər tamaşaçılar tərəfindən coşqu və alqışlarla qarşılanıb. 

Tədbirdə Beyləqan rayon prokuroru Ramazan Hadıyev, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da çıxış edərək yaradıcılığının kamillik dövrünü yaşayan bədii-qiraətçiyə uğurlar arzulayıblar.

Beyləqanlı şair Gileyli Bəylər tərəfindən bədii poeziya nümunələrinin səsləndirilməsı, xanəndə Zahid Quliyevin ifası, rayon Mədəniyyət nümayəndələrinin, xüsusilə də tanınmış mədəniyyət işçisi  Nazim Çıraqovun çıxışı tədbirə xüsusi rəng qatıb.

Sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

Varis, Azərbaycanın Əməkdar Jurnalisti, “Ədəbiyyat və incəsənət” üçün 

 

Gecənin gec vədələrində Euronews telekanalına baxmaqla yuxuma haram qatmağımı telekanala və onun icmalçısı Garfield Myrie’yə halal edirəm. 

Belə ki, inanılmaz mətləblərdən xəbər tutdum. 

 

Türkiyə, Rusiya və İsveç 2028-ci ilə qədər milyonçuların payının ən çox artacağı Avropa ölkələridir. Bu barədə İngiltərənin iqtisadi analitik mərkəzi olan Adam Smith İnstitutu tərəfindən edilən bir araşdırmada deyilir.

Millionaire Tracker adlı bu araşdırmada  dünya üzrə ən böyük artımın isə Tayvanda (51%) olacağı göstərilir. 

Bizsə qayıdaq xəbərin əvvəlinə - ən uğurlu Avropa ölkəsi Türkiyədir, burada nağd pul, səhmlər, daşınmaz əmlak və özəl pensiya fondları da daxil olmaqla bütün aktiv sinifləri üzrə 1 milyon dollar (915.000 avro) xalis sərvətə sahib olanların sayının 34% artacağı proqnozlaşdırılır. 

Kim bunu inanardı ki?

Bəli, Türkiyə Avropa ölkələrini qabaqlayır! 

Reytinqin tərtibində istifadə olunan UBS Global Wealth Report 2024 məlumatları çətin iqtisadi vəziyyət şəraitində Türkiyədə şəxsi rifahın əhəmiyyətli dərəcədə artmaqda olduğunu vurğulayır.

Bəlkə də, çoxunuz bunu böyük bir zümrənin hədsiz yoxsullaşması fonunda bir ovuc insanın hədsiz varlanması hesab edəcəksiniz, öz işinizdir. 

"Türkiyə 2022-2023-cü illər arasında hər bir yetkin şəxsə düşən sərvətin 157% artması ilə dünyanı təəccübləndirdi və bütün digər ölkələri geridə qoydu. Qətər və Rusiya Türkiyəyə ən yaxın ölkələrdir, onlarda artım 20% - ə yaxındır, ardınca 16% - dən bir qədər çox olan Cənubi Afrika Respublikası və 14% ilə İsrail gəlir” - hesabatda belə deyilir. 

CNBC telekanalına görə, ölkədə inflyasiyanın hazırda 72% olmasına baxmayaraq, Türkiyənin göstəriciləri artır. Yüksək inflyasiya ölkənin 85 milyonluq əhalisinin bir çoxu üçün fəlakətli oldu və onların alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə azaltdı. Bununla belə, daşınmaz əmlak kimi aktivlərə sahib olan türklərin sərvəti artır, çünki inflyasiya bu aktivlərin dəyərini sürətlə artırır.

Ukraynada davam edən müharibəyə və genişmiqyaslı iqtisadi sanksiyalara baxmayaraq, Rusiyanın milyonçuların sayına görə qitədə ikinci yeri tutacağı proqnozlaşdırılır - artım 23% olacaq.

İngiltərə və Hollandiya isə ən kasıb ölkələrdir, belə ki, İngiltərə və Hollandiya təhlil edilən 36 göstəricisinin ən aşağı olduğu iki ölkədir və hər ikisinin də milyonçularının sayının əhalisinə nisbətdə xeyli azalacağı proqnozlaşdırılır.

Araşdırmaya görə, İngiltərə 2028-ci ilə qədər milyonçularının 20%-ni, Hollandiya isə 5% -ni itirəcək.

Milyonçuların payının azalacağını proqnozlaşdıran başqa bir ölkə isə Səudiyyə Ərəbistanı olub, burada 3% azalma gözlənilir. Bizim həsədlə baxdığımız ərəblər, sən demə, heç də həsədlə baxılacaq deyilmişlər, belə ki, Birləşmiş Ərəb Əmirliyində də azalma gözlənilir. 

Smith İnstitutunun mütəxəssisləri hesab edirlər ki, Böyük Britaniyada milyonçiların sayının proqnozlaşdırılan azalması yüksək vergilər, o cümlədən, dondurulmuş əmlak vergisi hədləridir. 

“İqtisadi güc müvəffəqiyyətə zəmanət vermir” - Garfield Myrie’ni dinlədikcə buna əmin oldum. 

Avropa nəhəngləri Almaniya və Fransada artımın müvafiq olaraq 15% və 14% olacağı proqnozlaşdırılır ki, bu da bu ölkələri reytinqin aşağı hissəsinə aparır.

Proqnozlara görə, 2028-ci ilə qədər dünyanın qlobal iqtisadi nəhəngləri ABŞ və Çin də təvazökar artım nümayiş etdirəcəklər. Adam Smit İnstitutunun analitikləri hesab edirlər ki, ABŞ - da milyonçuların payının artımı cəmi 12%, Çində isə dünyanın ikinci ən böyük iqtisadiyyatının olmasına rəğmən, bu rəqəm cəmi 8% təşkil edəcək.

Bəli, Euronews məni təəccübləndirdi. İnanıram ki, mən də sizi təəccübləndirdim.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

Cümə axşamı, 17 Oktyabr 2024 10:01

Şopenin yağış valsı üçün bir İMPROVİZASİYA

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Mən musiqiçi deyiləm, lakin bu gün, payızın ilk nəfəslərinin duyulduğu bir zamanda cəsarət edib Şopenin yağış valsını təhlil etmək istəyirəm. Bu haqda məhz bu gün danışmaq istəməyim də hər halda heç də təsadüf deyil.

 

Notlara uyğun olaraq pianinonun ağ-qara dillərinə toxunub musiqi ifa edən barmaqlara bənzəyirdi sanki yağış damlaları. Hər bir yağış damlası

qırılmış mirvari boyunbağının çilənib ətrafa dağılan muncuqları kimi torpağa toxunub halələr yaradır, ətrafa sıçradıqca ruha huzur verən möhtəşəm bir melodiya əmələ gətirirdi.

Yağış damlaları eyni zamanda həm barmaqlar kimi ifa edir, həm də öz toxunuşları ilə yaratdıqları bu musiqi sədası altında tempə uyğun olaraq teatr səhnəsində piano ifasının müşayəti ilə süzən bir balerin tək rəqs edirdilər. 

Torpağa toxunan hər bir damla öz toxunuşu ilə digərlərini də yerindən sıçradıb təbiətdə bənzərsiz bir kampozisiya, bir harmoniya yaradırdı. Gözlərini yumub saatlarca dinləmək olardı ruha rahatlıq bəxş edən bu musiqini. Hələ hər bir yağış damlası torpağın canına qarışdıqca ətrafa yayılan o xoş qoxunu demirəm. Kim bilir ki, bəlkə də yağış damlalarının torpağa qarışması bir-birinə aşiq, amma heç bir zaman qovuşa bilməyən yerlə göyün qovuşması anı kimi idi. Və bu qovuşma anının gətirdiyi vüsalın qoxusu idi  elə bəlkə də ətrafa yayılan o torpaq qoxusu. Yerlə göyün həsrəti səmada buludlarda toplanıb böyüdükcə yağışa çevrilir, yağış damlaları ilə torpağa qarışıb, sonra da günəşin şuaları ilə yenidən buxara çevrilib göy üzünə qayıdırdı.

Beləcə intizar, həsrət dövr edib yer üzünün hər yerini, hər qarışını sarırdı. 

Gah buludlarda böyüyürdü, gah qəlblərdə. Gah yağışla  torpağa qarışırdı, gah göz yaşıyla yanaqlara axırdı...

Bəli, mən sizə Şopenin yağış valsını təhlil edəcəm demişdim, lakin təbii ki öz təbirimcə...

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Oktyabrın 16-da Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun və Azәrbaycan Respublikası Mәdәniyyәt Nazirliyinin birgə təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Sumqayıt şəhər Poeziya Evində “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib. 

 

2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi”nin qalibi olan Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimində Sumqayıt Dövlət Universitetinin Texniki Kollecinin, Sumqayıt Tibb və Musiqi kolleclərinin, Peşə Təhsil Mərkəzinin tələbələri, 27, 33 və 34 nömrəli məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər. 

Təqdimat mərasiminin moderatoru olan Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev məlumat verib ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn layihәnin birinci mәrhәlәsindә hәdәf auditoriyası olan yeniyetmә vә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabı vә onların mütaliəsi üçün “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib.

İkinci mәrhәlәdә ölkә şәhәrlәrindә hәdәf auditoriyası ilә görüşlәr keçirilir, mövzu ilә bağlı müzakirәlәr aparılır, hər görüşdə nәşr edilәn kitabların hər birindən 125 nüsxə olmaqla onlara hәdiyyә edilir. 

Daha sonra çıxış edən “Şöhrət” ordeni laureatı, Prezidentin Fəxri Təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva tədris prosesində şagird və tələbələrdə mütaliəyə marağın yaradılması yollarından bəhs edib.

Azərbaycan Yazıçılar Birliyinin Poeziya sektorunun rəhbəri İbrahim İlyaslı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, eləcə də AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin yeniyetmə və gənclərdə mütaliəyə marağın oyadılmasında, mütaliə mədəniyyətinin formalaşmasında bədii ədəbiyyatın rolundan danışıblar. 

Ölkənin ən tanınmış kitabçılarından olan “Xan xəzinəsi” kitab mağazaları şəbəkəsinin qurucusu Xan Rəsuloğlu faydalı kitabları necə seçmək barədə tövsiyyələr verib, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanlı mütaliənin insanın formalaşmasında rolundan danışıb. 

Qazaxıstan yazıçısı, türk dünyası tarixinin və ədəbiyyatının araşdırmaçısı Madi Raimov qardaş ölkədə mütaliə mədəniyyətinin yüksəlməsi üçün tətbiq edilən innovativ metodlardan bəhs edib. 

Daha sonra qiraətçi Jalə Rüstəmli “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabından mütaliənin insana gətirdiyi hərtərəfli faydalar barədə bilgilər verib. Gənc şairlər Aypara Ayxan və Günel Balakişi auditoriya üçün vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. 

Tədbir interaktiv sual-cavab formasında davam edib, sonda hər bir tədbir iştirakçısına “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” və “Sizin üçün seçdik” kitabları hədiyyə edilib.

Tədbir foto-sessiya ilə başa çatıb. 

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Bu gün “Hanı o yuvalar” şeiri təqdim edilir.

 

 

HANI O YUVALAR...

 

Sözümü, sirrimi bilməzdi heç kim,

Əsən küləklərlə uçub gələrdim.

Açıq darvazanı görməzdi eşqım,

Tikanlı çəpərdən keçib gələrdim.

 

Xəlvət gəlişimi Qızıl it duyar,

Yeməli nə atsam qapıb məzdəyər.

Sonra da guya ki, gedər yuxuya,

Vurardı özünü görməməzliyə.

 

Sənsə neçə kərə ev yığışdırar,

Silib, süpürərdin eşiyinizi.

Məni görən kimi bığları qaçar,

Gözləri gülərdi pişiyinizin.

 

Bəlkə yüz yerindən sızlar ürəyim,

Səni görməyəndə xəstə olardım.

Kasıb komamızın bir gözü daim

Sizin evinizin üstdə olardı.

 

Saman tayasında, ot mərəyində

Neçə sirlərimiz lal oldu, qaldı.

O bulaq başında, dağ ətəyində

Görüş yerlərimiz qal oğlu qaldı...

 

Niyə titrəyirsən, Kazımın qızı,

Ağlamaq yadından çıxıbmı sənin.

Son görüş gecəsi darvazanızı

Bağlamaq yadından çıxıbmı sənin?..

 

Biz harda yatmışıq,

Harda batmışıq?

Daha o evimiz, çəpərimiz yox.

İlaxır çərşənbə papaq atmışıq,

Hələ o papaqdan xəbərimiz yox.

 

Hanı qurduğumuz yuvalar, hanı,

Quş olub qoynuna uça bilmirik.

Cənnət Qarabağın qapılarını

Elə bağlayıblar,..

Aça bilmirik.

 

P.S. Nə xoş bizə ki, o qapılar artıq açılıb, Ustad şairin arzuları həyata keçib.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Əmin Əhəryardır.

 

 

Əmin Əhəryar

Təbriz

 

I

Mən bir gün,

Dənizlərdən keçid verib

Balıqlara

Göyə uçmaq öyrədəcəyəm.

Uca, hündür o dağlara

Kəmər atıb

Qartalları

Sahillərə çəkəcəyəm.

Mənsə bir gün şəhərlərə

Qırmızı gül səpəcəyəm.

 

Qarğaları uzaqlara...

Gözdən itən

Çöllüklərə

Satacağam.

Qumlu-qumlu sahillərə

Əli açıq

Göylü şəkər.

Mavi bir quş dəvət edib

Rahat yaşam qatacağam...

Deyim bu gün

Bu dənizlər hər bir kəsin hədiyyəsi...

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

 

Çərşənbə, 16 Oktyabr 2024 16:28

“QIZIL” PAYIZ haqqında deyilən sözlər

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

1.     "Payız gözəldir! Mənim qəlbim onunla kəbin kəsdirib və əgər mən quş olsaydım, onda Yer ətrafında uçaraq növbəti payız axtarışına çıxardım". (Corc Eliot)

 

2.     "Oktyabr! İlahi, o mənim çox sevdiyim aydır, onu yeməyə və qoxusunu nəfəsimə çəkməyə hazıram. Ah, bu qiyamçı və kədərli ay... Baxın, onunla görüşündən yarpaqlar necə qızardı. Oktyabrda dünya alova bürünüb". (Rey Bredberi)

 

3.     "Oktyabrın ikinci yarısında dünyadan təzə bişmiş piroq kimi qoxusu gəlir". (Elis Hoffman)

 

4.     "Oktyabrda yarpaqlar artıq saralıb, solanda hava boz və tutqun olanda torpağı görməmək üçün başını arxaya çevirmək və buna inanmaq olar ki, "Hələ sevinclidir, hələ də yaydır". (Yevgeni Zamyatin)

 

5.     "Payız hiyləgər yaya bir təpik atdıqdan sonra (Bu, hər dəfə sentyabr ayının ortalarında belə olur) o, çox darıxdığın dost kimi qonaq gəlir. O, uzun müddətli, həm köhnə dost kimi sevdiyin kreslonda oturaraq nahardan sonra sənə bu vaxta kimi harada olduğu və son görüşdən bəri nə ilə məşğul olduğu haqqında danışır". (Stiven Kinq)

 

6.     "Hər payızda mən yenidən çiçək açıram". (Aleksandr Sergeyeviç Puşkin)

 

7.     "Qış qravüra, bahar - akvarel, yay yağlı boya, payız isə hər üçünün mozaikasıdır". (Stenli Xoroviç)

 

8.     “Payızın iki səhvsiz səsi var: Xırçıldayan yarpaqların xışıltısı, küçə boyunca təqib olunan şiddətli külək və köçəri quşların cikkildisi..." (Hel Borland)

 

9.     "Payız ilin ən heyranedici son təbəssümüdür". (Uilyam Brayant)

 

(Mənbə: https://news.milli.az/interest/480443.html)

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

 

 

                                                             

 

 

 

 

Çərşənbə, 16 Oktyabr 2024 16:13

“Söz otağı...” - Gülxani PƏNAH

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Gülxani Rənahın şeiri  təqdim edilir. 

 

 

Azərbaycan Yazıçılar Birliyinin

Məsləhətçilər otağını "Söz otağı" adlandırırlar

 

Söz otağı,

            Söz otağıdır bura,

Bir əsrə yaxın ömrü olan söz otağı.

Burda sözlə fərmanlar verilir -

            Ölüm fərmanı,

            Olum fərmanı,

            Mərd fərmanı,

            Dərd fərmanı,

            Qəm fərmanı,

            Qəlb fərmanı...

Söz mülkünün sultanları,

            süleymanları,

balaşları, fikrətləri, abbasları

söz otağından çıxıblar.

Çexovun "Şinel"indən yox, 

Çıxıblar Ozan, Qorqud

            elindən çox...

Bu "Söz otağı"nda sözlə başlar kəsilib.

Ovulub, toz kimi olub,

            sözdən daşlar kəsilib.

 

Burda taleyindən gileylənib balaşlar,

Söhrab tahirlər, Mədinə gülgünlər,

            büllürilər...

Burda azadixahlar yetişib,

Burda talelər qara daşlara ilişib...

Sözlə külüng çalanlar

dərdi - həsrəti xışmalayıb, sinəsinə yığıb

            içinə salıb...

Sözdən heykəl qoyub həsrətinə, qəminə,

Dözüb sözün qüdrətinə -

            "zil"inə, "bəm"inə...

 

Burda - bu "Söz otağı"nda

söz sərrafları fikir ayrılığından

sözünün üstündə söz deyəni ağrıdıb...

Söyüblər bir-birinə, hətta üzlərinə...

İsiniblər, qızınıblar öz odlarına,

            közlərinə!

Şəhriyarın harayına hay veriblər,

Təbriz dərdi püskürəndə

"ah, Vətən" - deyib, hay veriblər.

Döyüşə hazır olublar qələmiylə,

            sözüylə!

Nələr görüb bu otaq...

Haqqı yeyilənləri,

şöhrətinə kəm baxanları,

sənətinə həsəd aparanları.

Hansı birini yada salım,

Qurdaladıqca nələr çıxır

            söz otağından.

Fikrət Sadıq,

Musa Yaqub,

Zəlimxan Yaqub...

Kimlər, kimlər boylanır yatağından.

Əlində qələmi əsən,

Qocalıq qapısın kəsən.

Söz mülkünün sultanları

bu söz otağından çıxıb.

 

Bu otağın min bir qulağı var,

Qatı açılmamış sözlər eşidib.

Sözlər deyirəm...

Qeylü-qal, qeybət yox... söz eşidib.

Söz deyirəm - qılıncdan iti,

xəncərdən kəskin,

bıçaqdan sərt,

mərd sözlər - mərd.

 

Ara-sıra yuxuma girir -

bu söz otağı gecələr.

Mən də bu otaqdayam illərdir.

Həmsöhbət olmuşam

Balaş Azəroğluyla,

Qabillə,

Nərimanla,

Hüseyn Abbasla,

Abbas Abdullayla,

Fikrət Sadıqla...

Zəmanəmizin qorqudları,

Xaqanları,

Nizamiləri,

Xətailəri...

"Söz otağı"nın sakinləri.

Özləri dünyasını dəyişsələr də,

otaq həmən otaqdır.

Hər kəsin mizi yerində,

stulu yerində,

səsi-ünü həkk olunub

hər tərəfə,

            dörd divara...

Bu otağın hər qarışı - hər yanı

            sözdən yoğrulub.

Bu otaq "söz otağı" olandan

            yenidən doğulub.

Çıxıb adı otaq çevrəsindən,

"Söz otağı" olub.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

Çərşənbə, 16 Oktyabr 2024 15:42

Gülüş klubunda Karlson

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Balaca Güləndam çəkməsinin iplərini bağladı, rükzakını çiyninə atıb arxaya qanrıldı və ona baxan dostuna dedi:

-Yaxşı, hələlik, mən getdim gicgicə məktəbimizə. Sən bəxtəvər də otur evdə və sevin ki, pişiksən. 

 

2.

Dərdayıl damlarına gələn Karlsona söylədi: 

-Mənim də belimdə propeller olsaydı və lyuboy moment uçub aradan cıra bilsəydim, mən də başqalarına ağıl verərdim ki, sakit olun, yalnız sakit olun. 

 

3.

Gənc qız:

-Bu nədir, ötənilki platyam mənə dar gəlir, təcili arıqlamalıyam.

Yaşlı qadın:

-Bu nədir, ötənilki platyam mənə dar gəlir, təcili iki ölçü böyüyünü almalıyam. 

 

4.

Həyat o qədər gödəkdir ki, hər kəs adam olmağa macal tapammır.

 

5.

Tələbkar alıcı marketdə az qaldı ki, basıb  satıcı qızın gözünü çıxarsın:

-Bu nədir, nə baş verib ki Həkim kolbasası bir günə iki manat bahalaşıb? 

Satıcı yazıq-yazıq dedi:

-Tibbi xidmətlərin, dərmanların qiyməti qalxdı axı, əlbət ondandır. 

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

78 -dən səhifə 1841

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.