Super User

Super User

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Qadın – Allahın yer üzünə bəxş etdiyi ən böyük lütf, adına hədislər, şeirlər, nəğmələr yazılan ən ali varlıqdır.

Qadın – anadır, bacıdır, cənnətin simasıdır.

Qadın – yuvanı yuva edən, ailənin təməlini atan, cəmiyyətin ruhudur.

Qadın – var oluşun simvoludur.

 

O, tənqidlərin, mentalitet adı altında basqıların, zorakılığın qarşısında boyun əyməz. Qüruru hər şeydən üstündür, gülüşü dünyalara bədəldir. Qadın – zəif deyil, zərif varlıqdır.

 

"Qadın oxumaz."

"Qadın işləməz."

"Qadından nə idmançı, nə sürücü, nə rəssam olar."

"Qadının tək vəzifəsi nəsil artırmaqdır."

Bütün bu şablonlara rəğmən, öz yolunu seçən, gücünü kəşf edən, özünü sevən və sevdirməyi bacaran qadınlara ilin hər günü bayramdır. Çünki onların varlığı, mübarizəsi, arzuları və nailiyyətləri dünyanın ən böyük bayramıdır.

Bu gün anamın, nənələrimin timsalında dünyadakı bütün  qadınları təbrik edirəm. Yaxşı ki, varsınız!

Təbii ki, xanım oxucularım da bu sıradadır.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

 

Güllü Eldar Tomarlı, “Ədəbiyyat və incəsənət” üçün

  

Kim unudar adını,

Sevgisinin dadını.

Ucalardan ucadı,

Azərbaycan qadını.

 

Bəşər yaranannan, lap Adəm atamızla Həvva anamızdan, bütün dövrlərdə qadın Allahdan sonra bir yaradıcılıq mənbəyi olub. Qadınların dəyəri hər zaman dəyərli insanlar tərəfindən verilib. Çox- çox uzaqlara getməyək və getdikcə bitib tükənməyən mövzular gələr yaddaşımıza.

Qadınla bağlı qəddarlıqlar dönəmi də olub. Bu da doğrudur. Hətta, İslam Peyğəmbərimiz Allahın rəsulu Məhəmməd Əleyhi- salama qədər insanlar, yəni şərq insanları öz qız övladlarını diri- diri torpağa basdırırlarmış. Hətta, peyğəmbər əfəndimizə və islama inanca qədər çox böyük şəxsiyyətlər öz qız övladlarını diri- diri basdırıblar. Qadına ən böyük dəyər, hüquq islamda verilib və qadın kimi hüquqları bərabər bölünüb. Ata- ana öz mirasını, qız və oğul övladları arasında bərabər paylamışlar. Hətta, qız övladlarına daha çox dəyər vermişlər. İslama qədər heç bir dini inancda qadınlara verilən dəyər islamın verdiyi dəyər qədər olmamışdır.

Cənnət anaların ayağı altındadır, ulu peyğəmbərimiz deyib. Ana haqqı, Allah haqqı deyib dədələr və üç qız övladı böyüdən analar cənnətnən müjdələnərlər. Ümumiyyətlə, dini ibadətlərdə hər zaman qadına üstünlük veriıib. Anaların övladların böyüdülməsində əməyi daha çoxdur.

Analı övlad cəsarətli olur, ürəkli olur. Anasız övladlara yetim deyilib. Bu cümlələr də anaların dəyərinə xidmət edir. Bu ilin 365- günü analar günü olsa daha yaxşı olar. Doğrusu, sovet dönəmində 8 mart bayramını daha çox qeyd edərdilər, şouya çevirməyə çalışırdılar. Analara həmin günü hədiyyə vermək süni alınardı.

Anaların hörməti 8 martla ölçülmür. Analar baş tacımızdı. 8 mart günü qadınlarımızın hədiyyəsi kəlağayı olsun, deyərdim. Düzgün deyil ki, bu gün təbrik edək. Analar hər gün anılmalıdı, dəyərləndirməlidi. Qadınlara gül- çiçək, Gözəl, Göyçək, Qiymət adlarının verilməsi də bir dəyərdi.

Dədə Qorqudda boyu uzun Burla Xatun, Banu Çiçək kimi qadınlarımız da qürurumuzdu. Həcər, Nigar kimi xanımlarımız qeyrət simvolu, şücaət nümunələridi. Həcərimiz at belində olub,təyyarəçi, bəstəkar, şair, mexanizator vəs. qadınlarımız olub. Qadınlarımıza yaraşır ki, nənələrimizin yolunnan getsinlər. Ana gözü həmişə yoldadı, intizardadı, qayğılardadı. Ana qədri bilməyənlərə üz tuturam, anaları qoruyaq. Bir bayatı var:

 

Analar yanar ağlar,

Dərdini sanar ağlar.

Dönər göy göyərçinə,

Yollara qonar ağlar.

 

Ana övladlarına qurban getməyə hər an hazırdı. Tək bir məqam var. Analar tək Vətən yolunda övladlarını qurban verəndə of...demirlər. Vətənə güzəştə gedərlər. Çünki, Vətənə ana, ana Vətən deyilir. Ana Vətənlə müqayisə olunur. Vətənə ana Vətən deyilir. Ana müqəddəsdir.

Ən müqəddəs ana şəhid analarıdı. Qəhrəman dünyaya gətirən analar özü vətəndir.

Şəhid anaları, vətən analar, analar, bacılar, Azərbaycan qadınları, bayramınız mübarək.

 

Ana

 

“ Cənnət anaların ayağı altda. “

Peyğəmbər sözüdür dillər əzbəri.

Nə yaxşı analar varmış həyatda,

Yaşadar dünyanı əzəldən bəri.

 

Nə yaxşı analar varmış həyatda.

Onlardan dərs alan haqqı görəndi,

Nə qədər həyat var bu kainatda,

Analar bəşərə yol göstərəndi.

 

Hər ana laylası böyük bir əsər,

Könüllər fəth edər, ürəyə hopar,

Onun duaları olmasa əgər,

Dünyanı məhv edən fəlakət qopar.

 

Analar ən böyük bir sənətkardır,

Aləmi özünün sehrinə salar.

Analar şairdi, ya bəstəkardı.

Ən gözəl söz deyər, ya hava çalar.

 

İstərəm yol gedəm ziyarət üçün,

Nurlu bir ananın üz nuruna mən,

İstərəm yüz dəfə ibadət üçün,

Baş əyəm hey onun qüruruna mən.

 

Kimdi Azərbaycan qadını?

 

1. Dünyada ilk qadın dövlət başçısı --- Tomris

2. İlk qadın təyyarəçi ------ Leyla Məmmədbəyova

3. Şərqdə ilk opera yazan qadın ----- Şəfiqə Axundova

4. Şərqdə ilk diplomat qadın ------- Sara Xatun Bayandur

5. Bilinən ən qədim şahmatçı qadın ------ Natavan

6.    Azərbaycanın ilk qadın xalq şairi- Mirvarid Dilbazi

7. İlk qadın cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı---- Hənifə xanım Məlikova

8. İlk qızlar və oğlanlarıın birlikdə təhsil alması üçün məktəbin yaradıcısı Mirzə Cəlilin həyat yoldaşı- Həmidə xanım

9.İlk qadın jurnalı olan "İşıq" jurnalının tərtibçisi və refaktoru--- Xədicə xanım.

10. D ünyada 5-ci, Türk və İslam dünyasında, Asiya qitəsində 1-ci olaraq qadına seçmək və seçilmək hüququ verən ölkə --- AZƏRBAYCAN Denokratik Cümhuriyyəti

11. Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qadın Züleyxa Seyidməmmədova

12. Dünyada ilk dəfə olaraq ipəkdən Quran kitabını hazırlayan qadın Tünzalə Məmmədzadə

13. İlk ali təhsilli Azərbaycanlı qadın Nigar Şıxlinski

14. İlk Sosialist Əmək Qəhrəmanı – Şamama Həsənova

15. SSRİ-də ilk akademik qadın həm də bioloq - Validə Tutayuq

 

Bu siyahını yenə də artırmaq olar...

Sonra da deyirlər qadınlar zəif məxluqlardır.

Qadınlar zəif deyil, ən zəif qadın belə hətta ən güclü kişidən də güclüdür.

Və hər güclü kişinin arxasında bir ağlllı qadın dayanır...

Bu gün 8 Mart Beynəlxalq Qadınlar bayramıdı. Analar, sizi dərd görməyəsiniz. Heç vaxt ürəyiniz narahat döyünməsin.

Bayramınız mübarək, Azərbaycan qadınları.

Şəhid anaları,şəhid bacıları, şəhidlərimizin ömür-gün yoldaşları, şəhidlərimizin qız balaları, qarşınızda baş əyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

Şənbə, 08 Mart 2025 13:29

Martın səkkizi onun anım günüdür

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Uzun illərdir ki, 8 mart dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Bu gün hər kəsin hörmət bəslədiyi xanımlara hədiyyə almağa, təbrik etməyə tələsdiyi tarix olsa da, həm də hüzn dolu xatirələri ilə insanların yaddaşında qalıb...

 

Yəqin ki aranızda Xalq artisti Əliabbas Qədirovu xatırlayanlar hələ də var. Jurnalist Şahanə Müşfiq onun haqqında yazır: “Əliabbas Qədirov bütün ömrünü Azərbaycan teatr və kino sənətinə həsr etmiş, onlarla bir-birindən maraqlı rollara öz imzasını həkk etmiş və əsl sənətkar ömrü yaşamış aktyor idi. Onun həyatına, aktyor sənətinə gətirib çıxaran ömür yoluna nəzər salanda, keçdiyi maneələri, sıxıntıları oxuyanda düşünürsən, insanda nə qədər böyük sevgi, nə qədər böyük həvəs olmalıdır ki, hər şeyin üstündən xətt çəkib, gizlin-gizlin, oğrun-oğrun da olsa özünü, gələcəyini gördüyü sənətin arxasıyca getsin. Bəli, o, özünü yalnız aktyor kimi görürdü. Əlindəki heç bir imkan, kənardan edilən müdaxilələr, verilən məsləhətlər, qoyulan sərt qadağalar onu yolundan döndərməyə kifayət edə bilməzdi. Etmirdi də... Çünki onun aktyorluq sənətinə, səhnəyə sevgisi bunların hamısından güclü, hamısından böyük idi. Və bu sevgi qarşısında hər kəs təslim olurdu...”

 

 Onun yaratdığı rənganəng obrazlar tamaşaçılarda dərin hisslər buraxaraq, bədii cəhətdən dolğun təsir bağışlayıb. Oynadığı rolları tamaşaçılara sevdirə bilib. O, həm də məşhur qiraət ustalarından biri idi. Onun ifasında bir çox klassiklərimizin poetik nümunələri lentə köçürülərək arxivləşdirilib...

Bəli, Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olmuşdu. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. "Dəmiryolçular" klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Tamaşalarda obrazlar yaratmaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Və o vaxtdan da peşəkar səhnəyə gəlib...

Sənətkar 1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına, 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti və 1989-cu ildə Xalq artisti fəxri adlarına, 2006-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

Əliabbas Qədirov 2006-ci il martın 8-də 60 yaşında ağ qan xərçəngi xəstəliyindən vəfat edib. Məzarı İkinci Fəxri Xiyabandadır.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizə ünlü əcnəbi sənətçilərin gəlişi toy-bayram statusundadır. Bu dəfə də belə oldu. Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın  “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı fərdi sərgisi açıldı.

 

Ekspozisiyada böyük meyvə və tərəvəz heykəllərinin müəllifi Cüzeppe Kartanın müxtəlif əsərləri sərgilənir. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim olunur. Cüzeppe Karta olduqca unikal bir sənətkardır. Məsələn, onun Qırmızı bibər  heykəli vətənində Sardiniya Bankının mülkiyyətinə çevrilib. İtaliyanın Çili Bibər Akademiyası tərəfindən isə Cüzeppe Kartaya dünya üzrə “Çili bibəri səfiri” titulu verilib. Marqlıdır deyilmi? Xoşməramlı səfir, sülh səfiri və s. eşitmişdik, amma bibər səfiri əsla ağlımıza gəlməzdi.

 

Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov

vurğuladı ki, sərgidə Cüzeppe Kartanın 40-a yaxın əsəri təqdim olunur..

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko çıxışı zamanı sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi. O, Fondun İtaliya incəsənətini, italyan mədəniyyətini hər zaman təşviq etdiyini diqqətə çatdırdı, yüksək səviyyədə və hərtərəfli əməkdaşlığa görə minnətdarlığını ifadə etdi. Səfir bundan sonra da bir sıra digər çoxsaylı təşəbbüslərə dəstək veriləcəyini qeyd etdi.

Təbii ki, hamı səbirsizliklə heykəltaraş Cüzeppe Kartanın çıxışını gözləyirdi. O, Heydər Əliyev Mərkəzinin gözəl, əhəmiyyətli və nüfuzlu məkanlar sırasında olduğunu bildirdi. O, incəsənət sahəsində fəaliyyəti barədə məlumat verərək, artıq 30 ildir heykəltaraşlıqla məşğul olduğunu söylədi, öz əsərlərini olduqca sadə formada ərsəyə gətirdiyini qeyd etdi.

Heykəltaraş bildirdi ki, yaratdığı bütün əsərləri "cücərmə" adlandırır və əsərlərində "cücərmə"ni əks etdirməyə çalışır. Onun sözlərinə görə, hər kəs öz üzərinə düşən işi etməklə təbiətə minnətdar olmalıdır. 

Sonra sərgiyə baxış keçirildi. 

Mərkəzin park ərazisində və sərgi zalında nümayiş olunan əsərlər arasında xüsusi sənətkarlıqla işlənilən, yaradılması böyük zaman tələb edən fındıq, moruq, şaftalı, Çili bibərinin unikal heykəlləri və instalyasiyalar yer alıb. 

Nar, zeytun, üzüm və s. heykəlləri Cüzeppe Kartanı dünyaya sülhü, torpağı və xalqların mədəniyyətini təbliğ edən incəsənət xadimi kimi tanıtdırıb.

Məlumat üçün bildirək ki, Avropada tanınan “Böyük bibərlər” seriyası Cüzeppe Karta tərəfindən Çin Xalq Respublikasının Siçuan əyalətinin Çonqkinq şəhəri üçün hazırlanıb. 7,5 metr hündürlüyündəki bu heykəl bölgənin rəmzi kimi əsas meydanı bəzəyir. Cüzeppe Karta nüfuzlu Dünya Çili Alyansının (World Chilli Alliance) rəmzini də yaradıb. 

Müəllif “Milan Ekspo 2015”də Birləşmiş Millətlər Təşkilatının meyvə bağları konsepsiyası çərçivəsində də qırmızı bibər heykəlini təqdim edib.

Cüzeppe Kartanın təsvir obyektlərindən biri də nardır. O, 2012-ci ildə məşhur tenor və bəstəkar Andrea Boçellinin Toskana bölgəsindəki “Sükut teatrı” üçün 9 metrlik nəhəng narla səhnə dekorasiyası hazırlayıb. Daha sonra Kartanın “narlar”ı “Sükut teatrı”nın rəmzinə çevrilib. 

ABŞ, Avstraliya, Böyük Britaniya, Çin, Fransa, İsveçrə, İtaliya, Yeni Zelandiyada təşkil edilən sərgilərdə, festivallarda, Venesiya Biennalesində təmsil olunan, çoxsaylı beynəlxalq mükafatların sahibi Cüzeppe Kartanın əsərlərini paytaxt Bakıda bir ilə yaxın müddətdə izləmək mümkün olacaq. 

“Təbiətin nemətləri” sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı ilin yanvar ayınadək davam edəcək.

Əminik ki, bakılılar və paytaxtımızın qonaqları bu sərgini məmnuniyyətlə izləyəcəklər.

 

Şəkildə” Anar Ələkbərov və Cüzeppe Karta.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025) 

 

Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın  “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı fərdi sərgisi açılışı mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, ölkəmiz bu yaxınlarda Venesiya Biennalesində iştirak edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Anar Ələkbərova istinadən xəbər verir ki, həmin Biennaledə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın bir sıra memarlıq əsərləri təqdim olunacaq. Artıq bu istiqamətdə hazırlıqlara başlanılıb.

Xüsusi olaraq Zəfər muzey və park komplekslərinə önəm veriləcək, Zəngilan və Şuşa məscidləri, "Ağ şəhər" Kompleksi Venesiya Biennalesində təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

Milli Teatr Gününün 152-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə martın 10-dan 17-dək 6-14 yaş arası uşaqlar üçün “1-ci Uşaq Teatr Festivalı” keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu unikal tədbir Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəslin mədəniyyətə marağının artırılması məqsədini daşıyır.

Festival çərçivəsində 15 komanda iştirak edəcək, hər bir komanda 10 nəfərlik heyəti keçmədən iştirak edə bilər. Komandalar tərəfindən təqdim olunacaq tamaşalar 20-35 dəqiqə davam edəcək və yalnız Azərbaycan xalq nağılları əsasında hazırlanacaq. Bu yanaşma, uşaqların milli irsimizə bağlılığını möhkəmləndirməklə yanaşı, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan yaradacaq.

Festivalın məqsədi mədəni irsimizi qorumaqla yanaşı, uşaqlara komanda şəklində işləmə bacarıqları qazandırmaq, səhnə mədəniyyəti ilə tanış olmalarına və öz istedadlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.

Layihənin ideya müəllifi Azərbaycan İncəsənət Məktəbinin (AİM) direktoru Tural Əliyev, layihənin rəhbəri Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin metodisti Dağlar Yusif Əfəndi, layihənin bədii rəhbəri AİM-in təsisçisi Fərid Bağırov və layihənin koordinatoru məktəbin meneceri Rübabə Hüseynovadır.

AİM festivalın təşkilində mühüm rol oynayaraq uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və mədəni irsimizin təbliği işinə töhfə verir. Məktəb həmçinin bu layihə vasitəsilə uşaqların teatr sənətinə olan marağını artırmağı hədəfləyir.

Festivalda iştirak etmək istəyən komandalar üçün qeydiyyat prosesi artıq başlamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

 

Ölkədə ilk dəfə keçirilən Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində festivalın üçüncü günü Azərbaycan Milli İncəsənət Muzeyində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə "Musiqinin ruhu" adlı konsert proqramı baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, konsertdə bəstəkarın “Min bir gecə” baletindən Şəhrizadın şənliyi, Orgiya, Zərrin Əliyevanin ifasında Sevgi rəqsi, həmçinin “Nizami” simfoniyası səsləndirilib.

Həmin gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi və dirijorluğu ilə konsert proqramı keçirilib. Konsertdə Əməkdar artistlər Çinarə Heydərova (qanun), Xəyyam Məmmədov (kamança), Aqşin Abdullayev, ifaçılar Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nurlan Əzizbəyli, Taleh Yahyayevin ifasında "Muğam poema", "Gülərəm gülsən", "Mən səni araram", "Laylay", "Evləri var xana-xana", "Kor ərəbin mahnısı" səsləndirilib.

Həmçinin orkestrin ifasında “Gözün aydın” musiqili komediyasından rəqs, "Kürd ovşarı" simfonik muğamından fraqmentlər, “Min bir gecə” baletindən Şəhrizadın şənliyi hərarətli alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

 

 

 

Fransa Milli Assambleyasının üzvü Azərbaycanın Fransada sabitliyi pozmağa çalışdığını, ölkəsinin xarici və daxili siyasətindəki qeyri-sabitliyə görə Azərbaycan diplomatlarının məsuliyyət daşıdığını bildirib. Görünür, Makron hökuməti diplomatik uğursuzluqlarına günahkar axtarır. Şübhə doğurmayan məqam isə odur ki, anti-Azərbaycan ritorikası Fransanın xarici və hətta paradoksal olsa da, daxili siyasətinin mərkəzi komponentinə çevrilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham qlobal yəhudi mediasının nəhəngi, ABŞ-də yayımlanan “Jewish Press”də dərc olunmuş “Fransa Azərbaycan və Ermənistan arasında” sərlövhəli məqaləsində yazıb.         

Fransanın Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə sabitliyi pozmağa yönələn siyasətinin təhlili aparılan yazıda qeyd olunub ki, Azərbaycan və Gürcüstan gündəlik məsələləri özləri həll etməkdən ötrü regional əməkdaşlıq üçün yeni platforma yaratmağa çalışırlar. Çünki kənar müdaxilə bölgədə sabitliyi pozan əsas amil kimi görünür. Buna baxmayaraq, Qərb dövlətlərinin, xüsusən də Fransanın siyasəti regionun inkişafına mane olur.

Bildirilib ki, Cənubi Qafqaz hər bir siyasi addımı və manevri izləyən xarici oyunçuların daimi nəzarətindədir. Bu ölkələr öz geostrateji məqsədlərinə çatmaq üçün diplomatiyadan istifadə edirlər. Tarix göstərir ki, ardıcıl olaraq bu və ya digər tərəfi dəstəkləyən xarici oyunçuların müdaxiləsi parçalanmaları daha da gücləndirməklə həddindən artıq qütbləşməyə, düşmənçiliyə gətirib çıxarır. Bu baxımdan müəllif Azərbaycanı xarici təsirlərə boyun əyməyi qəbul etməyən və Ermənistanla sülh danışıqlarında üçüncü tərəfin iştirakına razı olmayan ölkə kimi səciyyələndirib.

Diqqətə çatdırılıb ki, Azərbaycanla Ermənistan arasında mübahisədə mərkəzi oyunçuya çevrilən Paris İkinci Qarabağ Müharibəsindən sonra İrəvanın himayədarı rolunu öz üzərinə götürüb. Fransa uzun müddətdir ki, ardıcıl olaraq Ermənistanı dəstəkləyir və bu, mediada işıqlandırılan təmayül deyil, artıq təsdiqlənmiş faktdır. Belə ki, Fransa həddindən artıq və yanlış tənqidlərə görə Azərbaycanla münasibətlərini itirmək riski ilə üz-üzədir.

Avropa İttifaqının (Aİ) Azərbaycan-Ermənistan münaqişəsinə qarışması məsələsinə toxunan müəllif əmindir ki, Aİ Azərbaycanla əlverişli iqtisadi münasibətlərə baxmayaraq, demək olar ki, açıq şəkildə Ermənistanın tərəfini tutub. Bakı ehtiyat edir ki, Avropanın, xüsusən də Aİ-nin Ermənistandakı missiyasının (EUMA) iştirakı sülh prosesinə xələl gətirər və Ermənistanda sülhə qarşı çıxan revanşist qrupları dəstəkləyər. Bundan əlavə, Azərbaycan EUMA-nın güclü üzv dövlətlərin təsiri altına düşmədən Aİ-nin bir bölməsi kimi muxtar fəaliyyət göstərə bilməsindən narahatdır və bu da Fransa hərbçilərinin missiyada birbaşa iştirakı ilə bağlıdır.

Ermənistanla Azərbaycan arasında hərbi kampaniyanın başa çatdığına və iki ölkənin bir neçə məsələ istisna olmaqla, münaqişə ilə bağlı əksər məsələləri danışıqlar yolu ilə nizamladığına diqqət çəkən müəllif Parisin İrəvana verdiyi dəstəyi gərginliyi artırmaq, münaqişəni qızışdırmaq cəhdi kimi xarakterizə edib. “Aydındır ki, fransızlar öz siyasi və diplomatik məqsədləri üçün Cənubi Qafqazda münaqişənin saxlanmasında maraqlıdırlar”, - tanınmış jurnalist sonda vurğulayıb.                                                

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jewishpress.com/blogs/dona-gracia-center/france-between-azerbaijan-and-armenia/2025/03/02/

 

Materialı portalımıza Diasporla İş üzrə Dövlət Komitəsi təqdim etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi.“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bu gün8 Mart-Beynəlxalq Qadınlar Günüdür və bu münasibətilə ötən gün Oğuz rayon Mədəniyyət Mərkəzində "Qadınlar bəşəriyyətin bəzəyidir" adlı ədəbi-musiqili tədbir təşkil edilib.

 

Tədbirdə Dövlət himnimiz səsləndirildikdən sonra, Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhid olan oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Ağababayev çıxış edərək, Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdül-Qədirovun adından tədbirdə iştirak edən qadınları 8 Mart Qadınlar Bayramı münasibətilə təbrik edib. Dövlətimizin gender-bərabırliyi siyasətindən, görülən örnək işlərdən danışaraq qeyd edib ki, bu gün ölkədə qadınların hər bir sahədə fəal iştirak etməsi üçün imkanlar yaradılıb.

Oğuz rayon Mədəniyyət mərkəzinin təşkilatçılığı, Oğuz rayon Musiqi məktəbinin müəllimlərinin yaxından iştirakı ilə təşkil edilən ədəbi -musiqili tədbirdə "Şur" instrumental musiqi qrupunun üzvlərinin çıxışları başlayıb.  Tədbirdə qonaq qismində iştirak edən Gültən Bəkirova, Şəms Hacıyeva, Zülfüqar Abdullayev, Elnur Kərimov, Məhəmməd Babayev tamaşaçılar qarşısında rənga-rəng musiqilər ifa ediblər.

Həmçinin Oğuz rayon Mədıniyyət mərkəzinin əməkdaşı Mirməhəmməd Malıyev, Musiqi məktəbinin müəllimləri Elşən Bəşirov, Mehran Rüstəmov, Müşfiq Üzeyirov, Tərlan Mikayılov tərəfindən musiqilər ifa olunub. "Sevinc" rəqs qrupunun üzvləri öz rəqsləri ilə tədbirə rəng qatıblar.

Tədbirin təşkilində, rayonun kənd klublarının əməkdaşları da fəal iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

  Tarixin səhifələrində adını qanla yazan qadınlar var. Əlində qılınc, ürəyində od, baxışlarında irfan olan qadınlar… Tomrisin səsi hələ də çöllərdə əks-səda verir: “Mənim qövmümü qıranla elə eyni qədəhi bölüşmərəm!” O, qanla yazılan tarixin içində öz taxtını qurdu. Ancaq tarix qadını təkcə döyüş meydanlarında deyil, sözdə, ruhda, hikmətdə də yazdı.

 

 Türk qadını yalnız ana deyil, yalnız sevgili deyil, yalnız hökmdar deyil. O, bunların hamısıdır və bundan da artıqdır. Onu yalnız bir obrazın içində sıxışdırmaq, köklərini görməmək deməkdir. Onun bir əlində beşik, bir əlində qılınc var; bir sözündə mərhəmət, bir baxışında hökm var.

 Tarix bizə “böyük hökmdarları” xatırladır. Bəs o hökmdarların arxasında dayanan qadınları? Orxon-Yenisey yazılarında qadın adı bir hökmdarla yanaşı çəkilir. Bilgə Kağan anasını   ehtiramla yad edir, onları dövlətin sütunu adlandırır. Orxon yazılarında belə deyir:

 “Teŋri teg Teŋride bolmış Türk Bilgä Kağan bu ödke olurtum. Özüŋüm üçün tün udım, kün tutaq udım. Eçüm apam üçün, bodunum üçün udım.”

(“Tanrı kimi Tanrıda doğulmuş Türk Bilgə Kağan bu taxta oturdum. Özüm üçün gecə yatmadım, gündüz istirahət etmədim. Atam, anam və xalqım üçün çalışdım.”)

 Türklər üçün qadın sadəcə ailənin qoruyucusu deyil, elin də qoruyucusudur. Kül Tigin kitabəsində yazılır:

“İçrigə kirgən yağıqa qarşı, ana böri teg kuruştılar.”

(“İçəri girən düşmənə qarşı, ana qurd kimi döyüşdülər.”)

 Ana-qurd… Bozqırların qadını qurd kimidir. O, nəinki ailəsini, bütöv bir xalqı qoruyur. Düşmən onun evini yandıra bilər, amma ruhunu əsla sındıra bilməz.

 Bilirik ki, tarix kişilərin yazdığı bir dastandır. Amma bəzən elə qadınlar çıxır ki, onların adını tarix özü yazmağa məcbur qalır. Tomris Xatun qəzəbini göz yaşlarıyla deyil, düşmənin qanı ilə soyudan bir qadındır. O, ərini və oğlunu öldürən Kirə qarşı çıxanda bütün dünya onun iradəsinin qarşısında diz çökdü. “İç bu qədəhi, Kir! İstədiyin qan idisə, al, doyunca iç!” – onun son sözü bu oldu.

 Ancaq Tomris tək deyildi. Buka Xatun Uygur xaqanlığının idarəsində söz sahibi oldu. O, döyüşlərdə kişilərlə çiyin-çiyinə dayanır, qərar verəndə hökm edirdi. Sürəyya Sultan isə Osmanlı sarayında sadəcə bir gözəllik simvolu deyildi. O, dövlət işlərində, siyasətdə ağıllı addımları ilə iz qoydu.

 Tarix qılıncla yazılsa da, ədəbiyyat sözlə yazılır. Və sözün içində qadın hər zaman var. “Dədə Qorqud” dastanında qadınlar yalnız gözəl, zərif varlıqlar kimi təqdim edilmir. Burla Xatun düşmənə əsir düşdüyündə sındımı? Xeyr. O, düşmənə göz yaşlarıyla yalvarmadı, gücünü göstərdi, onlara meydan oxudu. Banuçiçək sevdiyi oğlanla yarışmadan evlənmədi, onunla döyüş meydanında tanış oldu. Bu dastanlar deyir ki, türk qadını öz talehini özü seçir.

 Klassik ədəbiyyatda isə qadın, həm sevginin, həm də dərdin simvoludur. Füzuli Leylini elə təsvir edir ki, o, təkcə gözəl bir sevgili deyil, Məcnunun eşq yolunda bir kamillik mənbəyinə çevrilir. Leyli burada passiv bir qəhrəman deyil. O, sevgini sadəcə yaşamaq üçün yox, ruhunu dərinləşdirmək üçün seçir. Nizaminin “Xosrov və Şirin”ində isə Şirin yalnız eşq arxasınca qaçan bir qadın deyil. O, öz qərarlarını verən, iradəli, azad düşünən bir hökmdardır.

 Tarixin və ədəbiyyatın qadını təkcə döyüşçü və sevgili deyil. O, həm də anadır. Və ana olmaq, sadəcə bir övlad dünyaya gətirmək deyil, bir millət yetişdirməkdir. “Manas” dastanında Manasın anası onu bir qəhrəman kimi böyüdür. “Alpamış” dastanında isə qadın övladına döyüşməni, haqsızlığa boyun əyməməyi öyrədir.

 

 Türk atalar sözlərində ananın yeri əbədidir:

•“Ana kimi yar, Vətən kimi diyar olmaz.”

•“Ananın duası dağları yerindən oynadar.”

 

Bunlar sadəcə söz deyil, minilliklərin bizə ötürdüyü bir həqiqətdir.

 Bu günün qadını: Keçmişin kölgəsindən çıxan güc

 Bu gün 8 Martdır. Və bu gün bizə hədiyyə edilmiş bir gün deyil, qadınların mübarizəsi ilə qazanılmış bir gündür. Tarixin dərinliyində qalan Tomrislərin, Burla Xatunların, Şirinlərin səsi bu gün də eşidilir. Amma indi o səs yalnız döyüş meydanlarında deyil, sinif otaqlarında, laboratoriyalarda, parlamentlərdə, kitab səhifələrində də özünü göstərir.

 Türk qadını keçmişin ruhunu daşıyır, amma o ruhun içində əsla qalmır. O, dəyişir, inkişaf edir, dünyanı dəyişdirir. Və bu dəyişimin kökləri bozqırların ortasında başlayan bir dastana gedib çıxır.

 Bu gün qadın təkcə tarixdə deyil, sabahın da əsas qurucusudur. Və onun gücü, səsi heç vaxt itmir – çünki o səs min illərdir ki, bizə yol göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

 

79 -dən səhifə 2130

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.