Super User
Yağış yağacaq, bəzi yerlərdə leysana keçəcək
Milli Hidrometeorologiya Xidmətin sabaha olan hava məlumatını açıqlaylb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 %-ə çatacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 9-14° isti olacaq.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
AYB rəsmisi vəfat edib
Yazıçı, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Vaqif Əlixanlı vəfat edib.
Mərhum ilə vida mərasimi sat 13:00-da Təzəpir məscidində baş tutub. Dəfn mərasimi isə saat 15:00-dan etibarən Qurd qapısı qəbiristanlığında keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ko, Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Qubanın Yerfi kəndində anadan olub. "Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişlərinin yaradıcılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri yüksək peşəkarlığı ilə seçilib. 1976-cı ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə bədii şuranın üzvü olub, həm də direktor müavini vəzifəsini icra edib.
1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunub.
2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan "Qobustan" incəsənət jurnalının baş redaktoru olub.
Yazıçılar, Jurnalistlər Birliyinin, Teatr Xadimləri İttifaqının üzvü olub.
Tanınmış televiziya və radio xadimi Şəfəq Əlixanlı mərhumun həyat yoldaşı idi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
“ASAN xidmət”in süni intellekt həlləri beynəlxalq forumda
Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib. Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin və Türk Dövlətləri Təşkilatının birgə reallaşdırdığı tədbirdə süni intellektin gələcəyi və sosial-iqtisadi inkişafdakı rolu müzakirə edilib.
Forumda süni intellekt sahəsində ixtisaslaşmış şirkətlərdən və Təşkilata üzv ölkələrin rəhbər şəxslərindən ibarət 200-dən çox nümayəndə iştirak edib. Əsas məqsəd dövlət və özəl sektorda müvafiq sahənin inkişafı ilə bağlı regional əməkdaşlığın və rəqəmsal transformasiyanın gücləndirilməsi, araşdırmaların və innovasiyaların təşviqi olub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi “Süni intellekt tənzimlənməsi və dövlət xidmətlərinin göstərilməsi” panelində çıxış edib. “Ədəbiyyat və incəsənət” portalına agentlikdən verilən məlumata görə, nümayəndəmiz “ASAN xidmət”in süni intellekt strategiyası, süni intellektin dövlət xidmətlərinə tətbiqi barədə məlumat verib. Müzakirələrdə həmçinin dövlət xidmətlərində süni intellektin tətbiqi üzrə ümumi yanaşmanın formalaşdırılması və bu sahədə iştirakçı ölkələr arasındakı əməkdaşlıq imkanlarından söz açılıb.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
Günün fotosu: Varlılar da ağlayır
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
İspaniyanın paytaxtı Madrid şəhərinin 40 iri məhəlləsinin sakinləri evkirayələri məbləğinin azaldılması üçün etiraz yürüşü keçiriblər.
Ataça vağzalından ta ki mərkəzə - Pasep-del-Pradoyadək yürüyən etirazçılar hakimiyyətdən münasib evkirəsi qiymətləri tələb ediblər.
“Qiymətləri aşağı salın. Biz dolana bilmirik. Salmasanız, tətilə başlayacağıq” deyən kütlə hökuməti razı salacağına əminlik ifadə edir. Təşkilatçı olan Sindicato de Inquilinas adlı həmkarlar ittifaqı və digər təşkilatlar da nikbindirlər.
Etirazçıların orta əməkhaqqı təqribən 2000 avro, bizim pulla 3800 manatdır. Evkirayəsi pulu isə təqribən Bakıdakı ilə eynidir.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
Rəsm qalereyası: Alan Ayers, “Pəncərə önündə qız”
Əsas kapitala yönəldilmiş investisiyaların 72 faizdən çoxu tikinti işlərinə sərf olunub
Cari ilin yanvar-sentyabr aylarında əsas kapitala 12 milyard 711,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz az investisiya yönəldilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Məlumatda bildirilr ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,6 faiz azalıb. İstifadə olunmuş investisiyanın 6 milyard 302 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 743,8 milyon manatı (37,3 faizi) xidmət sahələrinə, 1 milyard 665,3 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 578,7 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 9 milyard 193 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
”Göründükləri kimi olmalıdır insanlar.
Əgər deyillərsə, heç görünməsələr, daha yaxşıdır.” (Uilyam Şekspir)
Musa bəy, bu tip insanlara nə tövsiyə edərdiniz?
CAVAB
Dahi Şekspir gözəl deyib. Üzünə üz çəkməklə insan təzələnə bilməz. Saxta sevginin, yalan sözün, süni rəftarın ömrü çox qısa olur. O cür insanlara sadəlik, səmimiyyət, saflıq, təmizlik, ləyaqət, böyük insanlıq tövsiyə edərdim. Onlar təbiətə üz tutsalar, fəsillərin ahəngdarlıqla bir-birini əvəz etməsini, axşamın-sabahın vaxtlı-vaxtında bərqərar olmasını izləsələr və bu haqda dərin-dərin düşünsələr, öz naqisliklərini daha yaxşı dərk edərdilər. Təəssüflər olsun ki, bu gün cəmiyyətdə belə insanlar çoxdur, lap çoxdur. Bu da vaxtilə belə insanlara yazdığın şeirdən yadımda qalan sətirlərdir:
Az çək özünü,
Çəkiyə gələsi nəyin var axı?
Uca-uca zirvələrin yanında.
Qəlbi-qəlbi çinarların yanında.
Uzun-uzun ağ yolların yanında...
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Yaxşı ki, qanadı tək deyil quşun...“ şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Şair bu dəfə “Yaxşı ki, qanadı tək deyil quşun...” deyərək şükür edir.
Xoş mütaliələr.
Yaxşı ki, qanadı tək deyil quşun...
Deyirlər allahdan gözəli yoxdu,
Onun da boyunu görə bilmədim.
Bir sevgi böyütdüm canımda, ancaq
Heyif ki, toyunu görə bilmədim.
Bəlkə son güllədi sonuncu yarpaq?-
Payız da beləcə tərksilah olur.
Hərdən ürəyiylə döyüşür adam-
Ürəyi üstündə tək silah olur...
Yağış gətirmişəm o göy üzündən,
Kövrək buludları ağlatmışam mən.
Mən də yalançıyam- özüm özümü
Yüz dəfə ümidlə aldatmışam mən.
...Yaxşı ki, qanadı bir cütdü quşun-
Yaxşı o tüfəngin tək lüləsi var.
Kibrit çöplərindən ev tikənlərin
Evinin alışmaq təhlükəsi var..
Ədəbiyyat və incəsənət”
(15.10.2024)
“Həyat səninlə gözəldir” - Xuraman Hüseynin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xuraman Hüseynin şeirləri təqdim edilir.
Vətən sevgisi
Vətəni elə sevdiniz,
Vətənə sevginiz qaldı.
Hər küçədə, hər cığırda
Bu sevgidən bir iz qaldı.
Sizlər bizim yolumuzda
Canınızdan keçmisiniz.
Torpağı yaşatmaq üçün
Qanınızdan keçmisiniz.
Məğlub etdiniz düşməni,
Bizdən gen qaçır qəm, kədər.
Vətəni necə sevməyi
Qanıyla yazan şəhidlər!
Köç karvanı
Həsrət yoluyla insanın
Arzusu, gümanı gedir.
O yolla keçən günlərin
Yaxşısı, yamanı gedir.
Bu da gözlədiyimiz gün,
Avazı gəldi bülbülün.
Bir xoş anı görmək üçün
İnsanın zamanı gedir.
Gözümüz yaş içən yerdən,
Günlərimiz keçən yerdən,
Nisgilimiz köçən yerdən
İndi köç karvanı gedir.
Böyük Qayıdış
Qoynundan
didərgin düşdüyümüz anamız
Vətənə dönürük,
geri qayıdırıq
həsrətimizi bağrımıza basaraq.
Ayaq izlərimizin
xiffətini çox çəkib
gəldiyimiz yollar.
Vüsalla bitir
İllərin ayrılığı.
Sağalan yaralar
unudur ağrılarını,
gülür ağlayan gözlərimiz.
Vətənimiz xoşbəxt günlərini yaşayır.
Həsrətimizi, nisgilimizi
düşmənin ayaq izləri kimi
tapdalayaraq
gəldiyimiz yerə qayıdırıq.
Məğlub olan, uduzan
kiçik adamları
tarixin zibil yeşiyinə atır
Böyük Qayıdış.
Qayıdırıq sənə,
Vətən!
Həsrət bizi bir az da
böyüdüb,
Qayıdışımız da böyükdür.
Əsrlərlə, illərlə deyil,
44 günə qazanılan
böyük Zəfər və geri dönüş!
Qoparıb həsrətdən
qübar bağlayan
ürəyimizin qaysağını, xoş gəlirik,
Vətən, sənə xoş gəlirik!
Bayraq adam
Milli Qəhrəman Natiq Qasımova
Alban kilsəsində beş gün ac-susuz
Döyüşdün, vuruşdun vətənin üçün.
Bayrağı vermədin namərd düşmənə,
Bayraq sevgin ilə dastana döndün.
Qoruyub Xocalı əsirlərini,
Özün təslim oldun o yağılara.
Sənintək qəhrəman oğlu olan xalq
Heç məğlub olarmı, düşərmi dara?
İgidlər qoruyar ana torpağı,
Bir evi yaşadan sönməz ocaqdır.
Sən də vətən üçün şəhid olmusan,
Şəhidlər əbədi yaşayacaqdır.
Qönçələr solmayacaq
Didərgin düşdünüz yurdunuzdan,
Məcburi köçkün oldunuz vətəndə.
Birləşib bir olduq,
"İtiqovan"la qovduq
sizi didərgin edənləri.
Qönçələr solmayacaq,
göz oxşayacaq güllər, çiçəklər.
Vətəndə didərgin olmayacaq,
hamı öz yurduna, evinə köçəcək.
Gözlər sevincdən ağlayacaq,
Yanaqlarda izi qalmayacaq
dərddən axan göz yaşlarının.
Həyat səninlə gözəldir
Düşmən işğal etdi səni,
uçdu, dağıldı
şəhərlərin, kəndlərin.
Nə qədər ömür yarıda qaldı,
sındı həyatların pəncərələri.
Bizim də ürəyimiz sındı
İllər öncə xəyanətini
bağışladığımız qonşunun
yenə xəyanət etdiyini
görüncə.
Qırıldı sülh göyərçininin
qanadları da.
Gec tanıdıq düşməni.
Saf ürəyimiz
daşqəlbli düşmənin
qarşısında
sınmayacaq bir də.
O ürəyi qoruyan
igid oğullar var.
Onlar əyilməyə, sınmağa
qoymayacaqlar səni.
Həyat səninlə gözəldir
Vətənimizin
gözünün qarası - Qarabağ!
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Mal kəlləsindən xaşlama
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mal kəlləsindən xaşlamanın
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Mal kəlləsi – 234 qr
§ Soğan – 40 qr
§ Kök – 40 qr
§ Dəfnə yarpağı – 3 qr
§ Duz – 6 qr
§ İstiot (dənəvər) – 0,05 qr
Xörək əlavəsi:
§ tərəvəz turşusu – 20 qr, meyvə turşusu (məti) – 20 qr, sirkə
– 10 qr, sarımsaq – 2 qr, nar dənəsi – 15 qr, göyərti – 8 qr
HAZIRLANMASI:
Malın kəllə hissəsinin dərisi so- yulur, alt çənəsi dili ilə birgə oynaq yerindən iti bıçaqla çıxarılır. Dil alt çənədən ayrılır. Əti üstündə olan alt çənə bir neçə yerə bölünərək yuyulur, xırda sümüklərdən təmizlənir. Qazana yığılır və üzərinə su əlavə olunur. Qaynayana yaxın suyu atılır və yenidən 1:2,5 nisbətində su əlavə edilir. Qaynadıqca kəfi alınır. Həll bişməyi üçün 2-2,5 saat vaxt tələb olunur. Ət yarıbişmiş vəziyyətdə olduqda qazana bütöv halda baş soğan, dənəvər qara istiot, kök, duz, tam bişənə yaxın dəfnə yarpağı vurulur. Tam bişdikdə, suyu azaldıqda ocaqdan götürülür. Sümükdən ayrılır, xırdagözlü ələkdən tənzif qoyulub süzülür. Ət və işgənə qazana əlavə olunur. Süfrəyə yanında tərəvəz turşusu, meyvə turşusu (məti), sirkə-sarımsaq, nar dənə- si, göyərti ilə verilir.
QEYD: Tərəvəzlər sonradan istifadə olunmur, onlar
yalnız xörəyin dad, tam və görünüşünü dəyişmək üçündür. Ümumiyyətlə, hər bir xörəyin incəliyi olduğu kimi, bu xörəyin də öz incəliyi var. Soyuq xaş kimi də süfrəyə vermək olar.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)