AYB rəsmisi vəfat edib

 

Yazıçı, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Vaqif Əlixanlı vəfat edib.

Mərhum ilə vida mərasimi sat 13:00-da Təzəpir məscidində baş tutub. Dəfn mərasimi isə saat 15:00-dan etibarən Qurd qapısı qəbiristanlığında keçirilir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ko, Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Qubanın Yerfi kəndində anadan olub. "Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişlərinin yaradıcılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri yüksək peşəkarlığı ilə seçilib. 1976-cı ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə bədii şuranın üzvü olub, həm də direktor müavini vəzifəsini icra edib.

1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunub.

2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan "Qobustan" incəsənət jurnalının baş redaktoru olub.

Yazıçılar, Jurnalistlər Birliyinin, Teatr Xadimləri İttifaqının üzvü olub.

Tanınmış televiziya və radio xadimi Şəfəq Əlixanlı mərhumun həyat yoldaşı idi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.