Super User
Sağlam qidalanma, Şef və Evsiz pişiklər Günüdür bu gün
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə hansı əlamətdar hadisələr təsadüf edir? Gəlin birlikdə təqvimimizi vərəqləyək.
16 oktyabr. Ümumdünya Anestezioloq Günü
Ağrıya qarşı hamı həssasdır. Ən mürəkkəb tibbi müdaxilələrdə “narkoz” deyə tanıdığımız anestezioloji preparat ağrının şiddətini azaldaraq, yaxud tam kəsərək bizim bu müdaxilələrə tab gətirməyimizə yardımçı olur. Bu prosesi icra edən mütəxəssislər anestezioloqlardır ki bu gün də onların günüdür. Tarixin ilk belə mütəxəssisi qədim yunan təbibi və filosofu Dioskorid hesab olunur, o, eramızdan əvvəl 1-ci əsrdə Roma ordusunda təbiblik edərkən imperator Nerona məruzə edib ki, mandraqordan hazırlanmış yuxugətirici və ağrıkəsici məlhəmləri yaralı əsgərlərə içirdəndən sonra onların üzərində cərrahi əməliyyat aparmaq daha rahat və asan olur. 1846-cı ilin 16 oktyabrında isə amerikalı stomatoloq və cərrah Uilyam Morton ümumi narkoz düzəltmək üçün anesteziyadan ilk dəfə istifadəni publikaya göstərib.
Anestezioloqları təbrik etməyəkmi? Edək. Yetər ki onu da deyək ki, mədəniyyət xadimləri də cəmiyyətin anestezioloqlarıdır, onlar ədəbiyyat, musiqi, kino kimi janrlarla mənəvi insan ağrılarını keyləşdirməyə borcludurlar. Keyləşdirə bilirlərmi, bax bu ayrıca söhbətin mövzusudur.
16 oktyabr. Ümumdünya Sağlam Qidalanmaq günü
Həmən bu gün fəst-fud yeməkdən, qazlı şirin içkilər içməkdən, tütün və alkoqoldan uzaq durun. Bircə günsə bunu edin. Süfrələrdən uzaq düşmüş təbii ərzaq düzün süfrəyə. Nehrə yağı, camış qaymağı, şanı balı, kənd yumurtası, xaş-xaşlı şor yeyin səhər-səhər, günortaya unudulmuş dədə-baba yeməklərindən hazırladın, məsələn, birinciyə əvəlikli isti. İkinciyə səbzi-qovurma. Üstündən təzə sıxılmış nar, yaxud üzüm çirəsi için. Bəh-bəh. Şam yeməyinə də bir cam camış qatığı ilə təzə inək südünü qarışdırıb təzə təndir çörəyi ilə birlikdə doğramac edib gözünüzə təpin. Bundan sağlam qidanı ağlınıza belə gətirməyin. (Bunları əldə etməyin göydən ulduz qoparmaq qədər çətin olduğunu üzümə vurmayın, siz öz canınız).
16 oktyabr. “Sonuncu mogikan”
Ümumdünya ərzaq günüdür həm də bu gün. Soyuducusu ərzağa tamarzı insanlara yetər ki, bir-iki ərzaq alıb verəsiniz.
Şef günüdür. Müdirləri təbrik etmək təvəqqe olunur. Bunu etməsəniz də olar. Əksər müdirlər onsuz da tabeçiliklərində olan işçilərinin hüquqlarını pozub özləri üçün cənnəti bu dünyada təmin edirlər.
Allerqoloq günü. Pis bəladır, Allah qorusun sizi, allerqoloqlara işiniz düşməsin. Mən burdaca sizə bu mərəzin ən ağlagəlməz növü barədə danışmaq istəyirəm. Çiyələkdən, sitrusdan, göbələkdən allergiyası olanlar var, tozdan, günəşdən allergiyası olanlar var. Deməzsənmiş, pul əskinaslarından da allergiya mümkündür. Adam var ki, əli pula toxunanda bədəni səpib alışıb-yanır. Yazıçı Varis bu mövzuda bir hekayə də yazıb, “Sonuncu mogikan” adlanır. İnternetdə adını yazsanız çıxacaq, oxuya bilərsiniz.
Ümumdünya onurğa günüdür. Onurğanızı qoruyun mütləq.
Evsiz pişiklər günüdür. Rastınıza çıxan küçə pişiklərinə bir şey verin yesinlər.
Bədnam qonşularımızda mətbuat günüdür. Qaraya ağ, ağa qara yazmaq üzrə ixtisaslaşmış erməni mətbuatı bu gün ən böyük yalançıları mükafatlandıracaq. ABŞ bəs neynəyəcək? Milli likyör gününü qeyd edəcək. Vur ki vurasan.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
Məmməd Araza ithaf
“Ədəbiyyat və incəsənət” portalının “Redaksiyamızın poçtundan” rubrikasında sizlərə Çoşqun Xəliloğlunun Xalq şairi Məmməd Arazıa həsr etdiyi şeir təqdim ediləcək. Şeir “Mənəviyyat zirvəsisən” adlanır. Xatırladaq ki, ötən gün Məmməd Arazın növbəti ad günü qeyd edildi.
Mənəviyyat zirvəsisən
Şeiriyyət dünyasında
Tükənməyən sözün vardır.
Keçdiyin çətin yollarda
Pozulmayan izin vardır.
Xalqa sevgi səadətdir,
Xalqımıza sədaqətdir,
Hər addımın ləyaqətdir,
Hər addımda “özün” vardır.
Sevdan ilahi sevdadır,
Səsin əbədi sədadır
Azərbaycan bir dünyadır,
Çiçək açan arzun vardır.
Xalqımın iftixarısan,
Şeirimizin baharısan,
Sönməz işıq, ziya, nursan,
Gur çalınan sazın vardır.
Çox sevirdin bu torpağı,
Vəsf etdin qayanı, dağı,
Naxçıvanı, Qarabağı -
Hər evdə avazın vardır.
Kür, Araz kimi çağladın,
Uluları soraqladın,
Yaxşılara bel bağladın
Hər ocaqda közün vardır.
Mənəviyyat zirvəsisən,
İlahinin töhfəsisən,
Ədalətin gur səsisən,
Nur tökülən üzün vardır.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Elmira Axundova, “Sevmək haqqı”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
ELMİRA AXUNDOVA,
Xalq yazıçısı
SEVMƏK HAQQI
(“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabından parça)
İki gəncin tanışlıq tarixi mənə təfərrüatı ilə bəlli deyil. Ancaq düşünürəm ki, bu ya 1951-ci ilin sonunda, ya da 1952-ci ilin əvvəlində, hər ikisi 29 yaşında olan vaxt baş verib.[1] Yaşıdlarının çoxunun bu yaşda artıq məktəbə gedən övladları vardı. Niyə nə Zərifə, nə də Heydər həmin vaxta qədər özlərinə sonrakı həyatlarını birgə yaşayacaqları ömür-gün yoldaşı tapmamışdı?
Yəqin ki, o vaxta qədər ikisinin də sevgi tarixçəsi olmuşdu. Heydərin yeniyetməlik illərində Sona adlı bir qıza məhəbbəti məlumdur. Bu barədə müəllifin “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildlik romanının birinci kitabında ətraflı söz açılıb. Zərifə ilə maraqlananlar da, təbii ki, az olmamışdı. Açıq danışaq: atası elmi və dövlət idarəçiliyi dairələrində nüfuzlu adam idi. Şəhərin tanınmış ailələrinin bir çoxu Əziz Əliyevin ailəsi ilə qohum olmaq istəyərdi. Zəhra xanım söhbətlərinin birində demişdi: “Zərifənin xeyli pərəstişkarı vardı. Onunla ailə qurmaq istəyənlər həddən çox idi”.
Amma, çox güman ki, gənc qızın gələcək həyat yoldaşına tələbləri çox yüksək imiş. Görünür, müəyyən vaxta qədər ürəyi də sevgi çağırışlarına cavab verməyibmiş. Bu səbəbdən də anasının və bacılarının Zərifənin həddən çox seçim etməsi və belə getsə, axırda evdə qalacağı ilə bağlı şikayət və narahatlıqlarına baxmayaraq, o bütün namizədləri qapıdan qaytarırdı. Zərifə xanım isə, bir daha təkrar edirəm ki, öz seçimində və qərarlarında tam sərbəst idi. Həm də gənc qızların hamısı kimi, o da bütün varlığı ilə sevəcəyi və taleyini əsla tərəddüd etmədən tapşıracağı yeganə insanı axtarırdı.
Həmin adam Heydər Əliyev oldu. Boyu az qala iki metrə çatan mavigözlü, yaraşıqlı gənc bir dəfə onların mənzilinin astanasında görünəndən sonra qısa müddətdə özünü bütün ailə üzvlərinə sevdirə bildi. Xüsusi xidmət orqanlarında çalışan cavan oğlan zahirən yaraşıqlı olması ilə yanaşı, yüksək intellekt, erudisiya, ətrafındakıları maqnit kimi özünə cəlb etmək kimi xüsusiyyətlərə malik idi. Gənclər bir-birinə doğru addım atdılar və təbii ki, Zərifənin əvvəlki inadkarlığı birdəfəlik yoxa çıxdı.
Əziz Əliyevin ailəsini yaxından tanıyan məlumatlı həmsöhbətlərimin ayrı-ayrı replikalarına əsasən güman etmək olar ki, qızının seçimi ilk vaxtlar atanı o qədər də sevindirməmişdi. Ona görə yox ki Heydər Əliyevə qarşı hər hansı bir narazılığı, yaxud iddiası vardı. Yox. Sadəcə, gəncin işlədiyi qurum həmin sərt illərdə o qədər də yaxşı reputasiyaya malik deyildi. Əziz müəllim özü də XDTK-dan və onun uydurma donoslarından az əziyyət çəkməmişdi.
Doğrusu, bilmirəm ata qızını fikrindən daşındırmağa çalışmışdımı, Heydərin təklifinə cavab verməmişdən əvvəl düşünməyi, yaxud hələ bir müddət gözləməyi məsləhət görmüşdümü... Yəqin ki, bu ziyalı ailədə yaxınlarına “təsir göstərmək” ənənəsi mövcud deyildi. Xüsusən də şəxsi münasibətlər, necə deyərlər, “ürək işləri” məsələsində...
Qızını ürəkdən sevən ata başa düşürdü ki, Zərifə bir qədər gecikmiş də olsa, tam düşünülmüş qərar qəbul edib və onu fikrindən daşındırmaq mümkün olmayacaq. Həm də, zənnimcə, qayınatanın gələcək kürəkəninə etimadının əsasında Heydər Əliyevin həmin dövrdə Zərifəyə və Əziz Əliyev ailəsinə münasibətdə çəkinmədən ən yaxşı keyfiyyətlərini ortaya qoyması dayanırdı. Yada salaq ki, 1950-ci illərin əvvəllərində Əziz müəllim Mircəfər Bağırovun həsəd və paxıllığı ucbatından gözdən salınmışdı. Çoxları, hətta sınanmış dostları da ondan üz çevirmişdilər. Heydər isə bu çətin, mürəkkəb vəziyyətə baxmayaraq, nə olursa olsun, Zərifə ilə talelərini birləşdirəcəklərinə bir saniyə də şübhə etmirdi.
Zahiri görünüşü ilə Hollivud aktyorlarını xatırladan Heydər, təbii ki, o vaxta qədərki həyatını rahib kimi yaşamamışdı. Amma ciddi münasibətlər qurmaq fikrini də uzun müddət yaxına buraxmamışdı. Əvvəl buna, sadəcə, imkan yox idi – müharibə, atasının ölümü, yeniyetmə yaşlarında çiyninə düşən böyük ailə yükü... Sonra da uzun müddət ruhunu ələ alıb ürəyinə hakim kəsiləcək bir kimsə ilə rastlaşmamışdı.
Müharibə başa çatandan sonra dostları bir-birinin ardınca ailə qurmağa başlayacaqdılar. 1948-ci ildə Heydərlə sevimli dayısı oğlu Rzaqulu İbrahim İsmayılova toy məclisi keçirməkdə kömək edəcək, sağdış-soldışı olacaqdılar. İbrahim dəfələrlə dostunun, nəhayət, subaylığın daşını atıb ailə qurması ilə bağlı söz açmışdı. Amma Heydər bu söhbəti hər dəfə zarafata çevirirdi. Bir dəfə isə ciddi şəkildə demişdi: “Hələ həyatda öz yerimi tapmayana, ali təhsil almayana, ailəmi normal təmin edəcəyimə arxayın olmayana, müstəqil yaşayacağıma inanmayana qədər evlənməyəcəyəm”. Yəqin ki, bütün bu səbəblər üzündən subaylığın daşını nisbətən gec – 31 yaşında atacaqdı. Həyatının sonunda isə qızı Sevilə etiraf etmişdi ki, əgər övladlarının anası ilə – Zərifə xanımla rastlaşmasaydı, yəqin ki, ömrünün sonuna qədər subay qalacaqdı...
***
... Heydər Əliyev gələcək həyat yoldaşı və onun ailəsi ilə tanışlığı barəsində dəfələrlə danışıb.
Heydərlə Zərifənin məhəbbət tarixçəsində Stalin epoxasının dramatik gerçəklikləri qəribə şəkildə çulğalaşmışdı. Bu elə bir dövr idi ki, yalnız xidməti karyera deyil, şəxsi həyat, insanın ən munis hiss və duyğuları da əllərində böyük güc toplamış hakimiyyət boslarının iradəsi ilə istənilən anda amansızcasına ayaqlar altına atıla, tapdana bilərdi. Tale sanki qəhrəmanımın dözüm və iradəsini yoxlamaq üçün ona bir-birinin ardınca sınaqlar göndərirdi. Heydər Zərifə ilə qarşılaşandan və onunla ailə qurmağa qərar verəndən sonra sevdiyi qızın yanında olmaq üçün yenidən tale ilə döyüşə girməli olmuşdu.
Akademik Cəmil Əliyevlə söhbətdən:
“– Bacınız Heydər Əliyevlə necə tanış olmuşdu?
– Qardaşım Tamerlan Əzizoviç Kislovodska, sanatoriyaya getmişdi. O zaman mehmanxana otaqlarında tək qalmaq mümkün deyildi. İş elə gətirmişdi ki, Heydər Əliyeviçi də qardaşımın yaşadığı nömrəyə göndərmişdilər. Beləliklə, onlar tanış olmuşdular. Tanışlıq qısa müddətdə dostluğa çevrilmişdi. Bakıya qayıdandan sonra isə Tamerlan Heydəri evimizə dəvət etmişdi. Onda hamımız bir yerdə Zevin küçəsində yaşayırdıq. Heydər bizə tez-tez gəlirdi. Belə gəlişlərin birində Zərifəni görmüşdü. Gənclər ilk baxışdan bir-birilərini bəyənmişdilər və tezliklə aralarında ciddi münasibətlər yaranmışdı.
– Valideynləriniz Heydər Əliyevi kürəkən kimi dərhal qəbul etdilər? Hər halda, o, xüsusi xidmət orqanlarında çalışırdı. Bu orqanlara münasibət isə ziyalılar arasında birmənalı deyildi.
– Yox, ona hər hansı bir qərəzli münasibət haqda söhbət gedə bilməz. Geniş erudisiyası, danışığı, rəftarı ilə ilk gündən atamın çox xoşuna gəldi. Hələ gənc yaşlarından Heydər Əliyeviçin güclü xarizması və qeyri-adi dərəcədə cazibədar, insanı özünə çəkən aurası vardı. Atam onu tərəddüdsüz sevdi. Sonralar atamın ölümünə qədər dostluq elədilər. Heydər Əliyeviç atama sonsuz hörmət hissi ilə yanaşır, xətrini çox əziz tutur, hətta deyərdim ki, ilahiləşdirirdi...”
***
Beləcə, Əziz Əliyevin ailəsi üçün çox da münasib olmayan bir vaxtda Heydərlə Zərifə arasında münasibətlər sürətlə inkişaf etməyə başladı. Vəziyyətin maraqlı xarakteri özünü bir də onda göstərirdi ki, gənc zabit gələcək qayınatası ilə bağlı kompromatları araşdıran idarədə çalışırdı.
Situasiyanın mürəkkəbliyi Zərifəni də narahat edirdi – qız fikirləşirdi ki, birdən özü də bilmədən sevdiyi insanın xidməti karyerasına mane ola bilər. Odur ki növbəti görüş zamanı Heydərə demişdi: “Bilirsən, biz daha görüşə bilmərik. Çünki atamı işdən çıxarıblar. Ona qarşı müxtəlif ittihamlar irəli sürürlər. Sən də dövlət təhlükəsizlik orqanlarında işləyirsən. Bundan işinə ziyan dəyə bilər. Görünür, bir yerdə olmaq taleyimizə yazılmayıb”.
Bu söhbətdən az sonra dövlət təhlükəsizlik naziri Yemelyanov Heydər Əliyevi yanına çağırmışdı. Aralarında xoşagəlməz söhbət olmuşdu. General faktiki şəkildə ona Əziz Əliyevin ailəsi ilə bütün əlaqələri kəsməyi əmr etmiş, əks-təqdirdə onu xüsusi xidmət orqanlarından uzaqlaşdırmalı olacağını bildirmişdi. Gənc zabitin Əziz Əliyevin partiya və xalq qarşısında hansı günah işlədiyi barəsində ehtiyatlı suallarına açıq cavab verilmişdi: “Sən hələ gəncsən. Çox məsələlərdən xəbərdar deyilsən. Yoldaş Mircəfər Bağırovun tapşırığı var, bizim də borcumuz icra etməkdir”.
Əslində, Yemelyanovun əmri ona heç bir seçim imkanı qoymurdu. Ya gələcək mənsəb, ya da sevdiyin qız! Bu, Heydər Əliyevin verməli olduğu ciddi mənəvi yetkinlik imtahanı idi. Həmin mürəkkəb dövrdə partiya və hökumətin gözündən düşən, siyasi təqibə məruz qalan adamdan uzaq gəzib-dolaşmağı ən yaxşı çıxış yolu sayan qohumlar, dostlar az idimi? Mənsəb hərisliyi, yaxud qorxaqlıq ucbatından kişilər illərlə bir yastığa baş qoyduqları arvadlarını atırdılar, “partiyanın iradəsi ilə” gənclər sevgililərindən üz çevirir, nişanlarını qaytarırdılar.
Xoşbəxtlikdən, Heydər Əliyev bir an da olsun tərəddüdə yol verməmişdi. Zərifə zəngin daxili dünyası, qeyri-adi nəcibliyi və ziyalılığı ilə onu elə əfsunlamışdı ki, həyatını bu qızdan kənarda təsəvvürə gətirə bilmirdi.
“Heydər Əliyev atamın gözdən salındığı dövrdə ailəmizlə ünsiyyətini kəsməyən azsaylı adamlardan idi, – deyə akademik Cəmil Əliyev xatırlayır. – O, bacıma bəslədiyi hisslərin səmimiliyini və yüksək əxlaqi keyfiyyətlərini atdığı addımlarla əyani sübut etdi. Nəzərə alın ki, bu zaman bütün gələcək karyerası, xüsusi xidmət orqanlarında işləməsi təhlükə altında idi. Düşünürəm ki, hər adam belə çətin sınaqdan şərəflə, üzüağ çıxmağı bacarmazdı. Heydər Əliyev isə hər şeyin fövqündə dayana bildi”.
Heydər Əliyev özü həyatının o qədər də asan olmayan həmin dövrünü belə xatırlayırdı:
“Bilirsiniz, hətta belə fikirlər vardı: mən DTK-da işlədiyimdən onun atasının ətrafında nə baş verdiyindən xəbər tutmuşdum, onu necə izlədiklərini bilirdim. Eşitmişdim ki, onları ailəlikcə Qazaxıstana sürgün etmək istəyirlər. Düşünürdüm ki, həqiqətən, belə olsa, mən də dallarınca ora gedəcəyəm. Yəqin ki, Qazaxıstanda özümə bir iş tapmaq buradakından daha asan olardı...”[2]
Cəlal Əliyevin xatirələrindən:
“Evdəki söhbətlərdən başa düşürdüm ki, əgər ona deyiblərsə, yaxud desələr ki, belə etmə, bu ailənin, bu adamın qızı ilə evlənmə – qardaşım heç vaxt qulaq asmayacaq. Ona görə də ailə daxilində heç bir müzakirə getmirdi. Anam, sadəcə, demişdi: “Necə lazım bilirsən, elə də hərəkət elə!”...”
Heydər Əliyevin dediklərindən:
“Qərarımı dəyişdirmədim, Zərifə ilə münasibətlərimi kəsmədim. İşimə də davam edirdim. O zamanlar Bakı küçələri belə parlaq işıqlandırılmırdı. Şəhərdə çoxlu xəlvət yerlər vardı. Şəhərdə mənimlə Zərifəni asanlıqla görməyin mümkün olmadığı bir neçə belə yer bələdlədim. Bizim evdən bir az aralıda, indiki Azadlıq prospektində park var idi. Sonralar orada Caparidzenin heykəlini qoydular. Qarşı tərəfdə tramvay dayanacağı vardı. Ətraf isə qaranlıq idi. Görüş yerlərimizdən biri həmin o tramvay dayanacağının yaxınlığında idi.
Ancaq bir məsələ var ki, mən kişiyəm. Heç kimdən qorxmuram. Özüm də zabitəm, üstümdə silah olur. Zərifə isə gənc, yaraşıqlı qızdır. Belə qızlar həmişə diqqəti çəkirlər. Odur ki onu düz dayanacaqda gözləyirdim. Zərifə vaqondan enirdi, onu qarşılayırdım, sonra isə parka gedirdik.
Yemelyanov məni yenidən yanına çağırıb:
– Sənə xəbərdarlıq etmişdim, – dedi.
– Bəli, xəbərdarlıq etmişdiniz, – deyə cavab verdim.
– Bəs onda tapşırığımı niyə yerinə yetirmədin?
Aramızda tək rütbə deyil, yaş fərqi də böyük idi. 1952-ci ildə hələ mənim 30 yaşım tamam olmamışdı. O isə artıq 50-ni geridə qoymuşdu. Amma özümü topladım və etirazımı bildirdim.
– İş işdir, şəxsi həyat isə şəxsi həyatdır, – dedim. – Öz işimi sevirəm. Bilirəm ki, siz də əməkdaş kimi məni qiymətləndirirsiniz. İşimdə elə bir qüsur yoxdur. Amma həyatımın ikinci, daha mühüm tərəfi mənim gələcək ailəmdir, şəxsi hisslərimdir, məhəbbətimdir. Mən o qızı sevirəm. O da məni sevir. Ondan necə ayrıla bilərəm? Nə deyərəm, özümə necə bəraət qazandıraram? Ayrılacağımızı demək mənə olduqca çətindir. Axı bir səbəb göstərməliyəm. Ya deməliyəm ki, onu daha sevmirəm, ya deməliyəm ki, hansısa qüsuru, eybi var və bu səbəbdən də ondan uzaqlaşıram. Axı deyə bilmərəm ki, dövlət təhlükəsizlik orqanlarında işimi itirməmək üçün ondan ayrılmaq istəyirəm.
Yemelyanov ağıllı adam idi. Məni dinləyib:
– Haqlısan, – dedi.
– Bəs indi nə edim?
– Özün qərar ver. Amma onu da bil ki, orqanlarda qalıb işləməyin böyük sual altındadır...”[3]
***
Həyat qəribə şeydir! Ortaya bəzən ən istedadlı detektiv müəlliflərinin də ağlına gəlməyən süjetlər çıxarır. Kim fikirləşə bilərdi ki, Yemelyanov çox tezliklə Mircəfər Bağırovla birlikdə müttəhimlər kürsüsündə oturacaq, təhlükəsizlik zabiti Heydər Əliyev isə prosesin mühafizəsinə rəhbərlik edəcək? Kimin ağlına gələrdi ki, keçmiş təhlükəsizlik naziri 25 illik həbs müddətini başa vurandan sonra Bakıya qayıdacaq və keçmiş əməkdaşından kömək istəyəcək? O da əsla tərəddüd etmədən düşərgə həyatının üzüb əldən saldığı zəlil qocaya yardım əli uzadacaq?! Yəqin ki, rəhmdilliklə bir sırada Heydər Əliyevin Yemelyanova münasibətdə özünəməxsus minnətdarlıq hissi də vardı. O zaman dövlət təhlükəsizlik nazirinin əlində hədəsini gerçəkləşdirmək və gənc zabiti orqanlardan xaric etmək də daxil olmaqla ən sərt şəkildə cəzalandırmaq su içmək kimi bir şey idi. Amma belə etməmişdi. Hətta, çox güman ki, əməkdaşının Əziz Əliyevin qızı ilə görüşməyə davam etməsi barəsində yuxarıya məlumat da verməmişdi.
Amma hər şeyə rəğmən Zərifə ilə Heydərin dramatik şəraitdə başlanan sevgi romanı xoşbəxt sonluqla nəticələnmişdi. Stalinin ölümündən sonra Yemelyanovla Bağırov gənc sevgililərlə məşğul olmaq hayında deyildilər. Onlar açıq şəkildə görüşmək və gələcək üçün planlar qurmaq imkanı qazanmışdılar.
Bu xoşbəxt sonluqla bağlı “ehtiyat sandığım”da iki məzəli epizod da var. Onların birini gülüşünü güclə boğan akademik Cəmil Əliyev danışıb:
“Zərifə Heydərlə gəzməyə, yaxud kinoya gedəndə həmişə məni də özü ilə aparırdı. O zamanlar həddən artıq kök idim. Heydər zarafatla bacıma deyirdi: “Görüşə gələndə nisbətən arıq bir uşaq gətirə bilməzsən? Bir-birimizi yaxşı görə də bilmirik. Çünki Cəmil öz bədəni ilə hər tərəfi tutur”.
Ailəmizdə hamı, necə deyərlər, ətli-canlı idi. Zərifə də bu mənada bizdən fərqlənmirdi. Sonralar, aradan illər keçdikcə arıqladı, adı kimi zərif, incə bir xanım oldu”.
Bu da Zəhra Quliyevanın xatirəsi:
“Birlikdə işləməyə başlayanda Zərifə xanım artıq Heydər Əliyevlə görüşürdü. Yadımdadır ki, boyu çox da uca olmayan Zərifə hündürdaban ayaqqabı geyir və çətinliklə yeriyirdi. Özünü belə əziyyətə salmağının yeganə səbəbi sevdiyi insanın xoşuna gəlmək idi. Deyirdi bu gün görüşüm var, istəyirəm yaxşı görünüm...”
1954-cü ilin noyabrında onlar evlənməyə qərar verdilər. Bir müddət öncə Dövlət Təhlükəsizlik Nazirliyindən Heydər Əliyevə verilmiş mənzildə sadə bir toy məclisi keçirdilər. Toyun tamadası təzəbəyin gənclik dostu İbrahim İsmayılov idi.
İbrahim müəllim həmin günləri belə xatırlayır:
“Cidd-cəhdlə toya hazırlaşırdıq. Çətin vaxtlar idi, pul tapılmırdı. Ona görə də bacardığımız qədər Heydərə kömək edirdik. Əsasən, ərzaq, yəni ət, toyuq və s. gətirirdik. Masanı anası İzzət xala hazırlayırdı. Qızları da kömək edirdilər.
Toy məclisi Heydərin mənzilində, 6 saylı məktəbin yaxınlığında, keçmiş İrəvan döngəsində (indiki Vaqif küçəsi – red.) keçirilirdi. Oradakı binaların birində ona ikiotaqlı mənzil vermişdilər. Otaqların biri böyük, digəri isə nisbətən kiçik idi. Təsəvvür edin ki, toy məclisinə də bura yığışmışdıq. Yeni evlənənlərlə qonaqlar VVAQ bürosundan birbaşa Heydərin mənzilinə gəlmişdilər. Əsasən, yaxın qohum və dostlardan ibarət dəvətlilər cəmisi on beş nəfər idi. Musiqiçilər dəstəsi çağırılmamışdı. Ümumiyyətlə, artıq heç nə yox idi.
Hamı masa arxasında oturandan sonra Əziz müəllim dedi:
– Gərək elə adamı tamada seçək ki, hər iki ailəyə eyni dərəcədə yaxın olsun. Aramızda yeganə belə şəxs İbrahimdir. Təklif edirəm onu seçək.
Hamı razılaşdı. Hər iki ailəyə yaxınlıq məsələsi isə belə idi ki, Əziz müəllim əmim oğlu Əsgər İsmayılovla çox yaxın idi. Eyni vaxtda Tibb İnstitutunda oxumuşdular, dostluq edirdilər. Əmim oğlu vasitəsilə mənim də bu ailəyə get-gəlim yaranmışdı. Heydərin toyu sadə keçdi. Əslində, ona toy demək də çətin idi. Sadəcə, kəbin kəsdirib hadisəni kiçik bir məclisdə qeyd elədilər.
Qonaqların arasında akademik Murtuza Nağıyev, Həsən Əliyev, Əziz Məmmədoviç, əmim oğlu Əsgər, Heydərin qohumları – səhv etmirəmsə, yeznəsi İsmayıl, dayısı oğlu Rzaqulu vardı. Məclisin musiqi hissəsini gəlinin bacısı Gülarə xanım öz üzərinə götürmüşdü. Sonra Zərifə xanım da ona qoşuldu, dörd əllə mahnılar ifa etdilər. Toydan sonra gənclər İrəvan döngəsindəki mənzildə yaşamağa başladılar...”
(Rus dilindən tərcümə Vilayət Quliyevindir)
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
[1] Heydər Əliyev görkəmli partiya və dövlət xadimi, səhiyyə təşkilatçısı Əziz Əliyevin 100 illiyi ilə bağlı təntənəli yubiley gecəsində Zərifə xanımla 1948-ci ildə tanış olduğunu bildirmişdi – tərc.
[2] Oksana Puşkinanın “Yuxuya bənzər məhəbbət” adlı televiziya verilişindən
[3] V.Mustafayevin “Əsl məhəbbət haqqında” filmindən
Sayımız 10 milyon 200 mini keçdi - STATİSTİKA AÇIQLANDI
Cari ilin əvvəlindən ölkə əhalisinin sayı 28833 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10 209 603 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məlumatda əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisinin 54,5 faiz, kənd əhalisinin xüsusi çəkisinin 45,5 faiz, kişilərin xüsusi çəkisinin 49,8 faiz, qadınların xüsusi çəkisinin isə 50,2 faiz olduğu da açıqlanır.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – Ümummilli liderin mütaliəyə münasibəti
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
4.
ÜMUMMİLLİ LİDERİN MÜTALİƏYƏ MÜNASİBƏTİ
Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev kitaba və mütaliəyə həmişə böyük dəyər vermişdir.
Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə
yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.
Ümummilli liderimiz hətta M.F.Axundov adına Milli Kitabxanamızın fondunun yeni ədəbiyyatla necə komplektləşdirilməsi ilə də maraqlanmış, bu işin çox vacib olmasını söyləmişdir. Ulu öndər kitabxanaya çox az sayda yeni
ədəbiyyatın daxil olduğunu görərək demişdir: “Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya
dəyişir, yeni əsərlər, kitablar yaranır. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni nəşrlərlə təmin olunsun”.
Eyni zamanda bunu nəzərə alaraq Heydər Əliyev öz şəxsi kitabxanasından 300 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya
hədiyyə etmişdir.
Heydər Əliyev deyirdi: “Kitab nəşri hər ölkənin, hər xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara bocluyuq. Həm kitabları yazıb yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram”.
Ulu Öndərin bütün elmlərə vaqif olduğunun hər birimiz dəfələrlə şahidi olmuşuq
və bir sıra xarici jurnalistlərin ona verdikləri “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz və bu qabiliyyət Sizdə haradandır?” sualına Heydər Əliyev cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır. Doğrudan da ulu öndərin oxuduğu kitablara, onların geniş tematikasına və həmin kitabların içərisində aparılan qeydlərə nəzər yetirərkən dahi şəxsiyyətin bu fikrinə tam əmin olursan. Yaxşı bir deyim var: “Nə oxuduğunu de, mən deyim sən kimsən”. Bu deyim kitabın, mütaliənin Ulu Öndərin həyatında oynadığı rola əyani misal ola bilər.
Heydər Əliyev müxtəlif çıxış, nitq və məruzələrində hər zaman Azərbaycanın və türk dünyasının görkəmli ədiblərinin, yazıçı və şairlərinin, alim və ictimai fikir sahiblərinin, maarifpərvər ziyalıların ölkəmiz, xalqımız, türk dünyası və ümumilikdə bəşər mədəniyyəti üçün bəxş etdiyi töhfələrdən danışaraq İbn Sina, N.Tusi, Firdovsi, Nizami, Nəvai, Y.Əmrə, Məhtimqulu, Abay, M.Kaşğari, M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ü.Hacıbəyov, H.Cavid, S.Vurğun, Homer, Şekspir, Puşkin kimi məşhur ədiblərin əsərlərini mütaliə etməyi, yaşatmağı gənc nəslə tövsiyə edib. Müxtəlif müsahibələrində ən çox sevdiyi şeirin Səməd Vurğunun “Azərbaycan” şeiri, ən çox sevdiyi şairin Məhəmmədhüseyn Şəhriyar, ən çox sevdiyi pyesin Cəlil Məmmədquluzadənin “Ölülər”pyesi, ən çox sevdiyi dramaturqun Hüseyn Cavid, ən çox sevdiyi jurnalın isə “Molla Nəsrəddin” olduğunu bildirib.
Növbəti: 5.Azərbaycan Prezidentinin kitaba münasibəti
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
“Sevgi güzel şey” - Lokman Tümtürk
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Sevgi güzel şey”
Lokman Tümtürk
Dünyada varlığını sürdüren Adem’in nesli olan biz insanlara, eşsiz olarak verilmiş nimetlerden biri de sevgidir.
Nitekim saf ve duru olan sevgi, insanoğlunun mutluluk kaynağıdır. Bu sevgiye erişmiş olan insan, hangi şartlar altında olursa-olsun, gönül huzuruna sahiptir. Yaşadığı ortamın bir ferdi olan insan, ne kadar şartları ağır olursa-olsun, sevgi sayesinde duyduğu güven sebebiyle gönül huzurunu kaybetmez.
Sevgi öyle bir külfettir ki, teslimiyeti, güveni ne kadar ağır olsa da, bütün şartlarda yaratılana karşı gönül huzurunu elinde bulundurur. Her şeyi değerlendirirken sevgiyi ölçü almalı, insanı değerlendirmenin başında ilk adımlardan biri sevgi olmalıdır. Sevgiyle bağdaşmayan hiç bir şeyin değeri olmadığını yaşadıkça anlar ve öğrenir insan. İşte bu yüzdendir ki, olgunlaştıkça sevgiye ne kadar ihtiyaç duyduğunu, sevgisiz geçirdiği günlerin pişmanlığını bile yaşar aslında.
Tabi ki, sevmek çok farklı bir duygudur. Bu yüzden sevenin en korktuğu şey sevdiğini kırmasıdır. Seven sevdiğini kırmamak için elinden gelen bütün çabayı sarf edecektir. Sevgi biz insanoğlunun hayatında anlayışı, duyarlılığı tetikleyen, ön plana çıkaran bir durumdur. Dolayısıyla, bu duyarlılığa sahip olan insan ailesi, çevresi ve içerisinde barındığı toplum ve bütün insanlık için lütuf haline gelir.
Sevgi sabrı da öğretir. Severken katlanmanın çizgisini de öğrenmiş oluruz. Sevmeyi düstur edinen bir insanın iyiliği, ihsanı hayatının ayrılmaz bir parçası haline getirmesi büyük bir erdemliliktir. Seven insan paylaşmayı bilir; bu bilinci de sevgi sayesinde tadar. Bu sayede başkalarını gözeten samimiyet ehli, ahde vefalı, güzel bütün nitelikleri özünde barındıran insan kötülüklere kapılarını kapatmış demektir.
Her açıdan ele aldığımızda sevgi güveni tesis eder. Sevenin elinden, dilinden zarar gelmez, samimiyet ehli olur, sözünü tutan biri olup yalana tamah etmezə Seven ahdine vefalıdır, cömertliğinin temelinde sevgi ile yol aldığı vardır. Seven insan paylaşma bilincini sevgi sayesinde kazanır, insanın eşyaya kul olmadığını anlar, sevgi ile insana hizmet sunar, hayatın faniliğini, haya sahibi olmanın gereğini bilir, nezaket ve zarafetin, arkadaşlık, dostluk, komşuluk, kardeşlik hukukunun bilinciyle hayatını devam ettirir.
Kısacası, her haliyle varlığın kıymetini, var olanın dengesinin, ülfet ve muhabbetin yolunun sevgiden geçtiğini tecrübe ettikçe anlar insan. Derviş Yunus’un da dediği gibi: “Yaratılanı sev, Yaratan’dan ötürü’.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
|
Prezidentin sirri... - ANALİTİK
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
“Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır”. – Söz sahibi: Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev; Tarixi hadisənin yeri: Xankəndi şəhəri; tarix: 15 oktyabr 2023-cü il!
Sözün davamı:
“Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”! – Bu ucadan uca sözləri eşitmək böyük xoşbəxtlikdir, o sözləri demək isə dəfərlərlə böyük xoşbəxtlikdir! And içmək tarix, gələcək qarşısında, əlbəttə, xalq önündə, ilahi qatda da məsuliyyətdir, məsuliyyətdir! O məsuliyyətli Andı içmək və yerinə yetirmək şərəfin özüdür! Məsuliyyət və şərəf bir-birini tamamlayan, bir-biri ilə üzvi surətdə bağlı olan, Haqq işində illa parlaq gələcək vəd edən sarsılmaz birlikdir!
İlham Əliyev nəyə And içmişdi? Əsas Qanununumuz Konstitusiyaya və qutsal “Qurani-Şərif”ə. – Bu, ilk dəfə 21 il öncə baş vermişdi – 15.10.2003! – Əgər numerologiya ilə uğraşmış olsaydıq, bu tarixin özündən də bir mistik riyazi anlam çıxara bilərdik; lakin bu yerdə mənim yadıma şair Hüseyn Nihal Atsızın sözləri düşür: “Həyat polad əllərlə atılan zər olmalı”! Oldu da!
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. – Bu sözlər 21 il öncə - oktyabrın 1-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına müraciətindəndir. O, Ümummilli liderin son müraciəti oldu; bununla belə, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, dövlətçilik planlarını, strateji işləri Azərbaycan Prezidenti İlham Əliyev uğurla həyata keçirərək, xalqa yeni müraciətlər etdi, önəmli müjdələr verdi. Ən müxtəlif vaxtlarda, müxtəlif mövzularda olan belə müraciətlər daha yüksək, fövqəladə müraciət üçün ön aşamalar idi sanki. Hər şey Zəfər üçün, hər şey Vətən üçün idi! Özü də opponentlərin dil boğaza qoymadığı, hakimiyyətə yiyələnmək üçün şeytanla işbirliyini dəxi uyğun gördüyü dönəmlər yaşanırdı o illərdə... Ərazinin 20 fazi işğal altında, işğalçının arxasında güclü havadarlar və bunlar azmış kimi, içimizdə də fürsət gözləyənlər... – Bax, bütün bu vurğulanan və bənzəri olaylara baxmayaraq, ən şərəfli, ən məsuliyyətli And içmiş İlham Əliyev irəli, irəli, yalnız irəli baxırdı...
Xalqa xidmət haqqa xidmətdir. Dövlət başçısının Xalqa daha bir müraciəti 8 noyabr 2020-ci ildə baş verdi: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, Dünya azərbaycanlıları”! – Dillər əzbəri olmuş bu sözlər o gündə, o yerdə qalmadı. Prezident 2023-cü il mayın 10-da elə Şuşanın özündən Xalqa müraciət edirdi. 2020-ci ilin o duyğulu, həyəcanlı, qürurlu və tarixi 8 noyabr günü Fəxri Xiyabanı ziyarətini xatırladan Prezident deyirdi: “Ürəyimdə dedim ki, tapşırıq yerinə yetirildi! Məruzə edir: Ali Baş Komandan İlham Əliyev”.
Prezidentin 2020-ci ildə Şuşanın qurtuluşu ilə bağlı, 2023-cü ildə isə Şuşanın özündən Xalqa müraciətində, keçmişə, bu günə və gələcəyimizə dair ən ümdə düşüncələr bölüşüldü. Özəlliklə, 30 il içində düşmən tapdağı altında qalmış torpaqlarımızın necə misilsiz qəhrəmanlıqla, yüksək mənəviyyatla, əvəzsiz ləyaqətlə qurtarılmasına dərin vurğular edən Ali Baş Komandan məhz Şəhidlər Xiyabanını ziyarətini xatırlatdı: “Ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”! Şuşa ilə bağlı da, Şuşadan da məhz “Ürəyimdə dedim” vurğusu!.. O vurğunu biz bir də Xankəndidən Xalqa müraciətdə gördük. “Əziz həmvətənlər! Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!” sözləri ilə başlayan o müraciətdən daha hansısa sitat gətirmədən, deyək: o müraciət başdan-başa ürək idi, ürək idi!
2003-cü ildə Konstitusiyamıza, “Qurani-Şərifə” əl basaraq And içən Prezident, əslində, yalnız rəsmi And içməklə qalmamışdı. O, ilk Andın duyğu-düşüncələrini, ürəyində deyilənləri... bizimlə illər sonra Şuşa işığında bölüşdü. – Bəli, nəyisə ən azı 17 il ürəkdə saxlamaq qeyri-adi hadisədir! Dövlət başçısının ürəyindəkiləri açıb-tökəcəyi şanlı günə inamı xalqa inamın, dövlətə inamın, özünə inamın ifadəsi olub! Haqqın incəlsə də, üzülməyəcəyinə inamın təntənəsidir bu ifadəlilik!
İlham Əliyevin And içərkən keçirdiyi duyğu-düşüncələrdən biri də əcdadın ruhunu şad etmək, gələcək nəsillərə yol göstərməkdir. – Adım kimi əminəm buna. – “...bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək”! – Bax, bu, Şuşa ünvanlı, Şuşa ovqatlı sözlər həm fiziki-coğrafi yüksəklikdə deyilib, həm tarixi, həm də mənəvi yüksəklikdə!
“Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”! – Bəli, İlham Əliyev 2003-cü il oktyabrın 15-də, əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq, Prezident səlahiyyətlərini həyata keçirərkən üstünə götürdüyü yüksək öhdəliklərlə bağlı bu Andı içmişdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra isə qutsal “Qurani-Şərif”ə əl basaraq demişdi: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.
Sonra isə dünyanın ən gözəl, ən möhtəşəm bayrağı önündə təzim! O and, o təzim, 21 ilə sığmayan 210 illik xidmətlər... elə bayrağımızın boyalarını, Ay-ulduzunu, tariximizi, bugünümüzü, gələcəyə baxışımızı da şəkilləndirir!
Ərazi bütövlüyünün, suverenliyin bərpası, 200 il öncələrdən başlayaraq, çırpı-çırpı böyüdülüb, bəslənmiş və son qərinə boyu alovu heç əskilməmiş separatçılıq “ocağ”ının söndürülməsi 21 il içində nələr edildiyinin ən parlaq ifadəsidir! İlham Əliyev bizim qarşımıza qondarılmış min bir suala bir Dəmir Yurmuqla cavab verdi – cavab kimi cavab! Tarix bizi gərək belə suallar qarşısında qoymazdı... Şair necə deyirdi? –
Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya bizim olacaq.
(Z.Yaqub, “Dünya türkün olacaq!”)
Şəhidlər ölmədi! Vətən bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
Bazeldəki Heiliggeist Kilsəsindən kaman musiqisi səsləndirilib
Orqan və kamançada ifa olunan Azərbaycan əsərləri avropalı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Uzun illərdir İsveçrədə yaşayan həmvətənlərimizi bir amal ətrafında birləşdirən "Azərbaycanın Dostları" Birliyinin təşəbbüsü ilə bu ölkənin Bazel şəhərindəki Müqəddəs Ruh Kilsəsində (Kirche Heiliggeist) Azərbaycan bəstəkarlarının orqan aləti üçün işlənmiş musiqi əsərlərindən ibarət böyük konsert proqramı təşkil edilib.
AzərTAC xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbir tamaşaçılar, musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Otuz ildən artıqdır ki, hər il Klavier-Orgel (piano-orqan) festivalının yer aldığı bu kilsədə ilk dəfə Qərb musiqi mədəniyyətinin ecazkar səsi gəlib. Orqan və Azərbaycan milli mədəniyyətinin ən qədim simli musiqi alətlərindən biri olan kamançanın unikal səs imkanları ilə birgə təqdim edilən rəngarəng musiqi əsərləri səsləndirilib. Bu konsert axşamının bir özəlliyi də ondan ibarət idi ki, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda ilk dəfə orqanla kamançanın həzin sədaları bir-birinə qovuşurdu...
Milli mədəniyyətimizə olan sonsuz sevginin nəticəsidir ki, böyük bir şövqlə hazırlanmış bu musiqili görüşün proqramı da çox zəngin olub. Belə ki, konsert boyunca həm Azərbaycan xalq musiqisindən nümunələr, həm də tanınmış Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Konsert proqramında iştirak edən orqan ifaçısı Şəfəq Abdullayeva istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda dəfələrlə çıxış edərək, hər zaman təkrarsız ifası ilə orqan musiqisinin ecazkarlığını musiqisevərlərə təqdim edib.
Kamança ifaçısı Mədinə Şahgəldiyeva isə Prezident təqaüdçüsü, Respublika və Beynəlxalq müsabiqələr laureatıdır. Azərbaycan musiqi mədəniyyətinin ən qədim simli alətlərindən biri olan kamançada ifa olunan əsərlər avropalı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Muğam və xalq musiqisinin əsas alətlərindən biri olan kamançanın həm də dünya klassik musiqi repertuarında da öz yeri var. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında yer alması bu musiqi alətinin ümumdünya mədəniyyət tarixinə verdiyi mənəvi dəyərdən, sənət nümunəsi kimi əhəmiyyətindən xəbər verir.
İlk dəfə məhz bu tədbirdə orqanla kamançanın birgə sədasının həm gözəl, həm də möhtəşəmliyinin şahidi olan qonaqlar xalq musiqimizin inciləri - "Bayatı-Şiraz" və "Şur" muğamlarının, eləcə də Azərbaycan mədəniyyət tarixində misilsiz xidmətləri olmuş dahi şəxsiyyət, ictimai xadim, pedaqoq, Şərqdə ilk operanın müəllifi, müasir Azərbaycan peşəkar musiqi sənətinin banisi böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin orkestr üçün işləmiş olduğu "Arazbarı" zərb-muğamının sehrinə düşdülər. Muğamlarımızdan başqa, tədbirdə dünyaşöhrətli Azərbaycan bəstəkarı, məşhur pianoçu, dünya musiqi tarixində yeni üslubu olan caz-muğamın banisi Vaqif Mustafazadənin "Mart" əsəri, görkəmli Azərbaycan bəstəkarı Hacı Xanməmmədovun "Kamança konsertinin ikinci hissəsi", həmçinin Azərbaycan milli rəqslərindən ibarət musiqi kompozisiyası da səsləndirilib və dinləyicilərə "Uzundərə" və digər milli rəqslər təqdim olunub. Qeyd edilməlidir ki, "Arazbarı", "Mart" və milli rəqslərdən ibarət kompozisiya orqan üçün ilk dəfə Şəfəq Abdullayeva tərəfindən işlənib.
Möhtəşəm musiqi axşamında dahi Azərbaycan şairi, dərin fəlsəfi əsərlərin müəllifi, repressiya qurbanı Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin hüzn, kədər dolu həyat hekayəsindən də söz açıldı... Hüseyn Cavid sürgün edildikdən sonra ailənin digər üzvləri üçün həyat dözülməz bir dərd halına gəldi. Anası Mişkinaz xanım və bacısı Turan xanım bu böyük itkinin acısını daşıyaraq yaşamaq məcburiyyətində qaldılar. Ailənin faciəsi Ərtoğrulun yaradıcılığında öz əksini tapdı. Gənc dahinin parlaq gələcəyi ola bilərdi. Fəqət!.. Cəmi 24 il yaşadı Ərtoğrul Cavid! Onun ömrünün yenicə çiçəkləndiyi bir vaxtda dünyadan köçməsi ilə, yalnız ailəsi deyil, Azərbaycan musiqi mədəniyyəti də bir istedadı itirdi. Ərtoğrul Cavidin əsərlərində dərd, kədər, ağrı-acı qəmli musiqi ilə qəlblərimizə toxunur. Belə əsərlərdən biri olan "Poema" tədbir iştirakçılarını da bir ailənin faciəsinə biganə qoymadı. Konsert proqramının son nömrəsi isə fərqli və tamaşaçılar üçün də bir qədər gözlənilməz oldu. Belə ki, kamança tək milli musiqimizin deyil, həm də virtuoz əsərlərin öhdəsindən layiqincə gələn unikal alətdir. Bunun bariz nümunəsi olaraq, musiqili görüş avstriyalı skripkaçı, bəstəkar və dirijor Aleksey Iqudesmanın "Applemania" əsərinin kamançada məharətlə ifa edilməsi oldu və sözsüz ki, bu da musiqisevərləri valeh etdi, bununla da onlar kamançanın yalnız milli musiqidə deyil, eləcə də müasir, həm də texniki cəhətdən çətin əsərlərin ifasında nə qədər güclü və zəngin musiqi aləti olduğunun bir daha şahidi oldular.
Milli dəyərlərə köklənmiş bu musiqi axşamında xüsusi qonaq qismində iştirak edən fotoqraf Andre Jabalının Azərbaycanın zəngin tarixi və əsrarəngiz təbiətinə həsr olunmuş fotoəsərləri maraqla qarşılanıb. Jabalının fikrincə, Vətən tək doğulub boya-başa çatdığın yer deyil, Vətən həm də təbiətdir. Belə olmasaydı, insan doğma torpağının təbiətinə bağlanmaz, şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar öz əsərlərində Vətənin ecazkar təbiətini tərənnüm etməzdilər. Elə bu səbəbdən də tədbiröncəsi Andre Jabalının gözəlliyi tərənnüm edən fotosərgisi hər kəsə xoş təsir bağışlayıb.
Sonda "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu xanım Əliyeva Bodmer milli musiqi mədəniyyətimizə həsr olunmuş konsert axşamını dəstəklədiyinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova dərin minnətdarlığını bildirib. Duyğularla dolu bu gözəl tədbirin ərsəyə gəlməsində Şəfəq Abdullayevaya, Mədinə Şahgəldiyevaya, fotosərginin təşkil edilməsində köməyini əsirgəməyən Andre Jabalıya, eləcə də təşkilatçılıq baxımından zəhməti keçən bütün şəxslərə təşəkkür edən Arzu xanım musiqinin insanlar arasında bir ünsiyyət vasitəsi olduğunu vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
Abdulla Şaiqin mənzil-muzeyində Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 15-də Abdulla Şaiqin mənzil-muzeyində “Füzuli rindü-şeydadır...” adlı ədəbi-bədii və musiqili tədbir keçirilib.
AzərTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən təşkil olunub.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı ədəbiyyatşünas alimləri, Abdulla Şaiqin mənzil-muzeyinin əməkdaşları, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları və İncəsənət Gimnaziyasının gənc istedadları iştirak ediblər.
Füzulinin yaradıcılığı, o cümlədən şairin qəzəlləri haqqında elmi məruzələr dinlənilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları “Leyli və Məcnun” operasından səhnə təqdim ediblər (quruluşçu rejissor - Əməkdar artist Nicat Kazımov). Respublika müsabiqələri laureatı, gənc xanəndə Yusif Cəfərbəyli muğam ifa edib.
Şərq poeziyasının ən böyük ustadlarından biri olan Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər qoyub, onun yaradıcılığı Yaxın və Orta Şərq ölkələrində ədəbi sənətin inkişafına mühüm təsir göstərib. Şairin insana məhəbbəti, gözəlliyi və yüksək idealları tərənnüm edən çoxşaxəli fəlsəfi-bədii irsi dünya mədəni irsinin tərkib hissəsinə çevrilib. Füzulinin doğma dilində yazdığı əsərlər Azərbaycan poeziyasını yeni zirvələrə qaldırıb, ona dərinlik və ifadə zənginliyi bəxş edib. Dahi şair bütöv bir ədəbi məktəb yaradıb, çoxlu istedadlı davamçılar yetişdirib. Qədim dövrlərdən bu günə qədər onun adı mükəmməllik rəmzi olaraq qalır, eyni zamanda, şair və yazıçı nəsillərini yaradıcılığa ruhlandırır.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
COP29 ölkəmizin turizm sənayesinə nə kimi fayda verə bilər? - MÜSAHİBƏ
Könül, “Ədəbiyyat və incəsənət”
Budur, noyabr ayı qapımızın kəndarındadır. Bizi olduqca böyük bir tədbir -COP29 gözləyir. Bu tədbir indiyənədək
Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin ən böyüyü olacaq. Ondan, xüsusən turizm sahəsində hansı gözləntilər var?
Suala cavab vermək üçün Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, tanınmış turizm mütəxəssisi Ruslan Quliyevə müraciət etdik.
-Ruslan bəy, COP29-a təmsil olunduğunuz turizm sektorunda nə kimi hazırlıq gedir?
-COP29-da təxminən 100 minə yaxın qonağın iştirakı nəzərdə tutulur. Düşünürəm ki, tədbirin lazımi səviyyədə baş tutmasında, gələn qonaqların Azərbaycandan məmnun getməsində turizm sənayesinin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan yerləşdirmə yerlərinin sayı, hotellərin bron edilməsi, qiymətlərin müəyyənləşdirilməsi, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hotel əməkdaşlarına treninqlərin keçirilməsi, bu istiqamətdə Azərbaycan Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq kimi vacib nüanslar daim müzakirə edilən məsələlərdəndir. Ölkədə fəaliyyət göstərən bütün qurumlar, həm dövlət, həm də özəl sektorun nümayəndələri bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi üçün bütün imkanlarını səfərbər edib.
-COP29-a ümumi münasibət necədir?
-COP29-a evsahibliyi etmək ölkəmiz üçün qürurvericidir. Bütün böyük tədbirlərdə olduğu kimi qonaqların yüksək səviyyədə qarşılanması ən böyük prioritetdir. Bu ilin əvvəlində ölkə başçısının müvafiq Sərəncamına əsasən, COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı. Bu, ölkəmizdə COP29-a ciddi yanaşmanın göstərici idi. Əslində bu, zəncirvari bir prosesdir. Burada bütün dövlət qurumları, özəl sektor, bir sözlə, hamı fəal olmalıdır. Turistlərin qarşılanmasını, yerləşdirilməsini, məmnunluqla öz ölkələrinə qayıtmalarını təmin etməliyik. Elə ilk gündən Azərbaycanın turizm sənayesində çalışan bütün səlahiyyətlilər həm ölkə daxilində, həm də xaricində bu tədbirin təbliğatı ilə bağlı mühüm işlərə başladılar.
-Bəs tədbirin turizm sektoruna nə kimi faydası olacaq?
-Ölkəmizə gələcək qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə turizm sektorunda təlim-tədris və nəzəri biliklərin təkmilləşdirilməsi üçün mühüm işlər görülür. Buraya həm bələdçilərin hazırlığı, həm tur operatorların çeşidli proqramlar təklif etməsi, eləcə də ictimai-iaşə xidmətlərinin mükəmməl həyata keçirilməsi və ən əsası da mədəni, tarixi abidələrin düzgün formada tanıdılması kimi məsələlər daxildir. Artıq bu istiqamətdə müxtəlif görüşlər, seminarlar, tədbirlər, konfranslar təşkil olunub və bu işlər yenə də davam etdirilir.
Düşünürük ki, COP29 ölkəmizin turizm sənayesi üçün çox böyük bir fürsətdir. İnanıram ki, COP29-da iştirak edəcək xarici qonaqlar geri döndükdən sonra Azərbaycan haqqında daha dolğun, daha gözəl fikir formalaşacaq və yaxın gələcəkdə ölkəmizə üz tutacaq qonaqların sayı durmadan artacaq.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)