Orqan və kamançada ifa olunan Azərbaycan əsərləri avropalı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Uzun illərdir İsveçrədə yaşayan həmvətənlərimizi bir amal ətrafında birləşdirən "Azərbaycanın Dostları" Birliyinin təşəbbüsü ilə bu ölkənin Bazel şəhərindəki Müqəddəs Ruh Kilsəsində (Kirche Heiliggeist) Azərbaycan bəstəkarlarının orqan aləti üçün işlənmiş musiqi əsərlərindən ibarət böyük konsert proqramı təşkil edilib.
AzərTAC xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbir tamaşaçılar, musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Otuz ildən artıqdır ki, hər il Klavier-Orgel (piano-orqan) festivalının yer aldığı bu kilsədə ilk dəfə Qərb musiqi mədəniyyətinin ecazkar səsi gəlib. Orqan və Azərbaycan milli mədəniyyətinin ən qədim simli musiqi alətlərindən biri olan kamançanın unikal səs imkanları ilə birgə təqdim edilən rəngarəng musiqi əsərləri səsləndirilib. Bu konsert axşamının bir özəlliyi də ondan ibarət idi ki, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda ilk dəfə orqanla kamançanın həzin sədaları bir-birinə qovuşurdu...
Milli mədəniyyətimizə olan sonsuz sevginin nəticəsidir ki, böyük bir şövqlə hazırlanmış bu musiqili görüşün proqramı da çox zəngin olub. Belə ki, konsert boyunca həm Azərbaycan xalq musiqisindən nümunələr, həm də tanınmış Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Konsert proqramında iştirak edən orqan ifaçısı Şəfəq Abdullayeva istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda dəfələrlə çıxış edərək, hər zaman təkrarsız ifası ilə orqan musiqisinin ecazkarlığını musiqisevərlərə təqdim edib.
Kamança ifaçısı Mədinə Şahgəldiyeva isə Prezident təqaüdçüsü, Respublika və Beynəlxalq müsabiqələr laureatıdır. Azərbaycan musiqi mədəniyyətinin ən qədim simli alətlərindən biri olan kamançada ifa olunan əsərlər avropalı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Muğam və xalq musiqisinin əsas alətlərindən biri olan kamançanın həm də dünya klassik musiqi repertuarında da öz yeri var. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında yer alması bu musiqi alətinin ümumdünya mədəniyyət tarixinə verdiyi mənəvi dəyərdən, sənət nümunəsi kimi əhəmiyyətindən xəbər verir.
İlk dəfə məhz bu tədbirdə orqanla kamançanın birgə sədasının həm gözəl, həm də möhtəşəmliyinin şahidi olan qonaqlar xalq musiqimizin inciləri - "Bayatı-Şiraz" və "Şur" muğamlarının, eləcə də Azərbaycan mədəniyyət tarixində misilsiz xidmətləri olmuş dahi şəxsiyyət, ictimai xadim, pedaqoq, Şərqdə ilk operanın müəllifi, müasir Azərbaycan peşəkar musiqi sənətinin banisi böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin orkestr üçün işləmiş olduğu "Arazbarı" zərb-muğamının sehrinə düşdülər. Muğamlarımızdan başqa, tədbirdə dünyaşöhrətli Azərbaycan bəstəkarı, məşhur pianoçu, dünya musiqi tarixində yeni üslubu olan caz-muğamın banisi Vaqif Mustafazadənin "Mart" əsəri, görkəmli Azərbaycan bəstəkarı Hacı Xanməmmədovun "Kamança konsertinin ikinci hissəsi", həmçinin Azərbaycan milli rəqslərindən ibarət musiqi kompozisiyası da səsləndirilib və dinləyicilərə "Uzundərə" və digər milli rəqslər təqdim olunub. Qeyd edilməlidir ki, "Arazbarı", "Mart" və milli rəqslərdən ibarət kompozisiya orqan üçün ilk dəfə Şəfəq Abdullayeva tərəfindən işlənib.
Möhtəşəm musiqi axşamında dahi Azərbaycan şairi, dərin fəlsəfi əsərlərin müəllifi, repressiya qurbanı Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin hüzn, kədər dolu həyat hekayəsindən də söz açıldı... Hüseyn Cavid sürgün edildikdən sonra ailənin digər üzvləri üçün həyat dözülməz bir dərd halına gəldi. Anası Mişkinaz xanım və bacısı Turan xanım bu böyük itkinin acısını daşıyaraq yaşamaq məcburiyyətində qaldılar. Ailənin faciəsi Ərtoğrulun yaradıcılığında öz əksini tapdı. Gənc dahinin parlaq gələcəyi ola bilərdi. Fəqət!.. Cəmi 24 il yaşadı Ərtoğrul Cavid! Onun ömrünün yenicə çiçəkləndiyi bir vaxtda dünyadan köçməsi ilə, yalnız ailəsi deyil, Azərbaycan musiqi mədəniyyəti də bir istedadı itirdi. Ərtoğrul Cavidin əsərlərində dərd, kədər, ağrı-acı qəmli musiqi ilə qəlblərimizə toxunur. Belə əsərlərdən biri olan "Poema" tədbir iştirakçılarını da bir ailənin faciəsinə biganə qoymadı. Konsert proqramının son nömrəsi isə fərqli və tamaşaçılar üçün də bir qədər gözlənilməz oldu. Belə ki, kamança tək milli musiqimizin deyil, həm də virtuoz əsərlərin öhdəsindən layiqincə gələn unikal alətdir. Bunun bariz nümunəsi olaraq, musiqili görüş avstriyalı skripkaçı, bəstəkar və dirijor Aleksey Iqudesmanın "Applemania" əsərinin kamançada məharətlə ifa edilməsi oldu və sözsüz ki, bu da musiqisevərləri valeh etdi, bununla da onlar kamançanın yalnız milli musiqidə deyil, eləcə də müasir, həm də texniki cəhətdən çətin əsərlərin ifasında nə qədər güclü və zəngin musiqi aləti olduğunun bir daha şahidi oldular.
Milli dəyərlərə köklənmiş bu musiqi axşamında xüsusi qonaq qismində iştirak edən fotoqraf Andre Jabalının Azərbaycanın zəngin tarixi və əsrarəngiz təbiətinə həsr olunmuş fotoəsərləri maraqla qarşılanıb. Jabalının fikrincə, Vətən tək doğulub boya-başa çatdığın yer deyil, Vətən həm də təbiətdir. Belə olmasaydı, insan doğma torpağının təbiətinə bağlanmaz, şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar öz əsərlərində Vətənin ecazkar təbiətini tərənnüm etməzdilər. Elə bu səbəbdən də tədbiröncəsi Andre Jabalının gözəlliyi tərənnüm edən fotosərgisi hər kəsə xoş təsir bağışlayıb.
Sonda "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu xanım Əliyeva Bodmer milli musiqi mədəniyyətimizə həsr olunmuş konsert axşamını dəstəklədiyinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova dərin minnətdarlığını bildirib. Duyğularla dolu bu gözəl tədbirin ərsəyə gəlməsində Şəfəq Abdullayevaya, Mədinə Şahgəldiyevaya, fotosərginin təşkil edilməsində köməyini əsirgəməyən Andre Jabalıya, eləcə də təşkilatçılıq baxımından zəhməti keçən bütün şəxslərə təşəkkür edən Arzu xanım musiqinin insanlar arasında bir ünsiyyət vasitəsi olduğunu vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)