Super User

Super User

Nərgiz Mustafayeva, “Ədəbiyyat və incəsənət” üçün

 

Kiçik çillədən sonra Novruzadək qalan 30 gün, yəni fevral ayının 20-dən mart ayının 20-dək olan dövr Boz ay adlanır. Boz ay qış fəslinin xalq arasında sonuncu ayıdır. Boz ay fevral ayının 20-si, yəni Kiçik çillənin qurtardığı vaxt girir və mart ayının 21-dək, yəni Novruza qədərki, dövrü əhatə edir.

Xalq arasında bu dövrə müxtəlif adlar verirlər: “Boz ay”, “Alaçalpo”, “Çillə-beçə”, “Ağlar-gülər ay”.

 

Xalq coğrafi terminlərinin izahlı lüğəti” kitabında “Alaçalpo”nun fevral ayının 22-dən mart ayının 22-dək olduğu qeyd olunur. “Alaçalpo” ifadəsinin “qışın sonunda yağan qar” olduğu deyilir. Beləliklə, Boz ay qışın son yarım ayını və yazın əvvəl yarım ayı olan dövrü əhatə edir.

Belə rəvayət edirlər ki, qədim zamanlarda insanlar ayı, günləri hesablamaqda çətinlik çəkirmişlər. Belə çaşqınlıqları aradan qaldırmaqdan ötrü insanlar ili aylara, ayları isə günlərə bölürlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Lakin Boz aya cəmi 14 gün düşür. Aylar arasında bərabərlik yaransın deyə hər aydan bir gün götürüb Boz ayın günlərinə əlavə edirlər. Yenə də düzgün alınmır: hər ayın 31 günü, Boz ayın isə 25 günü olur. Yenidən bir ay bir gün, digəri iki, zavallı fevral isə Boz aya üç gününü verir və Boz ay olur 31 gün.

Beləliklə, Boz ay öz günlərini ilin müxtəlif fəsillərindən aldığı üçün hava baxımından qarışıq olur. Havalar tez-tez dəyişir, bir gün isti olur, səhəri gün soyuq olur.

Boz ay dövründə əkinçilikdə bəzi işlərin görülməsinə başlanılır. Yazın müjdəçisi hesab olunan Novruzgülü Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır. Tətqiqatçıların deyiminə görə, Novruzgülü Boz ay girməmiş heç vaxt açmır. 

“Boz ay”ın böyük bir hissəsi mart ayına düşür. Mart ayını “vuruş, savaş ayı” da adlandırırlar. Rəvayətə görə, mart ayında soyuqla isti döyüşür və sonda isti qalib gəlir. Bu savaş Cəmlələrlə başlayır. Azərbaycanın müxtəlif böləgələrində Çərşənbələrə “Cəmlələr”, “Cəmilə”, “Cəlimə” deyilir. Bununda izahı onunla verilir ki, ilk Cəmlənin suya düşməsindən sonra sular donmur. Elə Cəmilə sözünün mənası “günəşin ilk isti şüası” deməkdir.

Türk xalqlarının mifologiyasında da od - istilik, Günəş anlamını verən “Cəmrə” anlayışı mövcuddur. Fevralın 20-də, Kiçik çillənın çıxdığı gün Cəmrə havaya baxır, hava isinir. Bir həftə sonra, yəni fevralın 27-də Cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş verir.

“Boz ay” bir həftə çəkməklə dörd çilləbeçəyə (Çərşənbəyə) bölünür. Bu ayda olan dörd Çərşənbə müqəddəs sayılır. Çərşənbələr təbiətin dəyişməsində dörd ünsür olan: su, od, yel və torpaq ilə əlaqləndirilir.

Çərşənbələrin ilk üçünü “Doğru üskü”, sonuncunu isə “İlaxır çərşənbə” deyə adlandırırlar. Bu Çərşənbələr Novruza hazırlıq dövrünü təşkil etdiyi üçün bu Çərşənbələrə “Novruz çərşənbələri” də deyilir. Bəzi deyimlərdə Çərşənbənin ilki “Əzəl”, “Müjdəçi” çərşənbə adlanır, ikinci çərşənbə “Kül”, üçüncü çərşənbə “Gül”, sonuncu çərşənbə “İlaxır” çərşənbə sayılır. Coğrafi relyefə görə bəzi bölgələrimizdə çərşənbələrin yeri fərqli qeyd olunur.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü

Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Pəhli Qəribova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

PƏHLİ XALƏDDİN OĞLU QƏRİBOV

(17.09.1993.-08.01.2020.)

 

Kürdəmirdən olan Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 

                      PƏHLİ

 

Sən, Vətəni canından, Pəhli, artıq sevirdin,

Adını  əməlinlə ölməz ada çevirdin.

Yazıldın döyüşməkçin  könüllü  ordumuza,

Dedin, zəfər yaraşır, müqəddəs yurdumuza.

 

Uşaqlıqdın hamıya sevimli, əziz idin,

Xəyalların bir aləm, arzular dəniz idin.

Əsgərlikdə olanda   göstərdin  əla xidmət,

Fəxri fərmanlar, saat - halal mükafat, qiymət.

 

Həmişə gözləyirdin, Komandanın əmrini,

Bitirmək vaxtı gəldi  kafirlərin ömrünü.

Necə ürəklisənmiş, necə də mətanətli,

Düşməni məhv eyləyən  əsgərdin - şücaətli.

 

Döyüşdün Füzulidə, Cəbrayılda qeyrətlə,

Yağılar  qaçırdılar qorxu ilə, heyrətlə.

Düz qırx dörd gün döyüşdün, getdin Şuşaya qədər,

Düşmən kədərə batdı, ömrünü aldı kədər.

 

“Biz qalib gələcəyik”, - söykənərək inama,

Səkkiz noyabrda sən  çatdın ali məqama.

Müqəddəs bayrağımız Şuşada dalğalanır,

Mənfurlar,  məsləksizlər məzarda “lovğalanır”.

 

Canından keçdin,  Pəhli, bu yurd yaşasın deyə,

Qəhrəmansan, şöhrətin sığışmır  yerə-göyə.

Səni sevimli edən  elə sədaqətindir,

Nərmin balan, gül balan  bizə əmanətindir.

 

Hamımıza əzizdir yurdumuzun hər yanı,

Alıb səni qoynuna Şəhidlər Xiyabanı.

Bu vətəni düməndən azad etdi igidlər,

Həmişə yaşayacaq qəhrəmanlar-şəhidlər.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət"

 

Qərbi Azərbaycan İcması Nizami rayon nümayəndəliyinin təşkilatçılığı ilə “8 mart- Beynəlxaq Qadınlar Günü" münasibətilə tədbir keçirilib. Belə xoş bir məclis üçün QAİ Nizamı rayon nümayəndəsi Xəqani Səfərova dərin minnətdarlıq düşür.

 

Tədbirdə Qərbi Azərbaycanlı xanımlar və ziyalı bəylər iştirak edirdi. Bəylər hətta xanımlar üçün şeir də oxudular. Çox maraqlı və incə hərəkət idi.

Biz təsdiq edirik ki, dünyada Qərbi Azərbaycanlı xanımlar çox təşəbbüskar xarakterə malikdirlər. Qayıdışda da Qərbi Azərbaycanlı xanımların xüsusi rolu olacaq. Onlar yurd həsrətini dərindən hiss edənlərdəndir. Mən bu tədbirdəki ən gənc xanım idim. Təsadüfi deyil ki, mənə də söz verildi. Öz növbəmdə çıxışım diqqət və maraqla qarşılandı.

Tədbir çox gözəl keçdi. Sözü, musiqisi, yallısı... Mükəmməl idi. Təşəkkür edirəm. İnşallah davamlı olar. Yurdumuza qayıdanda bundan da böyük zallarda deyib-güləcəyik.

Biz bu günü səbrsizliklə gözləyirik.

Biz buna inanırıq!

Biz qayıdacayıq! 

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün rubrikamda premyeradır, ilk dəfədir ki, Təranə Dəmirin şeirini təqdim edirəm. Sabah martın 8-dir. Bəlkə də sabah bütün qadınlar diqqət mərkəzində olduqlarından xoşbəxt olacaqlar, amma bu gün və biri gün onlar öz dərd-sərləri ilə başbaşa olacaqlar.

 

Yanvar yağışından asılıb qalıb iyundan qalan  arzular,

Üşüyür bulud evində.

Üstünü şaxta örtüb, qırov basıb,

Didərgindi yerlə göyün arasında.

Bir  himə bənddi

çiliklənib tökülsün

üzüaşağı

səma yuvasından.

Amma qorxusu yoxdu heç nədən --

nə yağışdan, nə küləkdən..

Yanvarın  boğazında  ilişib qalacaq uzaqbaşı, 

Şükür  hələ ki, diridi...

nə bilmək olar, 

ölümlə olumun tən ortasında

bir də gördün, gün çıxdı, buz əridi...

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

Cümə, 07 Mart 2025 08:04

Haqqa qovuşan Mir Dilavər ağa...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ömrünün 89-cu ilində haqqa qovuşan Yardımlı ağsaqqalı Seyid Mir Dilavər ağanı Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli İsgəndərov belə xarakterizə edir. Yeri gəlmişkən, yazını təqdim etməmişdən öncə xatırlatmaq istəyirəm ki, Ağanın yeddi məclisi martın 9-u (İftar vaxtı) Heydər məscidində keçiriləcək.

 

Bilənlər yaxşı bilir ki, biz Yardımlı camaatı seyidlərimizə qarşı həmişə diqqətli olmuşuq. Çünki bu adamlara həzrəti Peyğəmbərimizin yadigarları kimi ehtiram göstərməyi özümüzdə bir vəfa borcu sanmışıq. Bu gün sizə Yardımlı qəsəbə camaatının tanınmış ruhanisi, ötən əsrin 60-cı illərindən 2000-ci ilin əvvəllərinə kimi ata-babamızın şəriətimizin buyurduğu kimi dəfn-kəfən edilməsində böyük əməyi olan Hacı Mir Dilavər ağa haqqında söhbət açmaq istəyirəm. Əlbəttə, hamı kimi mənim də qəlbimdə Mir Dilavər ağaya böyük sayğı və rəğbətim var, valideynlərim də bunu zaman-zaman biz övladlarına nəsihət ediblər, hətta onun cəddinə tapınıblar...

 

 Seyidlər yurdu Perimbeldən olan Mir Dilavər ağanı ağlım kəsəndən Yardımlı qəsəbəsində görmüşəm. Xatirimdədir, o, keçən əsrin 60-cı illərindən Yardımlı qəsəbəsində mühasib kimi çalışdığından məcbur olub, doğma kəndindən rayon mərkəzinə köçmüşdü. Onlar ilk dəfə Yardımlı qəsəbəsində bizim qonşuluğumuzda kirayə qalırdılar, rəhmətlik Qulam Rufullayevin evində. Ona görə də uşaqları də bizim Yardımlı qəsəbə 2 saylı orta məktəbdə oxuyublar və oğlanları məktəb yoldaşlarımız olduğu kimi Mirəddin, Mirşahin bizim məhəllə dostlarımız idi. Elə o zamandan Mir Dilavər ağamızı Yardımlı qəsəbə camaatının ruhanilərindən biri kimi tanıyırdım. Məmur olsa da, onun kamil dini savadından, bizim şəri məclislərdə- Məhərrəmlik və ya Ramazanda xoş avazlı moizələrindən, risalə söhbətindən doymaq olmurdu. Daima bizim Yardımlı qəsəbə məclislərində onu görməyə alışmışdıq. Düzünü desəm, bizim babaların ona xüsusi bir rəğbəti var idi, həm cəddinə iman gətirib nəzir verər, rəhmətə gedənlər üçün Quran ayələrinin oxumasını xahiş edər, həm də xüsusi, əlamətdar gündə məscidimizdə məclisi idarə etməyi seyyid Mir Dilavər ağadan xahiş edərdilər. Camaatımızdan rəhmətə gedən olanda, Mir Dilavər ağa məmur kimi çalışdığı Kənd Təsərrüfatı və ya Aqrara-Sənaye idarəsində mühasib olduğu üçün aşıb-daşan işini buraxıb, Yardımlı qəsəbəsindəki üzr yerinə tələsərdi. Mürdəşirxanada və ya məzarlıqda dəfn-kəfən edilən zaman onun həzin, bir az kədərli şəkildə vəfat edən adamın ruhuna ucadan oxuduğu duaların səsi indi də qulaqlarımdadır. Bütün xeyir-şərimizdə yaxından iştirak edərdi. Yardımlı qəsəbə camaatı da seyidimizin bu iltifatına görə, ona böyük ehtiram göstərər, hər bir məclisdə başda oturmağa dəvət edirdilər. Ağamızın bu fəaliyyəti Yardımlı camaatı üçün 40 ilə yaxın davam edib. Sonradan əslən Osnağaran kəndindən olan seyid Mir Əzəddin ağanın şəri məclislərimizdə bir ruhani kimi tanınması ilə Mir Dilavər ağa öz nəcib missiyasını ona əmanət etdi və məclislərdə seyrək olaraq iştirak etməyə başladı. Bunun digər səbəbi də səhhətində yaranan nasazlıq idi. Gənc yaşında qəfildən bir neçə övladını itirməsi isə Mir Dilavər ağaya həqiqətən böyük zərbə oldu...

 

Bildirim ki, seyidimiz Mir Dilavər ağanın atası rəhmətlik Mir Təyyar ağanın da mükəmməl dini savadı olub və bu savadı öz oğlanlarına da öyrətməyi bacarıb. 1921-ci ildən 1934-cü ilə kimi Sovet dövlətinə tabe olmaq istəməyən azadlıqsevər Perimbel camaatı Sovetlərin çox zülmünə tuş gəlib. 1953-cü ildə isə Perimbel kəndi depotasiya edilən kəndlərimizin önündə olub. Kənd camaatı zorla Salyan və digər rayonlara köçürülüb. Bax, o zaman Mir Dilavər ağanın atası Mir Təyyar ağa da Salyan rayonuna köçübdür. Köçkünlərə mehribancasına qucaq açan bu diyar Perimbel camaatına çox kömək olublar. Mir Təyyar ağa da Salyan camaatı içərisində böyük ehtiram və rəğbətə sahib olub...

Bəli, Mir Dilavər ağa və qardaşları mükəmməl dini savada malik olublar. Uzun illər  Bakı Dövlət Universitetidə çalışmış, professor, rəhmətlik Mir Əcəm ağa da, Yardımlıda xeyir-şərimizin yaraşıığı Mir Əkrəm ağa da Quran ayələrini əzbərdən bilən və yeri gələndə çox gözəl təfsir edənlər olublar. Məlum pandemiyaya qədər bu yaşında Mir Dilavər ağanın ömür-gün yoldaşı Hacı Leyla xanım bütün xeyir-şərimizdə yaxından iştirak edib, bəzən, hörmət əlaməti olaraq üzr yerində qadın məclislərimizi də idarə edib. Camaatımızın böyük hörmətini qazanıb...

 

 Bəli, valideynlərimiz dönə-dönə Mir Dilavər ağaya ehtiramı bizə vəsiyyət-nəsihət ediblər. Heyf, çox heyf ki, Mir Dilavər ağa bu gün aramızda yoxdur. Ona Allahdan rəhmət diləyirik...

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..

Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.

 

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri - Əli bəy Həsənzadənin doğum günüdür.

O, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmişdir. 7 mart (köhnə təqvimlə 24 fevral) 1864-cü ildə Salyanda dindar ailədə anadan olub.

Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı.

 

Bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır.

 

Kitabları:

 

1. Əbədi gözəlliklər. 

2. Nicat məhəbbətdədir. 

3. Qərbin iki dastanında türk.

4. Türklər kimdir və kimlərdən ibarətdir?

5. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar. 

6. Kəfalət, yaxud vəfadar dostlar (F. Şillerdən nəzmən tərcümədir). 

 

Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

Fariz Əhnədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Ankarada Azərbaycan və Türkiyə Prezidentlərinin rəhbərliyi ilə videoformatda İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu. Bu kəmərin açılışı Naxçıvanın enerji müstəqilliyini təmin etməklə yanaşı İrandan asılılığını da demək olar ki, sonlandıracaq.

 

Bununla yanaşı 100 ildən çoxdur Azərbaycanın əsas hissəsindən ayrı qalan və Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən işğalına hazırlaşılan Naxçıvan bütün qapıları açaraq bölgənin cövhərinə çevrilir. 

Ölkə başçısı çıxışında qeyd etdi ki, umummilli lider Heydər Əliyevin o zaman Naxçıvana rəhbərliyi, Naxçıvanlıların canları bahasına düşmənə yol verməməsi və qardaş Türkiyənin dəstəyi ilə Naxçıvan ayaqda durdu. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanda “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərində hər sahədə böyük irəliləyiş olduğunu bildirdi. 

 Naxçıvanın enerji çətinliyi çəkməyəcəyinə dair açıq mesaj

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini tam təmin edən strateji layihədir. Bu kəmər Azərbaycan qazını Türkiyə üzərindən svop mexanizmi ilə Naxçıvana nəql edəcək ki, Naxçıvan bu problemdən birdəfəlik xilas olaraq bölgədə sabitliyi və iqtisadi inkişafı dəstəkləyəcək.

Prezident Ərdoğan bildirdi ki, gündəlik 2 milyon kubmetrə qədər qaz nəqletmə qabiliyyətinə malik bu kəmər  Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il təmin edəcək. Bu da Naxçıvanın gələcəkdə enerji ilə bağlı çətinlik çəkməyəcəyinin açıq mesajıdır. Həmçini Prezidentlərin Bakı-Tbilisi-Ceyhan, TANAP və digər enerji layihələrinə istinad etməsi onu göstərir ki, İğdır-Naxçıvan kəməri enerji strategiyasının bir hissəsidir. Bu cür layihələr Türk dünyasının birləşməsi kontekstində böyük önəm daşıyır. 

 

Türk dünyasına sıx inteqrasiya

Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-qars dəmir yolu həm ölkəmiz üçün, həm də Türk dünyasını birləşdirmək üçün böyük nəqliyyat bağlantısıdır. Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində Türk dünyasının birləşməsi üçün ortaq maraqlar və ortaq tarix üzərində əlaqələr quruldu, dostuqlar yarandı, münasibətlər daha da qırılmaz oldu. Prezidentlər tribunadan Türk dünyasının daha sıx inteqrasiyasını dəstəklədiklərinin açıq aydın mesajını verdilər. Buradan həm də Azərbaycanın və Türkiyənin Orta Asiya ilə nəqliyyat və enerji əlaqələrini gücləndirmək niyyətində olduqlarını bildirdilər. 

 

Ermənistana dolayı siyasi mesajlar

Ermənistanın Zəngəzur dəhlizi məsələsində nala-mıxa vuraraq zaman qazanması fonunda Bakı və Ankara öz alternativ yollarını qurmağa, real layihələri həyata keçirməyə davam edirlər. Bölgədə yeni enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycan və Türkiyənin dominant mövqeyini daha da gücləndirir. Verilən mesajlar fonunda demək olar ki, bəzilərinin xəyal etdikləri artıq reallaşır.

Ölkə başçısı çıxışında Azərbaycanın qaz ixracını 25 milyard kubmetrə çatdırdığını və 10 Avropa ölkəsinə qaz satdığını bildirildi. Bu da artıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas simalardan birinə çevrildiyini göstərir. İğdır-Naxçıvan qaz kəməri təkcə enerji layihəsi deyil, həm də mühüm siyasi və geostrateji addımdır. Bu layihə Türkiyə-Azərbaycan ittifaqının gücünü, bölgədə yeni reallıqların formalaşdığını əyani şəkildə göstərir.

Ermənilərin Naxçıvanı 1920-ci ildə Azərbaycandan qoparması və bölgəyə qarşı daim düşmən mövqe sərgiləməsi, Zəngəzur dəhlizi məsələsini min bir hiylə ilə gecikdirməsi bu ölkənin xainlikdən heç zaman əl çəkməyəcəyinə sübutdur. Türkiyə Prezidenti də Türkiyə və Azərbaycanın bölgədə sülh və əməkdaşlıq tərəfdarı olduğunu, lakin lazım gələrsə güc nümayiş etdirəcəyini bildirdi. Bu da “başadüşən” Ermənistan üçün gələcəkdə destruktiv addımlardan çəkinməsi üçün açıq mesajdır.

 

Bayram-bayrama qarışdı

Ölkə başçsının da dediyi kimi, Ramaz ayında Naxçıvanlılar bu mərasimi də bayram kimi qeyd etdi. Necə etməyə bilər ki, Naxçıvan sakinləri blokada şəraitində olmazın əziyyətini çəkib qara günlərdən qətrə-qətrə ağ günlərə çıxıblar. Necə ki, əvvəllər Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Şərqlə Qərb arasında qapı rolunu oynayıbsa indi də, Türkiyə və Azərbaycan arasında qovuşaq rolunu oynayaraq Türk dünyasına açılan qapı olacaq!

 

 “Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

Cümə axşamı, 06 Mart 2025 12:45

Ürəyinə dammış kimi…

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün 

 

Azərbaycanın Millət vəkili, Türk dünyasının sevilən qızı Qənirə Paşayevanın 50 illik yubileyini onsuz qarşılayırıq… “Bəlkə mən heç 50 yaşa çatmadım” - ürəyinə dammış kimi bir müsahibəsində belə demişdi. 

 

Dini, fəlsəfi, milli, elmi, dünyəvi, təcrübi… - hansı bucaqdan baxsaq, bir təsəlli bulunur, əlbəttə; əlbəttə, torpağın üzü soyuqdur; lakin elə də asan olmur axı… Dost, bacı, yoldaş, sirdaş, gözəl qonşu, xeyirxah elqızı, Millət vəkili, Komitə sədri, təşkilat başqanı, Türk dünyası aydını, telejurnalist, siyasi elmlər doktoru, ictimai xadim… - onu tanıyan, bilən hər kəs üçün bir doğma yönü vardı Qənirə xanımın. Doğmalıq Günəşin şəfəqləri kimidi, paslanmayan altun kimidir və bunlardan da üstün bir məziyyət vardır: doğma gedərsə də, doğmalıq qalar…

Bəli, doğrudan da, elə insanlar olur, onlar üçün “yaşadı” demək yetmir. Çünki onların ömrü təqvim illəri ilə deyil, doğmalıqları və gördükləri doğru işlərin dəyəri ilə ölçülür. Qənirə Paşayeva da belə insanlardan idi – ömrə ömür sığdıran, ulusu üçün yaşayan, yazıb-yaradan, Türk dünyası sevdalılarının könlündə taxt quran bir xanıməfəndi…

 

O, həyata gözlərini yazda açdı, payızda əbədiyyətə qovuşdu… Amma bu sadəcə təqvimlərdəki dəyişikliyi ifadə etmir. Hələ də yüyrək amma nizamlı addımlarının səsi gəlir elə bil…

 

Qənirə Paşayeva söz adamı və öz sözünün yiyəsi idi. Amma təkcə danışan, yazan deyil, sözün ciddiyyətini dərk edən, onu əmələ çevirən, ürəklərə köçürən bir söz adamı!.. Jurnalistikadan siyasətə, poeziyadan xeyriyyəçiliyə qədər hər sahədə eyni yanğı ilə çalışırdı o.

 

Türk dünyasının qayğısını da, uğurunu da öz könlündə, öz canında hiss edən Qənirə xanım, bəzən əlində bayraq dalğalandıran bir uşağın baxışlarında, bəzən də tariximizin qaranlıq səhifələrində yanan ağ şam işığında duyğularına tərcüman bulurdu…

 

Onun son günləri ilə bağlı anılar da insanın içini titrədir. Özüm şahidəm: komaya düşməzdən az əvvələ qədər növbəti həftələrin, ayların iş planlarını tutur, dəqiqləşmələr aparırdı. Bir yandan sanki heç yana, heç yerə tələsmirdi, digər yandan tələsirdi, tələsirdi… 

Fələk onun qədər səxavətli olmadı…

Budur, Qənirə xanımın 50 yaşı tamam olur… 50 yaş nədir ki?!.

Ruhun şad olsun, qənirsiz Qənirə xanım! 

Xocalıda çatılan bayram tonqalları ruhuna agahdır, umarım.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Brayan Treysi, «Maksimuma çatmaq»

Bu kitab insanlara bütün gizli istedadlarını üzə çıxarmağa, bütün güclü tərəflərini inkişaf etdirməyə kömək edir, bunlar da uğur qazanmaq üçün vacib şərtlərdəndir.

Müəllifin təqdim etdiyi prinsiplər müsbət nəticə göstərilməsi üçün özünü çox gözlətmir. Oxucu kitabdan həyatın bütün sferalarında – şəxsi həyatda, karyerada, maliyyə və sağlamlıq baxımından uğur qazanmağın yollarını öyrənir.

«Maksimuma çatmaq üçün öz həyatınızı tam nəzarətə atmalısınız», - deyir Brayan Treysi.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məryəm Gözəlidir.

 

Məryəm Gözəli

Təbriz

 

 

SƏNSİZ YAŞAMAĞI BACARMAQ

 

Nədən xatırlasın, nəyi ağlasın?!

Arzusu heç olan bəlalı könlüm.

Əlini üzəndən, ayağa düşdü,

Çılğınca vurğunun olalı könlüm.

 

Ürəyimdə sənsiz illər ötüşəm,

Yaradır, həsrətdir, bəlkə də nifrət.

Məndən uzaq, səndən yaxın bir dünya,

Titrədir qəlbimi, qopur qiyamət.

 

Bitsin bu həsrətin kabusu, yetər

Sənsiz yaşamağı bacaram gərək.

Artıq öz qaydıma qalmalıyam mən,

Mənsiz ürəyində qalsa da ürək.

 

Bu sevgim yadına düşər, ağlarsan,

Məzarda gözümə torpaq atanda.

Əlin əllərimi istər, yetişməz

Soyuq torpaqların altda yatanda.

 

“Ədəbiyyat və incəsənət”

 (06.02.2025)

 

84 -dən səhifə 2132

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.