
Super User
Azərbaycan diaspor təşkilatları Kanada parlamentinin üzvlərinə Xocalı soyqırımı ilə bağlı məktub ünvanlayıblar
Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyası və Monreal Kanada-Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar kanadalı parlamentarilərə məktub ünvanlayıblar.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktubda Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın dəstəyi ilə üç tərəfdən Xocalıya hücum edərək yüzlərlə mülki şəxsi qətlə yetirib. Bu dəhşətli faciədən 33 il ötməsinə baxmayaraq, Xocalı soyqırımı müasir tariximizin ən qaranlıq səhifələrindən biri olaraq qalması diqqətə çatdırılıb.
Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasının və bu faciənin rəsmi tanınmasının mühüm məsələlərdən biri olduğu bildirilib.
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
ANAİB sədri Şəmil Sadiq Bahar Muradova ilə görüşüb
“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyi (ANAİB) idarə heyətinin sədri Şəmil Sadiq Ailə Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına İctimai Birlikdən verilən məlumata görə, görüşdə ANAİB idarə heyətinin üzvləri – “Ağıllı bala” nəşriyyatının direktoru Fatimə Alxaz, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq, ANAİB-in koordinatoru Səma Məstəliyeva da iştirak ediblər.
Tərəflər cəmiyyətin sosial problemlərinin işıqlandırılması və həlli istiqamətində birgə layihələrin həyata keçirilməsi barədə söhbət edib, hazırda gündəmdə olan kitablarda yaş senzinin göstərilməsi mövzusunda müzakirə aparıblar.
Nəticədə, yaş məhdudiyyətinin daha çox uşaq kitablarına aid olağı ilə bağlı razılığıa gəlinib. Digər bədii kitablara isə yalnız zəruri olduğu təqdirdə yaş məhdudiyyəti qoyulacağı bildirilib.
Görüş zamanı ANAİB-in təşkil edəcəyi IV Uşaq Kitab Festivalı ilə bağlı da fikir mübadiləsi aparılıb. Festivalın Gənclər və İdman Nazirliyi, Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsi və ANAİB-in təşkilatçılığı ilə keçirilməsinə qərar verilib.
Bundan başqa, görüşdə ANAİB adından Himayəçilər Birliyinin yaradılması haqqında fikir də səsləndirilib.
Görüş müzakirələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
BƏƏ-də Azərbaycanın turizm imkanlarından bəhs edən film nümayiş olunub
BƏƏ-nin Şarcə televiziya kanalında yayımlanan “Rihləti” proqramında Raşid əl-Xəzrəcinin təqdimatında Azərbaycanın turizm imkanları barədə film nümayiş olunub.
AzərTAC telekanala istinadla xəbər verir ki, filmdə Azərbaycanın turizm imkanları, mətbəxi, təbiəti, milli musiqisi, habelə qədim tarixi abidələrindən bəhs edilib. Ekran əsərində, həmçinin Qız qalasının tarixinə toxunulur, onun Bakının əsas rəmzlərindən olduğu diqqətə çatdırılıb.
Eyni zamanda, filmdə Şahdağ turizm mərkəzində yaradılan şərait tamaşaçılara göstərilib. Ekran əsəri kanalın sosial şəbəkə hesablarında da yayımlanıb.
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
Britaniya Azərbaycanlıları Cəmiyyəti Britaniya Parlamentinin üzvlərinə məktub ünvanlayıb
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Britaniya Azərbaycanlıları Cəmiyyətinin (BAC) rəhbəri Fəridə Pənahovanın təşəbbüsü ilə cəmiyyət adından ölkə parlamentinin 650 nəfər üzvünə və Xarici İşlər Nazirliyinə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı məktub ünvanlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktubda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı haqqında ətraflı məlumat verilib, beynəlxalq ictimaiyyətə və Britaniya Parlamentinə faciənin tanınması və ədalətin bərqərar olması üçün çağırış edilib. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixə düşdüyü vurğulanıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu qətliam nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı amansızcasına qətlə yetirib, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də naməlum olaraq qalıb. Şahid ifadələri, beynəlxalq hesabatlar və müstəqil araşdırmalar bu hadisənin insanlığa qarşı ağır cinayət olduğunu təsdiqləyib. Bu çərçivədə Britaniya Azərbaycanlıları Cəmiyyəti (BAC) beynəlxalq ictimaiyyətə, xüsusilə də Britaniya Parlamentinə Xocalı soyqırımının tanınması, 26 fevral tarixinin Xocalını Anım Günü elan olunması kimi çağırışları edilib.
Britaniya Azərbaycanlıları Cəmiyyətindən Xocalı faciəsinin tanınması və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq arenada daha geniş təbliği istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirilib.
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
“Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabının təqdimat mərasimində Aktotı Raimkulovanın çıxışı
Leyla Səfərova, "Ədəbiyyat və incəsənət"
Ötən gün- 5 mart tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq çərçivəsində nəşr etdirdiyi “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri”adlı kitabın təqdimat mərasimi keçirilib.
Türk dünyası incəsənətinə dəyərli bir töhfə olacaq bu kitabın təqdimat mərasimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş tutub. Kitabın təqdimatında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, deputatlar, incəsənət və mədəniyyət sahəsinin tanınmış simaları, KİV agentliklərinin əməkdaşları və başqaları iştirak edirdilər.
Türk Mədəniyyəti və İrsi Fondunun növbəti genişmiqyaslı layihəsi olan "Türk dilli ölkələrin milli musiqi alətləri" kitabı 6 türk ölkəsinin alimlərinin, incəsənətşünasları və musiqiçilərinin birgə əməyinin nəticəsidir. Təqdim olunmuş nəşrdə çoxsaylı elmi mənbələrə əsasən türkdilli xalqlar arasında ən geniş yayılmış yüzdən çox ənənəvi musiqi aləti haqqında geniş informasiya verilir. Atlas musiqişünaslar, musiqiçilər, folklorçular, orqanoloqlar üçün nəzərdə tutulmuşdur.
Təqdimat mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edib. Çıxışın mətnini diqqətinizə çatdırırıq:
- Əziz tədbir iştirakçıları, hörmətli xanımlar və cənablar!
Hər birinizi Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Musiqi Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində nəşr edilən “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabının təqdimat mərasimində salamlayıram.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan, Türkiyə DövlətBaşçılarının dəstəyi ilə yaradılan Türk Mədəniyyəti və İrsi Fondu Türk ölkələrinin zəngin mədəniyyətinin və irsinin, çoxəsrlik tarixinin qorunması, beynəlxalq aləmdə təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərir. Fondun növbəti layihəsinin təqdimat mərasimi başlamazdan əvvəl qısaca demək istəyirəm ki, 2024-cü il təşkilat üçün böyük uğurlar ilə yadda qaldı.
Öncə Fondun Şurası haqqında məlumat vermək istəyirəm. Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinə uyğun olaraq, Fondun Şurası – ali nəzarət orqanıdır və üzvləri mədəniyyət nazirlərinin səviyyəsində təsdiq olunub.Keçən il, təşkilatımızın Nizamnaməsinə əsasən, Fondun fəaliyyətində ilk dəfə olaraq Azərbaycanda, Fondun mənzil qərargahında, Türk ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə təşkilatınilk Şura iclasını keçirdik.
Bu kontekstə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Fondun fəaliyyətində fəal iştirakına, beynəlxalq layihələrdə dəstəyinə və təşkilatımızın işinə verdiyi töhfələrə görə xüsusi təşəkkürümüzü bildiririk.2025-ci ildə isə Fondun Şurasına Qazaxıstan Respublikası sədrlik edir. Cari ilin fevral ayında, nazirlərin iştirakı ilə Astanada uğurla Fondunikinci Şura iclasını keçirdik.
Fondun 2024-cü il üzrə iş planında 25 layihə təsdiqlənmişdi, lakin Fond tərəfindən bərpa və muzeyləşdirmə, elmi və maarifləndirmə, təhsil, mədəniyyət və incəsənət, o cümlədən yaradıcılıq sahələrində 75-dən çox genişmiqyaslı layihə icra edildi.Xatırlatmaq istərdim ki, 2023-cü ildə Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Toplantısından sonra biz yeni strateji fəaliyyət mərhələsinə qədəm qoymuşuq.Astanada keçirilən Zirvə Toplantısının bəyannaməsində verilən tapşırıqlara uyğun olaraq, ötən il biz Bişkekdə Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi işlərini uğurla başa çatdırdıq.
”Türk Dünyasına baxış – 2040” və «TURKTIME» strateji sənədlərinə əsaslanaraq, biz Türk mədəni irsinin çoxdilli Kataloqunu çapa hazırlayırıq.
Bu Kataloq, yaxın illərdə Türk irsinin rəqəmsal platformasının yaradılmasında təməl olacaq.
Bundan başqa təşkilatımız Beşinci Dünya Köçəri Oyunlarına dəstək verərək, biz yenə də qədim mədəniyyətimizi ictimaiyyətə təqdim etdi.
Qardaş təşkilatlarla əməkdaşlıq baxımından da ötən il bizim üçün uğurlu oldu. Belə ki, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və Türk Akademiyası kimi qardaş təşkilatlarla əməkdaşlıq edərək, biz “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusundabeynəlxalq konfrans keçirdik. Bu tədbir, 2025-ci ilin «Anev - Türk Dünyasının Mədəniyyət Paytaxtı» elan edilməsi münasibətilə Türkmənistanın Anev şəhərində keçirilmişdir. Həmçinin, «Qədim Anev Mədəniyyəti» mövzusunda beynəlxalq konfrans təşkil olunmuşdur.
UNESCO ilə əlaqəli biz Türk ölkələrin qeyri-maddi mədəni irsinin çoxmillətli nominasiya layihələrinin koordinasiyasına başlamışıq. Hazırda biz üzv ölkələrlə "Qurama" (Kurak, Kurok, Kırk yama) və "Alpamıs" dastanı üçün çoxmillətli nominasiya təqdimatı üzərində işləyirik
Türkiyənin İstanbul şəhərində və Qazaxıstanın Tanbalı və Kulan bölgələrində, türk mədəni irsinin idarə edilməsi üzrə təhsil proqramları həyata keçirilib və həftəlik təcrübə proqramları həyata keçirdik.
Eyni zamanda FondAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti ilə birgə Azərbaycanın ayrılmaz parçası olan tarixi Qarabağ bölgəsinin Füzuli şəhərində yerləşən 18-ci əsrə aid Qoçəhmədli məscidinin bərpası yönündə hazırlıq işlərinə başlamışdır.
«Türk dünyasının görkəmli şəxsiyyətləri», «Türk dünyasının ədəbi inciləri», «Türk dünyasının elmi inciləri», adlı yeni kitab seriyalarından isə indiyədək 18 kitab nəşr etdik.
Eyni zamanda, biz media fəaliyyətimizi də davam etdiririk. YouTube-da yerləşdirdiyimiz TurkDiscovery kanalımız yüksək keyfiyyətli məzmunu ilə izləyici auditoriyasını cəlb edib.
Keçən ilin nəticələrinə əsasən, bu kanal 85 yeni videonu tamaşaçıların ixtiyarına verib, bu çarxlara, 3 600 000 baxış və kanal olaraq 20 000-dən çox daimi izləyici qazanmışıq.
UNESCO 2024-2025 illərini Mahmud Qaşqarinin «Divani lugat at-türk» əsərinin yubileyinə həsr edib. Bu təşəbbüsə dəstək olaraq, Biz Bişkekdə beynəlxalq sərginin açılışını keçirdik, hazırda sərgi Qazaxıstandadır və 2025-ci il ərzində Türk dünyasınındigər ölkələrində təqdim olunacaq.
Ötən il noyabrda Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları 11-ci Zirvə Toplantısında Fondun fəaliyyəti və əldə etdiyi uğurlar xüsusilə Qırğızıstanın Prezidenti cənab Sadır Japarov tərəfindən yüksək qiymətləndirildi.Həmçinin, Zirvə Toplantısında, Özbəkistan Respublikasının Prezidenti, hörmətli cənab Şavkat Mirziyoyev öz çıxışında Fondumuza tamhüquqlu üzv olmaq üçün hazır olduğunu ifadə etdi.
Bundan əlavə, Türkmənistan dövləti, təşkilatımıza müşahidəçi dövlət kimi qoşulmağa hazır olduğunu bildirən diplomatik nota təqdim edib.
Ötən ili biz Türk dünyasının və ümumilikdə dünya mədəniyyət irsinin qiymətli incisi olan «Divani-lüğat at-türk»ün 950 illiyinə həsr olunmuş genişmiqyaslı sərgi və beynəlxalq konfransın keçirilməsi ilə başa çatdırdıq.13 dekabr 2024-cü ildə, Fransanın Paris şəhərində, UNESCO-nun mənzil qərargahında keçirilən bu konfransda Fond, Fransada akkreditə olunmuş Türk dövlətlərinin səfirlərini, UNESCO üzrə milli komissiyaların baş katiblərini və Türk dövlətlərinin UNESCO-dakı daimi nümayəndələri, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən görkəmli alimləri bir araya gətirdi.
Tədbirdə UNESCO-nun və digər beynəlxalq təşkilatların nümayəndələri, eləcə də Türk dünyasının ziyalıları da iştirak etdi.
Bütün bunlar təşkilat olaraq gördüyümüz işlərin az bir hissəsi qısa icmalı idi. İndi isə sizlərə təqdim olunan kitab haqqında fikirlərimi bölüşmək istəyirəm.
«Türkdilli Ölkələrin Milli Musiqi Alətləri» kitabı Fondun növbəti genişmiqyaslı layihəsidir.
Vurğulamaq istəyirəm ki, bu layihənin həyata keçirilməsinə 2023-cü ildə başlanılıb və keçən il Fondun tam dəstəyi ilə nəşr işıq üzü görüb. Bu münasibətlə, Fondun dəstəyi ilə bu musiqi atlasının nəşrinə öz töhfələrini verən hər kəsə, xüsusilə də Fondun birinci prezidenti və layihə rəhbəri, millət vəkili Günay Əfəndiyevaya, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyliyə və Akademiyanın bütün kollektivinə dərin təşəkkürümü bildirirəm. Bu kitab, 6 Türk dövlətinin alimlərinin, sənətşünaslarının və musiqiçilərinin birgə əməyinin nəticəsidir. Kitab oxuculara Türk dünyasının musiqi alətlərinin mahiyyətini oxuculara açır və onlara əhatəli biliklər qazandırır. Gələcəkdə musiqişünaslar bu əsəri ensiklopediyaya çevirməyi təklif edirlər.
Bu dəyərli işə öz töhfələrini verən bütün redaktorlar, layihə koordinatorları və redaksiya heyətinin üzvlərinə dərin təşəkkürümü bildirirəm.
Xüsusilə, Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı Muzeyində təqdimatın keçirilməsində dəstək göstərən görkəmli elm xadimi, Milli məclisin sədr müavini, akademik Rafael Hüseynova dərindən minnətdaram.
Sonda vurğulamaq istəyirəm ki, bizim üçün bu təqdimat yalnız Türk dünyasının mədəni irsinin daha dərindən öyrənilməsi və qorunması yolunda atdığımız addımlardan biridir.
Hər kəsə diqqət və iştirak üçün təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
Cenevrədə Azərbaycan milli rəqsləri üzrə ustad dərsləri təşkil olunacaq
Üzümüzə gələn ay – aprelin 5-də İsveçrənin Cenevrə şəhərində Azərbaycan milli rəqsləri üzrə ustad dərsləri təşkil olunacaq.
Dərslər İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Mariya Xan-Xoyskaya Martinyolinin rəhbəri olduğu “İRS” rəqs qrupunun təşkilatçılığı, Azərbaycandan dəvət olunmuş rəqqas Firuz Əlövsətovun iştirakı ilə baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, dərslər böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulur. Birinci dərsdə iştirakçılara “Naz eləmə”, ikinci dərsdə isə Azərbaycan mədəni irsinə dərin kök salmış “Yallı” rəqsi öyrədiləcək.
Azərbaycan dilində keçiriləcək ustad dərsləri iştirakçılar üçün ingilis və fransız dillərinə də tərcümə ediləcək.
Sözügedən ustad dərsləri ilə bağlı İsveçrə mediasında da məlumat paylaşılıb:
https://www.associationakhtar.com/avenir
https://www.geneve.ch/agenda/journee-decouverte-danses-azerbaidjan
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
Estradamızın xanım bəstəkarı... – GÖVHƏR HƏSƏN-ZADƏNİN DOĞUM GÜNÜDÜR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- “Məni ciddi bir insan kimi tanıyırlar. Hətta bəziləri- O, çox sərt danışır- söyləyirlər. Heç də sərt danışmıram, sadəcə düşündüyümü deyirəm. İkiüzlülük mənim əqidəmə ziddir. İkiüzlülər hər zaman olub. Bəzi insanlar iradəli, güclü deyil, zəif tərəfləri var. Bəzən qorxaraq, çəkinərək hamının üzünə gülmək məcburiyyətində qalırlar. Amma ikiüzlü olmaq özü də bir bacarıqdır. Fəqət, o cür insanlar hələ özlərini cəmiyyətdə tapmayanlardır. Bəzən özü o sifətlərin içində itib batır, yəqin özünə sual verir ki, hansı mənəm?! Bütün ortamlarda özünü yaxşı hiss edir. Lakin birdən ayılır ki, heç kim onu adam yerinə qoymur, heç kimdir. Həyatda elə ən qorxulu şey də budur. Hamının sevimlisi olmaq arzusu, hamının xoşuna gəlmək istəyi düşüklükdür.”
Allah ondan heç nəyi əsirgəməyib. Qadın gözəlliyi, istedad və cəsarət. Mərd xanımdır, sözünü deməyi bacarır. Özünə və başqalarına qarşı çox tələbkardır. Bəstəkardır, xeyli mahnılar bəstələyib, onlar əsasən estrada janrındadırlar...
Haqqında söhbət açdığım Gövhər Həsən- Zadə 1969-cu ildə Bakıda dünyaya gəlib. Atası, mərhum Sudef Həsənov bir vaxtlar Azərbaycan Elmlər Akademiyası Respublika Təcili Məlumat Xidmətinin rəisi vəzifəsində çalışıb, anası isə filoloqdur. Sözsüz ki, bu vəhdətdən dünyaya gələn Gövhər xanım istedadsız ola bilməzdi. Gövhər xanım 1976-cı ildə Bakı şəhər M. Rahim adına 7 saylı orta məktəbin birinci sinfinə,1977-ci ildə isə Səbail rayonundakı 2 saylı yeddiillik musiqi məktəbinin fortepiano sinfinə müsabiqəsiz daxil olub. 1984-cü ildə orta məktəbin 8-ci sinfini, musiqi məktəbinin 7-ci sinfini fərqlənmə ilə bitirərək elə həmin ildə də Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin musiqi nəzəriyyəsi və tarixi fakültəsinə qəbul olunub. İlk bəstəkarlıq dərslərini Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteyndən alıb. 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olub. Ali və peşəkar təhsilini Xalq artisti, professor Cövdət Hacıyevin sinfində alaraq, 1993-cü ildə həmin təhsil ocağını bitirib.
“Musiqimizdə, ifaçılıq sənətində o qədər eybəcərliklər var ki, bu səbəbdən Bədii Şuranın yaradılmasına ehtiyac duyuldu və ATV-də yaratdıq. Şuranın müzakirə obyekti isə Azərbaycan dili oldu. Azərbaycan dilinə, sənətinə, musiqisinə və dövlətçiliyinə qulluq etmək üçün nə lazımdırsa, onları mükəmməl şəkildə, efir vasitəsi ilə təqdim etmək şuranın əsas prioriteti oldu. Televiziya məkanında uşaqlar üçün proqramlar olsa da, yeniyetmələr üçün verilişlər yoxdur. Çalışacağıq ki, onların maraq dairəsində keyfiyyətli və baxımlı verilişlər də yayımlansın.”- söyləyir.
1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Heydər Əliyev Sarayında bədii rəhbər və rejissor vəzifəsinə təyin edilib və 3 aprel 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə M. Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
Gövhər Həsən-Zadə inzibati işlə bərabər peşəkar yaradıcılıq ilə də məşğul olub. 1993-cü ildən fəaliyyət göstərən ümumrespublika gənc estrada musiqisi ifaçılarının "Zirvəyə doğru" müsabiqəsinin yaradıcısı və bədii rəhbəridir. O, böyük simfonik orkestr üçün poema, simfoniya, fortepiano və orkestr üçün konsert, skripka və orkestr üçün konsert, simli kvartet və kvintet, fortepiano və skripka alətləri üçün prelüd, sonata və bir çox klassik janrda yazılmış 50-yə yaxın əsərin və 300-ə yaxın mahnının, eləcə də Azərbaycan Respublikası Gənclərinin Himni, "Olimpiada yolları" himni, "Biz varıq” adlı BMT Azərbaycan nümayəndəliyi üçün himn, "Sən qalib gələcəksən", "Sən azərbaycanlısan" kimi layihələrin müəllifidir...
Onu bu gün televiziyalarımızı başına götürən şou proqramlar çox narahat edir. Bu bayağı verilişlərdə aparılan söhbətlərə dözümsüz yanaşır.
Deyir ki,- “Niyə efirlərdə sadə adamların, eləcə də məşhurların şəxsi həyatları ortalığa çıxarılır? Guya kiminsə şəxsi həyatını açıb-ağardanda nə olur? Üstündən 3-5 ay keçəndən sonra dalaşanlar yenidən barışırlar. Camaatın hissiyatı ilə niyə oynayırlar bilmirəm. Doğrudur, populyar insanların həyatı hər zaman maraqlı olur. Onların böyük eyiblərini sosiallaşdırmağa çalışırlar. Amma başa düşmürlər ki, onun eybini efirə çıxarıb müzakirə edəndə, onun tamaşaçısını incidirlər, pərt edirlər. Məgər hamının nəsli-kökü təmizdir? Ailə qurduğumuz şəxslərin ailələrində, dost-tanışımızların arasında nankor, nanəcib adam yoxdurmu? Təbii ki, var və bu, bizim eyibimizdir. Elə bir eyib ki, hamıda var. Bunu o zaman sosiallaşdıra bilərik ki, ona yardımımız, köməyimiz dəysin.”
2008-ci ildə Azərbaycanı ilk dəfə təmsil olunduğu Avroviziya Mahnı Müsabiqəsində "Day After Day" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəridir. 2013-cü ildə isə Türkviziya Mahnı Müsabiqəsinda yenə də Azərbaycanı ilk dəfə təmsil edərək "Yaşa" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi, 24 türkdilli ölkələr arasında birinciliyi ölkəmizə qazandırıb. Bu günə qədər Azərbaycan musiqiçiləri ilə bərabər Türkiyə, ABŞ və Avropada fəaliyyət göstərən Zərrin Özər, Mustafa Ceceli, Nilufer, "İn-Grid", MİŞA, Pınar Aylin, Bengü, "Studio-A", Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, Ayla İşıl, Senem və bir çox peşəkar müsiqiçilər və yaradıcı kollektivlərlə çalışmışdır. Hal-hazırda "Azərbaycan professional mahnı janrının yaranmasının tarixi aspekti" mövzusunda elmi iş və iki cildlik kitab üzərində çalışır. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dissertantıdır. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. Eyni zamanda "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvüdür. 2021-ci ildən "Müəllif Hüquqları Uğrunda" İctimai Birliyin sədridir və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Mədəniyyət Mərkəzi rəisinin müavini və mədəniyyət-təminat şöbəsinin rəisi vəzifəsində çalışır...
Göründüyü kimi, Gövhər Həsən-Zadə sıradan bir bəstəkar deyil, o, öz sahəsində mükəmməl təhsil alan bəstəkarlardandır. Necə deyərlər, sənətini akademik səviyyədə bilən insanlardandır. İstedadla təhsilin vəhdəti isə xarüqələr yaradır...
Din, fəlsəfə, mistika ilə dərindən maraqlanır. Bu mövularda xeyli kitablar da oxuyub. “Məsələn, din mənim üçün ciddi elmdir. Ən mürəkkəb sualların cavabını İslam dinində tapıram. Doğrudur, İslam elmini tam anlamağa ömür yetməz. Amma çalışıram ki, hökm və adətlərinə riayət edim.”- dilə gətirir.
Deyir ki,- “Səmimi olmağım, çox hallarda başa düşülməməyim həyatıma problem yaradır. Bunu gizlətmirəm. İllər mənə onu öyrətdi ki, hər kəsə etibar etmək olmaz və çalışmaq lazımdır ki, cəmiyyətə axıra qədər açıq olmayasan, özünü bədniyyət adamlardan gözləməlisən. Mən tənhalığa həmişə nifrət etmişəm. Amma həyat elə gətirdi ki, çətin də olsa, bunu özüm seçmişəm. Cəmiyyətdə məni başa düşən, fikirlərimi bölüşənlər yoxdursa, deməli, təkəm, bura aid deyiləm. Başqa necə ola bilər? Söykənə biləcəyim insanlar illərlə azaldılar və mən də özümə qapandım. Bunun səbəblərindən biri də atamı itirməyim oldu. Ondan sonra dünyanın faniliyini dərk elədim. Anladım ki, bu dünya nə əvvəldir, nə son...”
Bəli, haqqında söhbət açdığım Gövhər Həsən-Zadə gözəl xanımlardan biridir. Martın 6-sı onun növbəti ad günüdür. Bu münasibətlə Gövhər xanımı təbrik edir, yaradıcılıq uğurları arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
Səbuhi Şahmursoy: “XAN Nəşriyyatı" bu xalqın nəşriyyatıdır
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan nəşriyyatları içində öz yeri, öz çəkisi olan "XAN Nəşriyyatı"nın 11 yaşı tamam oldu. Bu münasibətlə nəşriyyatın direktoru Səbuhi Şahmursoya müraciət edərək nəşriyyatın dünəni. Bu günü və sabahı barədə qısaca bilgi aldıq. Və əlbəttə ki, həm də
XAN abriviaturasının açmasını ondan soruşduq. Bəri başdan deyim ki, XAN-ın açması Xalqım Azərbaycan Naminə-dir.
“XAN Nəşriyyatı"nı tanıyanlar bilir ki, bu qurum təkcə nəşriyyat deyil, həm də məktəb olmağı bacarır. İndiyədək xeyli gəncin yolu bu nəşriyyatla kəşisib: bəzisi müəllif, bəzisi əməkdaş, bəzisi də təcrübəçi kimi. Əminəm, bu nəşriyyatın hər birinə öyrətməli nəyisə olub. Elə bu səbəbdəndir, hələ ki, müstəqil Azərbaycan tarixində nəşriyyat işini təcrübi tədris edən yeganə nəşriyyatıq.
Hazırda "XAN Nəşriyyat Akademiyası" proqramında öz işinin ustası olmağa çalışan onlarla gənc təcrübə keçir...
Onun ürəyi xalqla döyünən yaradıcısı var. "XAN Nəşriyyatı" hələ də "Xalqım Azərbaycan Naminə" deməkdən yorulmur, nəşr etdiyi kitabların faydalılıq əmsalını hər şeydən öncə düşünür. Aktiv yenilənən 18 kitab silsiləmiz var. Hər birində öz janrının keyfiyyətli nümunəsi olan kitablara rast gələ bilərsiniz...
Ən qocası mən olan aktiv gənc komandası var bu nəşriyyatın. Hamısı kitabdan-kitaba özünü inkişaf etdirən, həmin an üçün əlindən gələnin ən yaxşısını ortaya qoyan insandır...
Yaxşı yazan, yazmaqdan zövq alan, bunu hobbi saymayan, daim öyrənən və bildiyinin ən gözəl tərəflərini oxucusuna öyrədən yazıçılarımız var. Onlar bütün nəslin, bütün anlayışların, bütün insanlığın yazıçılarıdır. Hərəsi öz mövzusunda bu adın haqqını verən düşüncə adamlarıdır...
Hər bir kitabımızı səbirsizliklə gözləyən, haqqında ağızdolusu danışan, kitabları bizim qədər sevən sayğıdəyər oxucularımız var. On, yüz, min...lərlə qəlb nəşr etdiyimiz kitablarla aram tapır, dünyanı tanıyır, özünü insan saxlamağı bacarır...
Bu abzaslarda hər üç nöqtənin sonsuza qədər yolu var. Hələ nə demişik, nə etmişik ki?! Kitabçılıqla yaxından-uzaqdan əlaqəsi olan kəs bilir ki, bu sahədə uğur qazanmaq üçün ruhunda mütləq fədakarlıq olmalıdır. Öz qəlbini, ruhunu, sözünü, gözünün nurunu, vaxtını kitaba həsr edən hər bir şəxsə sonsuz təşəkkürüm var! "XAN Nəşriyyatı" siz var olduğunuz qədər yaşamağa davam edəcək, bütün insanlıq naminə bu işi görəcək. "XAN Nəşriyyatı" bu xalqın nəşriyyatıdır.”
Biz də fürsətdən istifadə edib nəşriyyatın fədakar kollektivinin hər bir üzvünü
təbrik edir, “11 yaşınız mübarəkdir” deyirik.
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
Şah İsmayıl Xətainin qadağasını aradan qaldıran rəssam
Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov Şah İsmayıl Xətainin anası Aləmşah xatınun obrazını yaradıb. Bu, həm də Şah İsmayıl Xətainin qadağasını aradan qaldırmaq deməkdir.
Şah İsmayılın, ümumiyyıtlə Səfəvi tarıxçilərinin yazdıqlarına görə Şah ismayııl Xətai, sonra isə Şah Təhmasıb xanımlarının, analarının, hərəmlərinin haqqında yazmağı həm saray tarlxçilərinə, həm də o dövrün ölkə tarıxçilərinə qadağan ediblər. Təbii ki, Şah xanımlarının, analarının rəsmlərini çəkməkdən söhbət belə gedə bilməzdi...Sakit Məmmədov 500 ildən sonra Şah İsmayılın qadağasını aradan qaldırdı və gərgin axtarışlardan, o dövrə aid tarixi əsərlərdən, miniatürlərdən, Şah İsmayılın öz əsərlərindən bəhrələnərək Şah İsmayıl Xətainin anasl Aləmşah xatınun möhtəşəm tablosunu yaratdı..
Xalq rəssamı Sakit Məmmədov bu möhtəşəm əsərlə həm tariximizə, həm də təsviri sənətimizə öz misilsiz töhfəsini vermiş oldu...
Eşq olsun!..
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
FİKRƏT ƏMİROV: “Xalq üçün yazıb- yaratmaq sənətkar üçün ən böyük səadətdir”
Aysel Kərim, Gənclər mükafatçısı, Accel group-un baş direktoru, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycanın görkəmli bəstəkarı, milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən olan Fikrət Əmirov musiqi tariximizə bir çox parlaq əsərlərin müəllifi, milli mədəniyyətimizə yeni nəfəs gətirən bəstəkar kimi daxil olub. Onun musiqisində ideya məzmununun dərin və zəngin olmağı ön planda dayanıb.
İnsan hisslərinin təsvirini yaradıcılığında mənalı şəkildə əks etdirib. Xalqın musiqi təfəkkürünü elə dəqiqliklə dərk edib ki, bu keyfiyyətlər bəstəkarın musiqi tərzinin elementlərinə çevrilib.
Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Gəncə Filarmoniyasının birgə təşkilatçılığı ilə martın 9-dək Gəncə Dövlət Filarmoniyasının yubileyinə həsr olunmuş Fikrət Əmirov adına I Ümumrespublika Musiqi Festivalı təşkil edilib.
Festivalın açılış mərasimi 4 mart 2025-ci il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda "Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fikrət Əmirovun rolu" mövzusunda elmi seminar keçirilib.
Elmi seminarı giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor, dünyanın "Sülh artisti" Firəngiz Əlizadə açaraq görkəmli bəstəkar Fikrət Əmirov yaradıcılığının dünya və milli musiqi mədəniyyətindəki xidmətlərini vurğuladı.
Daha sonra festivalın bədii rəhbəri, Əməkdar artist, Gəncə Filarmoniyasının direktoru Ramil Qasımov çıxış edərək, ölkənin aparıcı kollektivlərinin və solistlərinin ifasında festival günlərində təqdim olunacaq konsert və tədbirlər barədə məlumat verdi.
Çıxışçıların məruzəsindən öncə tanınmış ssenarist və rejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallının “Fikrət Əmirov” sənədli filmi nümayiş olunub.
Tədbirdə görkəmli bəstəkarın yaradıcılığının müxtəlif sahələrinə dair mövzular dinlənilib. Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova "Fikrət Əmirovun simfonik muğamları", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova "Fikrət Əmirov yaradıcılığında milli ideologiyanın təcəssümü", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva "Fikrət Əmirovun "Sevil" operası", Üzeyir Hacıbəyli adına BMA-nın elmi işçisi Fidan Nəsirova-Əhmədova "Fikrət Əmirov yaradıcılığında şərq mövzuları" mövzularında,mən isə "Fikrət Əmirovun vokal yaradıcılığında milli ənənələrin təzahürü" adlı mövzu ilə çıxış etdik.
Seminarın bədii hissəsində bəstəkarın unudulmaqda olan "İki sahil" romansının həm video variantı, həm də canlı ifası və "Sevil" operasından Balaşın ariyası səsləndi.
Moderator sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı idi.
Sənətkarın ömür yolu, yaradıcılığı onu dəyərləndirən hər kəsin diqqət mərkəzində dayanır. Qeyd edim ki, musiqi sənətindəki başlanğıcım Fikrət Əmirovun adını daşıyan Gəncə şəhərində yerləşən 1 saylı musiqi məktəbi ilə başlayıb. Həmçinin Bakı Musiqi Akademiyasındakı buraxılış işim də məhz Fikrət Əmirovun yaradıcılığını əks etdirən mövzu olub. Bu gözəl təsadüfdən olduqca məmnunam.
Fikrimi unudulmaz bəstəkarın bu sözləri ilə tamamlamaq istəyirəm: “Xalq üçün yazıb- yaratmaq, onunla birlikdə nəfəs alıb işləmək sənətkar üçün ən böyük səadətdir”.
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)