Super User

Super User

Cümə axşamı, 10 Oktyabr 2024 15:11

“Şərq-Qərb” 38 yaşını qeyd etdi

 

X Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində “Şərq-Qərb” ASC-nin 38 illiyi münasibətilə “Bizi seçənlər” adlı təqdimat mərasimi keçirildi. Nəşriyyatla uzun müddət əməkdaşlıq edən bir sıra elm və incəsənət adamlarına “Fəxri müəllif” ödülü təqdim olundu.

Tədbiri giriş sözü ilə açan nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlı “Şərq-Qərb” haqqında məlumat verərək bildirdi: “Biz bu 38 ildə bir çox nailiyyətlər qazandıq, beynəlxalq və yerli mükafatlara layiq görüldük. Lakin ən böyük qazancımız müxtəlif sahələrdə çalışan nüfuzlu, dəyərli müəlliflərimizdir”.

 

Təltif edilənlər arasında Xalq yazıçıları Anar, Elmira Axundova, Xalq rəssamı Arif Hüseynov, Əməkdar memar Elbay Qasımzadə, Əməkdar İncəsənət xadimləri Çingiz Fərzəliyev və Kübra Əliyeva, Əməkdar Elm xadimi Qəzənfər Kazımov, professor Rayihə Əmənzadə, Əməkdar artist Bəhram Bağırzadə var idi. Onların hər biri mükafat üçün təşəkkür edərək “Şərq-Qərb” ASC ilə əməkdaşlıqlarından, kitablarının hazırlanması prosesindən razılıq ifadə etdilər. 

Sonda “Şərq-Qərb” Nəşriyyat departamentinin direktoru Sevil İsmayılova çıxışında müəlliflərə öz minnətdarlığını bildirərək əməkdaşlıqlarının uzunömürlü olmasını arzuladı.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

 

Başa çatan X Bakı Beynəlxalq Kitab sərgisinin ən vacib məqamlarını vurğulamaqda davam edirik. Tərlan Seyidovun “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” kitabının təqdimat mərasimi də bu cür vacib məqamlardandır. 

Təqdimatda “Şərq-Qərb” nəşriyyat departamentinin direktoru Sevil İsmayılova, baş redaktor Nərgiz Cabbarlı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova, BMA-nın “Humanitar elmlər” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev və məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva çıxış edərək kitab haqqında məlumat verdilər. 

N.Cabbarlı kitabın yalnız tədqiqatçılar və musiqişünaslar üçün deyil, eyni zamanda da geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğunu xüsusi olaraq vurğuladı. Çünki kitabda təqdim edilən fotoşəkillər F.Bədəlbəylinin həyat və yaradıcılığını, fəaliyyətini dolğun şəkildə əks etdirir.

Tədbirdə çıxış edən Fərhad Bədəlbəyli Azərbaycan musiqi sənətindən, klassik musiqiyə və ciddi musiqiyə Azərbaycan telekanallarının az yer ayırmasından və s. danışdı və oxucularının suallarını cavablandırdı. 

Daha sonra “Şərq-Qərb” ASC-nun rəhbərliyinə və əməkdaşlarına gözəl və nəfis kitab üçün minnətdarlığını ifadə etdi. Nəşriyyat departamentinin direktoru Sevil İsmayılova isə Azərbaycanın dəyərli elm və sənət adamları ilə əməkdaşlıqdan qürur duyduğunu bildirərək gələcəkdə də bu cür kitabların hazırlanacağına ümid etdiyini vurğuladı.

Təqdimatda BMA-nın IV kurs tələbələri – klarnet ifaçısı Rüfət Məmmədov və violin ifaçısı Kənan Məmmədzadə musiqi nömrələri ilə çıxış etdilər.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

Narkomaniya bir bəladır və get-gedə daha çox adamı öz ağuşuna alır. Və onunla mübarizə hər kəsin ümdə vəzifəsi olmalıdır. O cümlədən də qələm əhlinin. 

 

Narkomaniya və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, narkotik maddələrdən istifadənin ağır fəsadları barədə əhali arasında geniş maarifləndirilmənin aparılması, narkomaniya ilə mübarizənin daha da genişləndirilməsi, o cümlədən sağlam həyat tərzinin gənclər arasında təbliğ və təşviq edilməsi məqsədilə hekayə müsabiqəsi elan olunur.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əməkdaşlıq çərçivəsində keçirilən hekayə müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti qoyulmadan yazıçılar dəvət olunur. Seçilmiş hekayələrin AYB-nin orqanı olan “Ulduz” jurnalında və xüsusi olaraq hazırlanan kitabda nəşri, qaliblərin mükafatlandırılması nəzərdə tutulur.

 

Müsabiqə şərtləri:

- Narkomaniya ilə mübarizə mövzusunda (Narkomaniya və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, narkomaniyanın ağır fəsadları, narkotik maddələrdən istifadənin səbəb olduğu acı nəticələr və s. istiqamətdə) hekayələrin yazılması;

- Müəlliflərin ad-soyadının, əlaqə telefonunun qeyd edilməsi;

- Hekayələrin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməsi.

 

Son müddət bu gündür: 10 oktyabr 2024-cü il.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

Cümə axşamı, 10 Oktyabr 2024 17:17

Serbiyanın fəxri vətəndaşı olan kürdəmirli şair

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Öz aramızdır, bizim Səlim Babullaoğlu az aşın duzu deyilmiş, əsl insan sərrafıymış. Harada bir zəkalı, zirək adam varsa, məlum olur ki, onun dostudur. Onlardan biri də Fərid Hüseyndir. 

 

Zarafat deyil, Fərid 2021-ci ildə Serbiya Respublikasının Semska Mitrovika- İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və adı Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub. Elə həmin ildə də AYB-nin katibliyinin və Üzvlüyə Qəbul Komissiyasının, həmçinin, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür. Şeirləri Türkiyə, qazax, özbək, qırğız türkcəsinə və ingilis, rus, belarus, ukrayna, serb, gürcü, rumun dillərinə tərcümə edilərək dünyanın müxtəlif ölkələrinin mətbuat orqanlarında çap olunub. Məşhur filmdə deyildiyi kimi; "Sən bundakı fərasətə bax, gedib gör haralara çıxıb." Əlbəttə ki, bu bir bahar zrafatıdır. Fərid Hüseyn sözün əsl mənasında parlaq istedadlı, itizəkalı gəncdir. Bu gün məhz, elə ondan söhbət açmağa səy göstərəcəm...

 

Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 2006-cı ildə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. Sonra ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb... 

 

Şeir yazmağa orta məktəbdə oxuyanda start verib. On-on iki şeir yazandan sonra həvəsdən düşüb və şairlik fəaliyyətini dayandırıb. Bir də universitetə qəbul olunandan bir qədər sonra, özündə daxili ehtiyac duyaraq, yenidən şeir yazmağa başlayıb. Əvvəl elə bilib ki, hisləri, duyğuları özünəməxsusdur, ancaq oxşar şeirlər ortaya çıxanda anlayıb ki, bu yamsılamaya oxşayır. Sonra ədəbi mühitlə tanış olmağa başlayıb. Görüb ki, ədəbi mühitə qoşulmağın da, öz mənfi tərəfləri var. Burada meyar başqalarının zövqü olur...

 

Deyir ki,- “İndiki ağlımla düşünürəm ki, şair üçün meyar daha çox onun öz zövqü olmalıdır. O da ancaq şair öz səsini tanıyandan sonra başlayır. Şair kimi öz səsini tanıyanda artıq təsirlə yazmırsan, heç kimi yamsılamırsan. Yamsılayan şairlər qədimlərdə də olub, indi də var. Nizami Gəncəvi yazırdı ki, yamsılamaqla şair olunsaydı, onda meymun hamıdan böyük şair idi. Çünki meymunun hərəkətlərinin 90 faizi təqliddir.”

 

2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi iş üzərində çalışır. Serbiya Yazıçılar Birliyinin üzvüdür. 2019-cu ildə AYB-nin Gənclər Şurasının sədri seçilib. İki dəfə- 2010 və 2021-ci illərdə Prezident təqaüdünə layiq görülüb. On beşə yaxın kitabın müəllifidir...

 

Şeirlərində mövzu rəngarəngliyi var. Mütaliəni xoşlayır, adətən şeir oxumaqdan zövq alır. Yazılarının böyük əksəriyyəti də poeziya haqqındadır...

 

“Qəribədir, bizim ədəbiyyatda bir sıra şairlər ayrılıq haqqında şeiri 40 yaşında da, 50 yaşında da, 20 yaşında da eyni cür ifadə edir. Demək, o sevgiyə münasibətini mərhələ-mərhələ ötürür, içində dövr dəyişimi yaşamır. Son kitabımda – “Bir də heç vaxt”da minimalist şeir nümunələri, haykular, “Şəhərlər və şeirlər” bölməsi, dini-fəlsəfi şeirlər, sevgi şeirləri var. Artıq bir mövzunu yazıb qapadıram, mümkün qədər təkrar mövzularda yazmamağa üstünlük verirəm. Məni indi iki mövzuda şeirlər düşündürür. Biri açarlardır. Bəli. Açarların həyatımızda özünə xas fəlsəfəsi var. Biz nə qədər kirayə evlər, iş yeri dəyişirik. Həyat hər dəfə hansısa qapını üzümüzə bağlayır, hansınısa açır. Bunun fəlsəfəsini, insan taleyindəki rolunu açarların timsalında poeziyada canlandırmaq istəyirəm.”- söyləyir.

 

Fərid Hüseyn "Eşq" kitab seriyasını da təsis edib. Onun rəhbərlik etdiyi kitab seriyasından Məmməd Orucun "Oyun havası", Eldar Baxışın "Sərçə balası", İsi Məlikzadənin "Qırmızı yağış", Asif Atanın "İnam və şübhə", Serkanın "İtkin gül", Tuğrul Tanyolun "Sən əlimdən tutanda", Adnan Özerin "Kasıbın eşq nəğməsi", Gjeke Marinajın "Sevginin 24 saat", Koman Şovanın "Sevginin izi ilə" əsərləri işıq üzü görüb...

 

Necə deyərlər, gəncliyinin pik nöqtəsinə gəlib çatıb. Gələn ildən ona gənc yox, “cavan oğlan” da demək olar. Şuşaya- M.P.Vaqiflə bağlı tədbirə gedəndə AYB-nin katibi Səlim Babullaoğlu onu təqdim edib haqqında xeyli danışdı. Doğrusunu deyim ki, ilk baxışda gənclik məğrurluğu ilə seçilən, cəldliyi ilə fərqlənən bu insanın haqqında elə o vaxtdan maraqlanmağa başladım. Yazılarını, bir neçə şeirini oxudum. Bu şeirlərdə lirika zəif olsa da, amma fəlsəfi baxımdan göəl poeziya nümunələridir. “Baqi bədəl” şeirində yazır;

 

Açarlar verir hesabat

kilidləri kiridikcə.

Şam boynudur miskin həyat

qalınlaşır əridikcə.

 

Qaliblərsə sıralanıb

bir ağ yaylığın fonunda.

Təcrübələr xırdalanır

sınıq ayna şablonunda.

 

Quş sükutu dimdikləyir

yorğun heykəl kölgəsində.

Hamı bir dəfə səsləyir,

Azan isə sonsuz dəfə.

 

Onun publisistika dilinə isə söz ola bilməz. Özünəməxsus üslubu var. Təhliletmə qabiliyyəti, hadisələri düzgün dəyərləndirmə bacarığı, "obyektə" yanaşma tərzi fərqlidir. Elə poeziyaya da fərqli yanaşır. Ənənəvi şeirdən, necə deyərlər, yan qaçmağa üstünlük verir...

 

Deyir ki,- “Adətən şairlər yaradıcılığında ədəbi normaları qorumağa çalışırlar. Hansı şair ki, o normaları pozur, yaxşı şeirlər yaza bilir. Peterburqda Anna Axmatovanın ev muzeyində olanda bələdçi bir qadın maraqlı bir hadisə haqqında məlumat verdi. Deməli, Rusiyanın baş senzorlarından biri, Ştuçka ləqəbli erməni varmış. Senzura vaxtı Axmatovanın kitabının çapına icazə verməyib. Bir dəfə Axmatova ilə yolda qarşılaşır. Deyir, sizi təbrik edirəm, şeirlərinizi oxudum, çox xoşuma gəldi. Axmatova sevinir ki, şeirlər bəyənilibsə kitabı çap olunacaq. Senzor isə deyir: “Sizin şeirləriniz çox gözəldir, amma kitabınız çap olunmayacaq”. Şeirlərin bəyənilməsi o dövr üçün əslində, sən deyən də xoşagələn məsələ deyilmiş. Bertolt Brextin “Kitablar yandırılır” adlı şeiri var. Hitlerə müraciətlə yazılıb. Məzmunu belədir: bir şair yandırılacaq kitabların siyahısını görür və qəzəblənir ki, niyə mənim kitabım yoxdur o siyahıda, axı mən də həqiqətləri demişəm. Səlahiyyətli adamlara məktub yazıb xahiş edir ki, kitablarımı yandırın. Senzuranın mövcud olduğu ölkələrdə belə faciələr yaşanıb. Sovet dövründə şairlər istər-istəməz senzura ilə hesablaşırdılar. Növbəti bir problem isə bu günün özündə də var- şair gündəmə uyğun populyar şeiri ilə şöhrət qazanır və həmin mövzuların içində itib-batır, bədbəxt olur. Sənə deyəndə ki, bu mövzuda yazdıqların yaxşıdır, sən artıq köklənirsən başqalarının zövqünə. Başqasının zövqü də onun düşüncəsini qəbul etməkdir. Ancaq sənin həyatın, yaşantıların birə-bir başqalarının düşüncəsidirmi? Əsla. Belə olanda sən başqasının düşüncəsini ifadə etməyə başlayırsan və nəhayət öz ürəyinin səsini qapı dalından eşdirsən.”

 

Bəli, Səlim Babullaoğlunun mənimlə tanış etdiyi, bu gənc şairin yaradıcılığa fərqli yanaşması təbiidir. Çünki bu qədər şairin arasında seçilmək üçün, poeziyaya yeni nəfəs gətirməyi yalnız gənclər bacara bilər...

 

Bu gün Fəridin 35 yaşı tamam olur. Yəqin ki, dostlarının da deməyə, yazmağa sözləri olacaq. Qoy bu balaca yazı məndən ona yubiley hədiyyəsi olsun!..

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

“Susmuş vicdanların ayaq səsi”

Yazıb-yazıb sildiyim sözlər var bayaqdan. Uzun-uzadı düşünürəm. Axı nə idi onların günahı? 

 

İki qız boğazları kəsilərək, bağırsaqları çıxarılaraq öldürüldü. Tələbə gəlinlə körpəsi qətlə yetirildi. Cavan və hicablı gəlin əri tərəfindən yarıçılpaq vəziyyətdə 8-ci mərtəbədən atıldı. Gənc qız platonik sevdalısı tərəfindən güllələndi. İki yaş yarımlıq körpənin bədənində təcavüz izləri aşkarlandı. Məktəb yaşı çatan qız uşağı anası və əmisinin gizli münasibətinə şahid olduğu üçün yandırıldı.

 

Saydıqlarım son üç ayda sadəcə Azərbaycan və Türkiyə daxilində baş verən və sosial mediada görünən qadın-uşaq cinayətləridir. İndi o öldürülən qadınlara, gənc qızlara necə əxlaqsızca fahişə damğası vurulduğundan xəbəriniz varmı? Neçə qadının öz həmcinsinin ölümünü kişiliyin zəfəri kimi, göz dağı verərcəsinə öz qızına, gəlininə danışdığını bilirikmi? Hələ də çıxmadığımız o mental qəliblərdən xəbərdarsınızmı? Bəs o körpələrin günahı nə idi? Niyə o körpənin məzarına gəlinlik qoyuldu ki? Axı o da yaşıdları kimi məktəbə getməli idi. Necə oldu axı iki yaşında olan körpəyə cinsəl istismar ediləcək qədər tamah salındı? Deyək ki, gəlinlər pozğunluq edib xəyanət etmişdi deyə öldürüldü, deyək ki, gənc qızlar tərbiyəsiz idi (ki, bu belə deyil və hər kəs həqiqətin fərqindədir), o körpələrin günahı nə idi?

 

Mən bunları 21 yaşında həm oxuyub, həm işləyən, evdən səhər 7-də çıxıb gecə 11-də qayıdan bir gənc qız kimi yazıram. Məndəmi qorxmalıyam? Bir gün mənə də nəsə edərlər, sevgilim olsa, mənim bədənimi necə doğrayacaq deyə fantaziya qurar? Ərim "oxumaq istəyirəm, işləmək istəyirəm" deyə boğazımı kəsər, yoxsa balkondan aşağı atar? Küçədə möhkəm gülsəm, özümü utanmalıyam? Rəfiqələrimlə birlikdə əylənsəm, nə bilim, bir az dar və ya açıq geyinsəm, təcavüzkarlar haqlı olarmı? Yəni, həqiqətənmi bu sadaladıqlarım insan canına qıymağa səbəb və hətta haqqdır?

 

Hər il minlərlə gənc "qardaş dövlət" deyib Türkiyəyə təhsil almağa gedir, öz rayonlarımızda neçə gənc ata-anasının isti yuvasından çıxıb Bakıya təhsil almağa gəlir ki, cəmiyyətdə müstəqil fərd olaraq özlərini formalaşdırmağı, həyatı təkbaşına yaşamağı, gələcəyin savadlı və bacarıqlı kolleqası olmağı öyrənsin. Və bir gün onlardan birinin, ikisinin, üçünün, beşinin, mininin evinə ölüm xəbərləri, soyuq cəsədləri gəlir. Anaları "kaş güllələnərdi, bu qədər canı yanmazdı gül qoxulumun" deyib fəryad edərkən, atalarının qəlbinə övlad dağı çəkilir. Budurmu ədalət? Budurmu haqq və vicdan? Deyin mənə, haradadır insanlıq və kişilik? 

 

Mənim içimdəki bu nifrət, bu qəzəb əsla sönməyəcək. Hər qoparılan cana öz başıma gəlmiş kimi can yandıracağam və hər dəfə o pedofillərə, qatil, sosyopat manyaklara haqq qazandırmaq üçün qadının, qızın o vaxt küçədə nə işinin olduğunu, oxumağı, ər sözündən çıxmağı günah bəlli edən, həmcinsini aşağılayaraq kişilərin gözünə mələk görünməyə çalışan, öz oğlunu kişi edə bilməyən qadınlara kin qusmağa davam edəcəyəm.

 

Çox istərdim ki, bu dəfə solan güllərdən yazmayım. Bu dəfə də başlığım şiddət və cinayət olmasın. Qadınlar öldürülməsin, gənc qızlar axşam dərsdən, işdən evə qayıdanda qorxu və təlaş içində olmasın, təcavüzə uğrayanlara məhkəmə zallarında "əynində nə var idi?" sualı verilməsin.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

Cümə axşamı, 10 Oktyabr 2024 16:14

BİR SUAL, BİR CAVAB Fərid Hüseyn ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Həddindən artıq qürurlu insanlar susmağı və yalnızlığı sevirlər." ( Anton Çexov)

Fərid bəy, yalnızlıqla aranız necədir, hansı məqamlarda yalnızlıqla sirdaş olursunuz?

 

CAVAB

Yalnızlıqla aram çox yaxşıdır, mən çox nadir hallarda tənhalıqdan darıxıram, əksinə əksərən adamlar arasında darıxıram. Məsələn, adamlar arasında darıxıram ki, gedim evə yazı otağıma qapanım, nələrsə yazım, kitab oxuyum, ney çalım, idman edim, musiqi dinləyim və sair.

İnsan yalnız olanda tam mənada özü olur, özü olmaqdan qorxmaq lazım deyil. Məcnun səhraya çəkilməsi sadə bir qeyri-sosiallıq halı deyildi, çünki o əyyəmlarda eşq anlayışı adamların arasındakı qavramda təhrif olunmuşdu, həqiqi eşqi dərk etmək üçün ilk növbədə ətrafındakı insanlardan aralanmaq lazım idi. Musa Yaqubun dostlarına yazdığı bir şeir var. Məzmunu belədir ki, dostları onu harasa əyləncəyə, məclisə çağırırlar, o isə evdə tək – özü ilə qalmaq istəyir:

 

Bu gün qalacağam özüm olmağa,

Torpağın çiçəkli üzü olmağa.

Qalıram bir çeşmə gözü olmağa,

Sən Allah, bu dəfə aparma məni.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Azər Turanın Məsud Əlioğlu ilə bağlı fikirləri təqdim edilir. 

 

 

Bu fotoşəkil 1969-cu il sentyabrın 10-da Neftçalada - evimizdə çəkilib:  Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, atam İmamverdi Əbilov və Məsud Əlioğlu. Şəklin çəkildiyi anlar indi də hafizəmdədir... 

 

 

 

Təbii ki, 6 yaşlı uşaq üçün bu adamların kimliyi önəmli ola bilməzdi. Sonra yaddaşım həmin gün onların lent yazısında qalmış səsləriylə, xatirə dəftərinə yazılmış ürək sözləriylə cilalandı.

Əvvəlcə xatirə dəftərində Məsud Əlioğlunun yazdığını oxudum: "Ürək yandığı, beyin qandığı, insan inandığı, eşq çağlandığı anda gözəldir... 10. IX. 69"

Sonra lent yazısında qalmış səsini dinlədim: "Tale insana cəza verəndə də, nəşə verəndə də, zövq verəndə də, səadət verəndə də onu cəzalandırır. Lakin ən böyük cəzanı, Allah onda insana verir ki, dostları bir-birinə verir: görün, kim kimi, kim kimdən nə qədər çox sevəcək, kim kimə nə qədər sadiq olacaqdır? Bu özü də Allah tərəfindən verilmiş cəzadır. Məhəbbət cəzası! Məcnun da bu cəzanı çəkib! Biz xoşbəxtik ki, bu gün də məhəbbət cəzasına mübtəlayıq. Necə ki, eşq və şeir tanrımız deyib: "Ya Rəbb... Bəlayi-eşqdən etmə cüda məni". Nə qədər nəfəsim var, deyəcəyəm: yaşasın bizim qardaşlıq, dostluq təriqətindən yaranmış vəhdət məhəbbəti!"

Yazdıqları bir yana, hətta Məsud Əlioğlunun dalğalı və sanki qeybdən gəlirmiş kimi eşidilən səsində Cavid barədə söhbətlər dinləmək adamı bütün ömrü boyu Cavidin ruhuyla həmrah edərdi. Məni - hələ oxuyub-yazmağı bilməyən altı yaşlı uşağı Cavidə, Əli bəy Hüseynzadəyə və Məhəmməd Hadiyə bağlayan ilk səbəb Məsud Əlioğlu olmuşdu. Əli bəy Hüseynzadənin "Hali-Vətən" şeirini, Cavidin "Şeyx Sənan" faciəsindən Şeyxin "Arkadaşlar, şu parlayan günəşin" misrası ilə başlayan monoloqunu, Hadinin "Mən solmalıyam, ta ki, açılsın da baharım... / Mən ölmədən əvvəl vətənim oldu məzarım" misralarının keçdiyi "Ümid səhneyi-tamaşayi-həyatın ruhudur" şeirini ilk dəfə həmin gün Məsud Əlioğunun səsindən eşitmişəm. Əli bəy Hüseynzadə də, Cavid də, Hadi də həyatıma Məsud Əlioğlunun vasitəsilə - 1969-cu ilin 10 sentyabrında daxil oldular. Altı yaşımdan etibarən onların əfsununa düşdüm.

İndi dinlədiyim lent yazısında Məsud Əlioğlu Sartrdan da danışır, sözlərini belə tamamlayır: "Bu evdə Sartr da var, Əli bəy Hüseynzadə də... Mən istəyirəm bu ziyarətgahın ən böyük şəxsiyyəti Əli bəy Hüseynzadənin şeiriylə ayrılaq burdan..." Sonra da "Ucundadır dilimin, həqiqətin böyüyü" misrasıyla başlayan "Hali-Vətən"i söyləyir. Bəlkə də əsas olan hali-vətənmiş...

Bu yazını yazdıqca gözlərim önünə Füzulinin evimizin divarından asılmış araxçınlı şəkli önündə dayanıb ona təzim edən Məsud Əlioğlu gəlir. Maqnitofon lentində isə bu anın səs yaddaşı belə qalıb: "Təsəvvür edirik ki, adamın evindən nemeçski xalça asılmır, Füzulinin şəkli asılır..." Sonralar Məsud Əlioğlunun kitablarını oxudum. Gördüm ki, o, "eşq və şeir tanrısı" adlandırdığı Füzulinin "səsdən sözə, sözdən fikrə və əqidəyə çevrilən, mənəvi həyatın bütün zənginliyini fəth edən ruhu"ndan yazır. 1960-cı illərin ədəbi mühitindəki dissident ovqat barədə kifayət qədər aydın təsəvvür yaradan "Füzulinin kədəri" essesi, sadəcə, bir ədəbiyyatşünasın yazısı deyil, həm də "bir ədəbiyyat filosofu"nun (Nizami Cəfərov) cəmiyyət və şəxsiyyət barədə fəlsəfi düşüncələrdən doğulmuş iztirablarının izharıydı: "Fərdin azadlığı yoxdursa, cəmiyyətin azadlığı ağlasığmazdır... Şəxsiyyətin fikrən və ruhən ucalması, özünəlayiq ehtiram qazanması naminə azadlıq zərurətdir. Bu zərurət uydurma qanunlar, süni ehkamlar...tərəfindən rədd edildikdə mənəvi böhranın və ruhi sıxıntının ən şiddətli halı - kədər yaranır..."

Bu böyük kədər Füzulinin də, azad olmayan fərdlərin də, azadlıqdan məhrum edilmiş millətimizin də kədəriydi və 1960-cı illərdə cavan bir ədəbiyyat alimi bu böyük kədəri sətiraltı mənalarla bu şəkildə izhar edir, qurtuluş yolunu isə belə nişan verirdi: "Şəxsiyyət o halda kamilləşə bilər ki, insana zidd və təbiətə əks qüvvələri ağlın və qəlbin sakin olduğu bütün sahələrdən çıxara bilsin. Yaşamağa o şəxsiyyətlər layiqdirlər ki, dövrana qarşı müxalifdirlər və donuq, ölgün ehkamlara müti deyillər..."

Yaşadığı dövrana müxalif olan Məsud Əlioğlu Cavidə, Hadiyə münasibətini də eyni məcrada izhar edirdi. O, Cavidi tədqiq etməklə kifayətlənmir, yazdığı məqalələrlə Cavid uğrunda mücadilə verirdi. Cavidə münasibətinin cazibədar çevrəsində dərvişanə bir hal cərəyan edirdi. Cavidlə bağlı bütün əks arqumentləri zərərsizləşdirir, "Cavid haqqındakı yanlış, əsassız və ədalətsiz bir hökmü - Cavid Azərbaycandan yazmamışdır və xalqdan uzaqdır" deyə ortaya atılmış iddianın uğursuzluğunu əsaslı şəkildə isbat edirdi: "Öz milliliyi, xəlqiliyi ilə də Cavid bu gün bizə doğmadır. Hər bir xalqın ruhunun təcəssümü - təzahürü olan ədəbiyyat yalnız mənsub olduğu millətin həyatından yazdığı məqamda milli deyildir. Xalqı ictimai bir varlıq kimi özünə tanıtdıran, xalq ruhunun təcəssümü - təzahürü olan, millətin mənəvi zənginlik və əzəmətini əks etdirən bir ədəbiyyat, sözün əsl mənasında, milli və xəlqi ola bilər"... Məsud Əlioğlu bütün bunları deməklə kifayətlənmir, 1956-cı ildən - bəraətdən sonra Azərbaycan ədəbiyyatşünaslığının Cavid irsinə yönəlməsi Məsud Əlioğlunun "Məhəbbətin qüdrəti" məqaləsi ilə başlanırdı. Eyni zamanda Hüseyn Cavid irsini türk ədəbiyyatı kontekstində təhlil edən, Tofiq Fikrət, Namiq Kamal, Əbdülhəq Hamid yaradıcılığı ilə müqayisəli təhlil edən ilk cavidşünas da Məsud Əlioğlu olmuşdur.

Yaxud Məsud Əlioğlu Hadini "faciəli istedad" adlandırır və Hadinin faciəsini onun böyük istedadına qarşı dayanan "kiçik" mühitdə, ilahi verginin vüsəti, çılğınlığı müqabilində zaman və şərait darısqallığı"nda görürdü. Bu isə Cavidə, Hadiyə münasibətdə yeni filoloji aspekt idi...

Uşaq yaddaşımda qalan bir epizodu heç unutmuram. Elə bilirəm, bunu yazmasam, Məsud Əlioğlunun portreti tamamlanmaz, yarımçıq qalar. Dost süfrəsi "Qonaq evi" adlandırdığımız otaqda açılmışdı. Məclisin sonunda Bəxtiyar Vahabzadə balış istədi və divanda deyil, yerdə uzandı. Məsud Əlioğlu ayaqüstə dayanıb "Koroğlu" operasından Çənlibel xorunu oxumağa başladı. Özü də necə oxuyurdu. Həm Bülbülü, həm də onu müşayiət edən orkestri yamsılayırdı. Bəxtiyar Vahabzadə uzandığı yerdə dirsəklənib onu dinləyirdi...

Məsud Əlioğu ədəbiyyat tariximizdən gəlib-keçmiş bütün mötəbər imzalar barədə yazıb... 1960-cı illər üçün gözlənilməz və mübahisələrə səbəb olan yazılar qələmə alır, məqalələri ilə tənqidi fikri aktivləşdirirdi. Onun bir də Şəhriyarla bağlı gördüyü işlərin üstündən sirr pərdəsini qaldırmaq lazımdır. O pərdənin nə olduğunu heç özüm də bilmirəm. Amma atamdan qalan əmanətlər arasında Məsud Əlioğlunun 1960-cı ildə üstünə yadigar sözlər yazıb ona bağışladığı "Heydərbabaya salam" poemasının bir makina nüsxəsi var ki, əsərin hər səhifəsi Məsud Əlioğlu tərəfindən ciddi şəkildə redaktə olunmuşdur.

Söhbət atamdan düşmüşkən, Məsud Əlioğlu ilə atam çox yaxın dost idilər. Ona verdiyi avtoqraf kitablardan birinin titul vərəqinə "qəlbi qəlbimdən, fikri fikrimdən, əqidəsi əqidəmdən olan qardaşım, sirdaşım İmamverdiyə" yazıb. Evimizə çox gəlib-getmişdi. Neftçala orta məktəbinin 33 yaşlı ədəbiyyat müəllimi İmamverdi Əbilovun 1960-cı ildə çapdan çıxmış ilk kitabının - "Rəsul Rza" monoqrafiyasının (Rəsul Rza barədə ilk kitabın) elmi redaktoru da Məsud Əlioğlu olmuşdu.

O illərin xatirəsini yaşadan bir fotoşəkil var. İkisi bir yerdədir. O şəkil də evimizdə çəkilib. 33 yaşlı atam və 32 yaşlı Məsud Əlioğlu. İndi Məsud Əlioğlu barədə çap olunan əksər yazılarda həmin şəkildən atamın şəklini kəsib Məsud Əlioğlunu tək təqdim edirlər. Bu yazıda həmin fotonu olduğu kimi təqdim edirəm.

 

Fotodakılar: İmamverdi Əbilov və Məsud Əlioğlu. 1960. Neftçala

 

Atamın ağladığını ilk dəfə Məsud Əlioğlu dünyasını dəyişəndə görmüşəm. Evimizə matəm havası çökdü. Bir həftə televizor yandırılmadı. Radio susdu. Anam, bibim yasa batdılar.

Məsud Əlioğlunun fövqəladə yaddaşı var idi. Dediyim kimi, "Koroğlu" operasının musiqisini də, Füzulinin "Leyli və Məcnun"unu da, hətta Rac Kapurun oynadığı "Avara" adlı məşhur hind filminin mətnini də əzbər bilirdi. Qiraət ustasıydı, vokalistliyi də vardı... Türk mahnılarını məharətlə ifa edərdi. Ruhunda İstanbul rüzgarları əsərdi...

Düşündüklərini yazan, yazmadıqlarını danışan Məsud Əlioğlu Azərbaycan filologiyasında enerji axınını hərəkətə gətirir, təkcə Vaqifdən sonrakı yeni ədəbiyyatı deyil, "Dədə Qorqud"u və "Koroğlu"nu da araşdırır, ədəbiyyatda böyük ədəbi tənqidi təfəkkürün ehya tapmasını təmin edirdi. Güzəştsiz alimlərdən idi. Tənqidçi inadkarlığı Məsud Əlioğlunun məqalələri barədə Mərkəzi Komitənin plenumunda qərar çıxarılmasına səbəb olurdu. O, Azərbaycan ədəbiyyatşünaslığının qumsallığına eşq və kədər yağmuru kimi yağırdı... Poetik və cazibədar yazılarıyla ədəbiyyatşünaslığın üslubunu dəyişir, yaxud dəyişməyə çalışırdı.

İndi bu yazını kağıza köçürdükcə neçə dəfə dinlədiyim firavan səsini qeybin sədası kimi yenidən dinləyirəm. Ruhunda çırpınan ağrısı, davamlı iztirabı və işıqlı, ahəngdar üslubu ilə vəhdət təriqətinə doğru yüksəlib ədəbiyyatın fəza elementinə çevrilmiş, fikir həyatımızın qeybinə çəkilmiş bu böyük alimin mənəvi varlığında ruhani bir hal var idi ki, Məsud Əlioğlu həmin halın həm zahidiydi, həm də rindi. 

İki gün sonra - oktyabr ayının 5-i Məsud Əlioğlunun doğum günüdür. 96 yaşı hələ indi tamam olur... İş yerimdə əyləşib lent yazısında onun səsini dinləyir və düşünürəm. 1969-cu ildə Məsud Əlioğlunun qırx bir, mənim isə altı yaşım vardı. İndi mən Məsud Əlioğludan iyirmi yaş böyüyəm. Və "Ədəbiyyat qəzeti"ndəki iş otağımın divarından yanaşı asdığım fotoşəkillərdən - Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin və Məhəmməd Hadinin rəsmlərindən ətrafa yayılan sükut dalğasının qoynunda Məsud Əlioğlunu eşidirəm... Altı yaşımdakı kimi heyrət və sevgi ilə...

3 oktyabr 2024

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

Cümə axşamı, 10 Oktyabr 2024 15:06

Dənizə çıxdı matros - İTHAF

Varis, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi. “Ədəbiyyat və incəsənət” üçün

 

PREAMBULA

Faiq Balabəylinin şair-dənizçi olması hamıya bəllidir. Antik yunan şairi Sofokldan üzübəri minlərlə illər yüz minlərlə şairlər şeir yazırlar, içində hökmdar şair, məmur şair, deputat şair, həkim şair, müəllim şair, general şair, hətta güləşçi şairə rast gəlinib, amma indiyədək dənizçi-şair ampluasında heç kəs olmayıb. 

Tək ikinci dünya müharibəsində dəniz donanmasında vuruşan rus şairi Nikolay Bukin şair-dənizçi adlandırılıb. Amma onun da dənizçiliyi sırf müharibə dövründə əsgəri xidmət mükəlləfiyyətindən doğur deyə hesaba alınmaya bilər. Demək, dünya poeziyası tarixində dənizçilik və şairlik peşələrini peşəkarcasına birləşdirən ilk və yeganə şəxs bizim dostumuz, əzizizmiz, cəlilabadlı Faiq Balabəylidir. 

 

EKSPOZİSİYA

Hərdən Faiqə sullar verirlər ki, sən niyə dənizçi peşəsini seçmisən, hardandır səndə dənizə bu vurğunluq, Cəlilabad hara, dəniz hara?

Bu suala icazənizlə mən cavab verim. Adların mistikası deyilən bir şey var. Cəlilabadın əvvəlki adı Astraxanbazar olub. Yəni, Faiq dünyaya gələndə Cəlilabad hələ Astraxanbazar idi. Astraxan - Həştərxanın rusca səslənmə formasıdır. Həştərxan da Xəzər dənizinin ən böyük limanlarından biridir. 

Bu da dənizlə bağlılıq. 

Əmiməm ki, cavab sizi qane elədi. 

 

KULMİNASİYA

Faiq şeirlərində çalışır özü olsun. Dənizçi özü. O şeirlərinə də peşəsinə yanaşdığı kimi çox ciddi, qəlbən, ruhən yanaşır. 

Düzdür, bu şeirlərdə kruiz laynerləri, atom buzqıranları, katamaranlar, bərələr, katerlər, yaxtalar yoxdur, yəni nəhənglər, irilər yoxdur, şair 60 illik ağrılı-acılı ömründə bir şeyi əxz edib ki, irilərin dallnca düşəndə adam əzilə, taptalana bilər, amma bu şeirlərdə kiçik qayıqlarsa var. Bax elə bütün asüdəliklər, azadlıqlar da bu kiçik qayıqlardadır. 

 

İndi hay-həşir salacaq

uçacaq ac qağayılar

Qayığın saldığı izə

qonacaq ac qağayılar.

 

Mavi suları yara-yara ağ izlər salan qayığı və bu izlərə qonan ac qağayıları duya bildiniz, deyilmi? Zira, ümidliyik ki, bir gün o qağayılar da aclıqdan qurtulacaq, doyacaqlar, bir gün dünyanın bütün əyər-əskiyi düzələcək. 

 

POSTSKRİPTUM

Bir şeirində isə Faiq yazır:

 

Yaxşı ki, kənddə qalmadım,

şəhərə köçüb gəldim.

Bir payız fəsli idi,

qoşulub durnalara

kəndin havasızlığından

havalanıb,

şəhərə uçub gəldim.

 

Yaxşı da ki gəldin. Gəlib şeir kitabları çıxardın, mavi Xəzəri ram etdin, bizim kimi dostlar tapdın.

60 yaşın mübarək, əziz Faiq Balabəyli. 

70-də görüşənədək. 

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Urmiyadan Əli Rəştbərdir.

 

 

Əli Rəştbər

Urmiya

 

MƏN

 

Söz mülkündə nakam qalan,

Diləklərin dəmiyəm mən.

Haq sevdalı ürəklərin,

Sızıldayan simiyəm mən.

 

Qəmkeşəm qəmə qatlaşan,

Fərhadam, dağları aşan,

Köç etməyə hazırlaşan,

Qərib quşlar kimiyəm mən.

 

Olmasa da yaşım yetmiş,

Yetmişinə yolum yetmiş,

Hasılı talana getmiş,

Bir yiyəsiz zəmiyəm mən.

 

Bax ahına, amanına,

Dalğasına, tufanına,

Yanını son limanına,

Söykəyəcək gəmiyəm mən.

 

Dərd qəddini əyənlərin,

Ox bağrına dəyənlərin,

Araz-araz deyənlərin,

Gözlərinin nəmiyəm mən.

 

Mən Qayıbam, yaram dərin,

Dərdim qaynar, odum sərin,

Vətən dərdi çəkənlərin,

Dağa dönmüş qəmiyəm mən.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

 

 

Cümə axşamı, 10 Oktyabr 2024 12:14

Nurlananın şeir dəftərindən

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Nurlana Hətəmova poeziyaya maraq göstərən və şerlər yazan həvəskarlardandır. Onun müxtəlif mövzularda yazdığı şeirlər zaman-zaman müxtəlif mətbuat səhifələrində və kitablarda çap olunmuşdur.

Nurlana xanıma yaradıcılıq uğurları arzulayır və onun bir neçə şeirini möhtərəm oxucularımıza  təqdim edirik.

 

Əlbəttə, tələbkar oxucu şeirlərdə nöqsanlar görəcəkdir. Amma gəlin unutmayaq ki, bu sırf qeyri-peşəkar, həvəskar bir şəxsin şeirləridir. Ona görə də, nöqsanları keçmək olar.

 

 

QARABAĞ  AZƏRBAYCANDIR!

 

Otuz il çəkilmiş torpaq həsrəti,

Düşmənin sel olan qanıyla söndü.

Qəhrəman xalqımın şanlı zəfəri,

Xudayar səsiylə dastana döndü!

 

44 gün bəs etdi diz çökdürməyə,

Düşməni məhv edib, dil tökdürməyə.

Anbaan irəli, daim zirvəyə,

Ordumun əsgəri mayaka döndü!

 

Azərbaycan – İlham – “Dəmir yumruq”

Hər zaman sizinlə qürur duyuruq!

Liderdən əsgərə çatan buyruq,

Olmayan “qonşunu” bir daha gömdü!

 

Qarabağ Azərbaycandır! – budur son sözüm!

Hər şəhid, hər qazi mənim əzizim.

Şuşa da bizimdir, Ağdam da bizim,

Kəlbəcər onlarçün nağıla döndü!

 

ANA

Həyatda ən şirin, müqəddəs varlıq,

Qayğıkeş, sevimli, əzizdir ana!

Onun nəfəsi ilə biz yaşayırıq,

Tükənməz nəfəsdir, həyatdır ana!

 

Ürəyin odlanıb alışsa, sənin,

“Su” deyib ciyərin yanarsa, sənin,

Ağacsız, bulaqsız səhrasa, yerin,

Yolunda kölgədir, çeşmədir ana!

 

Əgər bu dünyada tək-tənha isən,

Dəryada tək qalan balıq kimisən.

Yanında yoxsa da, təsəlli verən,

Dar gündə dostundur, yarındır ana!

 

Torpaqdan, dövlətdən doymayan şahlar,

Dağların üstündə qoymadı dağlar.

Torpaqlar talanar, analar ağlar,

Tükənməz xəzinəm, varımdır ana!

 

O, zülmət gecədə çıraqbanımdır,

O, qərib ölkədə qibləgahımdır.

O, damarlarda axan qanımdır,

Ürəyim, nəfəsim, canımdır ana!

 

ÜMİD

 

Yaşayırıq biz sabaha ümidlə,

Sabahlar bitməyir, tükənir ümid.

Bəs necə yaşayaq biz bu gedişlə,

Həyat yoxdur, əgər yoxdursa, ümid.

 

Ümid qığıcımdır, yandırsan onu,

Bir alov yaranar- ümid alovu.

İnsanın keçmişi, bu günü odur,

Bizi gələcəyə aparan oddur.

 

Gəlin söndürməyək biz bu alovu,

Üfürək, yandıraq hər daim onu.

 

MƏNİM  KƏNDİM 

Dağların qoynunda salıbsan məskən,

Əvəzsiz yurdumsan, kəndim Yaqublu!

Səfanla, adınla bizimçün təksən,

Sən pənah yerimsən, anam Yaqublu!

 

Oğuz adlı elin fəxrisən bəzən,

Bəzən də ölkəni bürüyür səsin.

Gözlərdən çox uzaq yerləşsən də sən,

Könlümə yaxınsan, elim Yaqublu!

 

Talelər, Nüsrətlər, Tofiq Oğuzlar…

Nə qeyrətli qızlar, igid oğullar,

Yetirdin, Vətənə verdin yadigar,

Şəhidlər atası oldun, Yaqublu!

 

Vətənin hər yeri əzizdir mənə,

Rayon da, şəhər də birdir sevənə.

Boz torpaq cənnətdir qədir bilən,

Mənim cənnətimsən, gözəl Yaqublu

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

 

 

90 -dən səhifə 1841

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.