Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mərcan Manafzadədir.

 

Mərcan Mənafzadə

Təbriz

 

 

MƏNİ TANIYIRSINIZMI?

 

Mən qadınam

Neçə yol ayrımına çatarkən

Çizilmiş, incə, buruq

Sevgi ilə yoğrulmuş bir yola vardım.

 

Mən bir türk qadınam

Min bir yerə parçalanmış gövdəm var

Bir yarı həsrət

Bir yarı sevgi

Bir yarı nisgil

Bir yarı dilək

Və... Bir yarı vətən.

 

Bir yarımı səbir çəni bürümüş

Bir yarıma həsrət buludları yağır

Bu mənəm...

Mən bir azərbaycanlı qız

Körpəcik sevgimi

Nə ayaqlar altında əzib keçməklərinə izin verə bilirəm

Nə qoruyub, əmişdirə bilirəm

Minnətlərində boğulanlara

Bağıra bilmirəm, lal gəlir sözüm

Dilimə qıfıl rəsmi salır beynim

Dodaqlarımı kimin barmağı barmaqlıqlarda dustaqlayıb?

Ürəyimdə devrim havası

Xəyalımda intihar qoxusu

Bu mənəm...

Mən bir qadınam

Ürəyim parça-parça iki vətən

Bir parçası sevgidən yaralı

Bir parçası yoxluğundan qabarlı

Bir parçası keşgələr tapdağında qançıl

Bir parçası ölən arzulara yaslı

Bir parçası mərcan daşıdır, al geyinib.

Bir parçası buğdalıqlardan, səmadan iz almış...

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2025)

 

Çərşənbə axşamı, 04 Mart 2025 15:32

Ölüm ssenarisi – ŞEİR-ESSE MİKSİ

İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”

 

 

Tarix: 09:09.2024

Yasin oxunur və…

Bu gün ölüm dünyaya gəldi.

Gəldi ki, qısa ömür sürənləri

uzun yaşatsın.

Yaşıl rəngli 12 vərəq mərasim dəftərlərini,

düzsün xatirələrin masasına.

Bu ölüm ona görə gəldi ki,

ölülərdən pul qazananların,

uşaqları acdır.

Ya da torpaqlar,

insan əti üçün darıxmasın deyə gəlib.

Terminologiya lüğətində:

Ölüm - yaşamdan öncə baş verən hadisədir.

Sənin dilində:

Ölüm - yaşamaqdan qaçma bəhanəsidir.

Mənim dilimdə:

Ölüm - ayrılığın bir sinonimidir.

İndi qənimət kimi görünür

qapı qarşısına qoyulan,

bir cüt ayaqqabı.

Paltarlar məsciddə qovuşur

yeni sahiblərinə.

Qəbrin sinə daşında

şairin müəllif hüquqları tapdalanır.

Nə qəribədir…

Ölüm ana qucağından istidir.

Ölüm ata ocağından soyuqdur.

Görən yaşayan hər kəsə rəhmət düşür?

Hər kəsə qalsa:

 - Yox.

Mənə qalsa:

 - Hə!

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2025)

 

Çərşənbə axşamı, 04 Mart 2025 15:00

YENİ NƏŞRLƏR - Cəfər Cabbarlı, "Sevil"

Pərviz Muradov, “Ədəbiyyat və incəsənət”

  

Cəfər Cabbarlının XX əsrdə qadınların azadlıq rəmzinə çevrilən məşhur "Sevil" pyesini oxuyub bitirdim. Kitab "Xan Nəşriyyatı"nın “Buta - mini klassika” seriyasında işıq üzü görüb.

 

Əsər başdan-ayağa bizi XX əsrə səyahətə aparır. Bir çoxlarımızın da məlumatlı olduğu bu dövr üçün qadın azadlığı ciddi məsələlərdən biri idi. Biz bu pyesi oxuduqca mübarizə əzmi qazanaraq ədalətli qərarlar verə bilir, o dövrün yaşam standartlarını öyrənir və bəzi iyrənclikləri istəməsək də görürük.

Şəriət, dini inanclar, psixoloji basqı ilə qadınları idarə edən bu zümrəni birbaşa qatil də adlandırmaq olar. İstədikləri bütün əməlləri çox rahat şəkildə edən bu şəxslər öz doğma evlərinə gəldikdə isə qadınları ilə bir qulluqçu kimi rəftar edirlər. “Bilmirəm deyəndən qorxma, bilirəm deyəndən də qorxmaq lazımdır”.

Əbdüləli bəy obrazı məni ən çox əsəbiləşdirən obraz oldu pyesdə. Künc-bucaqda bütün hoqqaları edib sivil mühitdə özünü bilgili kimi aparıb, deyilən bir çox fikirlərlə razı olması bunun bariz nümunəsidir.

Dilbər obrazı da yad deyil bizə, hələ də belələrini cəmiyyətimizdə görürük əfsus ki. Azadlıq məfkurəsinə baxış bucağımız nisbi olsa da burda birbaşa mövzu qadınlara edilən çirkinlikdən bəhs edir. Hər bir halda insan haqlarımız, azad düşüncə, seçim şansımız olmalıdır. Savadsızlıq simvolu olan Sevil isə "Oxumaq və savadlı olmaq lazımdır" ideyasının bariz nümunəsidir. Digər obrazlar, digər hadisələr haqqında da geniş yazmaq olar. Amma əsərin ideyasın götürüb təhlil etməyimiz də kifayət edir bizə.

Sayqılar!

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2025)

 

Çərşənbə axşamı, 04 Mart 2025 14:41

PORTAL AKADEMİYASINDA - Məqsəd və vəzifələr

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Planlaşdırma nədir? Biznesdə ən vacib elementlərdən biri barədə söhbətimizi davam etdiririk.

 

Məqsəd və vəzifələr

 

Burada ideyanın analizi aparılmalıdır. Planlaşdırmanın iyerarxiyasını unutmayın. Plan müəssisənin elan edilmiş məqsəd və vəzifələrini açıqlamalıdır.

Məqsədlər dəqiq və səlis ifadə edilməli və təkcə sizin biznesdə əldə etmək istədiklərinizi deyil, həmçinin, verilmiş iqtisadi situasiyada, verilmiş məkan və verilmiş zamanda əldə edilməsi mümkün olanları əks etdirməlidir.

Məqsədlər konkret, miqdarı cəhətdən müəyyən, əldəediləcək və real olmalıdır. Fəaliyyətinizin nəticələrini həmin məqsədlərlə müqayisə edərək fəaliyyətinizin effektivliyi haqqında nəticəyə gələ bilərsiniz.

Əsas istiqamətlər və məqsədlər sizin nəyə nail olmaq istədiyinizdən danışır. Növbəti mərhələdə onları elə dürüst ifadə etmək lazımdır ki, onlar bu yolda həll edilməli məsələlər də müəyyən edilməklə sizin buna necə nail olmaq istədiyinizi göstərmiş olsun.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2025)

 

Çərşənbə axşamı, 04 Mart 2025 14:04

İncəsənət və ədəbiyyat adamı - ESSE

Rəna  Təbəssüm, Mahmud Kaşğari mükafatçısı, “Ədəbiyyat və incəsənət” üçün

 

     Yaxşı yadımdadır, məktəb illərindən adını bilmədiyim bir nəfərlə həmişə küçədə təsadüfən rastlaşar, ona heyrətlə baxar və salamlaşardım. Sonradan onu teatrda aktyor, rejissor və direktor kimi də görəndə incəsənət adamı olduğunu anladım və şəxsiyyətinə uşaq çılğınlığı ilə yanaşaraq pərəstiş etdim.  Böyük istedad sahibi olan bu şəxslə illər sonra yenə də rastlaşıb yaxından tanış olanda onun təkcə incəsənət deyil, həm də ədəbiyyat adamı olduğunu dərk etdim.  

    

 Ağalar İdrisoğlu (Mehdiyev) 1976-cı ildən Sumqayıt şəhərilə taleyini bağlayandan uzun və şərəfli yollar qət edibdir...  75 il öncə mart ayının 16-da dünyaya göz açdığı Masallı rayonunun Digah kəndində böyüyən, 15 yaşından bədii yaradıcılıqla və jurnalistika ilə məşğul olan kənd uşağının incəsənətə verə biləcəyi böyük töhfələri yaxınları və dostları ağlına belə gətirmirdi.  Məktəb illərində yazdığı məqalələri və kiçik həcmli hekayələri o vaxt Masallıda çap olunan “Çağırış” və “Azərbaycan pioneri” qəzetlərində dərc ediləndə sevinci yerə-göyə sığmayan,  Masallı Rayonunun Mədəniyyət Evində Şakir Həsənov və Adil Səfərovun yaratdıqları Miniatür Teatrındakı çıxışlarından ruhlanan Ağalar İdrisoğlu orta təhsilini başa vurub ilk əmək fəaliyyətinə başlayır. Masallı Rayon Texnika Birliyində dispetçer işləyir. Sonra Rusiyanın Kalinin vilayətində hərbi xidmətini bitirir və sonsuz arzularla Bakıya gəlir. İncəsənət aləminə və ədəbiyyata olan vurğunluq onu  Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun qapısına qədər gətirir. Böyük həvəslə sənədlərini bu instituta verir və qəbul olunur.  1975-ci ildə  dram və kino aktyorluğu fakültəsini bitirərək təyinatla Şəki Dövlət Dram Teatrına göndərilir. 1976-cı ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət alır.  1986-cı ildə isə  Moskvada Anatoli Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun  rejissorluq fakültəsini bitirir. Gənc yaşlarından istedadı və bacarığı ilə çoxlarını valeh edən Ağalar İdrisoğlu 26 il rəhbər vəzifələrdə işləyir. Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri və direktoru olur. Azərbaycan Teatr Xadimləri İttifaqının baş rejissoru, bədii rəhbəri və direktoru olur. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, İdarə Heyətinin üzvü və Sumqayıt bölgə şöbəsinin sədri vəzifələrində çalışır. Harda çalışmasından asılı olmayaraq istər aktyor kimi, istər rejissor və yaxud ssenarist kimi yeni-yeni  uğurlara imza atır. Saya gəlməyən (1500-dən çox) məqalələrin, müsahibələrin, publisist yazıların, esselərin, elegiyaların, pritçaların, oşerklərin, ressenziyaların, elmi, tarixi məqalələrin müəllifidir. On altı pyes, iyirmidən artıq teatrlaşdırılmış tamaşanın ssenarisi, altı romanı, on iki povesti, 150-dən artıq hekayəsi rəğbətlə qarşılanır. 21-dən çox kitabı bu gün də oxucular tərəfindən maraqla oxunur. 

      Ömrünun altmış ilini bədii yaradıcılığa, jurnalistikaya, əlli ilini peşəkar teatr sənətinə həsr edən Ağalar İdrisoğlu  səhnədə yaratdığı 40-dan artıq rolu və  quruluş verdiyi 140 tamaşası, dünya xalqlarının on pyesinin dilimizə tərcüməsi və sairə ilə ədəbiyyat, jurnalistika, incəsənət və mədəniyyət xəzinəsinin sərvətini artırır. Ötən ilin sonlarında Qazax Dövlət Dram Teatrında uğurla  səhnəyə qoyulan “İnan mənə” pyesi hələ 1985-ci ildə Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsinin qalibi olub. Onun 10-dan artıq topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərləri yer alıb. Quruluş verdiyi Akif Həsənoğlunun “Yanmış evin nağılı” tamaşası Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb.

     Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ağalar İdrisoğlunun çəkdiyi əziyyətləri hədər getməyib. Həmişə istedadlı adamlara diqqət və qayğı ilə yanaşan  möhtərəm Prezident cənab İlham Əliyev onun əməyinə yüksək qiymət verərək 2013-cü ildə “Əməkdar İncəsənət xadimi” fəxri adı ilə mükafatlandırıb. 

     Ömrünün 75-ci baharına qədəm qoyan Ağalar İdrisoğlunun müdrikliyi onun keçdiyi məşəqqətli, iztirablı, lakin maraqlı və mənalı ömür yolunun nümunələrini yaradıcılığa yeni başlayanlara ötürə bilməsindədir. Çağdaş ədəbiyyatımızın ön sıralarında olan yazıçı-dramaturq, jurnalist-publisist, aktyor, rejissor, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu ədəbiyyat və  incəsənət sahəsində sayılıb-seçilən kamil şəxsiyyətlərdən biridir. Bu gün də usanmaq bilmədən yeniliklərə imza atan incəsənət və ədəbiyyat adamının tükənməz arzu və istəkləri çoxdur. Ən böyük istəyi incəsənətimizə, ədəbiyyatımıza, jurnalistikamıza yeni töhfələr verməkdir. Çap ərəfəsində olan Milli Teatrımıza həsr edilən “Milli rejissor sənətimiz, onun problemləri, yaddan çıxan rejissorlar, teatr direktorları və aktyorları”, “Sərhədsiz dünyamız”, “Teatr sənətinin aşiqi” adlı kitabları bu yöndə ən layiqli töhfələrdən biri olacaqdır. Eləcə də hekayələrindən və povestlərindən ibarət beş cildlik kitabları, dünya dahilərinin müdrik kəlamlarından ibarət “Sözdən yaranan incilər” toplusu çap olunsa, böyük oxucu marağı qazanacaq.

     Mən dəfələrlə Ağalar İdrisoğlundan Nikolay Qoqolun bu kəlamını eşitmişəm: “Yazıçının yalnız bir müəllimi var - oxucudur“. Əfsus ki, bu gün məmləkətimizdə kitab oxumağa marağın az olduğuna görə hər bir yazıçının doğrudan da, müəllimi olan oxucuya çox böyük ehtiyacı var.         Məşhur yazıçı Reyhani Aminin kəlamını isə mən yada salmaq istəyirəm: “Azad yazıçı öz araşdırmalarının və bilgilərinin bəhrəsini təqdim edən əsl alimdir. O, ədəbiyyatın şərəfini və elmin qüdrətini qorumaqla yanaşı, hər işdə xalqına xeyir gətirir. O, sadə xalqın eşitmək istədiklərinə, yaxud hakimiyyətdə olanların şəxsi zövqlərinə və gözləntilərinə daban-dabana zidd olsa belə, öz sözünü deyir. Gələcək üçün yazanlar qiymətini indiki dövrdə alır, indiki dövr üçün yazanlar isə gələcəkdə xatırlanmayacaqlar”.

     Bəli! Tarixi hər hökmdar özünə uyğun yazdırdığına görə, hər dövrün əsl tarixini biz ədəbiyyatdan öyrənə bilərik və bilirik. Bax, Ağalar İdrisoğlu da heç kimdən çəkinmədən, məddahlıq etmədən bu günün tarixini özünün bədii əsərləri və quruluş verdiyi tamaşalarla yazıb gələcək nəsillərə çatdıran yazıçı və rejissordur. Mən fəxr edirəm ki, onunla bir dövrdə yaşayıram. Bir də vurğulamaq istəyirəm ki, incəsənət və ədəbiyyat adamlarının keçdiyi şərəfli həyat yolu çoxlarına örnək olan ömrün parlaq səhifələrində əbədi iz salır. Kərpic-kərpic yaradıcılıq divarlarını hörərək onu qorumağa çalışan, mənəviyyatca zəngin olan Ağalar İdrisoğlunun ömür yolları uzandıqca uzanacaq və sonu görünməyən yollarla əvəz olunacaq. Mən buna çox inanıram...

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2025)

Çərşənbə axşamı, 04 Mart 2025 13:28

QISA FİKİRLƏR XƏZİNƏSİndə Məhəmməd İqbal

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Britaniya Hindistanının böyük filosofu Məhəmməd İqbalın fikirlərinə yer ayırıb.

Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

Qərblilərin gözündə ağıl həyatın nizamı, şərqlilər üçün eşq kainatın özüdür. Ağıl Haqqı eşq sayəsində tanıyır... Əgər eşq ağılla yan-yana gələrsə, müstəsna bir aləm qurar.

 

***

Könlün hökmü altında olan ağıl ilahidir. Könlün hökmü altına girməyən ağıl isə şeytanidir.

 

***

Eşq məqamı minbər deyil, dar ağacıdır. İbrahimlər Nəmrudlardan qorxmazlar.

 

***

Eşqə “dəlilik” deyən kəs həyatın sirlərinə əbədi biganə qalsın.

 

***

Yaşamaq və çalışmaq – çamıra könül toxumu atmaq deməkdir.

 

***

İslam milləti heç bir zaman yox olmayacaq, çünki azanlarında Musa ilə İbrahimin sirri təcəlli etməkdədir.                                              

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2025)

 

 

Çərşənbə axşamı, 04 Mart 2025 13:00

TƏLƏBƏ YARADICILIĞI – Nuray Fərzəliyevanın essesi

Salam, “Ədəbiyyat və incəsənət”! Mən  Ağdam Dövlət Sosial-İqtisad Kollecinin 2-ci kurs tələbəsi Nuray Fərzəliyevayam. Sizə göndərdiyim esseni dəyərləndirməyinizi istəyərdim. Uyğundursa paylaşardınız. Əvvəlcədən təşəkkürlər!

 

“Həyat, başqalarının düşüncələrində yox, öz ruhunun dərinliklərində tapılacaq bir sirrdir. Nə qədər uzağa getsən də, ən doğru yol özünü tapmaqdan keçir.”

Həyat nədir? Bəlkə də, sualın cavabı bizdən gizlənən bir sirrdir. Bir çox hallarda, haqlı olduğumuzu bildiyimiz anlarda belə, içimizdə bir boşluq, bir tərəddüd yaranır. Bu nədir? Nə üçün başqalarının düşüncələri bizim üzərimizdə bu qədər güclü təsir bağışlayır? Bizim doğru bildiklərimiz, bəzən özümüzə yetərli gəlmir, çünki başqalarının fikirləri daha ağır gəlir, daha çox əhəmiyyət kəsb edir. Həyat, bəlkə də, yalnız başqalarının bizə göstərdiyi yolda deyil, öz yolumuzu tapmaqda gizlidir. Amma bunun üçün çox mübarizə etməliyik. Çünki hər birimiz bir çox müxtəlif “başqa insanlar”la yaşayırıq. Dostlar, ailə, cəmiyyət, tanımadığımız insanlar – onların hər birinin fikri bizə bir şəkildə təsir edir.

Bəzən haqlı olmağımızı hiss edirik, amma ətrafın düşüncələri bizi başqa bir yerə aparır. Belə bir həyat bizə nə verir? Şübhəmi? Təsdiqmi? Bəlkə də ən çox verdiyi şey, başqalarının gözündəki özümüzü tapmağa çalışmaqdır. Lakin bu səyahət bizi yalnızca bir dairəvi dövrə aparır. Bəzən başqalarının fikirlərini çox ciddiyə alırıq, amma bu, bizi özümüzdən uzaqlaşdırır. Çünki həyat, özümüzü kəşf etmək və başqalarının bizə göstərdikləri yolda deyil, öz yolumuzda tapmaqdır. O yol heç də hər zaman asan olmur, bəzən çıxılmaz hisslər və qərarsızlıqlar gətirir, amma özümüzü tapmaq yolunda əlimizdə olan ən qiymətli şey də məhz bu daxili axtarışdır.

Həyatın mənası o qədər də böyük, o qədər də mürəkkəb bir şey deyil. Biz sadəcə özümüzü tapmağa çalışmalıyıq. Haqlı və ya haqsız olduğumuzu düşündüyümüz anlar, əslində bizim öz yolumuzu tapmağımıza mane olan təsirlərdir. Bəzən həyat, başqalarının bizə göstərdiyi əksinliklərdən deyil, yalnız öz gücümüzdən yaranır. Biz başqalarının gözlərində özümüzü itirməyə başladıqda, o zaman həqiqətən itmişik. Bəlkə də həyat, yalnız bizə məxsus bir hərəkətdir; hər kəsin öz daxili dünyasında etdiyi bir rəqsdən ibarətdir. Həyat, bəzən gözümüzün qarşısında bir sirr olaraq açılır. Və biz, bu sirri anlamadıqca, onu başqalarının gözlərindən oxumağa çalışırıq. Ancaq başqalarının düşüncələri ilə üzləşəndə, sanki bir labirintdə itirik.

Bəli, bəzən haqlı olduğumuzu düşünürük, amma bu düşüncələr bizim içimizdəki tərəddüdlərlə qarşılaşdıqda, özümüzə belə inanmaqda çətinlik çəkirik. Çünki başqalarının fikirlərinin bizə təsiri o qədər güclüdür ki, bu güc, bizim daxili həqiqətimizi dondurur, bizə özümüzü unutdurur.

Bir dəfə düşünmüşdüm: “Bəlkə, nə zamandır ki, özümü bir başqasının həyatını yaşamağa məcbur edirəm?” Bu sadə sual, mənim içimi bürüyən çox şeyin açarı oldu. Həyat nədir? Mənim həyatım nədir? Bəzən yalnız başqalarının təsdiqi ilə ruhumuzu tapmağa çalışırıq, amma nə qədər çox təsdiq alsaq, bir o qədər itiririk. Başqalarının düşüncələrinin bizim həyatımızı yönləndirməsi, bəzən özümüzə olan güvənimizi sarsıdır. Bu sarsıntı ilə irəliləmək, bəlkə də ən çətin yolun özüdür.

Əslində, həyat sadəcə bir səyahətdir, amma bu səyahət, başqalarının gözlərində yox, öz içimizdə tapılacaq.

O zaman düşündüm ki, “Başqalarının məni necə görməsi vacib deyil, necə hiss etdiyimi anladıqca, həyatın mənasını tapmış olacağam.”

Və bəlkə də, ən böyük həqiqətimiz, yalnız bizə məxsus olanda başqalarının gözündə itir. Həyat, yalnız özümüzü tapmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitabları sizə tövsiyyə etdim. Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti kitab: Bodo Şefer, «Qaliblərin qanunları»

 

Avropanın bir nömrəli maliyyə konsultantı, yazıçı və biznesmen, dünyanın bir çox ölkələrində seminarları anşlaqla keçən Bodo Şeferə, təsadüfi deyil ki, «Maliyyə Motsartı» adını veriblər. Milliyyətcə alman olan Bodo Şeferin təqdim etdiyi qanunlardan ən birincisi – («Gərək tənbəl olmayasan») – haradasa, onun özünün bütün həyat və fəaliyyətinə bir işıq tutur. Çünki, Bodo Şeferə görə, bütün uğurlara çatmaq üçün çalışqan və yalnız çalışqan olmaq məcburidir.

Bodo Şefer insanları iki canlıya bənzədir: ördəyə və qartala. O, yazır ki, ördəklər daim qaqqıldayırlar, başqalarının yanlarında özlərinə bəraət qazandırmağa cəhd göstərirlər, qartallar isə heç nəyə baxmadan fəaliyyətdədirlər.

Qalib olmaq üçün, əziz oxucularım, Bodo Şeferin təbirincə, ördək yox, qartal olmaq lazımdır!

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2025)

 

 

 

 

Çərşənbə axşamı, 04 Mart 2025 11:34

Rəsul Rzanın Anara məktubu

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:

 

 

RƏSUL RZANIN ANARA MƏKTUBU

 

 

Əzizim, oğlum, qardaşım, mənim mehriban dostum, inamlı, etibarlı, ümidli arxam, yoldaşım Anar bala!

Nə üçün bu qədər nigaranlıq keçirirsən? Məgər sən atanın həyatda ilk qədəm qoyduğu gündən mübarizələrdən, həyatın sınaqlarından, illərin, günlərin imta­ha­nın­­­dan keçdiyini bilmirsənmi? Nə üçün mənim gücüm, davamım, dözüm və iqtidarım haqqında sən şübhə edirsən? Niyə nigaransan? Məgər mən inandığım, seçdiyim həyat və sənət yolunda azmı ədəbi və qeyri-ədəbi mığmığaların sancaqlarını görmüş, dızıltısını eşitmişəm?

 Paxıllar zümrəsinin, nadanlar dəstəsinin, talantsızlar güruhunun tənə daşları hansı sənətkarı yolundan qaytara bilmişdir? Məgər sən mənim az-çox sənət adamları qəbilindən olduğuma şübhə edirsən?

Anarım! Mən axır günlər yumoristik şeirlər yazıram. Bu, son hadisələrə mənim necə baxdığıma sübut deyilmi? “Karvanımız gedəcək…” şeiri yadında deyilmi? …Oğlum! İnsan anlamağa qadirdisə, heç bir məhrumiyyət, çətinlik, zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm ki, anlamağa qadirəm. Bu söz sənə özündən dəm vurmaq, “özünü bəyənən ağam vay!” qəbilindən gəlməsin. Mən söz gəzdirən ədəbi f… nə üçün belə etdiklərini anlamasaydım, qəzəblərinə səbəb olan nədir bilməsəydim, bugünkü yeni ədəbi cərəyanın, xüsusilə Azərbaycan şeirində hər gün daha artıq bir qüvvətlə səslənən yeni şeirin mübarizlərinin bir sıraya toplandığını anlamasaydım, bəlkə də məyus olar, ruhdan düşərdim. Bütün bunların şah səbəbini aydın-aşkar gördüyüm üçün, anladığım üçün bu hadisələr (əgər bunları hadisə adlandırmaq olsa) məndə bir təbəssümdən, bəlkə də təəssüfdən başqa bir şeyə səbəb olmur. Yeni yaradıcılıq səfərinə, yeni mübarizələrə özümdə hər zaman olduğundan artıq qüvvət hiss edirəm.

…Yeni şeirlər yazıram. Gələcək yarış və mübarizələrə qüvvət toplayıram. Sən bilirsən ki, yarışı qazana bilmək üçün biz üçqat artıq layiq olmalıyıq. O gün səninlə danışanda mən səsində bir məyusluq çaları duydum. Nə üçün? Son zamanlar işləyə bilmirdim. Fikrimi toplaya bilmirdim. Səninlə danışandan sonra, elə bil ki, qəlbimə sakitlik, fikrimə bir aydınlıq gəldi. Oturub yazmağa başladım. Bu sikldən olan birinci şeiri sənə göndərirəm.

Kim nə desə inanma, sənin atan kefi kök, damağı çağ, əlində hələ gücünü, axtarışını, yeni boyalarını itirməmiş bir qələm olaraq “Bənzəyir bir qocaman dağə ki, dəryadə durur”.

…Məni Balakən rayonundan deputatlığa namizəd veriblər. Həyat belədir, oğlum, gün çıxır, göy buludlanır, yaz olur, qış olur. İnsanın ən böyük ləyaqəti ondadır ki, bütün bu istilər, soyuqlar, işıqlar, qaranlıqlar içində yolunu İnsan kimi keçsin. Bəlkə də ədəbi mığmığalar bu sözləri oxuyub “Yenə də mücərrəd İnsan”, – deyə dızıldayarlar. Olsun. Konkret heyvan olmaqdan mücərrəd İnsan olmağın nəyi pisdir?

 Mənim Anarım, səni və sənin Zemfiranı öpürəm.

 

“Ədəbiyyat və incəsənət”

 (04.03.2025)

 

Çərşənbə axşamı, 04 Mart 2025 11:00

Evin tək uşağının 50-si

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki:- “Vaxtilə maksimalist adam idim. Tükənməz arzular, iddialarım mənə rahatlıq vermirdi . Yaşım artdıqca istəklərim minimuma endi. Bilmirəm, bu dünyayla, taleylə barışmaqdımı, çarəsizlikdən doğan bir vəziyyətdimi, ya məğlubiyyətdimi? Hər halda arzulara məğlub olmaq çox ağrılı bir şeydi, mən bu ağrıları yazılarıma, şeirlərimə köçürmüşəm. Özümü bu yolla ağrıdan xilas etməyə çalışmışam. Allah sanki sözü mənə xilas yolu kimi nişan verib. Söz məni ölümdən xilas edib. İndi mən artıq həyatdan nəsə istəməyə qorxuram, həyat itkilərlə gözümün odunu alıb…”

 

Nəzakətli, yolagedən, optimist və xəyalpərəst adamdır. Davranışı və rəftarı hadisələrin gedişindən çox asılıdır. Buyruqdan və boynuna öhdəlik götürməkdən zəhləsi gedir. Pis niyyətli deyil. İnsanlara hələ də inanır və güvənir. İstedadlıdır. Praktikliyi sayəsində müvəffəqiyyət qazana bilir. Rahatlığı və əmin-amanlığı sevir.

Saysız-hesabsız istək və arzuları var. Çoxunu həyatda reallaşdıra bilməsə də, xəyalən öz aləmində həyata keçmiş kimi düşünüb təsəlli tapır. Onun bu aləmi o qədər güclüdür ki, tez-tez gerçəklə xəyalı qarışdırır. Bəzən olmayanları da olmuş kimi qəbul edir. Digər tərəfdən mistik və fəlsəfi hadisələri öyrənməyi sevir. Zehni xəyallar seli və qorxunc duyğu dalğaları ilə doludur. Mənəviyyatının dərinliyindən gələn bu partlayışları yaradıcılığna yönəltdiyindən, gücü tükənmir...

 

“Uşaq vaxtından şeirlər, hekayələr yazırdım, ancaq üzə çıxarmırdım. 9-10 yaşlarımdan şerlərimi “Azərbaycan pioneri” qəzetinə və “Pioner” jurnalına təqdim edirdim. Bir neçə dəfə mənə bildirdilər ki, bədii cəhətdən zəif olduğu üçün çapa yaramır. 5-6 dəfə göndərdim, nəhayət, bir dəfə balaca bir şerimi “Pioner” jurnalında dərc etdilər. Sonradan Azərbaycanın enkslopedik alimlərindən, rəhmətlik Rəhimağa İmaməliyevin ədəbiyyata gəlməyimdə böyük rolu oldu. O, məndə inam yaratdı ki, sən yaza bilərsən. 1995-ci ildən mətbuatdayam. Jurnalist kimi fəaliyyət göstərsəm də şeir və hekayə də yazıram, ancaq uzun müddət onları ədəbi mühitə çıxarmırdım. 2000-ci illərin əvvəllərində təsadüfən Yazıçılar Birliyində Samir Sədaqətoğlu ilə tanış oldum. O, “Ədalət” qazetində ədəbiyyat bölməsini aparırdı. Mənə bildirdi ki, ayrıca ədəbiyyat qazeti buraxmaq istəyirlər. Mən də dedim əlimdə tərcümələrim var. Dedi gətir, çap edək. Elə oldu ki, həmin qazeti birlikdə buraxası olduq. Və beləcə ədəbi mühitin içinə düşdüm. Öz hekayələrim də orada çap olundu. Sonralar “Kaspi” qazetində şeirlərim çıxdı. 2003-cü ildə isə “Ədalət” qazetinə keçdim, ayrıca “Yazar” adlı ədəbiyyat qazeti buraxdıq.”- söyləyir...

 

Haqqında söhbət açdığım Kənan Hacı 1975-ci ildə Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Xəzər rayonu, Buzovna qəsəbəsinin 125 saylı məktəbində alıb. 1995-ci ildə özəl universitetlərin birində jurnalistika ixtisasına yiyələnib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində işləyib. Sonra Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq fəaliyyət göstərib. "Mücrü" jurnalının baş redaktorudur. AYB-nin üzvüdür. Müxtəlif ədəbi əsərlərindən ibarət 15-ə yaxın kitabı nəşr olunub. Xarici dillərdə yazılmış 5 kitabı ana dilinə çevirib. Əsərləri rus, türk, ingilis və ukrayn dillərinə tərcümə edilib...

 

Evin tək uşağı olub. Erkən gəncliyində atası vəfat edib. Min cür çətinliyə qatlaşıb, acınacaqlı günlər yaşayıb. Əsgərliyi bitirən vaxtlarında xəstələnib hospitala düşüb, əməliyyat olunub. Və bir gün xəbər tutub ki, Hepatit C xəstəliyinə yoluxub. Xəstəliyini 8 il ən yaxın dostlarından belə gizlədib. Heç kəs bilməyib ki, evsiz-eşiksiz yaşayır. Üstəlik ağır xəstədir. Amma taleyindən heç zaman gileylənməyib. Allaha inanıb- nə vatsa zamanın üzünə güləcəyinə ümid bəsləyib. Və həmin gün gəlib. Artıq ev-eşik sahibidir. Xəstəliyə qalib gələrək yaşayır, yaşayacaq da. Yaradıcılığından da geri qalmır. Güclü təxəyyülü, ədəbi təhlili var...

 

Deyir ki:- “Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. Artıq roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev bir dəfə söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq...”

 

Daxili aləmi çox rəngarəngdir. Bu aləmdə müsbət xüsusiyyətlərin say-hesabı yoxdur. Səxavətlidir və başqalarını məmnun etməkdən xoşlanan adamdır. Yaddaşı çox güclüdür, heç nəyi unutmur. Mütaliyyə diapazonu geniş olduğundan zəngin “Söz sandığı”na və bilgiyə sahibdir. Bir sözlə, Kənan Hacı təpədən dırnağa parlaq bir istedaddır...

 

“Mənsub olduğum ədəbi nəslin giley-güzarı bitməsə də,mən isə öz işimdən zövq alıram. O ki qaldı böyük ədəbiyyatda qalıb-qalmayacağıma bunu yalnız gələcək müəyyən edəcək. Təəssüf ki, mən o günü görməyəcəm. Amma inanıram ki, hər halda hansısa bir yazımla xatırlanacağam...”- söyləyir.

 

Martın 3-ü Kənan Hacının 50 yaşı tamam oldu, yubileyiydi. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2025)

 

91 -dən səhifə 2132

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.