
Super User
AYUB KARA: “Heç bir Qərb ölkəsi Ermənistanı müdafiə etmək üçün əllərini çirkləndirmək istəmir”
Cənubi Qafqaz ölkələri yalnız bölgənin ənənəvi etnik münaqişələrini aradan qaldırmaq və tam əməkdaşlıq etməklə üzləşdikləri təhlükələri neytrallaşdıra və Sovet İttifaqı dağılandan etibarən arzuladıqları sabitliyə çata bilərlər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb.
“Cənubi Qafqaz üçün təhlükələr” başlıqlı məqalədə göstərilib ki, Cənubi Qafqaz ölkələri əməkdaşlıq etsələr yerləşdikləri regiona nəzarəti gücləndirmək, eləcə də sülh və sabitliyə nail olmaq üçün lazımi geosiyasi tarazlığa nail ola biləcəklər. Təhlükəsizlik məsələlərində Azərbaycan, Gürcüstan və Ermənistan, iqtisadi sahədə Azərbaycan, Türkiyə və Gürcüstan, hətta Türk Dövlətləri Təşkilatı kimi siyasi birliklər son nəticədə Cənubi Qafqaz ölkələrinin maraqlarının xarici güclərin maraqlarını üstələməsinə gətirib çıxaracaq.
Qeyd olunub ki, ABŞ-nin qlobal münaqişələrdən çəkilməsi Cənubi Qafqaz kimi regionlarda geosiyasi gərginliyi artıraraq güc boşluğu yaradıb. Cənubi Qafqaza geosiyasi aspektdən baxsaq görərik ki, Avropa və Asiyanın ticarət yolları və dəhlizləri arasında yerləşən bu həyati əhəmiyyətli bölgədə bir çox siyasi qüvvələr Qərblə birləşməyə can atır. Sabiq nazir Ermənistanın “Qərbə yaxınlaşmaq” istəyinə baxmayaraq xarici siyasətinin güvən doğurmadığını vurğulayıb. Buna görə də artıq onu müdafiə etmək üçün heç bir Qərb dövlətinin “əllərini çirkləndirməyə” hazır olmadığını bildirib.
Yazıda həmçinin qeyd edilib ki, Rusiya bölgədə öz təsirini saxlamaqda maraqlıdır, Türkiyə Azərbaycanla sıx əməkdaşlıqdan faydalanmaq istəyir, Fransa birmənalı olaraq ermənilərə dəstək verir, İran isə pusquda durub uyğun məqam gözləyir. Belə bir vəziyyətdə bir neçə güc sözügedən coğrafiyaya bir-birinə qarşı müdaxilə etmək qərarına gələrsə, bu, xaos və sonsuz münaqişələrlə nəticələnəcək. Bu mənada Cənubi Qafqaz ölkələrinə xüsusən də Ermənistan və Azərbaycan arasında baş vermiş ikinci Qarabağ müharibəsindən sonrakı dövrdə ən arzuolunmaz şey qeyri-stabillikdir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://thej.ca/2025/02/24/threats-to-the-south-caucasus/
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı davam edir
Ölkəmizdə ilk dəfə baş tutan Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı öz işinə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş "Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fikrət Əmirovun rolu" mövzusunda elmi seminarla başlayıb.
“Ədəbiyyat və incəsənət” portalına Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, festivalın təntənəli açılış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Xəyal Əliyev və Sahil Quliyev) iştirakı ilə baş tutub. Açılışda Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samir Məmmədov, Zəminə Mustafayeva, Rövşən Məmmədov, Anar Quliyev, Şirxan Cahangirov, Azər Verdiyev “Böyük Dayaq” kinofilmindən Pərişanın mahnısı, "Qatar" təsnifi, "Laylay", "Dağlar qızı reyhan", "Yar üçün", "Evləri var xana-xana", "Göygöl" və bəstəkarın digər mahnılarını ifa ediblər. Ansamblın "Nağaralarla rəqsi" böyük rəğbətlə qarşılanıb.
Festivalın ilk günü, eyni zamanda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və dirijor Xəyal Qəhrəmanov) müşayiəti ilə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, Beynəlxalq və respublika müsabiqələr laureatı Mirnofəl Həsənov(tar), Seymur Sadıqov (balaban), solistlər Rüstəm Cəfərov, Fuad Ramazanov, “Küçələrə su səpmişəm", "Evləri var xana-xana" xalq mahnılarını, “Baharımsan”, "Gülərəm gülsən”, "Gülüm" romanslarını, “Aşıqsayağı”, "Kor ərəbin mahnısı"nı ifa ediblər.
Festivala martın 9-da yekun vurulacaq.
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
Qaxda Xalq artisti Zabit Nəbizadə ilə görüş keçirilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Martın 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Zabit Nəbizadə ilə görüş keçirilib.
Qax rayonu Qaxingiloy kənd Mədəniyyət Evində təşkil olunmuş tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov və MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov iştirakçıları salamlayaraq, layihənin mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, regionlarda olan gənc istedadların aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirildiyini vurğulayıblar.
Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə Xalq artisti Zabit Nəbizadə muğam sənətinin tədrisi, muğam ifaçılığı, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparıb. Dillər əzbəri olan mahnı və təsniflərdə yol verilən orfoqrafik həmçinin məzmun səhvlərindən danışılıb, ifaçılıqda mətnin dərk edilməsinin əhəmiyyəti vurğulanıb.
Ustad dərsi formatında keçən görüşdə Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsi Rəis Niftəliyev, 3-cü kurs tələbəsi Ruhəngiz Musayeva, həmçinin Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Elmir Cəfərli, Elvin Məmmədov və Qax şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri Aqşin Dostuyev, Səma Şərifova, Aksana Cumayevanın ifasında müxtəlif xalq mahnıları və təsniflər səsləndirilib. İfaçıları tarda Altay Niftəliyev, Səxavət Cumayev, Məhəmməd Məhəmmədkərimov, kamançada Araz Ağaverdiyev, Hamil Lətifov, Azad Quliyev və nağarada Xaləddin Əsgərov müşayiət ediblər.
Tədbirdə regionda yerləşən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər, onların müəllim və valideynləri iştirak ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)
Türk Mədəniyyəti və İrsi Fondu “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabını təqdim etdi
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Bu gün- 5 mart tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq çərçivəsində nəşr etdirdiyi “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri”adlı kitabın təqdimat mərasimi keçirildi.
Türk dünyası incəsənətinə dəyərli bir töhfə olacaq bu kitabın təqdimat mərasimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş tutdu. Kitabın təqdimatında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, deputatlar, incəsənət və mədəniyyət sahəsinin tanınmış simaları, KİV agentliklərinin əməkdaşları və başqaları iştirak edirdilər.
Türk Mədəniyyəti və İrsi Fondunun növbəti genişmiqyaslı layihəsi olan "Türk dilli ölkələrin milli musiqi alətləri" kitabı 6 türk ölkəsinin alimlərinin, incəsənətşünasları və musiqiçilərinin birgə əməyinin nəticəsidir. Təqdim olunmuş nəşrdə çoxsaylı elmi mənbələrə əsasən türkdilli xalqlar arasında ən geniş yayılmış yüzdən çox ənənəvi musiqi aləti haqqında geniş informasiya verilir. Atlas musiqişünaslar, musiqiçilər, folklorçular, orqanoloqlar üçün nəzərdə tutulmuşdur.
Tədbiri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov açaraq, “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabının işıq üzü görməsini əsl mədəniyyət hadisəsi adlandırdı, üstəlik, həm də siyasət hadisəsi olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarından birində işlətdiyi “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk ailəsdir” sözləri zərb-məsələ çevrilib, bu kitab da ümumi türk ailəsinin formalaşmasına bir töhfədir.
Çıxışçı eyd etdi ki, kitaba hazırda mövcud olan 6 türk dövlətinin musiqi alətləri daxildir, amma haçansa Tatarıstan, Başqırdısatan, Tuva, Yakutiya və digərləri kimi daha 20 potensial türk dövlətinin də musiqi alətləri daxil olmaqla daha böyük kitab hazırlanmalıdır.
Rafael Hüseynovun çıxışında xüsusi maraq kəsb edən bu sözlər oldu: “Mən elan edirəm, musiqi alətlərindən ən qədimi Azərbaycana aiddir, bu, Qobustandakı qaval daşıdır ki, 15-20 min il yaşı var.”
Natiq vurğuladı ki, bu kitab Səfiyəddin Ürməvi, Əbdülqadir Marağayi və Üzeyir Hacıbəyli tərəfindən təməli qoyulmuş türk musiqişünaslığı üçün əsl töhfə sayıla bilər.
Sonra söz Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovaya verildi. Xanım Raimkulova öncə Fondun son fəaliyyət dönəmi barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan, Türkiyə Dövlət Başçılarının dəstəyi ilə yaradılan Türk Mədəniyyəti və İrsi Fondu Türk ölkələrinin zəngin mədəniyyətinin və irsinin, çoxəsrlik tarixinin qorunması, beynəlxalq aləmdə təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərir. Fondunun Nizamnaməsinə uyğun olaraq, Fondun Şurası – ali nəzarət orqanıdır və üzvləri mədəniyyət nazirlərinin səviyyəsində təsdiq olunub. Keçən il, təşkilatın Nizamnaməsinə əsasən, Fondun fəaliyyətində ilk dəfə olaraq Azərbaycanda - Fondun mənzil qərargahında, Türk ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə təşkilatın ilk Şura iclası keçirilib. 2025-ci ildə isə Fondun Şurasına Qazaxıstan Respublikası sədrlik edir. Cari ilin fevral ayında, nazirlərin iştirakı ilə Astanada uğurla Fondun ikinci Şura iclasını keçirilib.
Aktotı Raimkulova bildirdi ki, Fondun 2024-cü il üzrə iş planında 25 layihə təsdiqlənmişdi, lakin Fond tərəfindən bərpa və muzeyləşdirmə, elmi və maarifləndirmə, təhsil, mədəniyyət və incəsənət, o cümlədən yaradıcılıq sahələrində 75-dən çox genişmiqyaslı layihə icra edilib.
Bişkekdə Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi işləri,
”Türk Dünyasına baxış – 2040” və «TURKTIME» strateji sənədlərinə əsaslanan Türk mədəni irsinin çoxdilli Kataloqunu çapa hazırlanması, Beşinci Dünya Köçəri Oyunlarına dəstək verilməsi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və Türk Akademiyası kimi təşkilatlarla əməkdaşlıqda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfransın keçirilməsi, UNESCO ilə əlaqəli Türk ölkələrinin qeyri-maddi mədəni irsinin çoxmillətli nominasiya layihələrinin koordinasiyasına başlanması, Türkiyənin İstanbul şəhərində və Qazaxıstanın Tanbalı və Kulan bölgələrində türk mədəni irsininin darə edilməsi üzrə təhsil proqramlarının həyata keçirilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti ilə birgə Azərbaycanın ayrılmaz parçası olan tarixi Qarabağ bölgəsinin Füzuli şəhərində yerləşən 18-ci əsrə aid Qoçəhmədli məscidinin bərpası yönündə hazırlıq işlərinə başlanılması, «Türk dünyasının görkəmli şəxsiyyətləri», «Türk dünyasının ədəbi inciləri», «Türk dünyasının elmi inciləri», adlı yeni kitab seriyalarından indiyədək 18 kitabın nəşr edilməsi, YouTube-da yerləşdirilən TurkDiscovery kanalının fəaliyyəti, Parisdə - UNESCO-nun mənzil qərargahında Türk dünyasının və ümumilikdə dünya mədəniyyət irsinin qiymətli incisi olan «Divani-lüğat at-türk»ün 950 illiyinə həsr olunmuş genişmiqyaslı sərgi və beynəlxalq konfransın keçirilməsi kimi tədbirləri sadalayan Aktotı Raimkulova
ötən ilin noyabrda Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Zirvə Toplantısında Fondun fəaliyyəti və əldə etdiyi uğurların yüksək qiymətləndirildiyini də bildirdi.
Xanım Raimkulova qeyd etdi ki, təqdim etdikləri «Türkdilli Ölkələrin Milli Musiqi Alətləri» kitabı Fondun növbəti genişmiqyaslı layihəsidir, bu layihənin həyata keçirilməsinə 2023-cü ildə başlanılıb və keçən il Fondun tam dəstəyi ilə nəşr işıq üzü görüb. O, bu münasibətlə əməyi keçən hər kəsə, xüsusilə də Fondun birinci prezidenti və layihə rəhbəri, millət vəkili Günay Əfəndiyevaya, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyliyə və Akademiyanın bütün kollektivinə dərin təşəkkürümü bildirdi. Eləcə də, Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı Muzeyində təqdimatın keçirilməsində dəstək göstərən görkəmli elm xadimi, Milli məclisin sədr müavini, akademik Rafael Hüseynova dərindən minnətdarlıq hisslərini ifadə etdi.
Milli Məclisin deputatı Günay Əfəndiyeva çıxışını 2 il öncəki xatirələrlə başladı. O vaxt Fondla Akademiya arasında memorandum imzalanmışdı. Fərhad Bədəlbəyli ilə tərəfdaşlıqdan məmnunluq duyduğunu qeyd edən natiq ortaq türk mədəniyyətinin təməlində məhz musiqinin dayandığını vurğuladı.
Daha sonra Azərbaycan Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış etdi. O, ən sevimli alətinin tütək olduğunu bildirdi, söylədi ki, “bu balaca alətdə nə böyük qüdrət var, nə böyük silahdır o”. Və tütək ifaçısını səhnəyə dəvət edib tütək musiqisinin sədaları altında çıxışını davam etdirdi.
Qeyd etdi ki, bu gün Turanın nəfəsi daha çox hiss edilir, ötən əsrin əvvəlində Yusif Akçurinin, Əlibəy Hüseynzadənin təməlini qoyduqları ideologiya bu gün öz təntənəsini yaşayır.
Natiq onu da tövsiyyə etdi ki, təqdim edilən kitabın Qərbdəki universitetlərin kitabxanalarında olması vacibdir və bunu təmin etmək lazımdır.
Turkiyənin Osmaniye Qorkut Ata Universiteti Memarlıq, Dizayn və İncəsənət Fakultəsinin baş muəllimi, sənətşunaslıq uzrə fəlsəfə doktoru Meysər Kaya çıxışında bu projenin böyük əhəmiyyıtindən bəhs etdi, kitabın strateji bir kitab olmasını, dünyaya bir türk mədəniyyəti abidəsi kimi təqdim ediləcəyindən qürurlandığını bildirdi.
Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə sonuncu çıxışçı olaraq kitabın ərsəyə gəlməsinə qoyulan gərgin əməkdən bəhs etdi, əməyi keçən hər kəsə minnətdarlıq bildirdi.
Kurmanqazı adına Qazax Milli Konservatoriyasının “Musiqişunaslıq və Bəstəkarlıq” kafedrasının professoru, sənətşunaslıq elmləri doktoru, Qazaxıstan Respublikasının əməkdar xadimi Saule Uteqaliyevanın video müraciəti də dinlənildi.
Tədbirin bədii hissəsində Türk musiqi dünyasının inciləri ifa olundu. Munis Şərifovun rəhbərlik etdiyi “Azərbaycan qədim musiqi alətləri ansamblı”nın təqdim etdiyi musiqi nömrələri, tanınmış opera müğənnisi, Azərbycan Respublikasının əməkdar artisti Ramil Qasımovun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Beynəlxalq müsabiqələr laureatı Nigar Cəfərovanın ifa etdiyi Fikrət Əmirovun “Azərbaycan elləri” mahnısı sürəkli alqışlarla qarşılandı.
Təqdimat mərasimi azərbaycanlı və qazax musiqiçilərinin – Serik Nurmoldayevin, Jadra Musrepovanın və Adnan Əmirlinin dombra, şankobız və jetıqen çalğı alətlərində “Aday” - döyüşkən qazax tayfası barədə olan kompozisiyanın ifası ilə başa çatdı.
Təbii ki, bütün iştirakçılar və tamaşaçılar xoş təəssüratlarla Ədəbiyyat Muzeyinin geniş və işıqlı salonunu tərk etdilər.
“Ədəbiyyat və incəsənət”
(05.03.2025)
BİR DİREKTOR, BİR ŞAGİRDdə Kamran İsalı və Bikəxanım Həmidova
“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 12 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR
Kamran Buludxan oğlu İsalı - 4 noyabr 1989-cu ildə Yardımlı rayonunun Gavran kəndində anadan olub. 2007-ci ildə fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirib.
2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Təhsilin təşkili və idarə olunması ixtisası üzrə başa vurub. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. 2012-2017-ci illərdə Bakı şəhər R.Baxışov adına 218 nömrəli tam orta məktəbində Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universiteti və Təhsil Nazirliyinin birgə təşkil etdiyi məktəb direktorlarının hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək "Uğur sertifikatı"na layiq görülüb. 2017 -ci ilin sentyabr ayında Avropa Birliyinin "TAİEX workshop and school management" seminarı və müxtəlif beynəlxalq təcrübə proqramlarının iştirakçısı olub.
2019-cu ildə STEAM layihəsinin səmərəli tətbiq edilməsi üzrə İsrail Respublikasında, 2021-ci ildə "Məktəb idarəçiliyinin təkmilləşdirilməsi" üzrə Türkiyə Cümhuriyyətinin İzmir şəhərində təcrübə proqlramlarında fəal iştirak etmiş, müvafiq sertifikatla təltif olunmuşdur.
2017-2022-ci illərdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 15.09.2022- ci il tarixindən Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri, Nizami rayonu K.Əyyubov adına 12 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.
ŞAGİRD:
Mən, Həmidova Bikəxanım Akif qızı, 2011-ci ildə Moskva şəhərində anadan olmuşam. 2015-ci ildə ailəmlə birgə Bakı şəhərinə köçmüşük. 2017-ci ildə Nizami rayonu 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Hal-hazırda 8-ci sinifdə oxuyuram.
Mən 2024-cü ildə YAP Nizami rayonu təşkilatı tərəfindən təşkil olunan “ Xocalı soyqırımının 33-cü ili” mövzusunda keçirilən müsabiqədə 2-ci yerə layiq görülmüşəm. Gəncliyə Yardım Fondu tərəfindən keçirilən şəhərlərarası müsabiqədə də 2-ci yerə layiq görülmüşəm. Bundan sonra 2024-cü ildə Nizami rayonu İcra Hakimiyyəti tərəfindən keçirilən “Mənim bayrağım” adlı şeir müsabiqəsində 1-ci yerə layiq görülmüşəm. Məktəbdaxili keçirilən tədbirlərdə də fəal iştirak etdiyimə görə dəfələrlə məktəb rəhbərliyi tərəfindən təltif olunmuşam. Bədii əsərlər oxumağı çox sevirəm. Ədəbiyyata olan marağım böyükdür.
ESSE:
“Mənim arzularım”
İnsan dünyaya arzuların qanadında gəlir. Onun dünyaya gəlməsini gözləyirlər, istəyirlər. Dünyaya arzuların qanadında gələn insan daim arzularla yaşayır. Arzusuz insan qanadsız quş kimidir.
Dünyada elə bir insan tapılmaz ki, onun arzusu, istəyi olmasın. Arzu böyük və ya kiçik olmasından asılı olmayaraq insanı ifadə edir.
Mən düşünürəm ki, arzu həm də çox zaman bizim məqsədimiz olur. Zaman keçdikcə bizim arzularımız da dəyişir və daha geniş olur. Hər insanın arzusu var. Arzunun yaşla əlaqəsi yoxdur. Uşaqlıqda biz böyüyüb həkim, müəllim, polis olmağı arzulayırıq. Sonra isə bizim maraq dairəmiz və düşüncələrimiz dəyişir.
Arzusuz qəlb – qatı zülmətli gecə,
Arzulardır açılan nurlu səhər.
Arzulardır gətirən ruhu gücə,
Arzularsız nə həyat var, nə bəşər.....
Həyatda qarşısına müəyyən məqsəd qoyan insan özünə qiymət verir. İnsanın nəyə görə və nəyə xatir yaşamasını bilmək üçün onun fikirlərini, arzularını bilmək kifayətdir. Məncə, arzularımız yalnız tək özümüzlə bağlı deyil, həm də ailəmiz, vətənimiz və digər insanlar haqqında da olmalıdır.
Kimsə tək özünü düşünürsə, ətrafındakıları fikirləşmirsə, yalnız maddiyyat düşünürsə, elə bu insanın dəyəri də həmin maddiyyat qədərdir. Onlar istəklərinə çata bilməyəndə qorxunc hala çevrilirlər. Onlar insanlıq xüsusiyyətlərini, hər şeyi kənara qoyub, hər bir şeyi tapdaq altına atmağa hazırdırlar. Təki arzuma çatım!
Ağıllı insanın arzuları insanpərvər və geniş olmalıdır. Hər kəs yaşadığı cəmiyyət fərdlərinə qarşı qayğı göstərməli və hörmətli olmalıdır.
Mən arzu edirəm ki, insanlar maddiyyat üçün deyil, savab işlər görmək üçün yaşasınlar. Hamı gün ərzində kiməsə bir kömək etsə, qayğı göstərsə, həyatın necə gözəlləşdiyinin şahidi olacağıq.
Bizim çoxlu arzularımız ola bilər. Hər kəs kimi mənim də arzularım var. İlk olaraq ailəmin sağlam olmasını, həmişə yanımda olmaqlarını istəyirəm. Anamın üzərimdəki əməyinin boşa çıxmamasını, ona layiqli övlad olmağı arzulayıram. Təbii ki, təkcə arzulamaqla deyil. Əgər bir şeyi arzulayırsansa, arzuna çatmağın üçün çalışmalısan. Arzu etmək asan, amma ona çatmaq çətindir.
Əsas arzularımdan biri də həkim olmaqdır. Bu arzuma görə çox çalışmalıyam. Qarşımda məqsədim olmalıdır ki, arzuma çatım. Gün keçdikcə anamın yaşadıqlarını, çəkdiyi əziyyətləri görüb qarşıma həkim olmağı bir məqsəd kimi qoydum.
Qeyd etdiyim kimi ailəmin və bundan əlavə ətrafımdakı hər kəsin sağlam olmaqlarını istəyirəm. İnsanlara kömək etməyi, sağlam olmaqlarını istəməyimin əsas səbəbi xəstəlikdən itirdiyim atamdır. Hər qız övladı üçün atası çox əzizdir. O əziz insanını itirəndə insanın nələr hiss etdiyini çox yaxşı bilirəm. Bu hisslərin başqa insanların yaşamasını istəmirəm. Mən “həkim olmaq” arzuma Qarabağda çatmaq istəyirəm. Qarabağ Azərbaycanın ən qədim və səfalı guşələrindən biridir.
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan , gah o dağdan.
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Qarabağa getməmişəm, amma, getməyi və orada insanlara qayğı göstərməyi çox istəyirəm. Qarabağın suyu ayrı dərman, havası ayrı bir dərmandır.
Arzularım arasında çoxlu ölkələrə səyahət etmək və s. bu kimi şeylər də var. Amma ən çox Azərbaycanımızın hər bir torpağını gəzib görmək istəyirəm. Kəndlərdə, rayonlarda məktəbə gedə bilməyən şagirdlərə kömək etməyi də istəyirəm. Hər bir insanın təhsil almağını arzulayıram. Mənim kimi hər kəsin arzuları var və bu arzulara çatmağımıza ümid edirəm.
“Ədəbiyyat və incəsənət”
(05.03.2025)
5 ildə Tovuzda ASANlaşan 1 milyon 600 mindən çox müraciət
Tovuzda fəaliyyət göstərən “ASAN Həyat” kompleksinə fəaliyyət göstərdiyi müddət ərzində 1 milyon 600 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Bu, mərkəzin xidmətinə olan yüksək təlabatdan xəbər verir.
Xatirinizdədirsə, Tovuz “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 mart 2020-ci il tarixində baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”in mətbuat katibliyindən verilən məlumata görə, mərkəz Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzin günlük orta müraciət sayı təxminən 1000 nəfərdir. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 395 nəfər könüllü məzun adını qazanıb.
Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 64 nəfərdir. Bundan başqa, kafedə müxtəlif oyun avadanlıqları olan uşaq əyləncə guşəsi də var.
Hərbi Vətənpərvərlik Mərkəzində gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təlimlərində iştirak edirlər.
Kompleksdə fəaliyyət göstərən Kinoklubda hərəsinin 63 nəfər tutumu olan 2 ədəd kinozal var.
Bundan başqa Kompleksin həyətində vətəndaşların asudə vaxtlarını xoş keçirmələri üçün park salınıb. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası və açıq havada kafe mövcuddur.
“Ədəbiyyat və incəsənət”
(05.03.2025)
Qara dumanlı Cənnət - ESSE
("Əski türkcədə "cənnət" uçmaq dəməkdir")
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Salam, Səma…
Sənə yazmaq çətindir.
Çünki sən danışmırsan. Sən səssizsən. Sənin dilsizliyinin içində milyonlarla səs var, amma biz onları eşitmirik. Biz bir zamanlar səninlə danışırdıq, ulduzlardan cavab gözləyirdik, qaranlığında gizlənən sirləri axtarırdıq. İndi isə sənin sükutun bizi qorxudur. Sən danışmadığın üçün biz sənə baxmırıq.
Biz səni öldürdük, Səma. Bizim tək istədiyimiz bu idi: səni fəth etmək. Yer bizə dar gəlmişdi. Torpağın hər qarışını kəsib doğramış, dənizləri zəhərləmiş, meşələri boğmuşduq. Artıq heç nə bizə bəs etmirdi. Göylər qalmışdı fəth edilməmiş, ona da əl uzatdıq. Səni də zəbt etmək istədik. Amma səni anlayaraq yox, sevərək yox, sadəcə sənin üzərində hökmranlıq qurmaq üçün..
Biz sənin ilk qatillərin deyildik. Min illərdir insanlar səni dəyişməyə çalışırdılar. Küləkdən, yağışdan, qasırğadan qorunmaq üçün səni qorxulu hesab etmişdilər. Səni tanrıların məkanı elan edib, sonra o tanrıları unudub səni çılpaq buraxmışdılar. Amma heç vaxt sənə bugünkü kimi vəhşilik edilməmişdi.
İndi səni çirkləndirdik. Səni tullantılarla doldurduq, səni radioaktiv maddələrlə zəhərlədik, sənin üzərində hərbi peyklər qurduq, bombalar sənin qoynunda partladı. Sənə qarşı müharibə açdıq. Bizi bəsləyən, bizi qoruyan səmanı məhv etdik.
Səma, indi sən insanın nə olduğunu bilirsən.
İnsan, o məxluqdur ki, toxunduğu hər şeyi çirkləndirir.
Sənin maviliyini daha görmürük, çünki sənin üstünə boz tüstü çöküb. Fabriklərin tüstüsü, avtomobillərin qazları, neftin yanğısından qopan qara buludlar sənin üzərinə səpilmiş qara pərdəyə çevrildi. Sən nəfəs ala bilmirsən. Biz səni boğuruq, Səma!
Bir zamanlar insanlar göy üzü haqqında əfsanələr danışardılar. İndiki uşaqlar isə səmanı tanımırlar. Onlar ulduzları televizorda görürlər, Ayı sosial mediada paylaşırlar, Günəşin altında dayanmağa qorxurlar. Çünki səma artıq onlara ilham vermir. Səma onlara zəhər verir.
Bizdən əvvəlkilər səni sevirdi. Onlar səni dərk etməyə çalışırdı. Astronomlar sənin sonsuz sirrini çözməyə çalışırdı, şairlər səni vəsf edirdi, musiqiçilər sənin sükutunu notlara çevirirdi. Amma biz? Biz sənin içinə dronlar göndərdik, sənin qoynuna nüvə silahları asdıq. Biz səni unudub, sənin üstündə yeni texnologiyalar sınaqdan keçirdik.
Biz səni kəsib doğradıq, səma.
Ozon təbəqənin deşildiyini dedilər, amma biz sadəcə çiyin çəkdik. Dedilər ki, iqlim dəyişir, amma biz qulaq asmadıq. Fırtınalar başladı, havalar dəli kimi dəyişdi, qasırğalar şəhərləri yıxdı. Sən bizə xəbərdarlıq etdin, Səma! Sən bizə dedin ki, dayan, məni öldürmə! Amma biz səni eşitmədik.
Bizi sən yaratmadın, amma sən bizi qorudun. İndi isə biz sənin qoruduqlarını məhv edirik. Yağışlar artıq su gətirmir, turşu yağışları şəhərləri yandırır. Günəşin şüaları bədənlərimizi qovurur, çünki sənin sipərin cırıq-cırıq olub. Biz artıq sənin altında belə təhlükəsiz deyilik.
Sən bizi bəsləyirdin. Buludların yağış gətirirdi, küləklərin havanı təmizləyirdi. İndi isə sən bizə ölüm gətirirsən. Çünki biz sənə ölüm verdik. Hər birimiz, hər nəfəsdə, hər maşını işə salanda, hər plastik qabı tullayanda sənə bir az da zəhər verdik. Biz səni öz əlimizlə öldürdük.
Və indi, sən bizi bağışlamayacaqsan.
Biz sənin içinə qalxmaq istəyirik. Aya getdik, Marsa getmək istəyirik, uzaq ulduzlara baxırıq. Biz bu planeti tərk edib səni arxamızda qoymaq istəyirik. Amma biz bilirik. Bilirik ki, hara getsək, səmanı da özümüzlə aparacağıq. Orada da sən bizi izləyəcəksən.
Səma, sənin qisasın gecikmir. Artıq nəfəsin bizə zəhərli qazlarla geri dönür. Sən bizi yavaş-yavaş öldürürsən. Bizim ağ ciyərlərimiz səni udduqca, biz də sənin çirklənmənin bir parçasına çevrilirik.
Bəsdir, Səma! Bəsdir bizi özümüzdən iyrəndirdin! Bəsdir bizə səni öldürdüyümüzü xatırlatdın!
İndi biz nə edək? Biz səndən bağışlanma diləyə bilərikmi? Biz yenə gözlərimizi yuxarı qaldıra bilərikmi? Yenə səndən ümid diləyə bilərikmi? Yox, biz artıq səni unutmuşuq. Və sən bizi unutmamısan.
O gün gələcək.
Biz hamımız bir gün sənin altına girəcəyik.Bəlkə də səni çox təmiz bildiyimizdən, bədənimizi torpağın altında, ruhumuzu sənin yanında istəyirik. Biz sənin altında doğulmuşduq, biz sənin altına basdırılacağıq. Amma biz səni öldürdük, səma! Sən indi bizi qəbul edəcəksənmi?
Sən bizi udacaqsanmı, yoxsa biz, öz-özümüzə, betona basdırılmış cəsədlər kimi, yad torpağın içində çürüyəcəyik?
Biz səni unutduq, amma sən bizi unutmadın. İndi nə olacaq, Səma? İndi kim kimə məzar olacaq?
“Ədəbiyyat və incəsənət”
(05.03.2025)
UĞUR QAZANDIRAN KİTABLAR – Marşal Qoldsmit «Başından uca tullan»
Könül, “Ədəbiyyat və incəsənət”
Bir neçə gündür ki, sizlərə biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablar barədə danışıram. Adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan növbətisini təqdim edirəm:Marşal Qoldsmit «Başından uca tullan»
Dünyanın ən böyük biznes liderlərinin məsləhətçisi olan Marşal Qoldsmitin bu kitabı mahiyyətcə çox paradoksaldır. O, həyatda uğur qazanmaq istəyən insanlara yox, artıq uğur qazanmış insanlara həsr olunub. O insanlara ki, onlar can atdıqları hər şeyə çatıblar, özləri ilə qürur duya bilirlər.
Bəs belə insanlar nədən narahat olsunlar ki? Müvəffəqiyyətdən baş gicəllənməsinin qurbanı olmaqdan!
Marşal Qoldsmitə görə, pik nöqtəyə çatan insanlarda əksərən «daxili kartı» itirmək sindromuna rast gəlinir. Özündənrazılıq, özündən müştəbehlik elə bir həddə çatır ki, belə insanlar daha öz hərəkətlərinə görə hesabat vermir, cəmiyyətlə hesablaşmırlar. Başqalarının rəylərinə daha ehtiyac duymur, təkmilləşməyə, öyrənməyə, inkişafa daha maraq göstərmirlər. Beləcə də yerlərində saymağa başlayırlar. Amma bu da hələ hamısı deyil. Yerində saymaqdan sonra mütləq geriləmə, qazanılanların itirilməsi fazasının gəlməsi labüddür.
Marşal Qoldsmit müvəffəqiyyətdən başın gicəllənməməsi yollarını göstərir və oxucusunu da əmin edir edir ki, bu yazılanlara əməl etsə o, mütləq başından uca tullana biləcək!
Müəllifin əsər boyu aşılamaq istədiyi odur ki, əvvəlki uğurlar elə bir an gəlir ki, insana daha böyük uğurlar əldə etmək üçün maneçilik törətməyə başlayır. Bundan qaçmaq çox vacib və zəruridir. Uğur qazanmaqla gələn mənfi, zərərli vərdişlərdən qopmağın Qoldsmit qaydaları çox effektivdir, bunu öz üzərilərində yüzlərlə biznes liderləri təcrübədən keçiriblər.
Təsadüfi deyil ki, «Forbes» bu şəxsi dünyanın yüksək idarəetmə sisteminin ən nüfuzlu 5 mütəxəssisindən biri adlandırıb.
«The Wall Street Journal» isə onu dünyanın 10 ən dahi biznes-kouçundan biri elan edib.
“Ədəbiyyat və incəsənət”
(05.03.2025)
Əslində yuxudayıq, öləndə oyanacağıq - ESSE
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Salam, Torpaq.
Bu gün necəsən? Ümid edirəm ki yaxşısan.
Sən ki bu böyük dünyanın içərisində var olan əsrarəngiz təbiətin əvəz olunmaz canlılarından birisən. Qoynunda neçə-neçə nemətlər yetişir, ali varlıqlar olan bizlərə yaşamaqda dəstək olursan. Sən qədir-qiymət bilirsən. Sənə toxum verənə, ağaclar, çiçəklər bəxş edirsən.
Bizlər isə üzərində gəzərkən sənə diqqətli davranmırıq.
Sən ki suya qarışanda palçıq, qana qarışanda Vətən olursan. Qoynunda neçə-neçə igidlər, Vətən aşiqlərini yatırırsan. Onlar sənin ağuşunda şirin yuxudadırlar.
Basdığın yerləri torpaq deyərək keçmə, tanı,
Düşün altındakı minlərcə kəfənsiz yatanı.
Sən Şəhid oğlusan, incitmə, yazıqdır atanı,
Vermə, dünyaları alsan da bu Cənnət Vətəni.
Türk şairi bu gözəl şeiri ilə səni, üzərində var olan Vətənimi, bu vətənin azadlığı üçün şirin canından keçən Şəhidləri, Qaziləri, Veteran qardaşlarımı duyması, hiss etməsi və unutmaması, qiymət verməsi üçün insanlara səslənir. Görəsən, bu səsi eşidən bizlər də deyilənlərə qulaqlarımızı bağlamır, yetərincə əhəmiyyət veririkmi? Biz sənə ədalətli olmasaq da sən bizə olan ədalətli davranışdan imtina etmə, Torpaq. Nə də olsa biz vaxtı-zamanında sənin əbədi qonaqların olacağıq.
Bir gün mən də sənin əbədi qonağın olacam. Sabah ya biri gün. O gün bəlkə də yaxındı. Ölüm qaşla-göz arasındadır deyirlər. Biz isə ölməyəcəkmiş kimi yaşayırıq. Əslində yuxudayıq. Öləndə oyanacağıq. Və şübhəsiz ki biz də bir gün qovuşacağıq. O günədək salamat qal torpaq.
Allah bu güllü-gülüstan olan Vətən üçün, o sağ olsun deyə canını fəda etmiş Şəhidlərimizə rəhmət etsin, Qazilərimizə, Veteranlarımıza Şafi ismi ilə şəfa, can sağlığı, xeyirli ömür nəsib etsin. Amin!
“Ədəbiyyat və incəsənət”
(05.03.2025)
GAP Antologiyasında Məryəm Gözəlinin “Sevgi nədir” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məryəm Gözəlidir.
Məryəm Gözəli
Təbriz
SEVGİ NƏDİR?
Sevgi nədir, bilirsənmi?!
Quş qanadı, yaz səsidir.
İki ruhun bir ürəkdə,
Çırpınması, əsməsidir.
Sevgi nədir, bilirsənmi?!
Könüllərin coşmasıdır.
Bülbüllərin tər çiçəyə,
Həzin nəğmə qoşmasıdır.
Sevgi nədir, bilirsənmi?!
Odlu yoldur haqqa bağlı.
Sevilənin qəlbi daşdan,
Sevənlərin könlü dağlı.
Sevgi nədir, bilirsənmi?!
Qutsal inam, təməli düz.
Ağlar gözün damcısına,
Sinəsini sərəcək üz.
Sevgi nədir, bilirsənmi?!
Gizli-gizli yada düşmək.
Ya dəlicə bir insanı –
Sevib, yanar oda düşmək.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)