Super User

Super User

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə yeni səfəri təkcə diplomatik görüşlər və protokol tədbirləri deyil, eyni zamanda, iki qardaş ölkənin keçdiyi tarixi yolu, bu gün əldə olunan uğurları və gələcək hədəfləri ehtiva edən ismarıclarla zəngindir. 

 

Azərbaycan-Türkiyə bağları dövlətlərarası işbirliyi çərçivəsinə sığmayan, genetik bağlarla, ortaq talelərə və ülkülərə əsaslanan bir modeldir. Bu modelin formalaşması isə yüzilliklərin süzgəcindən keçib və XXI yüzildə özünün ən yüksək inkişaf mərhələsinə çatıb.

 

Bəli, Azərbaycan - Türkiyə bağları diplomatik müttəfiqliklə məhdudlaşmır – bu bağlar tarixdə dəfələrlə qardaş dayanışmasının örnəyini göstərib. Çar hökumətinin təqiblərinə baxmayaraq, Çanaqqalada yadellilərə qarşı savaşan azərbaycanlıların xatirəsi qardaş ölkədə həmişə uca tutulur. 1918-ci ildə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz Türk-İslam Ordusu Bakı şəhərini azad edərək, Azərbaycanın istiqlal yoluna çox önəmli imza atdı. 1990-cı illərin çətin günlərində Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət oldu və ondan sonra iki ölkə eyni cəbhədə daha güvənlə addımladı.

2020-ci ildə - Vətən müharibəsi zamanı Türkiyənin mənəvi və siyasi dəstəyi birmənalı və qəti oldu. Bu dəstək, Ermənistanın arxalandığı bütün qüvvələrdən daha təsirli olmaqla, Azərbaycanın tarixi ədaləti bərpa etməsinə çox önəmli töhfə verdi.

Türkiyədə mədən çöküncə, irimiqyaslı orman yanğınları törədilincə, görünməmiş miqyasda zəlzələ baş verincə ilk yardım uçağı əlbəttə, Bakıdan qalxdı. Tanrıya çox şükür, əslində, qardaşlığın parlaq örnəkləri o qədər çoxdur, onları bəlkə heç sıralamaq da lazım deyil. Yalnız “Şuşa Bəyannaməsi” kimi gerçəkçi və dərin ruhlu, üfüqötəli bir sənədi xatırlasaq, qardaşlıq zirvəsini göstərmiş olarıq.

 

Bu gün biz strateji tərəfdaşlıqdan ayrılmaz birlik modelinə keçidə tanıq oluruq.

 

İlham Əliyevin Ankara səfəri Azərbaycan-Türkiyə bağlarının hansı yüksək səviyyəyə çatdığını bir daha sübut edir. Bu səfər çərçivəsində gerçəkləşən görüşlər, İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan ilə Türkiyənin artıq bir-birinə iqtisadi, enerji, müdafiə, daşımaçılıq və digər sahələrdə tam bağlı iki dövlət olduğunu göstərdi. Bu, sadəcə diplomatiya deyil, ortaq taleyin təcəssümüdür. Naxçıvanın Türkiyə ilə enerji bağlantısının qurulması, həmçinin Zəngəzur dəhlizi ilə bağlı gözləntilər, iki ölkənin vahid coğrafi və iqtisadi məkana çevrilməsi yolunda fövqəladə önəmli addımlardır.

 

Ankara görüşü həm də siyasi birliyin və uluslararası platformalarda birgə çalışmaların təsdiqi, təntənəsidir. Hər iki ölkənin lideri bölgəsəl sabitlik və inkişafın Azərbaycan-Türkiyə qardaşlığından keçdiyini aydın şəkildə vurğulamış oldu. İftar süfrəsində bir araya gələn dövlət başçılarının siyasi dialoqunun ailəvi, səmimi müstəvidə davam etməsi, bu münasibətlərin protokol çərçivəsində qalmadığını və dövlətlərarası münasibətlər üçün yeni model formalaşdırdığını göstərir.

 

Beləliklə, 

gələcək öz-özünə formalaşmır. Onu doğuran və yönləndirən hadisələr - sarsılmaz qardaşlıq və birlik zehniyyəti vardır!

 

Dünya dərin geosiyasi transformasiyalar dönəminə keçib. Yeni güc dəngələri formalaşır və Azərbaycan-Türkiyə birliyi də bu sürəcin içində aktiv rol oynayır. Həm ortaq evimiz Türk Dövlətləri Təşkilatında, həm də bölgəsəl və uluslararası müstəvilərdə bu birliyin möhkəmlənməsi, iki ölkənin gələcəkdə daha geniş strateji hədəflərə odaqlanacağını göstərir. Artıq Türkiyə və Azərbaycan təkcə bölgədə deyil, qlobal miqyasda da geosiyasi oyunçulara çevrilməkdədir.

 

Türk dünyasının inteqrasiyası, enerji və daşımaçılıq layihələrinin gücləndirilməsi, hərbi-sənaye kompleksində işbirliyinin artırılması kimi istiqamətlər gələcəyin əsas sütunlarını təşkil edəcək. Qarşıdakı dönəmdə Azərbaycan və Türkiyə öz inteqrasiyasını daha da dərinləşdirərək, dünya düzənində birgə güc mərkəzi olmağa gerçək namizəddir.

 

Bu səfər, bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə yalnız müttəfiq olmaqda qalmayıb, eyni ruhun, eyni taleyin və eyni hədəfin daşıyıcıları kimi, böyük gələcək üçün irəliləyir. Keçmişimizin zəfəri, indinin gücü və gələcəyimizin strateji baxışı bu birliyin bəngülüyünə zəmanət verir.

QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün və sabah sizlərə Alpay Azərin hekayələri təqdim ediləcək. 

 

Müəllim dekanın kabinetində ona dedi ki, dördüncü kursda, 422a qrupunda oxuyan qohumu Cəlilov Qurban marketdə satıcı işləyir, dərslərə heç cürə gələ bilmir, nə qədər lazımdı, "hörmətini" etməyə hazırdı, mümkünsə, müəllimlərə tapşırardız, bu semestr dərslərdə ona qayıb yazmasınlar. Dekan "Hansı marketdə işləyir?", "Sənə necə qohum düşür?" suallarını verə-verə, arada beynində hesablama aparıb bunun yeddi yüz manata başa gələcəyini dedi. "Etiraz eləmirsizsə, elə indi zəng eliyim qohuma, - müəllim dedi. - "Amma demə ki, burda yanımdasan, - dekan təşvişlə dilləndi. Müəllim: "Hə, əlbəttə", - deyib qohumunun nömrəsini yığdı: "Alo, salam... Hə, mənəm. Qulaq as, mən bir az qabaq onun yanındaydım, sənin məsələni danışdım. Yeddi yüzdü qiyməti... Dollar yox, manat... Aşağı saldırmaq deyəndə, mənə axı demişdin, nə qədər lazımdı, verməyə hazırsan... Oldu, amma tez zəng elə, mənə konkret cavab de. Sənə görə maksimum ikinci dəfə onun yanına girə bilərəm... Özünə yox, köməkçisinə verəssən. Oldu", - telefonu qapadıb dekana "İndilərdə zəng edəcək" - dedi.

Dekanın sifəti soldu, ona elə gəldi, tələbə zəng edib qiyməti yüz manat endirməkdən dəm vuracaq. Qabaqdangəlmişlik taktikasına keçdi: "Nəzərə al ki, dediyim o pul tək mənə çatmır ha", - ad çəkməsə də, bu prosesdə rektorun da hesabını verəcəyinə işarə vurdu. "Başa düşdüm, amma gözləyək, görək nə deyir. Bəlkə razılaşacaq o qiymətə?!" - müəllim ümidli baxışlarla dedi. Sonra dekan iki-üç sual verdi, "Dərslərin necə gedir?", "Seçmə fənnin proqramını yazmısan?" Biləndə ki, müəllim hələ proqramı yazmayıb onu tələsdirdi: "Elə et ki, gələn ay fakültə elmi şurasına müzakirəyə..."

Bu vaxt müəllimin mobil telefonuna zəng gəldi. "Hə, eşidirəm... Nə? Beş yüz? Qurban, barmağına dolamısan məni?" - "Ss, yavaş", - dekan müəllimə gözünü ağardıb dilləndi, yəni yan otaqda laborant qızlar eşidə bilər, otağın qapısı isə bağlıydı. Dekanın sifətindəki narazılığı görən müəllim anladı ki, sövdələşmə alınmayacaq, qohumunun qiymət salmağı onu əsəbiləşdirmişdi: "Ay Qurban, dəqiq bilirəm, o rəqəmə razı olmayacaq... İndi də altı yüz deyirsən. Bunu bayaqdan demək lazımıydı, oyun oynuyursan? Hə, bir şeyi deyim, Allaha and olsun, bu işdə bir manat belə marağım yoxdu ha... Birdən elə bilərsən mən arada nəsə qazanıram, elə şey yoxdu". Dekan yenə ona gözünü ağartdı. Ürəyində özünü söyən müəllim ("Qələt eliyərəm, bir də belə işə baş qoşaram".) söhbətə yekun vurmaq qərarına gəldi: "...Yaxşı, bir də yanına gedərəm, görüm nə deyəcək. Oldu, sən sabah on birin yarısı gələrsən universitetə, üçüncü mərtəbədə görüşüb danışarıq". Dekan başını bulayıb narazı tonda dedi: "Yox, altı yüz azdı. Dedim axı, məsələ tək mənlik deyil". Sonda altı yüz əlli manata razılaşdı. 

Ertəsi gün səhər saat on birin yarısı müəllim Qurbanla danışdıqları yerdə görüşdülər. Müəllimin ağzından "Altı yüz əllidən aşağı enmədi" cümləsi çıxan kimi, tələbə sevincək əlini cibinə saldı. Müəllim tez pıçıltıyla dedi: "Dünən sənə telefonda dedim, mənə yox, köməkçisinə aparıb verəcəksən. Yenə deyirəm, Allaha and olsun, o puldan bir qəpik qazancım yoxdu, məqsədim qohum kimi sənə kömək etməkdi. Yaxşı, sən hardan bildin ki, dekan əlli manat aşağı düşdü? Yoxsa, mənnən xəbərsiz onunla danışmısan?" - "Yox vallah, o barədə burda sizdən başqa heç kimlə danışmamışam. Nəsə ürəyimə damdı ki, əlli düşəcək", - deyib tələbə güldü. 

İki gün sonra axşamüstü dekan müəllimə zəng edib yanına çağırdı, aldığı puldan əllilik vermək istəyəndə, qol itələşməsi başladı. Müəllim pulu götürmədən onun otağından tələsik çıxdı.

Həmin gün dekan nahar vaxtı universitetdən çıxıb yaxınlıqdakı banka dəydi, manatları altı yüz avroya dəyişdi. Onda manat avrodan, dollardan güclüydü. Sonra xaricə pulköçürmə şöbəsində növbə tutmaqçün elektron cihazdan nömrə götürdü.

Evdə axşam yeməyindən, çaydan sonra, dekan skaypla Azad Berlin Universitetinin hüquq fakültəsinin dördüncü kursunda oxuyan oğluyla danışırdı: "...Ay bala, mübahisə eləmə, deyilənə qulaq as. Yenə deyirəm, magistraturada mülki hüququ seçərsən. Başa düş, qayıtmağa qərar versən, gəlib burda beynəlxalq hüquq üzrə iş tapa bilməyəssən. İndi dövlət orqanlarında güclü ixtisarlar gedir, həmin o beynəlxalq hüquq diplomu alanların çoxu, ya çöldə qalıblar, ya da Azərseldə operator işliyirlər. Amma sən mülki hüquq üzrə magistr diplomu alsan, dövlət qulluğuna imtahanı yaxşı verərsən, məhkəmədə iş taparsan, inşallah. O variant alınmasa, hüquq şirkətlərindən birində vəkil kimi işləyə bilərsən. Savadlı vəkillər indi yaxşı pul qazanır, biləsən bunu. Ən pis halda notariusda sənə bir iş tapılar. Bura qayıtmıyassan?.. Bəs axı elə bil keçən dəfə başqa söz deyirdin? Nə isə, bu söhbəti sonraya saxlıyaq. Səndə indi nə qədər pul var?... Yeddi yüz avro, lap yaxşı. Sənin bank kartına bu gün altı yüz avro köçürdüm, elədi min üç yüz. Bir ayçün mən bilən, bəs eliyər sənə. Gələn ayın əvvəli yenə göndərəcəm. Yeməyinə fikir ver, heç olmasa, iki gündən bir sup iç... Nooldu sənin hüquq nəzəriyyəsi imtahanın?... İndidən kəsilməkdən danışırsan. Olmadı ki. Otur, ciddi hazırlaş də... Otur hazırlaş, mübahisə eləmə..."

Xasiyyətinə bələdiydi, əminiydi yeganə övladı olan oğlu öz bildiyini edəcək, magistraturada mülki, yox, beynəlxalq hüququ seçəcək, magistr diplomunu alandan sonra, Bakıya qayıtmayacaq, orda iş tapıb başlayacaq Almaniya vətəndaşlığı üçün lazım olan sənədləri toplamağa. Alman qızıyla evlənsə, etiraz etməyəcək. Oğluna heç olmasa, Berlində bir otaq almaqçün yollar axtarırdı. Mərdəkandakı bağ evini satmağın, semestrlərdə qayıbları silməyin, imtahanların hesabına maksimum "gəlir" əldə etmək. Bir otaqçün pul çatmasa, bankdan kredit götürmək, bahalı "Mersedes"ini satıb ucuzunu almaq variantı da ağlına gəlmişdi. Sonra fikirləşdi, bəlkə, oğlu elə düz edir bura qayıtmır.

 

(4-6 fevral 2017-1 sentyabr 2024,

Bakı)

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gündür ki, biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetiririk. Ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablar əlbəttə ki, çox faydalıdır.

 

Devid C.Şvarts, «Masştablı düşünmək sənəti

Müəllif öz kitabında masştablı düşünmə prinsiplərini, praktik məsləhətlər və metodikalar təqdim edir ki, bunları mənimsəməklə oxucu istənilən fəaliyyət sferasında uğur qazanmağa müvəffəq olur.

Masştablı düşünmək, ilk öncə, məqsədinizin dəqiq ifadə edilməsi üçündür. «Əgər siz can atdığınız hədəfi dəqiq görməyə başladınızsa, onda bütün enerjinizi həmin hədəfi vurmağa yönəldin», - deyir Devid C.Şvarts.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Həyatda insanların çox az qismi yenilik axtarışında olurlar. Və onlar yenilik axtarışında olsalar da, heç vaxt gördüyü işlərdən tam razı qalmırlar və həmişə də çalışırlar daha yüksəkliklərə can atsınlar. Yeni işlər onları daha çox maraqlandırır... Belə insanlar həm də çox zəhmətkeş olurlar. Yorulmaq nə olduğunu bilmirlər.

 

Bax, belə insanlardan biri uzun illər tanıdığım Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ağalar İdrisoğludur. Heç vaxt onun özündən razı olduğunu eşitməmişəm. Məşhur Oldos Hakslinin bu sözləri həmişə onun ali məqsədi olub: “Bundan 20 il sonra etdiklərinə görə deyil, edə bilmədiklərin üçün kədərlənəcəksən;  ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf elə. Belə edə bilsən, həyat sənin üçün daha maraqlı olar”.
1950-ci ilin mart ayının 16-da Azərbaycanın dilbər guşlərindən birində, Masallı rayonunun Digah kəndində anadan olan Ağalar İdrisoğlu (Mehdiyev)  Digah kənd səkkiz illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbi bitirib. 1967-ci ildə Masallı Rayon Texnika Birliyində dispetçer kimi əmək fəaliyyətinə başlayıb. 17 yaşlı gənc 70-80 sürücüyə və  traktorçuya   başçılıq edib. 1968-70-ci illərdə ordu sıralarında qitələrarası ballastik raket polkunda xidmət edib. Orada da öz bacarığına, təşkilatçılığına görə serjant olub və 30 nəfər əsgərə rəhbərlik edib. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun  (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə Moskvada Anatoli Vasilyeviç  Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun  (indiki Beynəlxalq Teatr Akademiyası)  rejissorluq fakültəsini bitirib.
O, 15 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur. Altımız illik bədii yaradıcılığı və jurnalistlik dövründə çox məhsuldar işləyib. Belə ki, bu müddətdə  6 roman, 12 povest, 150-dən çox hekayə, pamflet, pritça, esse, elegiya, 15 pyes, teatrlaşdırılmış tamaşalar üçün 30 ssenari yazıb. 1500-dən çox məqalələri, oçerkləri, publisist  yazıları, tarixi araşdırmaları, müsahibələri çap olunub.
50 ildir ki, peşəkar teatr sahəsində çalışır. 40-dan artıq tamaşada bir-birindən maraqlı rollar oynayıb. 140-dan çox tamaşaya peşəkar səviyyədə quruluşlar verib. 26 il ayrı-ayrı teatrların baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində böyük uğurla işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyətinin üzvü və  Sumqayıt Bölgə Şöbəsinin  sədri  olub.
Həmişə yeniliyə can atıb. Ədəbiyyat, jurnalistika və teatr aləmində çalışıb ki, heç kimə oxşamasın, özünün dəsti-xətti olsun.
1977-ci ildə Sumqayıtın tarixində ilk dəfə olaraq, “Ümid” adlı Teatr-Studiya yaradıb. Burada üç yüz nəfərə yaxın incəsənət həvəskarına onun rəhbərliyi ilə peşəkar aktyorlar, rəssamlar, jurnalistlər, baletmeysterlər dərs deyib. Həmin Teatr-Studiya böyük uğurlar qazanıb, Mədəniyyət Nazirliyinin əmrilə 1979-cu ildə Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Xalq Teatrı olub. Mədəniyyət naziri, böyük xeyirxah insan, fəlsəfə  elmləri doktoru, mərhum Zakir Bağırovun əmrilə Ağalar İdrisoğlunun bu əməyi respublikada yayılıb. Bununla bağlı geniş formatda bülleten-plakat çap olunub və Azərbaycandakı bütün mədəniyyət müəssisələrinə yayılıb.
Ağalar İdrisoğlu bu kollektivə rəhbərlik elədiyi on il müddətində 40-dan çox tamaşaya quruluş verib. Bu gün həmin Teatr-Studiyanın və Xalq Teatrının yetirmələrinin 50-dən çoxu aktyor, aktrisa, rəssam, yüzdən artığı isə başqa sahələrdə müəllim, həkim, mühəndis, jurnalist kimi çalışırlar.
1985-ci ildə dahi Üzeyir Hacıbəyovun Şuşa şəhərində keçirilən 100 illik yubileyinin ssenari müəllifi və quruluşçu rejissoru məhz Ağalar İdrisoğlu olub. O, 1991-ci ildə rəhbərlik etdiyi Sumqayıt Dövlət Dram Teatrının, Musiqili-Dram Teatrı olmasına əsas təşəbbüskarlıq göstərib və öz məqsədinə çatıb. Bu məqsədlə də Üzeyir Hacıbəyovun  “Arşın mal alan”  musiqili tamaşasına  1992-ci ilin aprel ayında çox orijinal bir quruluş verib.
Məhz bu tamaşa ilə də teatr Musiqili-Dram Teatrı olub.
Həmin vaxt onun sayəsində Maliyyə Nazirliyi tərəfindən teatra əlavə 80 ştat verilib.  Amma ondan sonra bu teatra rəhbərlik edənlər yarıtmaz, səriştəsiz rəhbər olduqlarından, teatrı Musiqili-Dram Teatrı kimi işlədə bilmədiklərindən həmin ştatalar  teatrdan alınıb.
Ağalar İdrisoğlu 1997-ci ildə Sumqayıt Dövlət Dram Teatrının bədii rəhbəri-direktoru vəzifələrindən öz ərizəsilə işdən çıxıb və Dağıstana gedib, orada Dağıstan-Azərbaycan Beynəlmiləl Teatr Truppasını yaradıb və bu kollektivə üç il rəhbərlik edib. 40-dan çox dağıstanlı sənətkarla tamaşalar, konsert-tamaşalar hazırlayıb və dağıstanlılara göstərib. Azərbaycan-Dağıstan dostluğu üçün böyük işlər görüb. O, Dağıstanda işlədiyi müddətdə 1950-ci ildə bağlanan Dağıstan Azərbaycan Dövlət Dram Teatrının yenidən bərpa olunmasına çalışıb. Teatrın bütün sənədlərini hazırlayıb   1998-ci ildə Dağıstan azərbaycanlıları Seyid Qurbanov, Məhəmməd Qurbanov və  Hüseynbala Hüseynovla birlikdə bu ideyanı reallaşdırıb və Dağıstan Azərbaycan Dövlət Dram Teatrı yenidən öz fəaliyyətinə başlayıb.
Ağalar İdrisoğlunun təşkilatçılığı və rəhbərliyi ilə Şabran rayonunda “Şabran” Teatr-Studiyası yaranıb. İki ildən sonra bu Teatr-Studiya Mədəniyyət Nazirliyinin əmrilə Xalq Teatrı olub. Bu gün də öz fəaliyyətini davam etdirir.
Bir vaxtlar rəhbərlik etdiyi Ağdam Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Musiqili-Dram Teatrı Azərbaycan teatrları arasında ilk dəfə Qazaxıstanın Cambul, Çimkənt vilayətlərində, Vladiqafqazda, Gürcüstanın Tbilisi şəhərində, Marneuli, Bolnisi, Dmanisi rayonlarında, Qabal, Telavi bölgələrində və həmçinin  bütövlükdə  Dağıstan Respublikasında qastrol səfərlərində olub, dostluq əlaqələrinin möhkəmlənməsində çox böyük işlər görüb.
Yuxarıda yazdığımız kimi, Ağalar İdrisoğlu nasir, dramaturq, publisist, jurnalist kimi 6 romanın, 12 povestin, 15 pyesin, 30-dan çox teatrlaşdırılmış tamaşalar üçün ssenarinin, 150-dən artıq hekayənin, essenin, elegiyanın, pritçanın, pamfletin, 1500-dən çox məqalənin, müsahibənin, pulisist  yazının, oçerkin, ressenziyanın, elmi, tarixi məqalənin müəllifidir. Onun indiyədək 21 kitabı çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə edib. Bu pyeslər Azərbaycan teatrlarında həm onun öz quruluşunda, həm də başqa rejissorların quruluşunda böyük uğurla tamaşaya qoyulub. Eləcə də müəllifi olduğu digər pyesləri ayrı-ayrı Dövlət Dram Teatrlarında yüksək səviyyədə tamaşaya qoyulub. Dünya dramaturgiyasının tanınmış simalarından da bəzilərinin əsərlərinin tamaşası da bilavasitə onun  adı ilə bağlıdır. O, bu müəlliflərdən bəzisinin pyeslərini dilimizə tərcümə edib və bəzisinin əsərlərinə isə rejissor kimi quruluş verib.
Ağalar İdrisoğlunun  “İnan mənə”  pyesi 1985-ci ildə Ümumittifaq gənc dramatruqların müsabiqəsində 48 pyesin içərsindən qalib olub. 1986-cı ildə Moskvada  “İskusstvo”  nəşriyyatı tərəfindən hazırlanan “Məhəbbət və başqaları” adlı pyeslər toplusu antalogiyasında çap olunub. “Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində ikinci dərəcəli mükafata layiq görülüb. (Birinci yer isə heç bir pyesə verilməyib.)  Quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun “Yanmış evin nağılı”  Birinci Qarabağ müharibəsinə həsr olunan ilk tamaşa kimi Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tarixi faciəsi  “Qızıl Dərviş”  mükafatına layiq görülüb. Tanınmış yazıçı-tərcüməçi, filologiya elmləri doktoru  Zeydulla Ağayevin yazdığı “Haray”,  Georgi Xuqayevin“Qocaların məhəbbəti” və “Varlı ev” əsərləri onun quruluşunda səhnələşdirilib və bu tamaşalar Mədəniyyət Nazirliyi tərəfindən xüsusi mükafatlarılıb. Hazırladığı, quruluş verdiyi ondan çox tamaşa isə ayrı-ayrı qurumların mükafatı ilə təltif olunub.
1980-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində onun rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Tənqid-Təbliğ Xalq Teatrının üzvlərinin oynadıqları Feyruz Məmmədovun “Bir bayraq altında” tamaşasının rejissoru olduğuna görə Ağalar İdrisoğlu “Qızıl” medala layiq görülüb. Həmin kollektivin 40 nəfərlik üzvlərinə isə “qızıl”, “gümüş” və “bürünc” medallar verilib. 2005-ci ildə isə  o, ilin ən vətənpərvər yazıçısı, rejissoru və jurnalisti seçilib və buna görə “Avropa Mətbuu Evi”nin təsis etdiyi “Qızıl” medal alıb.
2013-cü ildə yazıçı kimi Prezident mükafatına, həmin ilin iyun ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
Ağalar İdrisoğlu 2012-ci ildə  Qusar Dövlət Ləzgi Dram Teatrında Mirzə Fətəli Axundovun heç vaxt teatrlarda tamaşaya qoyulmayan və birinci variant olan “Xırs quldurbasan” tamaşasına çox orijinal quruluş verib. Həmin tamaşa bu gün də teatrın repertuarındadır. Onun “Məhəkəmədən əvvəl məhkəmə” pyesi 1992-ci ildə tanınmış rejissor İldırım Cabbarın quruluşunda Mingəçevir Dövlət Dram Teatrında çox böyük uğurla tamaşaya qoyulub, uzun illər teatrın repertuarında olub. 2019-cu ildə tanınmış şair-yazıçı, ictimai xadim Qənbər Şəmşiroğlunun “Caninin etirafı” povesti əsasında Ağalar İdrisoğlu və Nəriman Ocaqlının yazdığı eyni adlı tamaşanı o, çox böyük uğurla Mingəçevir Dövlət Dram Teatrında səhnələşdirib. Həmin tamaşa 2020-ci il fevral ayının 17 və 18-ində Bakıda, Milli Akademik Dram Teatrının səhnəsində müvəffəqiyyətlə göstərilib, bir neçə televiziya kanalı tərəfindən lentə alınıb, haqqında xeyli ressenziya yazılıb. Eləcə də tamaşa, pyes və bu əsərə yaılan ressenziyalar əsasında  “Caninin etirafı” adlı ayrıca kitab çap olunub.  Bu, Azərbaycan teatr tarixində ayrıca bir tamaşa haqqında çap olunan ilk kitabdır. Nobel mükafatı laureatı Reynhar Kiplinqin  “Mauqli”  əsəri əsasında Əməkdar artist Nicat Kazımovla birlikdə səhnləşdirdiyi  “Mauqlinin Yeni il sərgüzəştləri” adlı əsəri onun tərəfindən 2019-cu ilin dekabr ayında Mingəçevir Dövlət Dram Teatrında çox peşəkar səviyyədə hazırlanıb, məktəblilərin ən çox sevdiyi tamaşa sayılıb. Həmin ildə Ağalar İdrisoğlu Mingəçevir şəhərinin yaranması gününə həsr edilən möhtəşəm tədbirə ssenari hazırlayıb və teatrlaşdırılmış tamaşanın müəllifi, rejissoru və aparıcısı olub.
Əlavə edək ki, onun yazdığı “İnan mənə” pyesi əsasında Qazax Dövlət Dram Teatrının (Quruluşçu rejissor, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli) hazırladığı tamaşa çox böyük uğurla qarşılanıb və 2023-cü ilin sentyabr ayının 25-də Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində yüksək peşəkarlıqla nümayiş olunub. Bu tamaşa Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Hal-hazırda isə Ağalar İdrisoğlunun “Teleqram” pyesi Qazax Dövlət Dram Teatrında  (Quruluşçu rejissor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Xəzər Gəncəli)  və “Şah İsmayıl” pyesi Lənkəran Dövlət Dram Teatrında İmran Ali Qurbanın quruluşunda tamaşaya hazırlanır. Onun tərcümə elədiyi məşhur osetin dramaturqu Geor Xuqayevin “Varlı ev” tamaşası Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Sumqayıt Dövlət Dram Teatrında 2025-ci ilin yanvar ayının 16-da göstərilib və böyük uğurla qarşılanıb. Ağalar İdrisoğlunun tərcüməsində  Geor Xuqayevin başqa bir pyesi “Qaqutsa, Babutsa, Danel, Dardanel” əsəri də Mingəçevir Dövlət Dram Teatrında Əməkdar artist İntiqam Soltanın quruluşunda tamaşaya hazırlanır.
Ağalar İdrisoğlu 1977-ci ildən 1997-ci ilə kimi Sumqayıtda keçirilən bütün teatrlaşdırılmış tamaşaların, dövlət tədbirlərinin də çoxunun ssenari müəllifi və quruluşu rejissoru olub. O, həmişə dövlətimizə və dövlətçiliyimizə ürəkdən xidmət edib. Yeni Azərbaycan Partiyasının inkişafında bir yazıçı, jurnalist, teatr xadimi kimi səy göstərib. Ulu öndər Heydər Əliyevə həsr olunan “Millətin Xilaskarı”, ölkə başçımız İlham Əliyevə həsr edlən “Qarabağın Xilaskarı”adlı çox maraqlı hekayələrin müəllifidir. Bu hekayələri qəzetlərdə və saytlarda  həddindənçox oxucu oxuyub.
Aktyorluq-rejissorluq peşə sənəti olan Ağalar İdrisoğlu 2001-ci ildən quruluşçu rejissoru olduğu Dövlət Gənclər Teatrında və 2009-cu ildən bu teatr Dövlət  Milli Gənc Tamaşaçılar Teatrı ilə birləşəndən sonra bir-birindən maraqlı və tamaşaçıların sevə-sevə baxdığı tamaşalara orijinal quruluşlar verir.
Ağalar İdrisoğlu hazırda Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və “Azad Azərbaycan” qəzetinin redaktoru vəzifələrində uğurla və məsuliyyətlə işləyir. Onun publisist, portret yazıları, məqalələri, ressenziyaları, hekayələri, pritçaları, esseləri, elegiyaları, pamfletləri dövri mətbuatda mütəmadi işıqlanır və oxucuların marağı ilə qarşılanır.

O, çapa hazırladığı bədii və teatr əsərlərindən ibarət yeni kitabları üzərində böyük səylə çalışıb, onları da tezliklə oxucuların ixtiyarına vermək istəyir.
Bəli. Tanınmış sənətkar Ağalar İdrisoğlu, bu ilin mart ayının 16-da 75 illik yubileyini, bədii yaradıcılığa, jurnalistikaya başlamasının 60 və peşəkar teatr sənətində çalışmasının 50 illiyini qeyd etməyə hazırlaşır.

Bununla bağlı 15 mart 2025-ci ildə, saat 12-də  Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında böyük bir tədbir  keçiriləcək  və sonra onun quruluşunda teatrın aktyorlarının ifasında  məşhur Bolqar dramaturqu Panço  Pançevin “Dörd  əkiz” tamaşası  oynanılacaq.
Dahi Uilyam Şekspir deyir ki, “Bəziləri anadan böyük doğulur, bəziləri böyüklüyü fəth edir, bəzilərinə isə böyüklük bəxş olunur”. Ağalar İdrisoğlu yaradıcı zəhmətilə böyüklüyü fəth edənlərdəndir. Bu, yaradıcı insanlar üçün daha örnəkdir. Axı öz zəhmətlə ucalmaq hər insana nəsib olmur. Çünki buna görə insanda böyük səbr, enerji, özünəinam çox güclü olmalıdır.
Bax, bu cəhətlər də Ağalar İdrisoğlunda həddindən artıq çoxdur.

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Desəm ki, əsərlərini oxumuşam, yalan danışaram. Heç özüylə də tanış deyilik. Amma imtahana hazırlaşan tələbələr kimi, arayıb axtarıb, onun haqqında xeyli məlumat toplaya bildim…

 

Filoloq-alim Elşad Səfərli onu belə xarakterizə edir: “Qafar Cəfərli imzasının məsuliyyətində orijinal üslublu, zəngin dilli və obrazlarının psixolojisində "davranan" bir yazıçının ədəbi hisslərini duydum. Mən hər yeni ədəbiyyat cəbhəsinə ayaq basan şairə, yazıçıya sadəlövh yanaşmağı xoşlamıram; üstəgəl, uzaq bölgələrdə, o cümlədən Lənkəranda yaşayıb-yaradan bir istedadlı qələm sahibi olsun.”

 

Ədəbiyyatşünas-tənqidçi Allahverdi Eminov isə söyləyir ki;- “Qafar Cəfərlinin "Saatın 61-ci dəqiqəsi" hekayələr və povestlər kitabını əlyazma halında oxuyanda, nə gizlədim, püxtələşmiş bir yazıçının nəsr dünyagörüşünü duyub yaşadım. Mən onun hekayələrində xarakterlərin davranışını, müəllifin süjet qurmaq fərdiliyini, yaxud avtobioqrafik xüsusiyyətini müşahidə etdim. Və mənə elə gəldi ki, yazıçılıq psixologiyasına xas keçirilən hisslərin hamısını özündə ehtiva edir.”

 

Bəli, bu günkü söhbətim AYB-nin Lənkəran Bölməsinin sədri, yazıçı, publisist Qafar Cəfərlidən olacaq. Onu sizə kəşf edib tanıdığım kimi, təqdim etmək istəyirəm. Ola bilsin ki, haradasa zəndim məni aldadar, amma əminəm ki, onun obrazını olduğu kimi təsvir etməyə gücüm çatacaq...

 

 Müdrik adamdır, söylədikləri düşüncələrindən qaynaqlanır. Necə deyərlər, boğazdan yuxarı danışmır, fikirlərini yazıçılara xas ardıcıllıqla ifadə edir, sanki süjet xətti qurur. Rəsmiyyətə meyillidir, amma bunun arxasında sadə bir insanın gizləndiyi aydın nəzərə çarpır. Xarakteri güclüdür, adama “köhnə” kişiləri xatırladır. Qürurlu və məğrurdur. Heç vaxt müvazinətini itirmir. Videolentlərdəki çıxışlarını izlədikcə jestləri, “bədən dili” onun xeyirxah insan olduğundan xəbər verir...

 

Deyir ki,- “Lənkəran şəhəri orta əsrlərdən üzü bu yana həmişə bölgənin mədəniyyət mərkəzi olub. Təbii iqlim şəraitinin gözəlliyi və sərvətlərinin bolluğu şəhərin iqtisadi və mədəni inkişafında başlıca rol oynayıb. Təsadüfi deyil ki, buradan elmin müxtəlif sahələrində çalışan görkəmli alimlər, dövlət xadimləri ilə yanaşı, ciddi ədəbi fəaliyyətlə məşğul olan adamlar da çıxıb. Mənbələrdən məlum olur ki, hələ Xl-Xll əsrlərdə Lənkəranda məktəb və mədrəsələr, sufi ocaqları, təkyələri fəaliyyət göstərib. Məzarları müqəddəs ziyarətgaha çevrilən Şeyx Camaləddin və onun şagirdi, bütün Şərqdə məşhur olan Şeyx Zahid Gilaninin sufi məktəbləri buranın güclü elm mərkəzi olduğundan xəbər verir. Azərbaycanın müxtəlif şəhərlərindən elm öyrənmək üçün buraya gələnlərin arasında Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin də olub. Onlar təkcə təriqət başçıları olmayıb, eyni zamanda bədii yaradıcılıqla məşğul olmaqla, öz irfani fikirlərini şeirlə xalqa çatdırıblar. Əsərlərinin çox kiçik bir hissəsi bizə çatan bu böyük şəxsiyyətlərin yaradıcılığı bölgə ədəbiyyatının ilkin nümunələri kimi səslənir. Sonrakı əsrlərdə bu missiya davam etsə də, bir-birini əvəz edən feodal müharibələri zamanı kitabxanalar kütləvi şəkildə yandırıldığı üçün bizə gəlib çatmayıb.”

 

Söylədiklərində pafos axtarmağa dəyməz, nə də ki, yazıçı təxəyyülünün ifadəsi kimi yanaşmaq da olmaz. O, yerlibazlıqdan çox uzaqdır. Bəziləri kimi,- mənim elim bütün ellərdən yaxşıdır- düşüncəsindən də danışmır. Hadisələrə obyektiv dəyər verməyi bacarır...

 

Filologiya elmləri doktoru Vaqif Yusifli onun haqqında söyləyir;- “Öncə onu deyim ki, Qafar Cəfərli yaxşı yazıçı-publisistdir. Xalq yazıçısı Çingiz Abdullayevlə yanaşı, hal-hazırda detektiv janrda əsərlər yazan qələm sahibləri arasında seçilir, fərqlənir. "Günahsız mələk", "Namus yarası", "Gecənin lal fəryadı" və s. povestləri, hekayələri ilə oxucular yaxşı tanışdırlar. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, "Tanrının göz yaşları" romanı da bir müharibə veteranının müşahidələrini əks etdirir. "Ömür yolu" avtobioqrafik romanı bir insan və yazıçının xatirələr dünyasını gözlərimiz qarşısında canlandırır və açığını deyim ki, onun keçirdiyi hisslər, başına gələn hadisələr, iyirmi ildən artıq hüquq-mühafizə sistemində fəaliyyəti zamanı çətin və mürəkkəb olaylarla, cinayət hadisələri ilə üz-üzə gəlməsi, ancaq bütün bunlarla yanaşı, ədəbiyyata sevgisi bir an belə səngiməyən bir insanın həmin o xatirələr dünyasının acılı-şirinli hekayətləridir.”

 

Ciddi görkəmi var. Bəlkə də, bu ciddilik uzun müddət çalışdığı sahənin xarakterindən vücuduna hopub, deyə bilmərəm, amma çox işgüzar adamdır. O, AYB-nin Lənkəran Bölməsinə sədr təyin olunandan bəri, bir sıra uğurlara imza atıb. Şəhərin yaradıcı adamları ilə mehriban münasibət qura bilib. Tez-tez ədəbi-bədii tədbirlər keçirib gənclərin maariflənməsinə töhfə verməyə çalışır. Professor Vaqif Yusifli fikirlərini belə yekunlaşdırır: “Qafar Cəfərli iki bədii filmə də çəkilib və maraqlı rollarla yadda qalıb. Amma o, həyatda öz rolunu - yazıçı Qafar Cəfərli obrazını mükəmməl icra edir.”

 

Bəli, güman edirəm ki, onun haqqında öyrənib bildiklərimi sizinlə bölüşə bildim.

Bu gün - martın 7-si Qafar Cəfərlinin doğum günüdür, 68 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Planlaşdırma nədir? Biznesdə ən vacib elementlərdən biri barədə söhbətimizi davam etdiririk.

 

 

Marketinq planı

 

Potensial müştərilərin real müştərilərə çevrilməsi üçün kiçik müəssisə marketinq planına malik olmalıdır. Bu plan müştərilərin sizin məhsulu niyə alacaqlarını əks etdirməlidir.

Siz burada marketinq planınızın əsas elementlərini düşünüb hazırlamalı və potensial partnyor və ya  investorlara izah etməlisiniz: qiymətqoyma, əmtəənin yayım sxemi, reklam, satışı stimullaşdırma metodları, satışardı müşayiətin təşkili, imicin formalaşması.

Bəs  əmtəəyə necə düzgün qiymət qoymalı? Əsas prinsiplər bunlardır:

·        Əmtəənin qiyməti maya dəyərindən yüksək olmalıdır;

·        Qiymət bazar imkanları ilə müəyyənləşir;

·        Qiymət maksimal gəliri təmin etməlidir (vahid məhsula görə deyil, hər hansı zaman kəsiyinə görə).

İnsan kimi istənilən əmtəə də bazarda öz həyatını yaşayır: gənclik, yetkinlik, qocalma və ölum. Bu mərhələlərin hər birində də qiymətqoyma məsələləri özünəməxsus qaydada həll edilir.

Məsələn, əmtəə cavan olanda ona olan tələbatı qiymət vasitəsilə  stimullaşdırmaq lazımdır. Burada qiymətlərin müvəqqəti olaraq uzlaşdırma strategiyası özünü doğruldur. Əmtəə yetkinlik dövrünə çatdıqda və ona olan tələbat formalaşdıqda məsələ başqa cür olur. Bu zaman ilkin əmtəənin modifikasiyalarının qiymətlərində  bacarıqla manevr  edərək ən yüksək gəlir əldə etmək məqsədilə onları bir qədər qaldırmaqla satış həcminin artımını stimullaşdırmaq olar. Əmtəə köhnəlməyə başlayanda isə ona tələbat düşdüyündən, onun həyatını qiymətləri kəskin aşağı salmaqla uzatmaq olar (məsələn, mikrokalkulyatorların belə qiymət düşümü onların satış həcmində kəskin sıçrayışa və istehsalçıların gəlir kütləsinin artımına gətirdi, çünki yeni qiymətlə bu əmtəə hər bir məktəbli üçün əlçatan olmuşdu).

Satışın stimullaşdırılması kampaniyası planlaşdırılarkən dörd faktora xüsusi diqqət yetirmək lazımdır:

·        Potensial müştəriləri tapmaq;

·        Onları maraqlandırmaq və stimullaşdırmaq;

·        Onların tələbatlarını təmin etmək;

·        Satmaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Saatınızın əqrəbləri səssizcə irəlilədikcə siz nələri itirdiyinizin fərqindəsinizmi? Müasir dövr bizə hər şeyi sürətli, rahat və əlçatan edir. Amma bu rahatlıq müqabilində biz nələri qurban veririk?

 

1. Sürətli həyat, dərinliyi olmayan münasibətlər

 Biz bir kliklə istədiyimiz insanla əlaqə yarada bilirik, amma bu əlaqələr nə qədər səmimidir? Bir-birinə mesaj atan, lakin gözlərinə baxmadan danışa bilməyən insanlar artdıqca, insanlıq əsl ünsiyyəti itirir. Hər gün yeni dostluqlar başlayır, amma onların neçə faizi sınaqlara tab gətirir?

 

2. Məlumat bolluğu, düşüncə kasadlığı

 İnternet bizə hər saniyə milyonlarla informasiya təqdim edir. Amma biz onları analiz edib dəyərləndirə bilirikmi? Çox bilmək, həqiqətən də, çox anlamaq deməkdirmi? Beynimiz informasiyalar içində itib, dərin düşünmək qabiliyyətimizi itirir.

 

3. Uğur yarışı və daxili boşluq

 Hər kəs daha uğurlu, daha zəngin və daha tanınmış olmaq istəyir. Sosial şəbəkələrdə “mükəmməl” həyat tərzi nümayiş etdirən insanlar gerçək həyatda xoşbəxtdirmi? Bəlkə də bu yarışda qazanmaq uğrunda daxili sakitliyimizi itiririk.

 

4. Həyatın məğzi: duyğular və xoşbəxtlik

 Sonuncu dəfə nə vaxt sadəcə sakit oturub, heç nəyə tələsmədən bir fincan çay içmisiniz? Sonuncu dəfə nə vaxt gözlərinizi yumub həyatınızı həqiqətən hiss etmisiniz? Biz tələsirik, amma hara? Dəyər verdiklərimizi, duyğularımızı, özümüzü itirmək bahasına nəyəsə çatmaq doğrudanmı qalibiyyətdir?

 

Bəlkə də, hər şeyə çatmağa çalışmaq yerinə, həqiqətən dəyərli olanlara vaxt ayırmağın zamanı gəlib. Daha çox düşünək, daha səmimi olaq, daha dərin hiss edək və ən əsası – özümüzü itirməyək!

 Oxucu olaraq siz necə düşünürsünüz? Müasir həyat sizdən nələri alıb?

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Məhəmməd Hadinin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

Bütün zərrati-aləm məzhəri-əsrari-qüdrətdir...

 

***

Ey Vətən!.. Səni sevmək deyilmi imanım?..

 

***

Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət...

Həya etməzmi nəfsin bəsləyənlər, bir utanmazmı?

 

***

Dedim şeytana rəhmət Adəm övladı görən gündən...

 

***

Edin nuri təməddünlə münəvvər qəlbü vicdanı.

 

***

Bən idrak etmədim, dünyaya gəlməkdən nədir hikmət,

Yaratmaqda nədir hikmət bizi, sübhanə, bilməm ki?!

 

***

Qaldıq əlində bir sürü ərbabi-vəhşətin...

 

***

Məfkurə yolunda tökülən qan hədər olmaz.

 

        “Ədəbiyyat və incəsənət”

         (07.03.202)

 

 

Sevinc hissi ilə sizləri "Sözlərin Sehri" hekayə yarışmasının qalibləri ilə tanış edirik! Bu yarış Life Academy platformasının rəhbəri Humay İsayevanın təşəbbüsü ilə həyata keçirilib. I yerin qalibləri - Könül Məmmədova və Fidan Xəlilova, II yerin - qalibi Xədicə Hacıyeva! Bu gün 1-ci yerin iki qalibindən biri - Fidan Xəlilovanın " Ölüm keçisi" adlı hekayəsini təqdim edirik.

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Yenə həmişəki kimi yuxudan qorxaraq oyandığım bir gecə idi. Qan-tər içində idim. Çox susamışdım, su içmək üçün mətbəxə gedəndə gözüm divardakı böyük saata sataşdı. Saat tam 3 idi. Anam yoxa çıxdığı gündən bəri demək olar tez-tez bu saatlarda oyanırdım.

Anam yoxa çıxalı düz 3 il olur. Lakin hələ də ondan bir xəbər ala bilməmişdik. Bütün araşdırmalar nəticəsiz olmuşdu. Suyumu içib yerimə qayıtdım. Tez yatmalı idim, çünki sabah məni olduqca yorucu bir gün gözləyirdi. Səhər duranda atamı evdə görə bilmədim.Atam polis olduğu üçün demək olar çox vaxt işdə olurdu.Anamın məsələsinidə elə atam araşdırırdı. Dərsə getmək üçün çantamı hazırlayanda yuxarı mərtəbədən səs gəldi. Əvvəl elədə əhəmiyyət vermədim,lakin səs gücləndikcə yuxarı qalxmaq qərarına gəldim. Səssizcə pilləkənlərlə yuxarı qalxmağa başladım. Budur səs köhnə şkafın arxasından gəlirdi. Biraz yaxınlaşanda şkafın arxasında pişiyimiz Leonu gördüm. Deyəsən orada nəsə görmüşdü. Biraz daha yaxınlaşanda yaşıl bir dəftərçə ilə oynadığını gördüm. Əlimi uzadıb ehmalca dəftərçəni götürdüm.

İçinə baxanda bunun anamın günlüyü olduğunu gördüm. Lakin onu oxumaq üçün vaxtım yox idi, buna görə də aşağı enib çantama qoydum. Daha sonra dərsə yollandım. Hava çox soyuq idi. Nəhayət, çox çətinliklə də olsa məktəbə çata bilmişdim. Artıq dərs başlamışdı. Dərs boyu fikrim günlüyün yanında idi. Sonuncu dərsə qədər zorlada olsa dözdüm. Sonuncu dərs idman dərsi idi. Müəllimdən icazə alıb sinifdə qaldım. İndi onu oxumaq üçün yaxşı vaxt idi. Günlüyün ilk səhifələrində anam gənclik illərindən, atamla necə tanış olduğundan danışırdı. Yazdığına görə anam o vaxtı boş vaxtlarında dərziliklə məşğul olurmuş. Bir gün işə tələsəndə təsadüfən atamla qarşılaşıb və atam onu vaxtında işə çatdırıb. Beləcə onlar tanış olublar.

Səhifələri biraz çevirdikdə bir hissə diqqətimi çəkdi, burada anam nənəmgildəki bir sandıqdan danışırdı. Yazdığına görə zirzəmidəki sandıqda nənəm ən dəyərli şeyləri saxlayırdı.

Dərsdən sonra bəlkə nəsə taparam ümidi ilə nənəmgilə getmək qərarı aldım. Zəng edib atama xəbər verdim, düzdü, o bu fikrimdən narahat olsa da mənə ora getməyim üçün icazə verdi. Sadəcə ehtiyatlı ol Larisa dedi və telefonu söndürdü. Dərs bitər bitməz nənəmgilə yollandım, uzun bir yol qət etdikdən sonra nəhayət ora çatdım. Nənəm məni görüb çox sevindi. Görünür, uzun bir müddətdir, heç kim onu ziyarət etmirdi. Nənəm babam öldükdən sonra burada tək yaşayırdı. Ona görə buranı tərk etmək babamın ruhuna sayğısızlıq olardı. Biz mətbəxə keçib birlikdə çay içib söhbət etməyə başladıq. Anam itkin düşəndən sonra nənəm olduqca pis hallara düşmüşdü. Söhbət ortasında evin soyuq olduğunu dedim. Biraz sonra nənəmin odun gətirməyə getməsindən istifadə edib zirzəmiyə endim. Sandıq burada idi. Üzərini toz basıb tor tutmuşdu. Görünür, uzun müddətdir sandığı heç kim açmırdı.Güclə də olsa, üstünü təmizləyib sandığı açdım, burada nənəmgilin keçmişdə çəkilmiş ailəvi şəkilləri, anamın uşaq vaxtı çəkdiyi rəsmlər, çoxlu taxtadan düzəldilmiş oyuncaqlar və bəzi sənədlər var idi.

Sandıqdakı bütün şəkilləri çantama yığdım və mətbəxə qayıtdım. Biraz sonra nənəm bir qucaq odunla evə qayıtmışdı. Biraz onunla keçmiş günlər barədə söhbət etdikdən sonra sağollaşıb evə qayıtdım. Qayıdanda atam evdə idi. Məni görüb sanki rahatlamışcasına bir köks ötürdü. Yemək yeyib biraz onunla söhbət etdikdən sonra öz otağıma yollandım. Çantamdakı şəkilləri çıxarıb bir-bir baxmağa başladım. Anam çox gözəl şəkil çəkə bilirdi. Şəkillərə baxa-baxa irəliləyərkən bir şəkil diqqətimi çəkdi, anam olduqca vahiməli bir keçi şəkli çəkmişdi.Keçinin uzun, iti,qara buynuzları var idi. Biraz daha şəkillərə baxdıqca anamın bir şəklinə rast gəldim, burada anamın çiynində də həmin keçinin şəklinə oxşar bir şəklin olduğunu gördüm, şəkilin tarixinə baxanda anamın itkin düşməsindən düz 1 ay qabaq çəkilmiş olduğu məlum oldu.

Qəribə idi, heç vaxt anamın çiynində belə bir izə rast gəlməmişdim. Deyəsən, bu şəkilləri nənəmgilə anam itkin düşdükdən sonra atam aparmışdı, ona görə də nənəmgilə getdiyim üçün narahat idi.

Birdən yadıma günlükdə oxumadığım səhifələr düşdü. Yavaş-yavaş günlüyü oxumağa başladım.

Çox heyrətlənmişdim, anam burada bir gün gözünü açanda başqa bir yerdə olduğundan danışırdı. O yazırdı ki, hər şey olduğundan çox fərqli idi, ağaclar və heyvanlar heç olmadığı qədər böyük buludlar heç olmadığı qədər qara otlar sapsarı idi. Hər yer sis, duman içində idi. Ətrafıma baxanda Lidyanı görə bilmədim, birdən onun ağlama səsi ilə aşağıdakı dərəyə qaçdım. Dərə çox böyük və qapqara su ilə dolu idi. Lidya suda boğulurdu, əlimdən heçnə gəlmirdi. Artıq ümidimi tamamilə üzmüşdüm. Biraz sonra ağlamaq səsi kəsildi, dərədən uzun, iti buynuzları olan qara bir keçi çıxdı.Lidya onun qucağında idi. Qaça- qaça gedib qızımı ondan götürdüm, ona necə təşəkkür edə biləcəyimi soruşdum, o isə vaxtı gələndə bunu ona söyləyəcəyini dedi.

Artıq günlükdəki yazılar tükənirdi, anam son səhifələrdə meşədəki heç kimin getməyə cəsarət belə etmədiyi köhnə evdən danışırdı. Qərar vermişdim, bu gecə ora grdim. Düşünürdüm ki, burada anamla bağlı bir şey tapa bilərəm.

Əvvəlcə atamın yuxulu olduğundan əmin oldum, daha sonra səssiz və iti addımlarla çıxış qapısına yönəldin. Xeyli yol getdikdən sonra həmin sözü gedən evə çatdım. Ev çox köhnə idi, demək olardı burada illərdi heç kim yaşamırdı. Yavaşca qapıya yaxınlaşdım. Güclə də olsa qapını açdım içəri girən kimi qarşılaşdığım ilk mənzərə tavandan asılmış cansız bir bədən idi. Uzun güllü paltarından tanıdım, bu anam idi.İllərdi burada asılı imiş...

Ondan sonra baş verən heç nəyi xatırlamıram, gözümü açanda xəstəxanada idim. Atam başımın üstündə oyandığımı görüb sevincək mənə sarıldı. Sən demə, gecə üstümü örtmək üçün gələndə yatağımda olmadığımı görüb və o da yatağımın üstündəki günlüyü oxuyub.

Hər ikimiz dərin bir kədər içində idik. Atam anamın neçə müddətdir şizofreniya ilə mübarizə apardığını deyirdi. Bunu məndən gizlətməyi anam istəyibmiş. Get-gedə anamın vəziyyəti daha da pisləşib və bir müddət sonra itkin düşüb.

Atama şəkilləri deyəndə belə bir şeyin mümkün olmadığını anamın o şəkli çiyninə özünün çəkdiyini dedi.

Bu hadisədən sonra yavaş -yavaş toparlanmağa çalışırdıq. Düzdü, hələ də qorxunc yuxular görür, hər anama aid bir şey görəndə hər şeyi təzədən yaşamış kimi olurdum.

Artıq bu hadisənin üstündən 1 il keçirdi, yenə bir qorxunc yuxu ilə oyandığım bir gecə idi. Çiynimdə dəhşətli bir ağrı var idi. Aynaya baxanda çiynimdə həmin keçinin şəklini gördüm.”

Deyilənə görə, bu hadisə 1816- cı ildə Amerikada yaşanmış və hələ də öz sirrini saxlayırdı. Həmin gündən sonra ailənin digər üzvləri də müxtəlif vaxtlarda eyni şəkildə həmin yerdə asılı vəziyyətdə tapılmışdır.

İnsanlar hələ də o bölgədən keçərkən bəzən ağlamaq və keçi səsləri eşitdiklərini deyirlər.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:

 

ANAR. “HƏYATIM AĞRIYIR”

 

“Həyatım ağrıyır”... Ənvər Məmmədxanlının ifadəsidir.

Uşaqlıq illərimdən xatırlayıram, bəzən xoş məclisdə, ya şirin bir söhbət əsnasında Ənvər (atamla anamı öz adlarıyla çağırdığım kimi, mən Ənvərə də sadəcə Ənvər deyirdim) birdən-birə öz iç dünyasına qapılar, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: “Nə olub sənə, nə var?”, dalğın-dalğın cavab verərdi: “Həyatım ağrıyır”.

 

Bu abzas 1993-cü ilin yanvar ayında Ənvər Məmmədxanlıya həsr etdiyim essemdəndir. Cəmisi iki-üç dəfə Ənvərin dilindən eşitdiyim, Ə.Məmmədxanın heç bir nəşr olunmuş yazısında olmayan bu ifadə mənim essemdən sonra ədəbi dövriyyəyə daxil oldu. Xalq yazıçısı Elçin bu ifadəni öz “Baş” romanına epiqraf qoydu.

Bəzi Ənvər Məmmədxanlıya o qədər də yaxın olmayan adamlar mənim yazımdan sonra deməyə başladılar ki, bu ifadəni guya yazıçının öz dilindən eşidiblər. Ənvər yetərincə qapalı, yetərincə qürurlu və məğrur insan idi, hər rastına çıxan adamın şablon: “necəsən?” sualına “həyatım ağrıyır” deyə cavab verməzdi...

       Rəsul Rza və Ənvər Məmmədxanlı həm əmioğlu, həm də xalaoğludurlar.

Rəsulun atası İbrahim Məhəmməd oğlu Məmmədxanlı və Ənvərin atası Qaffar Məhəmməd oğlu Məmmədxanlı doğma qardaş, Rəsulun anası Məryəm Abbas qızı Rzayeva və Ənvərin anası İmmihanı Abbas qızı Rzayeva doğma bacıdırlar.

Beş yaşındaykən atasını itirmiş Rəsul dayısı Məhəmmədhüseyn Abbas oğlu Rzayevin himayəsiylə böyümüş və sonralar onun familini qəbul etmişdir.

“İKİ ÖMRÜN İŞIĞI” xatirələr kitabına yazdığı Ön sözdə Ənvər Məmmədxanlı deyir: “Rəsul Rza bir ömür boyu mənim üçün nəinki bir dost, bir yoldaş və böyük qardaş idi, o, eyni zamanda, uşaqlıq illərindən mənə müəllimlik etmişdi və həmişə mənim üçün örnək idi”.

Mən də uşaqlıqdan Ənvəri əmim kimi tanımışdım və bəlkə də o, atamın atabir-anabir qardaşı olsaydı belə, mən onu sevdiyimdən artıq sevə bilməzdim, ona qəlbən bağlandığımdan artıq bağlana bilməzdim. Mənə bağışladığı kitabının üstündə “Əzizim Anara, ürək dostuma” sözləri mənimçün ən təmtəraqlı “izhari məhəbbətdən” daha qiymətlidir.

“Ayrıldılar” hekayəsinin qəhrəmanı İlyas ömrü boyu həsrətində olduğu atı – dayısının atını çapıb məhv eləməsi, “Babək” romanında da eyni çılğın ehtirasla köhlənin belinə sıçrayıb uçuruma atılan gəncin aqibəti Ənvərin gənclik xatirələri ilə bağlıdır. Dayıları Məhəmmədhüseyn Rzayevin Qaragöz və Ceyran adlı atlarını çapmaq istəyən yeniyetmə Ənvərin arzularının əksidir.

“Uşaqlıq illərimizin ən böyük arzusunu yada salmaq istəyəndə hafizəmdə iz salan budur ki, bizim ən böyük arzumuz səyahət idi. Və bir dəfə Göyçayın üstündəki Boz dağa yemlik, turşəng, quşəppəyi yığmağa gedəndə hansı bir təpə başındasa uzaqlara baxarkən Rəsul mənə dedi ki, heç kəsə demə, bu yaxınlarda evdən qaçarıq, baş alıb gedərik, bütün dünyanı gəzərik”.

Elə bil öz gözümlə görürəm bu səhnəni – Göyçayın quru, boz təpələrinin birinin başında iki uşaq dayanıb – biri qıvrımsaçlı, o biri ondan üç yaş böyük, göygözlü – harasa uzaqlara baxırlar və içəri aləmlərində uzaq ölkələri – böyük-böyük şəhərləri, dənizləri, okeanları, gəmiləri görürlər. Bu romantik xəyalpərvərlik onların hər ikisinin xislətində idi. Hər ikisi dünyanı gəzmək, çeşidli ölkələri görmək, aləmi dolaşmaq eşqiylə yaşayırdılar. Hər ikisi mühitlərində darıxırdılar və hər ikisini yaşadıqları dar məkan çərçivəsi sıxırdı. Atamın “Darısqallıq” şeiri elə bu barədədir. Bu narahatlıq, çəpərlər, hüdudlar içində darılmaq hissi Ənvərin də bir çox hekayələrində əks olunub – onun qəhrəmanları karvanlara qoşulur, baş götürüb uzaqlara getmək istəyi ilə çırpınırlar. Gəncliyində yazdığı “Karvan dayandı” hekayəsində də, qocalıqda tamamlamadığı “Babək” romanında da.

“Ayrıldılar” hekayəsində insanı sıxan, bıkdıran adiliklər mühitinə qarşı etiraz sevginin zahiri səbəbsiz, izahsız pozulmasıyla, ilk baxışda məntiqsiz görünən ayrılmaqla nəticələnir.

Sonralar Ənvər “Ayrıldılar” hekayəsini yenidən işlədi, əsaslı dəyişdi və bəlkə bu son variantda “Axı niyə ayrıldılar” sualına daha məntiqli cavab tapmaq olar, amma məncə, hekayənin birinci variantına xas olan yarımtonlar, kövrək və incə aura itirilib. Ənvər Məmmədxanlının sağlığında çap olunmuş ikicildliyini oxuyanda təəssüf hissi ilə gördüm ki, uşaqlığımdan, demək olar ki, hafizəmdə başdan-ayağadək diri yaşayan bir çox süjetlər, o cümlədən, “Bakı gecələri”, “Ay işığında” hekayələrini də yazıçı yenidən işləyib və yeni variantlar, zənnimcə, əvvəlki mətnlərdən bədii cəhətdən üstün deyillər. Amma onu da deyim ki, “Bakı gecələri”ni yenidən oxuyanda bir yerdə diksindim. Axı eyni epizod – küləkli havada dam üstündə paltar sərən qara paltarlı qızın rüzgarla, ağlarla rəqsi mənim “Gürcü familiyası” hekayəmdə və onun əsasında çəkilmiş “Gün keçdi” filmində də var. İstəyirsiz inanın, istəyirsiz yox. Bu hekayəni yazanda mən ondan azı 20-25 il qabaq oxuduğum “Bakı gecələri”ndəki bu səhnə əsla yadımda deyildi. Bəlkə özümün belə dərk etmədiyim şüuraltı yaddaşımda yaşayırmış. Qəribədir ki, Ənvərin köhnə hekayalərini yenidən oxuyanda mənim nəslimdən olan başqa yazıçıların – Elçinin, Əkrəm Əylislinin bəzi əsərlərində də “Ənvər motivləri”nə yaxın parçalar tapdım.

“Ayrıldılar” hekayəsində kənd qırağında görüşüb soyuq daş üstündə söhbətləşən gənc oğlanla gənc qızın münasibətləri, bu səhnənin ümumi aurası Yusif Səmədoğlunun eyni ruhda köklənmiş “Soyuq daş” hekayəsini xatırladır. Bütün bu bənzəyişlər, əlbəttə, təsadüfi də ola bilər, gənclik mütaliəmizin şüurlarımızda ilişib qalmış qəlpələriylə də izah edilə bilər.

Məhz bu mənəvi və üslub yaxınlığına diqqət çəkmək üçün Ənvər Məmmədxanlının “Ayrıldılar” və Yusif Səmədoğlunun “Soyuq daş” hekayələri bu kitaba daxil edilir.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

 

 

 

82 -dən səhifə 2131

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.