“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün və sabah sizlərə Alpay Azərin hekayələri təqdim ediləcək.
Müəllim dekanın kabinetində ona dedi ki, dördüncü kursda, 422a qrupunda oxuyan qohumu Cəlilov Qurban marketdə satıcı işləyir, dərslərə heç cürə gələ bilmir, nə qədər lazımdı, "hörmətini" etməyə hazırdı, mümkünsə, müəllimlərə tapşırardız, bu semestr dərslərdə ona qayıb yazmasınlar. Dekan "Hansı marketdə işləyir?", "Sənə necə qohum düşür?" suallarını verə-verə, arada beynində hesablama aparıb bunun yeddi yüz manata başa gələcəyini dedi. "Etiraz eləmirsizsə, elə indi zəng eliyim qohuma, - müəllim dedi. - "Amma demə ki, burda yanımdasan, - dekan təşvişlə dilləndi. Müəllim: "Hə, əlbəttə", - deyib qohumunun nömrəsini yığdı: "Alo, salam... Hə, mənəm. Qulaq as, mən bir az qabaq onun yanındaydım, sənin məsələni danışdım. Yeddi yüzdü qiyməti... Dollar yox, manat... Aşağı saldırmaq deyəndə, mənə axı demişdin, nə qədər lazımdı, verməyə hazırsan... Oldu, amma tez zəng elə, mənə konkret cavab de. Sənə görə maksimum ikinci dəfə onun yanına girə bilərəm... Özünə yox, köməkçisinə verəssən. Oldu", - telefonu qapadıb dekana "İndilərdə zəng edəcək" - dedi.
Dekanın sifəti soldu, ona elə gəldi, tələbə zəng edib qiyməti yüz manat endirməkdən dəm vuracaq. Qabaqdangəlmişlik taktikasına keçdi: "Nəzərə al ki, dediyim o pul tək mənə çatmır ha", - ad çəkməsə də, bu prosesdə rektorun da hesabını verəcəyinə işarə vurdu. "Başa düşdüm, amma gözləyək, görək nə deyir. Bəlkə razılaşacaq o qiymətə?!" - müəllim ümidli baxışlarla dedi. Sonra dekan iki-üç sual verdi, "Dərslərin necə gedir?", "Seçmə fənnin proqramını yazmısan?" Biləndə ki, müəllim hələ proqramı yazmayıb onu tələsdirdi: "Elə et ki, gələn ay fakültə elmi şurasına müzakirəyə..."
Bu vaxt müəllimin mobil telefonuna zəng gəldi. "Hə, eşidirəm... Nə? Beş yüz? Qurban, barmağına dolamısan məni?" - "Ss, yavaş", - dekan müəllimə gözünü ağardıb dilləndi, yəni yan otaqda laborant qızlar eşidə bilər, otağın qapısı isə bağlıydı. Dekanın sifətindəki narazılığı görən müəllim anladı ki, sövdələşmə alınmayacaq, qohumunun qiymət salmağı onu əsəbiləşdirmişdi: "Ay Qurban, dəqiq bilirəm, o rəqəmə razı olmayacaq... İndi də altı yüz deyirsən. Bunu bayaqdan demək lazımıydı, oyun oynuyursan? Hə, bir şeyi deyim, Allaha and olsun, bu işdə bir manat belə marağım yoxdu ha... Birdən elə bilərsən mən arada nəsə qazanıram, elə şey yoxdu". Dekan yenə ona gözünü ağartdı. Ürəyində özünü söyən müəllim ("Qələt eliyərəm, bir də belə işə baş qoşaram".) söhbətə yekun vurmaq qərarına gəldi: "...Yaxşı, bir də yanına gedərəm, görüm nə deyəcək. Oldu, sən sabah on birin yarısı gələrsən universitetə, üçüncü mərtəbədə görüşüb danışarıq". Dekan başını bulayıb narazı tonda dedi: "Yox, altı yüz azdı. Dedim axı, məsələ tək mənlik deyil". Sonda altı yüz əlli manata razılaşdı.
Ertəsi gün səhər saat on birin yarısı müəllim Qurbanla danışdıqları yerdə görüşdülər. Müəllimin ağzından "Altı yüz əllidən aşağı enmədi" cümləsi çıxan kimi, tələbə sevincək əlini cibinə saldı. Müəllim tez pıçıltıyla dedi: "Dünən sənə telefonda dedim, mənə yox, köməkçisinə aparıb verəcəksən. Yenə deyirəm, Allaha and olsun, o puldan bir qəpik qazancım yoxdu, məqsədim qohum kimi sənə kömək etməkdi. Yaxşı, sən hardan bildin ki, dekan əlli manat aşağı düşdü? Yoxsa, mənnən xəbərsiz onunla danışmısan?" - "Yox vallah, o barədə burda sizdən başqa heç kimlə danışmamışam. Nəsə ürəyimə damdı ki, əlli düşəcək", - deyib tələbə güldü.
İki gün sonra axşamüstü dekan müəllimə zəng edib yanına çağırdı, aldığı puldan əllilik vermək istəyəndə, qol itələşməsi başladı. Müəllim pulu götürmədən onun otağından tələsik çıxdı.
Həmin gün dekan nahar vaxtı universitetdən çıxıb yaxınlıqdakı banka dəydi, manatları altı yüz avroya dəyişdi. Onda manat avrodan, dollardan güclüydü. Sonra xaricə pulköçürmə şöbəsində növbə tutmaqçün elektron cihazdan nömrə götürdü.
Evdə axşam yeməyindən, çaydan sonra, dekan skaypla Azad Berlin Universitetinin hüquq fakültəsinin dördüncü kursunda oxuyan oğluyla danışırdı: "...Ay bala, mübahisə eləmə, deyilənə qulaq as. Yenə deyirəm, magistraturada mülki hüququ seçərsən. Başa düş, qayıtmağa qərar versən, gəlib burda beynəlxalq hüquq üzrə iş tapa bilməyəssən. İndi dövlət orqanlarında güclü ixtisarlar gedir, həmin o beynəlxalq hüquq diplomu alanların çoxu, ya çöldə qalıblar, ya da Azərseldə operator işliyirlər. Amma sən mülki hüquq üzrə magistr diplomu alsan, dövlət qulluğuna imtahanı yaxşı verərsən, məhkəmədə iş taparsan, inşallah. O variant alınmasa, hüquq şirkətlərindən birində vəkil kimi işləyə bilərsən. Savadlı vəkillər indi yaxşı pul qazanır, biləsən bunu. Ən pis halda notariusda sənə bir iş tapılar. Bura qayıtmıyassan?.. Bəs axı elə bil keçən dəfə başqa söz deyirdin? Nə isə, bu söhbəti sonraya saxlıyaq. Səndə indi nə qədər pul var?... Yeddi yüz avro, lap yaxşı. Sənin bank kartına bu gün altı yüz avro köçürdüm, elədi min üç yüz. Bir ayçün mən bilən, bəs eliyər sənə. Gələn ayın əvvəli yenə göndərəcəm. Yeməyinə fikir ver, heç olmasa, iki gündən bir sup iç... Nooldu sənin hüquq nəzəriyyəsi imtahanın?... İndidən kəsilməkdən danışırsan. Olmadı ki. Otur, ciddi hazırlaş də... Otur hazırlaş, mübahisə eləmə..."
Xasiyyətinə bələdiydi, əminiydi yeganə övladı olan oğlu öz bildiyini edəcək, magistraturada mülki, yox, beynəlxalq hüququ seçəcək, magistr diplomunu alandan sonra, Bakıya qayıtmayacaq, orda iş tapıb başlayacaq Almaniya vətəndaşlığı üçün lazım olan sənədləri toplamağa. Alman qızıyla evlənsə, etiraz etməyəcək. Oğluna heç olmasa, Berlində bir otaq almaqçün yollar axtarırdı. Mərdəkandakı bağ evini satmağın, semestrlərdə qayıbları silməyin, imtahanların hesabına maksimum "gəlir" əldə etmək. Bir otaqçün pul çatmasa, bankdan kredit götürmək, bahalı "Mersedes"ini satıb ucuzunu almaq variantı da ağlına gəlmişdi. Sonra fikirləşdi, bəlkə, oğlu elə düz edir bura qayıtmır.
(4-6 fevral 2017-1 sentyabr 2024,
Bakı)
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)