HEKAYƏ MÜSABİQƏSİNİN MÜKAFATÇILARI – Fidan Xəlilova, “Ölüm keçisi” Featured

Sevinc hissi ilə sizləri "Sözlərin Sehri" hekayə yarışmasının qalibləri ilə tanış edirik! Bu yarış Life Academy platformasının rəhbəri Humay İsayevanın təşəbbüsü ilə həyata keçirilib. I yerin qalibləri - Könül Məmmədova və Fidan Xəlilova, II yerin - qalibi Xədicə Hacıyeva! Bu gün 1-ci yerin iki qalibindən biri - Fidan Xəlilovanın " Ölüm keçisi" adlı hekayəsini təqdim edirik.

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Yenə həmişəki kimi yuxudan qorxaraq oyandığım bir gecə idi. Qan-tər içində idim. Çox susamışdım, su içmək üçün mətbəxə gedəndə gözüm divardakı böyük saata sataşdı. Saat tam 3 idi. Anam yoxa çıxdığı gündən bəri demək olar tez-tez bu saatlarda oyanırdım.

Anam yoxa çıxalı düz 3 il olur. Lakin hələ də ondan bir xəbər ala bilməmişdik. Bütün araşdırmalar nəticəsiz olmuşdu. Suyumu içib yerimə qayıtdım. Tez yatmalı idim, çünki sabah məni olduqca yorucu bir gün gözləyirdi. Səhər duranda atamı evdə görə bilmədim.Atam polis olduğu üçün demək olar çox vaxt işdə olurdu.Anamın məsələsinidə elə atam araşdırırdı. Dərsə getmək üçün çantamı hazırlayanda yuxarı mərtəbədən səs gəldi. Əvvəl elədə əhəmiyyət vermədim,lakin səs gücləndikcə yuxarı qalxmaq qərarına gəldim. Səssizcə pilləkənlərlə yuxarı qalxmağa başladım. Budur səs köhnə şkafın arxasından gəlirdi. Biraz yaxınlaşanda şkafın arxasında pişiyimiz Leonu gördüm. Deyəsən orada nəsə görmüşdü. Biraz daha yaxınlaşanda yaşıl bir dəftərçə ilə oynadığını gördüm. Əlimi uzadıb ehmalca dəftərçəni götürdüm.

İçinə baxanda bunun anamın günlüyü olduğunu gördüm. Lakin onu oxumaq üçün vaxtım yox idi, buna görə də aşağı enib çantama qoydum. Daha sonra dərsə yollandım. Hava çox soyuq idi. Nəhayət, çox çətinliklə də olsa məktəbə çata bilmişdim. Artıq dərs başlamışdı. Dərs boyu fikrim günlüyün yanında idi. Sonuncu dərsə qədər zorlada olsa dözdüm. Sonuncu dərs idman dərsi idi. Müəllimdən icazə alıb sinifdə qaldım. İndi onu oxumaq üçün yaxşı vaxt idi. Günlüyün ilk səhifələrində anam gənclik illərindən, atamla necə tanış olduğundan danışırdı. Yazdığına görə anam o vaxtı boş vaxtlarında dərziliklə məşğul olurmuş. Bir gün işə tələsəndə təsadüfən atamla qarşılaşıb və atam onu vaxtında işə çatdırıb. Beləcə onlar tanış olublar.

Səhifələri biraz çevirdikdə bir hissə diqqətimi çəkdi, burada anam nənəmgildəki bir sandıqdan danışırdı. Yazdığına görə zirzəmidəki sandıqda nənəm ən dəyərli şeyləri saxlayırdı.

Dərsdən sonra bəlkə nəsə taparam ümidi ilə nənəmgilə getmək qərarı aldım. Zəng edib atama xəbər verdim, düzdü, o bu fikrimdən narahat olsa da mənə ora getməyim üçün icazə verdi. Sadəcə ehtiyatlı ol Larisa dedi və telefonu söndürdü. Dərs bitər bitməz nənəmgilə yollandım, uzun bir yol qət etdikdən sonra nəhayət ora çatdım. Nənəm məni görüb çox sevindi. Görünür, uzun bir müddətdir, heç kim onu ziyarət etmirdi. Nənəm babam öldükdən sonra burada tək yaşayırdı. Ona görə buranı tərk etmək babamın ruhuna sayğısızlıq olardı. Biz mətbəxə keçib birlikdə çay içib söhbət etməyə başladıq. Anam itkin düşəndən sonra nənəm olduqca pis hallara düşmüşdü. Söhbət ortasında evin soyuq olduğunu dedim. Biraz sonra nənəmin odun gətirməyə getməsindən istifadə edib zirzəmiyə endim. Sandıq burada idi. Üzərini toz basıb tor tutmuşdu. Görünür, uzun müddətdir sandığı heç kim açmırdı.Güclə də olsa, üstünü təmizləyib sandığı açdım, burada nənəmgilin keçmişdə çəkilmiş ailəvi şəkilləri, anamın uşaq vaxtı çəkdiyi rəsmlər, çoxlu taxtadan düzəldilmiş oyuncaqlar və bəzi sənədlər var idi.

Sandıqdakı bütün şəkilləri çantama yığdım və mətbəxə qayıtdım. Biraz sonra nənəm bir qucaq odunla evə qayıtmışdı. Biraz onunla keçmiş günlər barədə söhbət etdikdən sonra sağollaşıb evə qayıtdım. Qayıdanda atam evdə idi. Məni görüb sanki rahatlamışcasına bir köks ötürdü. Yemək yeyib biraz onunla söhbət etdikdən sonra öz otağıma yollandım. Çantamdakı şəkilləri çıxarıb bir-bir baxmağa başladım. Anam çox gözəl şəkil çəkə bilirdi. Şəkillərə baxa-baxa irəliləyərkən bir şəkil diqqətimi çəkdi, anam olduqca vahiməli bir keçi şəkli çəkmişdi.Keçinin uzun, iti,qara buynuzları var idi. Biraz daha şəkillərə baxdıqca anamın bir şəklinə rast gəldim, burada anamın çiynində də həmin keçinin şəklinə oxşar bir şəklin olduğunu gördüm, şəkilin tarixinə baxanda anamın itkin düşməsindən düz 1 ay qabaq çəkilmiş olduğu məlum oldu.

Qəribə idi, heç vaxt anamın çiynində belə bir izə rast gəlməmişdim. Deyəsən, bu şəkilləri nənəmgilə anam itkin düşdükdən sonra atam aparmışdı, ona görə də nənəmgilə getdiyim üçün narahat idi.

Birdən yadıma günlükdə oxumadığım səhifələr düşdü. Yavaş-yavaş günlüyü oxumağa başladım.

Çox heyrətlənmişdim, anam burada bir gün gözünü açanda başqa bir yerdə olduğundan danışırdı. O yazırdı ki, hər şey olduğundan çox fərqli idi, ağaclar və heyvanlar heç olmadığı qədər böyük buludlar heç olmadığı qədər qara otlar sapsarı idi. Hər yer sis, duman içində idi. Ətrafıma baxanda Lidyanı görə bilmədim, birdən onun ağlama səsi ilə aşağıdakı dərəyə qaçdım. Dərə çox böyük və qapqara su ilə dolu idi. Lidya suda boğulurdu, əlimdən heçnə gəlmirdi. Artıq ümidimi tamamilə üzmüşdüm. Biraz sonra ağlamaq səsi kəsildi, dərədən uzun, iti buynuzları olan qara bir keçi çıxdı.Lidya onun qucağında idi. Qaça- qaça gedib qızımı ondan götürdüm, ona necə təşəkkür edə biləcəyimi soruşdum, o isə vaxtı gələndə bunu ona söyləyəcəyini dedi.

Artıq günlükdəki yazılar tükənirdi, anam son səhifələrdə meşədəki heç kimin getməyə cəsarət belə etmədiyi köhnə evdən danışırdı. Qərar vermişdim, bu gecə ora grdim. Düşünürdüm ki, burada anamla bağlı bir şey tapa bilərəm.

Əvvəlcə atamın yuxulu olduğundan əmin oldum, daha sonra səssiz və iti addımlarla çıxış qapısına yönəldin. Xeyli yol getdikdən sonra həmin sözü gedən evə çatdım. Ev çox köhnə idi, demək olardı burada illərdi heç kim yaşamırdı. Yavaşca qapıya yaxınlaşdım. Güclə də olsa qapını açdım içəri girən kimi qarşılaşdığım ilk mənzərə tavandan asılmış cansız bir bədən idi. Uzun güllü paltarından tanıdım, bu anam idi.İllərdi burada asılı imiş...

Ondan sonra baş verən heç nəyi xatırlamıram, gözümü açanda xəstəxanada idim. Atam başımın üstündə oyandığımı görüb sevincək mənə sarıldı. Sən demə, gecə üstümü örtmək üçün gələndə yatağımda olmadığımı görüb və o da yatağımın üstündəki günlüyü oxuyub.

Hər ikimiz dərin bir kədər içində idik. Atam anamın neçə müddətdir şizofreniya ilə mübarizə apardığını deyirdi. Bunu məndən gizlətməyi anam istəyibmiş. Get-gedə anamın vəziyyəti daha da pisləşib və bir müddət sonra itkin düşüb.

Atama şəkilləri deyəndə belə bir şeyin mümkün olmadığını anamın o şəkli çiyninə özünün çəkdiyini dedi.

Bu hadisədən sonra yavaş -yavaş toparlanmağa çalışırdıq. Düzdü, hələ də qorxunc yuxular görür, hər anama aid bir şey görəndə hər şeyi təzədən yaşamış kimi olurdum.

Artıq bu hadisənin üstündən 1 il keçirdi, yenə bir qorxunc yuxu ilə oyandığım bir gecə idi. Çiynimdə dəhşətli bir ağrı var idi. Aynaya baxanda çiynimdə həmin keçinin şəklini gördüm.”

Deyilənə görə, bu hadisə 1816- cı ildə Amerikada yaşanmış və hələ də öz sirrini saxlayırdı. Həmin gündən sonra ailənin digər üzvləri də müxtəlif vaxtlarda eyni şəkildə həmin yerdə asılı vəziyyətdə tapılmışdır.

İnsanlar hələ də o bölgədən keçərkən bəzən ağlamaq və keçi səsləri eşitdiklərini deyirlər.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.