Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:
ANAR. “HƏYATIM AĞRIYIR”
“Həyatım ağrıyır”... Ənvər Məmmədxanlının ifadəsidir.
Uşaqlıq illərimdən xatırlayıram, bəzən xoş məclisdə, ya şirin bir söhbət əsnasında Ənvər (atamla anamı öz adlarıyla çağırdığım kimi, mən Ənvərə də sadəcə Ənvər deyirdim) birdən-birə öz iç dünyasına qapılar, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: “Nə olub sənə, nə var?”, dalğın-dalğın cavab verərdi: “Həyatım ağrıyır”.
Bu abzas 1993-cü ilin yanvar ayında Ənvər Məmmədxanlıya həsr etdiyim essemdəndir. Cəmisi iki-üç dəfə Ənvərin dilindən eşitdiyim, Ə.Məmmədxanın heç bir nəşr olunmuş yazısında olmayan bu ifadə mənim essemdən sonra ədəbi dövriyyəyə daxil oldu. Xalq yazıçısı Elçin bu ifadəni öz “Baş” romanına epiqraf qoydu.
Bəzi Ənvər Məmmədxanlıya o qədər də yaxın olmayan adamlar mənim yazımdan sonra deməyə başladılar ki, bu ifadəni guya yazıçının öz dilindən eşidiblər. Ənvər yetərincə qapalı, yetərincə qürurlu və məğrur insan idi, hər rastına çıxan adamın şablon: “necəsən?” sualına “həyatım ağrıyır” deyə cavab verməzdi...
Rəsul Rza və Ənvər Məmmədxanlı həm əmioğlu, həm də xalaoğludurlar.
Rəsulun atası İbrahim Məhəmməd oğlu Məmmədxanlı və Ənvərin atası Qaffar Məhəmməd oğlu Məmmədxanlı doğma qardaş, Rəsulun anası Məryəm Abbas qızı Rzayeva və Ənvərin anası İmmihanı Abbas qızı Rzayeva doğma bacıdırlar.
Beş yaşındaykən atasını itirmiş Rəsul dayısı Məhəmmədhüseyn Abbas oğlu Rzayevin himayəsiylə böyümüş və sonralar onun familini qəbul etmişdir.
“İKİ ÖMRÜN İŞIĞI” xatirələr kitabına yazdığı Ön sözdə Ənvər Məmmədxanlı deyir: “Rəsul Rza bir ömür boyu mənim üçün nəinki bir dost, bir yoldaş və böyük qardaş idi, o, eyni zamanda, uşaqlıq illərindən mənə müəllimlik etmişdi və həmişə mənim üçün örnək idi”.
Mən də uşaqlıqdan Ənvəri əmim kimi tanımışdım və bəlkə də o, atamın atabir-anabir qardaşı olsaydı belə, mən onu sevdiyimdən artıq sevə bilməzdim, ona qəlbən bağlandığımdan artıq bağlana bilməzdim. Mənə bağışladığı kitabının üstündə “Əzizim Anara, ürək dostuma” sözləri mənimçün ən təmtəraqlı “izhari məhəbbətdən” daha qiymətlidir.
“Ayrıldılar” hekayəsinin qəhrəmanı İlyas ömrü boyu həsrətində olduğu atı – dayısının atını çapıb məhv eləməsi, “Babək” romanında da eyni çılğın ehtirasla köhlənin belinə sıçrayıb uçuruma atılan gəncin aqibəti Ənvərin gənclik xatirələri ilə bağlıdır. Dayıları Məhəmmədhüseyn Rzayevin Qaragöz və Ceyran adlı atlarını çapmaq istəyən yeniyetmə Ənvərin arzularının əksidir.
“Uşaqlıq illərimizin ən böyük arzusunu yada salmaq istəyəndə hafizəmdə iz salan budur ki, bizim ən böyük arzumuz səyahət idi. Və bir dəfə Göyçayın üstündəki Boz dağa yemlik, turşəng, quşəppəyi yığmağa gedəndə hansı bir təpə başındasa uzaqlara baxarkən Rəsul mənə dedi ki, heç kəsə demə, bu yaxınlarda evdən qaçarıq, baş alıb gedərik, bütün dünyanı gəzərik”.
Elə bil öz gözümlə görürəm bu səhnəni – Göyçayın quru, boz təpələrinin birinin başında iki uşaq dayanıb – biri qıvrımsaçlı, o biri ondan üç yaş böyük, göygözlü – harasa uzaqlara baxırlar və içəri aləmlərində uzaq ölkələri – böyük-böyük şəhərləri, dənizləri, okeanları, gəmiləri görürlər. Bu romantik xəyalpərvərlik onların hər ikisinin xislətində idi. Hər ikisi dünyanı gəzmək, çeşidli ölkələri görmək, aləmi dolaşmaq eşqiylə yaşayırdılar. Hər ikisi mühitlərində darıxırdılar və hər ikisini yaşadıqları dar məkan çərçivəsi sıxırdı. Atamın “Darısqallıq” şeiri elə bu barədədir. Bu narahatlıq, çəpərlər, hüdudlar içində darılmaq hissi Ənvərin də bir çox hekayələrində əks olunub – onun qəhrəmanları karvanlara qoşulur, baş götürüb uzaqlara getmək istəyi ilə çırpınırlar. Gəncliyində yazdığı “Karvan dayandı” hekayəsində də, qocalıqda tamamlamadığı “Babək” romanında da.
“Ayrıldılar” hekayəsində insanı sıxan, bıkdıran adiliklər mühitinə qarşı etiraz sevginin zahiri səbəbsiz, izahsız pozulmasıyla, ilk baxışda məntiqsiz görünən ayrılmaqla nəticələnir.
Sonralar Ənvər “Ayrıldılar” hekayəsini yenidən işlədi, əsaslı dəyişdi və bəlkə bu son variantda “Axı niyə ayrıldılar” sualına daha məntiqli cavab tapmaq olar, amma məncə, hekayənin birinci variantına xas olan yarımtonlar, kövrək və incə aura itirilib. Ənvər Məmmədxanlının sağlığında çap olunmuş ikicildliyini oxuyanda təəssüf hissi ilə gördüm ki, uşaqlığımdan, demək olar ki, hafizəmdə başdan-ayağadək diri yaşayan bir çox süjetlər, o cümlədən, “Bakı gecələri”, “Ay işığında” hekayələrini də yazıçı yenidən işləyib və yeni variantlar, zənnimcə, əvvəlki mətnlərdən bədii cəhətdən üstün deyillər. Amma onu da deyim ki, “Bakı gecələri”ni yenidən oxuyanda bir yerdə diksindim. Axı eyni epizod – küləkli havada dam üstündə paltar sərən qara paltarlı qızın rüzgarla, ağlarla rəqsi mənim “Gürcü familiyası” hekayəmdə və onun əsasında çəkilmiş “Gün keçdi” filmində də var. İstəyirsiz inanın, istəyirsiz yox. Bu hekayəni yazanda mən ondan azı 20-25 il qabaq oxuduğum “Bakı gecələri”ndəki bu səhnə əsla yadımda deyildi. Bəlkə özümün belə dərk etmədiyim şüuraltı yaddaşımda yaşayırmış. Qəribədir ki, Ənvərin köhnə hekayalərini yenidən oxuyanda mənim nəslimdən olan başqa yazıçıların – Elçinin, Əkrəm Əylislinin bəzi əsərlərində də “Ənvər motivləri”nə yaxın parçalar tapdım.
“Ayrıldılar” hekayəsində kənd qırağında görüşüb soyuq daş üstündə söhbətləşən gənc oğlanla gənc qızın münasibətləri, bu səhnənin ümumi aurası Yusif Səmədoğlunun eyni ruhda köklənmiş “Soyuq daş” hekayəsini xatırladır. Bütün bu bənzəyişlər, əlbəttə, təsadüfi də ola bilər, gənclik mütaliəmizin şüurlarımızda ilişib qalmış qəlpələriylə də izah edilə bilər.
Məhz bu mənəvi və üslub yaxınlığına diqqət çəkmək üçün Ənvər Məmmədxanlının “Ayrıldılar” və Yusif Səmədoğlunun “Soyuq daş” hekayələri bu kitaba daxil edilir.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)