Nərgiz Mustafayeva, “Ədəbiyyat və incəsənət” üçün
Kiçik çillədən sonra Novruzadək qalan 30 gün, yəni fevral ayının 20-dən mart ayının 20-dək olan dövr Boz ay adlanır. Boz ay qış fəslinin xalq arasında sonuncu ayıdır. Boz ay fevral ayının 20-si, yəni Kiçik çillənin qurtardığı vaxt girir və mart ayının 21-dək, yəni Novruza qədərki, dövrü əhatə edir.
Xalq arasında bu dövrə müxtəlif adlar verirlər: “Boz ay”, “Alaçalpo”, “Çillə-beçə”, “Ağlar-gülər ay”.
“Xalq coğrafi terminlərinin izahlı lüğəti” kitabında “Alaçalpo”nun fevral ayının 22-dən mart ayının 22-dək olduğu qeyd olunur. “Alaçalpo” ifadəsinin “qışın sonunda yağan qar” olduğu deyilir. Beləliklə, Boz ay qışın son yarım ayını və yazın əvvəl yarım ayı olan dövrü əhatə edir.
Belə rəvayət edirlər ki, qədim zamanlarda insanlar ayı, günləri hesablamaqda çətinlik çəkirmişlər. Belə çaşqınlıqları aradan qaldırmaqdan ötrü insanlar ili aylara, ayları isə günlərə bölürlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Lakin Boz aya cəmi 14 gün düşür. Aylar arasında bərabərlik yaransın deyə hər aydan bir gün götürüb Boz ayın günlərinə əlavə edirlər. Yenə də düzgün alınmır: hər ayın 31 günü, Boz ayın isə 25 günü olur. Yenidən bir ay bir gün, digəri iki, zavallı fevral isə Boz aya üç gününü verir və Boz ay olur 31 gün.
Beləliklə, Boz ay öz günlərini ilin müxtəlif fəsillərindən aldığı üçün hava baxımından qarışıq olur. Havalar tez-tez dəyişir, bir gün isti olur, səhəri gün soyuq olur.
Boz ay dövründə əkinçilikdə bəzi işlərin görülməsinə başlanılır. Yazın müjdəçisi hesab olunan Novruzgülü Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır. Tətqiqatçıların deyiminə görə, Novruzgülü Boz ay girməmiş heç vaxt açmır.
“Boz ay”ın böyük bir hissəsi mart ayına düşür. Mart ayını “vuruş, savaş ayı” da adlandırırlar. Rəvayətə görə, mart ayında soyuqla isti döyüşür və sonda isti qalib gəlir. Bu savaş Cəmlələrlə başlayır. Azərbaycanın müxtəlif böləgələrində Çərşənbələrə “Cəmlələr”, “Cəmilə”, “Cəlimə” deyilir. Bununda izahı onunla verilir ki, ilk Cəmlənin suya düşməsindən sonra sular donmur. Elə Cəmilə sözünün mənası “günəşin ilk isti şüası” deməkdir.
Türk xalqlarının mifologiyasında da od - istilik, Günəş anlamını verən “Cəmrə” anlayışı mövcuddur. Fevralın 20-də, Kiçik çillənın çıxdığı gün Cəmrə havaya baxır, hava isinir. Bir həftə sonra, yəni fevralın 27-də Cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş verir.
“Boz ay” bir həftə çəkməklə dörd çilləbeçəyə (Çərşənbəyə) bölünür. Bu ayda olan dörd Çərşənbə müqəddəs sayılır. Çərşənbələr təbiətin dəyişməsində dörd ünsür olan: su, od, yel və torpaq ilə əlaqləndirilir.
Çərşənbələrin ilk üçünü “Doğru üskü”, sonuncunu isə “İlaxır çərşənbə” deyə adlandırırlar. Bu Çərşənbələr Novruza hazırlıq dövrünü təşkil etdiyi üçün bu Çərşənbələrə “Novruz çərşənbələri” də deyilir. Bəzi deyimlərdə Çərşənbənin ilki “Əzəl”, “Müjdəçi” çərşənbə adlanır, ikinci çərşənbə “Kül”, üçüncü çərşənbə “Gül”, sonuncu çərşənbə “İlaxır” çərşənbə sayılır. Coğrafi relyefə görə bəzi bölgələrimizdə çərşənbələrin yeri fərqli qeyd olunur.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)