Məmməd Araza ithaf

“Ədəbiyyat və incəsənət” portalının “Redaksiyamızın poçtundan” rubrikasında sizlərə Çoşqun Xəliloğlunun Xalq şairi Məmməd Arazıa həsr etdiyi şeir təqdim ediləcək. Şeir “Mənəviyyat zirvəsisən” adlanır. Xatırladaq ki, ötən gün Məmməd Arazın növbəti ad günü qeyd edildi.

 

 

Mənəviyyat zirvəsisən

 

Şeiriyyət dünyasında

Tükənməyən sözün vardır.

Keçdiyin çətin yollarda

Pozulmayan izin vardır.

 

Xalqa sevgi səadətdir,

Xalqımıza sədaqətdir,

Hər addımın ləyaqətdir,

Hər addımda “özün” vardır.

 

Sevdan ilahi sevdadır,

Səsin əbədi sədadır

Azərbaycan bir dünyadır,

Çiçək açan arzun vardır.

 

Xalqımın iftixarısan,

Şeirimizin baharısan,

Sönməz işıq, ziya, nursan,

Gur çalınan sazın vardır.

 

Çox sevirdin bu torpağı,

Vəsf etdin qayanı, dağı,

Naxçıvanı, Qarabağı -

Hər evdə avazın vardır.

 

Kür, Araz kimi çağladın,

Uluları soraqladın,

Yaxşılara bel bağladın

Hər ocaqda közün vardır.

 

Mənəviyyat zirvəsisən,

İlahinin töhfəsisən,

Ədalətin gur səsisən,

Nur tökülən üzün vardır.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.