Sağlam qidalanma, Şef və Evsiz pişiklər Günüdür bu gün Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə hansı əlamətdar hadisələr təsadüf edir? Gəlin birlikdə təqvimimizi vərəqləyək.

 

16 oktyabr. Ümumdünya Anestezioloq Günü

Ağrıya qarşı hamı həssasdır. Ən mürəkkəb tibbi müdaxilələrdə “narkoz” deyə tanıdığımız anestezioloji preparat ağrının şiddətini azaldaraq, yaxud tam kəsərək bizim bu müdaxilələrə tab gətirməyimizə yardımçı olur. Bu prosesi icra edən mütəxəssislər anestezioloqlardır ki bu gün də onların günüdür. Tarixin ilk belə mütəxəssisi qədim yunan təbibi və filosofu Dioskorid hesab olunur, o, eramızdan əvvəl 1-ci əsrdə Roma ordusunda təbiblik edərkən imperator Nerona məruzə edib ki, mandraqordan hazırlanmış yuxugətirici və ağrıkəsici məlhəmləri yaralı əsgərlərə içirdəndən sonra onların üzərində cərrahi əməliyyat aparmaq daha rahat və asan olur. 1846-cı ilin 16 oktyabrında isə amerikalı stomatoloq və cərrah Uilyam Morton ümumi narkoz düzəltmək üçün anesteziyadan ilk dəfə istifadəni publikaya göstərib.

Anestezioloqları təbrik etməyəkmi? Edək. Yetər ki onu da deyək ki, mədəniyyət xadimləri də cəmiyyətin anestezioloqlarıdır, onlar ədəbiyyat, musiqi, kino kimi janrlarla mənəvi insan ağrılarını keyləşdirməyə borcludurlar. Keyləşdirə bilirlərmi, bax bu ayrıca söhbətin mövzusudur.

 

16 oktyabr. Ümumdünya Sağlam Qidalanmaq günü

Həmən bu gün fəst-fud yeməkdən, qazlı şirin içkilər içməkdən, tütün və alkoqoldan uzaq durun. Bircə günsə bunu edin. Süfrələrdən uzaq düşmüş təbii ərzaq düzün süfrəyə. Nehrə yağı, camış qaymağı, şanı balı, kənd yumurtası, xaş-xaşlı şor yeyin səhər-səhər, günortaya unudulmuş dədə-baba yeməklərindən hazırladın, məsələn, birinciyə əvəlikli isti. İkinciyə səbzi-qovurma. Üstündən təzə sıxılmış nar, yaxud üzüm çirəsi için. Bəh-bəh. Şam yeməyinə də bir cam camış qatığı ilə təzə inək südünü qarışdırıb təzə təndir çörəyi ilə birlikdə doğramac edib gözünüzə təpin. Bundan sağlam qidanı ağlınıza belə gətirməyin. (Bunları əldə etməyin göydən ulduz qoparmaq qədər çətin olduğunu üzümə vurmayın, siz öz canınız).

 

16 oktyabr. “Sonuncu mogikan”

Ümumdünya ərzaq günüdür həm də bu gün. Soyuducusu ərzağa tamarzı insanlara yetər ki, bir-iki ərzaq alıb verəsiniz.

Şef günüdür. Müdirləri təbrik etmək təvəqqe olunur. Bunu etməsəniz də olar. Əksər müdirlər onsuz da tabeçiliklərində olan işçilərinin hüquqlarını pozub özləri üçün cənnəti bu dünyada təmin edirlər.

Allerqoloq günü. Pis bəladır, Allah qorusun sizi, allerqoloqlara işiniz düşməsin. Mən burdaca sizə bu mərəzin ən ağlagəlməz növü barədə danışmaq istəyirəm. Çiyələkdən, sitrusdan, göbələkdən allergiyası olanlar var, tozdan, günəşdən allergiyası olanlar var. Deməzsənmiş, pul əskinaslarından da allergiya mümkündür. Adam var ki, əli pula toxunanda bədəni səpib alışıb-yanır. Yazıçı Varis bu mövzuda bir hekayə də yazıb, “Sonuncu mogikan” adlanır. İnternetdə adını yazsanız çıxacaq, oxuya bilərsiniz.

Ümumdünya onurğa günüdür. Onurğanızı qoruyun mütləq.

Evsiz pişiklər günüdür. Rastınıza çıxan küçə pişiklərinə bir şey verin yesinlər.

Bədnam qonşularımızda mətbuat günüdür. Qaraya ağ, ağa qara yazmaq üzrə ixtisaslaşmış erməni mətbuatı bu gün ən böyük yalançıları mükafatlandıracaq. ABŞ bəs neynəyəcək? Milli likyör gününü qeyd edəcək. Vur ki vurasan.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.