Abdulla Şaiqin mənzil-muzeyində Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 15-də Abdulla Şaiqin mənzil-muzeyində “Füzuli rindü-şeydadır...” adlı ədəbi-bədii və musiqili tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən təşkil olunub.

 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı ədəbiyyatşünas alimləri, Abdulla Şaiqin mənzil-muzeyinin əməkdaşları, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları və İncəsənət Gimnaziyasının gənc istedadları iştirak ediblər.

 

Füzulinin yaradıcılığı, o cümlədən şairin qəzəlləri haqqında elmi məruzələr dinlənilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları “Leyli və Məcnun” operasından səhnə təqdim ediblər (quruluşçu rejissor - Əməkdar artist Nicat Kazımov). Respublika müsabiqələri laureatı, gənc xanəndə Yusif Cəfərbəyli muğam ifa edib.

 

Şərq poeziyasının ən böyük ustadlarından biri olan Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər qoyub, onun yaradıcılığı Yaxın və Orta Şərq ölkələrində ədəbi sənətin inkişafına mühüm təsir göstərib. Şairin insana məhəbbəti, gözəlliyi və yüksək idealları tərənnüm edən çoxşaxəli fəlsəfi-bədii irsi dünya mədəni irsinin tərkib hissəsinə çevrilib. Füzulinin doğma dilində yazdığı əsərlər Azərbaycan poeziyasını yeni zirvələrə qaldırıb, ona dərinlik və ifadə zənginliyi bəxş edib. Dahi şair bütöv bir ədəbi məktəb yaradıb, çoxlu istedadlı davamçılar yetişdirib. Qədim dövrlərdən bu günə qədər onun adı mükəmməllik rəmzi olaraq qalır, eyni zamanda, şair və yazıçı nəsillərini yaradıcılığa ruhlandırır.

 

 “Ədəbiyyat və incəsənət”

(16.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.