Domates, bibər, patlıcan... – BU DƏFƏ BARIŞ MANÇODAN YOX, CÜZEPPE KARTADAN Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizə ünlü əcnəbi sənətçilərin gəlişi toy-bayram statusundadır. Bu dəfə də belə oldu. Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın  “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı fərdi sərgisi açıldı.

 

Ekspozisiyada böyük meyvə və tərəvəz heykəllərinin müəllifi Cüzeppe Kartanın müxtəlif əsərləri sərgilənir. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim olunur. Cüzeppe Karta olduqca unikal bir sənətkardır. Məsələn, onun Qırmızı bibər  heykəli vətənində Sardiniya Bankının mülkiyyətinə çevrilib. İtaliyanın Çili Bibər Akademiyası tərəfindən isə Cüzeppe Kartaya dünya üzrə “Çili bibəri səfiri” titulu verilib. Marqlıdır deyilmi? Xoşməramlı səfir, sülh səfiri və s. eşitmişdik, amma bibər səfiri əsla ağlımıza gəlməzdi.

 

Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov

vurğuladı ki, sərgidə Cüzeppe Kartanın 40-a yaxın əsəri təqdim olunur..

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko çıxışı zamanı sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi. O, Fondun İtaliya incəsənətini, italyan mədəniyyətini hər zaman təşviq etdiyini diqqətə çatdırdı, yüksək səviyyədə və hərtərəfli əməkdaşlığa görə minnətdarlığını ifadə etdi. Səfir bundan sonra da bir sıra digər çoxsaylı təşəbbüslərə dəstək veriləcəyini qeyd etdi.

Təbii ki, hamı səbirsizliklə heykəltaraş Cüzeppe Kartanın çıxışını gözləyirdi. O, Heydər Əliyev Mərkəzinin gözəl, əhəmiyyətli və nüfuzlu məkanlar sırasında olduğunu bildirdi. O, incəsənət sahəsində fəaliyyəti barədə məlumat verərək, artıq 30 ildir heykəltaraşlıqla məşğul olduğunu söylədi, öz əsərlərini olduqca sadə formada ərsəyə gətirdiyini qeyd etdi.

Heykəltaraş bildirdi ki, yaratdığı bütün əsərləri "cücərmə" adlandırır və əsərlərində "cücərmə"ni əks etdirməyə çalışır. Onun sözlərinə görə, hər kəs öz üzərinə düşən işi etməklə təbiətə minnətdar olmalıdır. 

Sonra sərgiyə baxış keçirildi. 

Mərkəzin park ərazisində və sərgi zalında nümayiş olunan əsərlər arasında xüsusi sənətkarlıqla işlənilən, yaradılması böyük zaman tələb edən fındıq, moruq, şaftalı, Çili bibərinin unikal heykəlləri və instalyasiyalar yer alıb. 

Nar, zeytun, üzüm və s. heykəlləri Cüzeppe Kartanı dünyaya sülhü, torpağı və xalqların mədəniyyətini təbliğ edən incəsənət xadimi kimi tanıtdırıb.

Məlumat üçün bildirək ki, Avropada tanınan “Böyük bibərlər” seriyası Cüzeppe Karta tərəfindən Çin Xalq Respublikasının Siçuan əyalətinin Çonqkinq şəhəri üçün hazırlanıb. 7,5 metr hündürlüyündəki bu heykəl bölgənin rəmzi kimi əsas meydanı bəzəyir. Cüzeppe Karta nüfuzlu Dünya Çili Alyansının (World Chilli Alliance) rəmzini də yaradıb. 

Müəllif “Milan Ekspo 2015”də Birləşmiş Millətlər Təşkilatının meyvə bağları konsepsiyası çərçivəsində də qırmızı bibər heykəlini təqdim edib.

Cüzeppe Kartanın təsvir obyektlərindən biri də nardır. O, 2012-ci ildə məşhur tenor və bəstəkar Andrea Boçellinin Toskana bölgəsindəki “Sükut teatrı” üçün 9 metrlik nəhəng narla səhnə dekorasiyası hazırlayıb. Daha sonra Kartanın “narlar”ı “Sükut teatrı”nın rəmzinə çevrilib. 

ABŞ, Avstraliya, Böyük Britaniya, Çin, Fransa, İsveçrə, İtaliya, Yeni Zelandiyada təşkil edilən sərgilərdə, festivallarda, Venesiya Biennalesində təmsil olunan, çoxsaylı beynəlxalq mükafatların sahibi Cüzeppe Kartanın əsərlərini paytaxt Bakıda bir ilə yaxın müddətdə izləmək mümkün olacaq. 

“Təbiətin nemətləri” sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı ilin yanvar ayınadək davam edəcək.

Əminik ki, bakılılar və paytaxtımızın qonaqları bu sərgini məmnuniyyətlə izləyəcəklər.

 

Şəkildə” Anar Ələkbərov və Cüzeppe Karta.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025) 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.