Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Uzun illərdir ki, 8 mart dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Bu gün hər kəsin hörmət bəslədiyi xanımlara hədiyyə almağa, təbrik etməyə tələsdiyi tarix olsa da, həm də hüzn dolu xatirələri ilə insanların yaddaşında qalıb...
Yəqin ki aranızda Xalq artisti Əliabbas Qədirovu xatırlayanlar hələ də var. Jurnalist Şahanə Müşfiq onun haqqında yazır: “Əliabbas Qədirov bütün ömrünü Azərbaycan teatr və kino sənətinə həsr etmiş, onlarla bir-birindən maraqlı rollara öz imzasını həkk etmiş və əsl sənətkar ömrü yaşamış aktyor idi. Onun həyatına, aktyor sənətinə gətirib çıxaran ömür yoluna nəzər salanda, keçdiyi maneələri, sıxıntıları oxuyanda düşünürsən, insanda nə qədər böyük sevgi, nə qədər böyük həvəs olmalıdır ki, hər şeyin üstündən xətt çəkib, gizlin-gizlin, oğrun-oğrun da olsa özünü, gələcəyini gördüyü sənətin arxasıyca getsin. Bəli, o, özünü yalnız aktyor kimi görürdü. Əlindəki heç bir imkan, kənardan edilən müdaxilələr, verilən məsləhətlər, qoyulan sərt qadağalar onu yolundan döndərməyə kifayət edə bilməzdi. Etmirdi də... Çünki onun aktyorluq sənətinə, səhnəyə sevgisi bunların hamısından güclü, hamısından böyük idi. Və bu sevgi qarşısında hər kəs təslim olurdu...”
Onun yaratdığı rənganəng obrazlar tamaşaçılarda dərin hisslər buraxaraq, bədii cəhətdən dolğun təsir bağışlayıb. Oynadığı rolları tamaşaçılara sevdirə bilib. O, həm də məşhur qiraət ustalarından biri idi. Onun ifasında bir çox klassiklərimizin poetik nümunələri lentə köçürülərək arxivləşdirilib...
Bəli, Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olmuşdu. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. "Dəmiryolçular" klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Tamaşalarda obrazlar yaratmaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Və o vaxtdan da peşəkar səhnəyə gəlib...
Sənətkar 1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına, 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti və 1989-cu ildə Xalq artisti fəxri adlarına, 2006-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
Əliabbas Qədirov 2006-ci il martın 8-də 60 yaşında ağ qan xərçəngi xəstəliyindən vəfat edib. Məzarı İkinci Fəxri Xiyabandadır.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(08.03.2025)