“Jewish Press”: Fransanın anti-Azərbaycan ritorikası bu ölkənin xarici və daxili siyasətinin mərkəzi komponentinə çevrilib Featured

 

Fransa Milli Assambleyasının üzvü Azərbaycanın Fransada sabitliyi pozmağa çalışdığını, ölkəsinin xarici və daxili siyasətindəki qeyri-sabitliyə görə Azərbaycan diplomatlarının məsuliyyət daşıdığını bildirib. Görünür, Makron hökuməti diplomatik uğursuzluqlarına günahkar axtarır. Şübhə doğurmayan məqam isə odur ki, anti-Azərbaycan ritorikası Fransanın xarici və hətta paradoksal olsa da, daxili siyasətinin mərkəzi komponentinə çevrilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham qlobal yəhudi mediasının nəhəngi, ABŞ-də yayımlanan “Jewish Press”də dərc olunmuş “Fransa Azərbaycan və Ermənistan arasında” sərlövhəli məqaləsində yazıb.         

Fransanın Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə sabitliyi pozmağa yönələn siyasətinin təhlili aparılan yazıda qeyd olunub ki, Azərbaycan və Gürcüstan gündəlik məsələləri özləri həll etməkdən ötrü regional əməkdaşlıq üçün yeni platforma yaratmağa çalışırlar. Çünki kənar müdaxilə bölgədə sabitliyi pozan əsas amil kimi görünür. Buna baxmayaraq, Qərb dövlətlərinin, xüsusən də Fransanın siyasəti regionun inkişafına mane olur.

Bildirilib ki, Cənubi Qafqaz hər bir siyasi addımı və manevri izləyən xarici oyunçuların daimi nəzarətindədir. Bu ölkələr öz geostrateji məqsədlərinə çatmaq üçün diplomatiyadan istifadə edirlər. Tarix göstərir ki, ardıcıl olaraq bu və ya digər tərəfi dəstəkləyən xarici oyunçuların müdaxiləsi parçalanmaları daha da gücləndirməklə həddindən artıq qütbləşməyə, düşmənçiliyə gətirib çıxarır. Bu baxımdan müəllif Azərbaycanı xarici təsirlərə boyun əyməyi qəbul etməyən və Ermənistanla sülh danışıqlarında üçüncü tərəfin iştirakına razı olmayan ölkə kimi səciyyələndirib.

Diqqətə çatdırılıb ki, Azərbaycanla Ermənistan arasında mübahisədə mərkəzi oyunçuya çevrilən Paris İkinci Qarabağ Müharibəsindən sonra İrəvanın himayədarı rolunu öz üzərinə götürüb. Fransa uzun müddətdir ki, ardıcıl olaraq Ermənistanı dəstəkləyir və bu, mediada işıqlandırılan təmayül deyil, artıq təsdiqlənmiş faktdır. Belə ki, Fransa həddindən artıq və yanlış tənqidlərə görə Azərbaycanla münasibətlərini itirmək riski ilə üz-üzədir.

Avropa İttifaqının (Aİ) Azərbaycan-Ermənistan münaqişəsinə qarışması məsələsinə toxunan müəllif əmindir ki, Aİ Azərbaycanla əlverişli iqtisadi münasibətlərə baxmayaraq, demək olar ki, açıq şəkildə Ermənistanın tərəfini tutub. Bakı ehtiyat edir ki, Avropanın, xüsusən də Aİ-nin Ermənistandakı missiyasının (EUMA) iştirakı sülh prosesinə xələl gətirər və Ermənistanda sülhə qarşı çıxan revanşist qrupları dəstəkləyər. Bundan əlavə, Azərbaycan EUMA-nın güclü üzv dövlətlərin təsiri altına düşmədən Aİ-nin bir bölməsi kimi muxtar fəaliyyət göstərə bilməsindən narahatdır və bu da Fransa hərbçilərinin missiyada birbaşa iştirakı ilə bağlıdır.

Ermənistanla Azərbaycan arasında hərbi kampaniyanın başa çatdığına və iki ölkənin bir neçə məsələ istisna olmaqla, münaqişə ilə bağlı əksər məsələləri danışıqlar yolu ilə nizamladığına diqqət çəkən müəllif Parisin İrəvana verdiyi dəstəyi gərginliyi artırmaq, münaqişəni qızışdırmaq cəhdi kimi xarakterizə edib. “Aydındır ki, fransızlar öz siyasi və diplomatik məqsədləri üçün Cənubi Qafqazda münaqişənin saxlanmasında maraqlıdırlar”, - tanınmış jurnalist sonda vurğulayıb.                                                

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jewishpress.com/blogs/dona-gracia-center/france-between-azerbaijan-and-armenia/2025/03/02/

 

Materialı portalımıza Diasporla İş üzrə Dövlət Komitəsi təqdim etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.