Durğunluq dövründə o susmurdu Featured

İnci Məhəmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Unutmağa haqqımız olmayan, gənc nəslin tanıması üçün əmək qoyduğumuz növbəti şəxs jurnalistdir, ötən əsrdə - Sovet dönəmində fəaliyyət göstərib, respublika mətbuatında külüng döyüb. Onun yaradıcılığının əsas özəlliyi o olub ki, durğunluq dövründə tənqidi mövzularda çıxışlar etmək cəsarətində bulunub.

İndi isə təfərrüatı.

 

Azərbaycan jurnalisti Ziyadov Böyükkişi 10 mart 1937-ci il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində kolxozçu ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini doğulduğu Yuxarı Şilyan kənd məktəbində alan B. Ziyadov orta məktəbi bitirdikdən sonra bir müddət kolxoz işində çalışmışdır.

O, 1971-ci ildən taleyini «Azərbaycan gəncləri» qəzetinə bağlamışdır. Ədəbi işçi kimi işə qəbul olunan B. Ziyadov az sonra qəzetin Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və uzun müddət bu vəzifədə çalışmışdır.

O, «Azərbaycan gəncləri» qəzetində sevilə-sevilə oxunan, xalq arasında çox populyar olan «Komsomol projektoru» və “Rəndə” rubrikalarının rəhbəri kimi həmin illərdə respublikamızın bütün bölgələrindən hazırladığı reyd materialları və felyetonları ilə hamını heyrətləndirirdi. Bu yazılar əsl peşəkar jurnalist araşdırmasının məhsulu idi. O, heç kəsin cəsarət etmədiyi və bacarmadığı sahələrə baş vururdu və istədiyinə nail olurdu. Onun hər məqaləsi, hər kiçik yazısı belə respublikada əks-səda yaradırdı.

Ziyadov Böyükkişi həm də gözəl, lirik şeirlər müəllifi idi. O, öz incə və zərif duyğularını o dövrün nəşrlərində - «Azərbaycan gəncləri», «Ədəbiyyat və incəsənət» qəzetlərində, «Ulduz» jurnalında və digər mətbu orqanlarda oxucularına Böyükkişi Atəşli imzasıyla təqdim edərdi. Bu şeirlərdə Vətənə, anaya, ataya, torpağa sevgi və məhəbbət hissləri tərənnüm edilirdi.

1976-cı ildə «Gənclik» nəşriyyatının nəşr etdiyi «Səhər şəfəqləri» ədəbi almanaxında verilmiş «Son xəbər», «Ömür payı», «Ləkəsiz vicdan», «Dözüm», «Sənin arzunla» və bir sıra digər şeirləri Böyükkişi Atəşlinin o illərdə yazdığı yüzlərlə şerlərindən bir neçəsi idi.

O, ötən əsrin 80-ci illərinin sonuna qədər - «Azərbaycan gəncləri» qəzeti nəşrini dayandırdığı vaxta qədər orda vicdanla, namusla çalışdı, heç zaman qələminə xəyanət etmədi.

2011-ci ilin may ayının 11-ində - ömrünün 74-cü baharında haqq dünyasına qovuşdu.

Allah rəhmət eləsin! 

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.