Gülxarə Əhmədova, Naxçıvan Dövlət Universitetinin dosenti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Deputatı. “Ədəbiyyat və incəsənət” üçün
Hazırda ölkəmiz təkcə region üçün deyil, qlobal konteksdə dəyərləndirə biləcəyimiz önəmli güc mərkəzinə çevrilib. İnkişafın əsas təzahürü isə ölkəmizin həm siyasi, həm iqtisadi, həm də idarəçilik sahəsində yürütdüyü ritorika ilə seçilməsidir.
Bu inkişaf yolu 1993-cü ildə əbədiyaşar lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıtması və hakimiyyətdə olduğu dönəmdə dövlətçiliyin bütün istiqamətlərində ciddi islahatlar həyata keçirməsi ilə başlandı. Xaos sistemi aradan qaldırıldı, siyasi institutlaşma, ordu quruculuğu, iqtisadi sıçrayış, sosial islahatlar yolunda önəmli addımlar atıldı. Dövlətçiliyin bütün sferaları intensiv inkişaf mərhələsinə keçid etdi. Ölkənin bugünkü qüdrətini stimullaşdıran əsas məqam isə ümummilli liderin siyasi kursunun əmin əllərə keçid etməsi oldu. 2003-cü ildə xalqın siyasi iradəsinin təcəssümü olaraq onun siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyev prezident seçilərək Heydər Əliyev məktəbini uğurla davam etdirəcəyi ilə bağlı vədlər verdi.
Həmin tarixdən başlayaraq həm daxili, həm də xarici siyasətdə dərin islahatlar dövrü başladı və atılan bütün addımlar onun vədlərinə sadiq lider olduğunu xalqa və dünyaya göstərdi. Dövlətçilik ənənələrinin gücləndirilməsi, sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamik siyasət, siyasi təhlükəsizlik və dayanıqlı sabitlik yüksək intellektli, praqmatik düşüncəli İlham Əliyevin nail olduğu uğurların çox kiçik qismidir. Siyasətin bütün sferalarında atılan addımlar və əldə olunan nailiyyətlər Əliyevin dünya siyasətini mükəmməl bilən və iqtisadi biliklərə dərindən yiyələnən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu sübut etdi.
Fenomenal şəxsiyyət İlham Əliyev bu kimi məziyyətləri və xalq sevgisi ilə ölkəsini dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirməyi bacardı.
Müzəffər lider İlham Əliyev kariyerasının zirvəsi isə ölkəmizin ərazi bütövlüyünü təmin etməsi, işğalçılığa son qoyması oldu. Son 200 ilin torpaqlarımızı geri qaytaran yeganə lideri kimi tarixə düşən İlham Əliyev təkcə torpaqlarından didərgin düşmüş, ata-baba yurdlarından qovulmuş köçkünlərin deyil, bütün xalqın qəlbində taxt qurmağı bacardı.
Dünyada gərgin kataklizmlərim tüğyan etdiyi, münaqişələrin eskalasiya həddini yaşadığı, beynəlxalq güclərin isə acizlik və laqeydlik nümayiş etdirdiyi bir vaxtda İlham Əliyev öz peşəkar diplomatiyasına, xalq birliyinə və ordu qüdrətinə arxalanaraq düyünlənmiş, status-kvo vəziyyəti qorunmağa çalışılan, bir çox böyük güclərin maraqlarının toqquşduğu Qarabağ problemini həll etdi. Rəsmi Bakı münaqişənin sülh masası arxasında həlli istiqamətində bütün səylərini ortaya qoydu, dialoq üçün imkanlarını əsirgəmədi, 30 ilə yaxın müddətdə danışıqlara maraqlı olan tək tərəf oldu. Fəqət qarşımızda müharibədən, vandalizmdən ilhamlanan bir təcavüzkar dövlət və bu dövlətin təcavüzkarlığından yararlanaraq riyakar maraqlarını həyata keçirməyə çalışan sözdə “vasitəçi” güclər var idi.
Sülh üçün bütün addımları atsaq da, hərçənd qarşımızda dayanan düşmənin də hansı xislətdə olduğunu anlayacaq dövlət zəkasına sahib liderimiz var. İstər Heydər Əliyevin, istərsə də İlham Əliyevin bu yöndə siyasəti həm də paralel olaraq ölkənin qüdrətlənməsinə, uğurlu xarici siyasət yürüdülməsi ilə diplomatik manevr imkanları qazanmağa yönəldi. “Qüdrətli diplomatiyası, inkişaf etmiş iqtisadiyyatı, güclü ordusu olan dövlət hər şeyə qadirdi” şüarıyla həlli mümkünsüz olan, çıxılmaza salınan problemin həllinə nail olduq.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tək Azərbaycan deyil, dünya tarixinə qızıl hərflərlə yazılan böyük Zəfərə imza atdı. Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun sonradan Vətən müharibəsi adı alan əks-hücum əməliyyatları tarixi ədalətin bərqərar olmasıyla nəticələndi. Zəfər salnaməsi olan 44 günlük Vətən Müharibəsi yalnız torpaqlarımızın işğaldan azad edilməsi, işğalçılığın aradan qaldırılmasıyla nəticələnmədi. Həm də heçə sayılan beynəlxalq hüququn tətbiqi, ədalətin təcəllisi, separatizmin ləğvi, eləcə də regionun siyasi mənzərəsinin yenidən formalaşdırılması ilə nəticələndi. Bu qələbə bizi növbəti böyük hədəflərə götürdü. Bu qələbə bizdə ədalətsizliyi ədalətli olmaqla aradan qaldırmağa inam yaratdı. Bu qələbə bizdə bir dövlətin yalnız öz gücü hesabına supergüclərə meydan oxuya biləcəyinə inandırdı. Nəhayət, bu qələbə bizə bir liderin xalqını və dövlətini sevdiyi təqdirdə, haqqlı və güclü olduğu təqdirdə aşa bilməyəcəyi heç bir problemin olmadığına inandırdı. “Ədalətsiz güc zalım, gücsüz ədalət acizdir” deyiminin real təcəssümü oldu baş verənlər. Aciz olduğumuz dönəmdə torpaqlarımızı itirdik, lakin güclü olunca əsla zalım olmadıq. Zalımlığa qarşı mübarizədə qalib gəldik. İndiki dönəm üçün əsas hədəfimiz sülh danışıqlarının Azərbaycanın haqlı maraqlı istiqamətində davam etməsi, Ermənistanın sabotaj ritorikasından yayındırılması, Bakı və Ankaranın sülh əlinin sıxılması və sülh müqaviləsinin imzalanmasıdır. İrəvan artıq öncəki siyasətini davam etdirmək imkanlarına sahib deyil.
Regionda yeni siyasi konfiqurasiya yaradılıb ki, bu mənzərədə Fransa kimi güclərin at oynatması üçün real zəmin mövzud deyil. Regionun yalnız region ölkələri üçün olduğunu 3+3 formatını gündəmə gətirməklə də təsdiqləmiş olduq. Vətən müharibəsinin başa çatmasından az sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri arasında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutan “3+3” formatı Cənubi Qafqazda 6 ölkənin iştirakını nəzərdə tutan yeni əməkdaşlıq platformasıdır. Həmin əməkdaşlıq formatının bir tərəfi Türkiyə, Rusiya və İran, digər tərəfi isə Azərbaycan, Gürcüstan və Ermənistandır. Bu minvalla region ölkələrini bir araya gətirmək, əməkdaşlıq sferalarını gücləndirmək və kənar gücləri bölgədən kənarlaşdırmaq hədəflənir. Bu hədəflərə isə nail olmağın əsas amili məhz bölgədə sülhün və sabitliyin bərqərar olmasıdır. Biz buna qələbə ilə əldə etməyi bacardıq.
Bu qələbə ölkəmizin həm regionda, həm də qlobal məkanda nüfuzunu və rolunu artırdı. 2020-ci ilə qədər bir çox fundamental layihələrə imza atan, qoca qitənin enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan indi daha geniş layihələr üçün sabit platforma formalaşdırıb. Təkcə enerji sektoruna diqqət yetirməklə İlham Əliyevin yürütdüyü titanik enerji diplomatiyasının ölkəmizə nələr qazandırdığını anlamaq mümkündür. Bu gün Rusiya-Ukrayna müharibəsinin bir çox qlobal risklərlə müşayiət olunduğu vaxtda Qərb cinahı Rusiyaya qarşı misli görünməmiş sanksiyaları Rusiya neftindən və qazından əhəmiyyətli dərəcədə asılı olan Avropa İttifaqı ölkələrində ciddi narahatlıq doğurub. Onlar qaz tədarükünün alternativ mənbələrini axtarır, mümkün şaxələndirmə variantları barədə düşünürlər.
Belə bir həssas dönəmdə karbohidrogen ehtiyatları ilə zəngin, strateji neft-qaz boru kəmərlərinə sahib Azərbaycan bu asılılığı aradan qaldırmağı bacardı. Hazırda Mərkəzi Asiya qazının Azərbaycan üzərində nəqli imkanları genişləndirilir. Beləliklə, ölkəmiz istər enerji, istər nəqliyyat-tranzit sahəsində Şərqlə Qərbin birləşdiricisi rolunda çıxış edir. Bu rolun güclənməsində ərazi bütövlüyünün təminatının ardınca gündəmə gələn, təməlləri formalaşdırılan Zəngəzur dəhlizi də xüsusi rol oynayacaqdır. Bu kontekstdə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli atılıb. Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun “Zəngəzur dəhlizi” kimi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi, yaxın gələcəkdə isə siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi planlaşdırılıb. Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu olacaq Zəngəzur dəhlizi Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını ən qısa marşrutla ən qısa vaxtda həyata keçirməklə dünyada tüğyan edən iqtisadi infilyasiyaya müsbət yöndən böyük təsir göstərəcək.
Dövlət başçısının uzaqgörən siyasəti sayəsində Azərbayacan təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmir, eyni zamanda sivilizasiyalararası dialoq sahəsində ciddi addımlar atır. Təsadüfi deyil ki, bu istiqamətdə təşkil olunan ən mötəbər tədbirlərə Bakı ev sahibliyi etməklə qalmır, özündə bir çox sivilizasiya daşıyıcısı olan toplumları tam tolerant mühitdə birləşdirir. Mötəbər tədbirlərə ev sahibliyi həm də ölkəmizin qüdrətini, günü-gündən yüksələn nüfuzunu, böyük güclərin Azərbaycana etimadını göstərməklə yanaşı, inkişafını və prinsiplərini beynəlxalq ictimaiyyət qarşısında təqdim etmək baxımından da önəmlidir. Bir neçə ay sonra dünyanın ən böyükmiqyaslı tədbiri olan, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 adlı tədbirin ölkəmizdə keçirilməsi də sadaladıqlarımızın növbəti bariz nümunəsidir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının milli prioritetlərindən biri “Təmiz ətraf mühitə və yaşıl inkişafa malik ölkə” kimi müəyyən edilib. Bu faktor bir daha ölkəmizin bütün sahələrdə uğurlu addımlar atdığını, etibarlı tərəfdaş kimi dünyada tanındığını göstərir.
Sadalanan bu uğurların və sadalanmağa zaman yetməyən digər nailiyyətlərin memarı özünü dünya siyasətində təsdiqləyən və işıqlı gələcəyə doğru ölkəsini, xalqını inamla irəlilədən müzəffər lider İLHAM ƏLİYEVdir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)