Könül, “Ədəbiyyat və incəsənət”
Görkəmli xanəndə, Xalq artisti, professor Canəli Əkbərovun anadan olmasından 85 il ötdü. Ecazkar musiqi ifa edən, muğam və təsniflərin misilsiz ifaçısı olan, üstəlik, opera sahəsində də parlayan ustad sənətkarın xatirəsi daim qədirbilən xalqının yaddaşında qalacaq.
Xanəndənin həyat yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salaq. O, 1940-cı il martın 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1958-ci illərdə Lənkəran Tibb Texnikumunda oxuyub. Musiqiyə hələ erkən yaşlarından hədsiz maraq göstərən Canəli Əkbərov 1963–1968-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində təhsil alıb və mədəni-mənəvi irsimizin zəngin xəzinəsi olan muğamın incəliklərini həmin dövrdə böyük həvəslə öyrənib. Burada onun sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olub.
Canəli Əkbərov 1976–1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
1963–1975-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında işləyən sənətkar 1976–2006-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, opera səhnəsində aparıcı rollarda çıxış edərək çox sayda yaddaqalan obrazlar yaradıb.
Canəli Əkbərov 1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uzun illər muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərib.
Onun yetişdirdiyi çox sayda tələbələr var ki, bəziləri musiqi aləmində ad çıxarmağa müvəffəq olublar.
Sənətkar milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirib və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. İfasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutmaqdadır və tutacaq da.
O, həm də milli mədəniyyətimizi uğurla təmsil edib, dünyanın bir çox ölkələrinə qastrol səfərlərində Azərbaycan mədəniyyəti günləri və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarıb.
Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.
Canəli Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)