Bir daha Milli Teatr Günü barədə - Akademik Milli Dram Teatrında Möhtəşəm Tədbir Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

2 gün öncə - martın 10-u Azərbaycan teatr ictimaiyyəti Milli Teatr Gününü təntənəli şəkildə qeyd edib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbir teatrsevərlərə unudulmaz anlar yaşatdı. 

 

Akademik Milli Dram Teatrında baş tutan gecə Dövlət Rəqs Ansamblının çıxışı ilə başladı. Tədbirin aparıcıları – Əməkdar artist Elşən Cəbrayılov və aktrisa Nəzrin Abdullayeva qonaqları salamlayaraq Milli Teatr Gününün əhəmiyyətindən danışdılar.

 

“Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə yekun vuruldu

 

Bayram gecəsinin birinci hissəsində “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin yekun nəticələri elan edildi. Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Televiziyasının dəstəyi ilə reallaşan layihədə 11 teatr 16 tamaşa ilə çıxış edib. Layihənin iştirakçılarına mükafatlar təqdim olundu. 

 

Fədakar sənətkarlara mükafatlar verildi

 

Teatr Xadimləri İttifaqı da öz ənənəsinə sadiq qalaraq, Azərbaycan teatr sənətinə töhfə verən fədakar sənətkarları təltif etdi. İttifaqın sədri, Xalq artisti Hacı İsmayılov yeni “Teatr fədaisi” medalını təqdim etdi. Bundan əlavə, Xalq artistləri İlham Namiq Kamal və Azad Şükürov “Ümid”, “Qızılgül”, “Teatr xadimi” və “Sənətkar” mükafatlarını sahiblərinə təqdim etdilər. Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze də bu nüfuzlu mükafatlara layiq görüldülər. 

 

“İblis və...” tamaşasına “Qızıl Dərviş” mükafatı

 

Gecənin ən maraqlı məqamlarından biri Akademik Milli Dram Teatrının “İblis və...” tamaşasının “Qızıl Dərviş” mükafatına layiq görülməsi oldu. Tamaşanın rejissoru Mehriban Ələkbərzadəyə mükafat təqdim edildi.

Sonda Mehriban Ələkbərzadə teatrsevərləri bayram münasibətilə təbrik edərək, Azərbaycan teatrının gələcək uğurlarına inandığını bildirdi.

Milli Teatr Günündə bir daha sübut olundu ki, Azərbaycan teatrı öz zəngin ənənələrini qoruyub saxlayaraq yeni uğurlara doğru inamla irəliləyir.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.