“İncəli Kərəməm, dindirdim sazı...” Featured

 

Ötən gün - mart ayının 11-i azərbaycanda aşıq sənətinin təbliğində və inkişafında xüsusi xidmətləri olmuş ustad Aşıq Kərəm Nəsibovun 80 illik yubileyi günü idi.

“Ədəbiyyat və incəsənət” portalı şair İbrahim İlyaslının ustadın xatirəsinə həsr olunmuş yazısını oxuculara təqdim edirik.

 

 

Yaman olur unudulmaq,

Ellər, mənt unutmayın!

                          Füzuli Sabiroğlu

Unudulmamaq haqqı olan ustad sənətkarlarımızdan biri də Aşıq Kərəm İncəlidir. Son vaxtlar onun haqqında xatırlamaların səngiməsi yağışlı bir yaz günündə yadıma düşəndə, xeyli kövrəltdi məni bu düşüncələr. Aşıq Kərəm dünyaya saz səsinə gələnlərdən, dünyadan sinəsində saz gedənlərdəndir axı. Bütün ömrünü aşıq sənətinin sirlərini öyrənməyə, öyrəndiklərini şəyirdlərinə, eləcə də millətə çatdırmağa həsr etmişdi Kərəm  İncəli.

Borçalıda ustad Kamandardan dərs almışdı, Qazaxda ustad Aşıq Ədalət Nəsibovla qoşa görərdik onu el şənliklərində. Sənətdə öz çəhlimi, öz cığırı olduğundan dinləyicilər arasında da öz pərəstişkarları varıydı Aşıq Kərəmin. Saz-söz sərraflarından kimi dindirsən indi də onun haqqında böyük ürəklə, ağızdolusu danışar  yəqin. O, bu məhəbbəti dərin biliyi, sahmanlı-sığallı çalğısı, bənzərsiz avazı, toy-düyünlərdə özünəməxsus bir aşıq ədası ilə usanmadan söylədiyi dastanlar ilə, bir sözlə, əsl sənətkar ömrü yaşamağıyla qazanmışdı. 

… Yadımdadı, Azərbaycan Aşıqlar Birliyinin «Ozan» qəzeti yenicə nəşrə başlayanda onunla bir müsahibə hazırlamaq qərarına gəldim. Aslanbəylidə, öz evində qarşıladı bizi, səmimiyyətlə cavablandırdı suallarımı. Çox mətləblərdən danışdıq – ürfan elmindən, ustad məqamından, şəyird təliminqdən, elimizin-obamızın gün-güzəran qayğılarından. Sonra da sazı köynəyindən çıxartdı, zilini zil, bəmini bəm elədi, sinəsində müstəkəm elədi, ürəkləri riqqətə gətirən, könülləri sehriylə süsləyən havalarla baş-başa qoydu bizi. Müsahibə qəzetdə çap olunanda razılıq elədi, düşüncələrini olduğu kimi oxuculara çatdırdığımıza görə təşəkkürünü bildirdi…

Yağışlı bir yaz günündə bu yazının qələmə alınması da mətbuat səhifələrində Aşıq Kərəm İncəlinin xatırlanmasını görmək istəyindən baş qaldırdı ürəyimdə. İstədim ki, yaddaşlarda yaşamaq haqqı olan və yaşayan Aşıq Kərəm İncəli də mətbuat səhifələrindən bir daha pərəstişkarlarına boylansın.

Ruhun şad olsun, qəbrin nurla dolsun, Kərəm dayı! Haqqa qovuşan ulu ustadların sırasında yerin həmişə bəlli olacaq!

Elə bu yazının başlığı da Aşıq Kərəmin öz ifasında dönə-dönə dinlədiyimiz dillər əzbəri olan bir qoşmasından götürülüb:

 

İncəli Kərəməm, dindirdim sazı,

O gündən açıldı ömrümün yazı...

 

P.S. Uzun illər öncə qələmə aldığım bu yazını ustadın 80 illik yubileyi ərəfəsində öz arxivimdən tapdım və bu gün də o fikirdəyəm ki, Aşıq Kərəm İncəli  kimi ustad heç vaxt unudulmayacaq. O, bunu saz sinəsində əbədiyyətə qovuşmağı ilə daha çox haqq edib. Məqamı behişt, ruhu şad olsun!

 

 

Aşıq Kərəm Nəsibov

Tərcümeyi halı

11 mart 1945-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1995-ci ildə 50 yaşında dünyasını dəyişən ustad sənətkar hələ məktəbli ikən aşıq sənətinin sirlərini ustad Aşıq Kamandardan öyrənməyə başlamışdır. 1960-cı illərdən başlayaraq el şənliklərində, dövlət tədbirlərində ecazkar səsi və saz ifası ilə sənətsevərlərin diqqətini cəlb edən gənc istedadlı aşıq əvvəlcə Gəncəbasar, Göyçə, Borçalı mahallarında, radio və televiziyadakı çıxışlarından sonra isə bütövlükdə Azərbaycanda böyük  şöhrət qazanmışdır.

Aşıq Kərəm Nəsibov ilk dəfə Qazax rayon Mədəniyyət Evinin nəzdində Aşıqlar Ansamblını və saz dərnəyini yaratmış, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvü, birliyin Qazax Regional bölməsinin rəhbəri olmuşdur. Fəaliyyəti dövründə aşıq sənətini ölkəmizdə, eləcə də xarici ölkələrdə layiqincə təmsil etmiş, dövrünün yüksək mükafatlarına layiq görülmüşdür. Qurucusu olduğu Qazax Aşıqlar ansanblı və saz dərnəkləri bu gün də öz fəaliyyətini uğurla davam etdirir.

Ustad aşığın xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş, Qazax rayonundakı Aslanbəyli kənd Folklor klubuna Aşıq Kərəm Nəsibovun adı verilmişdir. Özündən sonra zəngin irs qoymuş yaradıcı aşığın 60, 65, 70 illik yubileyləri Mədəniyyət nazirliyinin dəstəyi ilə yüksək səviyyədə qeyd edilmişdir. Yaradıcı aşıq olan Kərəm Nəsibovun ömür və sənət yoluna həsr olunmuş iki kitab nəşr olunmuşdur. Həmin kitablarda onun poeziyası və ifaçılığı haqqında görkəmli sənətşünas və folklorşünas alimlərin elmi araşdırmaları və publisistik məqalələri də yer almışdır. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qızıl fondunda ustad aşığın çoxsaylı ifaları qorunmaqdadır. Aşıq Kərəm Nəsibov bütün klassik saz havalarının incıliklərinə dərindən bələd olmuş və bu havaların hər birini özünəməxsus ustalıqla ifa etmiş nadir sənətkarlarımızdandır.

Ustad Aşıq Kərəm Nəsibov 11 mart 1995-ci ildə, 50 illik yubiley günündə dünyasını dəyişmiş və Qazax rayonunun Aslanbəyli kəndində dəfn olunmuşdur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.