Gözündə kədər olan ən komik aktyorumuz - BƏŞİR SƏFƏROĞLUNUN 100 İLLİYİ MÜNASİBƏTİLƏ Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Uşaqlıqdan onun tamaşalarından fraqmentləri müxtəlif proqramlardan seyr edirdim, həmişə də atam deyirdi ki, “bu rəhmətlik kimi indi aktyorlar nə gəzir”.

Xüsusən. Əliağa Ağayevlə olan “yavaş-yavaş yandı” səhnəsi, yaxud da, guya arağı tərgitdiyi məhşur səhnə... Bunlar yaddaşlardan əsla silinməz. 

Və bir də o, hazırda komediya səhnəmizdə aparıcı yer tutmuş, məşhur Söylü obrazını yaratmış Afaq Bəşirqızının atasıdır.

 

Bəli, cəmi 44 il ömür yaşamış böyük komediya akytoru Bəşir Səfəroğlunun bu gün anadan olmasının 100-cü ildönümü tamam olur.

Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli rollarda çıxış edib. Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) və başqa obrazlar tamaşaçı qəlbinə yol tapıb.

 

Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddiillik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb.

Sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüzü oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək, tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifovun məsləhəti ilə müntəzəm olaraq teatrın tamaşalarına baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.

 

Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu tez-tez həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bununla da dili açılır. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.

Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.

 

Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilib və o, 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Tanınmış sənətkar 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Mən başlığı əbəs yerə belə qoymadım. Həqiqətən də, böyük aktyorun üzü gülsə də gözləri həmişə qəmli olardı. O, keçirdiyi sarsıntı dolu həyatın acılarını gözlərində daşıyırdı. Olsun ki, həm də vaxtsız öləcəyinin kədəri də gözlərinə çökmüşdü.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.