“Lilparlı dərə”dən gəl bir də keçək – ŞEİR-XƏRİTƏ Featured

1988-ci ilin qarlı 28 noyabr gecəsində öz doğma yurdunu məcburən tərk edən şair Güldərən Vəli, hələ də, Göyçə dərdi, Göyçə həsrəti ilə yazır... Bu həsrət, bu boyatlamayan dərd  ruhunda  daim çağlayır. 

 

“Ədəbiyyat və İncəsənət” portalının oxucularına şairin 2007-ci ildə  qələmə aldığı şeir-xəritəni təqdim edirik. Oxucular bu şeir-xəritəni oxuyaraq Göyçə  mahalı Basarkeçər rayonu Dərə kəndini “ziyarət edəcək”, milli toponimlərlə də tanış olacaqlar.

 

Ay vətən oğlu

 

Dünyanı seyr edən, ay vətən oğlu,

Öz ana yurduna, gəlsənə, gedək.

“Gədölən” dərədən çıxaq yuxarı,

“Qatarqaya”dan da bu yana enək.

 

“Mamalı yolu”ndan keç “Rusqırılan”a,

“Zirnicli bulaq”dan qalxaq “Qısır”a.

Oradan enəndə “Oruc oğlu”na,

“Piyalə bulaq”dan doyunca içək.

 

“Qısırın boynu”nda bir ayaq saxla,

“İsgəndər ocağı”na bir nəzir bağla.

Daşına üz sürtüb pirin qucaqla,

Çöküb diz üstünə torpağın öpək.

 

“Qaraçı yurdu”dur dağın ayağı,

“Sudəyən qaya”dan bir az aşağı.

Bax, “Bərə yeri”dir çayın qırağı,

Doqquzdəni yeyək, çiyələk dərək.

 

“Saqqızlı dərə”də gəzənlər hanı?

“Tüklü təpə”dədir futbol meydanı.

“Palıdlı meşə”si sorur halını,

Gəzdəyin başını gedək, bir görək.

 

Elə ki, düşmüşük yolun ağına,

Gəl qonaq olaq “Qızlar bulağı”na.

Dodağını söykə buz dodağına,

Göynəyə-göynəyə biz sərinləyək.

 

“Danalıq” bəzəkli cehiz xalısı,

“Qoç qoruğu” onun bəylik xonçası.

“Nazlı bulağı”nda üzən sonası,

“Lilparlı dərə”dən gəl bir də keçək.

 

Dolama yollarda durmur ayağım,

Nə gözəl qaynayır “Çoban  bulağı”m.

“Qara quzeyin başı” sərin yaylağım,

Əl-ələ verək biz, ürəklə gəzək...

 

“Ağ qaya”dan  kəsə çıxa biləydim,

“Koroğlu” qayasından baxa biləydim.

“Gur bulaq”tək coşub, axa biləydim,

Dərəni, təpəni gəl bir-bir gəzək.

 

“Gur bulaq”dan aşdı el “məntəqə”yə,

Hərə bir tərəfdə qurubdur dəyə.

Artıq ehtiyac yox bir söz deməyə,

Obada oturub duz-çörək kəsək.

 

“Məntəqə”dən bəri, “Xınna”ya aşdım,

Gördüm gözəlliyi, düzü, mən çaşdım.

Elə bil sehirli qapılar açdım,

Qırmızı lalədən donunu biçək.

 

Xaşxaşı yeyirsən təzə bal  kimi,

Baxırsan bu yurda nitqi lal kimi.

İstərəm, başına atıb şal kimi,

Laləyə qarışıb bu çöldə bitək.

 

“Məntəqə” olubdur elin yaylağı,

Çalxanır nehrəsi, tutulur yağı.

Pendiri, motalı, təzə qaymağı,

Köpüklü südündən gəl biz də içək.

 

Şəlalə dərədə düşübdür səsə,

Üzünə bir sərin dağ yeli əsə.

Bu yerdə çiçəklər düşübdür bəhsə,

“Solmaz çiçəyi”ni çəməndə seçək.

 

Güldərən, xəyalın yolları aşdı,

Fikrin ana yurdu yenə dolaşdı.

Göyçəni tərk edib elləri, qaçdı,

Kaş “Göyçə gölü”ndə bir dəfə üzək.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.