İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Harvard universitetinin sosioloqu doktor Edvard Banfild Amerika sosioiqtisadiyyatinin mobilizə edilməsi məqsədi ilə əlli illik təhqiqat aparmişdır. Və bu təhqiqatdan sonra belə bir nəticə çıxarmışdır ki, böyük uğur əldə etmiş insanların hamısı üçün əsas səciyyəvi cəhət gələcək perspektivi görmək bacarığıdır.
Banfild, “zaman perspektivini”, “şəxsin indiki addımlarını hansı gələcəyə hesablayıb atması” kimi izah etmişdir. Başqa sözlə, ən uğurlu insanlar, uzaqgörənliklə düşünən insanlardır. Onlar necə gələcək istədiklərini, hansı nailiyyətlərə can atdıqlarını müəyyən etmək üçün bacardıqları qədər uzağa baxırlar. Onlar həmin bu məqsədləri nəzərə alaraq bu gün müəyyən işləri görmək, müəyyən işlərdən isə imtina etməyi qərara alırlar.
Uzaqgörənliklə düşünmək praktikası isə karyeraya, şəxsi münasibətlərə, evliliyə və pula tətbiq edilir ki, qarşıdakı hissələrdə bunları ətraflı müzakirə edəcəyik. Uğurlu adamlar, indiki fəaliyyətlərinin gələcəkdə əldə etmək istədikləri nailiyyətlərinə uyğun olmasını təmin edirlər. Onlar daim şəxsi intizama riayət edirlər.Yəqin ki, uzaqgörənliklə düşünmədə ən önəmli söz qurban verməkdir. Uğurlu insanlar ömürləri boyu gələcək böyük nailiyyətlər naminə bugünkü cılız mükafatlardan imtina edirlər.
Qurban vermək bacarığını gunlərlə, aylarla, hətta illərlə kiçik əyləncələri qurban verib vaxtlarını, uğurlu gələcək qurmaq üçün vacib olan şəxsi inkişaflarına və təhsillərinə sərf edən insanlarda görə bilərsiniz.
Lonqfellou bir dəfə yazmışdır:
“Uca zirvələr güclü insanlar tərəfindən,
Edilməmişdir fəth qəfil sıçrayışlarla.
Yatarkən digərləri şirin yuxuda,
İrəliləyirdilər onlar gecələri də.”
Sizin bu gün planlaşdırmaq və zəhmət çəkmək bacarığınız əyləncəli olmasa da, lazım olan işləri görmək intizamınız uğurlu gələcəyinizin açarıdır. Uzaqgörənliklə düşünmək bacarığı inkişaf etdirilə bilən xüsusiyyətdir. Bu bacarığınızı inkişaf etdirdikcə, bugünkü hərəkətlərinizə tam nəzarət edə bildiyinizdən, gələcəyinizin nə qədər uğurlu olacağını daha dəqiqliklə deyə biləcəksiniz. Bu fərqli düşünənlərin xüsusiyyətidir.
Brayan Treysi/ Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)