“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, Milli Məclisin eksperti Əkbər Qoşalının görkəmli Azərbaycan şairi Davud Nəsib barədə yazısını təqdim edir. Müəllif yazını “Ədəbiyyat və incəsənət” portalında gedən “Poeziya antologiyası”nda “Davud Nəsib həftəsi”ni izlədikdən sonra qələmə alıb.
Azərbaycan poeziyasının nəcib simalarından biri olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov; 25.08.1942, Qazax – 26.032003, Bakı) 22 il bundan öncə gözlərini bu dünyaya yumdu. Ruhuna şadlıq dilədiyimiz şair, şeiri yalnız sənət üçün yox, həm də insan ruhunun, milli kimliyin, mənəvi borcun ifadəsi kimi yaşadan şairlərdən idi. Şairin yaradıcılığı, təsirli duyğularla yoğrulmuş misraları, vətən sevgisi və insani dəyərlərə sadiqliyi onun poeziyasını təkcə bədii örnəklər yox, həm də bir şəxsiyyətin iç dünyasının poetik kodları kimi təqdim edir.
Örnəyi,
Davud Nəsibin “Ata”, “Ata laylası” və “Əkizlər” şeirlərində atasızlıq, ata itkisi və ataya mənəvi bağlılıq motivləri özəl yer tutur. Onun atası 2-ci Dünya Müharibəsi zamanı Mozdok uğrunda gedən döyüşlərdə həlak olduğuna görə, şairin yaşamında ata obrazı daim bir nisgil, eyni zamanda, ruhani bələdçi kimi qalıb...
“Əkizlər” şeirində atasız böyüyən övladın özündə ata izlərini axtarması və ona bənzəmək istəyi ifadə edilir. Bu, necə deyərlər, bir növ, ruhun məkan axtarışıdır – ata obrazı yalnız fiziki yox, mənəvi bir dayağa çevrilir. Davud Nəsib ata mövzusuna həm fərdi, həm də ümumi bir prizmadan yanaşır. Onun şeirlərində ata – yalnız bioloji varlıq deyil, həm də insan ruhunun aynası, yaşamın mənəvi qütbü kimi təsvir olunur.
Şairin poeziyasında vətən sevgisi, belə demək mümkünsə, gözlənilən hiss-həyəcan, ovqat kimi deyil, insanın yaşam fəlsəfəsi, yığvalı kimi ifadə olunur. Onun “Azərbaycan” və “Mənim andım” şeirləri bu baxımdan özəlliklə vurğulanmalıdır. Bəli, burada Azərbaycan yalnız coğrafi məkan deyil, tarix, yaddaş və ruhun tamlığı kimi təqdim edilir.
“Mənim andım” şeirində şairin vətənə bağlılığı hamılaşmış, normalaşmış sevgi olmaqdan çıxıb, bir ömürlük borc və and olaraq təcalla edir. Burada fədakarlıq, milli ruh və şərəf motivləri açıq-aydın görünür. Bu şeirlər, özəlliklə müstəqillik dönəmində yazılmış əsərləri, onun yalnız lirik deyil, həm də vətəndaş şair missiyası daşıdığını göstərir.
Davud Nəsibin “Ümid” və “Nəsihət” şeirləri onun poeziyasının təkcə keçmişə və indiyə yox, həm də gələcəyə yönəlik olduğunu sübut edir. Onun nəsihətləri öyüd vermək xatirinə deyil, insanın həyatında əsas prinsipləri formalaşdırmaq üçün yazılıb. Şairin poetik dünyasında ümid insanın yaşamaq, mübarizə aparmaq və öz yolunu tapmaq üçün başlıca mayak kimi çıxış edir.
Bəli, şairin poetik yaradıcılığı yalnız gözəlliyin, lirizmin yox, həm də vicdanın poeziyasıdır.
Bəli, Davud Nəsib nəinki hisslərin, həm də düşüncənin, milli ruhun və insani dəyərlərin şairidir. Bəli, onun şeirlərində sevgi romantik təlatümlər deyil, sədaqət, vəfa və dərin insanilik üzərində qurulur və işıq seli kimi yayılır, yüksəlir.
Davud Nəsibin misraları bizi hələ də düşündürür, duyğulandırır, ruhlandırır. Onun poeziyası, sanki bir vicdan aynası kimi, oxucusuna öz könlünə göz atmaq, vətən, el-oba, şenlik və ev-eşik qarşısında öhdəliklərini yenidən dəyərləndirmək üçün fürsət yaradır. Şairin poetik yaradıcılığı güncəlliyini bundan sonra da qoruyacaq - biz buna inanırıq - çün o, yalnız bir dönəmin mövzuları içində qalmayıb, şeirin, ədəbiyyatın əzəli-əbədi mövzularına üz tutub, qələm çalıb, kitab yazıb...
Mənə doğma “Ədəbiyyat və incəsənət” portalının “Poeziya antologiyası”nda “Davud Nəsib həftəsi”ni izləmək xoş oldu.
Mənə elə gəldi, Davud Nəsibin poeziyası, sanki zamanın yaddaşında həkk olunmuş şairanə bir anddır. And içmək, andlı olmaq və anda tanıqlıq sıradan olaylar deyil…
Öz gənclik illərinin ən nüfuzlu gənclik ödüllərini almış şairin ömrünün son illərində gün üzü görən “Cavanşir” tarixi romanı sübut edir ki, onun nasir kimliyi şair kimliyindən heç də geri qalmayıb…
Ocağı sönməsin, ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)