Super User

Super User

Bazar ertəsi, 22 Yanvar 2024 14:30

Planlı hərəkət etmək niyə vacibdir?

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Söz verdiyim kimi, biznes-plan barədə daha geniş danışmağa başlayıram. Ümumiyyətlə, hazırkı sürət əsrində planlı yaşamadan nəyəsə iddia etmək çox yanlışdır. O cümlədən, biznes sahəsində də plansız fəaliyyət göstərmək bəri başdan özünü  uğursuzluq zolağına düçar etmək deməkdir.

Məsələn, mən elə insanla rastlaşmışam ki, aqrar sektorda biznes qurmaq istəyib, icarə sahəsi götürüb, orda tələb və təklifi öyrənmədən hansısa bir məhsulu əkib, nəticədə külli miqdarda ziyana düşüb. Bir başqası ticarət sektorunda böyük həcmdə bank krediti götürərək mövsümi dəblə tanış olmadan xarici ölkələrdən birindən böyük partiyada qadın paltarı gətirib,  nəticə onun üçün də məyusedici olub. Amma bu insanlar planla hərəkət etsəydilər, bazar analiz olunsaydı, mütəxəssislərlə məsləhətləşsəydilər, təbii ki, fiaskoya da uğramayacaqdılar.

Hər bir yeni başlayan və ya artıq təcrübəsi olan iş adamının uğur formulu çox sadədir: Nəyə tələbat olduğunu tapmaq və bu tələbatı təmin etmək.

2010-cu ildə mən həm fəaliyyətə yeni başlayan sahibkarlar üçün, həm də artıq fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün söz söyləmək, məsləhət vermək zərurəti duyaraq biznes planının tətbiqi nəzəriyyəsi mövcusunda kitab yazdım. Mən sahibkarlara aşılamaq istəyirdim ki, hər bir fəaliyyət növünün təməli biznes-planla hərəkət etməkdir. İşin sistemli plan əsasında qurulmasının vacibliyini dərk etməmək, kortəbiilik perspektivlərin  uçuruma yuvarlanması deməkdir. Elə həmin kitabda mən həm də biznes aləmində uğur qazanmağın qısaca düsturunu verdim: Biznes aləminin dərin, hərtərəfli analizi onu sübut edir ki, hər bir fəaliyyət növünün uğuru səlis, professional, vaxtlı-vaxtında hazırlanmış plandan və həmin plana əməl edilməsindən asılıdır. Və həmin biznes planın hazırlanmasını da mütəxəssislərə həvalə etmək lazımdır.

Qərb dünyasının biznes aləminin uzun tarixi və bugünkü nəticələri sübut edir ki, hər bir biznesin sığortası və uğuru müxtəlif növ konsaltinq xidmətləri ilə sıx bağlıdır. Dünyanın ən böyük və aparıcı konsernləri əbəs yerə  məsləhətçilərlə və konsaltinq qrupları ilə əməkdaşlıq etmirlər ki.

Biznes aləmi sərt və praqmatikdir. Mülayimlik və xeyirxahlığın burada yeri yoxdur. O, sentimentallıqdan məhrumdur və xeyriyyəçilikdən də uzaqdır. Pul müəyyən qayda və qanunlara riayət edərək həmişə onun artımı üçün şərait olan yerə can atır, onun üçün sərt mühit olan yerlərdən yan keçir və xüsusilə də, onun üçün ciddi riskin yarandığı zonalardan uzaq qaçır.

Biznes-plan olmadan, ümumiyyətlə, kommersiya fəaliyyətinə baş qoşmağa dəyməz, uğursuzluğa düçar olmaq riski xeyli böyükdür.

Biznes-plan gələcək müəssisənin və ya layihənin bütün əsas aspektlərini təsvir edən, onun qarşılaşa biləcəyi bütün problemləri analiz edən, həmçinin, həmin problemlərin həlli üsullarını müəyyən edən sənəddir. Buna görə də düzgün tərtib olunmuş biznes-plan sonda bu suala cavab verir: bu işə vəsait qoymağa dəyərmi və bu iş bütün vəsait və güc sərfini ödəyəcək bir gəlir gətirəcəkmi?

Biznes-plan, ilk növbədə, məhz sizə biznesinizin perspektivlərini, mövcud iqtisadi situasiyanı və imkanlarınızı görməyə, kampaniyanın inkişafının effektiv istiqamətlərini və qoyulan məqsədlərin əldə edilməsi üçün bütün zəruri addımları müəyyən etməyə, öz ideyalarınızı analiz etməyə, onların səmərəliliyini və reallığını yoxlamağa imkan verəcək. Bununla əlaqədar təkcə bu planlı işin yekunu – biznes-plan deyil, həm onun işlənib-hazırlanma prosesi qiymətlidir. Bu işə cəlb olunanların hamısı gələcək birgə fəaliyyət və ünsiyyət təcrübəsi, eləcə də biznesin inkişaf perspektivlərinə əsaslandırılmış baxış qazanacaqlar.

Biznes-plan siz və sizin əməkdaşlar üçün standart rolunu oynayacaq. Siz bu standartla onun praktiki reallaşdırılması üzrə fəaliyyətin nəticələrini  müqayisə edərək, bu fəaliyyətə zəruri korrektivlər daxil edəcəksiniz. Bu plan əməkdaşlara öz vəzifələrini aydın başa düşməyə, hamı üçün ümumi olan bizneslə bağlı şəxsi perspektivləri görməyə, qoyulan məqsədlərin əldə olunmasında şəxsi əməyini qiymətləndirməyə imkan verəcək. Biznes-plan müəssisənin ilk fəaliyyət ilində prioritetlərin və fərdi iş tapşırıqlarının müəyyən edilməsində faydalı olacaq.

İşlənib-hazırlanmış biznes-planı «məqsədə aparan yol» kimi, müəyyən olunmuş məqsədlərin əldə edilməsi üçün vaxta görə ən optimal və ən az riskli marşrutu müəyyən edən xəritə kimi nəzərdən keçirin.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

 

Türkiyədə ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Piano əsərləri” kitabı nəşr edilib. Kitab Ankara Dövlət Opera və Balet Teatrının əməkdaşı, peşəkar fortepiano sənətçisi, həmyerlimiz Nailə Əhmədova tərəfindən tərtib olunub.

 

Bununla bağlı AzərTAC-a məlumat verən Nailə Əhmədova Türkiyədə Azərbaycan bəstəkarlarının, klassiklərinin əsərlərinin həddən artıq çox sevildiyi üçün belə bir əsərə ehtiyac yarandığını deyib.

“Klassik musiqimizin banisi Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan bəstəkarlarının musiqiləri möhtəşəmdir və bu əsərlər qardaş Türkiyədə çox sevilir. Musiqilərimiz qulağa xoş gəlir, ürəkaçandır, tələbələr tərəfindən asan mənimsənir. Aralarında çətin mənimsənən musiqilərimiz də var, amma o əsərlərin də dinləyici auditoriyası Türkiyədə çoxdur”, - deyə Nailə Əhmədova bildirib.

Bu musiqiləri bir kitab şəklində hazırlayıb, tələbələrinə dərs vəsaiti olaraq təqdim etməsi ilə bağlı ideyanın üç-dörd il əvvəl yarandığını qeyd edən pianoçu deyib: “Əvvəl mütəmadi olaraq notların surətini çıxarıb tələbələrə paylayırdım. Doğma Türkiyəmizdə bu qədər ehtiyac olduğu halda nədən belə bir tərtibat olmasın, bizdən də bir xatirə qalsın, deyə düşündüm. Elə bu fikirlə də nəhayət ki, kitabımız ərsəyə gəldi. Zəngin repertuar seçimi olan kitabda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Musa Mirzəyevlə yanaşı, avropalı bəstəkarların da əsərləri yer alıb. Kitabın sonu da Üzeyir Hacıbəylinin “Yaxşı yol” əsəri ilə bitir”.

Müsahibimiz bildirib ki, Türkiyədə ilk dəfə fortepiano ifası üzrə tələbələr üçün hazırlanan belə bir dərs vəsaiti musiqi ictimaiyyəti üçün də olduqca maraqla qarşılandı: “Ümid edirəm ki, müvafiq qurumlar, xeyirsevər azərbaycanlılar bundan sonrakı nəşrlərin daha geniş tərtibatda və tirajda yayılmasına, azərbaycanlı musiqiçilərimizin qardaş Türkiyədə çox geniş təbliğinə öz dəstəklərini göstərərlər”.

Nailə Əhmədova kitabın Türkiyə ilə yanaşı Fransa, İtaliya, Amerika, Almaniyada da marağa səbəb olduğunu deyərək bildirib ki, o ölkələrdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət tərtiblə bağlı təşəbbüslər də var.

Nailə Əhmədova deyib ki, hazırda azyaşlılar, gənclərlə yanaşı, yaşı 40-daha çox olan və Azərbaycan musiqilərinə böyük maraq göstərən, fortepiano dərsləri almaq istəyənlərin də sayı Türkiyədə artmaqdadır: “Məqsədim budur ki, Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan bəstəkarlarının əsərləri Türkiyənin böyük səhnələrində zövqlə ifa edilsin və insanların ruhunu oxşasın”.

Nailə Əhmədova kitabın nəşrində xidməti olan “Arkadaş” Yayın Evinə də təşəkkürünü bildirib.

Qeyd edək ki, kitabda müəllifin özünəməxsus tədris metodu yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Bazar ertəsi, 22 Yanvar 2024 15:30

QİRAƏT SAATInda “Eşq mələyi”

 “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

36-cı hissə

 

Seçim

 

Ülkərevə nə halda qayıtdısa, anası ürəyini tutdu. Sözsüz bilinirdi ki, qızı yeni faciəyə tuş gəlib. Anası nə illah elədisə, Ülkər nə baş verdiyini danışmadı. Sadəcə dilə gətirdi ki, işdən çıxıb.

Bir neçə gün evdə oturub bir yana çıxmadı. Seçim etməliydi. Həyata qaldığı yerdən davam etsinmi, yoxsa hər şeyə tüpürüb başqa yol seçsin.

Bax onda da bütün həyatı gəlib kino lenti kimi gözünün önündən keçdi. Talesiz taleyinə hey göz yaşı axıtdı. Qızı gəlirdi, balaca əlləri ilə başını tumarlayırdı, gözünün yaşını silirdi. Aylin olmasaydı, tüpürərdi bu çirkab dolu həyata. Çoxdan canına qıyardı, bir ucuz intihar yolu seçib dünya ilə vidalaşardı. Amma bu balaca məxluq sanki tutub onu saxlayırdı, deyirdi, bəs mənim axırım necə olacaq?

Aylin necə duruş gətirə bilərdi bu rəzil dünyada? Anasının başına gətirilənlər onun da başına gətirilməyəcəkdimi? Kim zəmanət verərdi axı buna?

Çox ağır, sıxıntılı günlər idi, həyat tam namüəyyənlik içindəydi.

Bir həftə keçmiş anasının növbəti həkim müayinəsi vaxtı yetişdi, evdəki son pulu aparıb verəsi oldu, beş manat çörəkpulu saxladı, vəssalam.

Maddi sıxıntı qədər mənəvi sıxıntı da keçirirdi, gücü ona çatırdı ki, hey ağlasın. Göz yaşı quruyanda bir qədər musiqi dinləmək, filmlərə baxmaq, kitab oxumaq barədə düşündü. Bunlar bir qədər onu dərdin əlindən aldı. Səhər açılırdı, axşam düşürdü, gün beləcə keçirdi.

Evlərində kitab yox idi, telefondan pdf variantda sevgi romanı tapıb oxudu. Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını. İllər öncə bu romanın ssenarisi əsasında çəkilmiş “Təhminə” filminə baxmışdı, çox bəyənmişdi həmin filmi. Amma roman daha mükəmməl idi. Təhminədə özünü gördü. Bir bax, bəlkə də qırx-əlli il öncənin əhvalatıdır, orada da qadına kişilər tamahkarcasına, ağızları sulanaraq baxır, haqqında nalayiq sözlər çıxarırlar.

Qoca, idbar Dadaş deyir ki, Təhminəylə yatmışam. Manaf, Spartak görüntü yaradırlar ki, Təhminəylə yatmışıq. Kişilərin yeganə işi qadını ovlamaqdır, bu alınmayanda da öz məğlubiyyətlərini etiraf etmədən ona ləkə yaxmaqdır.

Demək, bu qədər il ərzində heç nə dəyişməyib. Köhnə hamamdır, köhnə tas.

Növbəti günlərdə kommunal xərcləri ödəmək, Aylinin liseyinin pulunu keçirmək kimi müşküllər də gəlib yükünün üstünə qalandı. Borc alsın. Amma kimdən? Tanışı da yox idi borc almağa. Bəlkə Gülgündən? Əsla. Bəlkə Banudan? Heç bir vəchlə. Bəlkə Nazəndə xanımdan? O da müalicə alırdı, təqaüdü iynə-dərmana gedirdi.

Bəlkə bacısını arasın? Bacısının nömrəsini yığdı. Bacısı onun nömrəsini bloka salmışdı, əri yazığı buna məcbur eləmişdi.

Bəs nə etsin axı?

Ölmək olmazdı, qızının xatirinə yaşamalıydı. Öz həyatına iki yolla əlvida deyə bilərdi. Biri intiharla. Digəri isə yüngül qazanc dalınca düşməklə. Özünü qızına fəda verməliydi ikinci yolu seçməklə. Nazanın kartı vardı, nömrəsi vardı. Onun yanına gedib əxlaqsızlıqla məşğul olaraq pul qazanmaq seçimi aktual idi. Onsuz da adına fahişə deyirdilər fahişə olmaya-olmaya. İndi də qoy əsl fahişə olsun.

Bu qərarı verib rahatlaşdı.

Yolu bəlli idi. Ertəsi gün Nazanın yanına gedəcəkdi. Ondan “iş” istəyəcəkdi.

 

 

 “Ədəbiyyat və incəsənət”

(22.01.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Elnaz İslamvəndin şeirlərini  təqdim edir.

 

 Köylü Qız adıyla tanınmış güneyli şairə, Elnaz İslamvənd  1983-cü ildə Təbriz  şəhərində doğulmuşdur. O, 2005-ci ildə pedaqoji fakültəsini Təbriz universitetində bitirmişdir. Şairənin “Bax, mən də köylü qız olmuşam” adlı ilk kitabı 2005-ci il və “Islanmış son duraq” adlı şeirlər kitabı 2017-ci ildə işıq üzü görmüşdür.

 

QIVRILAN YOL

 

Mən yoruldum, gözün aydın,

Bu sən, bu verdiyin ürək.

Artıq tanrının əlindən,

Heç iş belə gəlməyəcək.

 

Kim deyir ki, ömür boyu,

Yora bilməz yollar məni!

Fəsillər aldadır bizi,

Təqvimlər oynadır səni.

 

Birisi köçürtdü səni,

O fəsildən bu fəsilə.

Yuxu da görməzdim belə,

Ayağım səndən kəsilə.

 

Mən yoruldum, gözün aydın,

Dönürəm, bu imza, bu qol.

Sonunda zəhrini tökdü,

İlan kimi qıvrılan yol…

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Bazar ertəsi, 22 Yanvar 2024 16:00

Tomun və Cerrinin cavan vaxtları

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

KƏLAMLAR

 

Əgər sənə deyirlər ki, sən qəşəngləşmisən, bu elə odur ki, sənə desinlər, sən əvvəllər pis gündə idin. 

 

Çıpslər - bir ədəd kartofun bir kilo kartofun qiymətinə sırınmasıdır. 

 

Müdriklik odur ki, sən başqalarından ağıllı olduğunu gizlədirsən, amma bunu elə edirsən ki, onlar əsl həqiqəti duyurlar. 

 

Gəmi suyun altına ətrafındakı suya görə getmir ki, içinə dolmuş suya görə gedir. İmkan vermə ki, pislik sənin içinə dolsun. 

 

Qırmızı dənizdə qara kürü yemək Qara dənizdə qırmızı kürü yeməkdən daha gözəldir. 

 

İttihametmədən gözəl özünütəmizəçıxarma hələ kəşf edilməyib. 

 

Öz məqsədləri olmayan başqasının məqsədləri üçün çalışar. 

 

Şəkildə: Tom və Cerrinin uşaqlıq şəkilləri tapılıb. 

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Payız məzəsinin hazırlanma qaydası təqdim ediləcək. 

 

LAZIM OLAN ƏRZAQ:

Pomidor – 50 qr

Xiyar – 50 qr

Acı bibər – 10 qr

Bolqar bibəri – 15 qr 

Albalı – 25 qr

Zeytun yağı – 10 qr 

Reyhan – 8 qr

Kahı – 15 qr

Duz – 4 qr

İstiot – 0,05 qr

 

QEYD: 

Bu və ya başqa növ salatlarda, bəzən xörəklərdə turş təzə və ya quru meyvələrdən istifadə olunur. Demək olar ki, limondan az istifadə edilir. 

Mövsümə görə məzələrin tərkibləri dəyişə bilər.

 

HAZIRLANMASI:

Tərəvəzlər yuyulur, təmizlənir, müxtəlif formada (kvadrat, fal, romb, samanvarı) doğranır. Kahı, reyhan xırda-xırda doğranır. Albalının çiyidi təmizlənir. Səliqə ilə qarışdırılır. Qablara pay şəklində qoyulur, üzərinə az miqdarda zeytun yağı əlavə edilir, süfrəyə verilir.

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Poetik Qiraətdə bu gün sizlərə şair Yusif Nəğməkarın yeni şeirini təqdim edirik. Bu soyuq qış günlərində şair əbədi sevgi mövzusuna müraciət edir. Hədər yerə deyilməyib ki, sevgi hərarətləndirir! 

 

 

NEYLƏDİN?!

 

Neylədin saçının ətrini, gülüm?

Göndər, əsən yellər yetirsin mənə.

Əhvalın necədir-mən hardan bilim?!

Sən ki xətri əziz xətirsən mənə!...

 

Neylədin əlini isidən əli?!.

Əl-ələ çağları çatdır əlimə.

Ələndi başıma həsrətin "ləl"i...

Ayrılıq zülümdür, nə var ölümə?!.

 

Sənsiz itirdiyim itgim də çoxdur...

Mənsiz köhlənsizim-atsızım sənsən...

Daha "Adsız" adda şeirim yoxdur,

Amma yazılası adsızım sənsən...

 

Neylədin, necoldu gülüşlərimiz?..

Qoşa şəklimizin düşəri hanı?!.

Bəxtəvər olmişduq dağda, düzdə biz...

Qəlbə həkk edərdik hər ötən anı...

 

Doymadım ilahi işvələrindən...

Neylədin o nazı, o ədanı bəs?!

Müqəddəs bilərdin o sevgini sən;

Deyərdin qalan şey əbəsdir, əbəs!..

 

Gəz, dolaş xatirə küçələrini,

Gəl, ayaq izini yarama sürtüm...

Göndər mənsiz keçən gecələrini,

Yuxusuzluğumun üstünə örtüm...

 

Qoruyaq ülfətin zərif yerini,

Yersiz inadımız gəlsin imana...

Birgə könlümüzün nəğmələrini

Verək bulaqlara aranjimana.

 

Xəyalım cəm olur bircəm önündə,

Qəlbindən kənarda necə təklənim?!.

Hardadır atəşin bu qış günündə?!.

Ömrümə bahartək gəl, çiçəklənim!..

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Bazar ertəsi, 22 Yanvar 2024 14:00

700 ballı şəhid

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

İlk 20 Yanvar idi ki, ürəyimizdən “şəhidlərin qisası tam alındı” kəlmələri keçdi. Axı ərazi bütövlüyümüz  bu 20 Yanvarda tam bərpa olunmuş şəkildə idi. 

Bununla belə, şəhidlərimiz üçün yenə ürəyimiz qan ağladı. 20 Yanvarda, Qarabağ müharibəsində görün bir, necə insanlarımızı itirmişik…

 

Mən onlardan biri haqda hədsiz kədərlə, dərd içərisində danışmaq istəyirəm. 

Evin tək övladı olan, 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə daxil olan, oxuya-oxuya həm də ofisiant işləyən, havalar isinəndə ailəsinə dəstək olmaq üçün axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışan Müşfiq Orucovdur şəkildə gördüyünüz bu yaraşıqlı gənc. 

Aprel döyüşlərində 21-yaşında qəhrəmancasına şəhid oldu Müşfiq. 

Bu qədər əqillə, dərrakə ilə, çalışqanlıqla kim bilir, hansı zirvələrə ucalacaqdı. Amma ömrünü müharibə yarımçıq bitirdi. Bəli, müharibənin üzü çox sərtdir, o çox amansız və qəddardır. 

İndi Müşfiq yalnız ürəklərdə yaşayır, onu sevənlərin ürəklərində. 

İstərdim, onu ya bir yazıçı öz romanında, ya bir rejissor öz filmində, ya bir bəstəkar öz simfoniyasında, ya bir rəssam öz rəsmində əbədiləşdirəydi. 

Belə oğulları itirmək həqiqətən də ədalətsizlikdir. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 


Yuxumu alanın yuxusu daşdı...


Ona bax, necə də daş kimi yatıb!

yuxumu alanın yuxusu daşdı,

kəkliklər didəndə bayatı dadıb –

yalçın qayaların qoxusu daşdı.

Sürməli – gözünü yaşdan qorusun,

zülfün günəbaxan quşdan qorusun,

başlılar başını daşdan qorusun;

başıdaşlıların qorxusu daşdı!

 

Əhsən, ocaq daşı! – əyri də, düz də

cumub – qurşağadək oturdu közdə,

gül də atan olar, çiçək də, söz də;

mənə atılanın çoxusu daşdı!

 

Daşın da bəxtində o tay – bu tay var,

duydunmu sınında – daşda haray var!

“Kəhraba saray” var, “Altun saray” var –

amma hamısının yaxası daşdı.

 

Tez ol, tikilməyə başdan, evimiz,

dayan yüz illərlə – yaşdan evimiz!

Şuşada uçsa da daşdan evimiz,

qalxacaq, bünövrə soyxası daşdı!

 

Daş-qaşın özü də daşdan törənər,

həyatı öyrənən – daşdan öyrənər,

ömür, Vahid ƏZİZ, daşa dirənər;

çünki, torpağın da arxası daşdı...

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam, hamımızın əzizi Qafar Sarıvəllinin 68 yaşı tamam oldu. Portretlər, təbiət mənzərələri, kitab illüstrasiyaları - gözəl rəng seçimi, isti və soyuq rənglərin remiksi, bir-birilərini tamamlaması… - bir yaradıcı ömrün qısa xülasəsi belədir. 

 

Rəssamın tərcümeyi-halına diqqət edəndə elə də çox xronika görmək olmaz. Özünü gözə soxmağa çalışmayan rəssam təvazökardır, ancaq həm də çox zəhmətkeşdir. 

Qafar Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirib. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var.

1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 

2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. Bu sərgilər Bakıda düzənlənib. 2013-cü ildə isə bu dəfə Qazaxda sərgisi baş tutub. Həmin sərgi barədə ayrıca danışmaq istəyirəm. 

 

Yaxşı yadımdadır, istedadlı fırça ustası Qafar Sarıvəlli ən yaxşı əsərlərindən ibarət ekspozisiyasını doğulub-böyüdüyü Qazaxın sənətsevərlərinə təqdim etmişdi. Rəssamın sayca üçüncü fərdi sərgisi Mədəniyyət və Turizm Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayondakı Dövlət Rəsm Qalereyasında təşkil olunmuşdu

Qalereyanın direktoru Münəvvər Xəlilova sərgini giriş sözü ilə açaraq Qafar Sarıvəllinin zəngin və geniş mövzulu yaradıcılığı barədə məlumat vermiş, onun doğma torpaqla sıx bağlı olduğunu, əsərlərində yurd sevgisinin aydın sezildiyini vurğulamışdı, mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun təbrik məktubu oxunmuş, rəssamlardan Məmməd Dəmirçioğlu, Nəcməddin Hüseynov, Səyyar Məmmədov, heykəltəraş Ramiz Qaya Qafar müəllimi təbrik etmişdilər.

Sonra rayonda qonaq olan Azərbaycan Respublikasının ovaxtkı ombudsmanı Elmira Süleymanova, ictimaiyyət nümayəndələri sərgilənən əsərlərə baxmış, ekspozisiyadan zövq aldıqlarını ifadə etmişdilər. 

Qeyd edim ki, Qafar müəllimin “Səhər”, “Natürmort”, “Günəş Şərqdən doğur”, “Sevgi”, “Mübarizə”, “Ayrılıq”, “Göyəzən”, “Qobustan”, “İncədərəsi”, “Kürqırağı”, “Soyqırım”, “Muğam aləmi”, “Zurnaçı”, “Qaçaq Kərəm”, “Yurda bağlı ömür” kimi mövzuca çeşidli, Vətən sevgisi və məfkurəvi ideyalarla mənalanmış əsərləri xüsusən maraq doğurur. 

 

Qafar Sarıvəlli deyir:

— Mən rəssam olduğuma görə doğulduğum İncədərəsi obasına, kəndim Kəmərliyə borcluyam. O bənzərsiz yerlərin min bir rəngi — baharının ağ donu, yayının zümrüdü libası, payızının qızılı mənzərəsi, qışının çılpaq və qarlı görüntüləri, adamlarının möhkəm və mehriban simaları, halallıq saçan bənzərsiz obrazları dünyaya gözünü açıb özümü anlayanda qəlbimdə bitib-tükənməyən duyğular oyatmış, sanki “bizi gör və göstər” deyə pıçıldamışdır. Uşaqlıq illərində kəndimizin “balaca rəssamı” kimi tanındım, hərbi xidmətdə rəssamlıqla nəfəs aldım. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində görkəmli fırça ustalarından dərs alandan sonra taleyimi bugünədək sevib-seçdiyim rəngkarlıqla bağladım.

 

Qafar Sarıvəllinin yaradıcılığında aydın seçilən iki istiqamətin — mənzərə və portretlərin özəllikləri duyulur. Əgər onun portretlərində təsvir olunan insanlar öz şəxsi keyfiyyətlərinə və fəaliyyətlərinə görə bir-birindən fərqlənirsə, mənzərələrinin hamısı bir məqsədə, yəni uca dağlarımızın, yaşıl çəmənliklərimizin, meşəliklərimizin, bir sözlə, təbiətimizin bənzərsizliyini, ana torpağımızın gözəlliyini bizə sevdirməyə qulluq edir.

Elə indi bu yazını oxuyanlar onun çəkdiyi Xalq şairimiz, dahi şair Səməd Vurğunun portretini görürlər. Əlavə olaraq portalımızın Rəsm qalereyası bölümündə isə Qafar müəllimin çəkdiyi çox möhtəşəm bir iş nümayiş olunacaq: “Aşıq Ədalət”.

 

Qafar Sarıvəllinin yaradıcılığında Azərbaycanda böyük ənənələri olan kitab tərtibatı sənəti də mühüm yerlərdən birini tutur. Son 20 ildə 100-dək kitaba çəkdiyi illüstrasiya onun bu sahədəki müvəffəqiyyətini sübuta yetirir. Yusif Kərimovun “Sarı sim”, Akif Səmədin “Ömrü özünə yaşasan”, Qara Qafqazlının “Şair elsiz olmasın”, Məhərrəm Qasımlının “Şah İsmayıl Xətainin poeziyası” və digər kitablara verilən tərtibatlar buna parlaq misaldır.

 

Dəyərli rəssamımız Qafar Sarıvəlli hazırda yaradıcılığının yetkin dövrünü yaşayır, 68 yaş hələ nədir ki. Və sənətini ürəkdən sevən rəssam bundan sonra da bir-birindən gözəl, dərin məzmunlu əsərlər yaratmaq əzmindədir. 

Uğurlar arzulayırıq, Qafar müəllim! 

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.