Super User

Super User

Çərşənbə, 22 Noyabr 2023 10:30

Uğurun zəminini necə yaratmalı?

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir məşhur müasir dövr rəvayəti yaranıb, deyirlər, bir nəfər imkansız şəxs radiolardakı, televiziyalardakı lotereya üzrə başgicəlləndirici uduş məbləğlərini, astronomik cek-pot reklamlarını o qədər görür, tanış-bilişin bu mövzudakı bazar söhbətlərini o qədər eşidir ki, böyük bir məbləğ udmaq arzusu onun həyatının şah arzusuna çevrilir. O hər gün xəyallar qurur ki, cek-pota sahib olub bütün borclarını qaytaracaq, mənzil, avtomobil alacaq, uşaqlarını oxudacaq, ailəsinə şad-xürrəm, firavan həyat bəxş edəcək. Və hər səhər işıqlaşanda əllərini göyə açıb Tanrıya dua eləyir ki, ay Tanrım, nə olar, mənə cek-potu udmağı nəsib elə.

Beləcə, aylar ötür, illər keçir. Arzusuna qovuşmadığını görən bu şəxs get-gedə aqressivləşir, Tanrıya duasında kəskin tonlardan, iradlardan istifadə edir, şikayətlənir ki, axı sən necə Tanrısan, bircə arzumu yerinə yetirmirsən.

Və bir gün qeybdən ona səs gəlir ki, ay binəva insan, sən böyük məbləğ udmaq istəyirsən, ancaq adi bir həqiqəti başa düşmək istəmirsən ki, lotereyada udmaq istəyən kəs ilk öncə lotereya biletini almalıdır. Bu necə olur ki, sən bileti almırsan, Tanrıdan uduş arzulayırsan, arzun da reallaşmayanda Tanrıya irad bildirirsən?

Bu rəvayət hazırda hədsiz aktualdır. Bu gün insanlar daha çox əziyyətsiz mənsəbə çatmaq istəyirlər. Oxumur, təhsil almırlar, bir sənət öyrənmirlər, bir əziyyətə qatlaşmaq istəmirlər. Bununla belə, rahat, firəvan, tam təminatlı həyat arzulayırlar. Və bu həyata da qovuşmayanda onların içlərində bir narazılıq, bir küskünlük şeytanları oyanır.

Ünsiyyət qurduğum həyatdan narazıların əksəriyyətində bu əziyyətsiz mənsəbə çatma meyillərini görürəm. Baxırsan, gəncdir, iş axtarır. Müraciət edir, köməklik göstərirsən, bir tanışından xahiş edirsən ki, onu işlə təmin etsin. Nəticə isə ürəkaçan olmur. O səni tanışının yanında pis vəziyyətdə qoyur. Verilən tapşırıqlara əməl etmir, görəcəyi işi görmək istəmir, «məni filankəs tapşırıb» bəhanəsinin altında kölgələnmək istəyir.

Bir dəfə bir tanışımın övladı üçün müəssisələrdən birinin müdirindən iş xahiş etmişdim. Onu növbə ustası vəzifəsinə təyin etdilər, mən də missiyamı bitirib gördüyüm növbəti savab işimin nöqtəsini qoydum. Amma deməzsənmiş, cəmi bir həftədən sonra bu şəxs müdirin qəbuluna düşüb şikayət edib ki, bəs ali təhsilliyəm, növbə ustalığı istəmirəm, heç olmasa sex rəisi təyin edin ki, perspektivim olsun, ən yüksək rəhbər vəzifələrə keçə bilim.

Bu nə təfəkkürdür, nə məntiqdir? Sən niyə istehsalı tam öyrənməmiş, təcrübə yığmamış, aşağı mərhələlərdə təkmilləşməmiş dərhal yuxarı mərhələ istəyirsən? Binanın birinci mərtəbəsi tikilmədən 5-ci mərtəbəsini tikməkmi olar?

Ya da böyük arzularla, amallarla yaşadığını iddia edən bir şikayətçi abiturientin qəbul imtahanlarına hazırlaşmaq əvəzinə həmin böyük arzuların, amalların xəyalları ilə, necə deyərlər, «xəyal-plov» yeməklə gün keçirdiyi məlum olur. Kitab üzü açma, müəllim yanına getmə, bilik əxz eləmə, sınaq imtahanlarına qoşulma, sonda da qəbul imtahanlarında az bal toplayıb küskünləş, ruh düşkünlüyü, xəyal qırıqlığı yaşa? Bu necə olur axı?

Düzdür, həmin gənc ailəsinin imkansız olması səbəbindən məktəbdənkənar vaxtda işlədiyini, boş zamanının olmamasını özünə alibi sanır, amma hər halda, gözəl bir məsəlimiz var, könlü balıq istəyən quyruğunu buzlu suya qoyar.

Sən biliklər qazanmaq əziyyətinə qatlaşmadan, yuxusuz gecələr keçirmədən, adi normal həyat rejimini kəskin dəyişmədən, öz çalışqanlığından motivasiya almadan axı necə ali məktəb tələbəsi ola bilərsən?

Və yaxud, bir şikayətçi olan tanış idmançını götürək. Yunan-Roma güləşçisidir. Yoldaşları durmadan məşq edirlər, qida rasionundan, vitamin qəbulundan, çəki tarazlığından tutmuş olimpiya çempionları olmuş ən güclülərin oyunlarını izləmək, məşqçilərin tapşırıqlarına diqqət kəsilmək, mövcud tematik ədəbiyyatı oxumağa qədər özlərini idmana sərf edirlər. O isə çempion olmaq xülyası ilə yaşayaraq sadəcə, beynində qazanacağı trofeylərdən necə istifadə edəcəyini canlandırır. Təbii ki, nəticə acınacaqlı olur, o, uğur qazana bilmir. Öz məsuliyyətsizliyinin  günahını məşqçi diqqətsizliyi və hakimlərin qeyri-obyektivliyinin üzərinə yıxmaqla indi o, nəyəsə nail ola biləcəkmi? Əlbəttə ki, yox!

Həyatın qızıl qanunu: Uğur qazanmaq üçün ilk öncə bu uğurun zəminini yaratmalısan.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

 

Çərşənbə, 22 Noyabr 2023 12:00

BİRİ İKİSİNDƏ – Rəvan Cavidin şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbəRəvan Cavidindir.

 

 

 

NEY ÜFÜRMƏDƏN...

(Salam Sarvana şərq sualları)

 

Soruşun, neçə il axtarıb aşiq

quyudan qeyb olan yaşsız qocanı?

Biz hansı dənizin ləpədöyəni,

hansı çöldə yanan közsüz ocağıq?

 

Soruşun, Şəmsini tapdımı Rumi?

Kərbəla içdimi Hüseynin qanın?

İsa qovuşdumu bəs atasına?

Musa tapmadımı qutsal olanı?

 

Məcnuna Leylini vəd edən yolun

sonunda nə vardı, bilinmədimi?

Min ildir axtarıb tapammadılar

Kərəmi yandıran o sarı simi.

 

Hansı bomba idi, yaxıb kül etdi

Şərqin uzağında sakuraları?

Neçə əli kəsib Xəzərə atdı

Yoldaş Stalinin dil şuraları?

 

Soruşun, kim idi edam günündə

öz xalqına baxıb köksü odlanan?

Otuz yaşlı məğrur, əyilməz əzmi

edam səhrasında dəyərsiz qılan.

 

Kim idi göylərə yol çəkən adam,

niyə yandırmışdı yazdıqlarını?

O hansı dəliydi, baxıb gülürdü

sırayla məftildən asdıqlarına?

 

Kim idi sübh vaxtı minarədəki,

niyə kəsilmişdi büllur avazı?

Hansı uşaqlıqdı, mərmi altında

hələ də gözləyir ətirli yazı?

 

 

N DAİRƏSİ

 

Sən də mənim kimi yadına salma,

hansı küçə idi bizi ayıran?!

neçə il təqvimə baxa bilmədim,

neçə ildi həmin günü sayıram,

neçə ildi güllər fidan qalıbdır,

neçə ildir açmır yaz bənövşəsi,

bu necə kədərdi, rüsvay elədi

içdiyim qəhərin sərxoş nəşəsi.

 

Bu necə yol idi, tozu-torpağı

hələ də üstümə sinmiş kimidir,

hansı xəyanətin yıxmışdı məni,

qürurum təzəcə dinmiş kimidir,

hansı acizliyin köləsi idim,

kim idi başımın üstündə cəllad?

 

Mən niyə inandım, hələ bilmirəm,

mən ki tanıyırdım

günahları adbaad,

çox da fikirləşmə, gözümün nuru,

mənim sahilimdə mirvari çoxdur,

qaç, qurtar özünü qəmin əlindən,

neçə gözəl gördüm, qəmə yoluxdu:

saçları tiftikləndi, üzləri soldu,

gözləri qəm çanağı, səsləri bərbad.

 

Nə badə yadına salma ayrılığı!

 

 

ÖLÜM ÜÇÜN

 

Ölümdü də,

gələr ömrün bir cığalbaz yazında.

yaşıl otlar üstündə,

burnumuzda yonca qoxusu,

gözlərimizdə günorta yuxusu.

 

Ölümdü də,

gələr yayın ortasında,

qorabişirən istidə.

sahil, dəniz, soyuq pivə...

ölüm də bunlar kimi bir meyxoş hissdi də.

 

Gələr ən səmimi payızda,

təzədən aşiq olub

bir qızın ətrinə aldandığımız noyabrda,

ayaqlarımız xəzəlləri əzdikcə

ömrümüz əzə bilməyəndə əcəli

bir şeir də yadigar qoyarıq kağızda,

içində ölüm sözü keçən bütün surələr

yarımçıq qalar ağzımızda.

 

Ölümdü də,

gələr bir qış gecəsi –

sobabımızın buxarı təzəcə səngiyəndə,

belimiz torpağa əyiləndə­­­–

insan nə gözəl sualdır qocalanda

"Bu hansı yoldur" cümləsinə.

 

Ölümdü də,

ya iyirmi beşdə, ya əllidə,

guya fərqi nə?

Ya yaşıl otlar üstündə,

ya da isti yorğan-döşəkdə,

guya fərqi nə?

 

yollardı da, hərəsi bir səmtdən gəlir,

eyni səmtə çıxmaq üçün,

soyuq dodaqlarımız hərəkətsiz,

gözlərimiz dolu hüzn.

 

 

QALATA

 

Yenə bir ulduz uçdu

sənin məmləkətindən mənim məmləkətimə,

yenə birinin ovuclarında yetim qaldı arzusu,

yenə ömür dediyin yalnızlığa məhkumdur.

 

Sənin yolunu sevdim,

nə qədərmiş yolçusu...

ən böyük yalanımı da sənə söylədim,

mən saf sevgilərin qədər ovçusu.

 

Mərmərəyə axıtdım bütün göz yaşlarını,

yumruğum havada ağlaya bilmərəm,

amma içimdə sancı, içimdə bir ağrı var,

bizim davamızın neçə ildir bağrı qan.

 

dostlarımı itirdim yalan pərvazlarında,

gözlərində dinməyən həqiqətin məşəli

Söndü Promoteyin əlində.

 

Rum qızı,

hardan tapdın bu yıxılmaz əzmini?

mənə də öyrət,

neçə güllə öldürər bu üsyankar ruhunu?

 

Güllə səsləri, qırılan şüşələr, polis siqnalı...

mən Qalataya baxıram qolların arasından,

şəhər səma edir,

şəhər sanki səmazən.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

 

 

Noyabrın  20-də Sumqaylt şəhərinin S.Vurğun adına Mərkəzi  Kitabxanasında  Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi  Kitabxananın birgə təşkilatçılığı ilə 3 kitabın təqdimat mərasimi baş tutdu.

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin verdiyi məlumata görə filologiya elmləri doktoru, professor, ictimai xadim, tarixi romanlar müəllifi, mərhum Əzizə Cəfərzadənin "Təzkireyi- Əzizə”, ustad xanəndə, qəzəlxan Ağakərim Nafiz Şirvaninin "Təzkireyi - Nafiz" və filologiya üzrə fəlsəfə doktoru, şair, yazıçı, araşdırmaçı Gülhüseyn Kazımlının "Salam, Məşədi" kitablarının təqdimat mərasimi keçirildi.

Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda  canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktor əvəzi Natəvan Axundzadə tədbir iştirakçılarını salamladı və qonaqları təqdim etdi.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin hər üç müəllif barədə və təqdim olunan kitablar haqqında oxuculara geniş məlumat verdi.

Sonra texniki elmlər doktoru, kitabların texniki redaktoru Turan İbrahimov,  filologiya üzrə fəlsəfə doktoru, şair, yazıçı, araşdırmaçı Gülhüseyn Kazımlı, ustad xanəndə, qəzəlxan Ağakərim Nafiz Şirvani, şair, yazıçı, esseist, tərcüməçi Kənan Hacı, yazıçı, şair, tədqiqatçı, Buzovna məscidinin axundu  Hacı Soltan Əlizadə, yazıçı, Əməkdar jurnalist Eyruz Məmmədov çıxış edərək klassik Azərbaycan ədəbiyyatından, onun məziyyətlərindən söz açaraq, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.

Respublikanın əməkdar artisti, şair Nazir Rüstəmin böyük Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından səsləndirdirdiyi “Məndə Məcnundan füzun aşiqlik istedadı var" qəzəli, kitabda şeirləri çap olunan müəlliflər- Lilpar Cəmşidqızı, Elşad Xaqan Davudoğlu və Böyükağa Müntəzirin oxuduğu qəzəllər məclisə başqa bir ovqat bəxş etdi.

Sonda Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktor əvəzi Natəvan Axundzadə qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)

Çərşənbə axşamı, 21 Noyabr 2023 14:45

Daimi müəllifimiz dərslikdə

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş yeni dərsliklər əsasında tərtib edilən çoxminli 3-cü sinif Azərbaycan dili Test Bankına ölkəmizin ən məşhur şairlərindən olan Nizami Gəncəvi, Abdulla Şaiq, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Məmməd Araz, Mədinə Gülgün, Mirmehdi Seyidzadə, Zeynal Cabbarzadə ilə yanaşı  “Ədəbiyyat və incəsənət” portalının daimi yazarı Əyyub Türkayın da yaradıcılığı qeyd edilmişdir. 

Belə ki, onun uşaqlar üçün yazdığı "Zəhmətkeş babam" adlı şeirindən bir bənd Test Banklka salınmışdır. 

Dərslik üçün nəzərdə tutulmuş vəsait "Bahar Nəşriyyatı"na məxsusdur.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)

Çərşənbə axşamı, 21 Noyabr 2023 14:15

Avtobusda basabas

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Bugünkü gülüş payınızı bir lətifə söyləməklə ərməğan edəcəm. 

Demək, fiziki cəhətdən zəif və cılız olan Dərdayıl bir dəfə Bakıbus avtobusuyla Dərnəgül tərəfdən mərkəzə gəlirmiş, avtobusda basabas olduğundan oturmağa yer yox imiş.

Belə olduğu təqdirdə bərk yorğun olan Dərdayıl öz-özünə deyir ki, kim mənə yer verməsə dünənkini edəcəm.
Düz önündə bir idmançı cüssəli biri oturubmuş, onun qulağı bu sözləri alır, qorxur, durur ona yer verir. 

Dərdayıl düşəndə idmançı cüssəli  maraqdan özünü saxlaya bilməyib soruşur:
- Qardaş, siz dünən neynəmişdiz ki? 

Dərdayıl deyir:

-Neynəyəsiydim ki? Ayaq üstə getmişdim.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə "Qonaq Teatr" layihəsi çərçivəsində noyabrın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı "Edama məhkumun son günü" (Viktor Hüqo) psixoloji dramı ilə Bakıda tamaşaçılar qarşısında çıxış edib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Teatr Xadimləri İttifaqının məlumatına əsaslanaraq xəbər verir. Məlumatda deyilir ki, Naxçıvan Teatrının 140 illik yubileyi münasibətilə oynanılan tamaşa görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşada edama məhkum edilmiş şəxsin son günündə keçirdiyi duyğular əks olunur, edamla yanaşı, yazılmamış iyrənc və rəzil qanunlar, bu cür qanunların fiziki ağrılardan daha çox mənəvi ağrılara səbəb olması ön plana çəkilir.

Tamaşadan sonra Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Naxçıvan Dövlət Milli Dram Teatrını yubiley münasibətilə təbrik etdi, teatrın keçdiyi şərəfli inkişaf yolundan danışıb.

Sonra Naxçıvan Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 140 illiyi münasibətilə, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov anadan olmasının 65 illiyinə görə, teatrın baş rejissoru Mir Qabil Əkbərov “Edama məhkumun son günü” tamaşasının uğurlu quruluşu münasibətilə İttifaqın Fəxri fərmanı ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)

Çərşənbə axşamı, 21 Noyabr 2023 13:45

“Türk evi”ndə Beynəlxalq Yemək Festivalı keçirilir

 

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki “Türk evi” ikinci dəfə Beynəlxalq Yemək Festivalına qapılarını açıb.

Türkiyenin Nyu York Baş Konsulluğunun ev sahibliyi ilə Xarici Konsullar Dərnəyinin təşkil etdiyi festivala 18 ölkə qatılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı TRT-yə istinadən xəbər verir ki, festivalda Nyu-Yorkda çalışan baş konsullar, yüksək səviyyəli menecerlər, diplomatik missiya əməkdaşları və çoxlu sayda qonaq iştirak edib.

Musiqili konsertlə müşayiət olunan festivalda Filippin, Bolqarıstan, Qazaxıstan və Meksikadan olan sənətçilər ənənəvi musiqiləri ilə qısa şoular təşkil ediblər.

Qonaqlara dünya mətbəxindən, xüsusən də türk mətbəxindən fərqli yeməklər və içkilər təqdim olunub.

Tədbirdə çıxış edən Türkiyenin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür belə tədbirlərin əksəriyyətinin digər maraqlı tərəflərlə, xüsusilə Nyu- Yorkdakı digər diplomatik və konsulluq nümayəndəlikləri və qeyri-hökumət təşkilatları ilə birgə təşkil edildiyini bildirərək,"Türk evi" bu keyfiyyətilə Nyu-Yorkda mədəniyyət və diplomatiya mərkəzinə çevrilib”. deyib.

Bunun Türkiyenin həm ictimaiyyət, həm də digər ölkələr qarşısında tanıtımına töhfə verdiyini vurğulayan Özgür "Türk evi"nin bu missiyasını davam etdirəcəyini vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında ukraynalı opera rejissoru Nikola Tretyakın quruluşunda səhnəyə qoyulan "Sevgi şərbəti" operası nümayiş olunub.

 

AzərTAC xəbər verir ki, tamaşada ilk dəfə çıxış edən, Nemorino rolunu canlandıran Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımovun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Əməkdar artistin ifasında ikinci pərdədə səslənən “Una furtiva lagrima” ariyası tamaşanın ən yaddaqalan anlarından biri olub.

Eyni zamanda, ilk dəfə tamaşada çıxış edən Mahir Tağızadə Belkore obrazını özünəməxsus təqdim edib. Operanın baş rol ifaçısı Əməkdar artist İnarə Babayeva (Adina) və Xalq artisti Əkrəm Poladov (Dulkamara) öz partiyalarını yüksək peşəkarlıqla ifa ediblər. Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivinin professional ifaları da özünəməxsusluğu ilə seçilib.

70-ə yaxın operanın müəllifi olan görkəmli italyan bəstəkarı Qaetano Donisettinin yaradıcılığında “Sevgi şərbəti”, “Lüçiya Di Lammermur”, “Don Paskuale”, “Favoritka” kimi operalar xüsusi yer tutaraq ona dünya şöhrəti gətirib.

“Sevgi şərbəti” operasını Q.Donisetti çox qısa bir müddətdə - iki həftə ərzində yazıb tamamlayıb. Tamaşa ilk dəfə 1832-ci ildə Milan Teatrında səhnəyə qoyulub, bundan sonra dünyanın bir çox teatrlarının repertuarına daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)

Çərşənbə axşamı, 21 Noyabr 2023 16:30

Yu, apar dərdləri, yağışım - ESSE

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Yağış! 

Səbirsizmisən? 

Əsəbindən dolmuş buludun göz yaşımısan? Nədir fikrin? 

Hər kəsi islatmaqmı istəyirsən? 

Bəlkə, çoxu hələ öz arzusu ilə islanmaq istəyir. Sən də onların arzularını həyata keçirirsən, ey yağışım. 

 

Bir xahişim var. Yerinə yetirərsənmi? İslat, yağışım. İslat mənfi düşüncələri, qurumağa

qoyma, sən Allah. İslat ki, özü bezsin, yox olsun, tərk etsin bizi. İslat, ərit buzlu kinləri, islat, qurban olum! Ərit o kinləri. Ərit ki, kin kiçik intihardır. O intihar məhv etməsin bizləri. Yu apar, dərdləri. İslat, yu çirkli qəlbləri, qoy təmiz hisslə döyünsün. Apar qəlbdən xəyanətləri. Apar, qoy aşiqlər saf məhəbbətlə sevsin! İslat, islat, apar yerin dərinliklərinə pis xatirələri və bir daha geri göndərmə! 

Sən bunu bacararsan, inanıram, yağışım. Yağ, sevinc gətir körpə balalara. Qoy, sənin damlaların altında qayğısız rəqs etsinlər. Yağ yağışım, xoş anlar yarat sevənlər arasında. Qoy çətir bəhanəsi ilə isinsinlər bir-birinə. 

Yağ yağışım, küsmüş həyat yoldaşlarını barışdır. Qoy bəhanə edib desinlər ki: “Yağış elə güclənsin ki, sel səni aparsın". Təbəssüm yarat bu küsmüş sevənlərin arasında. Barışdır onları. 

Hə yağışım, sən nursan. Sən göyqurşağını səmaya bəxş edənsən. Çək, çək bu rəngləri səmaya. Səmada gözəllik yarat. Baxaq, bu  gözəlliyə heyran olaq. Rənglərin sirrində itək. Hər rəngə şeir qoşaq, nəğmə deyək! Həyatımıza bu rənglərdən rəng qataq. Şükr edək Allaha. Hər günümüzə, hər saniyəmizə şükr edək. Unudaq acıları, yağışım. Allahın verdiyi ömrü sevərək, şikayətsiz yaşayaq. Anlayaq ki, gözəl həyat gözəl düşüncələrdən başlayır. Düşüncəmiz nədirsə, biz də ona çevrilirik. 

Elə isə gözəl düşünək ki, həyatımız gözəlliklərə bürünsün. Gözəl ovqatla ətrafdakıları da xoşbəxtlik sehrinə salaq.  Qoy, bu sehrin müddəti isə heç bitməsin. Daim var olsun, yağışım! 

Yağ yağışım, yağ arzularıma qoşul, yağışım.

        

 “Ədəbiyyat və incəsənət”

(21.11.2023)

Çərşənbə axşamı, 21 Noyabr 2023 17:00

Redaksiyanın poçtundan – Çoşqun Xəliloğlunun şeirləri

“Ədəbiyyat və incəsənət” portalının poçtuna gələn növbəti məktub Coşqun Xəliloğlundandır.  O, vətənpərvərlik ruhunda yazdığı şeirlərini göndərib. Buyurun, oxuyun.

 

 

QIRX DÖRD

 

Nə qırx üç, nə də qırx beş

Olmadı, qırx dörd oldu,

Kafirlərə  əbədi

Qüssə oldu, dərd oldu.

 

Qırx dörd -zəfər deməkdir,

Qırx dörd-hünər deməkdir,

Qırx dörd- Qarabağıma

Doğan səhər deməkdir.

 

Qırx dörd –cəsurum, mərdim,

Qırx dörd -ölməz şəhidim,

Qırx dörd-saysız igidim,-

Yenilməz  ər deməkdir.

 

Qırx dörd -sevgi səngərə,

Qırx dörd-ümid əsgərə,

Qırx dörd -iblisə, şərə

Möhkəm sipər deməkdir.

 

Qırx dörd- sözüdür haqqın,

Qırx dörd -gülməsi baxtın,

Qırx dörd- birliyi xalqın,

Müdrik rəhbər deməkdir.

 

Qırx dörd-  xoş gün, xoş soraq,

Qırx dörd –sönməyən çıraq,

Qırx dörd- müqəddəs ocaq,

Ziyarət, pir deməkdir.

 

Qırx dörd- müzəffər ordum,

Qırx dörd-azaddır yurdum,

Qırx dörd- “Düşməni qovduq”-

Xoş bir xəbər deməkdir

 

Qırx dörd- sevinci elin,

Qırx dörd –xoş sözüd ilin

Qırx dörd- “Xarı bülbülüm

yenə gülər” deməkdir.

 

Qırx dörd-düşmənə əzab,

Qırx dörd-xeyir iş, savab,

Qırx dörd haqsıza cavab,

Sərhəd, çəpər deməkdir.

 

Qırx dörddən sevinc doğdu,

Qırx dörd –şeytanı boğdu,

Qırx dörd -dəmir yumruqdu,

Tarix-əsər deməkdir.

 

 

AZƏRBAYCAN ƏSGƏRİ

 

Dayanıb gecə-gündüz

Vətənin keşiyində,

Mərdlik öyrədib ona

Anası beşiyində.

 

Qəhrəman millətimin,

Ulu Türkün öğludur,

Cəsarətdə, qeyrətdə,

Babəkdir, Koroğludur.

 

Qorxmazdır, Mübarizdir,

Cəsur bir övladdır o,

Yenilməz qəhrəmandır,

Əyilməz  Poladdır o.

 

Azərbaycan əsgəri

Xalqımızdan güc aldı,

Müqəddəs bir savaşda

Düşmənindən öc aldı.

 

Qeyrətiylə, gücüylə

Necə öyünməyim mən,

Xilaskar əsgərin var

Gözlərin aydın, Vətən.

 

Qovdu yurdumuzdan o,

Xain, rəzil yağını,

Düşməndən azad etdi,

Müqəddəs torpağını.

 

Azərbaycan əsgəri

Məhv eylədi düşməni,

Ən böyük arzusudur

Bütöv görmək Vətəni!

 

Hazırdır hər əmrinə

Ali Baş Komandanın.

Daim üstündə olsun

Nəzəri yaradanın!

 

Hələ neçə zəfərə

O, imza atacaqdır,

Xalqımın sevincinə

Min sevinc qatacaqdır.

 

 

AĞLAMA, ANAM, AĞLAMA

 

Şəhid analarına ithaf

 

 

Böyüyüb bir igid oldum,

Ağlama, anam, ağlama.

Yurd uğrunda şəhid oldum,

Ağlama, anam, ağlama.

 

Şirin laylanla böyüdüm,

Mənə deyirdin, “İgidim”,

Qulağımdadır öyüdün,

Ağlama, anam, ağlama.

 

Yeridim düşmən üstünə,

Yağını qoydum  pis günə,

Fəxr et, ağı demə mənə,

Ağlama, anam, ağlama.

 

Axı, niyə ağlayırsan,

Qara yaylıq bağlayırsan?

Ürəyimi dağlayırsan,

Ağlama, anam, ağlama.

 

Mən məğlub yox, qalib oldum,

Öz yurduma sahib oldum,

Dərd-qəminə təbib oldum,

Ağlama, anam, ağlama.

 

Mən Vətən torpağındayam,

Bir çiçəkli bağındayam,

Anamın qucağındayam,

Ağlama, anam, ağlama.

 

Burda neçə qardaşıq biz,

Etibarlı yoldaşıq biz,

Vəfalı dost, sirdaşıq biz,

Ağlama, anam, ağlama.

 

Sən ağlarkən dolur gözüm,

Saralır bənizim, üzüm,

Canım-gözüm, budur, sözüm;

Ağlama, anam, ağlama.

 

Ətir saçan qızılgüləm,

Al  laləyəm, qərənfiləm,

Şuşada xarıbülbüləm,

Ağlama, anam, ağlama.

 

Əyilmə, dik tut başını,

Sel eyləmə göz yaşını,

Qeyd elə hər il yaşımı,

Ağlama, anam, ağlama.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.