Bu dünya nə yaman boşalıb… - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

1.

İndi  qaranlıqdan keçir

bütün xəyallar, 

Ulduzlar bir gecəlik qonaqdı.

Köhnə havanı oynayır təzə arzular,

Əl çalmaq yasaqdı.

...Torpaq yağışı arzulamır,

Əslində buludlar torpağa acdı.

...Pəncərəsi açıq evlərin 

sirrini küləklər yayır,

Bağlı qapılar qeybətə möhtacdı.

..İndi sevgilər bu gündən yox, 

sabahdan asılır.

Ona görə də çox vaxt

"Azadlıq" sözü dırnaq arasında yazılır.

 

2.

 

Ümid  edə -edə  ömrü  bitirdik,

Ömürdən  o yana  nə var, İlahi?

Gah  suya  yüyürdük, gah  dənə qaçdıq,

Getdi  biz gözləyən qatar, İlahi.

 

Aşdı üstümüzə əzablarımız,

Nə tapdıq hamısı alayarımçıq.

Sən verən bu ömrü yaşamadıq ki,

Tutunub dayandıq qonşuya acıq.

 

Sən demə nağıllar baş alladırmış,

Günəş də zülmətdən doğurmuş demə.

Qismət deyə -deyə, bəxt gəzə-gəzə 

Şeytan evimizi yıxırmış demə.

 

Xəyallar sonuymuş həqiqətlərin, 

Aldanmaq ən acı həqiqət imiş.

Görüşə çətirsiz gələnlər üçün

Sən demə yağış da səadət imiş.

 

Nə bahar görmədik, nə də ki, payız,

İndi də qapını qış alıb, Allah. 

Deyəsən tənhalıq ömrü yaşayır--

Bu dünya nə yaman boşalıb, Allah.

 

3.

İSTANBULDAN DÖNƏRKƏN  YAZDIĞIM  ŞEİR.

 

Cığır-cığır,  çəpər -çəpər,

Dəniz-dəniz, liman-liman,

Ölkə -ölkə,  şəhər-şəhər,

Qaya-qaya, orman-orman

Ürəyimdə kök atmısan,

Dodağımın sözü Vətən,

Həsrətimin özü, Vətən!

Tarixlərin  yaddaşında

Ərən kimi qalan yurdum,

Talan yurdum.

Dərdlərində yanıb, yanıb

Külündə bir də doğulan

Qalam yurdum,

Azərbaycan,

Salam, yurdum!!

Kimlərə  pay verməmisən

Axı halal çörəyindən?

Üzünə kim ağ olmayıb, 

Kimlər çəkib ətəyindən?

Kimlər verib  ürəyini,

Kimlər vurub ürəyindən?

Kimlər keçib ələyindən?

Şərəfiylə, qeyrətiylə,

Sevgisiylə, şəfqətiylə

Dünyaya səs salan yurdum,

Azərbaycan,

Salam, yurdum!

 

Hara getsəm çəkir məni

Bu torpaq,  bu su,  bu hava,

Bu duman,  bu külək, bu çən,

Bu yuva,  bu el,  bu oba,

Anam Vətən, babam Vətən,

İstəyirəm yağış olub

Damcı -damcı  torpağına  hopam, Vətən!

Minib arzu köhlənimə

Səni dağ-dağ, çəmən -çəmən

O baş , bu baş çapam, Vətən.

Sərhəd -sərhəd tikələnib

Şəhid-şəhid  bütövlənən ,

Şeir -şeir hecalanan,

Varaq-varaq  çiçəklənən,

Dilimizdə ən müqəddəs

Kəlam, yurdum, 

Azərbaycan,

Salam, yurdum! 

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.