Super User
Lənkəranda böyük Füzulinin 530 illiyi qeyd edilib
Yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin "Söz" ədəbi məclisində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibəti ilə tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərlidən verilən məlumata görə, bölgə yazarları və ziyalıların iştirak etdiyi tədbirdə böyük Füzulinin həyat və yaradıcılığı barədə məlumat verilib, əsərlərindən qiraət edilib.
Dahi şairə həsr olunan şeirlər və əsərlərinə yazılan təxmislər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda Bölmənin tədbirlərində fəal iştirakına görə şair-qəzəlxan Məmməd Əvəzoğluna AYB Lənkəran Bölməsinin Fəxri Fərmanı təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Özümdən özümə məktub –ESSE
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Salam, əzizim. Necəsən? Bilirəm ki, məndən incimisən. Amma sənə yazdığım məktublar hamısı cavabsız qalmış, mənimlədir. O məktublar sənə çata bilməzdi, əsir idin. Bil ki, gözəlim, mən o məktubları sənə göz yaşlarım, ürəyimin qanıyla yazmışdım. Sənin necə də qəribə taleyin var?! Ömrümüzə qara yazılan İllərdə hara getdimsə səni axtardım, aradım... Gecələr ulduzların arasında, çiçəkli yamyaşıl yamaclarda, dərələrdə, bulaqların şırıltısında, əsən küləklərdə, dağların zirvəsində, sevən könüllərdə, dərdli-qəmli ürəklərdə axtardım səni. Tapmadım...
Gözəlim! Sən mərdliyinlə, qürurunla öyünürdün. Sənin gözəlliyinə kimlər məftun olmamışdı?! Yadlar gəldi, səni məndən almaq istədilər, ala bilmədilər. Səni sıldırım, əlçatmaz yerlərə apardım. Döyüşdüm. Nə qədər səni sevənlər qanlarını tökdülər, qoymadılar ki, Azərbaycan gözəli yadlar əlinə keçsin.
Qaşı qara, gözü qara, gözəllər gözəlim! İlk baxışdan sənin qara gözlərin, baxışın yağının gözündən qaçmadı. Səni əldə etmək üçün qəsdinə durdular. O müdhiş qaranlıq gecədə Şeytan mələk biçimində hiyləyə əl atdı. Yer titrədi, göy guruldadı, əcaib əjdaha sifətlilər səni əsir götürüb igidlərin tikdiyi qalada saxladılar. O qala şüşədən idi. Ona görə elə qala tikilmişdi ki, bir gün şüşə sınarsa o şüşələr Gözəlimi oğurlayanların üstünə tökülüb onları məhv etsin. Amma onlar səni məhv etmədi, əsir saxladı, tabe olmadığını görüb sənə zülm etdilər. Əllərin əlimdən uzaq düşdü. Ruhumu ruhuna bağladım, sənin həsrətinlə ağladım, ah-fəğan etdim. Leylini sevən Məcnun tək tənhalığa üz tutdum. Sevdiyin çiçəyi axtardım, şehsiz çiçəklərə rast gəldim.
Qəmdən, kədərdən uzaq yaranmış mələklər də ağladı, göz yaşı tökdü o gecə.
Sənin iniltini hər gecə eşitdim. Səsin həmişəki səs deyildi, zəngulə vurmurdu. o mehriban və səmimiyyət dolu səsində indi ağrı, kədər, inilti vardı, xəstə olduğunu duydum - sən heç vaxt bu əzabları mənə deməzdin, bildirməzdin!
Ölmək istədim, ölə bilmədim. Gözlər gəldi gözlərimin önünə. Hara gedirsən, özünü unudub hara gedirsən. Özünə kənardan baxa bilməyən o gözləri kor et əvvəlcə. Qəlbim parçalanıb muma döndü. Sənə olan sevgim sönməyən şama dönüb illərlə yandı. Qanlı göz yaşları axdı yanaqlarımdan. Məni yaşadan yalnız sənə olan sevgim oldu.
Ah, necə oldu axı, mən sənin içində qovrulan o ağrılı ruhunu duya-duya yaşadım. Yer xəcalətindən bir daha ətirli gül bitirmədi ki, gözəlim o gülün ətrini duymayacaq. O gülün yerində tikanlar bitdi yalnız.
Tanrım mənə dözüm verdi. Tanrıya güvəndim, möcüzə gözlədim. Sevginin məhv olduğu yerdə nifrət daha da güclənər deyirlər. Üzümüzə nurlu sabahın açıldığı bir yaz səhərində dedim: Daha bəsdir! Hayqırdım...Dağlar bu səsdən diksindi, yer, göy yandı, töküldü.. Yenə də sənə çata bilmədim. Yağı sənin qarşında çal-çağır edib mənə yanğı verdi. Bu dərdə necə dözdüm. Qanlı qaladan səni necə geri alacağımı fikirləşdim, fikir yollarında azıb qaldım, bir an keçənləri unudaraq yenə yaşamaq istədim. Bacarmadım. Necə yaşamaq olar? Günəşə həsrət qalan kor insan kimi yalnız bu kəlmələrlə özümü sakitləşdirdim: Gözlə, gələcəyəm! Mütləq səni azad edəcəyəm! Əllərimi uca tanrıya uzadıb möhlət istədim. Tanrıdan bir səs gəldi: - Səbr et, o gün gələcək. Səbr etdim, səbrimə “qorxdu” dedilər.
Bir nur üzlü pəhləvan peyda oldu, bəyan etdi ki, mən Azərbaycan gözəlini o əjdahanın əlindən qurtaracağam. Ağ atlı pəhləvan çox çətin bir yola çıxdı. Vətən torpağını sevənləri öz ətrafına topladı, onları qanlı döyüşə səslədi. “Allahu əkbər”- deyib, yağı üstünə atıldı. Qeyrətli, namuslu, Azərbaycan gözəlini onların əlindən aldı. O zəfər günü Şiş dağlarda sənin xilasına gələnlərə Tanrı da kömək etdi. Duman dağlara üz tutan xilaskarlarını düşməndən gizlətdi. Nəhayət sən əsirlikdən xilas oldun.
Ey, Azad Azərbaycanın məğrur gözəli! Üzündən xəcalət rübabını götür. Qoy bütün dünya bilsin ki, Sən azadsan! Yaralarını sağaldacaq məlhəmlərin hazırdır. Tez bir zamanda sağalacaq, yenə də mənə qayıdacaqsan. Artıq Vətənsevənlər od nəfəsləriylə sənə uzanan xain əlləri yandırdılar, kül etdilər. Həmin anda sən od saçan gözlərə, qaynar nəfəslərə baxıb, zənciri qırılan qollarını irəli, mənə uzatdın:- “Mən səni gözləyirdim, inanırdım ki, gələcəksən. Sənin eşqinə, sevginə inanırdım. Sən, qanqal dolu yollarla ayaqyalın gəldin yanıma, mənim xilaskarım. İndi əllərimi sənə uzadıram, tut əllərimdən məni ayağa qaldır. Mən azadam, sənə qayıdıram. Bizləri ayıran yollar artıq bir ünvandadır. Biz birlikdəyik!”
Zülmət dolu acılı günlər sevinclə əvəz olundu. İçimdən bir səs gəldi, bağırdım:- Daha yanındayam, səni heç kəsə bir daha vermərəm!
Uşaq kimi sevinib, qədəmlərinə “qurban” dedim.
Hörmətlə: Səni sevib, gözləyən
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Şəhidlər barədə şeirlər – Fərid Məmmədov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Fərid Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.
FƏRİD EYVAZ OĞLU MƏMMƏDOV
(12.10.2000.-15.10.2020.)
Kürdəmirin Şıxımlı kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
FƏRİD
Ucaltdın hünərinlə elimizin adını,
Xalqımız da unutmaz öz əziz övladını.
Şıxımlı kəndində sən, dünyaya açmışdın göz,
Zəhmətkeş bir ailədə böyümüşdün halal, düz.
Mehriban övlad idin, el-obanı sevirdin,
Vətən məhəbbətini bir dastana çevirdin.
Dözdün hər çətinliyə, sonsuz mətanət ilə,
Oğul-əsgər borcunu verdin ləyaqət ilə.
Qurtardın əsgərliyi, aydın idi məqsədin,
Hərbidə xidmət idi həmarzun, həm mətləbin.
Əziz Qarabağımız əsirdisə, düşməndə,
Ülvi arzularımız, salınıbsa kəməndə,
Oğul, rahat olarmı, sual verdin özünə,
Elə bu məslək ilə düşdün zəfər izinə.
Hər əsgərə demirlər nə qəhrəman, nə igid,
Bütün əsgər dostların səni sevirdi, Fərid.
Qan-qada savaşınd agöstərdin qəhrəmanlıq,
Hünərin bir nağıllıq, hünərin bir dastanlıq.
Talışda, Füzulidə, Ağdərədə vuruşdun,
Suqovuşan kəndində ölməzliyə qovuşdun.
İndi sən hamımızın fəxrisən, igidisən,
Hamımızın doğması, hamının Fəridisən.
Siz vətən eylədiniz qanınızla torpağı,
Siz azad eylədiniz düşməndən Qarabağı.
O üçrəngli bayrağı uca etdi Fəridlər,
Əbədi yaşayacaq ürəklərdə şəhidlər.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Sonu gülüstanlara çıxan dağ çayına bənzəyən Aşıq Ədalət…
SAZ SƏNƏTİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİNİN 85 İLLİYİNƏ
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Şənbə günü türk dünyasının böyük sənətkarı, ozanı, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun anadan olmasının 85 illik yubileyi günü idi. Hər ilin 27 yanvar günü onun günüdür.
Bir-birindən bəznzərsiz saz ifaları ilə milyonların məhəbbətini, sevgisini, hörmətini qazanmış ustad Ədalət aşıq sənətinə də yeniliklər, müasirlik gətirmişdir. Dədə Ədalətin sazında ifa olunan bütün havalar bir tarix kimi yaddaşlarda yaşayıb, bundan sonra da yaşayacaq. Çünki Aşıq Ədalətin bütün ifaları ruhu ilə, canı ilə ifa olunurdu. Ustad Aşıq yaşadığı bütün ömür boyu daim dövlətinin də sevgisini qazanmışdır. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm Gözəlləməsi” və başqa bu kimi saz havaları Ustad Ədalətin ifasında daha gözəl, fərqli bənzərsiz ifaçılıqla alınmışdır.
Ürəyimizdə, tariximizdə, aşıq sənətində əvəzedilməz iz qoymuş, dahi sənətkarımız Aşıq Ədalət Məhəmmədəli oğlu Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda anadan olub. O, saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət allb. Uşaqlığında bir məclisdə saz çalmağı Xalq şairi Səməd Vurğunu heyran edib, dahi şairimiz də onun sazının vurğununa çevrilib.
Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.
Ulu sənətkar 14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib. Öz vəsiyyətinə uyğun olaraq 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.
Qazax” Xeyriyyə İctimai Birliyi Qazax rayon İcra Hakimiyyəti ilə birgə ustad aşıq Dədə Ədalətin xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidəsinu ucaldıb. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş Natiq Əliyevdir.
Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Xaçmaz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dədə Ədalətin möhtəşəm büstü ucaldılıb.
15 sentyabr 2018-ci ildə xalq izdihamı ilə ustad aşıq Dədə Ədalətin Qazaxda qəbirüstü abidəsinin açılışı baş tutub.
"Qazax" Xeyriyyə İctimai Birliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu il ustad aşıq Dədə Ədalətin 85 illik yubiley tədbiri Qazaxda təntənəli şəkildə qeyd ediləcək.
85 illik yubileyin mübarək, USTAD! Ruhun şad olsun, DƏDƏ ƏDALƏT!
Şəkillərdə: Aşıq Ədalətin portretindən reproduksiya (rəssam Qafar Sarıvəlli); şairin məzarüstü abidəsi.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
“Bu il Bakıda ən azı 4 brend hotelin açılışı gözlənilir”
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda ölkəmizdə 800-ə yaxın yerləşmə vasitəsi fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu AzərTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam söyləyib.
“Yaxın zamanda Bakı və regionlarda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində bir neçə brend hotelin açılışı nəzərdə tutulur. Bakıda ən azı 4 brend hotelin açılışı və 4 beynəlxalq brendə rebrendinq gözlənilir. Regionlarda tələblərin yüksəlməsi kiçik və orta yerləşmə vasitələrində inkişafa gətirib çıxarıb”, - deyə baş icraçı direktor bildirib.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Bölgələrdəki teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib
Yanvarın 27-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə regionlardakı teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müşavirədə nazirliyin məsul əməkdaşları, regional mədəniyyət idarələrinin rəisləri, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Qazax, Şəki, Ağdam, Füzuli, Qax, Qusar və Salyandan teatr və konsert müəssisələrinin rəhbərləri iştirak ediblər.
Nazir çıxış edərək bildirib ki, ölkə başçısı tərəfindən paytaxtla yanaşı, bölgələrimizin də inkişafı diqqətdə saxlanılır. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları bölgələrdə mədəniyyət təsisatlarının təkmilləşdirilməsi və inkişafı, xüsusilə region teatrlarının binalarının təmiri və yenidən qurulması, vətəndaşların mədəni istirahətinin daha yaxşı təmin olunması ilə bağlı mütəmadi işlər görülür.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu da regionlarda mədəni quruculuğa böyük töhfələr verir, Fondun dəstəyi və təşkilatçılığı ilə mədəniyyət sahəsinin inkişafına xidmət edən silsilə layihələr həyata keçirilir.
Qeyd edilib ki, teatr-tamaşa müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Repertuar tərtib edilərkən nazirlik tərəfindən yaradılmış “Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə “Ekspert şurası”nın rəyləri nəzərə alınmalıdır. Teatrların repertuarı üçün əsərlər seçilərkən ədəbi nümunələrin müasirliyi, ideya-bədii cəhətdən mükəmməlliyi, xalqımızın milli-mənəvi dəyərlərinə uyğunluğu və maarifləndirici xüsusiyyətlərə malik olması vacib şərtdir.
Bildirilib ki, teatrlarda Bədii şuraların aktiv fəaliyyəti təmin olunmalı, marketinq və teatr-sponsor strategiyasının formalaşdırılması, rəhbərlər üçün treninqlərin keçirilməsi, dramaturqlarla əlaqələrin qurulması diqqətdə saxlanılmalıdır. Gənc yaradıcı kadrların öz potensiallarını lazımi səviyyədə nümayiş etdirmələri üçün münbit şəraitin yaradılması da vacib məsələlərdəndir. Regionlarda teatr sahəsində kadr problemini aradan qaldırmaq məqsədilə bir sıra dövlət teatrlarının nəzdində yaradılmış teatr-studiyalarının fəaliyyətinə yenidən baxılmalıdır.
Vurğulanıb ki, konsert müəssisələrində illik abonement konsertlərin hazırlanmasına diqqət artırılmalı, musiqi axşamları barədə məlumat əvvəlcədən ictimaiyyətə elan edilməlidir. Vətəndaşların, xüsusilə də, həssas qrupların teatr və konsert müəssisələrinin xidmətlərindən lazımi şəkildə istifadəsi məqsədilə inklüziv layihələr də həyata keçirilməlidir.
Həmçinin bildirilib ki, paytaxtda fəaliyyət göstərən dövlət teatrlarının və konsert müəssisələri kollektivlərinin bölgələrə qastrol səfərləri təşkil olunmalı, onlar da region sakinlərinin mədəni istirahətinə öz töhfələrini verməlidirlər.
Qeyd edilib ki, bütün müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmalı, bununla bağlı əməkdaşlar davamlı şəkildə təlimatlandırılmalıdır.
Müşavirədə çıxış edən Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı, Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev, Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Mirbala Səlimli, Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən İntiqam Hacılı, Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov, Salyan Dövlət Kukla Teatrının direktoru Laləzar Hüseynova, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Həsənov, Qax Dövlət Gürcü Dram Teatrının direktoru Zita Xəlilova, Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Allahverdi Musayev, həmin teatrın baş rejissoru Musa Eyyubov və Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev təkliflərini səsləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)
Günün fotosu: Rusiyada Boris Nadejdin fenomeni
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bütün Rusiyada insanlar prezidentliyə namizəd Boris Nadejdinin qeydiyyatı üçün imza qoymaq növbəsinə dururlar, baxmayaraq ki, çoxları dəyişikliyə inanmadıqlarını etiraf edirlər.
Prezident seçkilərində iştirak etmək niyyətini bildirən Liberal siyasətçi Boris Nadejdini dəstəkləmək üçün Rusiyada minlərlə insan ayağa qalxıb.
(Foto: Euronews)
Demək, namizəd kimi qeydiyyat üçün ən azı 100.000 imza toplamaq lazımdır. Rusiyanın Ukraynadakı hərəkətlərinə qarşı açıq danışan yeganə potensial namizəd olan Botis Nadejdin 100.000 imzanı qısa zamanda toplaya bilib.
“Mən hər kəsin tərəfdarı olaram, hətta keçəl şeytana belə səs verməyə hazıram, yalnız bir şey dəyişəydi təki. Hərgah, bunun mümkünsüz olduğunu da başa düşürəm…” deyir Nadejdin.
Kremldə isə deyirlər ki, Nadejdin Putin üçün ciddi rəqib deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Peskov Nadejdinin qərargahından onun üçün artıq 100 mindən çox imza toplandığı bildirildikdən sonra deyib.
Rus dilini bilməyən oxucularımız üçün deyək ki, Nadejdinin soyadı tərcümədə ümidli olmaq deməkdir.
Bəli, Rusiya ümidlidir.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
“Dünyanı sənət xilas edəcək” təqdim olunacaq
Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi Nəvai Metinin təşkilatçılığı ilə bu gün saat 16:00-da Atatürk Mərkəzində UASB Azərbaycan Təmsilçiliyinin təşəbbüsü ilə tərtib olunan "Dünyanı sənət xilas edəcək" adlı kitab- kataloqun təqdimatı keçiriləcək.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Nəvai Metin məlumat vermişdir. Təqdimata hər kəs dəvətlidir.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Qərbi Azərbaycan toy adətləri
Qərbi Azərbaycana Qayıdış Bizim Haqq İşimizdir!
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
“Şax bəzəmə" adəti - bu adət Qərbi Azərbaycan nahiyələrində, Türkiyənin şərq bölgələrində (xüsusilə Qars və Tokat, Amasya, Ağrı, Muş və Ərdahan kimi vilayətlər) və Naxçıvan şəhərində geniş yayılmış adətdir.
Kralın devrilməsi kimi də tanınan “şah bəzəyi” ənənəsi 17-ci əsrə gedib çıxır. Toy günü kişinin evində “Şax" hazırlanıb bəzədilir. Üzərinə alma, konfet, şokolad kimi hər cür şey, ağlına gələn quru yemək yerləşdirilir. Şaxın üstündə asılan şeylər ağıza şirin dad, bolluq və şirinlik gətirmək məqsədi ilə edilir.
Bəy isə hazırlanmış şax ağacını başının üzərinə qaldıraraq nağara və tütəklərin müşayiəti ilə təqdim edir və sonra bəylə gəlini şadlıq evinə aparırlar.
Əvvəllər şaxın üzərinə o qədər şey asırdılar ki, onu daşımaq çox çətin olurdu. Bunu da qeyd edim ki, bu adət hələ də davam edir. Təəssüf ki, indi o qədər çox şirinlik ərzaq qoyulmur.
Bəyin gəlinin başına alma atma adəti - burada toy günü gəlin evdən çıxarkən bəy damın üzərinə çıxardı. Sonra isə gəlinin başına alma atardı. Gəlin çox vaxt ziyan zədə gəlməsin deyə başının üstündə sini tutardı. İndi isə gələk bu adətin səbəbinə. Bəyin gəlinin başına alma atmağının səbəbi gəlinin gəldiyi ocağa xeyir və bolluq gətirməsidir. Beləliklə gəlinin dünyaya gətirdiyi övladın da xeyirli olacağına inanılırdı.
Gəlin evdən çıxarkən arxası ilə konfet atardılar. Bu isə getdiyi ocağa bolluq bərəkət gətirsin deyə idi.
Bunu da qeyd etmək lazımdır ki, Qərbi Azərbaycan toylarının xüsusi yallısı da var . Və bu adət hələ də davam edir. Demək olar ki, yallı rəqsi Qərbi Azərbaycan toylarının bəzəyidir.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Məktəblərdə ardıcıl zorakılıqlar - BİZ HARA GEDİRİK?
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bir müddət öncə məktəb savad verə bilirmi mövzusunda bir yazımı paylaşmışdım və bir xeyli diqqət çəkən yazı olmuşdu. İndi isə bir sual verəcəyəm. Məktəblərdə tərbiyəsizləri ayıra bilirlərmi? Özəl məktəblərdə və liseylərdə öz prestijlərini aşağı salmamaq üçün yaşanılan hadisələrin üstü necə örtülür? 2-3min bəs edirmi bapbalaca uşağa sözün əsl mənasında təcavüz edənlərin əməllərini gözardı etməyə?
İndi hadisəni danışım sonda vicdanınız qərar verər. Ancaq mənim vicdanım bu barədə heç rahat deyil. Yəqin ki, bu hadisə və onun doğurduğu rezonans hamınıza bəllidir:
Bakının öndə gedən liseylərindən olan 6nömrəli məktəbdə 7ci sinifdə oxuyan 2-3şagird dərsdən sonra ingilis dilindən hazırlığa gedən 2ci sinifdə oxuyan yəni, cəmi 8yaşı olan körpəni ayaqyolunda tutub pornoqrafik məzmunlu video izlədir, uşağın bədəninə müxtəlif seksual hərəkətlər edib bəlli olacaq şəkildə göyərmiş izlər buraxırlar. Bütün bunlar azmış kimi, balacanın videosunu çəkib yaymaqla təhdid edirlər. 3gündür sosial şəbəkələrdə körpənin anası bildirir ki, uşaq günlərlə evdə yeməkdən kəsilir, yediyini qusur, ayaq yoluna gedəndə qışqırıb ağlayır və ana uşağın bədəninə baxan zaman bədənindəki göyərmələri görür. Uşağı dilə tutmağa çalışır, lakin uşaq qorxusundan heç nə demir. Sonra isə ana uşağı biraz da yola gətirib bütün hadisəni danışdırır. Və uşaq başına gələnləri ağlayaraq danışanda deyir ki, əgər mən hər şeyi danışsam, onlar mənim videomu bütün məktəbə yayacaqlar.
Hadisələrin acınacaqlı tərəfi bununla da bitmir. Valideynlər məktəbə gəlir, 7ci siniflərdən əməli törədən şəxs(ləri) uşaq dərhal tapır və valideynlərinə bildirir. Məsələni dəqiqləşdirmək üçün uşağı psixoterapevtə yönləndirirlər və psixoterapvet də hadisəni təsdiqləyir. Lakin 7ci sinifdə oxuyan uşağın valideynləri hadisəni qəbul etmir, uşağın haqqında yetkinlik yaşı çatmasa belə uşaq məhkəmələrinə müraciət olunmur, polis faktla bağlı araşdırma aparır, edu.gov bu hadisəni yalanlayır və hər kəs müəyyən bir yoldan məsələni ört-basdır etməyə çalışır.
Yəqin ki, hamımız o məktəbin imicini, orada kimlərin "gül balalarının" təhsil aldığını yaxşı bilirik. Və əslində qəribəsi də, budur ki, kimlərsə 7də oxuyan uşağı qınaya bilmir, onun da körpə olduğunu, əməlini anlamadığını deyir. Niyə? Çünki o, hansısa orta və ya aşağı təbəqədən çıxmış bir uşaq olsaydı başını kitabdan qaldırmadan ata-anasına güzaran qurmaq üçün adəta kitabla yatıb duran biri olardı, o isə əvəzinə istədikləri önünə qızıl sinidə sərilən birisidir.
7ci sinifdə oxuyan bir şagirdin təxmini 14 yaşı olur və 14yaşındakı bir fərd əqli qüsuru olmadığı halda hər hansısa bir əməl törədir və bu əməl cinayət sayılırsa, o uşaq inzibati məsuliyyətə cəlb edilməli, əməlinin bədəlini ödəməlidir. Əgər psixologiyanı çox düşünürüksə ondan öncə 8cə yaşı olan körpə zərərçəkmişin və illərlə övladı olmayan, 6ildən sonra ilk dəfə ana olan hətta, bir daha heç vaxt ana olmayacağını bilən bir ananın psixologiyası, aldıqları travma daha ön planda olmalıdır. Belə bir vəhşiliyə göz yummaq, iyrənc bir hadisədə uşağı günahlandıra biləcək bəhanələr tapmaq insaniyyətdən xaric əməllərdir. Mənim həmən körpə ilə yaşıd qardaşım var və hadisəni ilk eşidəndə gözümün qabağına qardaşım gəldi. Tüklərim biz-biz olmuş, kəlmələr boğazıma düzülmüşdü. Təsəvvür edin, bu hadisə sizlərdən birinin körpəsinin başına gəlir, nə hiss edərdiniz? O an qatil olacaq potensialı özünüzdə görürsünüzmü?
İndi mən susum vicdanınız danışsın.
P.S. Hadisədən sonra məktəbin direktoruna töhmət verildi. Bir gün keçmiş isə bu dəfə oxşar hadisənin 60 saylı məktəbdə baş verməsi gündəmə gəldi.
Nə baş verir?
Biz hara gedirik?
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)