Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
“Ermənilər ancaq mənim meytimin üstündən keçib Ağdama girə bilərlər. Kim hara gedir-getsin, mən Ağdamda qalacağam."
Qüdrət və hökmlülük deyəndə ağlıma ilk o, gəlir. Çünki 1003 xocalı vətəndaşının əsirlikdən azad edilərək geri qaytarılmasını biz məhz onun hökmlü xarakterinə borcluyuq.
Bu gün milli qəhrəmanımız Allahverdi Bağırovun şəhadət günüdür.
Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-sində Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbində alıb. Uşaqlıqdan futbol, voleybol və yüngül atletika ilə məşğil olan qəhrəmanımız bir neçə il Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyur. 1976-cı ildən isə kamandanın baş məşqçisi seçilir. Qarabağ hadisələrinin ilk günlərindən qardaşı Eldar Bağırovla birlikdə ön sırada dayanır Ağdamdakı müdafiə dəstələrinin yaradılmasına və təşkilinə rəhbərlik edir. Rayon ərazisində gedən bütün döyüşlərdə iştrak edir. Vətən oğulları adlandırılan 760 nəfərlik batalyona rəhbərlik edən, eyni zamanda Azərbaycan Ali sovetinin deputatı olan qardaşı Eldar Bağırov 1991-ci ildə yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilir. Qardaşının ölümündən sonra Allahverdi ömrünün sonuna qədər saqqal saxlıyır və Eldarın batalyonuna rəhbərlik edir. 1992- ci ilin yanvarında Allahverdi Bağırovun rəhbərlik etdiyi tabor Xocalının Naxçıvanlı kəndində ermənilərin bütün canlı qüvvəsini və texnikasını məhv edir. Əskəran qalasına qədər irəliləyib Pircamal kəndindəki böyük yüksəklikləri tutur erməni bayraqlarının yerinə üçrəngli Azərbaycan bayrağını sancır. Xocalı soyqrımı zamanı həlak olanların cəsədlərinin döyüş meydanından çıxarılması və Ağdam məscidində yuyularaq torpağa tapşırılması da Allahverdinin səyi nəticəsində baş verir. 1003 xocalı vətəndaşını əsirlikdən azad edib ailələrinə təhvil verir. 1992-ci il iyunun 12-si Aranzəmin döyüşündə Bağırovun dəstəsi 100 erməni əskərini məhv edir 10 nəfəri əsir götürür. Həmin gün təcili iş üçün Ağdama çağırılır onların maşını yolda minaya düşür maşındakı 3 nəfər sağ qalsa da Allahverdi sürücü və Nizami adlı həkim yerindəcə dünyasını dəyişir. Bağırovun nəşi Ağdamdakı şəhidlər xiyabanında qardaşı Eldarın yanında dəfn olunur. O, ölümündən sonra Azərbaycanın Milli qəhrəmanı adına laiq görülür.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)