Super User
Edam kötüyü
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Əvvəllər yemək növbəsində dayanıb gələcək barədə düşünərdilər. İndi gələcək növbəsində dayanıb, yemək barədə düşünürlər.
2.
“Həmişə yadında saxla, sənin koronasiyana gurultu ilə əl çalan kütlə həmin kütlədir ki, eyni gurultu ilə də sənin edamına əl çalacaq” (Terri Pratçet)
3.
Rusiyaya gəlib Putinin qonağı olan Makron qayıdarkən post paylaşır: “Bir fincan çaya qonaq çağırdı. Masada yüz cür yemək, araq, çaxır, viski var idi. Çaya gedib çlxmadıq heç cür”.
3.
Kişilər, qadın axtarmayın, pul axtarın. Pul tapılsa, qadın da tapılacaq.
4
Oqtay Eloğlu Vəfalı Səriyyəyə giley eləyir: Mənim heç vaxt bəxtim gətirməyib. Subay vaxtı ata-anamın əlindən evə arvad apara bilməmişəm, evlənəndən sonra da arvadımın əlindən.
5.
Ən kədərlisi bilirsən nədir? Sənin arzun başqasında çin olur.
GÜNÜN PARAFRAZI: “Əgər sizi vicdanınız narahat edirsə, ona yuxu dərmanı verin”.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Ağ damlı evlərin çörəyi - NAĞIL
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Qulaq asın, danışım.
Biri var idi, biri yox idi, Yaradan var idi, bəndəsi yox idi. Çox qədimlərdə, gözəl bir diyarda dünyada heç bir yerdə olmayan, nadir sarı buğdası ilə şöhrət tapmış bir məmləkət vardı. Bu məmləkətin insanları çörək verən idilər. Üz tutub bu yurda gələnləri heç vaxt əliboş, çörəksiz qaytarmazdılar. Sarı-qızılı taxıl zəmilərində çalışan zəhmətkeş insanlar becərdikləri halal nemətdən yeyər, halallıqla da dolanardılar. Onlar bu zəmilərin sapsarı dənlə dolu sünbüllərini oraqla biçər, sərib günün altında qurudardılar. Sonra taxılı çarçarla döyər, buğda çəltiyindən ayrılar, sonra onu aparıb dəyirmanda üyüdər, unu çuvallara yığardılar. Bu dəyirmanda hər gün yüz çuval un üyüdülərdi. Yaxın-uzaq ellərdən tacirlər bu diyara buğda unundan bişirilən ətirli çörəkdən dadmaq həvəsilə gələr, dəvələrini un çuvalları ilə yükləyərdilər.
Dəyirmanın yanında karvansara var idi. Karvansara sahibinin övladı yox idi, amma yanında Tuncay adlı bir şagirdi vardı. Karvansara sahibi çox zalım və xəsis idi. Gələn zəvvarlardan gecələmək üçün çoxlu pul alardı. Şagirdi sahibinin hərəkətlərindən utanar, lakin heç bir söz deyə bilməzdi. Əlindən gələn mehriban təbəssümlə tacirləri qarşılayıb, yola salmaq olardı.
Bir gün xəsis karvansara sahibi xəstələndi, məmləkətin hər yerindən təbiblər gətirildi, lakin dərdinə bir əlac tapılmadı. Şagirdi ona dedi:
- Cəsarətimə görə bağışlayın, amma xəstəliyiniz daxilinizdə insanlara bəslədiyiz kin, paxıllıq və xəbislikdəndır. Bura çörək ətri ilə gələnlərə elə qiymət deyirsiniz ki, gəldiklərinə peşman olurlar. İnsanlarla belə rəftar etmək olmaz. Qazandığınız bir parça çörəyi Allah əlinizdən alıb, sizi kor qoyar.
Xəsis karvansara sahibi bir qədər fikirləşdi, gördü ki, gənc şagirdinin sözündə həqiqət var. Odur ki, əmr etdi:
- Bu gündən bura gələn bütün zəvvarlara bir çuval əlavə un verilsin, karvansarada isə gecələmək üçün çox cüzi ödəniş tələb edilsin.
Az sonra karvansara sahibi tacirlərin duası ilə sağalıb ayağa qalxdı.
Günlər keçdi, bu diyara üz tutanlar çörək verən karvansara sahibindən, sehrli buğda üyüdən dəyirmandan hər yerdə söz açdılar, bu məmləkətin sorağı mahaldan-mahala yayıldı.
Bu diyardakı evlərin damları ağ idi. Hər səhər günəş öz qızmar şəfəqlərini şehirli buğda əkilən zəmilərin üstünə salardı. Dənlə dolu sünbüllər yetişər, ağırlıqdan torpağa baş əyərdilər. Bu məmləkətin insanları evlərin damlarını ağ əhənglə əhəngləyərdilər ki, yayda sərin, qışda isti olsun. Ağ damlı evlər məmləkəti halal çörəkli bir bir yurd yerinə çevrilmişdi.
Ağ damlı evlərin diyarına hardansa gəlmə xəbis bir tayfa yerləşmişdi. Karvansara sahibi onlara kömək etmiş, ac qalmağa qoymamışdı. Amma dad qədirbilməz qonşu əlindən. Bu tayfanın qızlarından birinin karvansara sahibinin şagirdinə gözü düşmüşdü. Tuncay isə öz elinin qızını - Ağcanı sevirdi. Bunu bilən paxıl qonşu qızı saf ürəkli Ağca ilə dostlaşdı. Hər gün onları bir-birindən ayırmaq üçün yeni hiyləgərliklərə əl atdı.
Nəhayət, günlərin bir günü Tuncay Ağca ilə gizlicə görüşərkən karvansarada yanğın baş verdi. Karvansara yanıb tamam kül oldu. Günahı gəncdə gördülər. Hiyləgər qonşu qızı onun üzünə dayandı ki, yanğından qabaq karvansaraya gəlmiş, Tuncayı orada görmüşdür. Yəqin ki, karvansaranı da o yandırıb. Hamı diliqurumuş qonşu qızının sözünə inandı, Tuncayı daş-qalaq edib, eldən qovdular. Ağca gözüyaşlı qaldı.
Tuncay bu tənələrdən, haqsızlıqdan başını götürüb getməkdə olsun, sizə kimdən deyim, kimdən xəbər verim, karvansara sahibindən. O, şagirdinin karvansaranı yandırmasına inanmaq belə istəmirdi. Odur ki, axtarıb bir falçı tapdı, fal açdırdı. Falçı söylədi ki, oğlanın bu işdə heç bir günahı yoxdur, yanğını bu məmləkətə təzə köçən bir qız törətmişdir. Tuncayın başı üstündə şamlar yanır, o öz elinə qayıdacaq və bu yurda sahib çıxacaq, şah olacaqdır.
Hə, Tuncay öz el-obasından, sevgilisindən gözüyaşlı ayrılıb yola düşdü. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, diz qabırğada, ayaq üzəngidə getməyə başladı. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib cinlər diyarına yetişdi. Cinlər Tuncayı görən kimi üstünə atıldılar:
- Ey bəni-insan, sən kimsən, nəçisən? Nə cürətlə bura gəlib çıxmısan?
Tuncay pis insanların əlindən qacdığını söylədi və yalandan bu diyarı axtarıb-tapdığı üçün sevindiyini deyib, onları inandırdı. Cinlər gecələr oğurluqla xəzinə yığar, çörəyin nə olduğun bilməzdilər. Tuncay cinlər diyarında yaşamağa məcbur oldu və əl altından yavaş-yavaş onların bütün sirrlərini öyrənməyə başladı. Dostlaşdığı bir cinin üstünə dəmir sancaq taxdı ki, qaçmasın, ona yer şumlatdı, taxıl əkdirdi, ev tikdirdi. Dönüb oldu cinlərin ən inamlı, yaxın adamı. Cinlər padşahı da gəncin ağıllı, bacarıqlı olduğunu görüb, onu özünə vəzir təyin etdi..
Zaman sürətlə keçdi, Tuncay öz el-obası üçün çox darıxdı. Hər gecə yuxusunda anasını, sevgilisini gördü. Öz mahalına, elinə dönmək istədi. Bir gün cinlərdən öyrəndiyi cadu-əfsunu oxuyub, görünməz oldu, cinlərin yığdıqları bütün xəzinəni ələ keçirdi. Dostlaşdığı cinin belinə minib onu evlərinə aparmağı əmr etdi. Beləcə, bir illik yolu bir günə gəlib, doğma yurda yetişdi. Bir evdə axşamladı. Ev sahibindən öyrəndi ki, karvansara sahibi dünyasını dəyişmiş, bütün malını-madarını ona vəsiyyət etmişdir.
Səhər açıldı, Tuncay şəhər əhlinin meydana tərəf axışdığını gördü. O da onlara qoşuldu. Bu vaxt bir quş gəlib düz gəlib onun başında oturur. Sən demə, bu şahlıq quşu - Humay quşu imiş. Şah ölmüş, şəhər əhli özlərinə yeni şah seçmək üçün quşu üç dəfə uçurtmuş, üçündə də quş gəlib Tuncayın başına qonmuşdu. Beləcə, camaat Tuncayı taxta çıxardır, özlərinə şah seçirlər. Tuncay şah seçiləndən sonra hiyləgər qonşu qızını qatıra bağlayıb, ölənə qədər sürütdürür, Ağca ilə kəbin kəsdirib, qırx gün, qırx gecə toy edir, ömürlərinin sonuna qədər şad-xürrəm yaşayırlar. Çörəyi bol olan ağ damlı şəhərin sakinləri ağıllı şahları ilə firavan yaşayıb, ömür sürürlər.
Burada nağıl tamama yetdi, hamı durub evinə getdi. Mən də ağ damlı evimə getdim. Evə girdim, göydən üç alma düşdü, üçü də öz ağzıma düşdü, nə edim ki, sizə çatmadı.
Hə, nağılsevərlər. Söylədiyim nağılda həqiqət də var. Sonralar ağ damlı evlərin elində - Ağdamda həmin dəyirmanın və karvansaranın yerində çörək muzeyi yarandı. Çörəyi göz bəbəkləri kimi qoruyanlar, illərlə bu sehirli dəyirmanı da qoruyub, yüz illər tarixi olan abidəyə çevirdilər. İnanırıq ki, yenə də uzaq ellərdən insanlar həmin yerlərə çörək ətrinə gələcəklər.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Necə olur ki, Azərbaycan heç bir ölkədən investisiya almadan dağıdılmış kəndlərini, şəhərlərini bərpa edir?
Yunus Oğuz, “Ədəbiyyat və incəsənət”in təqdimatında
"Əsas odur ki, biz hədəfimizdən yayınmayaq"
Avropa Şurası Parlament Assambleyasının qərarı gözlənilən idi. Hazırda iki dövlət Avropada ağalıq etmək uğrunda mübarizə aparır. Bunlardan biri Fransa, digəri isə Almaniyadır. Almaniya Fransadan geri qalmamaq üçün Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səsinin dondururlması ilə bağlı layihə təqdim edib.
Maraqlı məqam ondan ibarətdir ki, hər iki dövlətdə etiraz aksiyaları keçirilir. Almaniyada dəmiryolçular üç günlük tətil elan ediblər, əmək haqlarının 500 avrodan çox artırılmasını tələb edirlər. Fransada isə kənd təsərrüfatı işçiləri yolları bağlayıblar. Məlum olduğu kimi hazırda Fransa büdcəsinin profisiti yoxdur, Almaniyada isə büdcə gəlirləri var. Azərbaycan da profisitlə iqtisadi inkişafını təmin edir. Avropa isə bunu həzm edə bilmir. Avropa görür ki, Yunanıstan kimi dövlətin yaşaması üçün milyardlarla vəsait xərclənir, Azərbaycan isə heç bir ölkədən investisiya almadan dağıdılmış kəndlərini, şəhərlərini bərpa edir. Təbii ki, belə bir vəziyyət Avropadakı erməni lobbisini rahatsız edir. Fikirləşirlər ki, Azərbaycandakı sürətli iqtisadi yüksəlişin qarşısını necə almaq olar? Odur ki, qərara gəliblər ki, dünyada Azərbaycanın nüfuzuna xələl gətirilməlidir. Düzdür, Azərbaycan Fransanın öz günahı ucbatından Qoşulmama Hərəkatında bu ölkə ilə bağlı kifayət qədər təbliğat aparır. Amma Almaniya anlamır ki, müsəlman ölkəsində necə profisitlə işləmək olar. Odur ki, çalışırlar Azərbaycanı yolundan sapdırsınlar. Bu isə qətiyyən mümkün deyil. Biz otuz ildə AŞ PA-nın heç bir iclasında Ermənistanın səsinin dondurulmasının şahidi olmadıq. Artıq fransız saytlarında da AŞ PA-nın qərarının əleyhinə yazılar gedir. Bilirlər ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının çıxardığı qərarı həyata keçirib. Əslində bunu alqışlamaq lazımdır. Harada görünüb ki, özləri çıxıb gedən ermənilər mənfəətlə, maddi maraqla geri qaytarılsın? Azərbaycan bəyan edib ki, kim Azərbaycan vətəndaşlığını, Azərbaycan Konstitusiyasını qəbul edirsə qalsın.
Azərbaycan təkcə iqtisadi yüksəlişi ilə deyil, həm də geosiyasi nüfuzu ilə seçilir. "
Azərbaycan İran və Rusiya ilə münasibətlərin pis olmasını istəmir, Türkiyə ilə strateji müttəfiqliyi var, Gürcüstanla da çoxsaylı müttəfiqlik sazişi imzalayıb. Hətta, bəzi sahələrdə strateji müttəfiqlik məsələsi var. Türkiyənin iqtisadi inkişafı yüksək səviyyədədir, büdcədənkənar 140 milyard ehtiyatı var. Azərbaycanın da valyuta ehtiyatı yüksələn xətt üzrə inkişaf edir. Avropa yaxşı başa düşür ki, bu dövlətlər getdikcə daha çox müstəqil olurlar və bunun qarşısı alınmalıdır. Seçkilərə çağrılmamaq məsələsi isə sadəcə bir bəhanədir. Azərbaycanın gücü yetir ki, seçkiləri normal demokratik, şəffaf şəkildə keçirsin. Belə məlum olur ki, bütün dava Zəngəzur dəhlizinin üstündədir. Almaniya, Fransa, Rusiya və başqaları da oradan pay qoparmaq istəyirlər. Təsəvvür edirlər ki, bu dəhliz açılsa Azərbaycanın iqtisadi inkişafı hansı sürətlə yüksələcək. Avropa dövlətləri də həzm edə bilmirlər ki, necə olur ki, Azərbaycan və Türkiyə kimi iki dünyəvi, müsəlman-türk dövləti sürətlə inkişaf edir. Bunun da ardınca Orta Asiya dövlətləri gəlir. Hazırda dörd Orta Asiya Türk dövlətinin də inkişaf etdiyi müşahidə olunur. Almaniya və Fransa kimi Avropa dövlətləri fikirləşirlər ki, bunun qarşısı kəsilməlidir. Çünki, Azərbaycanın hətta xristian ölkələrindən olan müttəfiqləri bəllidir. Bunlar Böyük Britaniya, yarı Amerika, İsrail, Türkiyə, Pakistan, yarı Rusiyadır, bəs biz niyə müttəfiqlər sırasında yoxuq? Ona görə də bütün imkanlarını ortaya qoyurlar ki, Azərbaycanı yolundan sapdırsınlar, Azərbaycan bölgədə geopolitikada və geoiqtisadiyyatda lider omasın və biz istəyəni eləsin. Bax, bütün davalar bunun başındadır.
Avropa Şurasında indiyə qədər mindən artıq qərar şıxarılıb. Təxminən 1057 qərarın heç biri icra olunmayıb. Avropa Şurasında olan boşluqlar göstərir ki, bu qurumun "ağzının kəsəri" yoxdur. İndi Azərbaycanla bağlı qərar da olsun 1058-ci. Məlumdur ki, bütün davalar "Bir kəmər, bir yol"un üstündədir. Artıq bu istiqamətdə mübarizə başlayıb. Ancaq narahatlığa əsas yoxdur, bu məsələ də ötüb keçəcək. Biz belə şeyləri çox görmüşük. Əgər BMT-də Azərbaycana qarşı qərarlar qəbul etdirə bilmirlərsə, Avropa Şurası xırda məsələdir. Əsas odur ki, biz hədəflərimizdən yayınmamalıyıq. Bizim yaxın, orta, uzaq va daha uzaq hədəflərimiz var. Biz bu hədəflərə çatmaq istiqamətində iş aparmalıyıq. Azərbaycan xalqı da sağ olsun ki, lazımi birlik nümayiş etdirir. Baxmayaraq ki, məlum dairələr istəyirlər ki, Azərbaycan daxildən qarışsın, mitinqlər, piketlər keçirilisin, marketlər, obyektlər dağıdılsın, zavod və fabriklərə hücumlar olsun. Amma bunlar baş vermədiyindən Avropa dövlətləri hirsindən partlamaq dərəcəsinə gəlirlər ki, bu Azərbaycan nə ölkədir ki, burada illərdir heç nəyi qızışdırmaq olmur.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
“Oskar” mükafatına namizədlər - KİMİ GÖZLƏYİRDİK, KİMİ YOX
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, Amerika Kinomatoqrafiya Sənəti və Elmləri Akademiyası 2024-cü il “Oskar” mükafatına namizədlərin siyahısını açıqlayıb.
Kino sənayesindəki ən yüksək nailiyyətlərə görə 96-cı mükafatlandırma mərasimi martın 10-da Los-Ancelesdə keçiriləcək. Kim qalib gələcək? Nominantlardan kim gözlənilən idi, kimi isə heç kəs bu ucakıqda görmürdü? Öncədən deyim ki, fikirlər demək olar ki, haçalanmadı. Hansı filmlər öz adına ad eləmişdisə onlar da əsas nominant elan edildilər.
1.
2024-cü il “Oskar” mükafatına namizədlər sırasında “Ən yaxşı film” nominasiyasında hansı filmlər var?
Təbii ki, bu nominasiya “Oskar”ın əsas nominasiyasıdır və əsas diqqət də məhz burayadır. Nominasiyada 10 filmin adı çəkilir. Və əlbəttə ki, ilin 4 əsas filminin 4-ü də burada yer alıb, “Oskar”ı bu 4 filmdən birinin alacağı isə heç kəsdə şübhə doğurmur.
10-luq budur:
“Amerika ədəbiyyatı”,
“Yıxılmanın anatomiyası”,
“Barbie”,
“Tərk edilmişlər”,
“Çiçəkli Ayın qatilləri”,
“Maestro”,
“Oppenheymer”,
“Keçmiş həyatlar”,
“Yazıqlar-bədbəxtlər”,
“Maraqlar zonası”.
4 əsas film isə, təbii ki, hər bir kino izləyicisi gözüyumulu həmin fiımlərin adlarını sadalaya bilər:
“Yıxılmanın anatomiyası”,
“Barbie”,
“Çiçəkli Ayın qatilləri”,
“Oppenheymer”.
2.
“Ən yaxşı rejissor” adı uğrunda bu 5 rejissor yarışacaq:
Jyustin Trie (“Yıxılmanın anatomiyası”),
Martin Skorseze (“Çiçəkli Ayın qatilləri”),
Kristofer Nolan (“Oppenheymer”),
Yorqos Lantimos (“Yazıqlar-bədbəxtlər”), Conatan Qleyzer (“Maraqlar zonası”).
Və burda da əsas mübarizənin kimlər arasında gedəcəyi şübhə doğurmur:
Martin Skorseze və Kristofer Nolan!
3.
“Ən yaxşı kişi rolu”na görə mükafat üçün Bredli Kuper (“Maestro”), Kolman Domingo (“Rastin”), Ceffri Rayt (“Amerika ədəbiyyatı”), Pol Camatti (“Tərk edilmişlər”), Killian Mörfi (“Oppenheymer”) mübarizə aparacaq.
Burada Oppenhaymeri canlandıran Killan Mörfi özünə rəqib tanımır. Kplman Domingonun isə buraya qədər gəlib çıxması sensasiya hesab edilə bilər.
4.
“Ən yaxşı qadın rolu”na görə mükafat Annet Beninq (“Dayana Nayed”), Lili Qladstoun (“Çiçəkli Ayın qatilləri”), Sandra Hyüller (“Yıxılmanın anatomiyası”), Keri Malliqan (“Maestro”), Emma Stoun (“Yazıqlar-bədbəxtlər”) arasından seçiləcək.
Ən iddialı Sandra Hyüller görünür.
5.
Eyni zamanda mərasimdə “Ən yaxşı ikinci dərəcəli kişi rolu”, “Ən yaxşı ikinci dərəcəli qadın rolu”, “Ən original ssenari”, “Ən yaxşı bədii qısametrajlı film”, “Ən original mahnı”, “Ən yaxşı saundtrek”, “Xarici dildə ən yaxşı film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi” və “Ən yaxşı qısametrajlı cizgi filmi” nominasiyaları üzrə də qaliblər müəyyənləşdiriləcək.
Bir sözlə, bütün diqqətlər artıq indidən Los-Ancelesə yönəlib.
Şəkillərdə: Qapaq şəklində Martin Skorzese, iç şəkillərdə Kristofer Nolan və “Yıxılmanın anatomiyası” filmindən kadr.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Şirin qayğanaq
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Şirin qayğanağın hazırlanması qaydasını şərh edəcəyik.
Şirin qayğanaq
ƏRZAQ:
Yumurta – 120 qr
Yağ – 15 qr
Bal (və ya doşab, şəkər tozu)
– 30 qr
Duz – 2 qr
Xörək əlavəsi:
sarımsaq – 2 qr, qatıq – 50 qr
HAZIRLANMASI:
Yağ əridilir, yumurta çalınaraq, yağa əlavə olunur. Hər iki tərəfi qızardılır. Süfrəyə veriləndə üzərinə bal, doşab və ya şəkər tozu əlavə olunur.
Qayğanaq sarımsaqlı qatıqla da yeyilir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
42-ci hissə
Manqabaşçısı
“The pimping of prostitution: Abolishing the Sex Work Myth” kitabı ilə tanışlıqdan sonra Ülkərin həyatı lap cəhənnəm əzabına döndü. Əlcək kimi dəyişdirdiyi kişilərdən tanış olanlar da çıxırdı, hətta bir dəfə o qədər inanılmaz olay baş vermişdi ki… Bir xeyli yaşlı,-- əllibeş-altmış yaşı olardı, -- kişi intim yaxınlıq bitəndən sonra Ülkərlə belə bir dialoqa getmişdi:
-- Ay qızım, sən mənə yaman tanış gəlirsən. Elə bil ki, bizim rayonnusan. Hardansan ki sən?
-- Buralıyam. Yerliyəm, a kişi. Nə rayon?!
-- Bizim rayonda bir anasının əmcəyini kəsən polis rəisi varıydı, Qələndərov. Nədisə də, səni onun qızlarına bənzətdim. İki qızı var idi, biri Ülkəriydi, biri Leyli. Qonşuyduq. Birevli kimiydik.
Deməzsənmiş, bayaqdan suyu şirin gələn bu kişi qonşuları Əbdül kişiymiş, Türkanla Səlimin ataları. Bazara heyva vurub gətiribmiş rayondan. Qazancı yaxşı olubmuş deyə cavanlıq eləmək fikrinə düşübmüş.
Ülkərin bədənindən sanki cərəyan keçdi, durub tez əynini geyinib kafenin kabinəsindən çıxdı, azacıq aralanıb hönkürtüylə ağlamağa başladı. Demək, təsadüfən kiməsə qulluq eləyəndə mütləq onu tanıya bilərdilər. Bu kişi oxşatdı, amma tam tanıya bilmədi, növbətisi tanıya bilərdi amma.
Göz yaşları içində Allaha yalvardı ki, ya Rəbb, məni bu yola saldın, barı axıradək gizli qalmağımda, sirrimin üstünün açılmamasında mənə yardımçı ol.
Əlbəttə ki, təsadüfən elə qardaşı Xəyal sifarişçisi ola bilərdi, Xəyal o vaxtdan arvadbaz idi, fahişə xidmətindən istifadə edirdi. Özünə fahişə sifariş verə bilərdi, həmin ünvana da Naza bilməyərəkdən Ülkəri göndərərdi. Gör bir onda nə həngamə qopardı. Yaxud Rəşid müəllimdən, Rasimdən biri müştərisi çıxa bilərdi. Ən pisi isə həmin o eynəkli alim, İqbal. Nələr olardı, nələr keçərdi...
Mənfur 2016-cı il – otuz illik yubiley ili bax beləcə -- ağrılı-acılı davam etməkdə, öz sonuna çatmaqda idi. Bu il Turalı itirmiş, taledən ağır bir zərbə almışdı. Ardınca İqbal onun xoşbəxt olmaq üşün son tutalqasını əlindən almışdı. Ardınca da fahişəliyi seçmişdi. Zərbə zərbə dalınca.
Ülkər bir qədər dikbaş idi, Nazanın qızlarının əksəriyyəti yaşca ondan kiçik idilər, subaydılar, onların üstlərinə qışqırmağı, acıqlanaraq onları divara qısnamağı var idi, qızlar əksərən ondan çəkinirdilər, sözünün qarşısında söz demirdilər. Bəzən Ülkər heç nədən əsəbiləşir, hansısa qızı vurmaqdan, saçını yolmaqdan belə çəkinmirdi. Ağrılı-acılı illər onun əsəblərini pozmuşdu, elə olurdu ki, özünüidarəni belə itirirdi.
Naza çox vaxt xarici səfərlərdə olurdu, xüsusən Dubaya seks turlar təşkil edir, seçmə qızları ora aparırdı, həmin məqamlarda həftələrlə Bakıda olmurdu, buradakı qızlara nəzarəti itirir, gəlir-çıxarını eləyə bilmirdi. Ülkərin qızlar arasındakı çəkisini görüb Naza onu manqabaşçısı təyin etdi, artıq Ülkər özü müştəri ilə nadir hallarda görüşürdü, daha çox müştərilərlə qızları calamaqla, pul bölgüsü aparmaqla məşğul olurdu. Bu, onu xeyli yüngülləşdirmışdı.
Bir gün yuxusunu qarışdırmışdı. Rayondakı evləriydi, anası və üç uşaq oturmuşdular. Nə idisə yeyirdilər. Sonra atası da gəldi. O da oturdu, anası həmin o yediklərindən ona da çəkdi. Bu vaxt uğultu səsi eşidildi, taxta qapı laybalay yerindən qopdu. Rayon camaatı idi, əllərində bel, yaba, balta. Tökülüşdülər bunların üstünə. Əvvəl bacısını, sonra qardaşını, sonra anasını, sonra atasını parçaladılar. Ən sonda Ülkərin üstünə gəldilər. Ülkər titrəyirdi, qışqırıb imdad diləyirdi. Amma imdad eləmədilər, öncə ayaq və əl barmaqlarını, sonra ayaqlarını və əllərini kəsdilər, sonra da başını yerindən üzdülər. Şorultuyla qanı axdı...
Qan-tər içində yuxudan ayılanda başa düşdü ki, bu gün nəsə yaxşı gün olmayacaq.
Naza Dubayda idi. İşləri aşırmaq Ülkərin boynunda idi. Naza “iş telefonu” dediyi telefonu gedəndə Ülkərdə qoyub gedirdi, sifarişləri Ülkər qəbul edirdi. Adətən sifarişlər günortadan başlayır, axşamüstü kəlləçarxa vururdu.
Yenə də günorta ilk zəng gəldi. Vorovskiyə iki bahalı sütül qız göndərdi. Sonra “Veterok”a “Sovtransavto” sürücüsünə ucuzvari bir xala yolladı. Bakı-Sumqayıt yolundakı moteldə əylənən üç dosta üç qız göndərəndən sonra televizorda rayonlardan birində reyd edildiyi, əxlaqsızlıq yuvası aşkar edildiyi barədə süjet gördü, dalağı sancdı. Polislər yarıçılpaq qızları, kişiləri sıraya düzmüşdülər, onlar da üzlərini kameradan gizləyirdilər. “Ay Allah, uzaq elə” deyə imdad dilədi, bir gün belə bir aqibətə özünün də tuş olacağı ağlını zəbt etdi, çox qorxdu. Gecə yuxusunu qarışdırması yenə yadına düşdü, telefonu qapatdı ki, bu gün heç nə eləməsin, bu gün nəsə xoşagəlməz bir şey olacaq.
Az keçmiş Naza Ülkərin şəxsi nömrəsinə zəng vurdu, dişinin dibindən çıxanı ona dedi. “Necə yəni telefonu söndürmüsən, işimizi iflic etmisən?”Naza onu cərimələməklə, saçını yolmaqla hədələdi, “zaryatka qurtarıb” bəhanəsi yersiz idi əlbəttə. Nazanın rəfiqəsi hansısa məmurun bağına qız göndərməyə boyun olubmuş, “iş nömrəsi”nə zəng vurub telefonu sönülü görmüş, dərhal Nazanı yığmışdı...
Məmurun işini cəld düz-qoş etdikdən sonra “Veterok”a altı qız çıxarmaq sifarişi gəldi, axşam saat 9 radələri idi, belə qrup halında sifariş olanda manqabaşçısı özü mütləq hadisə yerinə gedir, qızları aparır, pulu alır, qızlar işlərini görüb qurtardıqdan sonra onlara düşən məvacibi verib evlərinə yola salırdı.
Qızları da götürüb iki taksiylə kafeyə getdilər. Kafeni işlədən şəxs Ülkərlə çox qarşılaşmışdı, hətta bir dəfə onun müştərisi də olmuşdu. Qoşa deyə çağırılan bu şəxs altı qızdan ötrü on birinci sinif şagirlərindən altı yüz manat aldığını, pulun yüzünü özündə saxlayacağını izhar etdi. Ülkərə öncə olay çox iyrənc göründü, məktəblilər gəlib kafedə spirtli içki qəbul edirlər, ardınca da intim həyat yaşayırlar, belə şeymi olar? Oğlanlara baxdı. Sütül ana uşaqları idi. Cəmiyyət nə zaman bu qədər etinasız olmuşdu ki, bu ana uşaqları bir belə pulla gəlib burada araq içmişdilər, indi də hətta bəzisi anaları yaşda olan qadınlarla intim əlaqədə olacaqdılar?
Etirazını bildirəndə Qoşa qəhqəhə çəkdi, dedi, rəhmətliyin qızı, yaşın nə fərqi var, kişilik qalxanda gərək onun tələbini ödəyəsən.
Qızlar kabinələr üzrə bölündülər, Ülkər zalda oturub gözlədi. Vaxt əsla keçmirdi. Qoşadan aldığı beş yüz manatı bufetçidə xırdalamışdı ki, qızların hərəsinə əlli manatdan versin, yerdə qalan iki yüz manatı da daxıla atacaqdı.
“Bircə bu günü sağ-salamat başa vurub evə gedə biləydim”.
Diləyi bu idi.
Bir də onu gördü ki, səs-küy qalxdı, aləm bir-birinə dəydi.
Polislərdi, qapıları bağlayıb yetəni divar dibinə düzürdülər.
Sonra hadisələr bir göz qırpımında cərəyan etdi. Yarıçılpaq qızlarla sütül məktəbli oğlanları, kafenin işçilərini, digər iki-üç müştərini Qoşa və Ülkərlə bərabər avtobusa basdılar.
Ülkər qurtulmaq üçün çabalar göstərdi, ağlaya-ağlaya polisə dedi:
-- Ay qardaş, məni niyə aparırsız, mən yazıq bir qısmat şörək yeməyə gəlmişdim bura. Günahım nədir axı?
Sən demə, gələnlərə yerli-yataqlı hər şey məlum imiş. Kimin kim olduğunu onlar yaxşı bilirdilər.
-- Qəhbəbaşı, sən sus. Nə yuvanın quşu olduğunu gözəl bilirik. Ad batıran ləçər. Barı polis rəisi olmuş atanın adını batırmayaydın.
Yer yarılsaydı, Ülkər yerə girərdi.
Ən pisi isə o idi ki, televiziyalar da reyddə iştirak edir, onları çəkirdilər. Üz gizlətmək də kara gəlmirdi. Ülkərin adı, soyadı, ata adı – hamısı elan olundu. Bu boyda rüsvayçılığın altından necə çıxacağını bilmirdi. Həmin an məqam tapıb özünü öldürmək istəyirdi ki, sonrasından xəbəri olmasın. Allahdan möcüzə diləyirdi ki, bircə yer yarılaydı, o da orada qərq olaydı.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Varlanmaq üçün uğur formulu – Şərhlər dəqiq və aydın olmalıdır
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Uğura gedən bir yol da təqdim edilən layihələrdə, şərhlərdə dəqiq və aydın çıxış etməkdir.
Bu bölümdə siz kompaniyanızın təklif edəcəyi məhsul və ya xidmət növlərini dəqiq müəyyən etməli və təsvirini verməlisiniz. Burada sizin məhsulun və ya xidmətin istehsalı üçün tələb olunan texnologiyanın bəzi aspektlərini göstərmək lazımdır. Bu hissənin aydın, dəqiq, qeyri-mütəxəssis üçün anlaqlı dildə yazılması vacibdir. Bu bölüm işlənilərkən bir sıra suallara son dərəcə dəqiq cavab vermək lazımdır.
· Sizin məhsul hansı tələbatları ödəmək üçün nəzərdə tutulub?
· O nə ilə seçilir, alıcılar onu niyə digər kompaniyaların təklif etdikləri əmtəələrdən fərqləndirəcək və ona üstünlük verəcəklər?
· Siz nə üçün bu məhsulu və onun reallaşması üçün bu yeri və bu zamanı seçmisiniz? Onlar sizin üçün nə ilə cəlbedicidir?
· Əmtəənin həyati dövriyyəsi necədir, başqa sözlə, mənəvi köhnəlmə nə dərəcədə tez baş verəcək?
Əgər sizin biznes-planda yüksək texniki məmulatdan söhbət gedirsə, satışdan sonrakı servis sistemini xarakterizə etməyi unutmayın. Bütövlükdə biznes-planın bu bölümündə alıcıya məmulatı alarkən ona təklif olunan əlavə xidmətlər kompleksini, yəni firmanın buraxdığı əmtəənin başqa firmaların buraxdıqları analoji əmtəələrlə rəqabət mübarizəsində qazandığı əlavə «yardımı» təsvir etməyə çalışın. Çünki Harvard Universitetinin məşhur professoru Teodor Levitt demişkən, «bugünkü rəqabət – firmaların öz zavod və fabriklərində istehsal etdikləri əmtəələrin bir-biri ilə apardıqları rəqabət deyil, onların öz məhsullarını əlavə olaraq qablaşdırma, xidmət, reklam, müştəri konsultasiyaları, maliyyələşdirmə, tədarük xüsusiyyətləri, anbara yığma üzrə xidmətlər və insanların qiymətləndirdiyi digər şeylər arasında gedən rəqabətdir».
Biznes-planın bu bölümünün yekun ştrixləri əmtəənin ehtmal edilən qiyməti, onun istehsal xərcləri və hər əmtəə vahidinin gətirəcəyi gəlirin ölçüsü haqqında məlumatlar məcmusudur.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Şəhidlər barədə şeirlər – Feyruz Tarverdiyev
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Feyruz Tarverdiyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
FEYRUZ İSLAM OĞLU TARVERDİYEV
(22.07.1996-03.11.2020)
Kürdəmir rayonunun Sığırlı kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
ANAM, NƏ OLAR, AĞLAMA
Şəhidimizin, anası Məhbubə xanıma demək istədiyi sözlər:
-Torpaqlarımız alındı,
Anam, nə olar, ağlama.
Zəfər himnimiz çalındı,
Anam, nə olar, ağlama.
Mənə çəkdin çox əziyyət,
Başa saldın nədir qeyrət,
Anaya, yurda məhəbbət,
Anam, nə olar, ağlama.
Kiçikdim, balacan idim,
Sənin əziz balan idim,
Arxan idim, qalan idim,
Anam, nə olar, ağlama.
Nə saralıb, nə solmuşam,
Nə kövrəlib, nə dolmuşam,
Adına layiq olmuşam,
Anam, nə olar, ağlama.
Sığırlı doğma kəndimdir,
Qarabağ da Vətənimdir,
Cənnət mənim məskənimdir,
Anam, nə olar, ağlama.
Nifrəti biz ox eylədik,
Düşmənləri yox eylədik,
Üzünüzü ağ eylədik,
Anam, nə olar, ağlama.
Alovda, odda bişmişəm,
Min çətinliyə düşmüşəm,
Kişi kimi döyüşmüşəm,
Anam, nə olar, ağlama.
Azaddır Qarabağımız,
Üzə gülür torpağımız,
Dalğalanır bayrağımız,
Anam, nə olar, ağlama.
Feyruz kimi övladın var,
“Şəhid anası” adın var,
Şəhid ölməz, hər vaxt yaşar,
Anam, nə olar, ağlama.
Canım, nə olar, ağlama.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Cavid Babayevin 1-ci yerə layiq görülmüş “Üçnəfərlik motosikletlər” hekayəsi
Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılar olublar:
Elay İsmayılov;
Xanbala Mahmudov;
Cavid Babayev;
Orxan Cuvarlı;
Bəşir Niftəliyev;
Şəhriyar Bəhmənov;
Səma Quliyeva;
Pərviz Əlyaroğlu.
Qalib və mükafatçıların adlarını isə Münsiflər Heyəti ötən günlərdə bəyan edib.
HƏVƏSLINDİRİCİ YERLƏR
Bəşir Niftəliyev,
Səma Quliyeva
3-CÜ YER
Xan Abdulla
2-Cİ YER
Orxan Cuvarlı
1-Cİ YER
Cavid Babayev
Mükafatlandırma mərasimi barədə əlavə məlumat veriləcək.
Oxucuların xahişi ilə yer tutmuş iştirakçıların yazılarının dərcini başa çatdırırıq. Bu gün sizə 1-ci yer tutmuş Cavid Babayevin “Üçnəfərlik motosikletlər” hekayəsini təqdim edirik. Qeyd edək ki, 8 finalçının hekayəsi dərc edilərkən ən çox oxunma sayını da məhz bu hekayə qazanmışdı.
CAVİD BABAYEV
Mən, Cavid Sərdar oğlu Babayev 1999-cu il mayın 7-də Gəncə şəhərində anadan olmuşam. 2006-cı ildə B.Cəfərov adına Kəlbəcər rayon 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 2016-cı ildə məktəbi bitirmiş və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibatlıq fakultəsinə qəbul olmuşam.
2020-ci ildə təhsilimin magistr pilləsinə Bakı Mühəndislik Universitetinin İqtsadiyyat və İdarəetmə fakultəsində davam etmişəm.
2022-ci ildən etibarən Ali & Nino kitab mağazaları şəbəkəsində kitab məsləhətçisi olaraq çalışıram.
ÜÇ NƏFƏRLİK MOTOSİKLETLƏR
Sən demə, məşhur Benzlər ailəsinin uşağı olmurmuş.
Avtomobil sənayesinin pioneri Karl Benz ilk gördüyü andan etibarən Bertha Ringerə aşiq olur, onunla evlənir, lakin sonradan Berthanın heç vaxt dünyaya uşaq gətirə bilməyəcəyi gerçəyiylə üzləşir. Elə Bertha da bu gerçəklikdən evlilikdən sonra xəbər tutur və dərhal Karldan ayrılma qərarına gəlir. O, Karlı o qədər çox sevirmiş ki, onun sağlam, doğurğan bir qadınla ailə həyatı qurmasını və hələ evliliklərindən əvvəl Karlın həvəslə söhbət açıb dil boğaza qoymadan danışdığı “oğlan uşağı arzusu”nun reallaşmasını istəyirmiş. Bir axşam Karl əlində şərab şüşəsi, qoltuğunda qırmızı lentlə bağlanmış şokolad qutusuyla evə girib şad-şalayın işlərin necə əla irəlilədiyiylə bağlı sözə başlayanda Bertha ağlamaqdan özünü güclə saxlayır. O özünü Karlın bu böyük xoşbəxtlik şorbasının içinə düşmüş murdar bir milçək kimi hiss edir. Şam yeməyi boyu Karlın dilindən, gözündən sıçrayıb getdikcə ətrafı öz ağuşuna alan sevinc qığılcımlarının atəşinə tab gətirmir və ağlaya-ağlaya içini tökür. İş-güc əlindən arvadıyla doğru-düzgün vaxt keçirə bilməyən Karl o an bu qadının qəlbindəki gizli ağrılardan bu vaxtacan necə bixəbər qaldığının fərqinə varır. Həmin gecə, mətbəxdə yemək masası başında arvadını bərk-bərk qucaqlayıb üz-gözündən öpən Karl Benz özünə bir söz verir: söz verir ki, bundan sonra atacağı hər addım arvadının xoşbəxtliyinə xidmət edəcək.
İllər keçir və Benzlər işlərində uğur qazanırlar. Bildiyiniz kimi, Karl Benz işində uğurlu olmaqla qalmır, hətta adını tarixə “avtomobilin atası” olaraq yazdırmağı da bacarır. Həyatları maddi baxımdan qaydasına düşən Benzlər pillə-pillə bütün problemlərdən xilas olduqca uzun müddətdir mətbəxlərinin tavanından asılı qalan o səssiz boşluq daha çox gözə batmağa başlayır. Karl uşaq mövzusunu yenidən açmaq barəsində haqq sahibi olmadığını düşündüyündən həmişə söhbətin istiqamətini Berthanın müəyyənləşdirməsini gözləyir. Nəhayət Berthanın bir sualı hər şeyin başlanğıcı olur: “Niyə düzəltdiyin maşın 1 yox, 3 yox, 5 yox, məhz, 2 nəfərlikdir?” Yəqin, təxmin edə bilirsiniz, bu sual başqa hansı suallara açar ola bilər. Bertha bu açarı kilidə özü qəsdən salmışdı. Beləliklə bəzi qapılar açıldı və Benzlər övladlığa uşaq götürmək qərarına gəldilər. Qara saçlı, qara gözlü, qarayanız, iki yaşlı bir oğlan uşağı. Yox, üç yaşlı... yox, beş. İlahi o necə də tez böyüyür. Çox keçmədi, Karl Benz anladı ki, artıq onun həyatında iki nəfərlik şeylərə yer yoxdur. İki nəfərlik çarpayılar üç adam tuturmuş. Beşiklər balaca otaqları daraltmır, böyüdür. Hər şeyi üç bərabər hissəyə bölmək olar. Hər şeyi! Bəs velosipedləri necə? Onları da üç bərabər hissəyə bölmək olar? Karl Benz ilk dəfə “ata” deyə çağırılanda anlamışdı... Anlamışdı ki, olar. Kağız üstündə cızmaqara və budur, Berthanın velosipedinin artıq 3 təkəri var. Velosipedi Karl idarə edir, arxasında Bertha və möhkəm borularla yan hissəyə bərkidilmiş böyük təkər üstündəki oturacaqda qarayanız bir uşaq. Bu da son şəkil. Bilmirəm, Benzlər xoşbəxt oldu ya yox, amma deyə bilərəm ki, üç nəfərlik motosikletlər bax belə yarandı.
Bütün bunları mənə Deyşa danışmışdı. Deyşa qəhvəyi gur saçlı, geniş kürəkli, hündürboy, 29 yaşlı bir qız idi. Mən isə o vaxtlar 11 yaşlı cılız bir oğlan uşağıydım. Qara Qarayev metro stansiyası yaxınlığındakı beşmərtəbəli binalardan birində, beşinci mərtəbədə nənəmlə birlikdə yaşayırdım. Günüm məktəblə ev arasında nənəmin öyüdlərini dinləməklə keçirdi. Qarayevdə birlikdə vaxt keçirə biləcəyim cəmi bir dostum var idi. Adını bura yazmağın doğru olmayacağını düşünürəm, ona görə də, hələlik ona T deyək. Dərslərin əlindən çölə çıxmağa çox da imkan olmurdu, ancaq olan kimi T’ylə maşın yolunda top oynamağa gedərdik. Futbol stadionunu əvəz edə biləcək başqa bir yer yox idi. Maşın yolu Deyşanın qaldığı iyirmimərtəbəli binayla bizim binanı biri-birindən ayırır, qıvrılaraq məhəllələrdən keçir, metrostansiyaya qədər uzanırdı. Biz ta uşaqlıqdan burada məskən salmışdıq, ancaq bir dəfə də olsun Deyşa adlı birinə rast gəlməmişdik. Deyşanın bura nə vaxt gəldiyiylə bağlı heç kim heç nə demirdi. Sanki o, qəflətən yolun altından çıxıb qarşı binaya düşmüşdü. İndiyədək “Deyşa” deyə bir ad eşidən də olmamışdı, ona görə, onun hansı torpaqlardan gəldiyi də hamıya qaranlıq idi. Soruşacaqsınız ki, bəs niyə bütün bunları kimsə onun özündən soruşmurdu? Məsələ burasındadır ki, o, bir az, necə deyərlər, təhlükəli görünürdü. Məsələn, ətrafda ondan başqa tək yaşayan adam tanımırdıq. Hələ-hələ qadın olaraq tək yaşamaq bu məhəllələrə yad bir şey idi. Deyşa bütün qadınlardan iri, hətta kişilərin bəzilərindən də hündür və cüssəli görünürdü. Onun gözəl olduğuyla hamı, yəqin ki, razılaşardı, lakin zeytun dənəsi kimi qara gözləri insanların cəsarətini qırır, ona yaxınlaşmalarına əngəl olurdu. Kişilər kimi geyinərdi. Heç kim onu yubkada, donda, ya da adi ətəkli paltarda bir dəfə də olsun görməmişdi. Saçlarını mismara bənzər qəribə dəmirlərlə yığar, heç vaxt makiyaj etməz, əynində dəri kurtka, onunla dəst şalvar və qoltuğunda dəbilqəsi olardı. Hə, yanlış eşitmədiniz! Dəbilqə. Çünki, onun üç nəfərlik motosikleti vardı. O vaxtadək üç nəfərlik motosiklet görməmişdim və əminəm ki, bizim məhəllənin adamları da görməmişdi. Qarayev küçələrində yalnız iki təkərli kuryer motosikletlərinə rast gələ bilərdin.
Hər səhər Deyşanın motosikletinin səsi eşidilərdi. Məktəb avtobusuna çatmaq üçün səhərlər tezdən – saat 6-da oyanıb hazırlaşar, evdən çıxana yaxın o səsi eşidər və Deyşanın da yola düşdüyünü anlayardım. Məktəbdən qayıdıb eyvanımızda çay səfası sürərkən də çox keçməz, küçə başından motosikletin səsi gələr, Deyşa eyvanımızın qabağına çatarkən sağa burulub üzbəüz evlərin arasıyla 20 mərtəbəli binaya doğru irəliləyərdi. 13-cü mərtəbədə qaldığını bilirdim, çünki bu mərtəbənin eyvanında onu görmüşdüm. Nə qədər uzaqda olursa olsun, onu tanımamaq mümkün deyildi. Gecə gec saatlara qədər dərs oxuyardım və fasilələrdə hərdən eyvana çıxıb boş-boş qarşı binalara baxardım. Deyşanın mənzilinin işıqları həmişə yanılı olardı. O vaxtlar qaranlıqdan qorxduğu üçün işıqları açıq buraxdığını düşünərdim, amma sonra onun pəncərə qarşısından o yan-bu yana keçdiyini, arabir eyvana çıxdığını görəndə sadəcə yata bilmədiyini başa düşdüm. Lap işıqlar sönülü olsa da, pərdəyə yansıyan mavi şüadan televizorun açıq olduğunu anlamaq olurdu. Axı, necə belə gec yatıb tez oyana bilirdi? Hara gedirdi? İşləyirdi? Nə işləyirdi? Bunları da bilmirdim. Ən maraqlısı da bu idi ki, o niyə tək yaşadığı halda belə böyük, 3 nəfərlik bir motosikletə sahib idi?! Ona kiçik kuryer motosikleti və ya iki nəfərlik adi motosiklet bəs edərdi axı. Ağlıma da gəlməzdi ki, bir gün onun motosikletinə oturmaq və bu sualı ona şəxsən ünvanlamaq imkanım olacaq.
Dekabr ayının tam ortasında, soyuğun bıçaq kimi kəsdiyi günlərdən birində dərs çıxışı sonrası kəskin qarın ağrısı səbəbindən məktəb tualetində qıvrına-qıvrına qalmışdım. T də xəstələnmiş və dərsə gəlməmişdi. Bütün günümü və tualetdəki ağrılarımı təkbaşına yaşadıqdan sonra birtəhər özümü toplayıb həyətə çıxanda bizim xidmət avtobusunun artıq məktəbdən uzaqlaşdığını gördüm. Arxalarıyca nə qədər əl yelləyib çığır-bağır salsam da, fərqimə varmadılar. Məni yaddan çıxarmışdılar. Hələ davam edən ağrıyla əlim qarnımda dayanacağa sarı gedəndə düz yanımda tanış səsi eşitdim. Bu Deyşanın motosikleti idi.
Kaskanın altından səs eşidildi: “Gəl, mən səni aparım”. İlk dəfəydi, onu belə yaxından görürdüm. Dəbilqəsinin şüşəsində qəribə şəkildə buruşmuş əksimi görüb özümü toplamağa çalışdım. Əvvəlcə etiraz etdim, çünki, sözün düzü, deyəsən, mən də ondan bir qədər qorxurdum. İsrarla oturmağımı istədi. Nəhayət, çantamı kürəyimdən çıxarıb qucağıma aldım və yan oturacaqda büzüşdüm. Kəlmə kəsmədən bir xeyli yol getdik. Motorun səsi qulaq batırırdı. Qaranlıq otaqdaymışam kimi ətrafa diqqət kəsilmişdim. Açara keçirilən brelok gözümə sataşdı. Bu heyvanı biologiya kitabında görmüşdüm. Kuala. Ara küçələrdə kəskin dönüşlər etdikcə balaca kuala fiquru o yan-bu yana yellənirdi. Birdən Deyşa başını mənə sarı çevirdi. Özümü itirib gözlərimi tez yellənən brelokdan çəkdim və solumdan axıb gedən mağazalara baxmağa başladım.
– Nolub? Qarnın ağrıyır? – Deyşa qəfil soruşdu.
– Nə?
– Deyirəm qarnın ağrıyır?
– Hə, bir az.
Əlini oturacağımın yanına salıb kiçik bir termos çıxardı.
– Götür iç! Yəqin, soyuqlamısan.
Qapağı açanda zəncəfil qoxulu çayın ətri məni vurdu. Soyuqda buxarlanan çaydan içə-içə öz-özümə düşünürdüm: “Səsi təsəvvür etdiyim kimi kobud deyilmiş. Əksinə mehribandır.”
Yol boyu bir çox şeyin təsəvvür etdiyim kimi olmadığını başa düşdüm. Oğrun-oğrun ona baxır, xəyal dünyam və reallıq arasındakı fərqlərdən təəccüblənirdim. Axır, gəlib çatdıq. Məni binamızla üzbəüz marketin qarşısında düşürdü. Mən təşəkkür edib uzaqlaşmaq istəyərkən dedi:
– Yaxşıca dincəl! Anana deyərsən, sənə isti şorba hazırlayar. Yaxşı?
– Mənim anam yoxdur. Nənəmlə qalıram, – qeyri-ixtiyari bu kəlmələr ağzımdan töküldü.
Duruxdu, qaldığım binaya baxdı. Kaskanın altında hansı ifadənin gizli qaldığını bilmədim.
– Onda nənənə deyərsən, – dedi və motoru işə salıb ara küçələrdə gözdən itdi.
O axşam nə düz-əməlli yemək yeyə, nə də dərs oxuya bildim. Elə hey Deyşa haqqında düşünürdüm. Düzü, heç qarın ağrısını da hiss etmirdim. Özlüyümdə qərar verdim ki, bu haqda mütləq T ilə danışmalıyam. Belə də etdim.
Sabahısı olanları T-yə danışdım, lakin o mənə inanmadı. Deyşaya kiminsə yaxın düşə biləcəyini mümkünsüz sayırdı. Ona izah etməyə çalışdım ki, təsəvvürümüzdəkilər yalandır, ancaq T məni dinləmədi. Bircə yolum qalırdı. T-ni o motosikletə mindirmək. Nə olur olsun, bunu bacarmalıydım. Plan qurmağa başladım. Onun məktəb avtobusuna minməsinin qarşısını almalı, özümlə dayanacağa aparmalı və nəhayət, Deyşanın oradan keçməsini gözləməliydim.
Gün boyu T-yə tez-tez sudan, çaydan, bufetdən aldığım meyvə şirələrindən təklif etdim. Dərs çıxışında isə mənlə ayaqyoluna qədər gəlməsini istədim. Əlbəttə ki, o da içəri keçmə ehtiyacı duydu. Elə bu an barmaq uclarımda cəld içəridən çıxıb təmizlikçinin qapı yanındakı dolaba söykədiyi saplı süpürgəni T-nin qapı kilidinə bərkitdim. Ayağımla süpürgəyə dayaq oldum. Planımın geri qalanı öz axarıyla getdi. T-ni inandırmağa çalışdım ki, qapı öz-özünə kilidlənib və mən də guya açmağa kömək edirəm.
Təbii ki, biz çıxanda avtobus artıq yox idi. T mənlə dayanacağa getməyə məcbur oldu. Geriyə Deyşanın gəlməsinə ümid bağlamaq qalırdı. Hər şey gözlədiyimdən də tez baş verdi. Uzaqdan motosikletin gəldiyini görən kimi cəsarətimi toplayıb əlimi azca yuxarı qaldırdım, ancaq tez də endirdim. T nə etdiyimi anlamağa macal tapmamış motosiklet qarşımızda dayandı və Deyşa kaskanın şüşəsini qaldırıb muncuq kimi gözləriylə bizə baxdı.
– Bu dəfə ikiniz də avtobusu ötürmüsünüz? – soruşdu.
– Hə, – cavabladım.
Sonra olanları anlatmağıma ehtiyac belə yoxdur. T gözlədiyim kimi yan oturacaqda quruyub qalmışdı. Heyrətdən ağzını bıçaq açmırdı. Mən isə dediklərimin doğruluğunun isbatından zövq ala-ala Deyşanın arxasında oturub onun belindən yapışmışdım. Yol boyu özümü həm xoşbəxt, həm də bir qədər qəribə hiss edirdim. Deyşanın belini qucaqlamağımın nə mənaya gəldiyini anlamağa çalışırdım. Filmlərdəki oğlanlar kimi hiss edirdim özümü. Uşaq ağlımla, sanki Deyşanın mənim olduğuna qərar vermişdim. O vaxtlar bu hissin nə olduğunu anlaya bilməmişdim. O nişanlım, sevgilim, dostum, bacım, yoxsa anam idi? Bəlkə hamısı birdən? Bəlkə heç biri? “Əsas odur ki, xoşbəxtəm” deyə düşünüb bütün suallardan imtina etdim.
Ancaq xoşbəxtliyim çox uzun sürmədi. Növbəti gün T vacib bir məsələ ilə bağlı danışmaq istədiyini deyib məni bir küncə çəkdi.
– Anam o motosikletə mindiyimizi öyrənib, – dedi.
– Nə olsun ki?
– Dedi ki, bir də olmasın!
– Niyə?
–Çox bir şey demədi, sadəcə dedi ki, o yaxşı qız deyil. Onun yanında olmamalıyıq.
– Dəli olmusan? Soyuqda qarın ağrısından qıvrıla-qıvrıla küçələrdə qalanda məni evə aparan o oldu. Bəs dünən ikimiz də avtobusu ötürəndə bizə kim kömək etdi?
– Bilirəm. Bəs indi nə edək?
– Qulaq as, böyüklər hələ də elə bilirlər ki, Deyşa təhlükəli, pis bir adamdır. Biz onlara göstərməliyik ki, bu belə deyil. Əgər onun bizə necə kömək etdiyini hamı görsə, onda hər şeyi özləri başa düşəcəklər. Lap biz özümüz də onlarla söhbət edərik.
Həmin gün T ilə ətraflı söhbət edib axşam evə yenə Deyşayla qayıtmağa razı saldım. Bu dəfə Deyşayla aramdakı sədlərin qırıldığını, bağlarımızın gücləndiyini hiss edirdim. Onunla söhbət edib suallar verirdim. Motosiklet belində onu qucaqlamaq içimi güvən hissi ilə doldururdu. Əmin əllərdə idim və ən əsası, ilk dəfə idi ki, məni qoruyacaq, yanımda ola biləcək, problemlərimi bölüşüb birlikdə həll yolları yarada biləcəyim bir insana sahib olmağa başladığımı duymuşdum. O axşam Deyşaya üç nəfərlik motosikletlər barədə olan sualımı da verdim. O da Karl Benzlə bağlı həmin o hekayəni danışdı. Bəlkə də, hekayəni birbəbir mən yazdığım sözlərlə, mən yazdığım formada nəql etməmişdi, ancaq hər halda mövzu da, məqsəd də eyni idi.
Bir gün daha keçdi və hər şeyin necə daha bərbad bir hal aldığının fərqinə vardım. T döyülmüşdü.
– Anam dedi ki, bir də sözündən çıxsam, lap pis olacaq. – T tənəffüsdə başını aşağı salıb sulu gözlərlə olanları danışmağa başladı. – Dedi ki, hər şeyi gedib nənənə deyəcək!
– Nənəmə?
– Hə. Üstəlik, dedi ki, özü Deyşanın ağlını başına gətirəcək.
– Bu nə deməkdir?!
–Bilmirəm! Dedi ki, əgər sən də motosikletdən əl çəkməsən, bizi birlikdə oynamağa qoymayacaq.
– Axı, niyə?!
– Deyir, Deyşa yaxşı qız deyil. Siqaret çəkir, pivə içir, gecələr tək qalır. Deyir... deyir...
– Nə deyir?
T üzünü yana çevirib asta səslə deyəcəyi son sözləri də dedi:
– Deyir ki, o pozğundur!
– Pozğun?!
Qulaqlarıma inanmırdım. Bu deyilənlər doğru ola bilməzdi. Hər şey yalan idi, yalan!
T ilə dərs çıxışına qədər demək olar ki, kəlmə kəsmədik. Olanlar qarşısında deməyə sözümüz qalmamışdı. Çıxışda hamı avtobusa tərəf irəlilədi. T də hamıyla birgə. Mən yerimdən tərpənmədim. T geri çevrilib gəlmədiyimi gördü. Çarəsizcə gözlərimə baxdı. Baxışlarımızla sağollaşdıq.
Bu dəfə lap çox gözlədim, amma nəhayət küçə başından burulan motosikleti gördüm və sevincək ayağa qalxıb yola yaxınlaşdım. Deyşa kəskin tormozla düz qabağımda dayandı. Sonra kaskasını çıxardı. Saçları batan günəşdə parıldayır, balaca burnu qızarırdı. Ancaq nədənsə baxışlarını gözlərimdən yayındırırdı.
– Yenə avtobusu ötürmüsən?
– Yox, sadəcə sənlə getmək istədim.
Deyəsən bu cavabı gözləmirdi, çaşqınlığı gözlərindən bəlli oldu. Ətrafa boylandı, baxışları məktəbimin divarlarında gəzişdi. Sonra üzünü mənə tutdu:
– Qulaq as, əslində mən indi başqa yerə gedirəm. Bəlkə bu dəfə avtobusla gedəsən? Əgər üstündə pulun yoxdursa, mən verərəm.
– Yox, pulum var! Amma çox soyuqdur. Bayaqdan burdayam. Məni heç olmasa yaxın bir yerdə düşürə bilmərsən?
Deyşa iç çəkib o yan-bu yana baxdı.
– Həm də qarnım ağrıyır! – bunu yalan dedim.
– Yaxşı, otur getdik.
Sevincimin hüdudu yox idi. Yan oturacaq boş olsa da, Deyşanı qucaqlaya bilmək üçün arxa oturacaqda oturdum. O da heç nə demədi. Saçları daşda bitən güllər kimi kaskanın altından çıxıb üzümə toxunurdu. O an T-nin dediklərini düşündüm. İstədim Deyşaya bütün olanları söyləyib həqiqətləri öyrənim, ancaq demədim. Bir şeyi anlamışdım. Anlamışdım ki, mən artıq Deyşanı sevirəm. O lap, doğurdan da, siqaret çəkib içki içirsə belə, mən yenə onu sevirəm. Əlbəttə bunlar pis vərdişlərdir, ancaq əgər onu sevirəmsə və əgər bu içki, siqaret məsələləri həqiqətdirsə, onda mən özüm Deyşanın bu pis vərdişlərdən uzaq durmağına, onları tərgitməyinə kömək etməliyəm. Sevgimi göstərməliyəm. Qaldı ki, onun haqqında deyilən başqa nalayiq ifadələrə, bunların heç birinə inanmayacaqdım. Artıq Deyşanı tanıyırdım. Onun necə biri olduğunu ona uzaqdan baxıb yaxın durmayan, dalınca danışan ikiüzlülər yox, mən bilə bilərdim. Bir də ki, zamanla hər şeydən danışıb bir-birimizi daha yaxşı tanıyacaqdıq. Uşaq qəlbim mənə bunları dedikcə Deyşanı daha möhkəm qucaqladım, yanağımı kürəyinə qoydum. Ürək döyüntülərini hiss edirdim. Elə bil, qəlbi yerindən çıxacaqdı. Mənə elə gəldi ki, bədəni şam kimi titrəyir. Yoxsa külək məni aldadırdı?!
– Üşüyürsən? – ondan soruşdum.
– Yox, – boğuq səslə cavab verdi. – Üşümürəm.
Yanacaqdoldurma məntəqəsində saxladı. İkimizə də isti şorba aldı. Həm motosikletin, həm də özümüzün qarnını doyurduq və yenidən yola düşdük. Biz metrostansiyaya çatanda yağış yağmağa başlamışdı. Stansiya çıxışında saxladı.
– Yaxşı, hələlik, burdan o yana özün getməli olacaqsan.
Kaskanın şüşəsindən damcılar süzülürdü. Sağollaşdıq. Çantamı başıma tutub evə yüyürdüm.
Sonrasını yazmaq, nələrin baş verdiyini danışmaq mənim üçün hər nə qədər ağır olsa da, deməliyəm.
Evə gələn kimi nənəm məni o ki var döydü. Anasının T-yə dediyi şeylərin eynisini nənəm də mənə dedi. Nənəm qoca qadın idi, qarşı qoya bilərdim, lakin alınmadı. Uşaq ürəyim içinə düşdüyü vəlvələdən, iyrənclikdən titrəkləşib daha da cılızlaşdı. Sanki hər şey bir uşağın heç vaxt anlaya bilməyəcəyi, böyüklüyü və bulanıqlığı içində boğulacağı şeylərdən hörülmüşdü. İnsanları belə qəzəbli görməmişdim. Dünya artıq mən bilən dünya deyildi. Bütün sözlər mənim lüğətimdən kənarda dayanmışdı.
Ağlaya-ağlaya pəncərəmdən Deyşanın mənzilinə baxdım. İşıqları yanırdı. Yalan demişdi, başqa yerə yox, elə birbaşa evə getmişdi. Yavaş-yavaş böyüklərin real dünyasını anlayırdım. Yalan və gizlilik.
Növbəti gün müəllimlərimin ağzından çıxan heç nəyə qulaq vermir, T ilə danışmır, səssizcə son dərsin son zəngini gözləyirdim. Əslində nəyi gözlədiyimi özüm də başa düşmürdüm. Daha nə olacaqdı ki? Nə ola bilərdi?
Çıxış zəngi ürəyimi saldı. Sərxoş halda partamdan qalxdım. Dumanlı fikirlərlə küçəyə çıxdım. Sıraya girən uşaqlar bir-bir avtobusa minirdi. Hər kəsi özümdən qabağa buraxırdım. Bir müddət daha küçə başına baxdım. Çiskinli havada hər şey bulanıq idi. Qəfil bu bulanıqlıq içindən uzaqda dayanmış motosikleti gözlərim seçdi. Ürəyim çırpındı. Ancaq motosiklet yerindən tərpənmirdi. Gözlərimi çəkmədən dayanacağa doğru bir-iki addım atdım. Elə bu vaxt motosiklet hərəkətə gəldi, sürət götürdü, mənə doğru istiqamət aldı, sonra qəfil burulub sol küçəyə girdi və gözdən itdi. Siqnal səsi məni ayıltdı. Hamı yerini almışdı, bir mən qalmışdım. Avtobusa mindim. Yalnız ən arxa oturacaqlarda boş yer qalmışdı. Avtobusun qapısı bağlandı. Başımı aşağı salıb arxaya keçəcəkdim ki, sürücümüz Hikmət dayı məni çağırdı. Ona yaxınlaşdım. Alçaqdan dedi:
– İndicə qəşəng bir qız bunu mənə verdi və dedi ki, sənə çatdırım, – gülə-gülə ovcuma nəsə basıb əlimi bərk-bərk sıxdı. – Hə, indi keç, yerini al, gedək.
Uşaqların səs-küyü, gülüş dolu söhbətləri arasından keçib arxaya doğru irəliləyə-irəliləyə ovcumu açdım. Bu brelok idi. Kuala breloku. Yerimdə oturdum. Avtobus tərpəndi. Çevrilib arxa şüşədən son dəfə baxdım küçəyə. Çantamı çıxardım, yerimi rahatladım. Yanağımdan bir neçə damcı ovcuma – brelokun üstünə düşüb əridi. Avtobus sürət götürdü. Breloku çantamın zəncirbəndinə bərkitdim. Evə yollandıq.
Bu Deyşanı son görməyim idi. Uzaqdan da olsa. Onu bir daha görən olmadı. 13-cü mərtəbənin pəncərələri uzun müddət qaranlığa gömüldü. Deyşa hara getdi? Nə vaxt getdi? Heç kim bilmədi. Qeybdən gəldiyi kimi, birdən-birə qeybə də çəkildi.
Bu hadisələrin üstündən illər keçib, çox şey dəyişib. Artıq evliyəm və bir oğlum var. Nənəm torpaq altına, T isə Avropaya yollandı. Mən elə indi də Qarayev metrosu yaxınlığında yaşayıram. Oğlum özəl liseylərdən birində təhsil alır, həyat yoldaşım atçılıq mərkəzində çapar kimi yarışlara çıxır, mənsə vəkiləm. Qısası, həyatımdan narazı deyiləm. Uşaqlığımda baş verən bu hadisələri yazmaq ehtiyacı isə sonralar baş qaldırdı. Belə ki, mən uzun müddət sonra təsadüfən öyrəndim ki, üç nəfərlik motosikletlər heç də Deyşanın mənə danışdığı hekayədəki kimi yaranmayıbmış. Ümumiyyətlə, Karl Benzin bu məsələyə heç aidiyyatı yoxdur. Benzlər ilk avtomobili ortalığa çıxaranda artıq uşaqları da varmış. Özü də, doğmaca, nə az, nə çox, düz 5 uşaq. Üç nəfərlik motosiklet ideyası isə Jean Bertoux adında bir fransız ordu zabitinə məxsusdur. Belə başa düşdüm ki, bu motosikletlər elə ən çox müharibənin işinə yarayıb. Britaniyalılar pulemyotlarını qoymağa yer axtaranda görüblər ki, onu belə bir motosikletin yan oturacağına qoysalar, elə yollarını gedə-gedə istədikləri yerə rahatca atəş aça bilərlər.
Nəysə, bax belə. Üzülməyin, Karl Benzlə olan hekayənin çox şirin olduğunu mən də bilirəm, amma nə etmək olar?! Həqiqətlər şirin deyil. Düşünürəm, görəsən, Deyşa mənə həqiqəti olduğu kimi desə, nə olardı ki? Yoxsa, onun özünü də aldatmışdılar? Nə bilim. 11 yaşlı uşağa həqiqətləri olduğu kimi deməyin çətinliyi bir yana, doğruluğu da sual altındadır. Şirin bir yalanla uşaq qəlbini isitmək, onu bu yolla “yaxşı bir insana” çevirməyə çalışmaq...
Maşında orta güzgüdən arxada oturmuş oğluma baxıram. Onun dünyayla bağlarının vaxtından tez qırılmaması naminə neçə cür yalan danışmışam? Sağımda oturan arvadıma baxıram. Görəsən, o neçə şirin yalan sayıb mənim ovcuma?
Bu arada, öz maşınım daxil, bugünkü maşınların əksəriyyəti 4 nəfərlikdir. Mənim ailəmsə 3 nəfərlik.
Orta güzgüdən oğluma baxdığım kimi oğlumun yanındakı həmin o bir nəfərlik boşluğa da baxıram hərdən. Qoca Deyşanı orada xəyal edirəm. Saçları küləkdə uçuşur, burnunun ucu qızarır.
Bu qədər şeyi danışmışkən bir sirri də aşkara çıxarım artıq: nənəmi belə xatırlamağa çətinlik çəkdiyim bu yaşımda, olmayan anamı təsəvvür etməyə çalışarkən, gözlərimin qarşısında Deyşa dayanır.
Bir vaxtlar bel çantamda yırğalanan kuala isə indi maşınımın açarından yapışıb.
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)
Ramil Əhməd “Cümə günü Əbülfəzqızının 10 sualı ilə” layihəsində
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı AYB-nin üzvü, Prezident təqaüdçüsü, İstanbul Universitetində "Yaradıcı Yazarlıq Təhsilinin Estetikası və Pedaqogikası" adlı doktorluq dissertasiyasına görə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülən, "Zaman tuneli", "Orxan Pamukun evində", "İki şəhərin yazıları", "Abşeron yarımadamı" kitablarının müəllifi Ramil Əhməddir.
1).Salam Ramil bəy, xoş gördük, vaxt itirmədən birinci sualımızı cavablamanızı istərdik.
Bir qadın gedir –
bətnində körpəsi,
kürəyində ayağını itirmiş əri.
O qədər sınıxıb ki,
bir sümükdür, bir dəri.
Bəlkə, qiyamətdir?
Yox, bu, qadın işi deyil!
İlahi bir komediya,
bəşəri faciədir,
şeytani bir sənətdir! (Ramil Əhməd)
Dəyərli Ramil bəy, güclü qadın obrazını necə təsəvvir edirsiniz, iradəsindən dönməyib məğrur şahı tədricən dəyişən Şirin kimi, vətənpərvər Janna Dark kimi, Kiri qan tuluğu ilə "mükafatlandıran" cəsarətli Tomris kimi, "Uncle Tom's Cabin" adlı kitabı ilə köləliyə qarşı mübarizəni cəmiyyətdə yayan güclü xanım Harriet Beecher Stowe kimi, yoxsa bütün mükəmməlliklərdən pay alan xanım kimi?
R.Əhməd: Mükəmməllik illuziyadır. Güc nisbidir. Müharibə haqqında olan bu şeirdə, qadın güclü olmaq istəmir, güclü olmaqdan başqa çarəsi qalmır sadəcə. İkisi arasında fərq çoxdur.
2) Ramil bəy, yazar olmağın ilkin şərti nədir, bu şərtləri yazarlar necə qarşılayırlar?
R.Əhməd: İlkin şərt yazmaqdır.
3)Sevginin üç zamanı var:
darıxmaq, ayrılmaq və unutmaq.
Əslində,
özümüzü tanımaq üçün sevirik –
necə sevdiyimizi, necə darıxdığımızı,
necə ayrıldığımızı, necə unutduğumuzu bilmək üçün... ( Ramil Əhməd)
" Məhəbbətin gəlişi ilə qəlbdə xoşbəxtlik hissi, müqəddəs bir duyğu baş qaldırır." (Gi de Mopassan)
Ramil bəy, bəs məhəbbət qəlbi tərk edərkən özü ilə nə aparır?
R.Əhməd: sevginin qəlbi tərk etdiyini düşünmürəm, gedənlər sevdiklərimiz ola bilər sadəcə.
4)Məni elə sevəsən ki, sevilməkdən yorulam.
Doğmanın, yadın,
hamının əvəzinə sevəsən...
Elə sev ki,
sevilib qurtarım – yox olum...
Elə sevgi ki qədərini kimsə bilməsin. Metrlə, kiloyla, dünyayla, həyatla,
çarəylə, bəlayla ölçüyə gəlməsin...
Elə sev ki,
sevilib qurtarım – yox olum....
Başqa bir qadına heç nə qalmasın məndən.( Ramil Əhməd)
Ramil bəy, evlilikdə xəyanətə səbəb olan bir çox faktorlar var, Sizcə, xəyanətin əsas səbəbi nədir, qadının çirkin olması, yoxsa, şeirinizin son bəndindən təqribən anladığım kişinin qadın tərəfindən "natamam" sevilməsi?
R. Əhməd: Şeirlərim belə məişətvari müzakirəyə bağlıdır. Aydındır ki, bunun üzərinə şərh də olmaz.
5) Ramil bəy, yazar "İlham pərisini" gözləsin, yoxsa, onu yaratsın?
R. Əhməd: Yaradıcılıq mərhəm bir şeydir. Kim necə istsə elə də edə bilər.
6) Ən gerçək portret dahilərin yazılarında üzə çıxır. Onlar heç kimin görmədiklərini üzə çıxara bilirlər. (Əbu Turxan)
Bu fikrə Ramil Əhmədin münasibəti necə olardı?
R. Əhməd: Bu sitatı konteksdə görmək lazımdır.
7)Səndən məcburi köçkün bədənimi harada gizlədim,
Vətənim mənim?
Harada yoxa çıxsın bu canım ki
qurtulum bir kimsə olmaqdan?
Mən bu dünyada heç kim olmaq istəyirəm,
Bircə sənin nəyin olum, bilmirəm...
Ayaqlarımın gücü yox,
söykənmişəm səsinə...
Uzun gecələr
həsrətindən çəkilmir,
Söykənmişəm səsinə,
Səsinin dəydiyi sözləri bir-bir öpmək istəyir könlüm.
O sözləri söz edən hərfləri bir-bir bağrıma basmaq,
Hər kiçik zərrə qədəriylə sevmək səni. ( Ramil Əhməd)
Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur. Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətin çəkər.. (Cəlaləddin Rumi)
Əziz Ramil bəy, həsrət yükü çiyinləri yerə çökdürməyi başarırmı?
R. Əhməd: Şeirdəki həsrətin iki istiqaməti var. Bir dünyəvi olana, bəndəyə olan həsrət, bir də yaradana. Bu çoxlu mənaları şair şeirində yazıb, sonra isə onu şərh edə bilməz. Şair mənanı yaradan adamdır. Şərhi başqaları verir.
8) Ramil Əhməd hansı gənc yazarları bəyənir, adlarını çəkə bilərsinizmi, əgər mümkündürsə?
R. Əhməd: Modern Azərbaycan ədəbiyyatında çox istedadlı, intellektual imzalar var. Danışmağa başlasaq, uzun siyahı alınar.
9) Dəyərli Ramil bəy, Orxan Pamuk ismi Sizə nəyi xatırladır?
R. Əhməd: Şəxsi olaraq, həyatımın bir ilini, 23-24 yaşımı xatırladır. Magistr dissertasiyam onunla bağlı olduğu üçün bir il fasiləsiz olaraq onun yaradıcılığı ilə məşğul olmuşam. Ümumi olaraq isə ustad bir yazıçının necə olması gərəkdiyini xatırladır.
10) .... O, dərin yuxuda idi, sanki okeanın dibində yatırmış kimi.
Gözləri isə açıq idi, gözü açıq insan yatarmı?
- Yox- yox, o oyaq imiş. Bəs nə idi onu, oyaq ikən, bir nöqtənin dərinliyinə atıb boğulmağa vadar edən?!
Ramil bəy, bu cümlələrin davamını bir neçə cümlə ilə davam etmənizi xahiş etsəm, yerinə yetirərsinizmi?
R.Əhməd: Təklif üçün təşəkkür, ancaq xahişinizi qəbul etməyim mümkün görünmür.
-Ramil bəy, ömrünüzdən rubrikamıza pay etdiyiniz üçün Sizə minnətdarıq, Sizə bol- bol uğurlar arzulayırıq.
Sonda ənənəvi sualımızı Sizə ünvanlayıram: ən çox hansı sualımızı bəyəndiniz?
R.Əhməd: Ən yaxşı suallar sitat gətirilən şeirlərin içində gizliydi. Orada sual da var, cavab da. Mənimsə qətiyyən şərh etmək fikrim yoxdur. Əgər etmək istəsəydim, onda o şeirləri niyə yazmışdım?!
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)