Super User
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Elnaz İslamvənddən “Urmu”
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Elnaz İslamvəndin şeirlərini təqdim edir.
Köylü Qız adıyla tanınmış güneyli şairə, Elnaz İslamvənd 1983-cü ildə Təbriz şəhərində doğulmuşdur. O, 2005-ci ildə pedaqoji fakültəsini Təbriz universitetində bitirmişdir. Şairənin “Bax, mən də köylü qız olmuşam” adlı ilk kitabı 2005-ci il və “Islanmış son duraq” adlı şeirlər kitabı 2017-ci ildə işıq üzü görmüşdür.
URMU
O qədər dedilər: “Dənizdir, dəniz”,
Deyirəm bəs sənə göz dəydi urmu!
Dərdi təzələsəm hənizdi həniz,
Bilirəm yarana duz dəydi urmu.
Al bu göz yaşları təbrizdən gəlir,
Qıymasan üzünə baxmaram urmu!
Biz ana torpağın övladlarıyıq,
Gərəkdir paylaşaq çətin durumu.
Gördün babaların sözü düz çıxdı,
Dedilər: “İçindən yeyilər ağac”.
Duz yeyib duzqabı sındıran oldu,
Daraşdı üstünə hər ac yalavac.
Pisliyi pis etmək ayıbdır, ayıb,
Əti dırnağından ayırmazlar ki?!
Döyüşdə arxadan vurana lənət,
Əsgəri qurşunla doyurmazlar ki?!
Dərdi təzələsəm hənizdi, həniz,
Nə bilim bəlkə də bir zaman oldu.
İndi duzlağında oynayan uşaq,
Gələcək günlərə Səttarxan oldu!
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
Əhmədlə Aşotun əhvalatı
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
İnkir-minkirlərin söhbəti:
İnkir Minkirli: - İndiki adamlarla keçmişdəki adamların fərqi bilirsən nədir?
Minkir İnkirli: -Nədir?
İnkir Minkirli: - Keçmişdə insanlar bizim postdan keçəndə cənnətə, yaxud cəhənnəmə düşəcəklərini soruşardılar. İndisə soruşurlar ki, o dünyada vayfay var?
2.
Sovet vaxtlarında azərbaycanlı Əhmədlə erməni Aşot uzaq Sibirdə hərbi xidmət keçirlərmiş. Bir dəfə Əhməd Aşota deyir:
-Mən sənin başında on pivə butılkası sındırsam, sənə bir şax yüzlük verərəm.
Aşot iştahla deyir:
-Mən razı.
Əhməd başlayır onun başında butılkaları sındırmağa.
Al-qana bələnən, ağrıdan çığıran Aşot birtəhər sonu gözləyir ki, şax yüzlüyə sahib olsun.
9-cu şüşəni də sındırandan sonra Əhməd əl saxlayır.
Aşot təəccüblə soruşur:
-Niyə dayandın?
Əhməd deyir:
-Hərif zadam, onuncunu da sındırsam sənə yüzlük verməli olacam. Doqquz bəsimdir.
3.
Meşədə söyüş söyən tutuquşunu görcək Robinzon Kruzo başa düşdü ki, ruslar artıq onun adasında olublar.
4.
Bal rəqsində ustalıq odur ki, partnyorun sənin ayağını tapdalamamış ayağını qaldıra biləsən.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
Həyatı ən son sıradan izləmək məcburiyyəti - ESSE
Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət"
BƏZƏN YAŞAMAQ BELƏ, CƏSARƏTİN ÖZÜDÜR (SENEKA).
Həyat o qədər çətinləşib ki, yaşamaq belə çətin gəlir insana. Zaman-zaman hər şeydən əl üzmək fikri gəlir, bir tək sıxıntınla başa-başa qalmağı seçirsən bəzən. Xəyallarının bir addımlığındaykən belə, bezmək hissi sarar insanı səbəbsizcə. Eləcə baxarsan səndən zəif olanların həyat yollarına. Bəlkə də insanın ən böyük düşməni elə özüdür. İçindəki o ümid işığını öldürən, “səndə alınmaz” deyib ayaqlarından geri çəkən özü!
Sevdiyim bir cümlə var, "Özgələrinin şeytanlarına hücum etməzdən əvvəl, öz qəlbinizdəki iblisi öldürün".
İçimizdəki o iblis də bu olsa gərək.
Mən də, sən də və bəlkə də bizim kimi çox insan da yaşamaqda, yaşamını sürdürməkdə necə əziyyətlər çəkib. Elə bunun özü də bir cəsarətdir. Elə ilk çətinlikdə ölümə can atmaq çıxış yolu olsaydı, bir insan qəmdən göz yaşına sığınardımı?
Əsla.
Unutma, önümüzə qoyulan əngəllərin məqsədi bizi durdurmaq deyil əslində, cəsarətimizi ortaya qoyub gücləndirməkdir. Sadəcə cəsarəti olanlar yaşar bu həyatı. Yaşamağa cəsarəti olmayanlar bu həyatı hər zaman ən son sıradan izləmək məcburiyyətindədi.
Yıxıldınmı? Qalx. İncidildinmi? Dərhal gözləntini azalt. Güvəninmi qırıldı? Onda dəyərini kimə verdiyini bil. Və ən əsası məğlubmu oldun? Bu dəm yenidən cəsarət et. Yaşadıqların və yaşamadıqların uğruna. Yetər ki qorxma, yetər ki ümidini, cəsarətini itirmə.
Əzizim, kimsə səndən yaxşı deyildir, amma bir şeylər etməyə cəsarət etməsən, sən də kimsədən yaxşı olmayaqcsan. Unutma, gözəl insan, bütün xəyalların gerçək olacaq, sən arxasınca getdiyin müddətcə...
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
TƏQVİMİ VƏRƏQLƏYƏRKƏN: ilk Pulitser alan qadın yazıçı Edit Vartonun doğum günüdür
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Edit Varton 24 yanvar 1862-ci ildə Amerikada anadan olmuş qadın yazıçıdır. O, bir çox roman və hekayələr yazmışdır. Ən tanınan romanı 1920-ci ildə qələmə alınmış “Məsumiyyət Çağı” ( The Age Of İnnocence ) adlı romandır.
Bu roman 1921-ci ildə Kolumbiya Universiteti tərəfindən Pulitser mükafatı ilə təltif olunmuşdur. Varton bu nüfuzlu mükafata layiq görülmüş ilk qadın yazıçı kimi tarixə düşmüşdür.
O, həmçinin "Bunner Bacıları" adlı digər bir romanın da müəllifidir.
1911-ci ildən sonra həyatını daha çox Fransada davam etdirən E. Varton 1-ci dünya müharibəsi vaxtı müxtəlif yardım fəaliyyətləri səbəbi ilə Fransa dövləti tərəfindən mükafatlandırılmışdır. Henri Ceyms, Andre Jid, Ernest Heminquey və dövrün bəzi yazıçıları ilə yaxın dostluq münasibəti qurmuş E. Varton 1937-ci ildə 75 yaşında Fransada vəfat etmişdir!
Son illər kinematiqrafiya mütəmadi onun yaradıcılığına müraciət edir. 1993-cü və 2000-ci ildə lentə alınan “Məsumiyyət çağı” və “Sevinc evi” filmləri böyük tamaşaçı auditoriyası toplaya bilmişdir.
“Bu axı çox gözəldir, sən heç nə edə bilməyəndə, səndə heç nə alınmayanda özünü balaca uşaq yerinə qoyub da çox pərt olmayasan” - Edit Vartondan sitatdır.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
YADI DOĞMALAŞDIRAN - Gəlin Aftandil İsrafilovu yad edək!
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Tanınmaq, ümumxalq məhəbbəti qazanmaq çox gözəldir. İnsanların gözündə ucalırsan, qəlbində yerin olur. Amma bu məşhurluğun şirinliyi qədər ağrı-acısı da olur. İctimai-siyasi proseslər dəyişir, kimisə nahaq yerə incidirlər, kimisə həbs edirlər və sən bu olaylara münasibət bildirməyəndə, susanda, adamlar səninlə üz-üzə gələndə ehtiram göstərsələr də, qəlblərində yerin daralır...
Heç vaxt siyasətdə görünməsə də, Aftandil İsrafilov bu baxımdan bəxti gətirən məşhurlardan idi. Heç kim heç zaman ondan siyasi proseslərə münasibət bildirməyini ummurdu. Çünki özünü siyasətə həsr etmiş, siyasi oyunlardan gah qalib, gah məğlub kimi çıxmış o qədər məşhurlar var ki…
Bəli, əsl sənətkar sözüylə yox, sənəti ilə seçilməlidir. Onun da qismətinə elə bu düşmüşdü, Azərbaycan musiqi alətləri ailəsində əcnəbi sayılan qarmonu doğmalaşdıra, xalqa sevdirə bildi. Bu gün bir sıra ifaçılar var ki, qarmonun sayəsində ümumxalq hörməti qazanıblar, hamı onlara sevgiylə yanaşır. Amma bu sevginin ürəklərə yol tapması üçün cığırı ilk açanlardan biri də məhz, o, olub. Bütün ömrü el toylarında, tədbirlərdə keçdi. Çox insanlarla ünsiyyətdə oldu, görüb götürə bildi. Harada oldusa məzəli zarafatları, şirin söhbətləri ilə yadda qaldı…
Azərbaycan musiqi tarixində qarmonuyla göstərdiyi xidmətlərə görə hamımız ona borcluyuq, o isə barmaqlarına. O barmaqlar adi barmaqlar deyildi, elə ki, qarmonun şirmayi dillərinə toxunurdu, sədası insanı düşündürür, kədərləndirir və əhvalına təsir edirdi…
Aftandil İsrafilov- bu ad və soyad Azərbaycan musiqi sənəti tarixinə əbədi yaşayacaq. İllər ötəcək, zamanələr bir-birini əvəz edəcək, ictimai-siyasi proseslər, hakimiyyətlər dəyişəcək, amma cismən dünyada olmasa da, Aftandil İsrafilov ruhən əbədi yaşacaq. Yüz il bundan sonra da onun ifasının sədası gələndə insanlar zövq alacaqlar…
Yaşasaydı bu gün böyük sənətkarın 83 yaşı tamam olacaqdı. Qoy, bu balaca yazı onun ad günündə ruhuna ərmağan olsun!
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
Məsələn, qəmli bir sevginin həsrətini, tərkini ürəyimin qələmi ilə yazıramsa… - MÜSAHİBƏ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu gün Türkiyədən müsahibələr layihəsində sizlərə növbəti türk yazarı təqdim edilir: Fendiye Nihali Dinç.
-Salam Fendiye xanm! Necəsiniz? Zəhmət olmasa öncə azərbaycanlı oxuculara özünüz barədə məlumat verərdiniz.
-Aleykum Salam Habil bəy. 1968-ci ildə Aksarayda doğulmuşam, amma Kırşehirdə yaşayıram. “Kırşehir Yazarlar və Şairlər Dərnəyi”nin üzvüyəm. Beynəlxalq Yazıçılar Birliyinin üzvüyəm. Türkiyənin xalq şairiyəm. Ailəliyəm, üç uşaq anasıyam.
-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.
-Uşaqlıq illərində kiçik yazılarla başlasam da bunun ədəbiyyat olduğunu bilmirdim. Zaman keçdikcə yazılarımı genişləndirdim və ustam İhsan Şola müəllimdən dərs alaraq şeirin texnikasını və xüsusiyyətini gücləndirdim. Müəllimimə bir daha təşəkkür edirəm.
-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
-Təbii ki, ilk kitabım “KALBİ KIRIK HAYALLER” adında bir romandır. Gənc bir qızın dramatik həyatından yazdığım, onu öz üslubumda şeirlərlə dəstəklədiyim oxunaqlı romandır.
İkinci kitabım isə hamısı şeirdən ibarət olan “GÖNÜLDEN KALEME SIRLAR” adı altında topladığım şeirlərimdir. Vətən, millət, həyat, təbiət, sevgi, ayrılıq, ağrı ilə duyğuların cəmləşməsidir.
-Xəyallarınızın genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?
-Şeir çox vaxt həqiqəti yazmağı tələb edir, məsələn, qəmli bir sevginin həsrətini, tərkini ürəyimin qələmi ilə yazıramsa, bu, hiss selidir. Ətrafıma baxanda əzab çəkənlərin ağrısını, gülənlərin sevincini, yəni hisslərimin cəmiyyətin hisslərinə uyğun formalaşdığını hiss edirəm. Məsələn, vətən sevgisi mənim üçün tamam başqadır və mən təbiəti qələmi alanda kainatın gözəlliyini anlatmaqla bitirə bilmirəm. Ona görə də poeziya geniş təfəkkür və gərgin duyğu tələb edir ki, mən bunu edirəm.
-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?
-Mənim üçün vaxt və məkan önəmli deyil. Bildiyiniz kimi, bu, emosiyaların intensivliyindən asılıdır. Poeziya üzərində cəmləşmək üçün müntəzəm olaraq təkliyi seçirəm.
- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Şəxsi fikrimcə, əvvəla kitab oxumağa müəyyən vaxt sərf etməliyik, sonra virtual aləmi bir az məhdudlaşdırmalıyıq,
-Türkiyədə hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi?
-Təbii ki, çox kitablar yazılıb, amma rəflərdə unudulub. Türkiyədə kitab oxumaq demək olar ki, bitib. Kitabları götürüb oxuyan yaşlı nəsillərdi, indi maraqlandıran hər şeyi hazır halda internetdən götürərək öyrənirik.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Bilirəm ki, Azərbaycanda çox zəngin ənənələrə malik olan poeziyanı böyük şairlər nəsli təmsil edir. Məsələn, mən xalqınızın şairi Əhməd Cavadın “Azərbaycanın dövlət himnini”, “Çırpınırdı Qara dəniz” şeirlərini heyranlıqla dinləyirəm. Azərbaycan ədəbiyyatının yenilikçi şairi Rəsul Rzanın şeirlərində bəhs etdiyi ən mühüm mövzular insan sevgisi, həyatı və ölümdür. Onun milli hisslərdən, vətən sevgisindən bəhs edən şeirləri də sonrakı illər üçün örnək olmuşdur.
-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?
-Bir az gələcək planlarımdan danışım. Şeirlərimlə bütün qəlblərə girmək, yəni insanların duyğularını dilə gətirmək istəyirəm. Məqsədim hazırlıq mərhələsində olan üçüncü kitabımı nəşr eləməkdir.
-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz?
-Elektron kitab oxumağı bəyənmirəm, kitabın qoxusunu hiss edərək, kiçik kitabxanamda oxumağa üstünlük verirəm. Amma onu da qeyd edim ki, indiki vaxtda kitablar çox baha olduğundan mən elektron kitabxanalardan dünya klassiklərinin kitablarından istifadə edirəm.
– Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-Bütün yazarlarımıza, hətta yeni başlayan gənc yazarlarımıza tövsiyəm budur ki, Ədəbiyyatı keçmişdən gələcəyə incələsinlər və yazarkən onu qarışdırsınlar, keçmişi bu günə daşısınlar və şeirdə ədəbiyyat əbədi davam etsin.
Bu gözəl müsahibəyə görə Habil Yaşara dərin təşəkkürümü bildirirəm və qardaş ölkəm Azərbaycana hörmətlə salamlarımı göndərirəm!
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
1 ilə 358 milyon izləyici!
Elnur Eltürk, “Ədəbiyyat və incəsənət” üçün
“Vikipediya"nın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 42-dən 43-ə yüksəlib. 8-ildən çoxdur ki, ölkədə “Vikipediya”nın inkişafı istiqamətində çalışan bir şəxs kimi deyə bilərəm ki, uğurlu göstərici məni sevindirməyə bilməz. Bir zamanlar göstərici çox aşağı idi. Şübhəsiz ki, bu uğurlu göstəricinin arxasında Azərbaycan “Vikipediya” icmasının birgə zəhməti və fədakarlığı dayanır. Hər bir könüllü, idarəçi zəngin platformada öz töhfəsini verməyə çalışır.
Bu gün "Vikipediya"nın Azərbaycan dili bölməsində keyfiyyətli, məzmunlu, istinadlarla zəngin məqalələr yaradılır və zənginləşdirilir. Düzdür, mən özüm məqalələrin silinməyinin tərəfdarı deyiləm və daha çox mübahisə yaradan məqalələrin etibarlı istinadlarla zənginləşdirilməsini dəstəkləyirəm. Ancaq buna baxmayaraq ortada real nəticə var: Hazırda “Vikipediya”nın Azərbaycan dili bölməsində inkişafı müşahidə edirik. Bu inkişaf isə doğma dilimizdə məlumat bazasının artmasına və zənginləşməsinə xidmət edir.
“Vikipediya” ciddi platformadır. Orada fəal olmağımız milli maraqlar nöqteyi-nəzərində də vacibdir.
Ötən ilin sadəcə dekabr ayı ərzində “Vikipediya”nın Azərbaycan dilində olan səhifələri 37 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 358 milyondur. Bu statistika bizə çox şeyi ifadə edir.
Uğurlar olsun!
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
“Golden FEMI” beynəlxalq kinofestivalının mükafatına layiq görülən azərbaycanlı aktyor...
XALQ ARTİSTİ SABİR MƏMMƏDOVUN DOĞUM GÜNÜDÜR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onunla eyni süfrədə əyləşmək başqa bir aləmdir. Elə ki, danışmağa başladı, səsinin ahəngi, söhbətindəki şirinlik hamını sehirləyir. Hər kəs onu diqqətlə dinləməyə çalışır...
Deyir ki,- “Orta məktəbdə oxuduğum illərdə müəllimlərim məndə aktyorluq istedadını görüb, məktəbdə fəaliyyət göstərən dram dərnəyinə üzv yazılmağımı təkidlə məsləhət görürdülər. Mən də yazıldım və müxtəlif səhnəciklərdə rollar ifa etməyə başladım. Gördüm ki, pis alınmır, məktəbin bütün kollektivi məni aktyor kimi qəbul edirdi. Qərar verdim ki, məktəbi bitirəndən sonra sənədlərimi aktyorluğa verim və bu ümidlə də o dövrün İncəsənət İnstitutuna qəbul olundum. Xoşbəxtlikdən institututda müəllimim Həsənağa Turabov oldu. Artıq birinci kursda oxuyanda məni konolara dəvət edirdilər və “Babamızın babasının babası” filmində rol alıb çəkildim. Beləliklə, peşəkar aktyorluq həyatım başlandı...”
Həsən Əbluc, Səməndər Rzayev, Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Səyavuş Aslan və digər ölməz sənətkarlarla tərəf-müqabili olduqca, onlardan sənətin incəliklərini öyrənib. İnstitutu bitirdikdən sonra təyinatla Sumqayıt teatrına yollanıb. 1986-cı ildən 1989-cu ilədək orada çalışıb. 1989-cu ilin aprel ayından isə Akademik Milli Dram Teatrında işləyir. Həmin dövrdə akademik teatra düşmək hər istedadlı aktyora qismət olmurdu. Bunun üçün, necə deyərlər, gərək bəxtin də gətirəydi. Bəli, xalq artisti Sabir Məmmədovun bəxti əvvəldən gətirib. O, 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində aktyor kimi dünyaya gəlib. Orta məktəbi Ağstafada bitirdikdən sonra ömrünü incəsənətə- teatra bağlayıb. İndiyədək əlliyə yaxın səhnə əsərində, iyirmi beşdən yuxarı filmdə müxtəlif obrazlar yaradıb. Ondan yuxarı filmin səsləndirilməsində (dublyaj) iştirak edib...
“İstedad Allahın insana vergisidirsə, cazibə Allahın mükafatıdır. İkincisi olmayanda insan məzmunsuz olur. Elə adam var ki, savadlıdır, amma maraqsızdır, hər mövzuda söhbət edə bilsə də, onunla birlikdə olanda sıxılırsan. Adam da var, səni özünə cəzb edə bilir, ürəyini tilsimləyir. Aktyorda da əsas olan cazibədir, istedad sonra gəlir. Cazibə olmasa, aktyoru aktyordan heç nə fərqləndirə bilməz...”- söyləyir.
Ona 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar artisti”, 2022-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adları verilib. Uzun illər ardıcıl olaraq hər il Prezident mükafatı alıb. “Cəfər Cabbarlı”, “Qızıl Dərviş” mükafatlarına layiq görülüb. Yeganə azərbaycanlı aktyordur ki, ona ən yaxşi kişi roluna görə, Bolqaristanın Sofiya şəhərində keçirilən “Golden FEMI” beynəlxalq kinofestivalının ən yüksək mükafatı təqdim olunub...
Səsinin ahəngi bənzərsiz olduğundan bir sıra əcnəbi film qəhrəmanları məhz onun səsi ilə yadda qalıblar. Yaxşı yadımdadır, xarici seriallar necə deyərlər, Azərbaycana təzə-təzə ayaq açanda milyonlarla tamaşaçını ekrana bağlayan da məhz həmin səs olub. Unutmamısınızsa, "Tikan və qızılgül" serialı Katarina və Petruçonun sevgisindən bəhs edirdi. O vaxt Sabir Məmmədovun filmin qəhrəmanı Petruçonu səsləndirdiyi həmin serial Azərbaycan tamaşaçısının sevə-sevə izlədiyi filmlərdən biri idi...
Deyir ki,- “Dünya kinosu ulduzlarını səsimizdə Azərbaycan tamaşaçısına çatdırırıq. Bu çox böyük məsuliyyətdi. İkincisi, dilimizin inkişafı üçün bu çox vacibdi. Bir aktyor kimi yetişmək üçün də, onun formalaşması üçün də dublyaj çox gərəklidi. Yəni səhnədə tamaşaçı ilə canlı ünsiyyətdə olmaq bir başqa, kinoda oynamaq bir başqa, dublyaj estetikası isə, ümumiyyətlə, tamam fərqlidi. Bütün bunların hamısını bir yerdə cəmləmək üçün aktyordan böyük məharət tələb olunur.”
Umumiyyətlə, xalq artisti Sabir Məmmədov haqqında, onun parlaq istedadından çox danışmaq olar. Yanvarın 24-də 63 yaşı tamam olur. Məqsədimiz, onu bu münasibətlə təbrik etmək, möhkəm can sağlığı arzulamaqdır.
Yeni yaşı mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
Bir direktor, bir şagird layihəsində Canpolad Rüstəmov və İman Kərimli
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdın növbəti təqdimatımıza başlayırıq. Direktorumuz Canpolad Rüstəmov, şagirdimizsə İman Kərimlidir
DİREKTOR
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin direktoru Rüstəmov Canpolad Müseyib oğlu. 27.01.1960 -cı ildə Şahbuz rayonu Kənd Şahbuz kəndində anadan olmuşdur. 1968 -ci ildə Şahbuz kənd orta məktəbinin 1-ci sinifinə qəbul olmuş, 1977 -ci ildə həmin məktəbin 10 -cu sinifin bitirmişdir. 1982 -ci ildə Nax DPİ -nin riyaziyyat və Fizika fakültəsinə qəbul olmuş, 1987 -ci ildə institutu bitirmişdir. 1988 -ci ildə məktəbdən kənar müəssəsədə dərnək rəhbəri işləmişdir. Həmin ildən Kosmik tədqiqqatlar elm istehsal birliyi "Araz" Naxçıvan bölməsində aparıcı mühəndis vəzifəsində çalışmış, 1992 -ci ildən Naxçıvan peşə litseyində tədris işləri üzrə direktor müavini işləmişdir. 2002 -ci ildən Naxçıvan şəhər 15 nömrəli orta məktəbdə təlim -tərbiyə işlər üzrə direktor müavini vəzifəsini daşımış, 2011 -ci ildə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. Hal - hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam etdirir.
ŞAGİRD
Mən, Kərimli İman Vəli oğlu 2009-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışam. 2015-cü ildə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Hal-hazırda 13 nömrəli tam orta məktəbin 9-cu sinfində təhsil alıram. Məqsədim komputer sahəsi üzrə təhsil almaqdır.
ESSE
“Nuh yurdu”
Bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarı qədim tarixi abidələrlə zəngindir. Belə abidələrdən biri də Nuh türbəsidir. Rəvayətə görə, ümumdünya daşqını zamanı Nuh peyğəmbərin və ona iman gətirənlərin mindiyi gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və insanlar burada məskən salmışlar. Bunu Naxçıvan ərazisində ümumdünya daşqını barədə rəvayətlərin yayılması və Nuhla bağlı yer adlarının çoxluq təşkil etməsi bir daha sübut edir. 2009-cu il aprelin 24-də Naxçıvanda “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan” mövzusunda beynəlxalq simpozium keçirilmiş, tədbirin iştirakçıları Nuh peyğəmbərin məzarüstü türbəsi ilə tanış olmuşlar.
Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir. Tədqiqatçı R. Sultanovun fikrincə, tufan Ağrı dağında vulkan püskürməsi ilə əlaqədar Dəclə və Fərat çaylarının daşması nəticəsində baş vermişdir. Deməli, Ağrı dağına yaxın olan Araz çayında, daha doğrusu, Naxçıvanın özündə də güclü daşqın olmuşdur. Ə. Hüseyni isə Gəmiqayada Nuh peyğəmbərlə bağlı qədim yazı olduğunu qeyd etmişdir. Ümumilikdə Nuh əfsanəsi e.ə. II minilliyin ortalarında şumerlilər tərəfindən ilk dəfə yazıya alınmışdır.
Naxçıvan, doğma yurdum, möcüzə və sirlərlə dolu zəngin tarixin var.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
2024 - Yaşıl dünya naminə həmrəylik
Güllü Eldar Tomarlı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin direktoru - “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
“Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Ümdə məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır.
Vətənimizdə 10 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir. 1925-ci ildə yaradılmış ilk qoruq Göygöl Dövlət Təbiət Qoruğudur. Azərbaycanda Milli Park və Qoruqlar ölkə ərazisinin 10,3 faizini təşkil edir.
44 gün davam edən ikinci Vətən müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatları zamanı 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı rəşadətli Ordumuz azad etdi. Zəfərimizlə Vətənimizin ərazi bütövlüyü bərpa olundu. 30 il ərzində torpaqlarımızda, meşələrimizdə, Milli Park və Qoruqlarımızda xain düşmən əsl vandallıq aktları törədib. Bəsitçay və Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilib.
2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram” qəbul olunmuşdur. Milliliyn inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət proqramına uyğun olaraq davamlı inkişaf prinsipləri dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin artırılması, bitki və heyvanat aləminin qorunması, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizin sahillərinin, sularının, canlı aləminin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılması başlıca fəaliyyət proqramı kimi həmişə diqqət mərkəzindədir.
Təmizləmə qurğularının quraşdırılmasına, neft və qaz hasilatı idarələrinin istismar etdikləri mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və yaşıllaşdırılmasına böyük həcmdə vəsaitlər ayrılmış, ekoloji layihələr həyata keçirilmişdir.
Vətənimizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə diqqət artırılır. 2010-cu il bu məqsədlə “Ekologiya ili” elan olunmuşdur. Bundan sonrakı illərdə də böyük miqyasda ekoloji problemlərin həllinə yönələn müxtəlif tədbirlər həyata keçirilmişdir. Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb. Azərbaycan Xəzəryanı ölkələr arasında yeganə dövlətdir ki, dənizin və onun su hövzəsinin və sahillərinin çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirir.
“Ekologiya ili” çərçivəsində və sonrakı illərdə ölkəmizdə milyonlarla ağac əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu kompaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisidir. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir.
Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi insan həyatı üçün əvəzsiz təbii nemətlərin, meşə ehtiyatlarının, canlı aləmin mühafizəsi həmişə bu sahənin prioritet məsələləri olub.
Dünyada mövcud olan 11 iqlim tipindən 9-na ölkəmizdə rast gəlmək mümkündür. Azərbaycan cənubda subtropik ağaclarına və meyvələrinə, şimalda isə alp buzlaqlarına görə unikal bir ölkə kimi dünyada məşhurdur. Bu iqlim xüsusiyyətləri Qafqazda vəhşi təbiətin flora və faunasının zəngin canlı müxtəlifliyini təmin edir.
“İDEA” (“Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyi) 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədsi ətraf mühit məsələləri və fəaliyyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün realizə üsullarını tapmaqdır. Burada diqqətçəkən məsələ ondan ibarətdir ki, hər bir layihə gənc nəslin təşəbbüsü, iştirakı və rəhbərliyi ilə gerçəkləşir.
“İDEA” İctimai Birliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyəti ilə Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Aran rayonlarında, Bakıdan müxtəlif ərazilərə gedən avtomagistralların kənarlarında yeni meşə zolaqları salınmışdır. “Hərəyə bir ağac əkək” layihəsi geniş yaşıllıq hərəkatına çevrilmişdir. Bu hərəkatın həyata keçirdiyi işlər nəticəsində münbit olmayan torpaqlar münbitləşmiş, yeni meşə zolaqlarını damcı üsulu suvarılması təmin edilmiş, torpaqların eroziyasının qarşısı alınmışdır.
Ölkəmizdə meşələrin ümümi sahəsi 1214 min hektardır ki, bu ümumi ərazinin 11,8 faizinə bərabərdir. Hər adambaşına təqribən 0,12 hektar meşə sahəsi düşür. Bu ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır. Ümumdünya miqyasında bu rəqəm 0,48 hektardır. Belə məlum olur ki, Azərbaycan meşə ehtiyatları az olan azmeşəli ölkələr sırasındadır. Meşələrin qorunması, yeni meşələrin salınması xalqımızın sağlamlığının qorunması üçün əsas amillərdəndir. Meşə oksigen istehsal edən yaşıl və canlı laboratoriyadır. Bir çox ölkələrdə meşələri “yaşıl ciyər”, yaxud, “ağ ciyər” adlandırırlar.
Ölkəmizdə təkrar istehsal sahəsində sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə dövlət başçısının 2011-ci il 28 dekabr Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılmış, 2012-ci ildə istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri müəssisə hesab olunan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu fəaliyyətə başlamışdır.
Ölkəmizin zəngin təbiətini qorumaq üçün mütəmadi yeni layihələr həyata keçirilir. Ekoloji tarazlığın qorunması, təbii sərvətlərin mühafizəsi sahəsində mövcud olan “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və digər dövlət proqramları çərçivəsində mövcud ekoloji problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə ekologiyanın sağlamlaşması üçün görülən işlərin davamlı olduğuna bariz nümunədir.
Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir. Ulu Öndərin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan vermişdir.
İnsan doğulan andan təbiətlə sıx əlaqədə olur. Nəfəs aldığı hava, qidalandığı məhsullar ekoloji cəhətdən sağlam, qidamızın mənbəyi torpaq-bitki örtüyü münbit olmasa, cəmiyyətin əsasını təşkil insan sağlam yaşaya bilməz, səmərəli fəaliyyət göstərmək imkanı əldə etməz. Bir sözlə, insan, təbiət və cəmiyyət üçlüyünü bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi olaraq biz də insanlığa xidmət edən dövlət tədbirlərindən, dövlət siyasətimizdən kənarda qala bilmərik. 2024-cü ildə - “Yaşıl dünya naminə həmrəylik ili”ndə bizim İctiamai Birliyimiz də müxtəlif təbirlərdə, işlərdə yaxından iştirak etməyi planlaşdırır. Bu niyyətlə Azərbaycan təbiətini, təbii ehtiyatlarına qayğını təbliğ edən müxtəlif sərgilərdə və tədbirlərdə yaxından iştirak etmək niyyətindəyik. Belə sərgilərdə toxuma əl işlərimizi nümayiş etdirmək istəyirik. Bu əl işlərimizdə zəngin təbiətli Azərbaycanın gül-çiçəkli çəmənlərini, başı qarlı dağlarını, yaşıl yamaclarını, Xarıbülbüllü Şuşamızı təsvir etməyə çalışacağıq. Bunlar çağdaş zamanımızda gənc nəslin vətənpərvərlik ruhunda, torpaq, yurd sevgisi ilə böyüməsinə, əsl vətəndaş kimi tərbiyəsinə İstimai Birliyimizin töhfəsi olar. İnanırıq ki, müvafiq nazirliklər, hökumət təşkilatları bizim çağırışımıza müsbət reaksiya verəcək, əlbir fəaliyyətimizə şərait yaradacaqdır.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)