Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Yazıçı Varis növbəti doğum gününü qeyd etdi. Ondan bir iqtibas gətirmək istəyirəm, “Son məktub” romanındandır.
Hadisələri İstanbul şəhərində bəhs edən bu roman İstanbulda, IQ yayınlarında dərc edildiyi 2014-cü ildə Türkiyə kitab bazarını araşdıran 1000kitapcom portalının “Populyar kitablar listəsi”nə düşməyi bacarlb, yerli və əcnəbi, müasir və klassik yazarların 75000 kitabı arasında sadəcə 52-ci pilləyə yüksələ bilib.
“…Bir bilsən əvvəlki illərdə sənə nə qədər məktublar yazmış, cırıb küləklərdə uçurtmuşam.
Bəzən hətta uşaq sadəlövlüyü ilə bu kağız parçalarından birinin sənin əlinə keçəcəyinə də özümü inandırmışam hələ.
Nə qədərini də xəyalən yazmışam, beynimdə yaranıb, beynimdə də gömülüb onlar.
Sənsiz yetim qalan hislərimi, duyğularımı bura köçürəsi halım yoxdur.
Bilmirəm haralardasan, kiminləsən. Bildiyim tək bir şey odur ki, aramızda illər var, sərhədlər var, bir də dəfn etdiyimiz arzular, istəklər.
Bir tək ümidlərə sığınaraq axı nə qədər yaşamaq olar?!
Bu, sənə yazdığım son məktubdur. Doğrudan da sonuncudur.
Bilirsən, illər keçəndən sonra yazılan bütün məktublar ya cırılıb atılır, ya da silinir, yalnız ilk və son məktub istisna olmaqla.
İşə bax ki, indiyədək sənə nə ilk məktubumu göndərmişəm, nə də sonrakıları. Görünür, yalnız son məktubumu oxumağın qismət imiş.
Səndən heç bir istəyim yoxdur, heç niyə yazdığımı da bilmirəm.
Sadəcə, yazdım. Yazdım ki, bunları biləsən. Biləsən ki, sənə qədərki və səndən sonrakı həyatım olmayıb. Yalnız səninlə keçən həyatım olub.
Qarşımda günahkarsan. Və qarşında günahkaram. Ən böyük həqiqət bax budur.
Hər bir insanın içində işıq var. Çox vaxt insanların içindəki işığı zaman söndürür. Amma biz içimizdəki işığı özümüz söndürdük”.
Xatırladım ki, Varis Ümumdünya Yazıçılar Təşkilatının Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru,
əməkdar jurnalist, ölkədə ən çox satılan kitabın - "Sonuncu ölən ümidlərdir" romanının müəllifi, Azərbaycanın tanınmış yazıçısıdır.
O, Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
"168 saat" və "7 gün" kimi qəzetlərdə redaktorluq və baş redaktorluq edib.
1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının "Gecə kanalı" proqramının yaradıcılarından olub.
2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına baş redaktor, 2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktoru olmuşdur.
2001-2005-ci illərdə müxtəlif beynəlxalq qurumlar tərəfindən media mükafatlarına layiq görülüb
Müxtəlif illərdə "Dan ulduzu" ali jurnalistika mükafatına, "İlin ən yaxşı redaktoru", "əməkdar jurnalist" adına layiq görülüb.
İlk hekayələri Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə "Ulduz" jurnalında dərc edilib.
Hazırda "Sonuncu ölən ümidlərdir", "Bir ovuc torpaq", "Sənə inanıram", "Son məktub", "Uzaqdan gələn yağış", "Yetmiş yeddinci gün", "Qırmızı ləçəklər", "Qızıl cib saatı" kimi bir çox sevilən romanların müəllifidir.
Kitabları ABŞ, Özbəkistan, Rusiya, Türkiyə, İran kimi xarici ölkələrdə çap olunub.
Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LİFFt festivalının qızıl laureatı, UNESCO-nun A.Mitskeviç medalçısıdır.
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)