Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Yeralması məzəsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Yeralması məzəsinin hazırlanma qaydası təqdim ediləcək.
Yeralması məzəsi
LAZIM OLAN ƏRZAQ:
Yeralması – 100 qr
Kök – 15 qr
Alma – 15 qr
Quşəppəyi – 10 qr
Limon – 15 qr
Zeytun yağı – 8 qr
Giləmeyvə – 15 qr
Qoz – 10 qr
Duz – 4 qr
İstiot – 0,05 qr
HAZIRLANMASI:
Yeralması yuyulur, təmizlənir, qabığı soyulur. Kök soyulur, təmiz- lənir, yuyulur. Almanın içi, özəyi tə- mizlənir (ortası çıxarılır). Bunlar sa- manvarı formada doğranır, bir qabda qarışdırılır. Göyərti, limon suyu, zey- tun yağı, duz, giləmeyvə, qoz əlavə olunur. Səliqə ilə qarışdırılır. Ya pay şəklində, ya da bütöv halda boşqaba, məzə qabına, buluda qoyulur. Üzə- ri limon və giləmeyvələrlə bəzənir, süfrəyə verilir
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Çiçəyə məktub”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb.
Çiçəyə məktub...
... arabir özümə gəlir heyifim,
ömür keçib-gedir sərgərdan, səfil,
düzünü axtarsan, çiçəyim, kefim
pis deyil, sən deyən yaxşı da deyil.
Töyşüyə-töyşüyə çəkib yükümü
özüm öz içimdə qurtdalanıram,
dostluğa inanan çobanlar kimi
quzunun xəbərin qurddan alıram.
Əslində indi də arzularım var;
amma keçmişlərin odunu vermir,
təqaüd, yardımlar, xırda-xuruşlar
gözəl qonorarın dadını vermir.
Əslində indi də yazıram hərdən,
misra var – sabaha biletim olur,
nədən söz açsam da, məhəbbətimnən
yazılan çox zaman “şah beytim” olur.
Get-gedə daralır kitabın yeri,
səsini çıxardan dərsdən qovulur,
Füzuli demişkən, haqqın şairi
sevib-aldananda “yalançı olur”.
Kimimiz narazı, kimimiz incik,
sevgidə vurulan qalxıb-dikəlmir,
mən bilən burdakı ayrıseçkilik
daha Göydəkinin xoşuna gəlmir.
Özüm öz içimdə qurtdalanıram,
çalışıb-vuruşur qəhrəman qələm,
çomağı əlimdən yerə qoymuram;
baxma, o qədər də əfəl deyiləm...
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
Azərbaycanın qadın hərbi jurnalisti - Əntiqə Qonaq
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki:- “Bir var alın yazısı, bir də var özün yazdıqların. Yəni, iradənlə, qətiyyətinlə, əzminlə, istəyinlə əldə etdiklərin, qazandıqların. Və bunlar səni taleyini yenidən yazmağa, dəyişməyə, başqa səmtə yönləndirməyə, səni özün kimi var olmağa kömək edir.”
Qarabağda döyüşlər başlayan gündən dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olub və torpaqlarımızı qoruyan könüllülərə, ordu heyətinə mənəvi dayaq olmağa çalışıb. 1988-1994-cü illərdə Füzuli, Ağdam, Qubadlı, Laçın, Zəngilan, Şuşa, Cəbrayıl, Xocalı, Ağdərə, Kəlbəcər, Qazax, Tovuz və Gədəbəyə dəfələrlə səfər edib. Şahidi olduğu hadisələr, döyüşçülərin vəziyyəti, problemləri ilə bağlı yazılarını, canlı döyüş hekayətlərini çoxsaylı mətbu orqanlarda dərc etdirib. Hospitallarda müalicə olunan yaralı əsgər və zabitlərimizə, şəhid ailələrinə baş çəkib, qayğılarını bölüşüb...
Əməkdar jurnalist, yazıçı Zemfira Məhərrəmli yazır: “Onun imzasını və səsini ilk dəfə radio dalğalarından dinlədim. Çox maraqlı və rəngarəng müəllif verilişləri vardı. Tanışlığımız isə Respublika Qadınlar Cəmiyyətində oldu. Hər ikimiz ölkənin ictimai həyatında iştirak edir, bu qurumun mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərirdik. Fəal qadınlarla bərabər dəfələrlə ön cəbhədə döyüşən hərbçilərimizə sovqat - ərzaq, geyim əşyaları, müxtəlif gündəlik tələbat malları aparırdıq. Onlarca şəhid ailəsini himayəyə götürərək onların problemlərini əlaqədar təşkilatlar qarşısında qaldırır və həllinə nail olurduq. Müharibənin ağrı-acısını bu günə qədər qəlbində daşıyan yüzlərlə insanla, ailələrlə dostluq əlaqələrini davam etdirir, nisgilli insanların xeyir-şərində yanlarında olmağa çalışırıq. Qocalar və uşaq evlərinə, internatlara, əqli zəif uşaqlara baş çəkərək, onlara maddi və mənəvi dəstək olurduq. Bu, bizim birgə fəaliyyətimizdən kiçik bir ştrixdir.”
Bəli, bugünki söhbətimin qəhrəmanı Əməkdar jurnalist Əntiqə xanım Qonaqdır. O, 1959-cu il yanvarın 21-də Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini, 2010-cu ildə isə Hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərindən başlayaraq Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin “Gənclik verilişləri baş redaksiyası”nda müəllif proqramları ilə dinləyicilərin və tamaşaçıların qarşısına çıxıb. "Magistral" qəzetində korrektor, müxbir, "Həyat" qəzetində baş müxbir, "Biznes" qəzetində şöbə müdiri, "Azərbaycan" qəzetində müxbir işləyib, "Ana" müstəqil qadın qəzetinin təsisçisi və baş redaktoru olub. 2001-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində çalışıb...
Təbiətcə çox məsuliyyətli adamdır. Maraqlandığı mövzunu diqqətlə araşdırmasa sakitləşmir. Emosional və çılğındır. Azadlığına məhdudiyyət qoyulmasını xoşlamır. Xüsusi xarakterə malik insandır. Olduqca qərarlıdır və əldə etmək istədiklərinə mütləq sahib olur. Bu xüsusiyyətlərini uzun müddət onu tanıyan dostları yaxşı bilirlər. Hər kəslə yaxşı yola getməyi bacarır. Mehriban və dostcanlıdır. Elə bu səbəbdən də yaxınları, tanışları tərəfindən çox sevilir...
Zemfira xanım Məhərrəmli onun haqqında daha sonra deyir: “Gözəl dostdu, sadiq yoldaşdı, dərddaşdı, xeyirxah insandı Əntiqə Qonaq. Həmişə qarşısındakını özündən öndə bilib, onun problemini, dərdini özününküləşdirib. Buna görə də çox vaxt öz çətinliklərini belə unudub. Köməyə ehtiyacı olan insanların vaxtında yanında olmaq, onlara bacardığı kimi yardım etmək, qəlbindən keçən ən ülvi arzuları bildirmək. Nə gözəlmiş, elə deyilmi? Əntiqə deyir ki, bir qadın kimi, ailə qurmaq, təmənnasız sevgiylə övladlarına bağlı ana olmaq bir borcdur. Bunlarla yanaşı, həm də əsas olan cəmiyyətdə tutduğun mövqe və sağlam düşüncənlə dövlətinə və xalqına verdiyin xeyirdir.”
Cəmiyyətdə məntiqi davranışı ilə tanınır. Heç kimin işinə, şəxsi həyatına qarışmağı sevmir. Təbiiliyi sevir və bununla ətrafdakıları özünə heyran etməyi bacarır. Çox səxavətlidir, necə deyərlər, bəzən bədxərclik də edir. Daxilində liderlik ruhu yaşadır. Bu ruhun sayəsində bir çox işlərdə uğur qazanır. İş həyatına gəldikdə isə yeniliklərə açıqdır. Ümumi işlərdə bacarıqlı, nizamlı və intizamlıdır. Xoşu gəlmədiyi insanlarla ünsiyyətdə olmağı xoşlamır...
"Müharibələr həmişə dəhşətləriylə, faciələriylə, səfalət və xarabalıqlarıyla, ölüm və itkiləriylə, ağrı-acılarıyla, viranəlikləriylə, ürəklərdə açdığı əbədi yaraları ilə müşaiyət olunub. Müharibənin canlı şahidi olmaq normal yaşam alışqanlıqlarını bircə anda unutnaq deməkdi. İllər boyu özün üçün, doğmaların üçün yaratdığın düzənin bircə anda pozulması deməkdi. Canının bir parçası olan əzizlərinin bircə anda, gözünün qarşısında məhv olması deməkdi. Keçmişinin, bu gününün, gələcəyinin bircə anda yox olması deməkdi. Arzularının, xəyallarının alt-üst olması deməkdi. Havasızlıq deməkdi, boğulma deməkdi, yaşaya-yaşaya ölmək deməkdi, həm də ölmək istədiyində ölə bilməməkdi, çarəsizlik, ümidsizlik… deməkdi."- söyləyir.
Bu il onun üçün yubiley ilidir. Yanvarın 21-də Əntiqə xanımın 65 yaşı tamam olub. Gec olmaz yəqin, onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
37-ci hissə
Üsyan
Ülkərin taleyin zərbələrinə bu cür asan təslim olması Süleymanı öncə qəzəbləndirdi. O, Elgünün dalınca xeyli danışdı. Gərək Elgün bu secimin çox səhv olduğunu izah edəydi. Fahişəlikdənsə fizikin təklifinə razı olmaq daha düzgün idi. Ülkər fizikdən ciddi şəkildə iyrənə bilərdi. Onun qorxulu, yoluxucu xəstəliyi, qorxunc, təhlükəli şizofreniyası və s. ola bilərdi ki, Ülkəri kənara itələsin. Lap adicə, ağzından pis qoxu gələ bilərdi.
Müəllif niyə əsaslandırmır ki, biri ilə yatmaqdan imtina edib, mini ilə yatmağı seçmək ağılsızlıqdır?
Süleyman qızlara məcburən bu cür dəyişməsinin izahını verəsi oldu. Qızlar yalvar-yaxar elədilər ki, roman onlara da oxumaq üçün verilsin. Və əvvəlki – oxunmuş vərəqləri Süleymandan alıb iş prosesinə mane olmadan oxuyacaqlarına söz verərək mürəxxəs oldular.
Bayaq Elgünə ünvanlanan irad və ittihamlar isə anidən düzgün məcrada getmədiklərini özləri isbat etmiş oldular.
Süleyman anladı ki, fizikin bu son təcavüz cəhdi Ülkərdə insanlığa, mərhəmət və humanizmə olan son inamını da qırdı, bütün körpüləri uçurtdu. Və o, murdarlığa qarşı murdarlıqla cavab verməli oldu. Bu, elə bir psixi haldır ki, onu ancaq o hala düşənlər dərk edə bilər.
Allah və insanlar əgər bir insanı cəzalandırırlarsa, ona sonunadək əzab və iztirab bəxş edirlərsə, sonda o insan o qədər gücsüzləşir və yazıqlaşır ki, özü də daha yaxşılıqlar axtarışına çıxmır, pisliklərdən yapışası olur.
Bu qədər bəsit.
38-ci hissə
Rəzillik
Naza onu şad-xürrəm qarşıladı, dedi, zalımın qızı, o vaxtdan gəlməliydin yanıma, ər axtarıb ömrünü sənə əmr verən bir “dalbayob”un yanında çürütməkdənsə qoy yüzlərlə əmrinə müntəzir “dalbayob”lar səninçün çürüsünlər də.
-- Haçandan işə başlayım, sabahdan?
Naza onu bir günlük nədir, heç bir saatlıq da əldən qoymadı, dedi, nə sabah, ay qız, elə indi səni göndərirəm “Veterok”a.
Sonra Ülkərin üst-başına əsəbiləşdi:
-- Bu nə qiyafədir, qoca arvadlar kimi geyinmisən lap. Hələ üz-gözünü, saçını demirəm. Fu.
Bir anda evə parikmaxer gəldi, kosmetoloq gəldi, Ülkəri çimizdirdilər, bəzəyib-düzədilər. Naza alverçisini çağırdı, Ülkərin alt paltarını da, üst paltarını da təzələdilər.
-- Al bu tumuşu gey, buna mersedes tumuş deyirlər, kliyentlər ölür bunu geyinən qızlardan ötrü, adamı çox seksual göstərir. Büstqalterı götür, qarasıdır, döşü daha qabarıq göstərir qara büstqalter. Bu kojannı retuzu geyin, bu göbəyi açıq nedelkayla. Bu da tufli. Məşq elə üstündə gəzməyi, çox hündürdür. İstəsən, gələcəkdə dodaqlarını şişirdərik. Döşlərin iridir, amma lazım gəlsə, bir az da silikonlayarıq.
Ülkəri həmin o “Veterok” dediyi kafeyə yola salanda Naza ona tam təlimat verdi:
-- Bax, kliyent nə istəsə, elə. Çünki bahalı kliyentdir. Bacarmadığın şeyləri də çalış elə. Təcrübəsiz olmağın ona ləzzət verəcək, kliyentlər xam qızları xoşlayırlar, deyirlər ki, üzü üzlər görməyib hələ bunun, çox murdarlanmayıb.
Birdən kimsə gördü, onda necə?
Birdən anası, qardaş-bacısı bildi onun nə iş gördüyünü, bəs onda?
Ya da, birdən kimsə Aylinin üzünə vurdu ki, sənin anan fahişədir?
Anidən donub qalırdı, içini didib-dağıdan “bəlkələrin” ağrısından büzüşürdü, amma taksiyə “dayan” deməyə gücü yox idi. Qatar artıq tərpənmişdi, indi onu saxlamaqmı olardı?
Nazanın xidmətində dayanan sürücü Ülkəri kabinetə ötürdü, iki orta yaşlı kişi idi, araqdan içib məsti-xumar olmuşdular. Ülkəri görəndə hərəsi bir tərəfdən əlləşdirməyə başladı. Ülkər dodağını dişi ilə gəmirərək sakitcə durub nə edəcəyini bilmirdi.
Sonra onu soyundurdular, vəhşi ehtirasla kişilər də soyundu, Ülkərin yalnız gücü ona çatdı ki, “İkiniz də hara soxulursuz, ancaq birinizlə olacam deyə” etiraz bildirdi, kişilərdən biri zəng etdi, telefonu Ülkərin qulağına tutdu, Nazanın səsiydi, dedi, üç yüz manat verəcəklər, necə istəyirlərsə, qoy olsun.
İki saatdan sonra Ülkər oradan çıxdı, aparıb üç yüz manatı Nazaya verdi, o da yüzlüyün birini ayırıb, üstünə də özündən bir əllilik qoyub Ülkərə qaytardı, dedi, ilk iş günün mübarək, yarım aylıq maaşı bir saata qazandın.
Ülkər ovcunu yandıran pulu əlində xışmalayıb Nazanın mənzilindən çıxdı, amma özündən o qədər iyrənirdi ki, bu halında qızının yanına – evə gedə bilməyəcəyini anladı. Geri qayıdıb Nazadan xahiş elədi, hamama keçib azı bir saat yuyundu, dərisini kisə ilə az qala qopara-qopara sürtdü.
Hamamdan çıxdı, amma duydu ki, kirdən qurtula bilməyib, bu halı ilə də evə gedə bilməyəcək. Nazadan xahiş elədi ki, qoy bu gecə sizdə qalım, özümdən iyrənirəm, qızım mənə toxunub murdarlanar.
Naza onun sözlərinə qəhqəhə çəkdi, dedi, təzəsən, bir azdan öyrəşəcəksən, feyziyab olmaq üçün özün kliyent istəyəcəksən.
Ülkər sakitcə “iraq olsun” dedi, zəng edib qızına söylədi ki, işə düzəlmişəm, gecə növbəsində işdə olacam, evə gəlməyəcəm, məni gözləmə, yat.
Yeni həyat beləcə başladı.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
…çünki meqabayt sürətiylə fırlanır indi dünya!
Hicran Hüseynova, “Ədəbiyyat və incəsənət” üçün
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ,
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Yenə sözə ehya verdim, Füzuli demiş. Bu dəfə kitablardan danışacam, əziz oxucum, kitabdan və kitabı sevənlərdən. O kitabdan ki, bir vaxtlar hər bir evin kitabxanasında qərar tuturdu, ziyalılığın, intellektin, hətta dəbin ifadəsinə çevrilib əl-əl gəzirdi. Bu oxuyub ona verirdi, o bir başqasına. Bir gözəl məşğuliyyət idi kitab oxumaq, bir maraqlı xobbiydi. Yaddaqalan, tarixi günlərdə adamların bir-birinə kitab hədiyyə etmək, titul vərəqinə ürək sözlərini yazmaq kimi yaxşı bir adəti vardı. O günlər necoldu bəs?
- Köhnə, saralmış, artıq oxunub bitmiş kitabın səhifələritək vərəqlənib qurtardı. Bəli, qurtardı. Tarixə köçdü, yaddaşlara yazıldı, xatirəyə döndü.
Yazının bu yerinə çatanda mütləq etiraz edənlər tapılacaq, bilirəm. Ümumiyyətlə, hər hansı fikrə etiraz edənlər, başqa cür düşünənlər həmişə olub, həmişə də olacaq. Ona görə təbii qəbul edirəm hər yanaşmanı, kiminsə fikri etalon deyil, əlbəttə. Amma səhifənin o biri üzündən bəri baxıb etiraz edənlərə, “Niyə? Kitaba maraq artıb, kitablar satılır, tez-tez kitab sərgiləri keçirilir” deyənlərə səslənirəm: Əzizlərim, bu gün internetin hörümçək torunda kitablar belə elektron şəkildə vərəqlənir. Bir düyməyə toxunmaqla istədiyi əsəri oxuya bilən adam niyə kitaba pul versin ki? Hələ süni intellekti demirəm. Əsrimizin ən yeni nailiyyəti olan süni intellekt bu günlərdə ona göndərdiyim yazımı elə təhlil etdi ki, handa bir tənqidçi bu qabiliyyətə mat qalar (özü də nə üzgörənlik var, nə qərəz). Düzdü, o başqa bir söhbətdir ki, kitabların doğma spesifik qoxusu var, mənəvi dəyər ucalığı, səhifələrə əllə toxunub onu hiss etmək fərqliliyi var. Amma indiki mobil zamanda bütün bunları düşünən kimdi?.. Varsa da, belələri yaşlı, yaxud orta nəslə mənsub olanlar, Belinskinin təbirincə desək, Qoqolun “Şinel”indən çıxanlardı. Elə mən özüm də Qoqolun “Şinel”indən çıxmışam, yeri gəlmişkən, bu hekayəni də oxumağı tövsiyə etmədiyim gənc qalmayıb ətrafımda. Nə isə. Mətləbdən uzaqlaşmayım. Günümüzdə kitabın mənəvi dəyər olaraq dəbdən düşməyindən, bir vaxtlar bütöv bir ideologiyanı dəyişdirib formalaşdıran işığının sosial şəbəkələrin kölgəsində öləziməyindən danışırdım. Burada bir “Heyif, səd heyif” kəlməsi yerinə düşərdi. Amma nə edəsən ki, zamanı saxlaya, geri döndərə bilməzsən. Və o zamanın çərxinə kitablarla təsir edə bilməzsən, çünki meqabayt sürətiylə fırlanır indi dünya... Bugünkü postmodernist, postpostmodernist ədəbiyyatda isə insan “Yer üzünün əşrəfi” yox, “ifrazat maşını” adlandırılır (Milan Kundera).
Bir az da özümdən danışım - kitabla böyüyənlərin bir ümumiləşdirilmiş obrazı kimi. Kitabın sevildiyi, sevilərək oxunduğu, oxunaraq təbliğ olunduğu ziyalı bir ailədə dünyaya göz açdım. Hər gün oxudum, ulu Nizaminin dediyi kimi, hər gizli xəznədən bir dürr çıxardım, o xəzinədən işıq düşdü qəlbimə, ruhuma və söz-söz yaratdığım ucalıqlara. Və bir gün- ömrümün hansısa mərhələsində o ucalıqlardan baxanda həyatdan çox uzaqlaşdığımı, həyat yox, kitab adamı olduğumu gördüm. Hətta “həyatın dibində”kilərin mənə kinayəylə baxıb güldüyünü, yükünü tutanların yanında sözdən başqa heç bir yüküm olmadığını gördüm.
Sözlər də məni, necə deyərlər, qırx arşın quyunun dibinə atdı, kitabların daha da itiləyib həssaslaşdırdığı, cümlə-cümlə cilaladığı xarakterimlə həyatın sərt labirintinə düşdüm. Gördüm maddiyyatla mənəviyyatın davasında əlim heç nəyə çatmır, yenə sözə üz tutdum. Bu şeiri yazdım:
Bu da oxuduğum kitab.
Oxuduqca keçdi günlər
Fəsil-fəsil, varaq-varaq.
Çox çalışdım illər boyu
Oxuyum, öyrənim deyə,
Gözlərimin rəngi getdi,
Əlim dondu vərəqlərdə.
Göz yaşlarımdan islanmış
Sözlər itdi, yaddan getdi,
Fikirlər yarımçıq qaldı,
Bacarsan, baş çıxar indi.
Baş çıxardım bu kitabdan,
Dönüb ətrafa da baxdım,
Gördüm, kitabxana deyil,
Cəngəllikdi, meşədi bu!
Ağaclar kəsilir burda
Təzə kitablar eşqinə,
Yaşıl sözlər düşmür yada
Yaşıl kağızlar içində...
Götürüb köhnə kitabı
Qaçdım ayağım getdikcə...
Yuxarıda yatmışdı günəş,
Yuxarıdan baxırdı ALLAH...
...Köhnə kitabı o vaxt götürdüm ki, o kitabı sevən, balasıtək bağrına basıb burdan-ora, ordan-bura daşıyan bir kitab təəssübkeşi bunu məndən xahiş etdi. Yəqin, diqqət etdin, əziz oxucum, mən kitabxanaçı yox, kitab təəssübkeşi dedim. Bəli, məhz kitab təəssübkeşi. Çünki kitabxanaçı, yaxud biblioqraf sözü bu xanımın peşəsinə olan həssas münasibətini, sevgisini, fədakarlığını ifadə edə bilməz. Onun kitab sevgisini o taksidən bu taksiyə, o avtobusdan bu avtobusa güclə daşıdığı kitab bağlamaları ifadə edə bilər. İllərlə kitab bağlaması daşıdı bu xanım - Füzulinin ən ucqar kəndlərində belə balaca kitabxanaların bağlanmaması üçün. Heç həftənin iki gününü - istirahət günlərini evdə keçirib birinci gün səhər saat 6-dan rayona, daha doğrusu, qəsəbəyə (Füzuli rayonunun Zobucuq qəsəbəsi) işə gedən, 6 saatlıq məsafə qət edib, 4 gün qəsəbədə qalıb təzədən Sumqayıta qayıdan kitabxana işçisini təsəvvür edə bilərsinizmi? Bu yerdə onu vurğulamalıyam ki, haqqında danışdığım Xavər Nəbiyeva kitabxana işində artıq 39 ildir ki, çalışır. Və o, Füzuli rayonunda, ətraf kəndlərdə kitabxana işinə sözün əsl mənasında can yandıranda nə Füzuli vardı, nə də bugünkü Qarabağ təntənəsi, çal-çağırı. Bu o dövrlər idi ki, Qarabağ işğaldaydı, adamların qəlbi, ruhu da işğaldaydı sanki, kimsənin yadına kitab oxumaq nədi, heç kitabxana tərəfə baxmaq belə düşmürdü. Amma o illər işinin vurğunu olan Xavər xanımı əsla həvəsdən salmadı, hərdənbir gələn oxucularına canla-başla xidmət göstərdi. Kənd kitabxanalarının normal fəaliyyəti üçün əlindən gələni etdi. O hətta hardasa maraqlı bir plakat, maket, rəsm əsəri və s. görəndə də onu tez kitabxanaya aparır, gözə dəyən yerdə asır, ən adi bir detalla belə peşəsinə münasibətini göstərirdi.
Yenə Qoqolu xatırlayıram, yenə “Şinel”i. Akaki Akakiyeviçə təzə şinel tikən dərzi Petpoviç müştərisindən qabaq atelyedən çıxıb bazarın başında dayanır ki, öz əl işinə gendən baxıb bir daha qiymətləndirsin. Olduqca təsirli, yaddaqalan bir epizoddur. İnsanın peşəsinə vurğun olması nə böyük səadət imiş! Mən də seçdiyim sahənin vurğunuyam, materialım söz, üz tutduğum həyatdı, çox zəngin hadisələrlə, zəngin obrazlarla dolu bir həyat. Oçerk tipli bu yazımdasa iki obraz oldu: biri oxucusunda kitablara yenidən həvəs oyadan, atılmaqçün dəhlizlərə yığılmış kitablardan kitabxana(!) düzəldən Xavər Nəbiyeva, biri də tənqidçilər, nəzəriyyəçilər demiş, lirik mən - Hicran HÜSEYNOVA.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
Biznes dənizində uğur həlledici şəkildə bir neçə elementdən asılıdır
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Biznes plan barədə söhbətimizi davam etdiririk. Onu nəzərə alın ki, çoxsaylı amillər, o cümlədən, «gözlənilməz hava dəyişikliyi» nəzərdə tutulmuş planları hiss olunacaq dərəcədə dəyişə bilər. Yeni başlayan kompaniyalar üçün biznes-planda nəzərdə tutulmuş marşrutdan kənaraçıxmalar praktikası adi haldır. Mümkün kənaraçıxmaları qabaqcadan görməyə, «ehtiyat variantlar» işləyib-hazırlamağa və «ehtiyat yollar» hazırlamağa çalışın. Axı artıq məlumdur ki, «modifikasiya edilə bilməyən plan yaxşı ola bilməz».
İnamla demək olar ki, daim dəyişkən olan biznes dənizində uğur həlledici şəkildə bir neçə elementdən asılıdır ki, onların da ən əsasları bunlardır:
· Qərar çıxarılan zaman işlərin ümumi vəziyyətini anlayıb qiymətləndirə bilmə;
· İnkişaf səviyyəsinin məqsəd və perspektivlərinin müəyyən edilməsi;
· Müəssisənin bir vəziyyətdən digərinə – keyfiyyətcə təzəyə keçid prosesinin planlaşdırılması;
· Strateji qərarların qəbulu üçün maksimal informasiyaya malik olmaq.
Biznes-plan kifayət qədər həcmli sənəddir və onu tərkib etibarı ilə 10 hissəyə bölmək effektiv alınar:
1. Rezüme;
2. Məqsəd və vəzifələr;
3. Məhsul (xidmət);
4. Bazarın analizi;
5. Marketinq planı;
6. İtsehsalat planı;
7. İdarəetmə personalı;
8. Tələb olunan vəsaitin həcmi və mənbələri;
9. Maliyyə planı və risklərin analizi;
10.Müfəssəl maliyyə planı.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
“Günahlar yer axtarır gizlənməyə…” - Tural Cəfərlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Tural Cəfərlinin yeni şeirlərinin təqdimatını davam etdirir. Bu gün siz daha 3 şeirlə tanış olacaqsınız. Oxunma sayından bəllidir ki, dünənki paylaşımı çox bəyənmisiniz. Əminik ki, bugünkü şeirlər də xoşunuza gələcək.
Unutmaq xatırlamaq üçün lazımdır...
4
Cümə axşamı, kofe sərsəmliyi edib
Müslüm Gursesə qulaq asıram...
Mahnıda bir cümlə var, lap damara işləyir:
“Eğer seni kırdıysam Darıl bana, Ama bir gün beni ararsan Bak ruhuna”…
Kimi qiymətləndiririksə, özümüzü ucuz edirik,
Həyatın yazılmamış qanunudur:
Kimi çox sevirsənsə, öncə o səndən nifrət edəcək…
Hava haqqında məlumat verilir:
Sabah adamların qanı qaralacaq,
Münasibətləri mənfiyə düşəcək,
Arabir baxışları tutulub, açılacaq,
Amma əsasən yağmursuz olacaq…
Dostum, darıxma, bir gün hamı biləcək,
Sənin yaxşı adam olduğunu…
Salavat çəkib ruhuna, qədir ağacını axır ki,
Sulayacaq qohumlar, doğmalar, yadlar…
Birtəhər ömrünü başa vurmaqdansa,
Burax getsin arzularını…
Bəlkə bir də gəlməyəcək,
Amma saxlama xəyallarını,
Bir qatar yoluna burax,
Bir məktub yaz keçmişə-
Yaz ki, bu günümə də şükür!
Bu gün də unutmağa çalışdım
Bu gün də insan qaldım…
Təkliyini kimə danışdınsa,
Ona məxsusdur azadlığın…
Yoxluğunu kim əzab libası edibsə,
Ona məxsusdur varlığın…
Qumar kimidi bəzi sevgilər,
Ancaq sevməyən qazana bilər…
Sən də qumar oynadınmı?!
Sən də uduzdunmu, son göz yaşına kimi…?
Sən də vurdunmu peşmanlıq daşına kimi…?
Özünü unutmaq ən böyük xilasdır…
5
Cümə günüdür, azan oxunur,
Günahlar yer axtarır gizlənməyə…
Atadan dəmi götürdük, anadan qəmi,
Bir az həssas olduq, duyğular cəmi.
Ürək bəla seçdi, gözlər də nəmi,
Olduq belə adam, olduq sərsəri.
Payıza oxşadı səsimiz,
Xəzan oldu avazımız.
Qışa döndü talelər,
Dönük oldu yazımız.
Adama paxıllıq da güc gəlmir,
Hamıya uğur diləyib,
Dəli olursan…
Tut ağacı kimiyəm,
Çırpıldıqca böyüyürəm,
Yığıldıqca dincəlirəm,
Kəsildikcə dirilirəm…
Sənə bir təsəlli deyim-
Qorxma, ölüm heç kimi unutmur…
Boş yerə mənə nifrət edənlər, başımın tükündən çoxdur…
Bibliyadan ayə
6
Nifrət-sevginin xain üzü,
Nifrət-həqiqətin axsaq ayağı,
Nifrət-hamının sonu, heç kimin əvvəlli…
Bax, dəniz ləpələri sahili döyür,
Sahil döyəcləyən ləpələr də böyüyür,
Amma sahillər ləpələrə küsmür,
əksinə hər dəfə bir az da aşiq olur ləpələrə sahillər…
Gülməli də olsa yaşamaq bəhanəsi ilə ölmək olmur,
Amma ölmək bəhanəsi ilə yaşamaq olur…
Adam var heç vaxt ölümü düşünmür,
Halbuki ölümü düşünməkdir həyatın özü…
Kim bizi unutsa da, kim bizi tərk etsə də,
Ölüm heç kimi unutmur, heç kimi birdəfəlik tərk etmir…
Sonda qayıdan qonağa ölüm deyirlər,
Əslində ölüm heç vaxt qayıtmır,
Ölüm bizi xatırlayanda hamı bizi unutmağa başlayır,
Hamı bizi xatırlayanda isə ölüm bizi unudur…
Musa əsasını dəryaya vurdu, dərya aralandı,
sən də gözlərini qəlbimə vurdun, qəlbim bütövləşdi…
Bəzən olacaqları təxirə salmaq üçün nəsə uydururuq,
Məsələn, “hər şey yaxşı olacaq” deyib, susuruq və …
Dəryanın ortasında daşın içindəki qurdam,
Məni unutmayan Tanrıya bir sualım var:
“Bəndənə unutmağı necə öyrətdin?”…
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
Üçüncü yerə layiq görülmüş Xan Abdullanın “Yazgülün nəvəsi” hekayəsi
Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılardır:
Elay İsmayılov;
Xanbala Mahmudov;
Cavid Babayev;
Orxan Cuvarlı;
Bəşir Niftəliyev;
Şəhriyar Bəhmənov;
Səma Quliyeva;
Pərviz Əlyaroğlu.
Qalib və mükafatçıların adlarını isə Münsiflər Heyəti ötən günlərdə bəyan edib.
HƏVƏSLINDİRİCİ YERLƏR
Bəşir Niftəliyev,
Səma Quliyeva
3-CÜ YER
Xan Abdulla
2-Cİ YER
Orxan Cuvarlı
1-Cİ YER
Cavid Babayev
Mükafatlandırma mərasimi barədə əlavə məlumat veriləcək.
Oxucuların xahişi ilə yer tutmuş iştirakçıların yazılarının dərcini davam etdiririk. Bu gün sizə 3-cü yer tutmuş Xan Abdullanın “Yazgülün nəvəsi” hekayəsini təqdim edirik.
Mahmudov Xanbala Elçin oğlu (Xan Abdulla) 1994-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub. 2017-ci ildə BDU-nun hüquq fakultəsini bitirib. Hazırda «Teas Press» nəşriyyatının redaktorudur.
YAZGÜLÜN NƏVƏSİ
Yataqxanada itikçilər yaşayırdılar – qaçqınlar, məcburi köçkünlər, dolanmaq üçün kənddən şəhərə gələnlər, kimsəsizlər... Yataqxananın məxsusi qoxusu vardı. Bu, səfalətin qoxusu idi; yüz addım uzaqda olsan belə, gəlib burnunu dalayır, ürəyini bulandırırdı. Buna rəğmən yataqxananın qarşısından keçmək, kir tutmuş divarlara, uçuq-sökük eyvanlara, zivələrdən asılmış qara-qura paltarlara baxmaq xoşuma gəlirdi. Qışqırıqçı, hay-küyçü arvadlar bir-birilərini təhdid etməkdən, söyməkdən, saçlamaqdan, dişsiz, maymaq qocalar həyətdə domino, nərd oynamaqdan, burnufırtıqlı uşaqlar ağlayıb-zırıldamaqdan, burnuyelli gənclər binanın qarşısında küllənməkdən bezməzdilər. Ən çox pəncərələrə oğrun-oğrun baxmaqdan xoşlanırdım, qıraqdan bu bəxtsiz insanların həyatına tamaşa edirdim. Bəzi evlərin içi aydınca görünürdü –maykalı arıq bir kişi tosqun arvadını öpürdü, balaca bir uşaq iştahla çörək gəmirirdi, ana yeniyetmə oğlunu döyürdü...
Demək olar ki, yataqxanın bütün sakinləri qarabəniz idi. İkisindən başqa...
On beş yaşım təzəcə tamam olmuşdu. Yaşdaşlarım kimi bütün gün qadınlar barəsində düşünürdüm. Erotik filmlərə baxır, xoşuma gələn, gözüm tutan qızları fikirləşib yaşdaşlarım nə edirdisə, onu edirdim. Sakit, qaradinməz, adamayovuşmaz bir uşaq idim. Hansısa qızın dodağından öpmək, hətta əlindən tutmaq mənimçün əlçatmaz bir xəyal idi. Qızlarla dilxoşluq edən söhbətcil, qanışirin, yapışıqlı oğlanlara qiptə edirdim. Çirkin uşaq deyildim... Sadəcə, bəxtim gətirməmişdi, dovşandodaq doğulmuşdum... Dodağımın üstündə çəhrayı bir çapıq vardı. İndi də var, amma çox da bilinmir. Çünki bığ saxlayıram...
Günlərin bir günü tənəffüsdə sinif yoldaşım Həsəni yanlayıb müxtəsərcə dedim:
– Məni Yazgülün yanına apar. Pulum var.
Yazgül fahişə idi. Yataqxanada yaşayırdı. Onu bir neçə dəfə uzaqdan görmüşdüm. Yataqxananın iki sarışın sakinindən biri o idi. Həsən danışanda eşitmişdim, bilirdim ki, on manata görüşür. Anam mənə hər gün bir manat verirdi ki, məktəbdə acsam, nəsə alıb yeyim. On gün heç nə alıb yeməmişdim.
Həsən mənə baxıb rişxəndlə gülümsədi. Sinifin ən hərcayi uşağı idi. Qalın, pırpız qaşları vardı – sanki kimsə kiminsə saqqalını yolub alabaşına-külbaşına Həsənin qonur gözlərinin üstünə yapışdırmışdı. Həsən rişxəndlə gülümsəyəndə şeytana oxşayırdı. Düzdür, heç kəs şeytanın necə göründüyünü bilmir, amma Həsəni (daha doğrusu, rişxəndlə gülümsəyən Həsəni) şeytana oxşadanların sayı az olmadığı üçün bunu əminliklə yaza bilirəm.
– Deyəsən, qızmısan, – Həsən dedi. – Özün niyə getmirsən? Qorxursan?
Sözün düzü, qorxurdum. Daha doğrusu, utanırdım. Yazgüllə necə danışmalı olduğumu bilmirdim. Çünki heç vaxt heç kimlə belə bir sövdəyə girməmişdim. Bir az həyəcanlanan kimi dilim dolaşırdı, boğulurdum. Yazgülün yanında gülünc vəziyyətə düşmək, naşı kimi görünmək, pərt olmaq istəmirdim.
– Aparırsan, ya yox? – mən soruşdum.
– Yaxşı, dərsdən sonra gedərik, – Həsən cavab verdi.
Dərsdən sonra birlikdə yataqxanaya getdik. Mart ayı idi. Binanın həyətindəki ağaclar çiçəkləmiş, çiçəklərin xoş rayihəsi binanın üfunətinə qarışmışdı. Həyəcanlı idim. Ürəyimin guppultusunu eşidirdim. Qaçıb getmək, aradan çıxmaq istəsəm də, namusa boğulub gözləyirdim.
Yazgül birinci mərtəbədə yaşayırdı. Bloka girib qapıya yaxınlaşdıq. Həsən qapını döydü. Bir neçə dəqiqə sonra qapı açıldı, iyirmi-iyirmi beş yaşlı kürən bir oğlan mənzildən çıxdı və bizə salam verib getdi. Yazgül Həsəni tanıyıb gülümsədi:
– Xoş gəlmisiniz, – dedi.
Mənim üzümə baxanda duruxdu, sanki özünü itirdi. Mən daha da həyəcanlandım. Elə güman etdim ki, qadının sir-sifətimdən xoşu gəlmədi.
– Xoş gördük, Yazgül, – Həsən əkəc-əkəc diləndi. – Necəsən? Nə var, nə yox? Dostum görüşmək istəyir. Siftəsidir.
Yazgülün otuz-otuz beş yaşı olardı, parlaq dərisi, nazik dodaqları, yaşıl gözləri,əyri və bəyaz dişləri, sısqa ayaqları, iri döşləri vardı. Qəhvəyi rəngli şort, pələngi köynək geyinmişdi.
– Yaxşıyam, şükür...
– Gör nə deyirəm... On beş manatımız var. Bəlkə, ikimiz də girək?
– Yaxşı... Keç içəri, iki dəqiqəyə gəlirəm.
Yazgül həyətə düşdü.
– Qapının ağzında gözlə, – Həsən dedi və bic-bic gülümsəyib içəri keçdi.
Yazgülün səsini eşitdim, kimisə haylayırdı: “Yaqut... Yaqut... Yaqut...” Üç-dörd dəqiqə sonra qayıtdı. Yanımdan keçib içəri girdi və qapını kilidlədi. Gözləməyə başladım...
Beş-altı yaşlı sarışın bir qız uşağı gəlib qapının dəstəyini burdu, kilidli olduğunu anlayıb geri çəkildi. Əlində sarısaç bir kukla vardı. Bu qızı bir neçə dəfə uzaqdan görmüşdüm. Amma dodağının üstündə çəhrayı rəngli, səliqəsiz bir çapıq olduğunu bilmirdim. Qıza ürəyim yandı. Mən heç olmasa bığ saxlaya bilərdim... Kuklasının da ağzı cırıq idi. Güman ki, hansısa uşaq ona sataşmaq üçün gəlinciyin ağzına mismar batırmışdı. Mənim özüm də belə zarafatlara, hənəklərə tez-tez məruz qalırdım. Bəlkə də, bunu qızın özü etmişdi, istəmişdi ki, kuklası özünə oxşasın...
– Sən Yazgülün qızısan? – ondan soruşdum.
– Hə, – deyə qız gülümsədi.
Yaşıl gözləri par-par parıldayırdı. Ağzında dişi yox idi. Bununla belə, gülümsəmək ona yaraşırdı. Allah bilir, kimin qızı idi. Yaşım çatsaydı, Yazgüllə beş-altı il qabaq görüşsəydim, elə bilərdim ki, mənim qızımdır. Çünki mənə çox oxşayırdı. Qızın başını sığallamaq, üzündən öpmək istədim. Lütf edirmiş kimi... Nədənsə belə güman etmişdim ki, indiyədək anasından başqa heç kim onu tumarlamayıb, üzündən öpməyib.
– Nə gözəl kuklan var, – deyə qızın saçını sığalladım, amma öpmədim, çiyrəndim. – Anan alıb?
– Hə, o mənim qızımdır, – uşaq sevincək dedi və kuklasını möhkəmcə qucaqladı.
Nitqi qüsurlu idi, sözləri düzgün tələffüs edə bilmirdi. “O mənim qızımdır” yox, “o əim ıdımdı” demişdi...
– Böyüyəndə nə olmaq istəyirsən? – vaxt keçirmək üçün soruşdum.
– Həkim... Anamı sağaltmaq istəyirəm... Başı ağrıyır tez-tez...
– Hə, mən də həkim olmaq istəyirəm. Ananı çox istəyirsən?
– Hə, hamıdan çox istəyirəm. O da məni hamıdan çox istəyir. Qızımı da hamıdan çox istəyirəm...
– Necə yəni? Ananı hamıdan çox istəyirsən, ya qızını? – deyə gülümsədim.
– İkisini də, – qız gülə-gülə dedi və qaçaraq həyətə düşdü.
Bir neçə dəqiqə sonra qapı açıldı. Həsən mənzildən çıxdı. Pörtmüşdü. Üzünə xoş bir təbəssüm qonmuş, yumru sifəti sanki daha da yumrulaşmışdı.
Əlini çiynimə qoyub dedi:
– Qorxma, keç içəri.
Deyəsən, həddən artıq həyəcanlı olduğumu anlamışdı.
İçəri keçdim. Mənzilin təmirinin, şəraitinin bizim evimizə bab olması məni əməllicə təəccübləndirdi. Dəhlizdə yaşıl bir ləyənlə qırmızı aftafa vardı. Yazgül otaqda siqaret çəkirdi.
– Keç əyləş. Çəkənsən? Götür birini.
Nəzakətlə imtina elədim və keçib divanda – televizorun qarşısında oturdum.
– Qızının adı Yaqutdur? – deyə soruşdum.
– Hə, gözləri yaşıldır deyə adını Yaqut qoymuşam, – Yazgül məmnunluqla cavab verdi.
Onda yaqutun, əslində, qırmızı rəngdə qiymətli bir daş olduğunu mən də bilmirdim. Yazgül qızının adını “Zümrüd” qoymalı idi.
Televizorda hansısa cizgi filmi göstərilirdi. Yazgül gözlərini televizora zilləmişdi, aramla siqaretini tüstülədirdi. Nəhayət, siqaretini külqabıya basdı. Ayağa qalxıb dəhlizə doğru addımladı. Ləyənin yanında dayanıb şortunu çıxardı və əyilib aftafadan su tökərək qasığını yaxşı-yaxşı yudu. Sonra birlikdə çarpayıya uzandıq...
Doğrusu, heç bir dəqiqə də çəkmədi. Qalxıb alt paltarımı, şalvarımı geyindim. Yazgülə on manat verdim və sağollaşıb mənzildən çıxdım. Həsən həyətdə idi.
– Sən də kişi oldun? – məni görüb irişərək dedi.
– Kişiliyi bununla ölçürsən?
– Yazgülün ləyəninə düşmüşdün? – deyə Həsən qəhqəhə çəkdi. – Elə bildim, düşüb boğulmusan. Niyə gec çıxdın?
– Gec çıxmadım. Mən on manat verdim, sən beş manat. Niyə məndən qabaq girdin?
– Kişi kimi düzünü de. Sənə milyon manat versələr, ləyəndəki sudan içərsən?
– Söhbəti fırlatma.
Doğrusu, əməllicə peşmanlamışdım. Hər şeyi başqa cür təsəvvür edirdim. Belə olacağını bilsəydim, nəinki on, heç beş manatımı da qıyıb verməzdim. On manata nə qədər kökə, şirni, qutab almaq olardı. İçəri birinci girməyin elə bir təfavütü yox idi. Sadəcə, Həsəni acılamaq istəyirdim. O, yanımızda Yazgüldən şirin-şirin danışmasaydı, belə bir həvəsə düşməzdim.
– Əşi, birinci girsəydin, guya nə edəcəkdin? Bu gün bizdən qabaq, kim bilir, neçəsi girib.
– Sən girəndə tamam soyundu?
– Necə yəni?
– Koftasını da çıxardı? Döşlərini gördün?
– Hə, əlbəttə.
– Bəs niyə mənlə görüşəndə soyunmadı? Soruşdum ki, koftanı soyuna bilərsənmi. Dedi, yox.
– Mən haradan bilim? Ac tülküyə oxşayırsan. Yəqin, düşünüb ki, dişləyib qopardarsan.
– Görəsən, Yazgül bu yola necə düşüb?
– Sənin kimi yaramazlara görə.
– Çaşma. Allah haqqı, vurub ağzını dağıdaram.
– Yaxşı, incimə. Bir dəfə soruşmuşdum, yetimxanada böyüdüyünü demişdi. Sonrası da məlumdur...
Deyişə-deyişə məktəbə qayıtdıq, çantalarımızı sinifdən götürüb evə getdik. Eyni binada yaşayırdıq...
Gələn il Yazgülün qızı Yaqut məktəbə başladı. Görəndə salam verirdim, başını sığallayırdım. Məhzun-məhzun salamımı alırdı. Deyəsən, ona salam verməyimi, başını tumarlamağımı istəmirdi. Həmişə sıranın ən axrasında dururdu. Mən də vaxtilə sıranın ən arxasında dururdum, hamının gözündən oğurlanmağa çalışırdım. Deyəsən, onun da sinif yoldaşları ilə arası yaxşı deyildi. Gözləri əvvəlki kimi parıldamırdı. Özü boyda çantası vardı. Əyin-başı həmişə səliqəli olurdu.
Aradabir zarafatla ondan soruşurdum:
– Qızın necədir, Yaqut?
Üzünü turşudub cavab verirdi:
– Yaxşıdır.
Yaqutun şəklini şərəf lövhəsinə vurmuşdular. Şərəf lövhəsinə əlaçı şagirdlərin şəklini vururdular. Nədənsə şəkildə dodağındakı çapığı silmişdilər. Yazgülün təhrif olunmuş şəkilləri cəmi iki il şərəf lövhəsini bəzədi. Uzun illər bəzəyə bilərdi, amma olmadı...
O məşum hadisənin üstündən on beş il keçib. Mən həkiməm. Şəhər xəstəxanasında işləyirəm. Aradabir Çexov kimi hekayələr yazıram... Ailəm, arvad-uşağım var. Şəhərin küçələrində Yazgülü tez-tez görürəm. Bütün günveyil-veyil gəzir. Cındırından cin ürkür. Öz-özünə danışır, qışqırıb-bağırır, kimisə söyür... Yay-qış boynuna şərf dolayır... Yaqutun ağzıyarıq kuklası həmişə qucağında olur... Yataqxananı uçurub yerində çoxmərtəbəli, qəşəng bir bina tikiblər. Həmin məşum hadisədən altı ay sonra dağıtdılar yataqxananı...
Bir nəfər Yazgülün boğazını kəsmiş, qızını boğub öldürmüşdü... Xoşbəxtlikdən, Yazgül sağ qalmış, qatilin kim olduğunu polislərə deyə bilmişdi. Qatil Yazgülün qonşusu idi. Sərxoş halda gəlib onunla görüşmüş, sonra pulu olmadığını bildirmişdi. Yazgül hay-kül qaldıranda kişi öz bıçağı ilə onun boğazını kəsmişdi. Evdən çıxanda Yaqutun qapının ağzında durduğunu görmüş, talesiz qızcığazı içəri çağırıb kandardaca boğazlamışdı... Ələ keçməmək üçün...
Yaqut indi yoxdur... Nə vaxtsa Yazgül də olmayacaq... Günlərin bir günü haradasa soyuqdan donacaq, acından öləcək, ürəyi partlayacaq, beyninə qan sızacaq, ya da maşın vuracaq onu... Yaqutun ağzıyarıq gəlinciyi hansısa zibilxanada yandırılanda iki öksüz başdaşından savayı bu dünyada Yazgülün və onun qızının izi, nişanəsi qalmayacaq...
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
YENİ LAYİHƏ: Qarabağ abidələri barədə əfsanələr - AĞOĞLAN MƏBƏDİ
“Ədəbiyyat və incəsənət” portalının “Qarabağ abidələri barədə əfsanələr” adlanan yeni layihəsində oxucularımıza işğaldan azad edilmiş ərazilərdəki tarixi-mədəni abidələrimiz barədə toplanmış əfsanələri təqdim edəcəyik.
Rubrikanı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, yazıçı Zahirə Cabir (Dadaşova) aparır.
İlk olaraq sizlərə Laçın rayonunun Ağoğlan kəndindəki Ağoğlan məbədi barədə danışılacaq.
Ağoğlan kəndi füsünkar gözəlliyi, səfalı təbiəti ilə seçilir, dəniz səviyyəsindən 1 250-1 300 metr yüksəklikdə, rayon mərkəzindən isə 26 km cənub qərbdə yerləşir.
Kəndin ərazisində mövcud olan mədəniyyət nümunələri və memarlıq abidələri Azərbaycan tarixini ən qədim zamanlara, hətta antik dövrlərə qədər aparıb çıxarır.
Kəndin ən əhəmiyyətli abidəsi isə Qafqaz Albaniyası dövrünə aid olan, eyni adlı çayın sahilində yerləşən "Ağoğlan" qəsr kompleksidir.
Araşdırmaçılar yazırlar ki, "Ağoğlan" məbədinin tarixi çox qədimlərə, hətta xristianlıqdan da əvvəllərə qədər gedib çıxır və bura hər zaman ziyarətgah olub. Ona görə də yerli əhali tərəfindən bura əvvəllər “Ağoğlan piri” adlandırılıb və inanc yeri kimi istifadə edilib.
V-VI əsrlərə aid alban monastırı olan tarixi abidə əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastr formasına salınıb. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlayıb və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilib.
ZAHİRƏ CABİR
AĞOĞLAN ƏFSANƏSİ
Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan.
Qədim zamanlarda bir cavanın bulaq başında bir qıza gözü düşür. Onun dərdindən dəli olur. Nəhayət öyrənir ki, bu qızı başqa birisi sevir, odur ki, artıq buna bir çarə tapa bilməyir, qıza namə göndərir ki, nə vaxt məni sevib, məni tapmaq istəsən, ayağına dəmir bir çarıq geyib, əlinə də bir dəmir əsa alarsan. Çarığın altı yırtılıb, əsanın ucu əyiləndə məni ancaq gəlib taparsan. Qərəz bu sözü deyib yola düzəlir. Meşələr keçir, ormanlardan su içir, yad gözəl bir məmləkətə yetişir. Ulu Yaradan bu məmləkəti elə bil özü üçün, özünün mələkləri üçün yaratmışdı, eşqin, məhəbbətin coşub-çağlayan vaxtı yaratmışdı. Gözəl meşələri, təmiz havası, saf suları, ceyranları-cüyürləri, dağ keçiləri, şəlalələri, sərt qayaları, başı ağ çalmalı dağları, dağ başında düzənləri, ucsuz-bucaqsız yaylaqları, qayalarından sallanan cürbəcür gülləri, şaxtada qaynayan isti bulaqları, dünyanın heç yerində tapılmayan təbii gül-çiçəkləri, qırmızı palıd ağacları, göydə süzən qartalları olan bir məmləkətə gəldiyi üçün özünü xoşbəxt sayırdı. Cavan oğlan çox gözəl bənna idi. Az keçmir ki, gənc səyyah yerli əhalinin hörmətini qazanır, camaatı ilə qaynayıb qarışır. Təbiət vurğunlu gənc burada yerli əhalinin köməyi ilə bir məbəd tikir. Yalnız ibadətlə məşğul olmağı, Allaha dua etməklə yaşamağı üstün tutur. Çayın sahilində saldığı məbəd bu yerlərə pənah gətirən insanlar üçün bir sığınacaq olur. Gənc səyyah yerli adamlardan dərisinin rənginin ağlığına görə seçildiyindən onu Ağoğlan çağırırlar, onun tikdiyi məbədə Ağoğlan məbədi, çaya da Ağoğlan çayı deyirlər.
Sizə kimdən deyim, həmin Ağoğlanın istədiyi, görən andan sevdiyi qızdan. Sən demə qız da onu sevmişdi. Atası onu başqasına ərə vermək istəyəndə onu sevmədiyini söyləyir. Qıza elçi düşən hər bir oğlana yox cavabı verir. Bunu görən ata hirslənir, ifritin köməyi ilə onu tilsimləyir, quşa döndərir. İfrit quşu götürüb evinə gətirir, qəfəsdə saxlayır. Quş bir gün qəfəsin açıq qaldığını görüb, uçur. Sevgilisini tapmaq ümidi ilə yorulmadan qanad çalır. Nəhayət ki, Ağoğlanın yaşadığı gözəl diyarı tapır. Amma o quş idi, Ağoğlan onu tanıya bilməzdi. Odur ki, quş Ağoğlanın tikdiyi məbəddə özünə yuva tikir. Ağoğlan da quşa meyl edir. Onu gözdən qaçırmır. Amma bu yerlərdə də Ağoğlanı istəməyənlər tapılır. Yaz ayında güllü çiçəkli bir çəmənlikdə Ağoğlan çayın kənarında məclis qurub, gəlib gedən səyyahlara, məbədi ziyarət edənlərə ehsan verərdi. O bu diyarda evlər tikər, bənnalığı ilə qazandığı bütün pullarını kasıb insanlara xərclərdi. Bir gün çayın kənarında aşpaz böyük bir qazanda ehsanlıq yemək hazırlayır. Yemək hazır olur. Aşpaz Ağoğlana və onunla bir süfrədə oturanlara yemək çəkmək istəyəndə quş aşpaza mane olur, qoymur ki, qazana yaxınlaşsın. Aşpaz hirslənib əlindəki çömçə ilə onu vurur, qazandan yemək çəkmək istəyəndə quş özünü qaynar qazana atır. Ağoğlan bunu görəndə donub qalır, quşun nə üçün belə etdiyini heç kəs başa düşmür. Aşpaz qazanı kənara boşaldır, qazanda quşdan başqa ölü bir ilan da çıxır. Sən demə quş bunu bilib onların zəhərlənməməsi üçün özünü qazana atıbmış. Ağoğlan bundan çox təsirlənir, quşu əlinə götürür, göz yaşları tökür. Tikdiyi məbədin divarının yaxınlığında onu basdırmaq istəyir. Həmin anda tilsim sınır, quş cildindən cıxır, əvvəlkindən də gözəl bir qız olur. Ağoğlan qızı tanıyır. Eldə özünə hörmət qazanan Ağoğlana camaat yeddi gün, yeddi gecə toy eləyir, muradlarına hasil olurlar. Tikdiyi qəsrdə uzun illər birgə yaşayıb ömür sürürlər.
Həyatda xoşbəxt olmağa səbəb tapmayanlar dünyanın gözəlliklərini görə bilməyənlərdir. Ancaq dünya o qədər gözəldir ki, onun gözəlliklərini seyr etmək insanı başqa bir aləmə apararaq ruh yüksəkliyi bəxş edir. Gözəlliklər içində yaşayanlar xoşbəxt insanlar olur. Ağoğlan da yad məmləkətdə, gözəlliklər yurdunda öz xoşbəxtliyini tapdı.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)
REDAKSİYANIN POÇTUNDAN - Oxucularımızın yaradıcılığı
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında oxucumuz Şəbnəm Abdurrahmanovanın bir şeiri sizlərə təqdim edilir.
Ana həsrəti… Şeirin mövzusu bax bu ilahi kədər barədədir.
Yenə səhər açılıb,
Açammıram gözümü.
Gecədən itirmişəm ,
Tapammıram özümü.
Evi qoxu bürüyüb.
Otaq siqar tüstüsü.
Yataqla üzbəüzdü
Anamın boy güzgüsü.
Yarıkey boylanıram
Güzgüdə öz əksimə...
"Ay bədbəxt, bəsdi durdun
Cəllad kimi qəsdinə!"
Yenə səsi gəlir, bax!
Yoxsa dəli oluram?!
Axı yalnızam evdə...
Uşaq kimi qorxuram...
Əlim gedir şəraba...
"Axı sübhün beşidi,
Zəhər qatma qanına.
Sən yalnız deyilsən ki,
Anan gəlib yanına."
Bəsdi daha, sus, dinmə!
Axı sən daha yoxsan!
Nə olar ki, ay ana,
Yadımdan bir an çıxsan?!
"Alışa bilmirəm,bax
İllərdi yoxluğuna
İnsan yetim qalırmış
Ananın yoxluğunda...."
.........
Yenə təkəm otaqda...
Nə bir insan, nə bir səs.
Huşum gedir özümdən
"Ana, ölürəm, tələs!"
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)