Super User
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Sara Nacidən “Qırmızı meyvə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sara Nacinin şeirlərini təqdim edir.
Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub. 1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib. O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.
QIRMIZI MEYVƏ
Kədərlə yuxarı baxdı
Qırmızı bir meyvə dərdi
Kökləri yerin dərinliklərini axtarıb və günahkarların qanını soran
Böyük bir ağacdan
Və bütün fəsillərdə
Şeytanların başlarını
Meyvə verir
Bir cəhənnəm arxın qırağında oturdu
Və meyvəsini dişlədi.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
İngiltərənin “Blue” qrupu ilk dəfə Bakı səhnəsində çıxış edəcək
İngiltərənin əfsanəvi “Blue” qrupu ilk dəfə Bakıda çıxış edəcək.
Konsert 2024-cü il fevralın 15-də Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq.
“Blue” İngiltərənin kişilərdən ibarət qrupudur, onun mahnılarından ibarət albom 7,9 milyon ümumi tirajla satılıb. Qrupun tərkibinə Dunkan Ceyms, Entoni Kosta, Li Rayan və Saymon Vebb daxildir. Qrup Elton Conun məşhur “Sorry Seems to Be the Hardest Word” mahnısını ifa etdikdən sonra bütün dünyada tanınıb.
Qrup “BRIT Awards 2002”də “Best Newcomer”, “Smash Hits Awards”da “Best Newcomer” , eləcə də “Capital FM Awards”da “Best Single”, “Best Newcomer” və “Best Pop Act” kimi çoxsaylı mükafatlara layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
Polşada Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında kitab təqdim edilib
Varşava Etnoqrafik Muzeyində ölkəmizin Polşadakı səfirliyi, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA), Varşava Etnoqrafik Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın təqdimat mərasimi və konfrans keçirilib.
AzərTAC xəbər verir ki, əvvəlcə kitabxananın foyesində “Qarabağ xanlığı: Qarabağın mədəni irsinin inciləri” adlı sərgi təşkil olunub.
Dörd gün ərzində fəaliyyət göstərəcək sərgidə Gürcüstan Milli Muzeyinin kolleksiyalarında qorunan, paytaxtı Şuşa şəhəri olan muxtar Azərbaycan dövlətinin Qarabağ xanlığına (1747-1822) aid artefaktların rəsmləri nümayiş etdirilib.
Konfransda açılış nitqi ilə çıxış edən sözügedən kitabxananın direktoru Maqdalena Vroblevska və Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ingilis, fransız və ispan dillərində işıq üzü görən nəşrin həm Polşa, həm də Avropa ictimaiyyəti arasında Qafqazın mədəni mərkəzlərindən biri olan Şuşa və bütün Qarabağ bölgəsində qədim tarixi olan Azərbaycanın mədəni irsi haqqında geniş məlumatın və təsəvvürlərin formalaşmasında mühüm rol oynayacağını nəzərə çatdırıb.
Roma Sapienza Universitetinin araşdırmaçısı Daniel Pommier Vinçellinin moderatorluğu ilə keçirilən müzakirələrdə Gürcüstan Milli Muzeyinin şef kuratorun müavini Tebrone Nadiradze və Vitold Pileçski Həmrəylik İnstitutunun antropoloqu Jerji Rahoçinski öz çıxışlarında alban mədəniyyətinə aid olan mədəni artefaktların süni şəkildə erməniləşdirilməsindən, Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını sübut etdiyini xüsusi vurğulayıblar.
Müzakirələrə yekun vuran və əsas çıxışçı qismində məruzə edən ABİA-nın sədri Elçin Əsgərov XIX əsrdə Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra Qarabağ ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsindən danışıb. O, həmçinin deyib: “Kitabda arxivlərdən tapılmış minlərlə yeni material və artefaktlardan yalnız 300-ə yaxını, mövzunu hərtərəfli təsvir edə biləcək materiallar haqda məlumatlar yer alıb. Bu materiallar Qarabağ regionunun tarixinin dövlət, silah, məişət, inanc, mədəniyyəti haqda məlumatları əks etdirir”.
O, 30 ilə yaxın davam edən erməni işğalı dövründə Qarabağ ərazisində Ermənistan tərəfindən Azərbaycan mədəni və dini irsinin məhv edildiyini, gürcü alimləri tərəfindən Qarabağ xanlığı irsinin dərindən tədqiq olunmasının bu bölgənin Azərbaycan milli kimliyindəki rolu haqqında tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. E.Əsgərov təqdim olunan albom-kitabda əks olunan rəsmlərdən misal gətirərək, faktlara söykənərək Qarabağda tarix boyu aparıcı mədəni və siyasi kimliyin məhz Azərbaycan mədəniyyətinə və milli kimliyinə aid edilməsi haqda konfrans iştirakçılarını məlumatlandırıb.
Sonda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı tədbir iştirakçılarına hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
Şəmil Sadiq: “Sevgi hər şeyin ən yaxşı açarıdır!”
“Ədəbiyyat və incəsənət” portalı Yazıçı və cəmiyyət rubrikasında bu dəfə Şəmil Sadiqin fikirlərini paylaşır. Çox ibrətamizdir, mütləq oxuyun!
Bir dəfə yeməkxanaya bir baş aşpaz götürürdüm işə. Görüşdük, dedim ki, heç kimi işdən çıxarmırıq, amma səni başa götürürük. İşçilərlə tanış olmadan dedi ki, komandanı dəyişmək istəyirəm. Dedim ki, çoxdan işləyirlər, bir bağ var, kimisə işdən çıxarmaq istəmirəm, maaşına dəymirəm, amma işləri tam ürəyimcə deyil. Qayıdasan ki, müəllim, birdən onlar mənim torbamı tikər, yeməyə nəsə qatar, işi pozarlar, mən pis vəziyyətdə qalaram, ona görə də öz komandamla işləmək istəyirəm.
Bu söz məni elə tutdu ki, gəl görəsən. Çünki heş vaxt ağlıma belə şey gətirmədiyimdəndir, nədəndir, bilmədim. Bacarıqlı insanın, işini bilənin, qarşısını nə ala bilər ki. Kim nə edər, özü özünə edər misalı. Bu təfəkkür sovet dövrünün naftalin iyli təfəkkürüdür. Axı kiminsə maaşın kəsmirsənsə, xüsusi pislik etmirsənsə, gözümçıxdına salmırsınsa, niyə belə düşünəsən ki...
Bəlkə də var, yəqin ki, hardasa bu cür hallar da var. Amma mən hələ də düşünürəm ki, nəyi çağırırsansa, o da gəlir. Və ya özün necəsənsə, elə də düşünürsən. Ona görə də insan yaşadıqlarının hamısına birbaşa özü səbəbkardır. Bir, iki, üç olanda səbir çatmır. Başqalarını günahlandırmaq, cəhənnəm üçün özünə yoldaş cəhdi yanlışdır, ola bilsin ki, cəhd baş tutdu, bəs o zaman vicdan.. Hara getdi vicdan? Hər kəs öz ayağından asılır hekayəsi həmişə yaddaşlardadır... Ümumiyyətlə, bu düşüncədə olan insanlar həmişə duru suyu bulandırır, harda və necə olmasından asılı olmayaraq, qəbuledilməzdir. Gec və ya tez! Ədalət ölməz heç vaxt, ədalət bəzən yorulub mürgü vurar, diqqəti yayınar, amma yatmaz.
Ümumiyyətlə, insanın insana məqsədli şəkildə pislik etməsi, haqsız yanaşması, əzməsi, sındırması çox böyük qəbahətdir!
Sevin bir-birinizi, ey insanlar, dünya, həyat qısadır. Eqolarınızı, kreslolarınızın təkəbbürünü kənara qoyun, oyun oynamayın, mehriban olun!
Vallah onda elə gözəl olur, özün də rahat olursan, özgələri də! Sevgi hər şeyin ən yaxşı açarıdır!
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
Onları tək yibileyləri birləşdirmir
Könül, “Ədəbiyyat və incəsənət”
Ən müxtəlif tədbirlərlə könlümüzü oxşayan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu dəfə kino korifeylərinə diqqət yönəltdi. Xalq artisti, görkəmli rejissor Rasim Ocaqovun 90 və Xalq artisti, sevilən aktyor Həsən Məmmədovun 85 illik yubileyi münasibətilə “Azərbaycanın sənət korifeyləri” adlı ənənəvi və virtual kitab sərgiləri hazırlandı.
Və hazırlanan sərgilərdə Xalq artistlərinin Azərbaycan kino sənətinə qızıl sətirlərlə yazılan yaradıcılıq fəaliyyətləri haqqında məlumat verilir.
Xalq artisti, görkəmli rejissor Rasim Ocaqova həsr edilən virtual kitab sərgisində onun yaratdığı ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr verməsi, Azərbaycan kinosunu yeni zirvələrə ucaltması, çəkdiyi həqiqi sənət nümunələrinin Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olması haqqında məlumatlar təqdim edilir.
Virtual kitab sərgisində Xalq yazıçısı Anarın, Xalq artistləri Rasim Balayev və Fəxrəddin Manafovun, sevilən bəstəkar Emin Sabitoğlunun görkəmli kinorejissor haqqında xatirələri, birgə fotogörüntüləri, Rasim Ocaqovun lentə aldığı filmlərdən fraqmentlər də yer alır. Virtual kitab sərgisində “Azərbaycan kinosu”, “Azərbaycan kino salnaməsi”, “Azərbaycan kinosu və müharibə”, “Kinoşünaslıq” kimi 10-dan çox kitabın biblioqrafik təsviri verilir.
Xalq artisti, yüzə qədər filmdə yaddaqalan obrazlar yaradan Həsən Məmmədova həsr edilən virtual kitab sərgisində aktyorun həyat və yaradıcılıq rolu, ekranda canlandırdığı filmlər, layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat verilir. Virtual kitab sərgisində aktyorun çəkildiyi “Dədə Qorqud”, “Bir cənub şəhərində”, “Böyük dayaq” və digər filmlərdən fraqmentlər təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Azərbaycan kino sənətindən, görkəmli teatr və kino sənəti nümayəndələrinin həyat və yaradıcılığından bəhs edən “Azərbaycan kinomatoqrafçıları”, “Onların dünəni”, “Azərbaycan Dövlət Milli Dram Teatrı” kimi kitabların biblioqrafik təsviri yer alır.
“Azərbaycanın sənət korifeyləri” adlı ənənəvi kitab sərgisində Azərbaycan kino tarixindən, onun inkişaf mərhələlərindən, öz adlarını Azərbaycanın kinematoqrafiya tarixinə qızıl hərflərlə yazmış korifeylərin həyat və yaradıcılığından bəhs edən 20-dən çox kitab sərgilənməkdədir.
Xalq artistləri Rasim Ocaqovun 90 və Həsən Məmmədovun 85 illik yubileyləri münasibətilə hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrdə yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Ədəbiyyatımız beynəlxalq arenada təmsil olunmaqda, poeziyamız müxtəlif arenalarda səsləndirilməkdədir.
İstedadlı gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn Türkiyədə keçirilən XIV Beynəlxalq İstanbul Ədəbiyyat və Şeir Festivalında iştirak edir.
Bu barədə Fərid Hüseyndən məlumat almışıq.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin və Beykoz Bələdiyyəsinin dəstəyi ilə təşkil edilən festivalın açılışı Rami Kitabxanasında keçirilib.
Açılış mərasimində festivalın rəhbəri Adnan Özər, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Müəllif hüquqları şöbəsinin müdiri və Türkiyə Cümhuriyyətinin UNESCO üzrə təmsilçisi Ziya Daşkənd çıxış ediblər. Natiqlər beynəlxalq poeziya tədbirinin tarixindən, əhəmiyyətindən və dünya ədəbiyyatındakı önəmindən danışıblar.
Sonra şairlər poeziya haqqında məlumat verib, eyni zamanda, şeirlərini səsləndiriblər.
F.Hüseyn Azərbaycan ədəbiyyatı, müasir poeziya barədə çıxış edib və sonda “Başqa cür olmur” adlı şeirini səsləndirib.
F.Hüseyn noyabrın 23-də Türkiyənin Mədəniyyət Universitetinin kitabxanasında “Türk dünyasının modern poeziyası” mövzusunda məruzə edəcək. Bundan başqa, gənc şair festival günlərində təşkil edilən müxtəlif poeziya axşamlarında şeirlərini oxuyacaq.
Festival noyabrın 26-dək davam edəcək.
Bu arada Fərid Hüseyndən aldığımız bilgiyə görə, 2021-ci ildə Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı çərçivəsində onun “Yaddaş ilanı” adlı şeirlər kitabı “Vapur” nəşriyyatı tərəfindən yüksək tirajla çap edilib. Türkiyə, Serbiya, Moldova, Gürcüstan, Tatarıstan (Rusiya) və İraqda keçirilən poeziya festivallarında, habelə İngiltərə, Misir, Polşa, Macarıstan, Monteneqro, Rusiya və başqa ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında Azərbaycan mədəniyyətini uğurla təmsil edən gənc şairin kitabları Amerika, Moldova, Serbiya, Özbəkistan və Türkiyədə nüfuzlu nəşriyyatlar tərəfindən yayımlanıb.
Uğurlar, Fərid Hüseyn!
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
“Qəlbən şair olmayan insan əsla riyaziyyatçı ola bilməz” - MÜSAHİBƏ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu dəfə sizə Gülnarə Mustafazadə ilə müsahibəmi təqdim edəcəyəm. Riyaziyyat müəllimi və şair - ilk baxışda iki zidd sahələri özündə birləşdirir müsahibim. Ancaq deməzsənmiş, bu sahələr heç də zidd deyilmişlər.
-Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz, Gülnarə xanım.
-Mən Mustafazadə Gülnarə Nasir qızı 1986-cı ildə dekabr ayının 10-da dağlar qoynunda yerləşən Şəki şəhərində anadan olmuşam. Orta təhsilimi elə doğulub boya-başa çatdığım Şəki şəhərində 20 saylı tam orta məktəbdə almışam. Ali təhsilimi isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində 2004-2008-ci illərdə Bakalavr, 2008-2010-cu illərdə isə Magistr olaraq müvəffəqiyyətlə, fərqlənmə diplomu ilə tamamlamışam. Hal-hazırda həm Bakı Dövlət Universitetinin Ali Cəbr kafedrasında, həm də ADRA-nın nəzdindəki Əzim Əzimzadə adına İncəsənət kollecində Riyaziyyat müəlliməsi olaraq pedaqoji fəaliyyət göstərirəm.
-İlham mənbəyiniz nədir?
-Ümumiyyətlə onu qeyd edim ki, bir şairə ilk növbədə gözəl görməyi bacarmaq gərəkdir. Mən bunu bacardığım üçün baxdığım hər bir şeydə görə bildiyim bütün gözəlliklər və özəlliklər mənim ilham mənbəyimə çevrilməyi bacarır. Ümumi olaraq əsas ilham mənbəyim "GÖZƏLLİK VƏ SEVGİDİR".
Ancaq bir şeyi də qeyd etməliyəm ki, yaradıcı insanların ortaq xüsusiyyətlərindən biri də onların əbədi və əzəli bir ilham mənbəyinin tarixi minilliklərə söykənən, tarix səhnəsində hər zaman öz söz və mövqeyinə malik olan Vətən olmasıdır. Bu zaman gözlərimiz önündə yurdumuzun gözəl düzləri, bol sulu çayları, məğrur dağları, yalçın qayaları canlanır. Küləyin səsini, suyun şırıltısını, şimşəyin çaxmasını və s təbiət gözəlliklərini bizə sevdirən ədəbiyyat olduğu üçün danılmaz həqiqətdir ki, dağlar, qayalar, çaylar və s təbiət gözəllikləri poeziyanın yaranma mənbəyidir. Elə bu səbəbdəndir ki, suyun səsi, güllərin xoş ətri, dağların uca zirvəsi və s kimi duyğular məni hər zaman yazmağa səsləyib. İlham mənbəyini mən hər zaman bir "Vulkan ocağına” bənzədirəm. Bütün yaradıcı insanlara isə ilham mənbəyindən maksimum dərəcədə faydalanaraq, zəngin göstəricilərlə bol, ölməz, parlaq sənət nümunələri yarada bilməyi arzu edirəm.
-Əsərlərinizi ən çox nə zaman və harada yazmağı sevirsiniz?
-Əsərlərimi əsasən gecə saatlarında öz iş otağımda yazmağı sevirəm. Çünki bu saatlarda beynimdəki bütün əlavə yüklərdən, düşüncələrdən tam azad oluram və özümə, yazacağım şeirlərə köklənə bilirəm.
-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Çox gözəl sualdır. Viktor Hüqonun belə bir fikri var, "Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır". Mənim ruhum "Sevgi şəhəri"ndən ibarət və Oxatan bürcünün nümayəndəsi olduğum üçün romantika janrına, sevgi macəralarından bəhs edən əsərlərə daha çox üstünlük verirəm. Ancaq psixoloji dramlar həmişə mənə maraqlı gəlib. Yaxşı yazılmış psixoloji dramın süjet xətti istər-istəməz adamı oxumağa vadar eləyir. Klassik ədəbiyyatın bəzi nümunələri çox əladır. Əsas səbəb də həmin dövrün elementlərini və təfəkkürünü əks etdirməsidir. Bioqrafik və avtobioqrafik əsərləri xüsusilə sevirəm. Çünki real faktlara əsaslanırlar. Təbii ki, antiutopiyanı da unuda bilmirəm. Ələlxüsus da bu janrda olan əsər hansısa real faktları özündə ehtiva edirsə, daha da mükəmməlləşir. 1950-1990-cı illər aralığındakı postmodern ədəbiyyatı oxumaqdan həmişə zövq almışam. Sərbəstliyi və ifadə tərzi də mühüm amildir. Ancaq oxumasam belə, mənə görə ən vacib janr isə elmi ədəbiyyatdır, çünki yaxşı yazılmış elmi əsərin təsir gücü ilə həm özündə, həm də başqalarında çox şeyi dəyişmək mümkündür.
-Bir riyaziyyat adamı olaraq soruşuram, riyaziyyatla ədəbiyyatı birləşdirən və fərqləndirən hansı cəhətlər vardır?
-Əvvəlcə oxşar cəhətlərindən danışım. Qəlbən şair olmayan insan əsla riyaziyyatçı ola bilməz. (S.Kovalevskaya). Əsl riyaziyyatçı bir qədər də şair olmalıdır. (K.Veyerştrass) ... Bu siyahını uzada da bilərəm. Bir sözlə, "Ədəbiyyat olmasa riyaziyyatın üzə çıxması mümkünsüzdür". Hər ikisi, necə deyərlər, insanların dünyasını əks etdirir. Çünki “İnsanlar da ədədlər kimidir. O insanın dəyəri isə o ədədin içində olduğu ədəd ilə ölçülər". Hər ikisi müqəddəratını təyin edir. Biri insanların, digəri isə rəqəmlərin. Riyaziyyatçılar da ədəbiyyatdakı aşiqlər kimidir. Onlardan birinə ən kiçik bir qanunu verin, o ondan bir nəticə çıxaracaq, təbii ki, bu nəticəni qəbul etməniz lazım olacaq, o da bu nəticədən başqa bir nəticə çıxaracaq. Riyaziyyatda da ədəbiyyatda, böyük obrazlarda olduğu kimi böyük olmanın iki yolu vardır: birincisi hər kəsdən ağıllı olmaq, ikincisi də hər kəsdən axmaq, lakin təmkinli olmaq. Riyaziyyatçının da naxışları rəssam və ya şairlərinki kimi gözəl olmalı, fikirləri rənglər və ya sözlər kimi bir-birlərinə ahənglə uyğun gəlməlidir... Dünyada çirkin riyaziyyat üçün əsla daimi bir yer yoxdur. Hər ikisində də gözəlliklər qəbul edilə bilər, lakin açıqlana bilməz. Fərqli cəhətləri: Bir riyaziyyatçı fərz etməz, lakin bilər. İnandırmağa çalışmaz, çünki isbat edər. Etibarınızı gözləməz, bəlkə diqqət yetirmənizi istər. Riyaziyyatda bir şeyləri əsla anlamazsan, yalnız onlara alışarsan. Bir riyaziyyatçının işi teoremləri isbat etməkdən, bir yazarın əsas işi isə cümlə yazmaqdan ibarətdir. Məntiqi olaraq düşünülə biləcək olanı məntiqi olaraq düşünmək -, riyaziyyatçının məqsədi budur. Ədəbiyyatda əsas rol oynayan amil hiss, duyğu, düşüncələr, sentimentallıqdır. Riyaziyyatda isə məhz məntiq, dəqiqlik hökm sürür.
-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Kitab oxumaq vərdişini qazanmaq üçün fikrimcə ən gözəl üsul hər bir övlada hələ uşaqlıqdan yatmamışdan öncə nağıl, öz yaşlarına uyğun kiçik mənzum hekayələr kitabı maraqlı emosiyalarla xəyalında canlandıraraq oxumağı vərdiş halına gətirmək lazımdır. Uşaqlıqdan onlara kitabın insan həyatındakı rolundan, faydalarından bəhs edərək kitabı sevdirmək lazımdır. Onlara kitabların susqun olsalar belə, ən səmimi və etibarlı dost olduqlarını başa düşəcəkləri tərzdə anlatmaq lazımdır.
-Fəaliyyətlərinizlə bağlı hər hansı bir planlarınız varmı?
-Xeyr. Fəaliyyətlərimlə bağlı nail olmaq istədiyim heç bir planlarım yoxdur əslində. Çünki demək olar ki, bütün peşə fəaliyyətlərimdə kifayət qədər uğur əldə etmişəm, sevgi və dəyər qazanmışam. Rəbbim bütün yazar və şairlərə haqq etdikləri, layiq olduqları şəkildə dəyərləndirilib qiymətləndirilməyi nəsib, qismət etsin inşəAllah!
-Yazıçı və ya pedaqoq olmaq istəyən gənclərə hansı məsləhətlərinizi verərdiniz?
-Yazıçı və pedaqoq olmaq istəyən gənclərə öz növbəmdə iddiadan uzaq olmağı, mütəmadi olaraq mütaliə etməyi, yeni çağdaş ədəbiyyat nümunələri barəsində xəbərdar olmağı, poetik, düşündürücü ifadələrdən daha çox istifadə etməyi, xırda, bəsit, çox işlənmiş mövzulardan uzaq olmağı, çox işlənmiş mövzu olsa belə tamamilə fərqli tərzdə, biçimdə işləməyi, uzun -uzadı, yorucu yazmamağı, qeyri peşəkarların sözünə əhəmiyyət verməmələrini tövsiyə edirəm.
-Şeirlərinizdən birini bizimlə paylaşa bilərsinizmi Gülnarə xanım?
-Öz şeirimi deyil, ən çox bəyəndiyim bir şeiri paylaşacam. Şair Şamil Ənvəroğluna aiddir.
Sənin gözlərindən bir körpə baxar,
mənim gözlərimdən min illik qoca...
Sənin itirməyə səbəblərin çox,
mənim itirməyə nəyim qalıb ki?
Gör neçə istəyin tutur əlindən,
mənim istədiyim nəsə olub ki?
Sənin gözlərində yaşam sevinci,
mənim gözlərimdə yaş da qalmadı,
Sənin əllərində neçə doğma əl,
mənim əllərimdən tutan olmadı...
Mən hələ bilmirəm hansı arzumun,
toyunu edəcəm, xoşbəxt görəcəm,
Mən hələ bilmirəm, bəlkə bu axşam,
bütün arzularla birgə öləcəm...
Başını tumarlar ata əlləri,
mənimsə əllərim daş üstə gəzər.
Sənin həyatını "dörd fəsil" xalı,
mənimsə ömrümü qış xalı bəzər...
Sənin Günəşin də bir başqa doğar,
bir başqa açılar sabahların da.
Mənimsə Günəşim içimdə əsir,
dörd divar içində sabahlarım da...
Gedər hamar yolla, illərin gedər,
geridə bir xoşbəxt xatirə qoyar.
Mənimsə çıxdığım daş yoxuşlarda,
neçə arzularım əzilib qalar...
Sənin gözlərindən bir körpə baxar,
mənim gözlərimdən min illik qoca.
Sənin qayğıların barmaq sayında,
mənim ağrılarım saysız, dəryaca...
Bax, gülə bilirsən, nə xoş bir durum,
hər zaman ürəyin sevinsin, gülüm.
Gör, çırpa bilirsən bu üst-başımı,
illərin dərd yükü tökülsün, gülüm.
-Dəyərli zamanınızdan bizə vaxt ayırdığınız üçün minnətdaram, Gülnarə xanım!
-Mən də sizlərə öz dərin təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
Qara qış yuxusuna, ağ boya taxta çıxdı
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə müsahibə, esse yox, şeir təqdim edəcəm sizlərə, əziz oxucularım. Əsla özümü şair sanmıram, sadəcə, hisslərimi bu dəfə məhz bu cür izhar eləmişəm.
Oxuyuram gözündən,
Qəlbinin ağrısını.
Gözlərimdə canlanır,
Oxuduğum mənzərə..
Nə çoxdur qara boya,
Çoxmu sevirsən onu?!
Boyanıb qara rəngdə,
Qəlbinin divarları.
Qara libas geyinib,
Titrəyən damarları.
Qəlbinin lap küncündə,
Paslı sandıq gizlənib.
Üstündə qara kilid.
Özünün öz qəlbindən,
Gizlətdiyin sirmi var?!
Axı qəlbindir, dostum,
Gizlətsən də anlayar.
Bir izn ver, sən Allah,
Açım mən o sandığı.
Niyə xəsis olmusan?!
Paylaşsana mənimlə.
Dilin başqa söz deyir,
Qəlbin boynuna almır.
Söylə, görüm bir zaman,
Ağ boyanı sevdinmi?!
Nələri gizləyirsən?
Gözləri kədər İnsan.
Qüssə sənə sarılı,
Onumu izləyirsən?!
Gəl izn ver gözünə,
Məni alsın qəlbinə.
Qara boya tələsik
Ağ boyaya bürünsün.
Ala -qaranlıqda heç,
Düşündünmü nə olur?
Gecəylə səhər gizli
Vallah, qol-boyun olur.
Gözün səndən xəbərsiz
Qapını mənə açdı.
Budur keçdim qəlbinə,
Sandıq özü açıldı.
Kilid yaman qorxaqdı,
İndi bildim sandıqda
Sevgi özü dustaqdı.
Məni görən bu dustaq
Ətrafa nur saçırdı.
Qara əşyalarını,
Yığışdırıb qaçırdı.
Budur qəlbin divarı,
Qırmızıya boyandı.
Qara qış yuxusuna
Ağ boya "taxta çıxdı."
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
“Min bir gecə” növbəti bir gecəni rövnəqləndirdi
Könül, “Ədəbiyyat və incəsənət”
Mən bu tamaşa haqda daha geniş yazı təqdim edəcəyəm. İndilikdə isə istərdim Şərqin ən gözəl baletinin növbəti təqdimatı barədə xəbəri çatdırım.
Demək, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli bəstəkar, dünyaşöhrətli Fikrət Əmirovun məşhurdan məşhur “Min bir gecə” baletini Heydər Əliyev Sarayında təqdim etdi.
Min bir gecə — 1979-cu ildə yazılmış iki hissəli baletdir. Baletin musiqisini Fikrət Əmirov, librettosunu Rüstəm və Maqsud İbrahimbəyovlar yazmışlar. Premyera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında elə həmin 1978-cu ildə baş tutmuşdur.
Ərəb nağılları əsasında yazılmış baletdə musiqi, xoreoqrafiya, libretto və bədii tərtibat üzvi vəhdətdədir. Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə xalq səhnələri və məişət lövhələrinin növbələşməsi "Min bir gecə" baletinin əsas xüsusiyyətləridir. Baletdə əsas diqqətçəkən məqamlardan biri də, tembr dramaturgiyasında qadın səsinin istifadə edilməsidir. Baletin əvvəlində orkestrın incə, cazibədar axıcı intonasoyaları fonunda səslənən qadın xoru kədərli olsa da, işıqlı arzulara və sədaqətə inamı əks etdirir.
“Min bir gecə” dərin fəlsəfi tamaşadır.
Bu, qadına, onun məhəbbətinə və müdrikliyinə himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.
Qeyd edim ki, tamaşada əsas rolları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Elmira Süleymanova (Nuridə), solistlər Fatimə Xələfova (Şəhrizad), Aleksandr Suldin (Nuridənin sevimli qulu) böyük məharətlə ifa etdilər.
Xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluq etdiyi tamaşada, həmçinin Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi və teatrın solisti Fatimə Cəfərzadə də çıxış etdilər.
Nə deyim, klassik, ciddi musiqi sevənlər üçün əsl bayram oldu.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
Ölkəmizdə ilk dəfə Təhsil Menecerləri Forumu keçirilib
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Nəşriyyat və təhsil sektorunda gördüyü əhəmiyyətli işlərlə Şəmil Sadiq bizləri təəccübləndirməkdə davam edir. Bu dəfə isə o, bir ilkə imza atdı. Ölkəmizdə ilk dəfə Təhsil Mecerləri Forumunu təşkil etdi.
İndi isə təfərrüatı.
Noyabrın 19-da yerli və xarici təhsil müəssisəsi rəhbərlərinin iştirakı ilə “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı ilə 20 nömrəli məktəbdə Təhsil Menecerləri Forumu keçirildi. Giriş nitqi ilə çıxış edən “Hədəf” Şirkətlər Qrupunun Baş direktoru Şəmil Sadiq tədbirin məqsədi, perspektivləri barədə məlumat verib, bu sahədə atılan addımlar və problemlərdən söz açdı, onların həlli yollarına diqqət çəkdi.
Deputatlar Fazil Mustafa, Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov Təhsil Menecerləri Forumunun Azərbaycanda ilk dəfə keçirildiyindən, belə tədbirlərin təhsil sahəsi üçün açdığı imkanlardan söz açdılar. Bundan başqa çıxışçılar istər məktəblər, istər kollec və universitetlərdə təhsil sisteminin çatışmazlıqlarından, mövcud problemlərin həlli yollarından danışıb, bunun üçün əlverişli şərait yaradılmasının vacibliyindən bəhs eddilər.
Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı isə “Təhsildə idarəetmə və keyfiyyət” mövzusunda çıxış etdi. Keyfiyyətli təhsilin keyfiyyətli gələcəyə yol açacağından, əvvəl bilmək istəyən, daha sonra öyrənməyə can atan nəsil yetişdirməyin vacibliyindən danışdı.
“Azərbaycanda təhsil idarəçiliyi: reallıqlar və perspektivlər” adlı mövzu qoyan Ceyhun Məmmədov Azərbaycan təhsilinin hazırkı vəziyyəti ilə bağlı qayğılarından, perspektivləri dəyərləndirmənin mümkünlüyündən, təhsil işçilərinin vahid nəticə üçün ortaq qənaətdə birləşməli olduqlarından söz açdı.
Biznes və karyera məsləhətçisi Fəxri Ağayev “Şirkət nəticələrində rəhbərin rolu və məsuliyyəti”ndən danışdı. O, qeyd etdi ki, işə götürülən işçinin potensialı və gördüyü işin keyfiyyəti rəhbərin məsuliyyəti deyil. Amma bir il sonra da nəticə dəyişmirsə, bu, təkcə işçi ilə yox, rəhbərlə də bağlı problemdir.
Şəmil Sadiq “Təhsildə Hədəf konsepti”ndən söz açdı, yeni tipli məktəbin yaradılmasının, milliliyi qorumaqla bəşəri yeniliklərin tətbiqinin mümkünlüyündən danışdı. Əlbəttə ki, ənənəvi şagirdləri balabilgələrin əvəz etməsi, milli papaqlı oğlanların və milli örpəkli qızların görünüşü, vətənpərvərlik ruhunda təhsil – “Hədəf”in irəli sürdüyü milli konsepsiya təqdirəlayiqdir.
“CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski “Təhsil menecerliyində NLP” mövzusu ilə danışıqların idarə olunmasının, bunun üçün strategiyanın, səs tonunun, sözlərin düzgün seçilməyinin vacibliyini dilə gətirdi.
“Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə “Ofis başlarında dəyişim”dən danışdı, işçilərin və rəhbərliyin bölündüyü qruplardan, iş yerində düzgün hesab olunan yanlışlardan, işçilərə fərdi yanaşmanın əhəmiyyətindən bəhs etdi.
Forumda jurnalist Orxan Cabbarlının moderatorluğu ilə panel də baş tutdu. Bakı Şəhər Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev və təlimçi-psixoloq Fərid Seyfullayevin iştirakı ilə reallaşan paneldə uğurlu təhsil konsepsiyaları, təhsildə idarəetmə strategiyası, məktəb idarəetməsindəki yanlışlıqlar, yeni nəslə yeni təhsil, təhsilin onlayn idarəedilməsi və rəqəmsallaşma, eləcə də metamən mövzuları ətrafında bir-birindən maraqlı fikirlər səsləndirildi.
Forum iştirakçıları da tədbirə interaktivlik qatıb, sözügedən mövzularla bağlı məruzəçilərə bir-birindən maraqlı suallar verib, dolğun cavablar aldılar.
Əlavə məlumat üçün bildirək ki, yüzlərlə təhsil işçisinin qatıldığı forumda Təhsilin İnkişafı Fondu idarə heyətinin sədri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü İlqar Orucov, Mədəniyyət Nazirliyi yanında ictimai şuranın üzvü Əkbər Qoşalı, təhsil eksperti Kamran Əsədov, müxtəlif universitetlərin rektorları, təhsil sahəsində çalışan mütəxəssislər, media, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər.
Forumun tərəfdaşlarının siyahısını təqdim edirəm: “Hedef Group”, “Hədəf Global”, Hədəf STEAM Liseyi, Dünya Məktəbi, “SİNKOD” yayın və dağıtım şirkəti, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kipr Elm Universiteti, AzTV, EduPress, SİA, Hədəf Təlim və Karyera Mərkəzi, Təhsil Forumu Platforması.
Sonda bütün iştirakçılara sertifikat verildi.
Əminik ki, forum təhsilimizin inkişafına öz töhfələrini mütləq verəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(23.11,2023)